-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ermənilərin XX yüzilliyin I rübündə törətdikləri soyqırımlar
Şiriftin ölçüsünü dəyiş

Kərəm Məmmədov
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru

   XIX yüzilliyin ilk rübündə Rusiyanın Ön Asiyanın Türk sülaləri olan Qacar və Osmanlılarla müharibələri nəticəsində Şimali Azərbaycanın İrəvan, Gəncə, Qarabağ xanlıqlarına kütləvi surətdə 124 mindən çox erməni köçürülərək, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı. (Azərbaycan tarixi. IV c, Bakı, 2000, s.49). Rus müəllifi N. N. Şavrova 1911-ci ildə nəşr etdirdiyi əsərində göstərir ki, bu gün Cənubi Qafqazda, xüsusilə Şimali Azərbaycanda yaşayan 1.300.000 erməninin 1 milyonu yerli əhali olmayıb, Rusiyanın müstəmləkə siyasəti nəticəsində xaricdən buraya köçürüləndilər. (N. N. Şavrov. Novaya uqroza russkomu delu v Zakavkazye; predstoyaşaya rasprodaja Muqani inorodtsam. S.Peterburq, 1911, s.63-64). 1831-ci ildə Doğu Anadoludan köçürülən ermənilər və yunanlar Borçalının Barmaqsız (Zalqa) bölgəsinə və Tiflis şəhərinə yerləşdirildilər. (A. Xudobaşov  «Obozrenie Armenii. V qeoqrafiçeskom, istoriçeskom i literaturnom otnoşeniyax» Sankt Peterburq,1859. s.397). Həqiqətən də, XIX yüzilliyin əvvəllərindən çar Rusiyasının süngüsünün köməyilə Qafqaza yerləşdirilən ermənilər heç 50 il keçməmiş ərazilərinə köçürüldükləri, qoyunlarında nicat tapdıqları xalqların həm torpaqlarına, həm də mədəniyyətinə «yiyə» çıxmağa başladılar. Onların  Azərbaycan  əra-zilərindəki  xristian məbədlərinə «yiyə durmaları»  Qafqaz Albani-yası əhalisinin varisləri  müsəlman olduqlarına görə qismən prob-lemsiz ötüşdü. Bu müqavimətsizlikdən quduzlaşan, hələ 451-ci ildə Xalkedon kilsə məclisində kafir elan edilən erməni din xadimləri XX yüzilliyin sonlarında indi də gürcü kilsələrinə «yiyə durmaq» fikrinə düşdülər. Erməni yepiskopu Ter Vazgen Mirzəxanyan indiki Ermə-nistan ərazisindəki yüzlərlə xristian məbədlərinin, o cümlədən, Qıpçaqvəng kilsəsinin xristian türklərə mənsub olmaları faktına göz yumaraq, Tiflisdəki kilsələrdən birini Surb Noraşen, Axalkalakidəki kilsələrdən birini isə Surb Nişan adlandıraraq onun ermənilərə aid olmasını iddia edir.  
   Axalkalaki və Ninosminda bölgələri ermənilərin Gürcüstanda yığcam yaşadıqları yerdir və onlar buralarda əhalinin 96 faizini, etnik gürcülər isə cəmi 4 faizini təşkil edirlər. Elə ermənilərin bölgədə say çoxluğu təşkil etmələri də keçən əsrin 90-cı illərin əvvəllərindən bu tərəfə  ölkənin başağrısı olmaqda qalır. Lakin qeyd edək ki, bu bölgədə ermənilərin sayından söz gedəndə adətən faiz göstərilir, əhalinin sayı barədə rəqəm gətirilmir. Amma regionda 500 şagirdin oxuduğu 3 erməni məktəbi və 80 şagirdin oxuduğu 1 gürcü məktəbinin varlığı barədə söz gedirsə, bölgənin faktik olaraq "adamsızlaşdığını" təsəvvürə gətirmək olar.  Vaxtilə burada azı 100 min er-məninin yaşadığı iddia olunurdu.
   XX əsrin əvvəllərində çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda müstəqil federativ respublika yarandı. Gürcüstanın öz müs-təqilliyini elan etməsi nəticəsində 26 may 1918-ci ildə  bu qurum dağıldı. Bu hadisədən 2 gün sonra Azərbaycan da öz müstəqilliyini elan edərək tarixi torpaqlarının şimal-şərq hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Qafqazda tarix boyu dövlətçilik ənənəsi olmayan ermənilərin dövlət qurulmasında isə daha çox Osmanlı israrlı idi. Osmanlının Ermənistan adlı dövlət qurulmasında israrlı olması Avstriya-Macarıstanın Osmanlıdakı səfirinin belə heyrətinə səbəb olmuşdu. Batum konfransında İrəvanın paytaxt olaraq yenicə qurulmaqda olan Ermənistana paytaxt olaraq verilməsində məhz Osmanlı zabitləri Azərbaycan nümayəndə heyətinə təzyiq göstərmişdi.
   Ermənistan Respublikası yarandığı gündən qonşu ölkələrlə münaqişəyə başladı. Erməni hakim dairələrinin ilk təcavüz obyekti Gürcüstan Respublikası oldu. 1918-ci ilin payızında ermənilər Osmanlı hərbiçilərinin razılığı ilə İrəvan quberniyasının bir hissəsini də işğal etdilər. Bunun ardınca oktyabrın 18-də ermənilərin Tiflis quberniyasının Borçalı və Ahıska mahallarına müdaxiləsi başladı. (İz istorii armyano-qruzinskix vzaimootnooşeniy. 1918 qod: poqraniçnıy konflikt; pereqovorı; voyna; soqlaşenie.Tiflis, 1919.s.14). Gürcüstan tərəf ərazi münaqişəsində daha çox tarixi baxımdan haqlı olduğunu qeyd edir, ermənilər isə münaqişə ərazisində “əhalinin daha çox ermənilər yaşadıqlarından” milli müqəddaratı həll etmə şüarı ilə çıxış edərək, bu ermənilərin cəmi 80-90 il bundan əvvəl köçürüldüklərini həyasızcasına unudurdular.
   7 dekabr 1918-ci ildə gecə saat 4-də ermənilər heç bir müharibə elan etmədən Gürcüstan torpaqlarına soxuldular. Ermənistan ordusunun hücumuna azsaylı gürcü dəstələri tab gətirə bilmirdi. Tiflisdən ermənilərin qarşısını almaq üçün heç bir köməklik göstərilmirdi, çünki yerli hakimiyyət müharibənin başlanmasına heç bir vəchlə inanmaq istəmirdi. Ermənilər fürsətdən istifadə edərək müharibənin ilk günlərində dəmiryolunda yüzlərlə vaqonu, zirehli və buxar qatarlarını ələ keçirdilər, 100-dən artıq gürcü zabit və əsgərlərini əsir götürdülər.
   Gürcüstan hökuməti ancaq dekabrın 17-də səfərbərlik elan etdi və həmin gün parlamentin fövqəladə iclası keçirildi. İclasda N. Jordaniya dedi: «Baş verə biləcək o hadisə baş verdi…və bütün məsuliyyət Kaçaznyanın hökumətinin üzərinə düşür».
   Səfərbərlik elan edildikdən sonra gürcü ordusuna rəhbərlik Q. Mizinaşviliyə, ştab rəisliyi isə Q. Qvinitadzeyə həvalə  olundu. Dekabrın 18-də gürcü ordusu irimiqyaslı hücuma keçdi və erməni ordusu Bolnis-Xaçında ilk hücuma məruz qaldı.
   Dekabrın 28-də Şulaverdə həlledici döyüş oldu. Artıq erməni ordusu məğlubiyyətə məhkum olunmuşdu. Ermənilərin darmadağın edilmiş ordusu dəstələrə bölünərək döyüş meydanını qoyub qaçmaq məcburiyyətində qaldı. Artıq Yerevana doğru yol açıq qalmışdı və bu zaman ingilislərin hərbi missiyası Gürcüstana öz ordusunu Ermənistandan çıxarması tələbi ilə ultimatum verdi. 31 dekabr 1918-ci ildə gecə saat 12-də hərbi əməliyyatların aparılmasına son qoyuldu. Ermənilər bu döyüşlərdə məğlub oldular və onlar Gürcüstan ərazisindən çıxarılaraq öz torpaqlarına qovuldular. Bu müharibə zamanı vaxtilə Borçalıda məskunlaşmış almanlar, yunanlar və ruslar da ermənilər tərəfindən qırğınlara məruz qaldılar.  
   Ermənilərin iddia etdikləri Azərbaycan əraziləri isə daha geniş idi. Buraya Qazax, Gəncə, Şəmşəddil, Qarabağ, Zəngəzur və Naxçıvan qəzaları daxil idi. Osmanlı ordusunun fərari hərbi qulluqçusu olan Andronikin hərbi qüvvəsi Zəngəzura çəkilmiş və burada paytaxtı Gorus şəhəri olmaqla «erməni qubernatorluğu» yaratmışdı. 1918-ci ilin payızında  Osmanlı ordusunun azərbaycandan çəkilməsilə Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiasını açıq şəkildə bəyan edir, ortaya Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qoyurdu. Zəngəzurda yaranmış vəziyyətə nəzarət etmək üçün general Tomsonun tapşırığı ilə Gorusa gəlmiş ingilis nümayəndəliyi də bu ərazidə törədilən faciələrin qarşısını ala bilmirdi.
   1919-cu il yanvar ayının 15-də keçirilən Azərbaycan hökumətinin iclasında Qarabağdakı vəziyyət müzakirə edilərək Zəngəzur, Cəbrayıl və Cavanşir bölgələri də daxil olmaqla mərkəzi Şuşa şəhəri olan Qarabağ  general-qubernatorluğu yaradılması haqqında qərar qəbul edildi. Xosrov bəy Paşa bəy oğlu Sultanov əlahiddə səlahiy-yətlərə malik general-qubernator vəzifəsinə təyin edildi. Ona Qarabağda münaqişə törədən qüvvələri məhv etmək, bölgədə qayda-qanun yaratmaq və Azərbaycan hakimiyyətini həyata keçirmək tapşırığı verildi.
   General-qubernatorluğa öz hakimiyyət quruluşunu saxlamaq və 600 nəfərlik süvari dəstə təşkil etmək üçün bir aylıq xərçlərə 5 milyon manat vəsait ayrıldı. Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrov bəy Sultanovun general-qubernator təyin edilməsi Antanta  ölkələrinin komandanlığı tərəfindən bəyənilmişdi.
   Azərbaycan hökumətinin bu qərarını Ermənistan hökuməti özünün bir neçə əsassız etiraz notaları ilə qarşıladı. Andronik isə geniş ölçülü təcavüzkarlıq fəaliyyətinə başladı. Onun qüvvətlən-dirilmiş hərbi dəstəsi Gorusdan Şuşaya tərəf hərəkət etdi.
   Üç gün davam edən döyüşlərdə erməni  qüvvələri darmadağın edildi. Qarabağ general-qubernatorunun gördüyü ciddi tədbirlər nəticəsində Andronik Azərbaycan ərazisini tərk etməyə məcbur oldu, milli münaqişəni qızışdıran erməni millətçiləri Şuşadan qovulub çıxarıldı. Qarabağ ermənilərinin qurultaylarında onlar dəfələrlə Azərbaycan Demokratik Respublikasının tərkibində olmalarını rəsmən bildirsələr də Qarabağda ermənilərin təxribatları 1920-ci ilin martına qədər davam etmişdi. Noyabrın 28-də Tiflisdə Azərbaycan və Ermənistan nümayəndələrinin Zəngəzurda atəşkəs elan etməklə bağlı birgə bəyanatlarına baxmayaraq, 1920-ci ilin payızına qədər burada da ermənilər yerli əhaliyə qarşı qırğınlar törətməkdən əl çəkmirdilər. Ermənilərin Naxçıvanı işğal etmək cəhdləri də uğursuz oldu.
   Gürcüstan və Azərbaycanla apardığı müharibələrdən bir şey əldə edə bilməyən ermənilər bu dəfə Türkiyə torpaqlarına soxulmaq qərarına gəldilər. 1920-ci ilin yazında ABŞ və Antanta ölkələri tərəfindən qızışdırılan daşnak Ermənistanı Türkiyə ilə müharibəyə başladı. İyunun 9-da Naxçıvandan hərəkətə başlayan Kazım Qarabəkir paşanın başçılıq etdiyi Türkiyə ordusu erməniləri dalbadal ağır məğlubiyyətə uğratdılar. Hələ də ABŞ və Antantadan ümidlərini kəsməyən daşnaklar ermənilərin himayədarları olan rusların vasitəçilik təklifini rədd etdilər. Sentyabrın 29-da Sarıqamış, oktyabrın 30-da Qars erməni işğalından azad edildi. Noyabrın 7-də Gümrü Türkiyə qoşunlarının əlinə keçdi. Türk ordusunun İrəvan üzərinə irəliləməsindən təşvişə düşən daşnaklar təcili sülh danışıq-larına başladılar. Dekabrın 2-də imzalanmış Gümrü andlaşmasına görə Ermənistan faktiki olaraq müstəqilliyini itirirdi. Lakin  noyabrın 28-də bolşeviklərin Ermənistanda “sovet hakimiyyətini qurmaları” erməniləri nəinki bu məğlubiyyətdən qurtardı, əksinə Azərbaycan və Gürcüstan torpaqları hesabına “Ermənistan Sovet Sosialist Respublikası”nın yaradılmasına şərait yaratdı. 

Bu yazı 675 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :