-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Bir daha Babəkin Türk-müsəlman hökmdarı olması barədə
Şiriftin ölçüsünü dəyiş

Ceyhun Bayramlı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü,
araşdırmaçı

(I yazı)

    Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələrinin mənafelərinin müdafiəçisi olmuş bir üsyançı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai quruluşun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bərpası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır. Azərbaycan tarix elminin qarşısında bu gün dayanan ümdə vəzifələrdən biri, zənnimcə, bu olmalıdır.
    Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarının adları sırasında Hürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyasının olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Hürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan sözügedən məsələyə, yəni Hürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin ilk hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.
    Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində olmuş hər hansı bir tarixi dövlətin mövcudluğunu təsdiqləyən ən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac var. Hər hansı bir tarixi dövlətin müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:

    * xalqın yekdil iradəsini ifadə edən kütləvi xalq üsyanı, işğalçı qüvvəyə qarşı milli-azadlıq hərəkatı dalğasının və ya kütləvi etirazın təşkilini həyata keçirən qüvvənin varlığı;
    * konkret ərazilər üzərində üsyan yaxud hərəkat rəhbərliyinin davamlı nəzarəti;
    * konkret idarəetmə orqanının fəaliyyətinin mövcudluğu;
    * dövlətçilik atributlarının (bayraq, taxt-tac, möhür, pul sikkəsi və s. atributların) mövcudluğu;
    * nəzarət edilən ərazilərin başkəndinin olması;
    * nəzarət edilən ərazilərin qorunması missiyasını daşıyan ordunun varlığı;
    * tarixi mənbələrdə həmin ərazilərdə dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu;
    * sözügedən əraziləri idarə edən şəxsin digər xarici dövlətlərin hökmdarları ilə əlaqələr qurması;
    * idarə edən şəxsin idarəetmə sahəsindəki əməli fəaliyyətinin mövcudluğu.

    Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən milli-azadlıq hərəkatının öndəri olmuş Babəkin Bəzz qalası adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçılarından ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bayrağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi konkret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla rəsmi şəkildə məktublaşırdı.    
    Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təqdim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışırlar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyirlər. “Adi bir qiyamçının” yaxud “üsyan başçısının” əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır. Babək əsir alınarkən xəlifə Mötəsimin onu fəthnamələrdə “şimal hökmdarı” kimi qeyd etdirməkdə məqsədinin guya özünü qüdrətli göstərməkdən ibarət olması barədə müddəalar isə səhv düşünçədir və əsası yoxdur.
    Qədim tarixi mənbələrdə həmin ərazilərdə konkret dövlət qurumunun və onu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələsinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumatlar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə, zənnimcə, o səbəbdən ehtiyac vardır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azərbaycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nəzarətindən kənarda qalmış və heç bir idarəetmə mexanizminə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır.  Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir.

Babək Hürrəminin hökmdar olması ilə bağlı bəzi mənbə məlumatları
    Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilindən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox Babək Hürrəminin özünü hansı məqamda görməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Hürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gəlinir.
Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin “Tərix ər-rüsul və-l-müluk” adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlundan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib: “Bəlkə də mən bu gündən sonra çox yaşamadım, amma mən hökmdar adını daşıyıram və mən harda olsam, yaxud mənim barəmdə harada nə danışsalar, - yenə də mən hökmdar olaraq qalıram”.  Z. Bünyadovda Babəkin bu məktubundakı “hökmdar” kəlməsi “padşah” və “şah” olaraq qeyd olunub.
    Sözügedən məktubda diqqəti cəlb edən daha bir məqam Babəkin özünü konkret bir sülalənin banisi olaraq görməsi və oğlunun varislik hüququndan danışmasıdır: “Sən mənim yolumla getsəydin və öz sülalənin varisi olsaydın”. Eyni sülalə məsələsi və Babəkdən sonra onun varisinin kim olması ilə əlaqədar Təbərinin adıkeçən əsərində daha bir yerdə maraqlı məlumata rast gəlinir. Səhl Sumbatla etdiyi söhbətdə Babək bununla bağlı öz narahatlığını dilə gətirir və məlum olur ki, Babəkin oğul övladlarının bir çoxu idarəetmədə naşı, digərləri də azyaşlı olduqları üçün Babək Bəzz qalasının süqutundan sonra qardaşı Abdullanı öz yerinə varis təyin etmək fikrində idi və məhz bu səbəbdən onu qorumaq məqsədilə Abdullanı Beyləqan hakimi Əbu Musa Yesainin (İstifanusun) yanına göndərir. Mənbədə bu haqda məlumat aşağıdakı şəkildə verilmişdir: “- Yaxşı olmaz ki, mən və qardaşım bir yerdə qalaq, çünki birisi bizlərdən birinin izinə düşərsə, o birisi salamat qalıb yaşayacaqdır. Mən özüm səninlə qalacağam, qardaşım Abdullah isə ibn İstifanusun yanına gedəcəkdir, çünki biz nə olacağını bilmirik və sonradan bizim sülaləni davam etdirə biləcək varisimiz yoxdur”. “- Sənin çoxlu oğlanların vardır”, - deyə İbn Sumbat ona müraciət etdi. Lakin Babək cavab verdi ki, onların arasında bir nəfər də münasib olanı yoxdur, buna görə qardaşını inandığı ibn İstifanusun qalasına göndərməyi qərara almışdır. Babəkin bu sitatdakı sözlərindən açıq-aydın görülür ki, o, özünü müstəqil dövlətin hökmdarı hesab edir, özündən sonra hökmdar sülaləsinin varisinin kim olacağını düşünürdü.
    Əbu Məhəmməd Əhməd ibn Əsəm Əl-Kufinin “Kitab-əl-Fütuh” adlı əsərində Babəkin oğluna yazdığı cavab məktubunda onun məşhur kəlamı aşağıdakı şəkildə qeyd olunub: “Babək oğlunun məktubu ilə tanış olandan sonra məktubu gətirənin boynunu vurdu. Xəlifənin fərmanını isə heç açmayıb, sinəsi üstə qoydu və ikinci elçiyə dedi: “Oğlumun yanına get və bu sözləri ona çatdır: bir gün hökmdar kimi yaşamaq qırx il qul qalmaqdan daha yaxşıdır!””. Burda Babəkin özünü hökmdar qismində görməsi asanlıqla anlaşılır. Qeyd edək ki, Təbəridə həmin kəlam “qırx il miskin qul kimi ömür sürməkdənsə, bir gün ağa kimi yaşamaq daha yaxşıdır” formasında əks olunub.
    Babəkin bir hökmdar olduğunu söyləməyə əsas verən daha bir mühüm fakt Abdürrəhman ibn Əbu Bəkr Cəlaləddin əs-Süyutinin (Cəlaləddin Əsyutinin) “Tərix-ül-xülafə” adlı əsərində əks olunmuşdur. Tarixçi-alim Z. Bünyadov öz əsərində Süyutinin “837-ci ildə Mötəsim Azərbaycan padşahını (məlikini) əsir almışdır”  deyə yazdığını bildirir.
    Səid Nəfisi öz əsərində “Babəkin hökmranlıq etdiyi ərazilər”dən danışır və bu ərazilərin coğrafi təsvirinə yer verir. Təsvirdən sonra tədqiqatçı-alim “Babəkin geniş bir ərazidə hökmranlıq etməsini” qeyd edir. “Hökmdarlıq” və “hökmranlıq” arasında leksik-semantik fərqlər olsa da, bu sitat öz-özlüyündə Babəkin kifayət qədər geniş bir əraziyə kifayət qədər uzun bir müddət ərzində nəzarət etdiyini və bu ərazilərdə öz idarəçilik qayda-qanunlarını tətbiq etdiyini təsdiqləyir.
    Mənbələrin məlumatları ilə yanaşı, Babəkin hökmdar olduğunu sübut edən digər məqamlara da diqqət cəlb etməkdə fayda vardır. Bu məqamlar üzərində tarix sahəsində bu günədək müəyyən səbəblərdən sistemli iş aparılmamışdır, bununla bərabər, bu faktların ciddi fərziyyələr irəli sürmək üçün kifayət qədər əsas verdiyini mütləq qeyd etməliyik.
    Əvvəla, onu bildirmək lazımdır ki, Babəkin çoxlu sayda cəlladının olması barədə bir sıra mənbələrdə, o cümlədən, Təbərinin “Tərix-ər-rüsul və-l-müluk”, Nizamülmülkün “Siyasətnamə”, Həmdullah Mustovfinin “Tarixi-qozide”, Qazi Əhməd Ğəffarinin “Nigaristan”, Fəsih Herəvinin “Mücməli-fəsih” əsərlərində, habelə, “Zinət-əl-məcalis” əsərində məlumatlar verilib, hətta Füzuni Astarabadinin “Kitabi-Büheyrə” əsərində Babəkin cəlladlarının sayı iyirmi nəfər göstərilib. Sıradan bir üsyan başçısının bu qədər cəlladının olması heç bir məntiqə sığmır, verilən məlumatlardan aydın olur ki, Babəkin idarəetməsində konkret məhkəmə və cəza mexanizmi də olmuşdur. Əks təqdirdə, bu qədər cəllada da ehtiyac olmazdı. Bu fakt öz-özlüyündə Babəkin bir müstəqil dövlətin hökmdarı olduğunu təsdiqləyir.
    Babəklə bağlı bu günədək aparılmış tədqiqatlarda diqqətdən demək olar ki, kənarda qalmış daha bir fakt Babəkin hərəmxanasının olması faktıdır. Sovet dövründə məlum səbəbdən bu faktın üzərindən sükutla keçilmişdir. Tarixi mənbələr onun arvadlarından ikisi – Bəzz qalasının sahibi olmuş Şəhrək oğlu Cavidanın dul qalmış qadını və Sünik knyazı Vasakın qızı İbnət əl-Kəldaniyyə barədə daha ətraflı məlumat verir. S. Nəfisi qeyd edir ki, “Görünür ki, onun (Babəkin – C.B.) bir neçə arvadı var imiş. Yazıldığına görə, Samirəyə aparılan əsirlər içərisində bir neçə qadın varmış ki, Babəkin arvadları hesab olunurdular”. İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” adlı əsərində Babəkin Afşin tərəfindən ələ keçirilən ailə üzvləri barədə bunu yazır: “Onun (Babəkin – C.B.) on yeddi oğlu və özü ilə oğullarının arvadlarından iyirmi üç nəfər qadın ələ keçmişdi”.
    Elə bu yerdəcə onu da qeyd edək ki, Babəkin 827-ci ildə Sünik knyazı Vasakla qohum olaraq onun qızını alması faktı əslində Babəkin hökmdar statusunu təsdiqləyən bir hadisə kimi dəyərləndirilə bilər. Hər halda, IX yüzillikdə Sünik vilayətinin hakimi kimi bir adamın ən azı əsilzadəlik meyarları baxımından adi bir üsyan rəhbərinə qız verib qohum olması o qədər də tez-tez baş verən hadisə deyildi. Deməli, ən azı Sünik və digər Qərbi Azərbaycan ərazilərində Babək adi bir üsyan başçısı yox, məhz hakim, hökmdar qismində qəbul olunurdu.
    Daha bir məqam pavlikianların üsyanının yatırdılması məqsədilə Babəkin quzey Azərbaycan ərazilərinə qoşun çəkməsidir ki, bu fakta da diqqət yetirmək lazım gəlir. Belə ki, bu üsyanın yatırılması üçün Alban (Alpan) knyazları özləri Babəkə müraciət edərək ondan yardım istəmiş, yalnız onun bu işi həll edə biləcəyini bildirmişdilər. Azərbaycan tarixində belə bir hal görülməyib ki, bir hökmdar yaxud vilayət hakimi öz ərazilərində çıxan üsyanı yatırtmaq üçün başqa bir üsyançını öz dəstələri ilə birlikdə dəvət etsin. Burdan aydın olur ki, həm Sünik knyazı, həm Beyləqan hakimi Əbu Musa Yesai, həm də digər Alban (Alpan) hakimləri və feodallar Babəkə özlərindən daha yüksək məqama sahib, hökmdar statusunda olan bir insan kimi yanaşırdılar.
    Babəkin bir hökmdar kimi atdığı addımlar arasında onun 827/828-ci ildə pavlikianların üsyanını yatırtması (Stepannos Orbelian, Sünik tarixi, XXXIII fəsil, səh. 95-97), erməni-hayların təşkil etdiyi qoşunu məğlub edərək erməni din xadimlərini ölkənin şimal-qərbindən qovması, onların əmlakına isə od vurub yandırması ilə yanaşı, eyni zamanda, ölkəni işğal etmək niyyətindən əl götürməyən Abbasi xilafətinin ordularına qarşı daha təsirli addımlar atmaq məqsədilə Azərbaycan ərazilərindən kənarda  xilafətin iç bölgələrində Abbasilərə qarşı çıxış edən qüvvələrə dəstək verməsi kimi faktlar da var. 833-cü ildə (hicri 218-ci il) İsfahan şəhərində hürrəmilərin tərəfdarları üsyan qaldırdığı zaman xəlifə Mötəsim Babəkin ordusunun İsfahana girə biləcəyindən narahat olaraq qabaqlayıcı tədbir kimi xilafət sərkərdəsi İshaq ibn İbrahimin rəhbərlik etdiyi çoxsaylı xilafət ordusunu hürrəmilər üzərinə göndərdi, hürrəmilər Həmədan yaxınlığında bu qüvvə ilə döyüşdə məğlub olsalar da, Babək taktiki gediş edərək Hürrəmi ordusunun bir qismini Azərbaycan ərazilərindən kənarda yerləşən İsfahan şəhərini almaq üçün göndərdi. Hürrəmi ordusu İsfahanı ərəb qoşunlarından təmizlədi. Bu hadisə onu göstərir ki, Azərbaycanın hökmdarı olan Babək artıq xilafətlə istənilən formada barışığın və dinc yanaşı yaşamağın mümkün olmadığını qəbul etmiş, birbaşa xilafətin ərazilərinə hücuma keçməyi və Abbasilərin dövlətçilik təməllərini sarsıtmağı qərara almışdı.
    Bəzz qalasının süqutundan sonra Babəkə Abbasi xəlifəsi tərəfindən qızıl möhürlü fərman göndərilməsi də diqqət yetirilməsi vacib olan bir nüansdır, belə ki, adi bir üsyan başçısına, üstəlik qüvvələri zəiflədilmiş və resursları tükədilmiş bir adama qızıl möhürlü fərman göndərilməsi ağlasığmazdır. Xəlifənin bu addımı, aydın məsələdir ki, heç də onun Babəkə rəğbət hissi ilə yanaşması yaxud aşırı humanistlik nümayiş etdirməsi demək deyildi, bu, Babəkin özünün istər-istəməz hökmdar qismində görülməsindən irəli gələn addım idi – yalnız bir hökmdara bu cür təntənəli şəkildə xəlifə fərmanı göndərilə bilərdi. Bu yanaşmamızın doğruluğunu Babəkin əsir alınaraq xilafət paytaxtı Samarraya gətirilməsi hadisəsi də təsdiqləyə bilər. Təbəri “Tərix əl-rüsul və-l-müluk” əsərində, İmadəddin ibn-Kəsir “Əl-bidayə və-n-nihayət” əsərində, Mirxond Bəlxi “Rövzət-əs-səfa” əsərində, Məsudi “Müruc-əz-zəhəb” əsərində qeyd edir ki, Babək hökmdarlara məxsus dəbdəbə ilə geyindirilmiş, başına hökmdarlarda tez-tez müşahidə olunan, xəzlə əhatə olunmuş şiş papaq qoyulmuş, məxsusi bəzədilmiş olan nəhəng bir filə mindirilmişdi . Babəkin əsir götürülmüş oğlanlarına xəlifənin öz geyimlərini geydirməsini, onların hərəsini bir atın belinə mindirməsini və şəxsən hər bir atın ayağına ləl-cəvahirat bağlayaraq onları anaları ilə birlikdə azad etməsini biz dövlətə asi olmuş adi bir üsyançıya göstərilən nəvaziş kimi qəbul edə bilmərik, bu, məntiqdən kənar olardı. Bu addım yalnız hökmdar, yaxud əsilzadə kimi qəbul edilən adamın özünə və ailəsinə xəlifə səviyyəsində nümayiş etdirilən etiket (süni də olsa) kimi dəyərləndirilə bilər. 

Bu yazı 727 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :