-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ortaq Türk Dilinin yaradılması perspektivləri
Şiriftin ölçüsünü dəyiş

Fatima Dursunova
filologiya elmləri üzrə fəlsəfə doktoru


   Hələ 20-ci əsrin əvvəlində ulu öndər Mustafa Kamal Atatürk Sovet İttifaqında yaşayan türk xalqları ilə əlaqədar olaraq demişdir: "Bu gün Sovetlər Birliyi dostumuzdur; qonşumuzdur, müttəfiqimizdir. Bu dostluğa ehtiyacımız vardır. Lakin sabah nə olacağını kimsə bu gündən deyə bilməz. Eynilə Osmanlı İmperiyası  kimi, eynilə Avstriya-Macarıstan İmperiyası kimi parçalanıb dağıla bilər. Bu gün əlində möhkəm tutduğu millətlər ovuclarından qaça bilərlər. Dünya yeni bir tarazlığa çata bilər. Bax, o zaman Türkiyə nə edəcəyini yaxşı bilməlidir ...Bizim bu dostumuzun idarəsində dili bir, inancı bir, əsli bir qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü susub gözləmək deyil. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanır. Mənəvi körpüləri möhkəm tutaraq. Dil bir körpüdür ... İnanc bir körpüdür ... Tarix bir körpüdür ... Köklərimizə dönməliyik və hadisələrin böldüyü tariximizin içində bütünləşməliyik. Onların (xaricdəki türklərin) bizə yaxınlaşmasını gözləməməliyik. Bizim onlara yaxınlaşmağımız lazımdır ... ".
   Həmin dövrdə Qaspıralı İsmayıl Bəy Türk Dünyasının dildə birliyinin, fikirdə birliyinin, işdə birliyinin təmin edilməsi düşüncəsini irəli sürmüşdü. İllər boyunca bu ideyanın  reallaşması utopiya kimi görünürdü. Yaxın keçmişdə hamımızın şahid olduğumuz siyasi proseslər nəticəsində Şərq Bloku olaraq adlandırılan ölkələr müstəqil oldu. Sovetlər Birliyinin dağılmasından sonra on beş respublika, ayrı-ayrı müstəqil dövlət olaraq dünya siyasətində öz yerini tutdu. O dövrdən Türk Dünyasının dildə birliyinin, fikirdə birliyinin, işdə birliyinin təmin edilməsi üçün lazımi şərtlər yaranmağa başlamışdır.
   Yaşanan bu hadisələr Türk xalqları üçün yeni imkanlar yaratmışdır. Ölkələr arasında əlaqələr güclənmişdir. Türk dünyası müxtəlif səviyyələrdə ortaq qurumlar yaratmış mütəmadi olaraq toplantılar, qurultaylar keçirməyə başlamışdır.
   Bir biri ilə əlaqə yaratması yolunda çıxan ilk problemlərdən biri də dil problemi olmuşdur. İnsanların ən asan anlaşdıqları dil, təbii ki,  ana dilidir, lakin məlum oldu ki, məsələn  Qazax Türkcəsində və Türkiyə Türkcəsində danışan iki şəxs bir birini başa düşmür. Azərbaycan-Türkiyə münasibətləri istisna olmaqla, demək olar ki, bütün başqa Türk xalqları arasında ünsiyyət dili hələ də rus dili olaraq qalır. Hətta türk dilli ölkələrin zirvə toplantılarında çalışma dili rus dilidir.
   Baxmayaraq ki, dünyada İngilis dili qlobal dil kimi artıq öz yerini tutmuşdur, milyonlarla insanlara xidmət edən Çin, Ərəb, Fransız, İspan dilləri kimi regional dillər də var.  Geniş məkanda yaşayan türk xalqları üçün ortaq Türk dili regional dil kimi istifadə oluna bilər. Bu dilin mövcudluğunun Türk xalqları üçün böyük üstünlüklər verəcəyi şübhəsizdir.  
   Bu problemi ilk dəfə olaraq Türkiyə dilə gətirmiş və alternativ olaraq ortaq Türk dilinin yaradılması təklifini irəli sürmüşdür. Türk soylu xalqlar arasında ortaq əlifba, ortaq yazı dili, ünsiyyət dili yaradılması mövzusu daim gündəmə gətirilir. Bu gün bu fikir mümkün olmayan kimi görünə bilər, lakin bu məsələni qaldırmaqla buna nail olmaq üçün ilk addımımızı atmış oluruq.   
   Ortaq Türk dilinin qurulması üçün ilk şərtlərdən biri ortaq Türk əlifbasının yaradılmasıdır. 1993-cü ildə Ankarada altı Türk dövlətlərinin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənitan) nümayəndələrinin iştirakı ilə hazırlanmış ortaq Türk əlifbası geniş müzakirədən sonra qəbul edilmişdir. Ortaq Əlifbanın əsas məqsədi ondan ibarətdir ki,  milli əlifbalar yaradılanda bütün Türk dillərinin fonemləri əks etdirilsin. Bütün Türk ləhcələrindəki səsləri əks etdirə biləcək Ortaq Türk Əlifbası, bu hərflərdən ibarətdir:
   "A, b, c, ç, d, e, ä, f, g, ğ, h, x, ı, i, j, k, q, l, m, n, ñ, o, ö, p, r , s, ş, t, u, ü, v, w, y, z "
   Ortaq Türk Əlifbasının yaradılmasının əsas təşəbbüsçülərindən biri də  Azərbaycan türkoloqu akademik Afad Qurbanov olmuşdur. 1999-cu ildə A. Qurbanovun  müasir Türk dilçiliyinin əsas problemlərinə həsr olunmuş  "Ortaq Türk Ədəbi Dili" kitabı da ortaq Türk dilinin yaradılması yolunda daha bir addım olmuşdur.  

Ortaq Türk dili necə yaradılmalıdır?
   Türk Dil Qurumunun başçısı professor Şükri Haluq Akalına görə Türk ləhcələrindəki ortaq ünsürlər üzə-rində dayanmaq lazımdır. Bunlardan ilk növbədə Türk ləhcələrində olan ortaq sözlər nəzərə alınmalıdır. Türk soylu xalqların dilləri tədqiq olunduqdan sonra aydın olur ki, sözlərin çoxu eynidir. Türk xalqları arasında ortaq ünsiyyət dili bu ortaq sözlərə söykənərək qurulmalıdır. Sözlərin ləhcələrdə səs dəyişiklikləri ilə istifadə olunması da mənanın dərk olunmasına mane olmayacaq. Sözlərdə nə qədər böyük səs dəyişikliyi olursa olsun heca sayındakı bərabərlik, vurğu və sözün tembri mənanı çıxarmağa kömək edir. Sözlərin cümlə içərisindəki yeri də mətn məzmunundan mənanın çıxarılmasını daha da asanlaşdıracaq.
   Professor Şükri Haluq Akalın Türk xalqlarının ortaq söz varlığını ana xətləri ilə belə dəyərləndirir:
   Bəzi səs fərqləri istisna olmaqla fellərin haradasa hamısı ortaqdır. Uzun tarixi boyunca dilimizə xarici dillərdən ad, sifət, zərf, ədat növündən çox söz alınmışdır, ancaq xarici mənşəli fel dilimizdə çox azdır. Bu səbəblə fellərin çoxunun mənası asanca başa düşülür.
   Əvəzliklər hamısı eynidir. Yalnız birinci şəxs əvəzliyində / b / ~ / m / dəyişikliyi ola bilir. Ancaq, Türk Dünyasının bütün nümayəndələri benin mən mənasını verdiyini, mənin de ben mənasında istifadə edildiyini bilir. Əvəzliklərin təsrif edilməsində fərqliliklər vardır ki, onların mənasını da cümlənin məzmunundan çıxarmaq mümkündür.
   Saylar da ortaqdır. Bütün Türk xalqları eyni saylardan istifadə edir. Milyona qədər olan sayı adları da Türk mənşəlidir. Milyon, milyard kimi sayların  xarici mənşəli olmasına baxmayaraq bütün ləhcələrdə bu alınma sözlər istifadə olunur. Digər sözlərdə olduğu kimi saylarda da ləhcələrə görə bəzi səs dəyişmələri vardır. Bunlar da mətn məzmunundan rahatlıqla aydın ola bilən sözlərdir. Kim, nə, necə və s. sual sözləri də eynidir. Bəziləri ləhcələrin ümumi səs xüsusiyyətləri səbəbi ilə dəyişə bilər. Ancaq onlar da ünsiyyət zamanı rahat anlaşıla biləcək sözlərdir.
   Ağız, burun, qulaq, dil, diş, saç kimi orqan adları, rənglər – ağ, qara, qırmızı və sair rənglərin adları türk mənşəlidir. Bəzi ləhcələrdəki səs dəyişmələri də söz-lərin anlaşılmasına mane olmur. Coğrafiya adları da bütün ləhçələrdə demək olar ki, eynidir.
   Əslində Türkiyədə ortaq Türk dilinin yaradılması üçün zəmin hələ 20-ci əsrin əvvəlində hazırlanmaya başlamışdır. Türk dilçiləri o vaxtdan bu günə kimi bir çox ərəb və fars kəlmələrini Türk mənşəli sözlərlə əvəz etmişdirlər. Məsələn: təyyarə -uçaq, imkan – olanaq, nazirlik – bakanlık və s. Bu proses Türkiyədə hələ də davam edir. Azərbaycanda da son zamanlarda Türkiyədəki kimi planlı şəkildə olmasa da bu yöndə bəzi addımlar atılır. Məsələn,  “reaksiya” sözünün yerinə “təpgi”, “hadisə” yerinə “olay”, “istiqamət” yerinə “yön”, “ittifaq” yerinə “birlik” və s. əsl Türk sözləri artıq tez tez istifadə olunaraq dilimizdə öz yerini tutur. Lakin bu kimi dəyişiklik dilimizdə, demək olar ki,  başlı-başlına olur. Bu prosesi dövlət səviyyəsində tənzimləyən qurumun yaradılması dilimizdəki inkişaf proseslərin düzgün yöndə getməsini təmin edə bilər.       
   23-25 iyun 1993-cü ildə Daşkənddə keçirilən "Ortaq Türk dilinin yaradılması problemləri" beynəlxalq konfransda qazax alimi A. Jakipov belə bir fikirlə çıxış etdi: "Qədim Orxan-Yenisey yazıları bütün dünya tərəfindən tanınır. Biz bu dili əsas götürərək onu yeniləşdirib ortaq Türk dili və qədim Türk qrafikası əsasında yeni Türk əlifbası yarada bilərik". Jakıpovun bu fikri yeni deyil. Tanınmış şərqşünas V. V. Bartold 20-ci əsrin əvvəlində qədim Türk əlifbası haqqında onun digər əlifbalarla müqayisədə Türk  dilinə daha uyğun olduğunu deyirdi.
   Türkiyəli dilçilər isə bu günkü reallıqları nəzərə alaraq latın əlifbasının ortaq Türk dilinə daha uyğun olduğunu sübut edirlər. Azərbaycanın kiril əlifbasından imtina edərək latın əlifbasına keçməsi Azərbaycan alimlərinin də bu fikirdə olduğunu göstərir. Ortaq əlifbanın latın əlifbası əsasında qurulması Türk dilinin digər xalqlar üçün daha açıq olmasını təmin edə bilər.     
   Özbəkistanda yaradılan Ortatürk-Anatürk Dili İnstitutunun direktoru, professor Bəxtiyar Kərimov ortaq Türk dilinin yaradılmasında “ortalaşdırma” prinsipinə dayanaraq əksər Türk xalqlarında işlənən söz və ya qrammatik formalara üstünlük verilməsini təklif edir. Bəxtiyar Kərimovun başçılıq etdiyi İnstitut bu məsələ üzərində araşdırmalarını davam edir.  
   Digər özbək dilçisi Mirazim Xaydarov karluk və qıpçaq dillərinin bir birinə çox yaxın, oğuz dillərinin isə onlardan daha uzaq olduğunu qeyd edərək, ortaq türk dilinin iki qolda tətbiq olunmasını təklif edir.
   Ortaq Türk dilinin yaradılması prosesinə maneə olan bir amil daha var ki, o da Qazaxıstan, Qırğızıstan kimi ölkələrdə insanların ana dillərini bilməməlidir. Ona görə də, ortaq Türk dilindən öncə bu kimi ölkələrdə ana dillərinin öyrənilməsi və yayığın hala gəlməsi problemi çözülməlidir.    
   Azərbaycanın potensialını nəzərə alsaq, əminliklə deyə bilərik ki, Türk dilçiliyində çox aktual olan “ortaq türk dili” probleminin həlli üçün  Azərbaycan çox böyük töhfələr verə bilərlər. Ortaq Türk dilinin yaradılması isə qloballaşan dünyada qədim Türk mədəniyyətinə marağı artıra və hər  Türk ölkəsinin mövqeyini gücləndirə bilər.

Bu yazı 646 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :