-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

“Erməni diasporasının formalaşması və Türk Dünyasına qarşı fəaliyyəti” tədbiri
Şiriftin ölçüsünü dəyiş

Erməni diasporasının fəaliyyəti müzakirə edildi


    14 yanvar 2012-ci il tarixdə “Erməni diasporasının formalaşması və Türk Dünyasına qarşı fəaliyyəti” mövzusunda müzakirə keçirilmişdir.
    Tədbirdə məruzəçi “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü Taleh Cəfərov çıxış edib:
Bu mövzu araşdırmaya etiyacı olan bir məsələdir. Tarix boyu bizim erməni icması ilə olan həm qonşuluq münasibətlərimiz, həm də əlaqələrimiz istəsək də istəməsək də müxtəlif formalarda formalaşıb. Tarixə ekskursiya edəndə görürük ki, hələ e.ə. II minilliyin 14-cü əsrindən başlayaraq Balkan yarmadasının Sassaliya və İllirya ərazisində xırda icmalar şəklində yaşayan Frik tayfaları, yunan xalqı ilə bu və ya digər formada ədavətə girdikdən sonra həmin torpaqlara ərazi iddiası ilə çıxış etmiş, müəyyən imtiyazlar əldə etmək uğrunda mübarizə apardıqları üçün, yunan xalqı tərəfindən həmin toraqlardan qovulmuşlar. Nəticədə onlar e.ə. 8-ci əsirin birinci yarısında Qara dənizin şimal sahillərinə doğru hərəkət etmişlər. Frik tayfaları o torpaqların yerli sakinləri olan skif, sak, massaget tayfalarının torpaqlarına köç etmişlər. Bu proses 6 əsr ərzində davam etmişdir. 8-ci əsrdə sak-massaget və skif tayfaları Meopiya çöllərindən onları sıxışdırıb iki istiqamətə qovduqları üçün onlar Osmanlı imperiyasının Hayata və Urartunun Arma adlanan ərazilərində məskunlaşdılar. Hay komponentini bu gün ermənilər Hayata adlanan ərazinin adından götürüblər. Arm adlanan əyalətə sonra “eni” və ya “ini” əlavə ediblər. İlk dəfə olaraq bu ifadə e.ə 521-519-cu illərdə Bisutun abidəsində Armeni – “yuxarı məmləkət” kimi göstərilib. Bu gün ermənilərin ana yurdları və onların hansı istiqamətdən hansı istiqamətə getməsi məsələlərinə tarixdə müxtəlif fikirlər var. XIX əsrin Qafqazşünas alimlərindən Veliçkonun yazdığı məlumatlara görə guya qədim ermənilər Hindistan ərazisində yaşamış, sonra qaraçılara qoşularaq 19-cu əsr ərzində Avropaya doğru köç etməyə başlamışlar. Digər bir qrup alimlər belə hesab edirlər ki, erməni xalqı Aralıq dənizi tipinə məxsusdur və onlar Mesopotamiya və “iki çayarası” ərazilərdən qovularaq indiki Türkiyə ərazilərinə istiqamət götürmüşdülər. Digər alimlərin fikrincə isə ermənilər Balkan yarmadasından gəlmə bir xalqdır. Erməni alimləri özləri də daha çox bu fikir üzərində dayanırlar ki, onların ilk əraziləri Balkan yarımadası olmuşdur. Onlar müəyyən təzyiqlər nəticəsində indiki Türkiyə ərazisinə, oradan da Urartunun Arma adlanan əyalətinə və digər  ərazilərə səpələnmişdilər. 387-ci ildə Ermənistanın Bizansla İran arasında bölüşdürülməsindən sonra Sasani təzyiqi altında qalan ermənilərin bir hissəsi Şərqi Anadolunun Ani şəhərinə sığınmışdır. 7-8-ci əsrlərdə ərəb təzyiqinə davam gətirməyən haylar Türkiyədə yerli xalqlarla birlikdə Ani şəhərinin ətrafında xırda-xırda icmalar formasında formalaşmışlar. Lakin 1061-ci ildə Səlcuq qoşunları Ani qalasını tutduqdan sonra onlar ağır vəziyyətə düşmüş və Krıma doğru üz tutmuşlar. Burada onlar daha çox ticarətlə məşğul olurdular. 11-ci əsrdə erməni koloniyalarının miqrasiyasının  foramlaşımasının ikinci mərhələsi daha da şiddətlənmişdir. Bu dövrdə Lubov şəhəri ermənilərin ilk axın etdikləri şəhər olmuşdur. Lubovda rus carı Danilin rəhbərliyi altında 30 minə yaxın gəlmə miqrantların hesabına böyük bir koloniya yaradılır. Bunların əsas sosial tərkibi tacir və sənətkarlardan ibarət idi. Moskva şəhərinin daha əhəmiyyətli mövqeyini görən ermənilər artıq Lubov şəhərindən Moskvaya və digər şəhərlərə axın etməyə başladılar. Moskva 14-15-ci əsrlərdə mərkəzləşdirilmiş rus dövlətinin pytaxtı rolunu oynadığı üçün burada ermənilərə bir sıra imtiyazlar verilmişdi. Onlara həmin ərazilərdə ticarət evinin tikilməsi, daxili rüsum məsələsi, ücrətsiz olaraq bir şəhərdən digərinə ticarətlə bağlı vergi rüsumlarının götürülməsi kimi məsələlərdə güzəştlər edilirdi. Bu, erməniləri bir az da ruhlandırmış və onlar daha da güclənmişdir. 16-17-ci əsrlərdə Rusiyada 16-17 koloniya salınmışdı. Ən çox koloniyalar Həştərxan, Ryazan, Yoroslavlda idi. Sonrakı dövrlərdə Mixayloviçin 1625-1646-cı hakimiyyətə gəlişindən sonra ermənilərə maraq bir qədər də çoxaldı. Burada onlara daha böyük ərazilər bağışlanıldı və məhəllələr salındı. İlk dəfə 1385-ci ildə Baqorodidze Əziz kilisəsi salındı.
    19-cu əsrdə beynəlxalq münasibətlər sistemində iri dövlətlər arasında baş verən zidiyyətlər 1910-cu  ildən sonra dünya müharibəsinə gətirb çıxardı. Dünya müharibəsi böyük dövlətlərin bu istiqamətdə atdığı pik nöqtə idi. Bu dövrdə ermənilərin çox yaşadığı Osmanlı imperiyasının Şərqi Anadolu bölgəsində vəziyyət doğurdan da acınacaqlı idi. 1915-ci ildə çox sərt bir qış mövsümü keçmişdi. Şərqi Anadoluda, Van, Qars, Diyarbəkirdə Rusiyanın bu ərazilərə marağını nəzərə alan ermənilər silahlı çetelər yaradırb Osmanlı hökumətini arxadan vurmağa çalışırdılar. Bunu nəzərə almaqla çar özü Tiflisə səfər edir və onun görüşünə gələn erməni keşişi “vaxt gələcək Dardanel boğazında, Bosfor boğazında rus bayrağı dalğalanacaq və bundan da ən çox qürürlanan ermənilər olacaq” deyir. Mehmet Saray deyirdi ki, “İstanbul elə bir barıt çəlləyinə bənzəyirdi ki, istənilən qığılcmla Osmanlı imperiyasının altını üstünə cevirmək olardı”. Jorje Marelin 1915-ci ildə “erməni genosidi” əsərində yazır ki, “XIX əsirin ikinci yarısında Osmanlı üçün erməni məsələsi elə bir qapıya çevrilmişdi ki, istənilən bir Avropa dövləti bu qapını açıb istədiyi terror fəaliyyəti göstərib, istədiyi kimi bu qapını örtüb gedə bilərdi. Burada elə bir maneəyə rast gəlmədən bunu təşkil etmək olardı”. Bu dövrdə çökmüş Osmanlı imperatorluğu müharibənin şiddətli vaxtında - 27 mayda Şərqi Anadoludan erməniləri Suriya, Mesapotamiya və Livan ərazilərinə köçürməyə başladı. 590 minə yaxın erməni bu ərazilərdə yerləşdirildi. Burada fikir vermək lazımdır 27 may “Qanunnamə”si tək ermənilərə şamil edilmirdi. Burada bir dəfə də olsun erməni kəlməsi işlədilmir, ermənilər bunu özləri işlədir. Köç zamanı Səudiyyə Ərəbistanından gəlmiş ərəblərin, lazların da bir qismi köçürüldü. Çünki onlar da terror fəaliyyətinnə əl atmışdılar. Bu prosesda 790.000 nəfər əhali köçürüldü. Onların 470.000 nəfəri ermənilər idi. Osmanlı hökuməti hansı ermənilərin köçürüləcəyi ilə bağlı şərtlər qoymuşdu: “Silaha əl atmış ermənilər və onların ailə üzüvləri”. Katolik, protestant, heç bir terror fəaliyyəti ilə məşğul olmayan ermənilərə toxunulmurdu. İstanbulda, Ankarada ermənilərə toxunulmurdu. Proses 1916-cı ildə bitir. 1917-ci ildə geri dönüş haqqında sultanın qanunu olur. Ermənilər bunu “soyqırımı” kimi nəzərdə tutsalar da bu miqrasiya idi. Osmanlı buna məcbur idi. Bu gün Fransa da bunu edərdi. Rusiyanın özündə 1861-ci ilə qədər ölkədə təhkimçilik hüququ var idi. İnsan hüquqları pozulurdu.
    I Dünya müharibəsi  bitdikdən sonra erməni diasporunun inkişafına geniş imkanlar açıldı. Avropada ilk dəfə Geohan Arnold saxta olaraq 1,5 milyon ermənin qırıldığı haqqında “mavi ” kitabında yazdı. Sonra rəngli kitablar dövrü başladı. Mavi kitaba qarşı almanların “ağ” kitabı, rusların “qırmızı” kitabı yazıldı. Bunun əksinə olaraq yazılırdı ki, 2.000.000 dinc Osmanlı vətəndaşı ermənilər tərəfindən qətlə yetrilmişdi. Toplu məzarlıqları ilk dəfə “qırmızı” kitab açıb. Hətta bununla bağlı gürcülər yazırdı ki, onlar da ermənilərin silahlı hücumuna məruz qalıblar. Bu haqda Ömər Faiq Nemanzadə yazırdı. 1920-ci ildə Ermənistanda hakimiyyətdə olan daşnaqlar Fransada müvəqqəti hökumət yaratdılar. 1940-cı ilə qədər bunun varlığını saxlaya bilmişdilər. II Dünya müharibəsindən sonra Avropada ermənilərə qarşı münasibət tamamilə dəyişdiyindən müvəqqəti hökumətin fəaliyyəti dayandırıldı. 1965-ci ilə qədər bu məsələlər dondurulmuş qaldı. 1965-ci ildə bütün dünyada Türk Dünyasına qarşı ardıcıl kampaniya aparıldı. Məqsəd qatil Türk obrazı yaratmaq idi. Eçmiəzdin kotalikosu və Kilikiya kotolikosu bəyanat verərək erməni icmalarını birləşməyə çağırdılar. 4000-ə qədər erməni toplaşıb aksiya keçirdi. İlk dəfə olaraq ABŞ-da qondarma soyqrımı abidəsi qoyuldu. Bu, ABŞ ilə Rusiyanın mübarizəsi idi. Rusiya Ermənistanın mərkəzi şəhərlərindən birində “soyqırımı” abidəsi ucaltmağa nail oldu. 1973-cü ildən sonra Türkiyə diplomatlarına və təşkilatlarına qarşı terror hərəkətləri başladı.
    Erməni terrorunun qədim tarixi var. Tarixçilər bunun Daşnaksütyunun yarandığı gündən meydana çıxdığını bildirirlər. 1921-ci ildə Tələt Paşanın və başqalarının öldürülməsi erməni terrorunun fəaliyyətinin nəticəsi idi. 1984-cü ilə qədər bu proses davam edir. 30-dan çox türkiyəli diplomat və səfir öldürülür. 90-cı illərdən sonra daşnaqlar diaspor şəklində fəaliyyətlərini həyata keçirməyə başlayırlar. Onların dövlətə təzyiqləri artır. Ermənistanın 1991-ci il Konstitusiya aktında “genosid”in tanıdılması ən ümdə məsələ və Konstitusiya hüququ kimi göstərilirdi. 1991-ci ildən sonra Ermənistan ilə Türkiyə arasındakı münasibətlər nisbətən mülayimləşməyə başlayır. Levon ter Petrosyan çalışırdı ki, Türkiyə ilə olan münasibətlər tənzimlənsin, amma ölkənin siyasətinə qarışan və istiqamətləndirən daşnaqlar bu işə razı olmadılar. Bu, Petrosyanın 1996-cı ildə hakimiyyətdən getməsinə səbəb oldu. Məlumat üçün bildirim ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına Ermənistanın seçilməsində Türkiyənin də rolu var idi. Lakin 26 fevral Xocalı hadisəsi Türkiyə ilə Ermənistan arasında olan münasibətlərə birdəfəlik son qoydu. Bütün əlaqələr kəsildi. Köçəryan daşnaqların vasitəsi ilə hakimiyyətə gəldiliyindən vaxtilə Petrosyan tərəfindən həbsə alınmış bütün daşnaqları azadlığa buraxdı. Beləliklə diasporada özünə imic qazandı. 1997-ci ildə Köçəryan Yeravanda Dünya Erməni diasporunun I qurultayını təşkil etdi və burada 2000 dən artıq nümayəndə iştirak etdi. Burada antitürk fəaliyyətin daha mütəşəkkil formada həyata keçirilməsi nəzərə alındı. Serj Sərkisyanın Gorusda bütün diaspor təşkilatlarının iştirakı ilə keçirdiyi konfrans (2015-ci ildə saxta soyqırımın 100 illyi gəlir) qondarma soyqırımı tanıyan ölkələrin sayında artıma rəvac verə bilər. Bu ölkələr Latın Amerikası, Asiya, Afrika ölkələri ola bilər. Onun üçün bu proseslər durmadan inkişaf etdirilir.

Fəlsəfə doktoru, sosioloq Əhməd Qəşəmoğlu:
    Müzakirəyə konkret olaraq məsələnin özünü qoymaq lazımdır. Sosiologiyada foks qrup var, yaxşı olar ki, biz bu formatdan istifadə edək. Ən mühüm məsələni qoyaq və sonra müzakirələrdə nəyi eşitmək istərdik onu müəyyən edək. Mühüm bir tədbirə toplaşmışıq. Ermənilərin nə etdiyini müzakirə etmək köhnəlib. Gələcək haqda daha mühüm söz deməliyik. Təsəvvür edək ki, döşəyin üzərində iki nəfər güləşir. Qarşı tərəfi tənqid etmək olmaz ki, niyə bu fəndi işlətdin, niyə o fəndi işlətdin. Mən imkan verməməliyəm ki, qarşı tərəf o fəndi işlədə bilsin. Qabaqdan 2015-ci il gəlir, onlar ortaya böyük resurslar qoyacaqlar, böyük işlər görəcəklər. Biz isə bir ildən sonra toplaşacağıq. Bizim ermənilərin bu işlərinə qarşı fəaliyyət proqramımız olmalıdır. Nə edəcəyik. 2 il bundan əvvəl mənim bununla bağlı bir müraciətim yayılmışdı. Buna gözəl reaksiyalar da oldu. O üzdən biz konkret formalara keçməliyik. 20 il bundan əvvəl gedənlərin diaspor formalaşdırmaq imkanları yox idi. Çoxusu işsiz-gücsüz adamlar idi. İndi onların övladları univerisitet məzunlarıdır. Bir də xaricdə yaşayanların əksəriyyəti Azərbaycandan incik adamlardır. Onlar buradan iqtisadi çətinlik üzündən və siyasi səbəblərdən getdilər. Lakin Azərbaycanla nəfəs alırlar. Bizim xaricdə diaspora formalaşdıra biləcək potensialımıza görə işimiz düzgün getmir. Orada bir parçalanma siyasəti var. Biz gərək xaricdəki diasporalar vasitəsilə ali məqsədlərimizə uyğun tədbirlər keçirək. Bu şeyləri etəmək üçün elmi təhlilə, dərin düşünməyə ehtiyac var. Azərbaycan diasporuna zərbə vuran ən böyük vasitələrdən biri Azərbayan televiziyalarıdır. Diasporadakı insanlar Azərbaycan televiziyalarına baxanda enerji almalıdırlar, güc almalıdırlar. Şit-şit verlişlərə baxmamalıdırlar. Xaricdə yaşayanlar şikayət edirlər ki, “bizim uşaqlarımız belə verlişlərə baxdıqdan sonra Azərbaycana hansı məhəbbətləri olacaq”. Biz yığılıb fəaliyyət proqramı hazırlamalıyıq. Biz başqa gediş etməliyik. Yeni fəaliyyət mexanizmi fikirləşməliyik.

Professor Nəsib Nəsibli:
    Tədbiri təşkil edənlərə də, məruzəçiyə də təşəkkür edirəm. Bu çür məruzələrlə bağlı təklif vermək istəyirəm. Adətən belə tədbirlərdən öncə məruzənin tezisləri göndərilir və iştirakçılar da tdbirə hazır gəlirlər. Yaxud məruzəçinin əsas tezislərini elə elanda da vurmaq olar. Bu təklifim təşkilati məsələ ilə bağlı idi. Amma tədbirin mövzusu çox önəmli mövzudur. Buna həm praktikada, həm də nəzəriyyədə Azərbaycan cəmiyyəti, dövləti daha artıq əhəmiyyət verməlidir. Məruzəçinin dediyindən belə anlaşıldı ki, ermənilər xaricdə sayca çox yaşayan yeganə xalqdır. Məncə ən çox xaricdə yaşayan millət yəhudilərdir, ikincisi isə ermənilərdir. Sonra əlbəttə ki, Azərbaycan Türkləridir. Burada mübahisə də etmək olar ki, diaspora nədir? Anlayışlar fərqlidir. Məsələ adın necə səslənməyində deyil, əsas odur ki, bu bizim üçün dəyərli məsələdir. Təəssüflər olsun ki, müzakirələrdə tarixə çox gedildi. Bu daha çox bugünün problemidir. Moskvada Şərqşünaslıq İnstitutu daha çox yəhudilərin və ermənilərin nəzarəti altında olan bir institut idi. Mən oxuyan vaxt bizim yataqxanada da belə məsələlər olurdu. Onda hələ Qarabağ problemi başlamamışdı. Amma bu haqda fikirləşməyə məcbur olurduq. Sonra getdim Amerikaya gördüm burada da güclü erməni diasporu var. Qərb ölkələri arasında erməni lobbisinin güclü olduğu dövlətlər - ABŞ, Rusiya və Fransadır. İstəyirəm bu fakta da fikir bildirilsin. Hər üç dövlət həm də Minsk qrupunda həmsədr olan dövlətlərdir. Hazırda ciddi şəkildə müzakirə etmək lazımdır ki, Azərbaycan tərəfi bu formata razılıq verəndə doğrumu hərəkət etdi? O vaxt münasibətimizi bildirmişdik ki, Fransanın ora daxil olması çox böyük bir səhvdir. Mən hesab edirəm ki, Minsk qrupunun bu formatı dəyişməlidir. Erməni milli gücünün önəmli hisssəsi diaspordur. Orada bankirlər, ictimai xadimlər, bir neçə universitet rektorları var. Bu da ondan irəli gəlir ki, həmin diaspor təmsilçiləri artıq birinci nəsil deyil, 3, 4-cü nəsildirlər. Əksər tarixçilərin də doktorluq mövzuları bu, “genosid” deyilən mövzudan olur. Universitetlərdə çox böyük güc sahibidirlər. Amma erməni lobbisi Ermənistan demək deyil. Siyasi fikirləri və konseptləri üst-üstə düşməyə bilər. Necə ki, yəhudi lobbisi İsrail demək deyil. Bəzən hətta mübahisələri də düşür. Bu haqda kitablar da var. Ermənilər haqda o qədər yazılmayıb, amma yəhudi diasporu haqda çoxlu ədəbiyyat var. Erməni diasporu Ermənistandan daha aqressivdir. Bunu 1915-ci il hadisələri ilə əlaqələndirirlər. Amma məncə ölkədən asılıdır. Biz bilirik ki, İranda olan ermənilərə rəsmi Tehran kilisədə toplaşmaq və s. kimi icazələr verir. Amma bu şərtlər ABŞ-dakından fərqlidir. Coğrafiyasına görə də fərqlidir. Hansı ölkə ki, təzyiq vasitəsi kimi istifadə etmək istəyir onda onların aqressivlikləri artır.
    30 il, 40 il əvvəl bizdən hər hansısa bir filmin lentini istəyirdilər. İndi ona ehtiyac yoxdur və yollar dəyişir. Qloballaşmanın milli fərqləri aradan qaldıracağı fikri tamamilə yanlış bir fikirdir. Tam tərsinə, bu gün Avstraliyada bir icma varsa ondan Azərbaycan Türk millətinin xeyrinə istifadə etmək olarsa bunu etmək lazımdır. Çünki bu çox vacib amildir.
    Mənim fikrimcə diaspora məsələsi ilə bağlı sistemli və sanballı iş görmək üçün Konsepsiya qəbul edilməlidir.

Fəlsəfə elmləri doktoru Aydın Əlizadə:
    Mən fəlsəfi danışacam və tezislər deyəcəm. Biz özümüz-özümüzə gülməliyik. Ona görə ki, bizə başqaları güləndə məlum olsun ki, niyə gülürlər. Biz çox gülünc gündəyik cənablar! İnternetdə baxıram Azərbaycan saytlarına... Tamamilə yarıtmaz, gülməli, aşağı səviyyəlidir. Sonra da deyirik ki, erməninin arxasında adamı var. Arxasnda adam var, amma sənin də başında bir şeyin olmaması bunların işini rahatlaşdırır. Biz bu haqda heç olmasa öz aramızda danışmalıyıq. Rəsmi qurumlarımızı təmsil edən saytlara baxın. Bu yaxınlarda İrəvan qalasının 500 illiyinə həsr oluunmuş yeni bir sayt da açıblar. Burada yazırlar: “Yerevan qədim Azərbaycan şəhəridir”. 15-ci əsrdə bu şəhər Azərbaycan şəhəri olub? Bir sual vermək lazımdır ki, 15-ci əsrdə Azərbaycan sözü siyasi coğrafiyada var idimi? Ermənilər də bütün dünyaya yayır ki, 15-ci əsrdə Azərbaycan adı olmayıb. Dərsliyi acıb baxın - qədim Azərbayacn. Qədim Azərbaycan olub? Axı bu elementar şeydi. Hər şeyi olduğu kimi təqdim etmk lazımdır. Bir dəfə mən rəsmi qurumlarla geniş çalışan jurnalistlərimizdən birinə dedim ki, sən hər şeyi səhv etmisən. Bir ingilis ensiklopediyanı açıb görəcək ki o dövrdə Azərbaycan adı yox idi və sənin gördüyün işlər olacaq heç. Əksinə ermənilərə rəvac verirsən, Azərbaycanın əleyhinə işləyirsən. Təbliğatı da ağılla etmək lazımdır. Sonra həmin juralist məndən incidi. Həmin o jurnalistin səhifəsinə ermənilər mən deyəni yazdılarır və istehza ilə gülürdülər. Mən də onların yerinə olsaydım belə edərdim. Dostumuz olan o juranlist isə öz səhvini düzəltmək əvəzinə mənə deyir ki, “sən elə ermənisən də, ermənilərə işləyirsən”. Məni elədi erməni. Mən ona qarşı deyil onun işinə qarşı çıxıram. Millətimə yanıram. Onun gördüyü işlər məni, millətimi, ölkəmi biabır edir. Mən təklif edirəm ki, tariximizi olduğu kimi təqdim edək, şişirtmələr yol verməyək. Həmin qala Səfəvilər dövləti tərəfindən qurulub və Səfəvilərin tarixi varisləri də bizik. Məsələ məhz bu səpkidə qoyulmalıdır. Burada problem həm də ondadır ki, Türkün adı gələndə elə bil ki, bizim bəzi rəsmi qurumların nümayəndələrini od götürür. Mən sizə açıq deyirəm. Ona görə də azərbaycançılıq deyilən şeylərlə gülməli vəziyyət yaradırlar. Həmən bizim keçmişimiz Səfəvilər, Qacarlar Türk tayfaları idi. Onlar bizim əcdadlarımızdır. Bu cür qoysaq onda gülməli olmur. Onda ingilis də ensiklopediyaya baxanda görür ki, həmin Qacarlar Türklər olub və biz onların varisləriyik. Bu olur məntiqli. Diasporların da işi elədir. Onlar da işlərini bu cürə qurmasalar işləri heç kimə lazım olmayacaq, ancaq özlərini güldürəcəklər. Diqqətlə dinlədiyinizə görə çox sağ olun.

“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Aygün Həsənoğlu:
     “Eməni soyqırımı” ilə bağlı arayışı ilk dəfə ABŞ-ın İstanbuldakı konsulu Henri Mordental hazırlayıb. Ölü sayısı ilə bağlı rəqəmi o verib. Həmin arayışda da yazılır ki, 750.000 erməni Qafqaza köçürülərək yerləşdirilmişdir. Üç dəfə rəqəm verilir: 200.000, 400.000, 750.000. İkinci bir rəqəmi Ermənistan Respublikasının tarixini yazan Hovarisyan verir. O da fərqli rəqəmlər verir. Ortaq rəqəm kimi 500.000 götürə bilərik. Bu da elə “soyqırımı” məsələsini yalanlayan bir rəqəmdir. Mənim araşdırdığım məqama görə erməni diasporunun qurulması 1562-ci ildən başlayır. Türkiyədə dörd erməni keşişi toplaşır və “Böyük Ermənistan”ın xəritəsini hazırlayırlar. Daha sonra Fransa və Almaniya kralına müraciət edirlər. Alman kralı hətta onlardan layihəni istəyir, lakin sonradan onları qapıdan qovur. Ən sonda onları Rusiya çarı I Pyotr qəbul edir və ermənilərin dedikləri ilə razılaşır. Erməni dövlətini də yaradan məhz erməni diasporu olub. Ermənistan dövləti və diaspor münasibərlərində diaspor hətta birinci rol oynayır. Erməni diasporunun əsas fəaliyyəti sonradan erməni terror şəbəkələrində formalaşdırılıb: terror, təbliğat, təşkilat. Onlar yerləşdikləri dövlətin bütün tərəflərinə, hətta arxivlərindən tutmuş siyasətinə qədər nüfuz edirlər. Qaldı ki erməni diasporuna qarşı Azərbaycan diasporunun fəaliyyəti... Azərbaycan diasporu hələ yoxdur. Diasporun arxasında böyük maliyyə dayanmalı, konkret proqramlar olmalıdır. Erməni məsələsinə qarşı bizim heç bir modelimiz yoxdur. İstər dövlət səviyyəsində, istərsə də QHT-lər səviyyəsində. Şəxsən tərəfimdən 247 layihə nüfuzlu dövlət orqanlarına təqim olunub. Strateji Araşdırmalar Mərkəzinin layihəsini verəndə mən tamam başqa bir format düşünürdüm, amma ayrı şey yaratdılar, çox peşman oldum. Ən böyük problemimiz 1918, 1992-ci illərdə olan problemdir. Yəni müstəqil düşünən kadrların olmaması. Bu gün də bizim müstəqil düşünən kadrlarımız yoxdur. Söhbət dövlət aparatında yer tutan adamlardan gedir. Ayrı ayrı alimlərimizin, QHT-lərin içərisində olan bacarıqlı insanlarımızın fəaliyyəti havada qalır. Bu iş qurulmayıb, yəni qurulmasında da heç kəs maraqlı deyil.
     Erməni diasporu kilsədən idarə olunur. İdeya kilsədən gəlir. Dini təfəkkür insan beyninə dərin iz saldığına görə ardıcıl şəkildə zamandan-zamana ötürülə-ötürülə gəlib çıxıb. Biz isə 18–ci ildən bu yana heç nə ötürə bilmirik. Nə qədər əlimizdə sənədlər var hazırlamışıq. Bizim böyk ziyalılar hazırlayıb. Mən də kiçik bir şeylər hazırlamışam. Sadəcə olaraq onlar heç bir parlamentdə dövlət səviyyəsində təqdim olunmur. Erməni diasporunu formalaşdıran erməni kilsəsi onun maliyyə mənbəyini də tapır.
    Məruzədə tarixiliyə cox yer verildi. Arzu edərdim ki, konkret mövzu ətrafında danışılsın.

Fəlsəfə doktoru Faiq Ələkbərov:
     Keçmişi bilməsək gələcəyimizə heç cürə baxa bilmərik. Lakin keçmişlə yaşamaq da olmaz. Sovet dövründə tariximizi niyə bilmədiyimiz bəllidir. Bəs yeni nəsl niyə bilmir? İndi biz müstəqilik, amma bu müstəqilliyimizi mənəvi baxımdan qazna bildikmi? Ermənilər uydurma da olsa özlərinə bir tarix yaza biliblər. Farslar da özlərinə “Şahnamə” əsərində uydurma tarix yazıblar. Bəs biz öz həqiqi tariximizi yaza bilmişikmi? Yeni nəsilə ötürə bilirikmi? Bunun üzərində düşünmək lazımdır. Azərbaycan Türklərinin, bütün azərbaycanlıların eyni hədəfə vura bilməməyinin səbəbi buradan gəlir. Orta məktəb tarix dərsliklərinin zərərli tədrisindən gəlir. Bizim əksəriyyətimiz tarixi həqiqətlərimizi 40 yaşdan sonra öyrənirik. Amma digər millətlər beşikdən öyrənirlər. Bu gün orata məktəb tarix dərsliklərində bir şey yazırlar, ali məktəb dərsliklərində tamam başqa bir şey yazırlar. Utancvericidir ki, tarix dərsliklərinin hansı millətə mənsub olduğunu bilmək olmur. Rusundur, İranındır, yoxsa gürcünün? Sovet dövründə başadüşülən idi. Ancaq indi belə çıxır ki, Akademiyanın Tarix İnistitunun direktoru hər dəfə dəyişəndə bir tarix yazılacaq. Bizim diasporumuzu quran Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Rəsulzadə, Mirzəbala Məmmədzadə, Hüseyn Bayqara və başqaları idi. Bizim diasporumuz olub. Onlar bilirdilər nəyin uğrunda mübarizə aparırlar. Onların sistemi, ideoloji məramı var idi. O ki qaldı ermənilərə... Onların gücündən danışmağın tərəfində deyiləm. Onların formalaşmasında rusların da, farsların da marağı oldu. Onların gücü bizim zəifliyimizdədir. Torpağın üzərində kim yaşayırsa torpaq onundur. Biz torpaqlarımıza sahib çıxa bilmirik. Biz öz torpaqlarımıza sahib çıxmaq, ermənilərə və digər düşmənlərimizə qalib gəlmək istəyiriksə tariximizi sistemli şəkildə araşdırıb onu yeni nəsilə ötürməliyik.

“Diaspora və Lobbi” Araşdırmalar Mərkəzinin sədri Zaur Əliyev:
     Tarixə müraciət etmək istəmirəm. Hər mənbə müxtəlif söz deyəcək. Mən konkret olaraq ermənilərdən danışmaq istəyirəm. Keçən il Londonda diaspor təşkilatının rəhbərlərindən biri mətbuatda belə bir acıqlama verdi ki, Azərbycan lobbisi Böyük Britaniyada erməniləri məğlub edib. Lakin onlar anlamadılar ki, ingilis üçün ərəb, yəhudi, erməni lobbisi yoxdur. İngilis siyasəti var. Mən bu şəxsə dedim ki, siz burada lobbiçilik edirsiz, işlər görürsüz. Amma bilirsinizmi ki, London universitetlərində ildə bir gün erməni film festivalı keçirilir? Bu tədbirin təşkili üçün erməniyə pul ayrılmır. Festivalı keçirən və maaliyyələşdirən ermənilər 10-a yaxın ssenari əsasında filmi maaliyyələşdirirlər. Və bu ssenari müəllifləri Britaniya, Afrika və s. yaşayan tələbələr olurlar. 1994-cü ildən 2011-ci ilin dekabr ayına qədər Britaniyada çəkilən 9 filim beynəlxalq səviyyədə təbliğ olunub. Bunları maaliyyələşdirən şəxs - Don Əskəryan - filimləri təbliğ edib, dünyaya yayıb. Kinoların adlarına baxın: “Qaranlıq meşə”, “Evə gedən yol” və s. Mən əsla deyə bilmərəm ki, biz erməni diasporunu bu gün, ya da sabah məğlub edə bilərik. Cünki hal-hazırda böyük bir şəbəkə var. Erməni və azərbaycanlının psixologiyasını analiz etmək lazımdır. Erməni Avropaya gedəndə erməni tərəfindən hər cür  dəstək görür. Avropaya gedən azərbaycanlı isə hansı qapını döysə ona 3 sual verirlər: “Sən MTN agentisən, siyasi mühacirsən, yaxuda hansı partiyanın üzvüsən?” Mən Amerikada olarkən azərbaycanlıları və erməniləri analiz etdim. Azərbaycanlıların toplandığı kafelər var. Naxcıvanlılar ayrı, gəncəlilər ayrı, şirvanlılar ayrı. Bizimkilər hər hansı bir günü xatırlayında yığışıb ağlaşır, sonra da çay içib dağılışır. Ermənilər isə toplaşanda müzakirə edir ki, necə edək ki, bu məsələni Konqresə çıxaraq. Amerikada bir alim çıxıb demişdi ki, Qarabağ erməni torpağı deyil, bir saat ərzində 150.000 zəng gəlmişdi. Xocalı ilə bağlı hər hansısa bir azərbaycanlı çıxıb danışanda 15 zəngi ancaq özümüz edirik.
     Düşünürəm ki, bu sahədə sistemli və sanballı iş görmək üçün Konsepsiya hazırlanmalıdır. Bir də diqqət olunmalıdır. Azərbaycanı təmsil edənlər əksər hallarda kürdlər olurlar ki, onlar da ermənilərlə birgə Azərbayanın əleyhinə iş aparırlar. Biz bu problemdən çıxış yolu kimi təkliflər hazırlayıb müvafiq qurumlara göndərməliyik.

Azərbaycan Demokratik İslahatlar Partiyasının mətbuat xidmətinin rəhbəri Ülkər Abdullayeva:
     Mən təşəkkür edirəm ki, belə müzakirələr açırsız. Ancaq mövzu seçimi ilə razı deyiləm. Taleh bəy özünün şəxsi araşdırmalarının təhlillərinin nəticələrini ortaya qoysaydı biz razılaşardıq. Hamımızın istər internet, istərsə də KİV vasitəsilə bu məlumatları əldə etmək imakanımız var. Bu tipli müzakirələrdə konkret olaraq kimlərinsə araşdırmalarının nəticələri müzakirə olunmalıdır. Yaxud da sırf praktik məsələlərdən danışılmalıdır. Burada hər kəs müzakirə edir ki, biz necə edək ki, erməni diasporuna qarşı təbliğat aparaq, özümüzün haqlı olduğumuzu ortaya qoyaq. Mən Əhməd bəyin (Əhməd Qəşəmoğlu – red) fikri ilə razıyam ki, biz ermənilərin metodlarından istifadə edib onlara qalib gələ bilmərik. Onlar artıq 100 illər ərzində o qədər peşəkarlaşıblar ki, biz onların yolu ilə getsək bizdə heç nə alınmayacaq. Bizə bəzən deyirlər ki, ermənilər neçə əsrlərdir başalayıblar. Bu işdə biz onlara çata bilmərik? Neçə əsr bundan əvvəl kommunikasiyalar bu qədər inkişaf etməmişdi, məlumat əldə etmək, sürətli əlaqə qurmaq bu qədər asan deyildi.
     Konsepsiya təbii ki olmalıdır. Sistemli işləmək lazımdır. Biz bir işə başlamazdan əvvəl bunun effektivlik dərəcəsini öyrənməliyik ki, bu bizi məqsədimizə nə dərəcədə yaxınlaşdıracaq. Mən bu sahədə bir neçə layihə işləmişəm, istəyirəm siz də biləsiniz. Mən kinonun təbliğatına inandığım qədər başqa bir şeyin təbliğatına inanmıram. Açıq desək tarixə və tarixçilərə o qədər də inanmıram. Düzdür ağıllı mülahizəçilər var, doğru faktlar da var, lakin bunu hamı haqda demək olmaz. Bir daha təkrar edirəm ki, mən kinonun gücünə inanıram. 15 dəqiqəlik, çox böyük smeta dəyəri olmayan bir film ssenarisi hazırladım. Bu filmdə mən “ermənilər pisdi, biz yaxşıyıq” deməmişəm. Mən burada müharibənin azərbaycanlı qadınlara göstərdiyi təsirlərlə bağlı, atasını, oğlunu, qardaşını itirmiş qadınların öz dilində müharibənin onlara etdiyi təsirdən danışmışam. Birbaşa danışmaq Qərb dünyasına əks təsir edir. Biz desək ki, ermənilər pisdir onlar qıcıqla qarşılayacaqlar ki, niyə pisdir? Belə reaksiyalar yaranmasın deyə biz məsələni sadə bir şəkildə qoymuşuq. Müharibənin nəticələrini tam göstərmək üçün filmin girişinə bir şeyi də əlavə etmişik. Orada bir qadın - əri II Dünya müharibəsində iştirak etmiş bir qadın - Hitlerin şəklini divara asıb saxlayır. Deyir ki, o olmasaydı mən çoxdan ölmüşdüm. Ərim çox əzazil insan idi, nə yaxşı ki, müharibədə öldü. Bilirsinizmi acınacaqlı haldır ki, bəzən bizim diplomatik korpusların əlində normal bir vəsait mur ki, tədbirlərdə onu göstərsinlər. Cəhd etmək lazımdır ki, bu tip filimləri xarici telekanallarda yayaq. Bir də onu demək istərdim ki, ən güclü erməni diasporu Türkiyədədir. Türkyə mediasının böyük əksəriyyəti ermənilərin əlindədir. Biz ermənilər qədər ağıllı deyilik. Bayaq Taleh bəy ermənilər haqda danışır. Mən fikirləşdim ki, mən erməni olsaydım, bununla qürur duyardım. Saxta da olsa, yalan da olsa fakt odur ki, onlar bu gün özlərini dünyaya təqdim edib qəbul etdiriblər. Biz 20 illik Qarabağ həqiqətini lazımi səviyyədə dünyaya catdıra bilmirik. Amma onlar saxta tarixi dünyaya çatdırıblarsa bu böyük gücdür. Ermənilər informasiya sektorunda, əsasən də kino sektorunda çox güclüdürlər. Hollivud səhimlərinin 70 faizi  Kir Kirkosyanındır. Bu insan erməni həyatı haqqında istənilən şeyi çəkdirə bilər. Bayaq Nəsib müəllim də dedi ki, biz kasıb ölkə deyilik. Azərbaycanın pulu var. Biz bundan nə cür istifadə edirik? Bax əsas məsələ budur.

Qlobal İnteqrasiya və Dialoq Mərkəzinin sədri Yasəmən Qaraqoyunlu:
     Tarixdəki Hay dövləti Ərməniyyə deyil. Bu mübahisəli məsələdir. Azərbaycanlılar məhz bu Ərməniyyə məsələsində uduzur. Biz iki dövlətin tarixini araşdırmalıyıq. Persiya və Ərməniyyə. Bizim tariximiz bu iki dövlətlə əlaqəlidir. Bu tarixlə bağlı mənim qeydlərim.
     Erməni diasporu təbii ki, güclü olmalı idi. Erməni diasporunun məqsədi nə idi? Erməni torpağı, erməni dövləti yaratmaq. Onlar bizdən güclü ola bilməz. Bizim dövlətimiz də var, torpağımız da, tariximiz də, etnosumuz da, mifologiyamız da. Mən Qərbi Azərbaycanda doğulmuşam və 17 il ermənilərin televiziyasına baxmışam. Musiqiləri, həyat tərzləri, geyimləri, rəqsləri - hamısı bizimdir. Bunlar öz yerində. Onlar nə etdilər? Həm dövlət yaratdılar, həm torpaq əldə edirlər. Bütün dünyada “erməni soyqırımının” amacı Şərqi Anadolu torpaqlarına iddia etməkdir. Bu torpaqlara iddianı bu şəkildə həyata keçirirlər: yəni ayrı-ayrı ölkə parlamentlərində “soyqırımını” tanıtmaqla bu torpaqları erməni torpağı kimi tanıtmaq və tələb etmək üçün hüquqi əsasları hazırlamaq. Onlar “Böyük Ermənistan”ı qurmaq üçün addım-addım irəliləyirlər. Öyrənilməli olan odur ki, torpağı və dövləti olmayan bir millət necə torpaq əldə edir? İkinci öyrəmilməlidir ki, torpağı və dövləti olan bir millət necə torpaq itirir? Bizim simamızda. Bunun kökləri bizim milli şüurumuza gedir. Mən tələbə olarkən müharibədə iştirak edən əsgərlərə yardım edəndə onları tanıdım və özüm üçün belə bir qərar qəbul etim ki, biz müharibədə uduzacağıq. Çünki bizim ideoloji silahımız yoxdur. Bizim bəlli-başlı tarix konsepsiyamız yoxdur. Biz haradan gəlib haraya getdiyimizi bilmirik. Buna görə də bəlli edə bilmirik ki, torpaqlarımızı niyə itiririk? Tarixə yalnız faktoloji nəzərlə baxırıq. Tarixə səbəb- nəticə əlaqəsində baxmaq lazımdır. Biz Qarabağ problemini separatizm, etnik problem adlandırmalı idik, lakin bunu etməkdə gecikdik. Bu da problemlərimizdən başqa birisi.
     Bizdə milli şüur yoxdur. Milli şüurumuzu formalaşdırmaq üçün yeni tarix konsepsiyası yaratmalıyıq. Eyni zamanda Ermənistanı zəiflədə biləcək məqamları tapmalıyıq.

Araşdırmaçı Fəxri Valehoğlu:
     Məlumatları ilkin mənbədən əldə etmək lazımdır. Tiflis arxivlərində belə mənbələr var və ermənilər bundan istifadə edir. Lakin bir azərbaycanlı bundan istifadə etməyib. Bu sənədlərin kataloqları tərtib olunub. Biz niyə 1905-ci il hadisələrini tədqiq etmirik? Qafqazda terror da buradan başlayır. Buna görə də bu məsələyə ciddi şəkildə diqqət etmək lazımdır.

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü Ceyhun Bayramlı:
Problem mental təfəkkürlə bağlıdır. Əvvəl etiraf edək ki, bu hökumət bu millət üçün ən idealıdır. Biz kimdən nə istədiyimizi müəyyən edə bilməmişik. Sizə bir məqamı çatdıracağam. Yerusəlimdə qondarma Qarabağ Respublikasının bayrağını cırdığım üçün məni cərimə etmişdilər. Biz düşünməliyik erməni-hay diasporunun Qafqaza təsirini azaltmaq üçün nə etməliyik? Təbliğat üçün xaricdə yaşayan azərbaycanlılara materiallar təqdim etməliyik. İnformasiya savaşında təzyiqləri artırmalıyıq. İranın türkləşmə prosesinə qədəm qoymalıyıq. Daha bir sıra görülməsi vacib olan, sanballı işləri həyata keçirməliyik.

Jurnalist Elnur Eltürk:
Fikrimcə ən əsa görülməsi vacib olan iş ingilis dilində təbliğat materialları hazırlayıb, yaymağımız olmalıdır.

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri
Mübariz Göyüşlü:
    Bizim, tariximizlə bağlı vahid konsepsiyamız, baxışımız olmalıdır. Burada çıxış edən yoldaşlar orta məktəb tarix dərsliklərindəki çatışmazlıqlarla bağlı fikirlərini söylədilər. Bu çox doğrudur. Təmsil etdiyim təşkilat keçən il Prezident Yanında QHT Şurasının maliyyə yardımı ilə “Azərbaycan tarixi” dərsliklərinin monitorinqi” adlı layihə həyata keçirərkən buradakı çatışmazlıqları ortaya çıxardı. Əgər keçmişimizlə bağlı ortaq tarix şüuruna, gələcəyimizlə bağlı vahid ideologiyaya malik olmasaq o zaman biz nəticə əldə edə bilməyəcəyik.
    Mən bir müddətdir ki, cəmiyyətimizi diqqətlə müşahidə edirəm. Təxminən bu qənaətə gəlmişəm ki, bizlər bir yerə toplaşanda hər hansısa bir təklifi, konsepsiyanı, sənədi hazırlaya bilmirik. Bu məqamda enerjimizi işə sərf etməkdənsə onu bir-birimizə qarşı, yaxud özümüzü təbliğ etmək üçün sərf edirik. Ən yaxşısı hər birimiz ayrılıqda işi görüb konkret nəticələri təqdim edək. Ümumilikdə bir araya toplaşa bilməyib bunun ağrı-acısını yaşamaqdansa ayrılıqda çalışmalar həyata keçirməklə digər yoldaşlarımıza da dəstəkçi olmalıyıq. Yəni bizlər vbir-birimizə necə dəstək verə bilərik? Bir-birimizin tədbirində iştirak etməklə, KİV-də çıxışlar etməklə, hər hansısa birimizin kitabını, jurnalını, qəzetini təbliğ etmək və alaraq dəstək olmaqla və s. yollarla. Belə xırda çalışmalarla bizlər birləşə və real nəticələr əldə edə bilərik.
    Mən bugünkü tədbirimizi bu baxımdan da uğurlu bir tədbir sayıram. Hesab edirəm ki, bizlər zaman-zaman belə müzakirələr açmaqda davam etməliyik. Hər bir belə çalışmanın mütləq nəticəsi olur və mən inanıram ki, bizim bugünkü müzakirəmizin də mütləq real nəticələri olacaq.

 
 
 
 
 
 

 

Bu yazı 3132 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :