-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Sultan Qaliyev: Kommunist “libaslı” millətpərvər tatar ziyalısı
Şiriftin ölçüsünü dəyiş

Əfsanə Bayramqızı

   Sultan Qaliyev 1882-ci ilin  iyulun 13-də Başqırdıs-tanın Kırımsakal qəsəbəsinə bitişik Elimbetova kəndində anadan olub.
   Atası müəllim olduğuna görə ilk təhsilini ondan alıb.  Kazan şəhərində  Tatar Pedoqoji İnstitutuna qəbul olub. Ali təhsilini bitirdikdən sonra  Sultan bir müddət müəllimliklə məşğul olub. Bununla kifayətənməyən gənc Sultan  Ufa bələdiyyə Kitabxanasında işləyəməyə başlayır. Burda çalış-dığı dövrdə solçu İslam milliyyətçiləri və inqilabçılarıyla əlaqələr qurur.
   Daha sonra mətbuat mühitinə gələn Sultan Qaliyev müxtəlif qəzetlərdə müxtəlif təxəllüslərlə yazılar yazır.  Müxtəlif yerlərdə çalışmasına baxmayaraq, 1915-ci ildə yenidən müəllimlik peşəsinə qayıdır. Azərbaycana gələn ziyalı Sultan Qaliyev Bakıda bir tatar məktəbində müəllim işləməyə baş-layır. Bakıda baş verən ictimai siyasi fəaliyyəti yaxından izləməklə kifayətlənməyən Sultan Qaliyev Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Daha sonra müsavatçılar başda olmaqla milli qüvvələrin baş-latdığı hərəkata fəal olaraq qoşulur.
   Onun fəaliyyəti və düşüncələri, uğrunda mübarizə apardığı ideyalar illər keçsə də, bu gün də öz aktuallığını saxlayır və müasir dövrdə tarixin bir sıra müəmmalı və sirli məqamlarını  öyrənmək baxımından əhəmiyyətlidir.

1917-ci il inqilabı və Qaliyevin fəaliyyəti
   1917-ci ildə Rusiya inqilabı  başlayarkən S. Qaliyev  Bakı-da idi. İnqilabdan sonra  S. Qaliyev  Bütün Rusiya  Müsəl-manları Konqresində iştirak etmək üçün  Moskvaya çağırılır. Baş Katibliyə seçilən Sultan bəy konqres bitəndən sonra Kazana yola düşür. Məhz bu addımdan sonra onun siyasi fəaliyyəti başlamış oldu.  Kazanda Molla Nur Vahidov tərəfindən təşkilatlanan Müsəlman Sosialist Komitəsinə qatılır. Sultan Qaliyev 1917-ci ildə Rus Kommunist Parti-yasına üzv olur və bolşeviklərlə fəal əlaqələr qurmağa başlayır.
   Rusiyada Vətəndaş müharibəsindən istifadə edən uzaqgörən ziyalı  imperiya daxilində əzilən türklərin azad həyata qovuşması üçün Qızıl Orduda xidmət edən türkləri çar hökümətinə qarşı təşkilatlandırmağa başladı. Ancaq 1918-ci ildə mübarizə yoldaşı və silahdaşı Molla Nur Vahidovun Çex legionerləri tərəfindən qətli S. Qaliyevin milli mübarizəsində tək qalmasına səbəb oldu. Artıq onun üzərinə daha ağır və məsuliyyətli işlər düşürdü. Bu işlər arasında Mərkəzi müsəlman Komissarlığının üzvü, müsəlman Əsgəri Kolleqiyumu başqanı, Narkomatsın rəsmi yayın orqanı olan “Jizn Natsionalnostey” nəşrinin redaktorluğu da vardı.
   1918-ci il yanvarın 10-u bolşevik partiya toplantısında İdil-Uralda Tatar Başkırd Milli Dövlətinin qurulması ilə bağlı cəhdlər edildi.  Molla Nur Vahido-vun istəyi ilə  Mərkəz Müsəlman Komissarlığının adı Tatar-Başkırd Komissarlığı olaraq dəyişdirildi. 1918-ci il mayın 10-16-da  Mosk-vada Tatar-Başqırd Cümhuriy-yətinin Qurucu Məclis hazırlıq toplantısı keçirildi. Bu özlüyündə böyük tarixi hadisə sayıla bilərdi. Tatar-Başqırd Burjua milliyətçiləri Zəki Vəlidi Togan ve Sadri Maksudi  bölgə muxtarlıq istəkləri ilə bağlı Leninlə   razılığa gələ bil-mək üçün mübarizə aparırdı. S. Qaliyev  türk-müsəlman xalqların bölünməsinə qarşı idi.
   1918-ci il mayın 2-i  Molla Nur Vahidovun rəhbərliyi altında  Mər-kəzi Müsəlman Əsgəri Komitəsi qurularaq Müsəlman Qızılordusunun təşkilatlanması vəzifəsi Sultan Galiyevə tapşırıldı. O, Beşinci Qızıl ordunun yüzdə yetmiş beşini təşkil edən Tatar-Başqırd Taburlarını və  Müsəlman Qızıl Alayını  təşkilatlandırdı.
   Molla Nur Vahidov ve Sultan Qaliyev 1918-ci ilin yayında, 17-20 iyunda Kazanda Müsəlman Bolşeviklərin Bütün Rusiya Konqresini topladılar. Müstəqil dövlət qurma istəyinin müzakirə edildiyi  bu konqresdə S. Qaliyev bütün türk və müsəlman xalqların Birləşmiş Cəbhəsi modelini müdafiə etdi. Burjuva milliyətçisi Zeki Velidi Togan qrupu isə Türk xalqlarının ayrı ayrı federativ dövlətlər qurması fikrini müdafiə etdilər.
   Ağlar və çex legionları 1918-ci ilin avqustunda Kazan şəhərinə hücum etdilər. Həmin vaxt Moskvada olan Molla Nur Vahidov Tatar Qızıl alayının başına keçərək Kazana yollandı. Döyüşlərdə əsir düşən Molla Nur edam edildi.
   1923-cü ilin aprel ayında Rusiya Kommunist Partiyasının 12-ci partiya konqresi toplanıldı. Maneələrə baxmayaraq, Sultan bəy konqresə qatıldı və çıxış etdi. Qısa bir müddət sonra isə Kommunist Partiyasının 4-cü konfransı təşkil edildi. Konfransdan sonra Sultan Qaliyev həbs edildi. Onun həbsi xalqa aylar sonra Rus Kommunist Partiyası Mərkəzi Komitəsinin bölgə və cümhuriyyətlərin məsul əməkçiləri ilə Moskvada Stalinin rəhbərliyi ilə təşkil edilmiş və qeyri-rus idarəçilərin də olduğu IV konfransda bəyan edildi. Ancaq o, Kommunist Partiyası içində nüfuz və etibar qazandığına,  inqilab üçün gördüyü xidmətlərə görə həbsdən azad edildi. Bundan sonra inqilab düşüncəli ziyalının fəaliyyəti gizli, çətin və təhlükələrlə zəngin olub.

Sultan Qaliyevin milli mübarizəsi
   Orta Asiya türk müsəlman xalqların içindən çıxan, ilk bolşevik kommunistlərdən biri olan S. Qaliyev qısa zamanda bütün Qafqaz və Orta Asiya regionunda kommunistlərin liderinə çevrilmişdi. Bu sözsüz ki, milli ruhlu Sultan bəy üçün böyük uğur idi. Bu həm də gələcəkdə bütün türksoylu xalqların həmrəyliyi, onların bir ideya rəhbərinin ətrafında birləşməsi demək idi. Ancaq  Sultan Qaliyev “hamı, bütün xalqlar bərabərdir”, “xalqların dostluğu” kimi zahirən xoşagələn və humanistliyi əks etdirən Sovet və Kommunist Partiyasının şüarları ilə gerçəklərin zaman keçdikcə fərqli olduğunu anlamağa başladı. Bu şüarlar və siyasət sadəcə zorla müstəqillik və azadlıqları əlindən alınmış xalqları nəzarətdə və tabeçilikdə saxlamaq, onların milli duyğu və kimliklərini məhv etmək üçün idi. Beyinlərə zorla qondarma bir ifadə ”sovet xalqı”nın qüdrətli varlığı sırınırdı. Rus imperiyasının cəngində əzilən türksoylu xalqların hüquq və haqlarını müdafiə edən dəyərli ziyalı  Sovet dövlətinin iddia etdiyi kimi “bərabərliyə” tək sözdə deyil, əməldə də nail olmaq üçün mübarizəyə başlamışdı. Bu mübarizə 1917-ci il inqilabında qəbul edilən  və xalqa ünvanlanan müraciətdən sonraki dövrdə daha da gücləndi. Belə ki, həmin ilin  noyabrın 24-ü  Lenin ve Stalinin   imzalayıb yaydıqları "Ru-siyanın və Şərqin bütün   Müsəlman Əməkçilərinə"  başlıqlı müraciəti  öz məzmununa görə kifayət qədər tolerant görünsə də, əslində Rusiya imperiyasının türk müsəlman əhalisini, ümumilikdə qeyri rusları aldadaraq onların etimadını qazanmaq,   yenidən  əsarətə salmaq, öz mənafeləri üçün  xalqdan çar hökümətinə qarşı istifadə etmək idi.  Çar hökümətinin pislənildiyi bu sənəddə yazılırdı: "...Rusiya müsəlmanları, Volqa və Krım tatarları , Sibir və Türküstan qırğızları və sartları, Transqafqazın türkləri və tatarları, Çeçenlər və Qafqaz dağlıları; çarların və Rusiyanın zalımlarının məscidlərini və  tapınaqlarını yıxdığı, inanclarını və adətlərini ələ saldığı  sizlər! İnanclarınız və adətləriniz, və mədəni qurumlarınız bundan sonra azad  və toxunulmaz olacaq. Yaşamınızı azad və müdaxilə olmadan nizamlayın. Bu sizin haqqınızdır. Bilin ki, sizin haqlarınız, Rusiyanın bütün xalqlarının haqları kimi, güclü inqilabın və onun orqanlarının, işçi, əsgər və kəndli təmsilçiləri Sovetlərin nəzarəti altındadır. Yoldaşlar! Qardaşlar! Gəlin, dürüst və demokratik bir sülhə doğru birlikdə addımlayaq. Bayraqlarımızda bütün təzyiq altında olan xalqlara müstəqillik yazılıdır. Haydı, bu inqilabı dəstəkləyin...”
   Bütün bu “gəlişi gözəl” ifadə və fikirlərin əsas məqsədi son cümlədə vurğulanırdı. “ ..İnqilabı dəstəkləyin..” Sözsüz ki, ziyalılara daha çox təsir edən bu düşüncələr onların köməyi ilə sadə kütləyə yol açırdı.
   Sultan Qaliyev də belə ziyalılardan idi.  O,  Sovet və Kommunist İnternasyonal siyasətini  təhlil edən, ona şəxsi fikir bildirən ilk şəxs kimi tanınır.  Bu ilk  təhlillər birinci növbədə  əsarət altındaki xalqların imperializmə  qarşı  qurtuluş  mücadiləsi və dünya inqilabı kimi mövzuları əhatə edirdi.
   Maraqlıdır ki,  Sovetlər Birliyi və Komintern rəhbərləri Avropa proletariatından dünya inqilabını başlamalarını  gözləyirdi.  Ancaq  Sultan bəy  çalışırdı ki, emperializm üzərində qələbə çalmaq üçün  onların diqqətini Şərqin əsarət altındakı xalqlarına  yönəltsin.   Bu  məqsədlə əsarətdə olan  xalqların  imperializmə qarşı  ilk ortaq toplantısının təşkil edilməsinə xüsusi önəm vermiş və bu ideyanı dəstəkləmişdir. 1920-ci il 1-8 sentyabr  tarixlərində  Bakıda təntənəli sürətdə baş tutan   Birinci Şərq Xalqları Qurultayının fikir baxımından ortaya atılmasında Sutan Qaliyevin xüsusi rolu var.
   Komintern rəhbərlərinin fikrincə imperializmin məğlubiyyəti, və xalqların qurtulması dünya inqilabından asılıdır. Sultan Qaliyevin bu mövzuda fikirləri isə fərqli idi.
   Belə ki, o, imperiya daxilində əzilən xalqların xilas və qurtuluşunu məhz onların mübarizəsi sayəsində mümkün olacağını qeyd edirdi. Dünya inqilabı məhz imperialist ölkələrin proletariatlarının  öz burjuaziyalarını devirməsi ilə istənilən vəziyyətə gələ bilərdi. Onun üç böyük ideyası vardı; 1. Türk-İslam dünyasının birliyi; 2. Bütün üçüncü dünyanın əsarət altına alınan və əzilən xalqlarının birliyi; 3. İmperyalist kapitalizmin əsarətindən xilas olmuş insanlığın həmrəyliyi.
   Sultan Qaliyev bu ideyalarını Turan Sosialist Federativ Xalq Cümhuriyyəti, Kommunist Əsarətlər  Enternasyonalı və  Dünya inqilabı adlı anlayışlarla izah edirdi. Milli mübarizədə S. Qaliyevin bir sıra dostları və həmfikirləri xüsusilə də Mustafa Sübhi qətlə yetirildi.   Mustafa Sübhi o adam idi ki, Bakıda keçirilən Şərq müsəlmanlarının birinci qurultayında iştirak etmiş, başqan seçilmişdi. Yoldaşlarının qətlinə hökümətin, rəsmi dairələrin bir reaksiya verməməsi  onu əsəbləşdirmişdi. Bununla bağlı yeganə xatirə və tənqidi yazını S. Qaliyev özü yazdı.
   Şərq Müsəlmanlarının birinci qurultayında qərara alınmışdı ki, bu tədbir hər il təkrarlansın. Ancaq növbəti il qurultayın toplana bilməməsi, orada qəbul edilən ideyaların həyata keçirilməməsi Sultan Qaliyevin düşüncələrinin alt-üst olması demək idi. O, daxilən bütün ruhuyla bu toplantının gələcəkdə Türk müsəlman xalqlarının həmrəyliyi və azadlığa qovuşmasına aparan yol kimi dəyərləndirirdi.  Onun “Əsarətlər İnternasyonalı” layihəsinin reallaşmasıyla şərqli kommunistlər təşkilatlanacaq, imperializm məhv ediləcək, dünyanı  inqilab bürüyəcək, ən önəmlisi şərqli kommunistlərin idarə edə biləcəyi bir qurum yaradılacaqdı. Bu həm də S. Qaliyevin düşüncələri və ideyalarının Rusiya imperiyasının xaricindəki türk xalqlarına çatdırılması və onlarla da birləşmək mənasına gəlirdi. Sosialist Rusiyasının zaman keçdikcə çar  idarəsi kimi şovnist və hegemonluq si-yasəti onun bu quruluşa olan inam və ümidini sarsıtdı. “Rusiya artıq inqilab yolunda geri gedə bilməz, amma marksizmi də nə daha çox inkar edə bilər, nə də inqilab öncəsi durumlara geri dönə bilər, önündə təkcə bir yol var. Yavaşca sağa sürüşmək, beləliklə də sağçı bir rejimə zəmin hazırlamaq. İnkişafı Sovet Sosialist respublikalar Birliyi formulası altında davam etdirən Rusiya çox uzun müddət davam edə bilməz. Sovet Rusiyası keçici bir keçiş olqusudur...”
   1923-cü ildən başlayaraq, Sultan bəy fəaliyyətini gizli davam etdirmişdir. Daim təqiblər və təhlükələrlə üz-üzə olsa da, düşüncə və ideyalarından vaz keçməmiş, onlar uğrunda mübarizəsini davam etdirmişdir. Qaliyev müxtəlif xalqların inqilabçı ziyalılarıyla görüşür, fikir və ideyalarıyla onları mənəvi baxımdan təşkilatlandırırdı. Bu məhdud şəraitdə onun bacardığı son işi idi.
   Sultan Qaliyevin adını çəkmək, məqalələrini araşdırmaq uzun müddət  yasaqlansa da, bu sonacan davam etmədi.
Onun fəaliyyət və düşüncələrini tədqiq edən Qərb araşdırmaçıları bu düşüncə adamını öyrənməyə çalışmışlar. Onlar Sultan bəyin ideyasını “Müsəlman ulusal kommunizmi” olaraq dəyərləndirmişlər. Əslində isə S. Qaliyevin düşüncələri nəticə olaraq “Türk-İslam sosializmi” anlayışına uyğun gəlirdi.
   1921 idə yazdığı "Müsəlmanlara yönəlik  Din Əleyhinə Təbliğat Metodları" sərlövhəli  yazısı əvvəlcə "Milliyətərin Yaşamı" dərgisinin iki sayısında yayımlandı.  1922-ci ildə isə Moskvada broşur kimi çap edildi.  Maraqlıdır ki, məqaləni üstü örtülü “qəsidə” saymaq olar, belə ki, müəllif mətnaltı da  olsa, islamın mədəni və ictimai dəyərləri və dünya tarixindəki rolunu izah edib. İslam dünyasının imperializm tərəfindən əsarət altına alınmasına qarşı müqavimətində İslam dininin milli kimliklə qaynaşıb qarışması yazıda xüsusi olaraq vurğulanıb.

Sultan Qaliyev irsini öyrənənlər
   Sultan Qaliyevi dünyaya tanıdan Aleksandr Benningsen, C. L. Quelquejayın araş¬dırmaları oldu.  Bu yazarların  ilk araşdırmaları 1960-cı ildə  fransızca işıq üzü gördü. A. Benningsen və C. L. Quelquejay Sultan Qaliyevin fəaliyyəti ilə bağlı araşdırmalarına 30 ildən çox vaxt sərf etdilər.
   Müəlliflər  S. Qalyievlə bağlı yazdıqları kitabın “Le Pere de la Re-volution Tiers-Mondiste”- “Sultan Qaliyev Üçüncü Dünya İnqilabının Atasına “ adlı ön sözündə qeyd edirlər: “Nə ölüm tarixini, nə də ölüm vəziyyətlərini bilirik. Qaranlıq bir hücrədə güllələnərəkmi öldürüldü? Uzaq Sibirdəki bir ölüm düşərgəsində səfalət içindəmi öldü? Bu bioqrafiyada çatışmayan cəhətlər var və çox sayda boşluq çox uzaq görünsə də, ancaq bir gün KQB-nin arxivlərinin araşdırmaçıların üzlərinə açılmasıyla doldurula biləcək­dir...”
   SSRİ-nin süqutundan sonra S. Qaliyev şəxsiyyətinə olan maraq artmağa başladı. Sovet dönəminin sonlarında Habib Tengur adlı ədəbiyyatçının “Sultan aliyev” adlı roman (Paris, Sinbad, 1985) və Kenize Murad adlı qəzet jurnalistinin eyni adla roman yazdığı bir sıra mənbələrdə qeyd edilir. O da məlumdur ki, tatar türk ziyalıları "Sultan Qaliyev Fikir Klubu" adı altında təşkilatlanmış və fikir mübadiləsi aparmışlar.
   Türkiyə ziyalıları da S. Qaliyev irsini öyrənmək üçün bir sıra dəyərli  araşdırmalar aparmışlar. Bu tatar ziyalısı haqqında yazılan  araşdırmalar arasında Erol Kaymakın “Sultan Qaliyev və Əsarətlər İnternasyonalı”, Tatar Yazarlar Birliyinin rəhbəri Renat Muhammedinin “Sultan Qaliyev, Sirat körpüsü”, A. Benningsen, C. L. Quelquejayın “Üçüncü Dünya İnqilabının atası” xüsusi olaraq samballığına və məzmun yükünə görə fərqlənir.

Qaliyevin qətli
   Keçən əsrin 30-u illəri  NKVD –nin əliylə milyonlarla  milli ruhlu ziyalının, mütəfəkkirlərin Stalin respressiya maşınından keçirilməsi ilə yadda qaldı. İmperiyanın bütün əyalətlərində qorxu, xof və həyəcan hökm sürürdü. Bugün təriflənən, haqqında xoş söz deyilən ziyalı gecə qəfildən həbs edilir, güllənirdi. Odur ki, xalq arasında “Gecə döyülən qapılar xeyirliyə döyülmür” məsəli yaranmışdı. Əsasən daha çox türksoylu xalqların ağrı-acısını yaşadığı repressiyya dövrü  tatar xalqının layiqli oğlu S. Qaliyevdən də yan keçmədi. Əksinə Leninin ölümündən sonra mübarizədə hakimiyyəti ələ alıb rəhbər vəzifəyə yiyələnən Stalin S. Qaliyevin qabiliyyətini, nüfuzunu diqqətdən keçirir, onu özünə rəqib görürdü. Məhz buna görə də Qaliyev də digərləri kimi  anti inqilabçı, burjua millətçisi damğasıyla günahlandırıldı. 1940-cı il yanvarın 28-də Levortofo həbsxanasında o dövrün milli təhlükəsizlik orqanı sayılan rusca “KQB” adlanan qurumun əliylə acımasızcasına güllənərək qətlə yetirildi.
   Ancaq aradan 50 il keçəndən sonra  Sovet Ali məhkə­məsinin 1990-cı il aprelin 30-da çıxardığı qərarla S. Qaliyevə bəraət verildi.
   Ancaq bu gecikmiş bəraət  xalqı və bütün qardaş türk dünyasının dəyərli ziyalısını məhv edən   sovet rejiminə  nifrəti yox edə bilmədi.
   Gec-tez haqqın öz yerini almasıyla S. Qaliyev yenidən türk dünyasının tarixində əbədiləşdi.

Bu yazı 480 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :