-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Xocalı fəryadı
Şiriftin ölçüsünü dəyiş

Arzu Şirinova
“Xalq Cəbhəsi” qəzetinin redaktoru

   “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstündən getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qızın meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi və beləcə 1200 meyidin üstündən keçdim”.
   Bu iyrənc, heyvana xas sözlərin müəllifi özlərini məzlum kimi aparıb yalançı soyqırım iddiaları ilə az qala dünyanı barmağına sarıyan bir toplumun (millət sözünü çirkləndirmək istəmədim-red.) cinayəti seyr edib bundan zövq alan yazıçı-jurnalisti David Xerdiyana məxsusdur. Hazırda Livanda məskunlaşan David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayaraq daha sonra yazır:
   “Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi””.
   Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.
   XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı - son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri aşkar edilib. Burada çoxlu sayda “Qoç və yəhər” şəkilli qəbir daşları və s. var.
   Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid “Əsgəran qalası” mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirib. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2-3 metrdir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları “Əsgəran qalası”nda aparılıb.
   Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, “kilsəli” deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.
   Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılıb. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. darmadağın edilib.
   Erməni cəlladları Sumqayıtda törətdikləri qətillərin dördüncü ildönümündə Xocalı soyqırımını həyata keçiriblər. Hələ 1991-ci ilin oktyabrında Xocalı ilə avtomobil əlaqəsi demək olar ki, kəsilib. Həmin vaxtdan etibarən şəhərlə əlaqə, ancaq vertolyotların köməyi ilə saxlanılıb. 1992-ci il yanvarın 2-də isə şəhərdə elektrik xətti də kəsilib. Qeyd edək ki, son dəfə Xocalıya 1992-ci il fevralın 13-də ərzaq və yanacaqla yüklənmiş hərbi vertolyot gedib. Elə həmin gündən şəhər erməni hücumu təhlükəsi ilə üz-üzə qalıb. Xocalılar da artıq başa düşürlər ki, yaxın günlərdə ermənilər şəhərə hücum edə bilərlər. Fevralın 24-də əsir götürülmüş erməni döyüşçüsü xocalıların gümanlarını təsdiqləyir. Bundan sonra şəhər rəhbərliyi kömək üçün Bakıya, Ağdama müraciət edir. Ancaq olunan müraciətlər cavabsız qalır. 1992-ci il fevralın 25-də  axşama yaxın Xocalıdan çıxan bütün yollar ermənilər tərəfindən nəzarətə götürülür. Gecə saat 23:00-da 366-cı  motoatıcı alayın zirehli texnikaları, onların arxasınca isə erməni piyadaları 3 tərəfdən böyük qüvvə ilə Xocalı şəhərinə hücuma keçirlər. Bu hücumun qarşısını almaq 160 nəfər döyüşçü üçün (özünümüdafiə qüvvələriylə, xüsusi təyinatlı milis dəstəsiləri-red.) çətin olsa da, onlar həyatları bahasına  şəhər əhalisinin Xocalını tərk etməsinə imkan yaradıblar. Xatırladaq ki, bu qüvvələrin böyük əksəriyyəti şəhid olub. Həmin gecə Qarqarın buz kimi suyundan keçib Kətik və Naxçıvanikə yol alan xocalıları deməyəsən qarşıda faciə  gözləyirmiş. Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyük faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə günahsız insanlar qanlarına qəltan edilib. Körpəyə, qocaya, qadına aman vermədən qəddarlıqla öldürüblər. Həmin gecə erməni cəlladları Xankəndində yerləşən 366-cı alayın köməkliyilə Xocalıya soxulub, şəhəri yandırıblar. Kərkicahanın, Malıbəylinin, Meşbəylinin ardınca tarixdə Xocalı soyqırımını yaşadıq. Ancaq həmin vaxt hakimiyyət başında olanlar guya ki, Xocalıda 2-3 nəfərin öldüyü haqqında məlumatın getməsi üçün tapşırıq verdilər. Halbuki, Xocalı faciəsi XX əsrin ən böyük faciəsi idi. Bunu bütün dünyadan gizlətmək erməniyə xidmət göstərməkdir. Fevralın 26-da qocaların, qadınların, körpə uşaqların  meyidləri dərələrdə, meşələrdə, dağlarda qalıb. Girov  götürülənlərin başına iyrənc oyunlar açılıb, onların  başları erməni qəbirləri üzərində qurbanlıq qoyun kimi kəsilib. Ölənlərin başlarının dərisi soyulub, gözləri, ürəyi çıxarılıb, bədənləri deşik-deşik olunub. Bütün bunlardan ürəyi soyumayan ermənilər ən alçaq hərəkətlərə belə əl ataraq vəhşicəsinə öldürdükləri körpənin, qocanın meyidlərini insanlığa yaraşmayan surətdə təhqir ediblər.  Şahidlərin söylədikləri faktlara əsasən, qətlə yetirilən azərbaycanlılar çox da dərin olmayan xəndəklərə atılıb,   onların üstü torpaqlanıb. Gecələr bu xəndəklərin həndəvərində itlərin hürüşməsindən, çaqqalların  ulaşmasından az qala qulaq tutulub. Hər yerdən insan  cəsədlərinin kəsif iyi gəlib.
Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması: “Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar.”
   İlqar Əliyev daha sonra deyir: “Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə  Lingin kəndinə gətirdilər. Orada 33 nəfəri, Malıbəylidə isə 12 nəfəri gizlədirdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq”.
   İlqar Əliyev Xankəndində yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü də vurğulayır:
   “Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndində həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhərisi gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da vardı”.
   Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışır:
   “Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndindəki həbsxanada isə dişlərimi zorla çəkdilər. Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin gün bir dəfə də olsun xəstəxanaya gəlmədilər. Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə deyirdi”.
   Xocalı soyqırımı nəticəsində 623 nəfər şəhid olub, 1725 nəfər əsir götürülüb, 8 ailə tamamilə məhv edilib, 215 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirib. 1000 nəfər Xocalı sakini əlil və şikəst olub, 150 nəfərin taleyi hələ də məlum deyil.
   Məlumat üçün bildirək ki, Xocalının işğalı planı bir həftə öncə, fevralın 20-də hazırlanıb. Belə ki, hadisədən bir müddət əvvəl Paris yaxınlıında gizli təlim düşərgəsi  yaratmış “Asala” erməni terrorçu təşkilatının 26 nəfərlik dəstəsi mayor Aşin Simonyanın başçılığı ilə  Xankəndinə gəlib. Onlar və yerli ermənilər özünümüdafiə adı altında vuruşan, əslində isə “Asala” terror təşkilatının  Xankəndində İllarion Alahverdiyanın başçılığı ilə  yaradılan dəstənin üzvləri 366-cı alayın içərisində öz dayaqlarını yaradaraq polkovnik Y. Zarviqarova 36 min dollar rüşvət veriblər. Bu xəbər 23-cü diviziyanın komandiri Boris Budeykinə çatdıqda o, Zarviqarovun hərəkətinə görə - zabit şərəfinə xəyanəti üstündə qovulmasını tələb edib.
   366-cı alayın hərbi əməliyyatlar zamanı ermənilərin  tərəfinə keçib azərbaycanlıları qətlə yetirməsi, hərbi texnika və sursatı ermənilərə verməsi, əslində siyasi bir məsələdir. Xocalı hadisəsiylə bağlı ermənilərin ruslarla əlaqələrinə aid sənədlərin bir qismi 1992-ci il martın 1-də Zaqafqaziya Hərbi Dairəsinin aviasiya komandiri, general-mayor S. Lukaşovun əmri ilə yandırılıb.
   Yuxarıda qeyd etdiyim fikirlərə yenidən qayıtmaq istəyirəm. Biz bir millət olaraq Xocalı və digər faciələrimizi dünyaya yaxşı çatdıra bilməməyimizin nəticəsidir ki, bu gün ermənilər Azərbaycanla şərtlər irəli sürməklə danışırlar. Ancaq vaxtında Xocalı soyqırımının dünya dövlətlərinin parlamentlərində müzakirəsinə nail olsaydıq təbii ki, hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Səhvlərimizdən nəticə çıxarmağın zamanı çoxdan keçsə də, bu istiqamətdə planlı işlər görülməlidir. Yəni, hər bir faciəmizin ildönümünü xatırlamaqla işimizi bitmiş hesab etməməliyik.

Bu yazı 551 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :