-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Musa Cərulla Biqievin kitabları haqqında
Şiriftin ölçüsünü dəyiş

Mətanət Şəkixanova
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı

   Tatar “ilahiyyatı məktəbi”nin çox əsrlik tarixi vardır. Türk məfkurə tarixinin işiqlı simalarının bir çoxu (İsmayıl bəy Kaspiralı, Musa Cərullah Biqiev, Utız İmyan Bulqari, Əbu Nəsr Kürsəvi, Zinətulla Əhsən, Məhəmməd İsaki və b.,) elə məhz bu məktəbin yetirmələridirlər...
   Tatar düşüncə tarixinin və bu tarixin yaradıcıları olan   ziyalıların yaradıcılığının lazımi səviyyədə öyrənilib incələnmədiyi qeyd edilir. Müasir  tədqiqatlarda tatar aydınları bunu ilk növbədə obyektiv səbəblə əlaqələndirirlər. İkinci səbəb isə   Kazan xanlığının rus dövlətinə birləşməsi ilə əlaqədar  tatar düşüncəsini əks etdirən yazılı mənbələrin  itməsi ilə bağlıdır. Yeri gəlmişkən qeyd edək bu səbəbləri, eləcə də Azərbaycan məfkurə tarixini yaratmış bir çox dəyərli insanların irsinin tədqiqi və günümüzə çatdırılmalı olmasının vacibliyi haqqında da söyləmək olar.
   Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində  humanitar elmlər yeni metodologiya üzrə fəaliyyət göstərdikləri üçün materialist istiqamətə üz tutanlar insanların mənəvi  həyatında ilahiyyatın rolunu heçə endirirdilər. Bununla bərabər dini düşüncə tərzinin cəmiyyətin aparıcı dünyagörüş forması olması, bu dünyagörüşün mədəniyyəti zənginləşdirməsinin təkzib edilməz olduğu  yenidən gündəmə gətirildi.  XXI-ci əsrin insanı hər nə qədər elmin, texnikanın inkişaf etdiyi dövrdə yaşasa da, o dinin, insanın mənəvi simasının formalaşmasındakı rolunu təkzib edə bilməz.
   XIX-cu əsrin sonu,  XX-ci əsrin əvvəlləri dünyanın tarix səhnəsində kifayət qədər, təbəddülatlı və özündə incə siyasi maraqları əhatə edən dövrü  idi. Təmizlər, munislər, vətənpərvərlər demək olar ki həmişə əzəli insani ideallara sadiq qalırlar.  
   XIX əsrin sonu XX əsrin əvvələrində yaşamış belə təəssübkeşlərdən və təfəkkür sahiblərindən biri də bu dövrdə İslam  adına mücadilələr vermiş böyük Türk oğlu, M. C. Biqiyev idi. Tatar islahatçıları içərisində  Musa Bigiyevin yaradıcılığı özünəməxsusluğu ilə seçilir. Belə ki, Biqiyevin “İslam millətlərinə” əsəri onun yaradıcılığının çox maraqlı bir mərhələsinin məhsuludur. Əsər hələ müəllifin sağlığında (onun sosialist Rusiyasında yaşadığı dövrdə) xaricdə nəşr olunmuşdur. Tədqiqatçılar bu kitabın çox dəyərli bir mənbə olduğunu söyləməklə, kitabın müəllif   və İslam biliciləri tərəfindən  “İslamın əlifbası” adlandırıldığını qeyd edirlər. Müəllif əsəri 1920-ci ildə yazıb başa çatdırıb və bu kitab Preobrajenski və Krestinskinin iştirakı ilə, görkəmli bolşevik lideri Buxarin tərəfindən yazılmış “Kommunizmin əlifbası” əsərinə tutarlı cavab kimi səslənir. Kitab özlüyündə İslamın siyasi manifesti, yaxud “İslam konstitusiyası” missiyasını yerinə yetirirdi. Kitabda əks olunan 236 məqalədə İslamın uyğun qanun-qaydalarına, eləcə də müasir (zamanı üçün) müsəlman (həm Rusiya daxilində həm də xaricdə) həyat tərzinə keçmək barəsində məlumat verilir. Əsərdə Biqiyev müsəlman cəmiyyətinin qurulmasının əsas momentlərinə; müsəlman diplomatiyası və xarici siyasətə, müsəlman qadınlarının hüququ və s. fərqli baxış nümayiş etdirmişdir.
   Sovet rejimindən   bütün xalqları və millətləri simasızlaşdırıb, bir rəngə, bir biçimə salmaq üçün istifadə edilib. Odur ki, bu dönəmdə millətlər simasızlaşır, mədəniyyətlər çeynənir, ali olanlar adiləşirdi. Bir tərəfdən isə Allahsızlıq ideyası  sovet adamının ağlına hakim kəsilməli idi. Elə buna görə də “İslamın əlifbası” kitabını ağır talenin gözlədiyi təəccüblü deyil. Bu kitabın ilk tezisləri 1920-ci  ildə Biqiyev tərəfindən 16-18 sentyabrda Ufada keçirilən müsəlman üləmalarının qurultayında, daha sonralar isə bu qəbildən olan başqa tədbirlərdə oxundu. Kitabın nüsxələri çap olunmaq üçün qurultay iştirakçıları tərəfindən Türküstana, Qaşqara, Əfqanıstana və Türkiyəyə göndərilmişdir.  
   Tatar ilahiyyatı antologiyasından oxuyuruq ki, Musa Cərullah Biqiyev, bu kitabının çapından toplanan vəsaiti atasız-anasız Türk uşaqlarının (valideyinləri dünya müharibəsində ölən) nəfinə xərcləmişdir.
   Musa Biqiyevin bu kitabı o zaman yazıldı ki, elə o vaxtlar, müəllif Sovet dövlətinin rəhbərliyi ilə əməkdaşlıq etmək üçün (bu birlikdə yaşayan  müsəlmanları düşünürək-Ş.M)  vasitələr axtarırdı. Musa Bigiyev Sovet liderlərinin yüksək pafosla verdikləri çoxlu vədlərin  səmimiyyətinə də inanmamış deyildi. Odur ki Zinovyevə müraciət edərək sovet Rusiyasında yaşayan müsəlmanların yaşayışını, keçimini müzakirə etməyə icazə istəmişdi. Zinovyev tərəfindən qəbul edilməsə də o, sonralar Petroqradda təqibə məruz qalmamasının səbəbini məhz Zinovyevə minnətdar olmaqla anırdı. Belə bir məlumat vardır ki, Biqiyev şəxsən V. İ.  Leninlə də görüşübmüş.
   “Müsəlman millətlərinə” əsərinin girişində müəllif kommunizmin qurucusu Karl Marksı və onun kommunizm ideologiyasını kəskin tənqid edərək, özünün alternativ fikirlərini sərgiləyə bilmişdir. Bu fikirləri o, müsəlman qurultaylarında da nümayişkəranə çıxışları ilə vurğulamışdır. Məhz  buna görə də  Biqiyev hələ kitab işıq üzü görməmiş siyasi təqiblərə məruz qaldı. 1921-ci ildə isə o, Daşkənd  Fövqəladə Komisiyası tərəfindən həbs olunur.         
   Bu səbəbdən də müəllifin bu əsəri 1923-cü ilədək çap olunmamış qaldı. Biqiyev  “İslam əlifbası”nı və eləcə də digər əsərlərini çap etdirmək üçün qardaş Türkiyəyə müraciət etmiş, lakin Rusiya ilə aralarında bağlanmış olan sülh müqaviləsinə əsasən  ona bu təmənnanın mümkün olmayacağını söyləmişlər. O zaman Biqiyev bu lazımlı əsərini Finlandiyaya, orada yaşayan Helsinki məscidinin imamı əslən Kazanlı Vəli Əhməd Hakimə göndərmişdir. Bu imamla  onu möhkəm dostluq telləri bağlayırdı. Vəli Əhməd Hakim kitaba  bir neçə cümlə giriş sözü yazaraq Helsinkidə çap etdirmişdir.  Kazan torpağının digər yetirmələri  Cəmaləddinov və Zinətulla  Əhsən messanantlıq edərək malliyə yükünü öz üzərlərinə götürmüşlər. Kitabın əlyazması tatar siyasi  mühaciri Məhəmməd Həyyaz İsakinin (1878-1954) əlinə keçir. Berlində yaşayan İsaki Biqiyevi birlikdə işlədikləri müsəlman qurultaylarından, tədbirlərindən yaxşı tanıyırdı. İsaki kitabı yenidən redaktə etməklə özünün bəzi əlvələrini də  (müəlliflə razılaşmadan) yazır. Elə o formada da kitab  1923-cü ildə 5000 nüsxə ilə işıq üzü görür.  Bu nüsxələrdən təxminən 2000 ədədini Biqiyev SSRİ-da yaşayan müsəlmanlar arasında paylamış, qalan  hissənini isə Moskvadakı Türkiyə səfirliyinin vasitəsi ilə Türkiyəyə satışa göndərmişdir.
   17 noyabr 1923-cü ildə kitabın çapından həmən sonra onu həbs edib, Peterburqdan Moskvaya Lübyankadakı mərkəzi həbsxanaya göndərirlər. Bolşevizmin kəskin düşmənlərindən biri olan İsakinin kitaba ön söz yazması Biqiyevin həbsinin əsas səbəblərindən idi.
   Musa Biqiyev Türk xalqlarının xilasını  Türk dövlətinin cəsarətli addımlarında, fanatizmdən qurtuluşa can atmasında görür,   Türklərin müsəlmanlığı sivil bir surətdə şərh və təbliğ edəcəklərini inamla ifadə edirdi.  Biqiyevi həmçinin müsəlman aləminin bütün ağrı-acıları, o cümlədən müsəlman ölkələrinin geridə qalan iqtisadiyyatı, eləcə də Türkiyə iqtisadiyyatının xarici kapitaldan asılılığı narahat edirdi.
   XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış islahatçı ziyalılar kimi, Biqiyev də müasirləşən, yenidən qurulan dünyanın mənzərəsində həm dünyəvi, həm də dini ortamda qalib görmək istədiyi müsəlmanların problemləri və dərdləri ilə yaxından maraqlanır və bir çox ziyalılar kimi dindaş, vətəndaş yanğısı ilə mübarizə edirdi. O, bu yolda  həyatını belə itirməyi göz önünə alaraq, sovet dövlətinin müsəlman xalqlara, millətlərə göstərəcəyi xidmətin nədən ibarət olacağı intizarı ilə yaşayır və bu mənada o hadisələrə bir seyirçi kimi qala bilmirdi.
   Bütün müsəlman aləmində baş verən hadisələri izləyən və  müsəlman xalqlarına (xüsusən də Rusiyada yaşayan) ümumi bir rifah konsepsiyası hazırlayan Bigiyevin “Müsəlman millətlərinə” əsərindən müəyyən hissələrini tədqiqatımızın məqsədi kimi rus dilindən tərcümə edərək oxuculara təqdim etməyi lazımlı bildik.  
“Rəhimli və böyük Allahın adı ilə:
   ı. Bütün Rusiya müsəlmanları dili, ədəbiyyatı, dini, təbiyyəti, temperament və həyat mücadilələri ilə birləşən bir millətdir. - Millət tarixi, temperamenti, adətləri, dini ilə müştərək olan fərqlilikdir. Milləti qan birliyi, din birliyi və tarixi sosial vəziyyət fərqləndirir. Milləti fərqləndirən daha bir element mənəvi-əxlaqi keyfiyyət hesab edilə bilər. Bu keyfiyyət öz əhəmiyyətilə daha yüksəkdə dayanır, nəinki milli təbiət. Belə də olur ki, siyasətin və tərbiyənin təsiri ilə bəzən bir  böyük xalqı çox saylı “kiçik” xalqlara da  çevirirlər. Buna görə də biz ümumilikdə  “məqsəd və  məramlara” aydınlıq gətirmişik.
   2. Rusiyada yaşayan, müsəlmanların etiqat etdiyi  din İslamdır. Buna görə də İslam özünün əxlaqi, sosial, iqtisadi, dini-siyasi təlimləri ilə hər yerdə keçərli olan əsas və həyat tənzimləyicisi kimi Rusiya müsəlmanlarının birinci mənbəsidir.
   3. İnsanlıq (insan Ş.M.) nə qədər ki, yer üzündə bütün mükəlləfiyyətlərin, bütün qabiliyyətlərin, hüququn daşıyıcısıdır, Rusiya müsəlmanları da dünyadakı bütün müsəlmanlar,  dünya insanlarının haqlarını, hüquqlarını tanıyır və onlara öz şərəf və hüquqlarına hörmət edən kimi,  azaltmadan hörmət edir və özlərininki kimi qəbul edirlər. – Bu qanunlar, hansı ki, “onlar da haqq, hüquq   sahibidirlər, o şeylər ki, bizim onlara hüququmuz var və onların üzərinə o qoyulmuşdur, (mükəlləfiyyətlər Ş.M.) bizim də üzərimizə o qoyulmuşdur “hələ ki, sədaqətlidirlər onlar sizə, siz də onlara sədaqətli olun””. Bu ayələrdə qanun kimi səslənir və İslamda qarşılıqlı münasibətlərin əbədi əsasını təşkil etmışdir və etməkdədir.
   4. Rusiya müsəlmanları bütün Rüsiya və dünya xalqlarının, eləcə də bütün irqlərin, sosial qrupların və siniflərin hüquq bərabərliyinə, eləcə də hüquqlarının və vəzifələrinin bərpasına çağırır və bunu tələb edir.
   5. Dövlətin əsas qanunu hər bir xalqı bütün siyasi bərabərliklərlə, hüquqla,  dil, ədəbiyyat, təlim, təhsil, din kimi mənəvi  bərabərliklərlə də təmin etməlidir. Hər bir xalq tamamilə təmin edilmiş azadlıq, sərbəstlik, dilini, danışığını saxlamaq hüququ, məktəblər, ali dini müəssisələr yaratmaq və saxlamaq, eləcə də dil problemləri ilə, ədəbiyyat və incəsənət məsələləri ilə məşğul ola bilmək azadlığı ilə də təmin olunmalıdır.
   Dövlətin ən başlıca məsələsi və faydalı mükəlləfiyyəti insanların hüquqlarının, şəxsiyyətinin və şərəfinin hərtərəfli qorunub, saxlanıla bilməsidir.
   6. Müsəlmanlar İslam təliminə görə bütün insanların, bütün xalqların ləyaqət və hüquqlarının bərabər olduğunu qəbul edirlər. Rusiya müsəlmanları hər yerdə müsəlmanların birliyini, bütün münasibətlərdə başqa xalqlarla hüquq bərabərliyinə malik olduğunu və bunun təkzibedilməz və müqəddəs həqiqət olduğunu elan edir,  təsdiqləyirlər.
   7. Rusiyanın hazırkı müsəlman xalqları digər xalqlarla bütün sahələrdə (mədəni, ictimai, siyasi) tammamilə bərabər hüquqludurlar. Onların məişət tərzi isə həmişə və bütün münasibətlərdə İslam qanunlarına uyğundur. Heç yerdə və heç bir hüquqi münasibətdə məhdudlaşdırılmadan söhbət gedə bilməz.
   8. Hər bir xalq, eləcə də hər bir insan bildiyimiz kimi sosial, siyasi hüquqlardan müştərək şəkildə və ayrılıqda, bütövlükdə və tək-tək istifadə edir. Ayrıca hər bir insan və hər bir xalq bu hüquqlardan (dövlətin hüquq bərabərliyi siyasətindən-Ş.M.) istifadə etməyə layiqdir.
   9. Rusiya müsəlmanları dövlətin bütün hüquqlarına sahib olmuş, bütün mükəlləfiyyətləri yerinə yetirən, bərabər hüquqlu fərdləridirlər. Lazım gəldikdə onlar siyasi və ictimai tədbirlərdə hərtərəfli iştirak etmək hüququna malikdirlər.
   10. Dini mənsubiyyət, vicdan və hüquq yaradıcılığı həmişə və hər yerdə hər baxımdan azaddır.
   11. Dini mənsubiyyət və vicdan azadlığı təbliğ olunur, buna görə də bütün dinlər hörmətə layiqdir. Dini müqəddəslik və hüquqa hörmət ümumi haqqa aiddir.
   12. İstənilən aksiyalar dinin toxunulmazlığına və onun müqəddəs statusuna xələl gətirərsə, qətiyyətlə qarşısı alınmalıdır”.
   Simasını itirən millətlərin faciəsini açmaq,  totalitar kommunizmin iç üzünü göstərmək  üçun “İslamın əlifbası” və “İslam millətlərinə” əsərlərinin müəllifi Bigiyev, bu əsərləri o vaxt yazdı kı, o vaxtlar artıq yazarlar, filosoflar, ideoloqlar, siyasətçilər başqa abı hava ilə yaşayırdılar.
   Biqiyev XVI əsrin sonları, XVII əsrin əvvəllərindən başlayaraq, ta onun zamanına qədər davam edən, intibah fəlsəfəsi və yeni dövr fəlsəfəsinin ayrı-ayrı materialist cərəyanlarına qarşı özünün yeni islahatçı, əxlaqi, siyasi, fəlsəfi görüşlərini qoydu.
   İndi isə onun “Türkiyə Böyük millət Məclisinə Müraciət” əsərindən bir parçaya diqqət edək. “Əsrimizdə də İngiltərə iqtisadi qələbə çalıb, o Rusiyada, eləcə də Asiyada həlledici qüvvəyə malikdir, dənizdə və quruda rəqibi yoxdur, Sovet dövləti Şərqdə İngiltərə ilə təbliğat aparmağı artıq tamamilə kəsmişdi. Əksinə sovet dövləti Şərqdə elə İngiltərə kimi işğalçı siyasət yeridir. Bu həqiqətdir, reallıq bundan ibarətdir. Amma Siz, İslam bayrağı altında birləşən inqilabçı dövlətin şanlı qoşunu və təmiz millətin milli yığıncağının yönəticiləri kimi əvvəlki inam, enerji və səbrlə hərəkət etsəniz, Şərq Sizin olacaq. Türkistan müsəlmanları və Fərqanə döyüşçüləri Sizin ordularınızdır. Çin müsəlmanları Sizin çağırışınıza cavab verərək, Sizə tabe olacaqlar. Çin dövləti Sizin ən sədaqətli dostunuzdur, onlar da Qərb asılılığından qurtarmağa can atırlar.
   Əfqanıstan Sizin sədaqətli və bacarıqlı müttəfiqinizdir, İranın Sizin himayənizə ehtiyacı var. Hindistan özünün bərəkətli dövləti, gəncləri isə öz həyatlarıyla Sizə can atır. Əgər Siz Şərqdə ağıllı rəhbərlik edə bilsəniz, siyasətiniz İngiltərə siyasətindən də üstün olacaq və Siz Şərqə hakim olacaqsınız.
   Siz bu günkü vəziyyətə hakim ola bilsəniz, vəziyyət özü Sizin qələbənizi təmin edəcək.
   “Şərq xalqlarına!” sözü bolşeviklərin boş vədləridir . Onların vəhşilikləri, ingilislərdən asılılıq bütün bəşəriyyətdə proletariatın köləliyinə və təngə gəlməsinə səbəbdir. Odur ki, hər bir millətin, hər bir fərdin, hər bir məkanın belə azadlığa can atması hədsiz böyükdür, bu isə bu şəraitdə təbiidir.
   Şərqin bütün istismarçılardan azadlığı da Sizin əlinizdədir. Sizin qələbəniz isə Şərqin əlindədir. Əgər Siz rəhbərlik edə bilsəniz, bütün Türkiyə, bütün Şərq Sizin olacaqdır.
   Almaniya da  Sizin dostunuz hesab olunur. Belə olan halda (yuxarıda deyilənlər həyata keçərsə) o, Sizdən iqtisadi baxımdan dost olan ölkədən sizə ehtiyacı olan ölkəyə çevriləcəkdir. Digər Avropa ölkələri də həmçinin ya Sizinlə dost olacaq ya da Sizə ziyanlıq verə biləcək durumda olmayacaq. Dünya  evinin ən varlı məmləkəti olan Şərqdə işlənməyən və tarımar olan sərvətlər Şərq xalqlarını tamamilə təmin etməyə kafidir. Şərq özünün sərvətlərindən istifadə  edərək kənar qüvvə olmadan tədricən Amerika və Almaniyanın  mədəniyyətlərinin lazımlı hissəsindən istifadə edərək qalxacaqdır.
   Qloballaşan mədəniyyətdən azad olub özlüyünüzü saxlaya bilmək üçün Sizə Karl Marksın “ölçülərinə” müraciət etmək lazım deyil.
   Siz ey Türk İnqilabçı Dövləti! Şərq xalqlarına söykənərək  və İslam siyasətini əldə rəhbər tutaraq, bütün müsəlman dünyasını dünya mədəniyyətinə özünə məxsusluqla aparın! Bunu insanlığın ləyaqətini, azadlığını və hüquqlarını təmin edən İslam qanunlarını əldə rəhbər tutaraq ədalətli Türk ordularının vasitəsi ilə edin.
   Mədəniyyət səhifələrində İslamın qələmi ilə Siz yeni həyatın qanunlarını yazacaqsınız ! Bu yer kürəsinin yeni əxlaq, yeni xoşbəxtlik  səhifələri olacaqdır. Çünki müsəlman dünyasının yeni mənəvi, sosial çevrilişlərə  daha çox ehtiyacı vardır, nəinki inqilabi çevrilişlərə”.
   Sonra müəllif izah edir ki, ona görə də “İslamın əlifbası” kitabında yazdıqlarını bu yolu başlamağa bir mayak hesab edir. Müəllif ərsəyə gəlmiş bu kitabın daha bir məziyyətindən söhbət açaraq qeyd edir ki, “sünnilər və şiələr, vəhabilər və babilər , ortadoksallar və sufilər arasında fikir yekdilliyi və razılığın əmələ gəlməsi üçün bu kitabı mənimsəmək kifayətdir”. Bu saydığımız məsələlər haqqında az-çox bilən adam kitabdakı bəndləri mütləq qiymətləndirəcəkdir. İslam sivilizasiyası əsrlərdir ki digər sivilizasiyalarla yanaşı mövcud olmaqda davam edir. Bu sivilizasiya  onu yaradanların həyatlarının işıqlandırmasından, onların nümunəvi əxlaqını sərgiləməkdən tutmuş, İslam incəsənətini, memarlığını, elmini, fəlsəfəsini yaradanların hamısının zəhmətlərini, əqidə və inamlarını, bu yolda verdikləri qeyrət və mücadilələri əhatə edir.
   İslam sivilizasiyasiyasının nailiyyətlərini yaşadığı zamana uyğunlaşdırmaq  üçün zamanında mücadilə vermiş modernist islahatçı  Musa Cərullah Biqiyev haqqında tədqiqatlarımız  onun müasirlərinin də fəlsəfələrini incələməklə davam edəcək.
   Məqalənin ərsəyə gəlməsinə görə birinci növbədə şöbəmizdə hökm sürən dini fəlsəfi, mədəni mühitə, saf niyyətlərinə, məsləhətlərinə görə isə bərabərlərim, hörmətli alim dostlarım Aydın-Əlizadəyə, Elsevər Səmədova, Radif Mustafaya, gənc və bacarıqlı tədqiqatçı Yasəmən Qaraqoyunluya minnətdarlıq bildirirəm.

Bu yazı 684 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :