-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Daşcığaz
Şiriftin ölçüsünü dəyiş

Aygün Həsənoğlu
yazıçı-dramaturq

   O, əvvəlcə meyitləri qaytarmaq istəyirdi.
   Yeri su basırdı. Güllələnmiş, top mərmilərindən parça-parça olmuş, boğulub atılmış milyonlarla meyit illərlə üst-üstə qalanıb iylənmiş, hər tərəfi zəhərləyəndən sonra şişib üzə çıxmışdı və bu üfunətli skletlərdən bezmiş Okean onları insanlara qaytarmaq istəyirdi, buna görə də itələyib sahilə çıxardı. Başı bir-birini soyub didməyə qarışmış adamlar bir də onda ayıldılar ki, şəhərləri üfunət və yolxucu xəstəliklər bürüyüb. Xəstəliyin mənbəyini aşkar edən kimi isə onları uzaqdan idarə olunan xüsusi maşınlarla (qurd basmış cəsədlərin çoxuna yaxınlaşmaq mümkün deyildi) təzədən sürüyüb suya atdılar və bir il müddətində Okeana yaxınlaşmağı, onun suyundan istifadə etməyi qadağan etdilər. Hələ bu azmış kimi cürbəcür kimyəvi maddələrlə suyu dərmanladılar. Bu o vaxt baş verdi ki, meyitləri sahilə atarkən yatağından çıxmış okean bir qədər gəzişməyi qərara alıb sahilətrafı ərazidə sakit-sakit ləpələnirdi. Təzəcə canını qurtardığı meyitlərin yenidən üstünə atıldığını, üstəlik acı dərmanlarla vücudunun yandırıldığını görəndə təhqir olunmuş Okean qəzəblənərək ayağa qalxdı. Elə ilk həmlədəcə o əcaib maşınlar və onları idarə edənlər suyun dibinə getdilər, sonra yatağını aşıb şəhərə doğru şütüyən sel bəndləri, sərhədləri aşıb keçərək kəndləri, şəhərləri, bu şəhərlərdə ucaldılmış yüzlərlə göydələnləri ağzına alıb apardı. Minlələ insanın qanı, canı bahasına yüksəlmiş qalalar, saraylar, mülklər, sivilizasiyanın ən gözəl sərvətləri suyun altında qalmışdı. Bir-birinə düşmən olan ölkələri, bu ölkələri bölən sərhədləri basıb yıxan, bununla da onları bir-birinə qatıb qarışdıran sel qarşısına çıxan hər şeyi uçurub dağıdırdı. Əllərini göyə qaldırıb allahdan mərhəmət diləyənlər elə əlləri göydəcə suya qərq olurdular. Məscid minarələri, kilsə zəngləri, məbəd heykəlləri qanun və din kitabları günahkar-günahkar suyun üzündə üzürdülər. Əsrlərlə gizi qalmış dəfinələr, mücrülər, neçə-neçə cinayətlərin, müharibələrin baisi olmuş qızıl və kağız pullar artıq kimsəyə lazım olmadıqlarını anlayırmış kimi müqavimətsiz aşağı enirdilər. Ömrü boyu düşmən olan adamlar suyun altına birlikdə çökür, xilas olmaq üçün saman çöpündən yapışırmış kimi bir-birlərindən yapışır, qucaqlaşırdılar. Doğmaların çoxu isə ora-bura çırpıldığından bir-birlərini itirmişdilər. Həbsxanalar, qəfəslər qüvvətli təkandan dağılmışdılar və ilk həmlədəcə su gözətçiləri içəri təpmişdi. Canını qurtarmaq ümidi ilə birtəhər özünü çölə atan məhkumlarsa dəmir barmaqlıqlardan çıxandan sonra azadlıqda açıq səmanın altındaca qudurmuş selin dişlərinə keçərək boğulmuşdular. Azğınlaşmış Okean bəşəriyyətin min illər boyu qazandığı maddi və mədəniyyət nümunələrini, texniki və mədəni kəşflərini, ixtiralarını bir an içində dibinə gömmüş, ölkələri, sərhədləri bir-birinə qatmışdı.
   ... Sel dünyanı özü bildiyi kimi nizama salmaq istəyirdi.
   O, ciyin-ciyinə vermiş quşqonmaz zirvələri, dağları gəmirə-gəmirə dağıdır, yerin sinəsinə sığal çəkə-çəkə gözə dəyən hər şeyi hamarlayaraq yox edirdi. Təpələr dağa, dağlar təpələrə çevrilmiş, sonra bərabərləşərək yuyula-yuyula itmişdilər.
   Yer başdan-başa suyun altında qaldı və yalnız o zaman sel dişinə keçirməyə bir şey tapmadığından nəhayət ki, dincəlmək fikrinə düşüb sakitləşərək asta-asta ləpələnməyə, əməllərinə baxıb qürrələnməyə başladı. Daha dağıdılası uçurulası heç nə qalmamışdı. Sel öz gücündən, qüdrətindən məmnun halda rahatlanmaq, bəlkə nə vaxtsa təzədən çoşmaq üçün geri çəkilməyə başladı və...
   Onu elə bu zaman gördü! Hamarlanmış, düppədüz olmuş Yerin sinəsində quzğun kimi hər şeyi paralayıb dağıdan, dünyanı tarımar edən Selin ayaqları altında onun gözünə xırda, adamların gözünə isə böyük görünən, birmərtəbəli ev hündürlükdə olan bir daş bütün baş verənləri saya salmırmış kimi məğrur və laqeyid tərzdə ətrafı süzürdü.
   Sel əvvəl heyrətləndi, dağlar, qayalar parçalayan zərbələri qarşısında tənha bir daşın necə duruş gətirə bildiyinə əvvəl təccübləndi, saymazyana bir tərpənişlə onu aparmaq istədi, olmadı. Yavaş-yavaş qəzəbləndi, qəzəbləndikcə də aramsız zərbələrlə daşı döyəclədi, hər tərəfdən coşa-coşa özünü ona çırpdı, itələdi, itələdi... daş tərpənmədi.
   Onda sel daşı daşla vurmağı qərara aldı, ətrafında nə qədər xırdalanmış daş-kəsək qalmışdısa, hamısını bir yerə topladı, fırladıb dəli bir nərilti ilə böyük daşa çırdı. Selin bütün zərbələrinə mətinliklə dözmüş Daş, qardaş zərbəsinə dözməyib şaqqıltı ilə çatladı, yarıldı. Sel dəli bir sevinclə daşın yarığına dolub rahatlandı, bircə hərəkətlə onu əlində atıb-tutacağına əmin halda arxayın-arxayın yarılmış köksünü yalamağa başladı. Və bu an heç vaxt, hətta yeri ağzına alıb aparanda belə duymadığı gizli bir həzz duydu, intim duyğuların təsiri altında özü də bilmədən daşı qucaqladı, həmin an hiss etdi ki, ona heyran olub... bu heyranlıqdan doğan məhəbbətlə daşın bşına fırlandı, oxşaya-oxşaya könlünü ələ almağa çalışdı, vücudunu ilıq və xoş, xoş olduğu qədər də yandırıcı bir hərarətin dolaşdığını duyub buxarlanmağa, buxarlana-buxarlana da aşağı çökməyə başladı. O, Daşdan utandı, heyranlıqdan doğan maraq və sevgi ilə Daşın ayaqlarına qədər düşdü. Daş indi ona yuxarıdan aşağı baxırdı. Onun soyuq və məğrur baxışlarında zərrə qədər də hərarət və istilik yoxdu. Sel utana-utana bu soyuq gözlərə baxanda birdən-birə öz gücsüzlüyünü anladı, asta-asta yatağına doğru çəkildi və...
   Onu da bu zaman gördü! Əl boyda köntöy, amma köntöy olduğu qədər də gözəl və balaca bir daş böyük Daşın altına pərçim olaraq dayağa çevrilib onu tərpənməyə qoymurdu.
   Sel gözlərinə inana bilmədi ki, o nəhəngi bu qədər zərbələr qarşısında məğrur və dözümlü edən, ona güc və qüvvət verən bu balaca daşcığazmış!
   Seli qısqanclıq bürüdü:
   -    O mənim olmalıdır! Mənim olmalıdır!!! – deyə pıcıldayaraq hiylə işlətməyi qərara aldı. Əvvəlcə daşcığazın həndəvərinə fırlandı, üzünə gülə-gülə, qamətini oxşaya-oxşaya altını qazıdı. İllərlə qaranlıqda qalan, ayaqları altında torpaqdan, başı üzərində soyuq bozluqdan başqa heç nə görməyən daşcığaz heç zaman duymadığı istilikdən, qızmış suyun hərarətindən xoşallandı, xumarlandı, xəyallandı. Sel qanlı əlləri ilə daşcığazın köksünə minbir naxış vurdu, həmin qanlı əllərlə də onu oxşaya-oxşaya hamarladı, sığalladı. Sığallanmaqdan yerə sancılan caynaqlarının itiliyini itirmiş Daşcığaz özü də hiss etmədən yekə daşın altından sürüşüb çıxdı və... düz selin ovcuuna düşdü.
   Böyük daş əsl dayağından məhrum olduğundan müvazinətini itirib səndələdi, yırğalandı və... tərpəndi...
   Sel gözəlləşib bərq vuran Daşcığazı ayaqlar altına ataraq illər həsrətlisi kimi iri daşı qucaqladı və qalibiyyət dolu şiddətli qəh-qəhələrlə artıq balacalaşıb çökmüş, zəifləmiş köksündə xeyli nəhəng görünən Daşı qoynuna alaraq atıb tuta-tuta apardı.  

Bu yazı 526 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :