-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Cənubi Azərbaycan problemi: tarixə baxış
Şiriftin ölçüsünü dəyiş

Taryel Faziloğlu
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü

   Cənubi Azərbaycan XX əsrin ilk illərindən günümüzədək daim üsyanlar, iğtişaşlar mərkəzi olub. Hər zaman İranda bir etiraz dalğası başlayıbsa mərkəzi Azərbaycan, əsasən də Təbriz olub. Bəs bunun səbəbi nədir? Niyə İranda baş verən iğtişaşların mərkəzində həmişə Azərbaycan olub?
   Bunun bir çox səbəbi var. Bu səbəblərdən ən başlıcası Azərbaycan Türklərinin özlərini dövlətin həqiq sahibləri hesab etmələri, dövlətə və dövlətçiliyə sahib çıxmağa can atmalarıdır.
   XX əsrdə İranda baş vermiş 4 inqilabın hamısında əsas qüvvəni Azərbaycan Türkləri təşkil etmiş,  inqilabın qələbə çalması üçün hər şeylərindən keçmişlər.
   Bu gün bir çoxları ilk üç inqilabı Azərbaycan Türklərinin milli azadlıq inqilabları kimi qələmə versələr də əslində bu inqilablar milli-azadlıq hərəkatları deyildi. Bu inqilabların hər üçü bütün İran ərazisində baş vermişdi. Əlbəttə əsas mərkəz Azərbaycan idi. Amma bunun özü də bu inqilabların milli-azadlıq hərəkatı olması anlamına gəlməmlidir. Hər üç inqilabın rəhbərləri İranın bütövlüyü konteksindən çıxış etmiş, bütövlükdə İranda inqilabın qalib gəlməsinə çalışmışlar. Buna sübut olaraq onların şah qarşısında qaldırdıqları tələblərdir. Bu fikrin təsdiqi üçün imqilabların tarixinə nəzər salaq.

1905 – 1911-ci illər Məşrutə inqilabı
   1905 – 1911-ci illər Məşrutə inqilabı zamanı irəli sürülən tələblər Konstitusiyanın elan edilməsindən, Məclisin çağrılmasından, məhkəmə sisteminin yaradılmasından, xaricilərin dövlət idarələrindən uzaqlaşdırılmasından, onların nazir postlarını tutmalarının qadağan edilməsindən və s. ibarət olmuşdur.
   Xaricilərlə bağlı tələblərin əsas tələblər sırasında olmasının bir çox səbəbləri var idi. XX əsrin əvvəllərində İranın bütün mühüm idarə və müəsisələrinin rəhbərləri xaricilər idi. Hətta gömrük və rabitə sahələrinə tam nəzarət edən xaricilər özlərini ölkənin sahibi kimi aparır, yerli əhaliyə heyvan kimi münasibət göstərirdilər. İranın dövlət vəsaitini mənimsəyən xaricilər heç bir maneəyə rast gəlmədən bu vəsaitləri ölkədən xaricə çıxarırdılar. Buna görə də ən gəlirli müəssisələr belə kəsirlə işləyir, işçilərin maaşlarını verə bilmirdi. Bütün bunların nəticəsi idi ki, inqilab həm də xaricilərə qarşı etirazı da özündə birləşdirirdi. Məhz bunun nəticəsində əsas tələblərin bir neçəsi xaricilərlə bağlı idi.
   İrəli sürülən tələblərdən göründüyü kimi məşrutə inqilabının mərkəzinin Azərbaycan olmasına baxmayaraq bu proses milli-azadlıq hərəkatı deyil, burjua inqilabı idi. Səttarxan 1909-cu ilin yanvarında şaha göndərdiyi məktubunda və xarici mətbuata verdiyi müsahibələrində bildirmişdi ki, İranın müstəqilliyinin bərpa edilməsi və məşrutə qaydaları uğrunda mübarizə aparır. Həm də bu inqilab bütün İran ərazisində geniş vüsət almışdı. İranın böyük şəhərlərində -Tehranda, Xorasanda, Kirmanda, İsfahanda, Rəştdə inqilabçılar geniş fəaliyyət göstərirdilər.
   Bu inqilabın əsas ideya vericisi, maliyyəçisi, silahla təmin edəni Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsi idi. İnqilabçılar təkcə Bakı komitəsi ilə əlaqə saxlamırdılar. İnqilab rəhbərlərinin bir çoxu Leninlə əlaqə saxlayır, hətta onunla görüşmək üçün İsveçrəyə gedirdilər.
   Baki komitəsi inqilabçıları mailyyələşdirmək üçün Bakıda və Tiflisdə “İran inqilabına yardım komitələri” yaratmışdı. Bu komitələrdə toplanan vəsait hesabına Təbriz üsyançılarına silah, partlayıcı maddələr, inqilabi ədəbiyyat və könüllü dəstələr göndərilirdi.
   Xaricilər inqilabın yatırılmasında çox maraqlı idilər. Onlar bunun üçün inqilabçılara qarşı erməniləri, aysorları, kürdləri qaldırdılar. Xaricilər onları silahlandırır, maliyyə ilə təmin edir, Azərbaycan kəndlərində, şəhərlərində soyğun və qırğın törətmələrini gizli olaraq dəstəkləyirdilər. Hətta kürd dəstələri Təbrizə hücum etmiş, amma mücahidlərin təzyiqi ilə geri çəkilmişdilər. Ermənilər Salmasda, Xoyda, Marağada və Zəncanda Azərbaycan kəndlərini bütövlükdə məhv edirdilər. Bu qırğınlar inqilabçıların bu əraziləri tutması, kürd və erməniləri məğlub etməsindən sonra səngidi.
   Bu məşrutə inqilabının onların İrandakı maraqlarını təhdid etdiyini görən İngiltərə və Rusiya 1910-cu ilin yazında qoşun yeritdilər. Səttarxanla Bağırxan aldadılaraq Tehrana gətirildi və daşnaq Yefremin əli ilə tərkisilah edildi. Bundan sonra Təbriz 1911-ci ilin dekabrında Rus qoşunları tərəfindən tutuldu. Səhra məhkəmələri quruldu. Mücahidlərin çoxu aslıdı. Azərbaycana kürd Səmədxan baş vali təyin edildi.

1920-ci il inqilabı
   Bu inqilabın da əsas tələbi imtiyazlı təbəqənin imtiyazının ləğvi əsasında Konstitutsiyanın qorunması, insan hüquqları, dinin dövlətdən ayrılması, pulsuz və məcburi təhsil, pulsuz səhiyyə, 10 saatlıq iş günü, uşaq əməyinin ləğvi, həftədə bir gün istirahətin verilməsi, xalisə torpaqların kəndlilərə verilməsi, vergi islahatı və s idi. İnqilabçıların əsas tələblərindən biri də xarici dövlətlərin qoşunlarının ölkə ərazisindən çıxarılması idi.
   Bu inqilabın da əsas mərkəzi Azərbaycan idi. Amma tələblərdən də göründüyü kimi milli azadlıq hərəkatı deyildi. Bunu əsaslandıran bir fakt da odur ki inqilabın aparıcısı olan ADP-nin bir çox sənədlərinin və Bakıda çıxan “Azərbaycan” qəzetinin “c” hərfinin içərisində “İranın ayrılmaz hissəsi” yazısı idi.
   İnqilabçıların fəaliyyətlərinin böyük hissəsi xarici dövlətlərin ölkəni işğal etməsinə qarşı idi. Bu səbəbdən demək olar ki, İranın bütün ərazisində tez-tez işğalçılara qarşı etiraz nümayişləri keçirilirdi. Bu nümayişlərin təşkilində ADP xüsusi rol oynayırdı. 1919-cu il avqustun 9-da İran hökuməti ilə İngiltərə arasında bağlanan və İranı iqtisadi və siyasi cəhətdən tam asılı vəyiyyətə salan saziş əhali arasında böyük etirazla qarşılandı. Bu etirazlar Təbrizdə daha kəskin şəkildə özünü göstərdi. Buna görə də Təbrizə ingilis qoşunları yeridildi. 1919-cu ilin oktyabrında ingilis qoşunları Təbrizi tutur. Lakin 1920-ci ildə qırmızı ordunun Azərbaycan Xalq Cümhuriyyətini işğal edərək İranın sərhədinə çatması İran inqilabçılarının o cümlədən Azərbaycan inqilabçılarının yenidən fəaliyyətə başlamasına səbəb oldu.
   1920-ci ilin 7 aprelində Təbriz inqilabçıları Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında silahlı üsyana başladı. Üsyan rəhbərlərinin aprelin 9-da yaydıqları bəyanatında belə üsyanın əsas hədəfləri Konustitusiyanın işlək vəziyyətə gətirilməsi və İranda ağalıq edən ingilislərə qarşı mübarizə idi.
   Düzdü başda Xiyabani olmaqla üsyançılar Azərbaycanının adını dəyişərək Azadistan qoymuşdular. Buna səbəb ADR-ə qarşı mənfi münasibət və bu zaman Təbrizdə olan Bakı komitəsinin nümayəndələrinin mövqeyi idi. Azadistanı müstəqilliyə cəhd kimi dəyərləndirmək olmaz. Çünki inqilabın rəhbəri Xiyabani tez tez çıxışlarında “Təbriz İrana nicat verəcəkdir” deyirdi. Bunu inqilabın gedişatı da təstiqlədi.
   Bu inqilabında əsas dəstəkçisi Bakı komitəsi idi. Bakı komitəsi bu inqilabda da maliyyə və silah yarıdmı ilə iştirak edirdi.
   İngilislər isə inqilaba qarşı ermənilərdən və kürdlərdən istifadə edirdilər. Silahlandırılan ermənilər və kürdlər Azərbaycan kənd və şəhərlərinə basqınlar edir, kütləvi qırğınlar törədirdilər. Üsyançılar tərəfindən məğlub edildikdən sonra pərən-pərən düşən erməni və kürd dəstələri qırğını dayandırdılar.
   İnqilabın yatırılmasına çalışan İngiltərə İran hökumətilə birlikdə hərəkət edirdi. Bir neçə uğursuz cəhddən sonra 1920-ci il sentyabrın 14-də birləşmiş qoşunlar Təbrizi işğal edərək, üsyanı yatırdılar.

21 Azər hərəkatı
   II Dünya müharibəsinin bitməsindən sonra İran höküməti Rusiya, İngiltərə və Amerikadan qoşunlarının çıxarılmasını istədi. Amma Rusiyanın planları başqa idi.
   10 iyun 1945-ci ildə Stalin İranın şimalında - Cənubi Azərbaycanda sovet sənaye müəssisələrinin təşkili haqqında gizli qərar verdi. Qərara əsasən Təbrizdə və digər şəhərlərdə sovet müəssisələrinin şöbələrinin yaradılması nəzərdə tutulurdu. 21 iyun 1945-ci ildə Stalin İranın şimalında neftlə bağlı geopolitik araşdırma işləri haqqında müdafiə komitəsinin 9168 saylı qərarını imzalayır.
   Bundan əlavə Cənubi Azərbaycanda parçalama hərəkətlərinin təşkili haqqında gizli qərar verilir. Cənubi Azərbaycanda bu hərəkata liderlik etmək üçün Azərbaycan Demokrat Partiyasının yaradılması planlaşdırılır. Başqa bir qərarda Azərbaycan SSR-nin İranla mədəni əlaqələr cəmiyyətinin qurulması, Təbrizdə “Sovet Azərbaycanı Dostları” cəmiyyətinin təsisi, Azərbaycanın bütün vilayətlərində və Gilanda bu cəmiyyətin şöbələri fəaliyyət göstərməli idi. Bir çox belə qərarlar inqilabın yetişdirilməsini sürətləndirmək, Azərbaycanı İrandan ayıraraq SSRİ-yə birləşdirmək məqsədi güdürdü.
   Bu qərarları həyata keçirmək üçün bir neçə ziyalı gizli şəkildə Bakıya gətirilir. Bakıda Bağırov onlarla görüşür və ADP-yə Pişəvərinin rəhbərlik etməsi qərarlaşdırılır. Bu görüşdə Pişəvəri Bağırovun təkidi qarşısında demişdi: “İndi bizi qızışdıran ruslar lazım gəldikdə bizə kömək etməyəcəklər. Bizi meydanda tək qoyub kənara çəkiləcəklər”.
Bütün bu qərarların nəticəsi olaraq 1945-ci il 3 sentaybrda Pişəvərinin rəhbərliyi ilə ADP qurulur. 7 sentyabrda İran Xalq Partiyasının Azərbaycan şöbəsi ADP-yə birləşir. 20-21noyabrda çağrılan xalq konqresi özünü Qurucu Məclis elan edir, o da milli heyəti seçir. Qurucu Məclis şaha göndərdiyi bəyannamədə İran dövləti daxilində milli muxtariyyət verilməsini tələb etmişdi. 12 dekabr 1945-ci ildə  məclisin açıldığı gün Azərbaycan muxtaruyyəti qurulur.
   Bu inqilaba qarşı da ingilislər və amerikalılar, erməniləri, bəzi kürd əşirətlərini silahlandıraraq Azərbaycan inqilabçılarına qarşı qaldırırlar. Onlar kəndlərə hücum edir, qırğınlar törədirdilər. Amma bu nəticə vermədi.
   İnqilabın yüksəlməsində və muxtariyyətin qurulmasında iştirak edən SSRİ onu neft görə satdı. 4 aprel 1946-cı ildə bağlanan sazişdə Şimali İrandakı neft yataqlarının işlənməsinin qarşılığında SSRİ Cənubi Azərbaycan məsələsinin İranın daxili işi olduğunu qəbul etdi və öz qoşunlarını İran ərazisindən çıxardı. Hətta inqilabçılara verdiyi silahları da geri tələb etdi. Bundan sonra zəifləyən inqilabçılar muxatiryyətin elan edildiyi gün - 12 dekabrda Təbrizi müdafiə edə bilmədilər və hökumət qoşunları Təbrizə daxil oldu. Bununla da 21 Azər hərəkatı məğlub oldu.
   SSRİ-nin inqilabçıları satmasının əsas səbəbi neft olsa da, bir səbəb də Pişəvərinin çıxışlarında bütün İran uğrunda mübarizə apardıqlarını, bütün İranda itirilmiş hakimiyyəti geri qaytarmaq istədiklərini bildirməyi idi. Bununla da Pişəvəri ona verilən təlimatı pozmuşdu.

İran İslam İnqilabı
   İran İslam İnqilabının da əsas qüvvəsini Azərbaycan Türkləri təşkil edirdi. Musa Xiyabani, Şəriəti Mədari kimi xadimlər inqilabın öndərlərindən idi. Lakin Ruhullah Musəvi Xomeyni bütün liderləri aldadaraq rəhbər oldu. İnqilab qələbə çaldıqdan sonra bütün liderləri məhv etdi.
   Respublika qurulduqdan sonra Cavad Heyət ilk dəfə olaraq Türk dilində “Varlıq” dərgisini nəşr etdirdi. Bundan sonra Türk dilində nəşr edilən dərgilərin sayı getdikcə artdı. 80-ci illərin sonunda artıq Türk dilində nəşr olunan qəzet və jurnalların sayı 200-ə yaxın idi. Bu isə Azərbaycan Türklərinə öz dillərində oxumaq imkanı yaradırdı. Nəticədə hakimiyyətə nəzarət edən fars şovinistlərini qorxudurdu. Məhz ona görə 90-cı illərin əvvəllərindən etibarən ETTELAT mədəni hərəkata milli azadlıq görkəmi verməklə boğdu. 1996-cı ildə İrana girməyə çalışan Amerikanı bu məsələ maraqlandırmağa başladı. Bu tarixdən Cənubi Azərbaycan problemi beynəlxalq müstəviyə çıxarıldı. Amerika bu məsələ ilə bağlı bir çox işlər gördü. O işlərin bir istiqaməti isə Azərbaycan Respublikasında Cənubi Azərbaycan problemi ilə məşğul olan təşkilatların yaradılması idi.
   Əslində isə Amerikanın planı heç də Azərbaycanın müstəqilliyi deyil. Amerikanın əsl planı İranı işğal etmək mümkünsə bötövlükdə özünə tabe edərək enerji yataqlarına sahib olmaqdır. Bu mümkün olmasa İranı parçalayaraq, əzəli Azərbaycan torpaqlarında Kürdüstan yaradaraq yeni bir müharibə ocağını alovlandırmaqdır. “Parçala hökm et” prinsipinə sadiq qalan Amerika məhz bu səbəbdən Azərbaycan məsələsini daim diqqətdə saxlayır. Bununla belə “B” planınna da hazırlıq görür. Qədim Azərbaycan torpaqları sürətlə kürdləşdirilir.
   Türkün olan, amma hakimiyyətini itirdiyimiz İranın hər iki halda məhvi Azərbaycan Türklərinə heç də müstəqillik, xoş gün gətirməyəcək. İran indiki İraqın taleyini yaşayacaq. Azərbaycan Türkləri Kərkük Türklərinin yaşadıqlarını unutmamalıdırlar. İran Türkləri o zaman qələbə çala bilər ki, İranda konstitusion hüquqlar uğrunda mübarizə apararaq Türk dilində təhsilin həyata keçirilməsinə nail ola bilsinlər. Bu zaman İran parçalanmadan Türkləşər, 86 ildir itirdikləri hakimiyyəti geri qaytararlar.

Bu yazı 1238 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :