-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qaqauz ədibi Nikolay Babaoğlu
Şiriftin ölçüsünü dəyiş

Ehtiram Əmirxanlı
Elmi Araşdırmalar Assosiasiyasının prezidenti
(Gürcüstan, Marneuli)

   Moldova Respublikasında yaşayan Qaqauz Türklərinin şanlı tarixi var. Böyük Türk köçlərində iştirak edən bu xalqın etnogenezini daha çox qıpçaqlar formalaşdırmışlar. İndiki Şərqi Slavyan coğrafi arealında məskunlaşdığı üçündür ki, onların çağdaş dilində qədim Türk sözləri ilə yanaşı, Şərqi Slavyan dil ünsürləri də aydın görünür. Qaqauzların dini xristiandır. Tarixdə, eləcə də bu gün xristian Türkləri kimi tanınan qaqauzlarda da sovetlərin çökməsi zamanı milli duyğular baş qaldırdı. Nəticə olaraq 1989-cu ildə qaqauzların tarixində ilk dəfə olaraq, ana dilli mətbuat orqanı olan «Ana sözü» qəzeti nəşr olunmağa başladı. O zaman mən orta məktəbin X sinifində təhsil alırdım. Bu məlumatı televiziya  verilişindən eşidən kimi sinif yoldaşlarımızla belə razılığa gəldik ki, qaqauzların tarixində ilk qəzet olan «Ana sözü»nə abunə yazılaq, az da olsa bu qəzetə dayaq duraq. Elə də oldu. İki il «Ana sözü» qəzetini Moldaviyadan Gürcüstana – bizim məktəbə göndərdilər.
   Bu qəzet vasitəsilə qaqauz xalqının folkloru, ədəbiyyatı, ictimai-siyasi problemləri və s. ilə tanış olduq. Qaqauz xalqına bir sevgi yarandı qəlbimizdə. Beləcə ümumtürk ailəsinə mənsub olan qaqauz ədəbiyyatı haqqında bilgilərimiz formalaşdı, qaqauz ədəbiyyatının bir sıra görkəmli nümayəndələri, o cümlədən Nikolay Babaoğlunun yaradıcılığı haqqında geniş məlumata sahib olduq.
   Qaqauz ədəbiyyatının klassiki, görkəmli yazıçı, şair, folklorçu N. Babaoğlu Sovet dövrünün qaqauz ədəbi-mənəvi mühitinin ən böyük nümayəndəsidir. O, 1928-ci il may ayının 2-də Moldaviya Respublikasının Taraklı rayonunun Tatar-Kıpçak kəndində dünyaya gəlib. N. Babaoğlunun nəsli  qədim qıpçaq soykökünə dayanan Kazançılardandır. Onun atası İqnat Pateley yazıb-oxumağı bilməsə də, doğma qaqauz dilindən başqa, bolqar, italyan və rus dillərində sərbəst danışırdı. Anası Fedora da  təhsil almamasına baxmayaraq, qaqauz folklorunu, manilərini dərindən bilirdi. N. Babaoğlu ailənin beş övladından böyüyü idi. Atası ona təhsil vermək üçün 1940-cı ildə doğulduğu bölgədə – Kıpçakdakı  ibtidai məktəbə gətirir. Bir il burada oxuduqdan sonra, növbəti il onu İsmayıl qəsəbəsindəki kilsə məktəbinə verirlər. O, bu məktəbi bitirdikdən sonra, 16 yaşında Kıpçakdakı ibtidai məktəbə müəllim təyin olunur. Sonralar Kahul pedaqoji məktəbini, habelə Kişinyov Dövlət Universitetini bitirən N. Babaoğlu II Dünya müharibəsinin ağır illərində pedaqoji fəaliyyət ilə məşğul olmuşdur. Onun əsərlərində, pyeslərində müharibə dövründə qaqauz xalqının üzləşdiyi çətinliklər öz bədii əksini tapmışdır. O illəri xatırlayan N. Babaoğlu yazırdı: «Həmin illər çox dəhşətli idi. Məktəbi açanda 36 şagird qəbul etmişdim. 1947-ci ilin may ayında sinifdə 4 uşaq qaldı. Bir il ərzində gözlərim önündə 32 uşaq aclıqdan dünyasını dəyişdi». Bu hadisələr N. Babaoğlunun «Bir öykümüz var» əsərində cərayan edir.
   Məktəbdə müəllim, direktor, sonralar isə Moldaviya Təhsil Nazirinin müavini vəzifəsinə yüksələn N. Babaoğlu dövlət idarələrində işləməsinə baxmayaraq, qaqauz dili, ədəbiyyatı, ədəbi-mənəvi mühiti, qaqauz dilinin tədris metodikası, qrammatikasının xüsusiyyətləri ilə bağlı əsərlər yazmışdır. Beləcə o, xalqın sevimli ustadına çevrilmişdir. Dövlət tərəfindən təşkil edilmiş qaqauz dilindəki ədəbiyyatın məsləhətçisi kimi şərəfli vəzifədə çalışarkən mənsub olduğu qaqauz Türklərinin dili, ədəbiyyatı ilə bağlı vacib məsələləri araşdırmış, milli-mənəvi dəyərləri, eləcə də qaqauz dilinin çağdaş inkişafındakı problemləri dərindən tədqiq etmişdir. Bu ona görə vacib idi ki, xalqın doğma dilində mətbuat orqanı yox idi. Qaqauz dilinin tarixi inkişafı və perspektiv yollarının araşdırılması ilə bağlı mükəmməl tədqiqat işləri və eləcə də bədii əsərlər nəşr olunmamışdı. Ortada olan boşluğu qaqauz yazarları, o cümlədən N. Babaoğlu doldurmalı idi. Belə bir zamanda Babaoğlunun böyük əməyi nəticəsində qaqauz ədəbi və mənəvi məkanına yeni ədiblər, yazarlar gəlməyə başladı: Todur Zanet, Petre Yalançı, Mariya Kuyumçu və başqaları  ədəbi prosesdə yaxından iştirak edir, yeni-yeni əsərlər meydana gəlirdi.
   XX əsrin ikinci yarısında belə əsərlərdən biri, qaqauz xalqının minillik tarixinin məhsulu olan «Qaqauz folkloru» kitabı işıq üzü gördü. 1969-cu ildə çap olunmuş  N. Babaoğlunun zəhmətinin məhsulu olan bu kitabda qaqauz folklorunun ən gözəl nümunələri toplanmışdı. 1974-cü ildə «Leqendanın izi», 1981-ci ildə «Bucaq ecelleri», 1986-cı ildə «Karanfillar açdılar yenidan» (1986-cı ildə bu kitab rus dilində nəşr olunub: «Qvozdiki rasçveli vnov») kitabları artıq N. Babaoğlunu qaqauz, eləcə də rus ədəbi mühitində tanıtdırdı.
   Onu narahat edən ən mühüm məsələlərdən biri də, Qaqauz dili məsələsi idi. Bunun üçün o, 1961-ci ildən başlayaraq Qaqauz dilinin tədrisi üçün kitablar yazmağa başlayır. Qaqauz dilinin sintaksisi, morfologiyası, habelə lüğət ilə bağlı kitabları o dövr Qaqauz dilçiliyinin nizama düzülməsi yolunda ilk addımlar idi: «Qaqauz dili VII-VIII» (1962), «Literatura okumakları» (1988), «Qaqauz dili-sintaksis IX-X» (1988), «Qaqauz dili IX-X», «Qaqauzca-rusca və rusca-qaqauzca sözlük» (1993), «İlk okuma kitabı, alfabe» (1994), «Qaqauz literaturası VIII-IX» (1997), «Qaqauz qrammatikası» (1999) N. Babaoğlunu dil məsələsində yazıb xalqına verdiyi dəyərli əsərlərdir. O, uşaq baxçalarında Qaqauz dilinin öyrənilməsinə də böyük diqqət yetirmiş, bu məqsədlə «Literatura sabalıkları uşaq baxçalarında» əsərini də yazmışdır.
Görkəmli ədib eyni zamanda tərcümə ilə məşğul olmuşdur. Rus ədəbiyyatından A. Puşkin, K. Çukovski, S. Marşak, A. Barto, eləcə də moldavan ədəbiyyatından M. Eminesko, İ. Krank,  S. Vançeli kimi məşhur şair və yazıçıların əsərlərini Qaqauz dilinə çevirmişdir.
   Onun yaradıcılığında publisistik əsərlər də geniş yer tutur. Milli oyanış zamanı o, publisistik əsərləri ilə xalqın üzləşdiyi sosial-siyasi durum, milli-mənəvi dəyərlər, azadlıq mücadiləsi hərtərəfli təhlil olunur. «Bir halkın tragediyası»,  «Qaqauz eri qaqauz dilsiz», «Latın qrafikasına yolumuz», «Yazımız-üzümüz» kimi yazılarında onun daxili aləmi, xalqına dərin məhəbbətinin şahidi oluruq. 2000-ci ildə toplu halında həmin publisistik əsərlər «Publisistik yazılarında», 2003-cü ildə isə «Cüz çiçekler», «Qaqauzların kadiri» povesti nəşr edildi.
   N. Babaoğlunun yaradıcılığını ensiklopedik yaradıcılıq adlandırmaq olar. Tarix, ədəbiyyat, folklor, etnoqrafiya, publisistika, qrammatika kimi sahələrdə əsərlər ərsəyə gətirən bu qələm sahibi doğrudan da xalqının tərəqqisi naminə, onun milli-mənəvi-elmi mühitinin ucalması naminə yorulmadan çalışmışdır. Bu əzab-əziyyətlər yalnız bir amala xidmət edirdi: dünyada Qaqauz Türklərinin yeri, imzası görünsün.

Bu yazı 1065 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :