-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk toplumlarının inteqrasiyasında medianın rolu
Şiriftin ölçüsünü dəyiş

Əfsanə Bayramqızı

    Qloballaşan dünyada artıq informasiya bolluğudur, gün keçdikcə medianın imkan və fəaliyyət dairəsi daha da genişlənir. İnformasiya texnologiyalarının inkişafı sayəsində dünyanın istənilən nöqtəsindən  xəbər ötürülməsi  indi bir neçə saniyə vaxt alır.  Ancaq buna baxmayaraq,  bütün dövlətlərdə dünyaya inteqrasiya səviyyəsi və eləcə də medianın inkişaf tempi eyni deyil. Bu baxımdan Türksoylu xalqların mediasının hazırkı durumu mürəkkəb, unikal və özünəməxsusdur.
    Qədim tarixə və şanlı keçmişə malik Türk xalqlarının tarixən yaşadığı coğrafi areal Avropadan tutmuş Çin səddinə qədər nəhəng  bir ərazini əhatə edir. Ortaq  tarixə, adət-ənənələrə, baxışlara malik bu xalqlar tarixən demək olar ki, eyni ictimai-siyasi prosesləri keçmiş, tarixin şanlı səhifələrinə yazılmış Hun, Göytürklər, Qaraxanilər, Teymurilər, Osmanlılar, Səfəvilər və s. kimi qüdrətli dövlətlər, imperatorluqlar qurmuşlar. Böyük Türk millətini nəhəng çinara bənzətsək, müxtəlif oxşar ləhcələrdə danışan Azərbaycan Türkləri, qazax, özbək, türkmən, qırğız, tatar, başqırd, altay, tuva, uyğur, qaqauz, krımçak, qaraim və s. kimi xalqları onun ayrılmaz budaqları, yarpaqları sayıla bilər. Tarixin müxtəlif dövrlərinə nəzər yetirsək, istər siyasi, istərsə də mədəni, tarixi və ədəbi əlaqələr baxımından bu xalqlar arasında səmimi qonşuluq, mehriban dostluq və qardaşlıq  münasibətləri olduğunu görə bilərik. Zamanla bu əlaqələr müxtəlif səbəblər üzündən zəifləyib, münasibətlərə kölgə düşüb. Sovetlər dönəmində SSRİ-nin tərkibində qapalı rejimdə yaşayan azərbaycanlı, qazax, özbək, tatar və s. xalqların Türkiyə ilə əlaqələri kəsilmiş, hətta bu münasibətlər qadağan olunmuşdu. SSRİ-də Türkiyədəki  Türk qardaşlarından danışmaq, “Türk” adını çəkmək belə təhlükəli idi; çünki bu insanlar “pantürkist” damğası vurularaq respressiyaya məruz qalır, ya güllələnir, ya da adam ayağı dəyməyən şaxtalı Sibirə ömürlük sürgün edilirdi. Ancaq bütün bu qadağalara baxmayaraq,  yaddaşlarda və ailədə milli kimliyini, adətini və keçmişini yaşadan Azərbayan Türkləri gizli də olsa, radioqəbuledicilərdən Türkiyənin yayımladığı veriliş və musiqiləri ürək yanğısıyla dinləyirdi.  
    Bu ağrılı dövrləri yaşamış Türksoylu xalqların bir çoxu (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan) artıq müstəqilliyə qovuşub, bəziləri özərk cumhuriyyət kimi mvcuddur (Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Qaqauzya və s.). Söz və fikir azadlığının, informasiya texnologiyalarının inkişaf etdiyi müasir dövrdə əlaqələr qurmaq, istənilən xalqın mediasını izləmək  o qədər də çətin deyil.  Artıq bugün  digər ölkələrdə olduğu kimi Türksoylu ölkələrdə - xüsusilə də Orta Asiya regionunda və özərk cümhuriyyətlərdə çap mediası ilə yanaşı, elektron media (internet qəzet və dərgilər, radio və televiziya)  da inkişaf etməkdədir. Lakin indi Türksoylu xalqların mediasının müasir durumu və problemləri başqadır.
    Əvvəlcə  onların mediasının durumuna müxtəlif aspektlərdən nəzər yetirib təhlil edək. Bunun üçün oxşar situasiyalara malik xalqların mediasını regionlar üzrə nəzərdən keçirmək daha məqsədəuyğun olardı.

Müstəqil Türk Cümhuriyyətləri, Özərk cumhuriyyətlər və toplumlar
    Dünyaya səpələnmiş dövlətləri olmayan, kiçik Türksoylu xalqların və toplumların milli kimliyinin qorunması məsələsi və onların tanıdılmasında medianın rolu
    Orta Asiya ölkələri – Tarixən bu regionda yaşayan xalqlar oxşar tarixi-ictimai, siyasi  mərhələləri keçdiklərindən regionda baş verən proseslər də mediaya bu və ya digər dərəcədə oxşar təsir  göstərir. 70 illik Sovet dönəmindən sonra bu xalqlar müstəqilliyə qovuşsalar da, hələ də  Rusiyanın onların siyasətinə, eləcə də mediasına birbaşa və dolayı təsir üstünlüyü duyulmaqdadır. Bunun nəticəsidir ki, mətbuatda, dövlət qurumlarında və s. ünsiyyət dili kimi rus dili hakimdir. Bu situasiya da öz növbəsində milli dilin, milli məfkurənin məhv olması deməkdir və  xalqın bir milli varlıq kimi gələcəyini təhlükə altına atır.
    Qazaxıstanda da digər qonşu ölkələrdəki kimi mətbuatda və elektron resurslarda rus dili qazax dilini üstələyir. Ölkədə təxminən 453 mətbu nəşr qazaxca, 2303 nəşr isə rus dilində çıxır. Ölkənin analitik təşkilatları alyanslarının araşdırmalarına görə 2010-cu ildə ölkədə yayımlanan mətbuatın cəmi 6% qazax dilində nəşr edilib.
    Buna görə də ölkədə qazaxdilli və rusdilli mətbuat anlayışı meydana gəlib. Onlar istər məzmununa, istərsə də hadisələri təhlil və işıqlandırmasına görə fərqlənirlər. Ancaq əsas problem rusdilli oxucu kontingentinin anadilli mətbuata ögeyliyi və dövlət dilindən xəbərsizliyidir. Qazaxıstandan olan jurnalist Əmircan Kosanov ölkə mətbuatının iki cəbhəyə bölünməsi problemini bu cür izah edir: “Qazaxıstan KİV-inin problemi odur ki, qazaxdilli jurnalistlər və oxucular rusdilli KİV-i oxuya bilirlər, ancaq əksər rusdilli KİV-in jurnalistləri, oxucuları təəssüf ki, orijinalda məs: Qasım Amanjolulının yaradıcılığı ilə tanış ola bilmirlər..”
    Bunu nəzərə alan Qazaxıstan höküməti qazax dilinin inkişafı və əhalinin öz dilini mükəmməl bilməsi üçün xüsusi göstəriş verib  və 2020-ci ilə qədər Qazax dilinin İnkişafının Dövlət Proqramı qəbul edilib və bu siyasət artıq bir neçə ildir ki, uğurla həyata keçirilir.
    Proqram və layihə çərçivəsində 150.000 - dən çox sözü əhatə edən qazax dilinin lüğətinin çapı nəzərdə tutulur. Hökümətin proqnozlarına görə 10 il sonra dövlət dilini bilən qazaxların  sayı 95%, rusca danışanlar 5 % olacaq.
    Qazaxıstan İnformasiya və Əlaqələr Nazirliyinin göstərişinə əsasən dillə bağlı qaydalar KİV-də, özəlliklə radio Tv yayımında daha ciddi nəzərə alınacaq. Qaydalara görə Dövlət dilində efirə çıxan radio və Tv proqramları 2012-ci ilin yanvarından 25%, 2013-cü ildə bu göstəricinin 35%, 2015-ci ildə isə 50%-dən aşağı olmaması planlaşdırılır. 2012-ci ilin sentyabrında   Tv-lərin ümumi efir həcminin 50%-i studiyaların öz istehsalı olan tele məhsullar, qazax müəlliflərin musiqi əsərləri olmalıdır.  
    Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ara-sıra mətbuata açıqlamasında  medianın qazax dilində fəaliyyətinin zəruriliyini qeyd edir. Ümumiyyətlə qloballaşan dünyada çox dil bilməklə yanaşı, ana dilinə sayğının hər şeydən əvvəl gəlməsini dolayısıyla vurğulayır: “Hesab  edirəm ki, dilin  inkişafında KİV çox vacibdir. Məs: “Balapan” uşaq telekanalı indi bütünlüklə qazax dilində yayımlanır. Hər bir qazaxstanlının minimum üç dili bilməsi zəruridir—dövlət dili, rus və ingilis dili. Üç dili bilmək bizim gələcəyimizdir. Dünya getdikcə  daha da qloballaşır, gələcək nəslimizin çoxdilli mühitə öyrəşə bilməsi vacibdir”.
    Yeddi müstəqil Türk dövlətindən başqa digər xalqlar bilindiyi kimi ya muxtar cümhuriyyət kimi, ya da digər dövlətlərin tərkibində toplum kimi fəaliyyət göstərirlər. Bu xalqların milli şüurunu və varlığını, ənənələrini və mədəniyyətini yaşatması üçün digərlərindən fərqli olaraq, milli ideologiyaya dayanan mediaya daha çox ehtiyacı var. Bu baxımdan medianın üzərinə çox böyük iş və məsuliyyət düşür. Türk özərk cümhuriyyətlərin mediasının əsas ortaq özəlliklərini aşağıdakı kimi sıralamaq olar:
    Media milli dillə yanaşı, bir çox halda tərkibində olduğu ölkənin dövlət dilində də fəaliyyət göstərir;
    Anadilli mətbuatın keyfiyyət və sayının artmasına  daha çox ehtiyac var;
    Ümumrespublika federativ media quruluşlarında digər Türksoylu xalqların dillərində saat hesabıyla  verilişlər yayımlanır, və s.
    Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Tuva, Altay, Saxa Yakutiya, və s. özərk cümhuriy­yətlərin mediasında Orta Asiyada olduğu kimi   rus dili üstünlük təşkil edir. Ancaq bununla yanaşı, ana dilində də media fəaliyyət göstərir. Bu baxımdan Tatarıstan mediasının digərləri ilə müqayisədə daha çox inkişaf etməsini qeyd etmək mümkündür.
    Özərk cümhuriyyətlərin bəzilərində federativ dövlətin həmin xalqların ana dilli mətbuatının inkişafına maraq göstərməməsi və hətta bu mətbu nəşrlərə dırnaqarası yanaşması Türksoylu xalqların ana dilində informasiya alma hüququnu dolayısıyla pozur.
    Məs: Çeçenistan respublikasında qumuq dilində fəaliyyət göstərmiş “Kumuk dyuz” (Qumuq düzü) qəzetinin bağlanması ilə bağlı üzləşdiyi problem buna nümunədir Belə ki, 2009-cu ildə Xasavyurt şəhər administrasiyasının qərarı ilə “Kumuk dyuz”un rusdilli  “Dostluq”—“Drujba” qəzeti ilə  birləşdirilməsi qərara alındı və  bu qərar qəzet oxucularının haqlı narazılığına səbəb oldu. Bu ölkədə yaşayan qumuqların adından  bir qrup oxucu  2009-cu ilin 28 iyulunda Dağıstan Respublikasının prezidentinə müraciət etdi. “Kumuk dyuz”un etno mədəniyyətin və dilin qorunub saxlanılmasında mühüm rol oynadığı və 20 illik tarixə malik olduğu qeyd olunan müraciətdə nəşrin fəaliyyətinin davam etdirilməsi xahiş edilirdi.  
    Digər məsələ isə Rusiya Federasiyası ərazi­sində yaşayan Türksoylu xalqların ictimai milli mədəni həyatında baş verən hadisələrin rusdilli KİV-də işılandırılmamasıdır. Anadilli KİV-in azlığı və məhdud çərçivədə fəaliyyəti bu xalqların cəmiyyətlərində baş verən yenilikləri daha geniş auditoriyaya çatdırmasına mane olur.
    Qumuqların əsas anadilli qəzeti olan “Yoldaş”ın baş redaktoru Kamil Əiyevin fikrin­cə də “respublika səviyyəli rusdilli     KİV milli əhəmiyyətli mədəniyyət, yubiley tədbirlərinə yetərincə diqqət ayırmır. Bu isə qumuq xalqının həyatında baş verən əsas ictimai mədəni aləmdə baş verənlərdən auditoriyanı məhrum edir”.
    Bugün qaraim, krımçak, şor, qaşqay, teleut və s. kimi elə azsaylı xalq və qruplar var ki, onlar qloballaşma şəraitində öz milli varlıqları uğrunda mübarizə aparırlar. Bu xalqların mediasından danışmaq bir qədər absurd görünsə də, onlar hər cür nəşrlərlə təşkilatlanmanı həyata keçirirlər. Məs: krımçakların “Kırımçaxlar”, qaraimlərin “Misl karaimska”, qaşqayların “El sözü” dərgiləri, qaqauzların “Ana sözü” qəzeti bu xalqların təşkilatlanması, milli adət və varlıqlarının qorunmasında əsas nəşrlərdən sayılır. Kərkük Türklərinin yeganə Tv kanalı olan “Türkman eli” bölgədəki həqiqətləri çatdıran yeganə mənbə hesab edilir.
    Müasir dövrdə qaynar qazanı xatırladan dünyada bir sıra Türksoylu xalqlar ictimai və siyasi səbəblər üzündən beynəlxalq ictimaiyyət qarşısında haqsızlığa məruz qalır, onların əsas insan hüquq və azadlıqları pozulur. Türk xalqlarının üzləşdikləri bu cür problem və aktual məsələlər təəssüf ki, beynəlxalq KİV-də, eləcə də yaşadıqları ölkə mətbuatında  obyektiv işıqlandırılmır ya da təhrif edilir. Söz azadlığı olmadığından bu cür mövzuların anadilli mətbuatda tam işıqlandırılması da reallaşmır. Odur ki, Şərqi Türküstanda, eləcə də digər bölgələrdə baş verən hadisələrlə bağlı obyektiv məlumatlar xaricə mühacir etmiş ziyalıların və ya  dərnəklərin qurduqları media orqanları vasitəsi ilə müxtəlif dillərdə dünyaya yayımlanır. Türkiyədə uyğurların “Göytürk” dərgisi, internet “İstiqlol TV” və  uyğur soyqırım tarixini əks etdirən saytlar buna nümunədir.
    Türk xalqlarının öz vətənlərində media vasitəsi ilə deyə bilmədiyi fikirlər və mövzular məhz ölkədən kənarda kütləvi informasiya vasitələrinin yaranmasını zəruri edir və bu cür dərgi, sayt,  radio və TV-lər meydana gəlir. Bu fəaliyyət öz növbəsində Türk xalqları diaspor mətbuatının formalaşmasına da şərait yaradır.
    Türksoylu xalqların arasında informasiya şəbəkəsinin qurulması və toplumların bir-birinə daha yaxın olması üçün medianın üzərinə bir sıra vəzifələr düşür. Müasir dünya müstəvisində mənəvi Turan birliyinin qurulması məsələsi  medianın vəzifə və imkanlarından nə dərəcədə  düzgün və planlı şəkildə istifadə edilməsindən asılıdır.
    Bunun üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:

    Türk xalqlarının media şəbəkəsinin əlaqələrini gücləndirəcək qurumların yaradılması və işlək vəziyyətə gətirilməsi (İlkin nümunə Türkdilli ölkələrin informasiya agentlikləri Birliyi);

    Türk xalqlarının tarixi, mədəni irsi, adətləri və müasir durumu, ortaq dəyərləri ilə bağlı ortaq sənədli filmlərin, verilişlərin, teleradio layihələrin hazırlanması və müxtəlif ölkələrdə yayımının təşkili;

    Ortaq xəbər agentliyinin, Tv və radionun qurulması;

    İnformasiya siyasətində Türk dünyasında baş verən hadisələrə daha duyarlı və obyektiv yanaşma;

    Jurnalistlərin peşəkarlığının artırılması və qarşılıqlı səfər və təcrübə mübadiləsinin təşkili;

    Media qurumlarının Türk cümhuriyyətlərində və toplumlarının yaşadığı bölgələrdə müxbir postların yaradılmasına xüsusi diqqət etməsi;

    Türk xalqları coğrafiyasının dünyaya inteqrasiya etməsi üçün əcnəbi dillərdə  KİV yaratması;

     Türk xalqlarının ana dilində medianın inkişafına diqqət göstərməsi;

    Ortaq dil və əlifba probleminin zamanla həllini tapması.

    Türkiyədə fəaliyyət göstərən “Turkish Music Box” kanalı Türk dünyasının musiqi kanalı olmasını bacardı. Kanalın yayım məqsədi Türk coğrafiyasının istənilən bölgəsindən olan xalqların musiqi mədəniyyətini bir birlərinə və dünyaya təqdim etməkdir. TRT AVAZ-ın meydana gəlməsi isə bu sahədə daha böyük addım oldu və böyük sevinclə qarşılandı.
Bu gün Türk xalqları arasında kommunikasiyaya mane olan cəhətlərdən biri də əlifba məsələsidir.
    Məs: uyğurlar, Kərkük Türkləri ərəb qrafkalı, Orta Asiya Cümhuriyyətləri və Rusiya Federasiyasının tərkibində olan özərk Cümhuriy­yətlər kiril, Türkiyə və Azərbaycan Cüm­huriy­- yətəri isə latın qrafikalı əlifbadan istifadə edirlər.
Sözsüz ki, Türk xalqları mediasının üzləşdikləri çətinliklər bununla bitmir. Bu baxımdan ümid etmək olar ki, Türk dünyasının inteqrasiyası üçün sadalanan məsələlər öz həllini tapacaq, zamanla bu inkişaf öz bəhrəsini verəcək. İki ildir, Türk xalqları və toplumlarının Media Forumunun keçirilməsi, müxtəlif  jurnalistlərin bir araya gəlib inteqrasiya məsələlərini müzakirə etməsi və fikir mübadiləsi aparması medianın gələcəkdə Türk xalqları arasında mənəvi körpü olacağına işarədir.

Bu yazı 811 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :