-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

“Türk Dünyası Ədəbiyyat”ına bir baxış”
Şiriftin ölçüsünü dəyiş

Əkbər Qoşalı
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı

   ...Türk Dünyasında dərinləşmiş ilişkilər (ədəbiyyatla da dərinləşdirməyə çalışdığımız ilişkilər), “Türk Birliyi”, bu birliyin mahiyyəti nədir, nə üçün vacibdir? Mümkün cavablardan biri yəqin belə olardı: Türk Dünyası Türk dövlət və topluluqlarını çevrələyən, Türkün maddi-mənəvi ünvanlarını ehtiva edən coğrafi və habelə etnoqrafik məkandır. Türk Birliyi zamanında mövcud olmuş bir soy birliyidir. Türk Birliyinin bütün soy coğrafiyamız üzrə oturuşması, bəlkə daha doğru olar desək, hərəkətə keçməsi lazımdır. Türk Dünyasının ümumdünya miqyasında görünməsinin digər uğurlar, başarılar, töhəflərlə yanaşı önəmli dərəcədə Ədəbiyyatla bağlılığını, prezident Heydər Əliyevin 6 noyabr 1996-cı ildə - Türk Dünyası Yazıçılarının III Qurultayındakı nitqindən götürdüyümüz fikirlərlə ifadə edək: “Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır.
   …Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür”.
Doğrudan da, Türk Birliyi ideyası uğrunda hərəkatın alt yapısını tarix boyu yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər, fikir adamları oluşdurublar. Qələm adamının Türk Birliyi adına verdiyi dəstəyin (o dəstəyin ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda olmasından asılı olmayaraq) gələnəyi, təcrübəsi var və yeni ədəbi nəsil də o xəttin qırılmamasında maraqlı olmalıdır.
   K.Mahmudun, Ə.Yasəvinin, Y.İmrənin, Ə.Nəvainin, Məhdumqulunun… adı bu gün, onların za-manındakı digər sənət-peşə yiyələrindən daha intensiv xatırlanan, daha tez-tez çəkilən mənəvi ün-vanlardır. Heç təsadüfi deyil ki, onların hər biri Türk Dünyası Ədəbiyyatı dedikdə gözlər önünə ilk sırada gələn böyük adlar arasındadır…
   ...Türklüyün, eləcə də maarifdə, ədəbiyyatşünaslıqda, dil və əlifba islahatında Türklüyün ilk ataları Azərbaycandan M.F.Axundov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Türkiyədən Ə.V.Paşa, M.Ə.Yurdaqul, Ə.Cevdət, F.Köprülüzadə, Z.Göyalp, Qazaxıstandan M.Jumabay, Tatarıstandan Y.Akçura, Başqurdustandan Z.V.Toğan, Ş.Babiç, Kırımdan İ.Qaspıralı, Özbəkistandan Ə.Fitrət, Ə.Çolpan, Əfqanıstandan Ş.C.Əfqani kimi klassikləri rəhmətlə anırıq. Ədəbiyyatda rəhmət, gələnəklərin davam etdirilməsi, onların Türk Dünyası adına, Ədəbiyyat adına, Sənət adına diləklərini gerçəkləşdirmək yaxud XXI yüzil güncəlliyi ilə uyumunu sağlamaqdır, təbii.
   Həmin klassiklərin ardınca gələn, yenə klassik təyini ilə tanımlayacağımız ədiblər: Azərbaycandan H.Cavid, Ə.Cavad, A.Yıldırım, M.Hadi; Türkiyədən M.A.Ərsoy, A.N.Asya, N.F.Qısakürək, H.N.Atsız; Özbəkistandan həmvətənimiz M.Şeyxzadə, X.S.Xocayev; Kırımdan N.Ç.Cihan, B.Çobanzadə, Rumıniyadan M.Niyazi; Quzey Qafqazdan Q.Quliyev; Tatarıstandan A.Tukay; Xakasiyadan prof. N.Katanov; Sibirdən B.Söleymanov və bir çox başqaları öz genetik yaddaşlarının peşinə düşdülər. “Genetik yaddaş” məsələsinə bir qədər sonra yenidən qayıdacağıq.
   Biz də bu yerdə, haqq dunyasında olan, cənnətdə olduğuna inandığımız Şəhriyar, B.Vahabzadə, R.Z.Xəndan, X.R.Ulutürk, Ş.Əkbərzadə (Azərbaycan), Ç.Aytmatov (Qırğızıstan), R.Pərvi (Özbə-kistan), Ş.Səlim, Y.Kandım (Kırım), P.Huzanqay (Çuvaşıstan) kimi “Ortaq Türk keçmişindən ortaq Türk gələcəyi”nə aparan yolun geridönməz olması üçün ÖMÜR qoymuş ədibləri bir daha rəhmətlə anırıq. Eyni zamanda ulu Tanrıya şükranlıqlarımızı yetiririk ki, bu gün də bu yolda ÖMÜR sərf edən, sağlığındaykən klassikləşmiş ədiblərimiz və öz yollarını bəlirləmiş gənc ədəbi qüvvələrimiz var. Yazıda bu imzalar üzərində dayanmağa çalışacağıq.
   Hələliksə, söz verdiyimiz kimi, “Genetik yaddaş” məsələsinə qayıdaq. Əslində “kimdir Türk yazıçısı”, “kimə Türk yazıçısı demək olar” suallarınının cavabını müəyyənləşdirmək çətindir, yaxud mümkün cavablar dartışma tələb edir. Burada şaman da, xristian da, musəvi (karaim) də, təbii, İslam inanclı yazar da var. Hər türlü ədəbi axıma uyğun – həm mühafizəkar həm də modern üslublü yazar var.
   …Ümumiyyətcə bu günkü mövzumuz planında aydınlaşdırılmalı bəlli suallar olduğuna inanıram. Örnəyi, götürək, N.Hikməti. O, Lenini, kommunizmi təbliğ edən şeirlər müəllifi olmasının yanısıra keçmiş SSRİ məkanında gəzən Türkiyə, başqa sözlə, canlı Anadolu Türkcəsi, Türk dili idi… Sual oluna bilər, o dönəmdə Osmanlı ağzı ilə yazan, bolşevizmi qəbullanmayan, bəlkə Türk Dünyasının birliyi, sovetlərin çökməsi uğrunda muəyyən yazı-pozusu da olan bir yazarmı Türk Dünyası Ədəbiyyatının inkişafında daha böyük pay sahibidir, N.Hikmətmi? …Yaxud orta çağa gedək. – Nəvainin “İki dilin müqayisəli təhlili” əsərini yazması böyük dəyər daşıyır, yoxsa onun klassik Türk vəzni hecada deyil, əruzda yazmasımı? Eləcə də Nəvainin Nizamiyə nəzirə yazması, yüzillər sonra xalq şairi Q.Qulamın xalq şairi S.Vurğuna, yaxud başqurd M.Kərimin qırğız Ç.Aytmatova şeir həsr etməsi (habelə yad sözlərdən arınmış öztürkcədə  yazmaları), Sizcə təsadüf idimi və bunun dəyərini, lap inersiya ilə də olsa ruh axışını görməzdəngəlmək olarmı? – Təbii ki, yox. Bax, elə bu da “xalq ruhu cəsarəti”nin, Türk ruhu qabarmasının (o cəsarət və qabarmanın bir yazarın yaradıcılığında yansımasının) bir təcallası idi və Nəvainin Nizaminin əruzunu, deyək, farsca, ərəbcə yazmasını, eləcə də Q.Qulamın, S.Vurğunun partiyalı ədəbiyyatın əsas simaları olmasını ikinci plana keçirir.
***
   …Bir daha Z.Göyalpa istinad edərək, yeni bölməyə keçək. Z.Göyalpa görə, əsl Türk şeiri təkəbbürdən, özünüöymədən, vasvasıçılıqdan, bədbin və ümidsiz, xəstə ruhlu kimi görünüşdən (içərikdən) uzaq, inamlı, nikbin, ümidli və sağlam olmalıdır..!  (Örnəyi, “Qorxa-qorxa rüsvay olduq cahanda, qurğunu ər kimi qurmaq vaxtıdır. Zalım düşmən yurdumuzu taladı, çox yatdıq, igidlər, durmaq vaxtıdır” deyən XVIII yüzil Türkmən(istan) şairi S.Seydinin, “Millət şərqisi” yazan T.Fikrətin, dərgaha tapınıb “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq” yazan M.A.Ərsoyun, “Əlinə silah al” buyuran H.Alimcannın, eləcə də H.N.Atsızın ümidsizliyi bir damcı yaxın qoymayan şeirləri kimi, “Kirpiyinlə silahlan” yazan X.R.Ulutürkün, “Sən qalib gələcəksən” inancına sahib Z.Yaqubun döyüşkən, ümidli poeziyası kimi…)
   Bu yerdə sanki Z.Göyalpın Türk şeiri, ülkülü şeir üçün cızdığı tablonu, Türkün həmişə müstəqil cümhuriyyəti üçün biçimləndirən solçu şair tərəfindən yazılan, amma bəlkə sağçı sayıla biləcək şeirdən bir bölümü diqqətinizə ərz edirəm. – Ünlü şair Ataol Bəhramoğlu sanki Türkiyəni bir şeir bilib. Sanki Z.Göyalpın Türk şeirinə xas bildiyi özəllikləri Türkiyənin özünə xas bilib A.Bəhramoğlu:
“…Türkiyə, üzgün yurdum, gözəl yurdum,
dağ küləyi, portağal balı,
alçaqkönüllü, hünərli, sevdalı.
…Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Güngörmüş bilgə torpağım,
Yunus, pir Sultan və Nazım.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Sızı, ağı, halay və zeybək,
Tüstüsü üstündə əppək.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Üzü qırış-qırış anam,
Ağlayan narım, gülən heyvam.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Asmaların üstündə gün işığı,
ən gözəl gələcəyin yaraşığı.
Türkiyə, üzgün yurdum, gözəl yurdum,
Zənciri alnında qımıldayan
Bitəcək sanıldığı yerdə başlayan.”
   Bu şeir bir daha təsdiq edir ki, Türk şairi solçu da olsa, sağçı da olsa, hecada da yazsa, hecasız da yazsa, onun qara qələmindən ağ kağıza tökülən misralarda hətta inersiya ilə gəlmiş olsa belə… harmoniya, bütövlük, simmetriya (belə deyək, xarakter!) yansıyacaq. İlgincdir ki, “Türkiyə, üzgün yurdum, gözəl yurdum” yazılandan 10 il sonra Azərbaycanda Ə.Kür “Məmləkətim, hey”i, 18 il sonra–1998-ci ildə Quzey Qafqazlı başqa bir Türk, başqa bir şair bu şeiri yazacaqdı:
Rəngli şimşəklərin üssü,
İlk Türk şeirimin süsü,
Ankara, Ankara.
Sevgilimin doğma şəhri,
Tüm Türklüyün fikir nəhri
Ankara, Ankara.
Qarlı bir göyüzü
Çökər yürəkdə son duvar
Ankara, Ankara.
Bu zatən ruh məsələsi
O! Yarınların sılası
O! Yarınların kalesi
Ankara, Ankara.
   Bu Balkar şairi Ö.Bolatın şeiridi. – Başqa bir şeirində “Altay, Balkarya, Türkiyə, Eşq, işıq birləşdirdi sizi” deyən Örüzlanın.
   Örüzlandan daha gənc, Batı Trakyalı şair M.Çolak 6-7 il sonra “Məmmləkətim”i yazırdı:
Məmləkətim!
Uğruna canımı,
Qanımı fəda edərim
Canım sevgilim
Qarayazılı məmləkətim.
Məmləkətim!
Daşına, torpağına vuruldum
Eşqinlə sərxoş oldum
Bu yola baş qoydum
Bəklə bizi, bizi bəklə!
Məmləkətim!
Alkoliklərin, hortumçuların
Dalaverecilərin yönətdiyi
əzilən xalqımın gözbəbəyi
qaragözlü sevgilim!
Məmləkətim!
Qaranlıq bir ölkənin,
Asi cocuğu
Həyat günəşim, yaşama sevincim
Məmləkətim mənim!
   Eyni ruhu, eyni ritmi, eyni umudu, Türk şeir xarakterini (daha doğrusu, Türk şairinin öz xarakterini!) görmək açısından diqqətçəkici bilib örnək göstərdim bunları… Bəlkə də bu dörd (fərqli nəslə, fərqli ölkəyə mənsub) şair bir-birini tanımır, heç bir-birlərinin şeirlərinə bələd də deyillər. Amma təqdir edərsiz ki, burada da “ədəbi enerjinin itməməsi qanunu” özünü doğrult-muşdur. Qaynağı eyni olub, bəlkə əhatə dairəsi, çatma nöqtəsi fərqli olan dalğaların yaratdığı enerjini deyirəm… Və bəlkə burada da hər sönən nöqtə yeni bir dalğanın, enerji axımının başlanğıcıdır…  …Bu kimi misallar bir deyil, beş deyil. Bu misalları klassiklərimizin də yaradıcılığı örnəyində verə bilərik, çağdaşlarımızın da. (…Örnəyi, E.Cümənbülbül, A.Azalp, R.Pərvi, T.Mirzə və R.Behrudinin “Dar ağacı”nı oxusaq deyilərnlərə tanıq olarıq.)
***
   Bu vəznli, vəzinsiz şeirlərdən keçirəm əsl Türk vəzni mövzusuna. Əsl Türk vəzni heca vəznidir. Baxmayaraq ki, çağdaş Türk şeiri daha çox sərbəst vəzndədir, neçə izmə (modernizm, postmodernizm və b.), bəzən hətta “ağ şeir” kurallarına tabedir; digər yandan elə bu yazıda da Türk Dünyası Ədəbiyyatı dedikdə ağlagələn ilk mənəvi ünvanlar, isimlər sırasında adını çəkdiyimiz Nəvai, Füzuli kimi klassiklər xalq üçün o qədər də anlaşıqlı olmayan əruz vəznində yazıblar. Xalqın şairləri heca vəznində şeirlər yazmışlar. Bu vəzndə, yuxarıda Göyalpdan gətirdiyimiz misalda da deyildiyi kimi, Ə.Yasəvi, Y.Əmrə, Qayğusuz kimi təkkə şairləri və Qurbani, Qaracaoğlan, Dadaloğlu, Aşıq Alı, Aşıq Ələsgər, H.Bozalqanlı kimi saz şairləri ölməz əsərlər yaradıb, sonrakı nəsillərə zəngin irs qoyublar. (Və görünür Nəvaini, Füzulini şeirlərinin forması deyil, içəriyi, ülkülülyü xalqa yaxın qılmışdır. – Eləcə də çağdaşlarımızdan yaxud XX yüzildə böyük yol qət etmiş Türk sərbəst şeiri təmsilçilərinin bir çoxunu…)
   …Məlumunuz, Z.Göyalpa görə, təcrübə yolu ilə bəlli olmuşdur ki, Türk xarakteri, Türk zövqü daha çox “6+5” vəznində şeirlər tələb edir, başqa sözlə, xalqımız bu vəzndən xoşlanır. Bu da görünür daha çox Saz havaları, ozan təfəkkür biçimlənməsi, sözlə səsin harmoniyası və bu qəbildən axtarışlarla bağlıdır.
   Ancaq bu yöndə fikirlərimizi ümumiləşdirsəi olsaq, deməliyik: bir millət olaraq hansı mədəniyyət topluluğuna, hansı uluslararası birliyə daxiliksə buna uyğun bütün elmi qavramların, fəlsəfi görüşlərin, hətta lirik duyğuların ifadə imkanları da o mənsubiyyətdə olma imkanına sahibdir. Bayrağımızdan, respublikamızın siyasi kursundan da bəlli olduğu kimi biz Avropa mədəniyyət məkanına inteqrasiya yönündə çalışırıq, yaxın keçmişdə isə Sovetlərdən çıxmışıq. Özü də Türk xalqlarının çoxu bu taleni yaşamışdır. Eləsə ən azı forma baxımından qəbullanacağımız, daha doğrusu artıq çoxdan qəbullandığımız Avropa tipli şeirləri də anlayışla qarşılamamız başadüşüləndir. Sərbəst olsun, başqa vəzndə olsun, hətta ən yeni bir ədəbi axıma aid olsun, əgər onu bizim şair yazıbsa, artıq özünə münasibət tələbetmə hüququ var… Yaxud Çində yaşayan uyğurlar Çin şeir üsuluna, Əfqanıstanda yaşayan türkmənlər, özbəklər, qazaxlar bir Allah bilir nəyə, haraya, İrandakı, İraqdakı soydaşlarımız əruza uğrayırlar, hər gün… Ancaq hər bir millət kimi Türk millətinin də əsl zövqü, Z.Göyalpın sözü ilə desək, “milli zövq”dür, digərləri bəlkə “xarici zövq”dür – ekzotikadır…
***
   …Türk şeiri qavramları üzərinə daha bir neçə kəlmə söyləyək:
   Səmimi, duyğusal və “sadəlöhv” şeir; Heca vəznində yazılmış şeir; Düzgünlüyü, əxlaqı anladan, bu yönü çatdıran əsər; Türk Dünyası ünvanını daşıyan əsər; Türk dilinin gözəlliklərini ən doğru biçimi ilə təcalla etdirən əsər; Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə boylanan yazarların işləri; Comərd, təmənnasız, ilhamlı yazarın qələm məhsulu; Formaca Türk kültürünü yansıtmasa da içərik (məzmun-mündəricə) baxımından Türk ruhunu biçimləndirən yazılar və s.
Türk şeiri professor Nizami Cəfərovun təbirincə desək, “dünyanı xaosdan qurtarıb, harmoniyaya gətirməyə”ə xidmət etməlidir.
   …Yenədəlik olmasın, Türk Xalqları Ədəbiyyatı, başqa sözlə, Türk Dünyası Ədəbiyyatı elə Dünya Ədəbiyyatıdır. Daha doğrusu, Dünya Ədəbiyyatının bütün təzahürlərini daşıyır. Dünya insanının keçirdiyi hər türlü hiss-həyəcan Türk şeirinə yad deyil. Türk şeirinin xarakterində elə dünya şeirinin xarakteri, mənzərəsi ümumiləşib.
   …Şeir əgər Türkün arzularını ifadə edirsə, necə deyərlər, məzmunca Türkcəsə – Türk halındasa, o şeir formasından asılı olmayaraq Türk şeiridir.
   …Baxış açımızı bir qədər yeni dövrə yönəldək. Görəsən, bayaqdan danışdıqlarımız yeni dövr yazılarında necə inkas olunub? Sual oluna bilər, hazırda yeni nəsil Türk yazarlarının yaradıcılığında aparıcı mövzular hansılardır, hansı tendensiyalar özünü göstərir? Bu suala birmənalı cavab vermək çətin olsa da, deyə bilərik ki, hər nə qədər Şeirin ilahi eşq, sevgi, həsrət və b. sınır tanımayan əzəli-əbədi mövzuları olsa da örnəyi, Azərbaycanlı şairlə Yakut şairinin, Çuvaş şairi ilə Kərküklü şairin şeirləri, Özbək yazıçısı ilə Köstəncəli, Dobrucalı yazıçının nəsri, həm bir çox hallarda mövzu-məzmun, həm də əsasən forma baxımından bir xeyli fərqliliklər daşımaqdadır. Əslində bu fərqlilik problem kimi qəbul edilməməli, əksinə bir xalçanın ilmələri kimi, bir ustanın işlədiyi fərqli naxışlar kimi gözəl görünməlidir. Bununla belə, gözünlə yox, ruhunla oxuyanda görürsən yakutun da, çuvaşın da, özbəyin də, uyğurun da, tatarın da, balkarın da ürək çırpıntısı eynidir, qələm fərqli coğrafiyalarda, fərqli əllərdə eyni ritmlə döyünüb… (Necə ki, yuxarıda ayrı-ayrı nəsillərə mənsub şairlərdən gətirdiyimiz örnəklərlə bunu sərgiləməyə çalışdıq.) İstər-istəməz, S.Rüstəmxanlının ünlü deyimi yada düşür: “Bu dərd mənə tanış gəlir”. İstər-istəməz bütövlüyə, birliyə, ortaq keçmişin energetikasına qayıdış, bəlkə inersiya ilə ora gediş görünür soy qardaşlarımızın şeirlərində, ümumən ədəbi yaradıcılığında…
   Bayaq belə bir söz işlətdik: Xalq ruhunun cəsarəti! Bir çox hallarda Türk insanı nədən yazıbsa da xəlqilik, ruhsallıq və cəsarət özünü göstərib. Bu yerdə hörmətli alimimiz N.Cəfərovun sözlərini xa-tırlayaq. Beləliklə, “yeni dövrə yönələk” deyərkən yenidən “yada düşən çox köhnə zamanlar”a qayıdaq. Deyirəm, ortaq olmayan, əksinə Ayrılmış Ədəbiyyatlı bugündənsə, ortaq keçmiş daha ca-zibdir, yəqin… Professor Türk xalqları ədəbiyyatını qədim, orta, yeni və ən yeni olmaqla 4 qrup üzrə dövrləşdirir. Onun fikrincə, Qədim dövr, Türklərin monqollar və tunqus-manuçurlarla ortaq qurduqları (“etnomədəni, etnososial, etnosiyasi” birlik olan) Altay birliyindən ayrıldıqları zamandan başlayaraq eramızın II minilliyinin əvvəllərinə qədər davam edir. Nizami müəllim “Qədim Türk ədəbiyyatı Türk xalqlarının ümumi, ortaq mənəvi-mədəni sərvətidir” deyə vurğulayır.
   Türklərin etnocoğrafi diferensiasiyasının dərinləşdiyi II minilliyin əvvəllərindən etibarən özünü göstərən coğrafi bölünmələrini 1) Doğu (karluq Türkləri), 2) Quzey-batı (qıpçaq Türkləri), 3) Güney-batı (oğuz Türkləri) kimi sıralayan professor N.Cəfərov Orta yüzilliyin sonlarına qədər davam edən həmin dövrdə yaranan ədəbiyyatı orta dövr Türk ədəbiyyatı adlandırır. Və haqlı olaraq, həmin dövrün “qədim (ümum) Türk ədəbiyyatının ortaq özəlliklərini qoruyub saxlamaqla yanaşı bölündüyü coğrafiyalar üzrə müəyyən fərqli əlamətlər də qazandığı”nı yazır.
   Türklərin orta yüzilliyin sonu, yeni dövrün əvvəllərindən başlayan yenidən diferensiasiyasının çağdaş Türk xalqlarının yaranması ilə sonuclandığını vurğulayan türkoloq-alim “Türk (Osmanlı Türkləri), Azərbaycan, özbək, uyğur, tatar, başqırd, türkmən, qırğız, Altay… xalqları nəinki özlərinəməxsus fərqli sosial-siyasi, mədəni əlamətlər nümayiş etdirməyə, hətta daxili iddialarla ortaq sərvətləri də bölüşdürməyə təşəbbüs göstərirlər” deyir.
   Nizami müəllimin özünün də vurğulandığı kimi Türklərin müstəqil bir etnos, xalq kimi tarix səhnəsinə çıxdıqları dövrdən (e.ö. I minilliyin  ortalarından) zəmanəmizə qədər yaratdıqları ədəbiyyatın əsasları onun tərtib etdiyi və 2006-cı ildə işıq üzü görmüş dördcildlik “Türk xalqları ədəbiyyatı”nda əhatə olunub.
   …Yenə hörmətli professorun öz sözlərinə müraciət edək: “Türk xalqları ədəbiyyatının yeni dövrü XVII əsrdən XX əsrin əvvəllərinə qədər davam edir.  Yeni dövr Türk ədəbiyyatı orta dövr Türk ədəbiyyatından daha çox “Türk xalqları ədəbiyyatı”dır. Yəni hər bir Türk xalqının özünün yaradıcılıq məhsuludur. Lakin bu o demək deyil ki, ortaq xüsusiyyətlər, ümumi tipologiya tamamilə aradan qalxır… Əslində, yeni dövrdə olduğu kimi, XX əsrin əvvəllərindən başlayan ən yeni dövrdə də Türk xalqları ədəbiyyatı “gen”dən, yüzillər, minillər boyu davam etmiş “ümumi tarix”dən gələn elə ortaq əlamətlər daşıyır ki, onların tamamilə aradan qalxması, “etnik yaddaş”ın pozulması, praktik olaraq, mümkün deyil.
   Ən yeni dövr Türk ədəbiyyatı yaxud ədəbiyyatları iki min beş yüz illik ümumi Türk ədəbiyyatı tarixinin həm ideya-məzmun, həm də forma-ifadə texnologiyaları baxımından üzvü tərkib hissəsidir.”
***
   …Keçirəm növbəti bölümə: Yaxşı, İ.Muğanna, B.Vahabzadə, Anar, Elçin, M.Süleymanlı, S. Rüs-təmxanlı, Z.Yaqub, M.İmayıl, A.Abdulla, V.B.Odərdən, rəhmətlik Ç.Aytmatovdan, O.Süleymenov, M.Şaxanov, M.Acı, Y.B.Bakilər və F.Halıcı, H.Fədai, M.Yuxmadan sonra ədəbiyyata gəlmiş yazar-lardan kimlərin adını çəkə bilərik? O adamlarınmı – şeirlərində bol-bol Türk şəhərlərinin, Türk qəhrəmanlarının adını çəkirlər, patetikaya, pafosa varırlar? – Təbii, yox! Çuvaşların sözü ilə ifadə etsəm, şükranlıqla deməliyəm, “Epir purna! Pul! Pulatpr!” – Vardıq! Varıq! Var olacağıq!
   …Yuxarda ümumiləşməsini aparmağa çalışarkən ifadə etdiyimiz kimi, Şeirdə Türklük, Türk şeir (Türk Dünyası şəhərlərinin, Türk boylarının, qəhrəmanların adını sadalamaqdan ibarət olmamaq həqiqətini özündə daşımaqla yanaşı) dili, təfəkkür şəkillənməsi, bəzən mövzudan asılı olmayaraq Türk ruhunu, Türklük ülküsünü və Türk şeir gələnəyini yansıtması ilə alqılana bilər. Örnəyi, Elxan Zal Qaraxanlının “Polonez” poemasını götürək. – Belə baxanda, Polşa hara, Türk Dünyası hara – deyə sual edilə bilər. Ancaq poemanı oxuyanlar bir həqiqətə ortaq olacaqlar: Elxanın bu yaradıcılıq uğuru Tük şeirinin uğurudur – dili, təhkiyəsi, obrazlar silsiləsi, polyak qızı Annanı sevən qıpçaq (Türk) bəyin yaşama, dünyaya baxışları ilə. Nəzərə alanda ki, onun “Savaş ayələri” var, “Türk əsrinin türküləri” var, Elxanın mövzusunda nə qədər sabitqədəm olduğu bəsbəlli olur. Çünki, bu sonradan qazanılmış mövzu deyil, onun içindən, Sabir bəyin sözləri ilə desək, “qan yaddaşı”ndan gəlir.
   Eyni sözləri, nəsr və dramaturgiya üzrə Aygün Həsənoğlunun haqqında deməliyəm. Gözlərimiz önündə bir Banuçiçək öz ulusunun ədəbi tarixini yaradır, yalnız şəhidlərin, qazilərin deyil, Kərküklülər demiş, “acı, am(m)a gerçək” olan əsirlərin-girovların, itkinlərin taleyini qələmə alır, bıkmır, usanmır… Onun dərdini anlatdığı dünyanın, Vətəninin ərazisi 86,6 min kv.km deyil, o, hələ Qəbələdə orta məktəb öyrətməni olandan Türk Dünyası sevdalısıdır. Əslində öyrətmən olandan da qabaq – doğulandan.
   …Az qala Türk Dünyasının əksər şeirsevərlərinin tanıdığı R.Behrudi, A.Azalp, rəhmətliklər A.Sə-mədlə E.N.Sibirelin, habelə, Ş.Vəli, Aşıq Əli (Quliyev), Dərviş Osman, M.Dəmirçioğlu, M.İlqar, V. Xramçaylı, D.Osmanlı, İ.İlyaslı, E.Məmmədli, G.Yoloğlu, Q.Gültəkinin yaradıcılıq örnəklərində; eləcə də, N.Hacıheydərli, H.Hacxalıl, S.Azər, Ə.Şahid(ov), İ.Alpout kimi gənclərin şeirlərində Türk Dünyası sevdası, davası, Türk Birliyi ülküsü özünü qabarıq şəkildə göstərir.
   Fərqli nəsillərə mənsub olan şair və yazıçılar – T.Özakman, F.Budak, İ.Özəl, B.Y.Ceyhan, F.Sağlam, A.Akbaş, X.İvgin, İ.Kayacan, A.Y.Tunalı, O.Baş, M.Ecevit, N.Payam, Ə.Uzun, A.Ay, M.Ə.Eşməli, A.Cövhərli (Türkiyədən); N.Alimbekov, A.Çakırbekov, A.Omurkanov, A. İsmayılov (Qırğızıstandan); Ə.Aymak, B.Bəmişulı, B.Şoybekov (Qazaxıstandan); M.Saleh, O.Azım, X.Dövran, T.Mirzə, F.Butayeva, X.Rüstəm, K.Norkobil, C.Eşenkul (Özbəkistandan); O.Yağmur (Türkmənistandan); R.Minhac, R.Sulti, Ç.Zarif (Tatarıstandan); A.Qloş, Y.Acı, Z.Temirbulatova (Quzey Qafqazdan); S.Süleyman, T.Kerim (Kırımdan); R.Sarbi, V.Turkay (Çuvaşıstandan);  K.Ayina, V.Lukovitsev (Yakutiyadan); J.Samiytulı (Doğu Türkistandan); V.Filoğlu, T.Arnaut (Qaqauz Yerindən); İ.Bozqurd, B.Sakallı, E.Arıklı, Ş.Zəfəryıldızı (KKTC-dən); E.Emin, N.Yusuf, N.A.Mahmut, G.Akmolla, A.Ahmet (Rumıniyadan); N.Ərbilli, M.Ziya, N.Merdan, Ş.Kuzəçi, F.Ə.Tərzioğlu, S.Y.Tütüncü (İraqdakı soydaşlarımızdan) həm indiyədək olan ədəbi yaradıcılıqları ilə, həm də təşkilati çalışmaları ilə Türk Dünyası miqyasında düşüncə sərgiləyiblər. Onların bir çoxu öz ölkələrindən kənarda keçirilən onlarla festival, simpozium və bənzəri etkinliklərə qatılmış, öz ölkələrinin sınırlarından qıraqda işıq üzü görən dərgilərdə çap olunmuş, bir çoxlarının kitabı yayınlanmış, sözlərinə musiqi bəstələnmiş, əsərləri səhnələşdirilmişdir.

Nəhayət… Nələri təklif etmək olar?
   …“Qardaş qələmlər”in Qaraçay-Malkar özəl sayı misalında Türk Xalqları Ədəbiyyatları (dövlət və topluluqlar üzrə) antolojilərinin “Ulu Çinar” kimi dərgiləmizcə araya-ərsəyə gətirilməsi yararlı olardı;
   - Qazaxıstandakı Türk-Qazax Universiteti, Qırğızıstandakı Manas Universiteti, Azərbaycandakı Türk litseyləri, Türkiyə Universitetləri məzunları arasında işbirliyinin verdiyi imkanlardan Ədəbiyyat planında yararlanmaq üçün yaradıcı qurumlar tərəfindən uyğun layihələr hazırlanmalıdır;
   - AYB, TYB, Qazaxıstan YB, Qırğızıstan YB, Avrasiya YB, İLESAM, DGTYB, KİBATEK, Göllər bölgəsi Yazarlar Dərnəyi və bənzəri qurumların konfederativ ortamda bir araya gəlməsi imkanları araşdırılmalı, örnəyi TÜRKSOY-un çatısı altında birlik oluşdurulmalıdır;
   - AYB xətti ilə bütün  Türk Dünyasını içinə alan ədəbi layihələr gerçəkləşdirilməlidir;
   - Yazarların “Ortaq Türk dili və əlifbası”nın formalaşdırılmasına qatqıda bulunması, ortaq Türk dəyərlərinin qorunmasına, aktuallaşmasına səy göstərməsi üçün uyğun layihələr, tədbirlər gerçəkləşdirilməlidir;
   - AYB Türk Dünyasının ayrı-ayrı mədəniyyət və sənət birlikləri ilə qarşılıqlı-yararlı işbirliyi qurmalıdır; bir Türkcədən digər Türkcəyə uyğunlaşdarma işi səhmana salınmalıdır;
   - “Türk Dünyası” kitabxanaları qurulmalıdır;
   - Türk ədəbiyyatı qarşısında böyük xidmətləri olan fikir və söz adamlarını, habelə istedadlı gəncləri ödülləndirmək üçün AYB yaxud Mədəniyyət və Turizm Nazirliyinin Ödülü təsis ejdilməlidir;
   - Türk Dünyası gənc yazarlarının vahid yaradıcılıq platformasında işbirliyinə dəstək vermək; gənc istedadları üzə çıxarmaq, onların ədəbi məhsullarını oxuculara çatdırmaq; kitab mübadiləsi həyata keçirmək, virtual görüşləri daha dərin, daha qapsamlı hala gətirmək; festivallar, simpoziumlar, yaradıcılıq gecələri düzənləmək – bir sözlə, mövcud olan bütün üsullardan səmərəli istifadə etmək, gərəkərsə yeni üsullar işləyib hazırlamaq lazımdır.

* Yazarın 06.06.2011-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyində etdiyi məruzə əsasında hazırlanmışdır

Bu yazı 925 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :