-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qırğızıstan Respublikasının siyasi sistemi
Şiriftin ölçüsünü dəyiş

(27 iyun 2010-cu il Konstitusiyasına əsasən)

Rauf İsmayılov
Qafqaz Universiteti
(2011-ci il)

    Qırğızıstan Orta Asiya regionunda yerləşən, Türkdilli ölkələr qrupuna daxil olan dövlətdir. Ərazisi 199.951 km², əhalisi 5.587.443 nəfər olan Qırğızıstan şimaldan Qazaxıstan, qərbdən Özbəkistan, cənubdan isə Çin və Tacikistan ilə həmsərhətdir. Paytaxtı Bişkek şəhəri olan Qırğızıstanda rəsmi dil Qırğız və Rus dilləridir. Əhalinin etnik tərkibi müxtəlifdir: 64,9% qırğız, 13,8% özbək, 12,5% rus və 8,8% digər millətlər.
    Konstitusiyaya əsasən dünyəvi dövlət olan Qırğızıstanda əhalinin 75%-i müsəlman, 20%-i xaçpərəst və 5%-i digər dinlərə mənsubdur. Milli pul vahidi Som olan Qığızıstan ÜDM-in həcminə görə dünyada 143-cü (12.02 mlrd dollar), ÜDM-in adambaşına düşən nisbətinə görə isə 185-ci (2200 dollar) yerdədir. Qırğızıstanda hazırda parlamentar-respublika dövlət quruluşu mövcutdur.
Qısa tarixcə:
    1876-ci ildə Çar Rusiyası Qırğızıstan ərazisini işgal edərək burada çar idarə üsulunu tətbiq etmişdir. Çar imperiyasının süqutu dönəmində qırğızlar müstəmləkə əleyhinə qiyamlara başlasalarda, müstəqil dövlətlərini qura bilməmişlər. 1919-cu ildə Qırğızıstan digər Orta Asiya ölkələri kimi Rusiya SFSR-in tabeçiliyinə keçmiş və burada Qara-Qırğız Muxtar Vilayəti yaradılmışdır. Qara-Qırğız termini ruslar tərəfindən qırğızlarla qazaxları fərqləndirmək məqsədi ilə işlədilirdi. 1925-ci ildə Qara-Qırğız MV Qırğızıstan MSSR-si ilə əvəz olunmuşdur. Qırğızıstan MSSR-i Qırğızıstan xalqının tarixində ilk dövlət quruluşu hesab olunur.30 aprel 1929-cu ildə Qırğızıstan MSSR-nin ilk konstitusiyası qəbul olunmuşdur. 5 dekabr 1936-cı ildə isə Qırğızıstan MSSR-nin əsasında Qırğızıstan SSR yararadılmışdır. 20 mart 1937-ci ildə isə Qırğızıstan SSR-nin konstitusiyası qəbul olunmuşdur. Qırğızlar SSRİ-nin tərkibində 1990-ci ilə qədər yaşadılar. Sonra isə məlum məsələlər, etnik münaqişələr, xaos, iqtisadiyyatın və sosialist sisteminin çökməsi və nəhayət SSRİ-nin suqutu Qırğız xalqının tarixindəndə yan keçmədi. 1989-ci ildən aktiv olaraq etiraz aksiyalarına qoşulan qırğızlar 31 avqust 1991-ci ildə öz müstəqil dövlətlərini qurmağa nail oldular.
    Müstəqil Qırğızıstan Respublikasının ilk prezidenti SSRİ dönəmində bir sıra yüksək vəzifələrdə işləmiş və Qırğızıstana rəhbərlik etmiş Əsgər Akayev oldu. 1991-ci ildə keçirilmiş ilk prezident seçkilərində Əsgər Akayev 95% səs çoxluğu ilə qalib gələrək Qırğızıstanın ilk prezidenti oldu. Ümumilikdə Əsgər Akayev 1990-2005-ci illər arası Qırğızıstana rəhbərlik etmışdir. Onun rəhbərliyi dövründə Qırğızıstan MDB, BMT, ATƏT və bir sıra digər nüfuzlu təşkilatlara üzv olmuşdur. Müstəqil Qırğızıstan Respublikasının ilk konstitusiyasıda məhz onun rəhbərliyi dövründə, 5 may 1993-cü ildə qəbul olunmuşdur.
    Əsgər Akayevi və onun hakimiyyəti dövrünü xarakterizə edərkən  onun da bir çox  postsovet ölkələrinin rəhbərləri kimi sovet dövrünün məhsulu olan, komunizm ideologiyasının daşıyıcısı olduğunun şahidi oluruq. Despotizm, şəxsiyyətə pərəstiş, avtoritar rejimə meyl və s. Əsgər Akayevdən və Qırğızıstandanda yan keçməmişdi. Bütün bunlar isə xalqın ona qarşı etirazlarına və  sonda dövlət çevrilişinə səbəb oldu. Belə ki, 2005-ci ilin mart ayında keçirilmiş parlament seçkiləri sonrası beynəlxalq təşkilatlar seçkilərin qeyri-ədalətli keçdiyini, qayda pozuntularının olduğunu qeyd etdilər. Bu isə xalq arasında Əsgər Akayevə olan etirazların daha da böyüməsinə və kütləvi ixtişaşların yaranması ilə nəticələndi. Tarixə “Zambaq inqilabı” adı ilə düşən bu hadisələrin nəticəsində Əsgər Akayev müxalifətin ona qarşı yaratdığı koalisiyanın rəhbərliyi ilə hakimiyyətdən devrildi.
    “Zambaq inqilabı” əslində postsovet ölkələrinin bəzisində baş vermiş (Gürcüstanda “Qızılgül inqilabı”, Ukrainada “Narıncı inqlab”) “Məxməri inqlabların” davamı idi. Bu inqilablar hakimiyyətə daha çox qərb yonümlü, demokratik şəxslərin gətirilməsinə xidmət edirdi. Qırğızıstandakı devrim nəticəsində isə hakimiyyətə müxalifətin lideri olan Kurmanbek Bakiyev gəldi.
    Kurmanbek Bakiyev sabiq prezident Əsgər Akayevin hakimiyyəti dövründə bir sıra vəzifələrdə çalışmış və 2000-2002-ci illərdə ölkənin baş naziri olmuşdu. Əsgər Akayev əleyhinə yaradılmış müxalifət koalisiyasının lideri olan Kurmanbek Bakiyev 2005-ci il devrimi sonrası hakimiyyətin başına keçir və həmən ilin iyul ayinda keçirilən prezident seçkiləri sonrası öz postunu rəsmiləşdirir. 2007-ci ildə konstitusiyaya dəyişikliklər üçün referendium keçirilsədə, siyasi sistemdə elədə böyük dəyişikliklər baş vermir. Bu isə vaxtı ilə onunla bir “cəbhədə” olan siyasi liderlərin ona qarşı çıxması ilə nəticələndi. Kurmanbek Bakiyev siyasi dairələrdə ona göstərilən etimadı doğrultmadı deyə bilərik. Çünki demokratiya yolunda elə də böyük nailiyyətlərə imza atmadı, əksinə avtoritar xarakterli siyasi rejimin formalaşmasının şahidi oluruq. Eyni zamanda qohumpərəstlikdə və korrupsiyada ittiham olunan Kurmanbek Bakiyev ona qarşı baş qaldırmış yeni inqlab dalğası nəticəsində 7 aprel 2010-cu ildə öz postundan devrildi. Bu hadisələr Qırğızıstan tarixində “İkinci qırğız inqlabı” kimi xarakterizə olunur. Onun səbəbləri kimi isə aşağıdakı faktorlar göstərilir:
Aşağı həyat səviyyəsi və hökumətin iqtisadi və sosial problemlərin həllində acizliyi;
Ölkənin şimal və cənubundakı ailə-klanlar tərəfindən hakimiyyət uğurunda çəkişmələr;
İdarəedici elitanın parçalanması və avtoritar meyllərin artması.
    Yuxarıda sadalanan faktorlar sonda Kurmanbek Bakiyevin, müxalifətin onun əleyhinə formalaşdırdığı və Roza Otumbayevanın lideri olduğu koalisiya tərəfindən devrilməsi ilə nəticələndi. Devrim sonrası müvəqqəti hökumət yaradıldı və bu hökumətədə məhz Roza Otumbayeva rəhbərlik etdi.
    Roza Otumbayeva Əsgər Akayevin dövründə, müxtəlif vaxtlarda Qırğızıstanın baş naziri, xarici işlər naziri, ABŞ, Kanada, Böyük Britaniya və İrlandiyada səfiri vəzifələrində çalışmışdır. 2005-ci il “Zambaq inqlabı” sonrası xarici işlər naziri postuna gətirilsədə, Kurbanbek Bakiyev rəsmən prezident seçildikdən sonra onu bu posta təsdiqləməyib. Bunun nəticəsi olaraq isə xanım Otumbayevə Bakiyev hökumətinə qarşı müxalif mövqeyə keçmişdir. Zəngin diplomat və idarəetmə təcrübəsi sayəsində isə 2010-cu il devrimi sonrası yaradılmış müvəqqəti hökumətə məhz Roza Otumbayeva rəhbərlik etmişdi. 27 iyun 2010-cu ildə isə Qırğızıstan Respublikasının yeni konstitusiyası referendiun nəticəsində qəbul olundu.
    Qırğızıstanda keçirilən son, 30 oktyabr 2011-ci il prezident seçkiləri nəticəsində Almazbek Atambayev 63,2% səs çoxluğu ilə prezident seçilmişdir. Alamzbek Atambayev SDPK-nin lideridir. O, müxtəlif vaxtlarda Qırğızıstan hökumətində nazir postunu tutmuşdur. En son 2010-2011-ci illərdə qırğızıstanın baş naziri olmuş və seçkilərlə əlaqədar postundan istefa vermişdir. Yeni konstitusiyaya əsasən Almezbek Atambayev 31 dekabr 2011-ci ildən prezident kimi fəaliyyətə başlayacaqdır.
Konstitusiya:
    Müstəqilli dönəmində Qırğızıstan Respublikasında iki konstitusiya qəbul olunmuşdur. Qırğızıstan Respublikasının ilk konstitusiyası 5 may 1993-cü ildə qəbul olunmuşdur. Bu konstitusiya digər postsovet ölkələrində qəbul olunan konstitusiyalar kimi sosialist dönəmi sonrası, ölkənin demokratiyaya və kapitalizmə inteqrasiyasını hüquqi cəhətdən əsaslandırırdı.
    İkinci konstitusia layihəsi isə 27 iyun 2010-cu ildə, Qırğızıstanda baş vermiş məlum məsələlərdən sonra qəbul olunmuşdur. Bu konstitusiya əsasən ölkənin siyasi sisteminin dəyişilməsinə yönəlmişdi. Belə ki, yeni konstitusiyanın qəbulundan sonra Qırğızıstan rəsmən prezident respublikası idarə üsulundan parlament respublikası idarə üsuluna keçmişdir. Yeni konstitusiyada parlamentin səlahiyyətləri artırılmış, prezidentin hakimiyyəti müddəti və salahiyyətləri isə azaldılmışdır. Konstisusiyada qüvvətlər ayrımı prinsipi öz əksini tapır və hakimiyyət icra edici, qanunverici və məhkəmə hakimiyyəti şəkilində bölunur.
Prezident:
    Konstisusiyaya əsasən prezident dövlətin başçısıdır. Prezident xalqın birliyini və dövlət hakimiyyətini tərənnüm edir. Prezident Qırğızıstan Respublikasının vətəndaşları tərəfindən altı il müddətinə seçilir. Eyni bir şəxs ikinci dəfə prezident seçilə bilməz. Prezident 35-70 yaş arası, dövlət dilini bilən və 15 il müddətində daimi olaraq ölkə ərazisində yaşayan Qırğızıstan Respublikası vətəndaşlarından seçilir. Prezident öz səlahiyyətlərinin icrası müddətində siyasi partiyadakı üzvlüyünü və partiya fəaliyyəti ilə bağlı hər hansı bir təşəbbüsü dayandırır.
    Konstitusiyanın 64-cü maddəsi özündə prezidentin səlahiyyətlərini, hüquq və vəzifələrini əks etdirir. Bunlar aşağıdakılardır:
    Prezident parlamentə seçkilər təyin edir. Qanunları imzalayır və yayımlayır. Parlamentin qəbul etdiyi qanunları imzalamaqdan imtina edərək onları yenidən parlamentin müzakirəsinə qaytarır. Parlamentin növbədən kənar iclasını çağırır və parlamentdə çıxış etmək səlahiyyəti var.
    Prezident Hakimlərin seçimi şurasının təklifi ilə Ali məhkəmənin sədri postuna namizədi parlamentə təklif edir və ya azad edir. Hakimlərin seçimi şurasının təklifi ilə yerli məhkəmələrə hakimləri təyin edir və ya azad edir.
    Prezident parlamentin razılığı ilə baş prokror və onun köməkçilərini təyin edir və ya azad edir. Müdafiə və milli təhlükəsizlik orqanlarının rəhbər və köməkçi şəxslərini isə prezident şəxsi təşəbbüsü ilə təyin edir. O, parlamentin razılığı ilə Milli Bankın, Mərkəzi seçki və referendiumların keçirilməsi komissiyasının, Hesablama Palatasının rəhbərlərini təyin edir. Prezident Qırğızıstan Respublikasını daxildə və xaricdə təmsil edir. Prezident eyni zamanda vətəndaşlıq məsələlərini həll edir.
    Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanıdır. O, Silahlı Qüvvələrin Ali Komandir Heyətini vəzifəyə təyin edir və vəzifədən azad edir. Prezident eyni zamanda müdafiə şurasına rəhbərlik edir. Prezident fövqəladə vəziyyət, səfərbərlik, müharibə və hərbi vəziyyət elan edərək parlamentin müzakirəsinə verir.
    Prezidentin səlahiyyətlərinə onun öz ərizəsi ilə istefa verdikdə, konstitusiyaya uyğun olaraq vəzifəsindən məhrum edildikdə, xəstəlik və ya ölüm səbəbi ilə vəzifəsini icra edə bilmədikdə xitam verilir. Parlament prezidenti yalnız prezident cinayətdə ittiham olunduqda və baş prokuroluq tərəfindən cinayətdə təqsirkar bilindiyi təqdirdə vəzifəsindən məhrum edə bilər. Prezident haqqında ittihamın irəli sürülməs üçün parlament deputatlarının 1/3 səs çoxluğu və xüsusi komisiyanın rəyi tələb olunur. Prezidenti vəzifəsindən məhrum etmək üçün ittiham irəli sürüldükdən üç ay ərzində parlamentdə 2/3 səs çoxluğu ilə qərarın qəbul olunması tələb olunur. Üç ay ərzində parlament heç bir qərar qəbul etmirsə ittiham ləğv olunur. Prezident vəzifəsindən məhrum olumduqdan sonra cinayət məsuliyyətinə cəlb oluna bilər.
Prezident vaxtından əvvəl vəzifəsindən istefa verdikdə və ya məhrum edildikdə onun vəzifəsini yeni prezident seçilənə qədər parlamentin spikeri icra edir. Hər hansı bir səbəbdən spiker prezidentin vəzifəsini icra edə bilmədikdə bu vəzifəni müvəqqəti olaraq baş nazir icra edir. Prezident postunu müvəqqəti icra edən şəxs parlamentə növbədənkənar seçkilər keçirmək və ya hökuməti istefaya göndərmək səlahiyyətinə malik deyil. Prezidentin vaxtından əvvəl postundan istefa verdiyi gündən üç ay ərzində növbədənkənar prezident seçkiləri keçirilir.
Hökumət:
    Qırğızıstan Respublikasında icra hakimiyyəti funksiyası hökumət və ona tabe olan nazirliklər, dövlət komitələri, inzibati idarələr və yerli dövlət idarələri vasitəsi ilə həyata keçirilir. Hökumət icra hakimiyyəti sunksiyasını həyata keçirən ali qurumdur. Onun strukturuna nazirliklər və dövlət komitələri daxildir. Hökumətə baş nazir rəhbərlik edir.
    Hökumətin formalaşması prossesi:
    Seçkilər nəticəsində parlamentdə deputat mandatlarının yarıdan çoxunu qazanmış fraksiya və ya koalisiya yaratmış fraksiyalar parlamentin birinci iclasından 15 gün ərzində baş nazir postuna namizədini irəli sürməlidirlər. Baş nazir postuna namizəd şəxs isə öz növbəsində parlamentə hökumətin sturukturnu, tərkibini və proqramını təqdim etməlidir. Parlament hökumətin strukturunu, heyətini və proqramını təsdiq etdikdən sonra 3 gün ərzində prezident baş nazir və hökumətin digər üzvlərininin təyin edilməsi ilə bağlı sərəncam verir. Əgər prezident 3 gün ərzində sərəncam verməsə o halda hökumət təyin olunmamış sayılır.
    Seçkilər sonrası parlament 15 gün ərzində parlament hökumətin sturukturunu, tərkibini və proqramını təsdiq etməsə və ya partiyalardan heç biri parlamentdə deputat mandatlarının yarıdan çoxunu qaza bilmirlərsə, o halda prezident fraksiyalardan birinə 15 gün ərzində parlament çoxluğunu formalaşdırmağı və baş nazir postuna namizədini irəli sürməyi həvalə edir. Əgər parlament bu fraksiyanın irəli sürdüyü hökumətin sturukturunu və tərkibini təsdiq etməsə, o halda prezident ikinci bir fraksiyaya parlament çoxluğu formalaşdırmağı və baş nazir postuna namizədini irəli sürməyi tapşırır. Əgər parlament nəzərdə tutulan müddət ərzində bu hökumətidə təsdiq etmirsə, o halda fraksiyalar öz təşəbbüsləri ilə 15 gün ərzində parlament çoxluğunu formalaşdırmalı və baş nazir postuna namizədlərini irəli sürməlidirlər. Baş nazir isə parlamentə hökumətin stusukturu, tərkibi və proqramını təqdim etməlidir. Əgər konstitusiyaya uyğun olaraq hökumətin sturukturu və tərkibi təsdiq olunmazsa prezident parlamentə növbədənkənar seçkilər təyin edir. Yeni hökumət formalaşana qədər cari hökumət öz vəzifəsini icra edir.
    Qırğızıstan hökuməti parlament qarşısında cavabdehdir. Baş nazir hər il parlamentə hökumətin fəaliyyəti ilə bağlı hesabat təqdim edir. Parlament deputatların 1/3-nin təşəbbüsü ilə hökumətə etimadsızlıq məsələsinə baxa bilər. Hökumətə etimadsızlığın elan olunması üçün parlamentdə deputatların yarıdan çoxunun səsi tələb olunur. Hökumətə etimadsızlıq elan olunduqdan sonra prezident hökuməti istefaya göndərə və ya parlamentin qərarı ilə razılaşmayıb hökumətin öz fəaliyyətini davam etməyinə icazə verə bilər. Lakin 3 ay ərzində parlament hökumətə etimadsızlıq məsələsini yenidən qəbul edərsə, o zaman prezident hökuməti istefaya göndərir.
    Hökumət dövlətin daxili və xarici siyasətini həyata keçirir, vətəndaşların hüquq və azadlıqlarını, ictimai asaişin qorunmasını, cinayətkarlıqla mübarizə aparılmasını təşkil edir. Dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin qorunmasını həyata keçirir. Maliyyə, qiymət, tarif, vergi, investisiya siyasətini həyata keçirir. Dövlət büdcəsini hazırlayır və parlamentə təqdim edir, dövlət büdcəsinin istifadə olunması ilə bağlı parlamentə hesabat verir. Hökumət xarici iqtisadi fəaliyyət həyata keçirir.
    Qırğızıstan hökumətinə baş nazir rəhbərlik edir və hökumətin fəaliyyəti ilə bağlı parlament qarşısında məsuliyyət daşıyir. Baş nazir konstitusiya və qanunların bütün icra orqanları tərəfindən icrasını təmin edir. O, danışıqlar aparır və beynəlxalq müqavilələr imzalayır. Baş nazir hökumətin iclasına rəhbərlik edir, hökumətin sərəncam və fərmanlarını imzalayır və onların icra olunmasını təmin edir. Baş nazir eyni zamanda inzibati qurumların və yerli keneşlərin təklifi ilə yerli inzibati orqanların rəhbərlərini təyin edir və ya azad edir.
Parlament:
    Joqorku Keneş–Qırğızıstan Respublikasının parlamenti–qanunverici hakimiyyəti və öz səlahiyyətləri daxilində nəzarət funksiyalarını həyata keçirən ali dövlət qurumudur. Parlament 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Konstitusiyaya əsasən bir siyasi partiya, parlamentdə 65-dən çox deputat mandatına sahib ola bilməz. Deputatlar 21 yaşdan yoxarı, Qırğızıstan Respublikası vətəndaşlarından seçilir.
    Seçkilər sonrası parlament deputatları fraksiyalarda birləşirlər. Parlamentdə yarıdan çox mandat qazanmış fraksiya və ya koalisiyon fraksiyalar parlament çoxluğu hesab olunur. Parlament çoxluğuna daxil olmayan və özünü çoxluğa qarşı müxalif elan edən fraksiya və ya fraksiyalar isə parlament müxalifəti adlanır.
    Parlamentin ilk sessiyası seçkilərin nəticəsi elan olunduqdan 15 gün sonra baş tutur. Parlamentin ilk sessiyasını yaşca ən böyük olan deputat açır. Parlamentin deputatlarının toxunulmazlıq hüququ var. Xüsusi ağır cinayətlərdən başqa, deputatın məsuliyyətə cəlb olunması üçün parlamentdə səs çoxluğu tələb olunur. Konstitusiya deputatlara sahibkarlıq, kommersiya və digər fəaliyyətlərlə məşğul olmağı qadağan edir. Deputatlar yalnız elmi, pedoqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
    Parlamentin deputatı imperativ mandata sahib deyil. Deputatın geri çağırılması mümkün deyil. Deputatın səlahiyyətləri parlamentin müvafiq çağırışına yekun vurulması ilə bitir. Deputatın səlahiyyətlərinə aşağıdakı hallarda xitam verilir:
  • Öz ərizəsi ilə;
  • Vətəndaşlıqdan çıxdıqda və ya digər vətəndaşlıq aldıqda;
  • Deputat səlahiyyətləri ilə bir gerdə görülməsinə icazə verilməyən fəaliyyətlə məşğul olduqda;
  • Seçkilərin düzgün olmadığı elan olunduqda;
  • Yaşayış yeri ilə əlaqədar olaraq tez-tez ölkədən kənara çıxdıqda və məhkəmə tərəfindən fəaliyyətini icra edə bilməyəcək elan olunduqda;
  • Məhkəmə tərəfindən çıxarılan ittiham qərarı qanuni qüvvəyə mindikdə;
  • Üzürsüz olaraq parlamentin bir sessiyası müddətində 30 və daha çox iş günü ərzində iştirak etmədikdə;
  • Məhkəmə qərarı ilə itkin və ya ölmüş elan olunduqda.
    Parlamentin sessiyaları sentyabrın ilk iş günündən iyunun son iş gününə qədər davam edir. Əgər müzakirə olunan məsələ iclasın bağlı keçirilməsini tələb etmirsə o halda iclaslar əsasən açıq keçirilir. Parlamentin növbədən kənar iclasları prezident, hökumət və ya deputatların 1/3 nin təklifi ilə spiker tərəfindən çağırılır. Parlamentin iclası deputatların yarıdan çoxunun iştirak etdiyi təqdirdə hüquqi qüvvəyə malikdir. Parlamentdə qərarlar deputatların səsə vermə yolu ilə qəbul olunur.
    Qırğızıstan parlamentinin aşağıdakı səlahiyyətləri var:
  • Referendium keçirilməsi ilə bağlı qərar qəbul edir.
  • Prezident seçkilərini təyin edir.
  • Konstitusiyaya dəyişikliklər edir.
  • Qanunlar qəbul edir.
  • Dövlət sərhədlərinin dəyişdirliməsi ilə bağlı məsələləri müzakirə edir.
  • Dövlət büdcəsini təsdiq edir.
  • Amnisitiya aktı imzalayır.
  • Hökumətin fəaliyyət proqramını təsdiqləyir, müdafiə və milli təhlükəsizlik orqanlarından başqa digər hökumət orqanların sturukturunu və tərkibini müəyyənləşdirir.
  • Hökumətə etimad və etimadsızlıq məsələlərini həll edir.
  • Ombudsman və onun müavinlərini təyin edir və ya azad edir.
    Qırğızıstan Respublikasının Baş naziri, Baş prokror, Milli bankın sədri, Hesablama palatasının sədri , Ombudsman parlament qarşısında hesabat verirlər.
    Parlament öz tərkibindən spiker və onun müavinlərini seçmək səlahittətinə malikdir. Spiker, parlamentdə gizli səs vermə yolu ilə səs çoxluğuyla seçilir. O, parlament qarşısında məsuliyyət daşıyır və 2/3 səs çoxluğu ilə geri çağırıla bilər. Spiker parlamentin iclaslarına rəhbərlik edir. Spikerin müavinləri parlamentin müxalifəti tərkibindən seçilir.
    Parlament özünü fəsh etmək səlahiyyətinə malikdir. Fəsh etmə qərarı deputatların 2/3 səs çoxluğu ilə qəbul olunur. Prezident, parlament fəsh edildiyi gündən 5 gün ərzində növbədədn kənar seçkilər təyin edir və 45 gün müddətində seçkilər keçirilməlidir.
    Qırğızıstan Respublikasında qanunverici təşəbbüsdə aşağıdakı subyektlər çıxış edə bilərlər:
  • 10.000 seçici (xalq təşəbbüsü)
  • Parlamentin deputatı
  • Hökumət
    Qanun layihəsi parlamentə daxil olduqdan sonra üç oxunuşda qəbul olunur. Qanun layihəsi, səs vermədə iştirak edən deputatların səs çoxluğu ilə qəbul olunur, bir şərtlə ki qanunun qəbuluna 50 dən az səs verilməsin. Konstitusiya qanunları və dövlət sərhədlərinin dəyişdirilməsi ilə bağlı qanunlar isə ümumi deputatların 2/3 səs çoxluğu ilə qəbul oluna bilər. Fövqəladə hallar və hərbi vəziyyət şəraitində konstitusiyanın və dövlət sərhədlərinin dəyişdirilməsi ilə bağlı qanunların qəbuluna icazə verilmir.
    Parlament tərəfindən qəbul olunmuş qanun layihəsi 14 gün ərzində imzalanmaq üçün prezidentə təqdim olunur. Prezident bir ay ərzində qanunu imzalamalı və ya qanuna etiraz edərək, etirazları ilə birlikdə parlamentin yenidən müzakirəsinə qaytarmalıdır. Dövlət büdcəsi və vergilər haqqında qanunlar birbaşa imzalanmalıdır. Əgər təkrar müzakirələr zamanı qanun heç bir dəyişikliklərə uğramayaraq, yəni köhnə redaksiyada deputatların 2/3 səs çoxluğu ilə qəbul olunarsa, o zaman prezident 14 gün ərzində qanunu imzalamalıdır. Əks təqdirdə, yəni prezident qanunu imzalamaqdan imtina edərsə, o zaman qanun parlamentin spikeri tərəfindən imzalanaraq yayımlanır. Qanun yayımlandıqdan 10 gün sonra qüvvəyə minir.
Siyasi partiyalar:
    Qırğızıstan Respublikasında siyasi müxtəliflik və çox partiyalılıq qəbul olunur. Siyasi partiyalar, həmkarlar ittifaqları və digər ictimai birliklər vətəndşlar tərəfindən, onların şəxsi iradəsi və ümumi maraqlar naminə öz hüquq və azadlıqlarını, siyasi, iqtisadi, sosial əmək, mədəni və digər maraqlarının müdafiəsi üçün yaradıla bilər. Siyasi partiyalar vətəndaşların siyasi iradəsini ifadə edir, parlament prezident və bələdiyyə seçkilərində iştirak edirlər. Konstitusiya hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarına və məhkəmə hakimlərinə siyasi partiyada iştirak etməyi və ya hər hansı bir siyasi partiyanı dəstəkləməyi qadağan edir. Konstitusiya eyni zamanda dini və etnik zəmində siyasi partiya yaratmaq və dini qurumların siyasi məqsədləri təqib etməsini qadağan edir.
    Qırğızıstanın siyasi arenasında iştirak edən partiyalar aşağıdakılardır:
    Ar-Namys Party; Ata-Yurd; Ata-Məkan; Bütün Qırğızıstan; Respublika; Sosial-Democratic Party of Kyrgyzstan.
Bundan əlavə ölkədə basqı qrupu statusuna malik olan - Adilet Legal Clinic, Coalition for Democracy and Civil Society, Interbilim kimi təşkilatlar mövcutdur.

 

Bu yazı 1118 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :