-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qafqaza kütləvi erməni köçləri Gürcüstan arxivlərində
Şiriftin ölçüsünü dəyiş

Dr. Fəxri Valehoğlu

    Xalqımızın tarixi və mədəniyyəti ilə bağlı müxtəlif ölkələrdə saxlanılan arxiv sənədlərinin  üzə çıxarılaraq tədqiq olunması Azərbaycan-Türk elmi qarşısında duran ən aktual və prioritet məsələlərdəndir. Arxivlərində tarixi keçmişimizlə bağlı mühüm əhəmiyyətli sənədlərin qorunduğu ölkələrdən biri də qonşu Gürcüstandır. Bunun əsas səbəbi milli dövlətçilik, mətbuat, ədəbiyyat və mədəniyyət tariximizdə xüsusi yer tutmuş bu ölkənin paytaxtı Tiflis şəhərinin XIX yüzildə Cənubi Qafqazın baş şəhəri rolunu oynaması və bu dövrdə Rusiya İmperatorluğunun  Qafqaz Canişinlik İdarəsi və digər inzibati dövlət qurumlarının məhz bu şəhərdə yerləşməsindən irəli gəlir.
    Gürcüstan Mərkəzi Tarix Arxivində (GMTA) saxlanılan sənədlər içərisində Türkmənçay və Ədirnə sülh müqavilələri nəticəsində Cənubi Qafqazda (özəlliklə Qarabağ, Naxçıvan, İrəvan çuxuru və Ahısqa-Axalkələk bölgəsində) Türk etnik varlığının sıxışdırılması və yad etnik ünsürlərin, xüsusən də ermənilərin yerləşdirilməsi yönündə gerçəkləşdirilən demoqrafik siyasəti əks etdirən sənədlər böyük önəm daşıyır. Belə sənədlərdən  xronoloji ardıcıllığa görə başda gələn Tiflis hərbi qubernatorunun 4 iyun 1827-ci il tarixli hesabat məktubudur. 1826-28-ci illər Rusiya-İran müharibəsində rusların cəbhə xəttində tam üstünlüyü ələ aldıqları bir zamana təsadüf edən bu məktubdan Ərzurumda yaşayan erməni tacir Anton Qrikur oğlunun rus hökumətinə nestorian ermənilərin iranlılara qarşı silahlandırılmasını təklif etdiyi və şifahi surətdə hərbi qubernatora bunları söylədiyi bəlli olur:
    “Mənim atam Qrikur Seyl oğlu çoxdan Ümumrusiya imperatorunun təəbəliyini götürmək istəyirdi. Ona görə də həmişə özünün Böyük derjavasına (Rusiya dövlətinə - F.V.) sadiqliyini göstərmək üçün vasitələr axtarırdı ki, təəbəliyini götürəndən sonra orada da Türkiyə İmperiyasının paşalarının ona verdiyi imtiyazlara malik olsun. Mənim valideynimə Rusiya təəbələri sırasında olmaq xoşbəxtliyi nəsib olmasa da, o mənə əmr etdi ki, aşağıdakılar barədə sizin höküməti məlumatlandırım. Nestorian adlanan xalq iranlılara məxsus Səlmas şəhərindən 12 saatlıq məsafədə, İmidt dağları ərazisində yaşayır, sayları 50000-60000 ev arasındadır. Onlar səthi olaraq Türkiyə sultanına tabe olsalar da öz üzərlərində onun hakimiyyətini qəbul etmirlər. Həmişə iranlılarla düşmən şəraitində olan nestorian xalqı iranlılar tərəfindən sıxışdırılanda onlara müharibə elan edir və bu müharibəni Türkiyə sultanının köməyi olmadan aparır. Dediklərimizə nestorianların üzərinə hücum etmiş şahzadənin onların malını-mülkünü qarət etməsini də əlavə etmək lazımdır. Baş verdiyi gündən təqribən 8 il ötdüyü və  Qriboyedovun da bildiyi bu hadisə Türkiyə ilə sülhü pozmadı. Yuxarıda qeyd olunanlardan aydın görünür ki, nestorianların iranlılara qarşı sizin rəhbərliyiniz və ya mənim atam, yaxud da ki, mənim tərəfimdən silahlandırılması Rusiya və Türkiyə imperiyaları arasında sülhün pozulması kimi qiymətləndirilə bilməz...”
    Məktubda, daha sonra Anton Qrikur oğlunun nestorianların hamısının Rusiya təəbəliyini götürərək İrana qarşı savaşda Rusiyanın yanında yer almağa hazır olduqlarını söylədiyi də ifadə olunur.  
    Qafqazda miqrasiya prosesləri ilə bağlı GMTA-da saxlanılan materiallar içərisində daha çox diqqətimizi cəlb edən 1105-ci fondda 55 saylı iş adı altında saxlanılan “Qarabağa və digər sərhədyanı əyalətlərə erməni mühacirlərinin köçürülməsi” (О переселении из Персии в Карабаг (Karabax yox, Karabaq! – F.V.) и прочие провинции армян, пограничных выходцев») başlıqlı rəsmi sənədlər toplusu  oldu (Xüsusilə qeyd etmək istərdik ki, bu arxiv sənədinin qeydiyyat-istifadə vərəqəsindən onunla yalnız erməni tədqiqatçılarının (V. Parsamyan, L. Xaçatryan, M. Darbinyan, L. Melikset-Bek) tanış olduğu bəlli olur). Bu sənəddən aydın olur ki, İran tabeliyində, Urmiyə gölü hövzəsində yaşayan ermənilər və yunanlar Qafqaz canişini knyaz general-adyutant İ. Paskeviçə ünvanladıqları müraciətlərində Rusiya İmperiyasının hüdudları daxilinə köçürülmələrini xahiş edirlər. Müraciətdə köçürülmək istəyənlərin 15 min ailədən ibarət olduğu göstərilir. Eyni zamanda onu da qeyd edək ki, sənəddən ümumilikdə Urmiyə bölgəsində yunan və ermənilərin 145 kənddə yaşadığı və bu kəndlərin əhalisinin 2/3-sinin yunanlardan və 1/3-nin ermənilərdən ibarət olduğu bəlli olur.
Müraciətlə bağlı Paskeviç Şəki, Şirvan və Qarabağ bölgələrinin idarəçisi polkovnik knyaz Abxazova məktub yazaraq konkret təlimatlar verir. 27 dekabr 1827-ci il tarixli, 528 saylı bu məktubunda o, köçmək istəyənlərdən Şəki, Şirvan və Qarabağ vilayətlərinin hərəsinə 2 min ailədən az olmamaq şərtilə neçə ailənin  yerləşdirilməsi mümkünlüyü ilə bağlı siyahılar hazırlamağı tapşırır.
    Abxazov tərəfindən Paskeviçə ünvanlanmış 9 fevral 1828-ci il tarixli cavab raportunda verilən tapşırığı yerinə yetirmək üçün qeyd olunan vilayətlərdəki mahallarda naib vəzifəsini icra edən “tatar”ların (Azərbaycan Türklərinin), xüsusən də Qarabağın “tatar” naiblərinin köməyinə bel bağlamağın boş və mənasız olduğu bildirilir və köçkünlərin hansı şərtlər əsasında məskunlaşdırılacağı, onlara güzəştlər verilib-verilmə­yəcəyi barədə dəqiq məlumat verilməsi xahiş olunur.
Daha sonra Abxazov Paskeviçə onun tapşı­rığına uyğun olaraq tərtib etdiyi siyahını göndərir. Bu siyahıda
   Şirvan vilayətinə - 2860 ailə,
   Şəki vilayətinə - 400 ailə,
   Qarabağ vilayətinə isə - 10870 ailə
    - nin köçürülməsinin mümkünlüyü qeyd olunur.
    Qarabağ vilayətinin dağlıq ərazilərinə 7825, aran ərazisinə isə 3045 erməni ailəsinin köçürülməsinin mümkün olduğu müəyyən olunur.
    Qeyd edək ki, bu arxiv bəlgəsinin 27-ci vərəqində Quba vilayətində hansı sahələrə və nə qədər erməninin yerləşdirilməsi mümkünlüyü barədə siyahı da əks olunmuşdur.
    Paskeviç 27 fevral 1828-ci il tarixində Təb­rizdən Abxazova yazdığı 285 saylı məktubunda İrəvan və Naxçıvan vilayətlərinə 18 minə qədər ailənin yerləşdirilməsi üçün kifayət qədər torpağın olduğunu, ancaq ermənilərin bir hissəsinin qəti və qərarlı şəkildə Qarabağa məskunlaşmaq istədiklərini ifadə edir. O, Qarabağda yalnız dövlətə məxsus torpaqlarda 8600-dən çox ailənin yerləşdirilməsinə imkan olduğu üçün ermənilərin bu tələblərinə yox deməməyi lazım bildiyini də vurğulayır.
    Yuxarıda təqdim edilən məxfi yazışmalardan və 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra, yəni ki, Araz çayının  şimalına ermənilərin köçürülməsi üçün tam zəmin yaradıldıqdan sonra Paskeviç Qarabağa köçmək istəyində olan İran təəbəli ermənilərin Ucan və Türkmənçay məntəqələri  arasında yerləşən və cəmi 150-160 ailənin yaşadığı Üzümçü, Qaraqovman, Quşçu və Həsənabad adlı erməni kəndlərinə toplaşmasını əmr edir, onların köçməsinə yardım göstərmək üçün isə 41-ci Yeger alayının erməni əsilli mayoru Melikovu bu kəndlərə ezam edir. Beləliklə, Güney Azərbaycanda dağınıq, səpələnmiş halda yaşayan ermənilərin Şimali Azərbaycana – Qarabağa, İrəvan və Naxçıvan bölgələrinə Türk-müsəlman mülkədarlara məxsus torpaqlara kompakt şəkildə məskunlaşdırılması prosesinə start verilir.
    Arxiv sənədlərindən köç proseslərinə nəzarətin birbaşa rus ordusunun milliyyətcə erməni olan zabitlərinə həvalə olunduğu məlum olur. Məsələn, İrəvan komendantı vəzifələrini icra edən podpolkovnik knyaz Arqutinskiy-Dolqo­rukovun Paskeviçə raportundan bəlli olur ki, Səlmasdan ermənilərin köçürülməsi ilə bağlı ilk başda poruçik Melik-Yusupov və praporşik Şahnazarov məşğul olub, titulyar müşavir ­Yeni­ko-lopov isə general-mayor Pankratyevin razılığı ilə xristian köçkünlər və yerli müsəlmanlar arasında mübahisəli məsələlərin aydınlaşdırılması ilə məşğul olurdu.
    Saray müşaviri Usimoviç Paskeviçə ünvanladığı məktubunda (29.02.1828-ci il) xristianların köçü ilə bağlı 15 maddədən ibarət olan göstəriş verir. Onlardan  4-ü aşağıdakılardır:
    1) Köç prosesinə nəzarət etmək üçün Xristian Köçkünlər Komitəsi yaradılsın;
    2) Köçkünlərin yerləşdiriləcəyi ərazilərdə xristianlardan ibarət ayrıca dairə (okruq) və mahallar yaradılsın. Çalışılsın ki, xristianlar müsəlmanlarla qarışıq yaşamasınlar. Bunun üçün bəzi müsəlman, eləcə də xristian kəndlərinin onların dindaşlarının daha sıx yaşadığı bölgələrə köçürülməsi məsələsinə baxılsın;
    3) Köçkünlərin yerləşdirilməsi üçün yaşamağa əlverişli, həyat üçün sağlam və suyu bol olan torpaqlar seçilsin;
    4) Köçkünlərə güzəştlər və imtiyazlar verilsin.  
    Yuxarıdakı göstərişlərə əməl olunur. Xristianların Köçkünlər Komitəsi və bu komitənin köçürülmə bölgələrində, o cümlədən Naxçıvanda filialları yaradılır, ermənilərin kompakt şəkildə məskunlaşmalarını təmin etmək üçün yerli Türklər başqa ərazilərə köçürülür, köçkünlərə pul məvacibləri təyin olunur (Naxçıvan çayı qırağında Türklər yaşayan kəndlərdən nə qədər ailənin digər kəndlərə köçürülməsi barədə məlumat GMTA-da 2-ci fondun 1-ci siyahısında “Azərbaycandan (Cənubi Azərbaycan nəzərdə tutulur – F.V.) ermənilərin Erməni vilayətinə köçürülməsi işi” («Дело о переселении армян из Азербайджана в Армянскую область») adı altında saxlanılan 2237 saylı işin 185-187-ci vərəqlərində, İrəvan vilayətində köçə məruz qalan kəndlərin adı və əhalinin sayı 124-129-cu vərəqlərində əks olunur, Qarabağa yerləşdirilmiş erməni ailələrinə hansı tarixdə və nə qədər gümüş pul verildiyi barədə Abxazovun tərtib etdiyi siyahı isə eyni sənədin  137-138-ci vərəqlərində yer alır).
    Onu da əlavə edək ki, qeyd olunan işin tərkibindəki sənədlərdə Səlmas bölgəsindən Arazın şimalına köçən ermənilərin bir qisminin ad-soyadları, ailədəki kişilərin və qadınların sayı göstərilməklə cədvəl şəklində göstərilmişdir.
    1828-ci ilin iyul ayında yazılmış hesabat xarakterli məktubdan erməni əsilli podporuçik Manas bəy Melik-Yusupovun 150 erməni ailəsini Qarabağda Qaraçay və Tərtər çayları arasında ona məxsus olan torpaqlarda yerləşdirdiyi bəlli olur.  Knyaz Abxazovun Sipyaginə Şuşadan yazdığı 21.08.1828-ci il tarixli, 3760 saylı raportunda Bərdəyə yerləşdirilmiş 232 ailədən ibarət Urmiyə ermənisini Tərtər çayı qırağındakı Madagiz adlanan yerə köçürdüyünü, 224 ailədən ibarət  Marağa ermənisinin isə Qarabağın Çələbürt və Talış mahallarının Şıxarx və Qazarx yörələrində məskunlaşdırılmasına əmr verdiyini yazır. Baxşəli Melik-Yusuf oğlu və Koqraman (Qəhrəman) Melik-Zaxariy oğlu isə Qarabağa yerləşmək arzularını Bağır xan Çelobianskinin (Çələbilinin) törətdiyi maneələr ucbatından gerçəkləşdirə bilmədiklərini şikayət edirlər. Təzyiqlərdən sonra Bağır xan güzəştə getməyə məcbur edilir.  
    Gürcüstan Mərkəzi Tarix Arxivində saxlanılan  “Ermənilərin və yunanların Türkiyədən Rusiya hüdudları daxilinə köçürülməsi” («Дело о переселении армян и греков из Турции в пределы России») başlıqlı işdə isə 1828-29-cu illər Türk-rus müharibəsinin nəticəsində  Gürcüstanın Ahısqa-Axalkələk və Barmaqsız (Tsalka) bölgələrinə ermənilərin və yunanların kütləvi köçürülməsi ilə bağlı rəsmi yazışmaları əks etdirən sənədlər cəmləşdirilmişdir.   
    Məhz bu yuxarıda göstərilən ilkin rəsmi yazışmaların icrası Cənubi Qafqazda o zamandan bu günə kimi hökm sürən qeyri-stabilliyin, etnik qarşıdurmaların və bir çox qanlı olayların əsasını qoydu, ermənilərin köçürüldükləri  yeni ərazilərin ən qədim və köklü sakinləri olduqlarını iddia etmələrinə, Azərbaycan-Türk torpaqları üzərində özlərinə dövlət qurmalarına, Qarabağı işğal etmələrinə, Gürcüstanın Cavaxet (Axalkələk) bölgəsinə muxtariyyət istəmələrinə rəvac verdi.

Bu yazı 681 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :