-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

XX əsrin 50-60-cı illərində erməni disporasının fəaliyyəti
Şiriftin ölçüsünü dəyiş

Taleh Cəfərov
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun İdarə Heyətinin üzvü,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi

   XX əsrin 30-50-ci illərində beynəlxalq münasibətlər sistemində uzun illərdən bəri davam edən siyasi gərginlik nisbətən mülayimləşməyə başladı. Proses dünyanın bir-birinə əks olan sosial-siyasi sistemlərə bölünməsinin dərinləşməsi, həmçinin Şərq-Qərb ziddiyyətlərinin kəskinləşməsi ilə sistemlərarası qarşıdurmanın qüvvətlənməsi nəticəsində vaxtilə arxa plana atılmış məsələlərin yenidən gündəmə gətirilməsilə davam etdi. Belə ki, kapitalist münasibətlər sistemində özünə layiqli mövqe tutmağa çalışan, gündən-günə güclənən, Yaxın və Orta Şərq ölkələrini Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən Türkiyə Cümhuriyyətinin beynəlxalq nüfuzunun sarsıldılmasına qarşı qərbin uzun illər aparmış olduğu çirkin kompaniyalar öz mahiyyətini dəyişməklə növbəti mərhələyə qədəm qoydu. Bu işdə daha çox fəallıq göstərən qüvvələrdən biri də xaricdəki erməni diaspora təşkilatları və onlara himayədarlıq edən dağıdıcı qüvvələr idi.
   Qeyd etmək lazımdır ki, 1930-cu illərin sonu - 40-cı illərin əvvəllərində ermənilərin uzun sürən miqrasiya prosesi nisbətən sabitləşdi. Bunu dünya müharibəsi təhlükəsinin reallaşması və dünya iqtisadi böhranının davam etməsi ilə əlaqələndirmək olar. Digər tərəfdən də bölgənin Türkiyəyə yaxın olması, dənizlərə çıxış və eyni iqlim tipinə uyğun olması erməniləri bu ərazilərdə məskunlaşmağa sövq etmişdir. Lakin  1939-cu ilə qədər Anadolunu tərk edən ermənilərin sayında ciddi artım qeydə alınmışdır. Nəticədə Misir, İraq, Fələstin və ətraf ərazilərdə kiçik erməni icmaları meydana gəlməyə başladı. Yaxın Şərq ölkələri ilə yanaşı  Avropaya miqrasiya edən ermənilər bu dəfə Kipr, Yunanıstan, Bolqarıstan və Rumıniyadakı erməni diasporasının genişlənməsi və möhkəmlənməsində yaxından iştirak etdilər. Qərblə yanaşı daha çox Yaxın və Orta Şərq ölkələrinə miqrasiya edən ermənilərin yerli əhali ilə dinc yanaşı yaşaması üçün əlverişli şərait yaradıldı. Məlumat üçün qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərinədək bir çox iri şəhərlər diaspor həyatının əsas mərkəzləri halına gətirilmiş, sonra bu xüsusiyyət öz mövqeyini yavaş-yavaş itirmişdir. I Dünya müharibəsinədək İstanbul və Tiflis şəhərləri erməni diasporasının mərkəzi rolunu oynamış, lakin  müharibədən sonra bu şəhərləri Paris və Boston əvəz etmişdir.  II Dünya müharibəsindən, daha doğrusu, 50-ci illərdən sonra Qahirə, Hələb və Beyrut şəhərləri ön plana çıxmışdır. SSRİ-nin süqutundan sonra erməni diasporasının ağırlıq mərkəzi yenidən qərbə keçmişdır. Bəzi diaspora mütəxxəsislərinin fikirlərinə görə, bəhs olunan dövrdə ABŞ-a erməni miqrasiyasının güclənməsi və diasporanın formalaşmasında, eyni zamanda fəaliyyətinin gücləndirilməsində Los-Anceles ermənilərinin mövqeyinın artdığını nəzərə alaraq şəhəri bu gün erməni diasporasının mərkəzi hesab etmək mümkündür.   
   II Dünya müharibəsi bitdikdən sonra, daha dəqiq desək,  50-ci illərdən sonra Yaxın Şərqə köçmüş erməni miqrantların sosial-siyasi vəziyyəti yenidən pisləşdi. Buna səbəb həmin ölkələrdə baş vermiş ağır sosial-iqtisadi böhran, etnik azlıqların sıxışdırılması, bəzi şərq dövlətlərinin daxili siyasi vəziyyəti ilə bağlı idi. Belə ki, 1952-ci il Misir inqilabı, Livanda vətəndaş müharibəsinin alovlanması, Kiprə Türk ordusunun hərbi müdaxiləsi, İranda İslam inqilabının qələbə qazanması, həmçinin 1980-88-ci illər İran-İraq müharibəsinin ağır sosial-iqtisadi nəticələri və digər amillər buraya köç etmiş ermənilərin yenidən inkişaf etmiş ölkələrə miqrasiyası ilə nəticələndi. Əksər erməni ailələri inkişaf etmiş kapitalist ölkələrinə, xüsusilə ABŞ-a, Kanadaya, Avstraliyaya, Fransaya, İngiltərəyə və digər ölkələrə köç etdilər. Köç prosesi mərhələli şəkildə icmalar tərəfindən həyata keçirilməkdə idi. Bu işə vaxtilə adlarını qeyd etdiyimiz ölkələrə köç etmiş və orada özlərinə kifayət qədər yüksək şərait qurmuş iri erməni burjuaziyası da dəstək verməkdə idi. Məskunlaşma prosesinin sürətlə getməsi və erməni icmalarının yerli sosial-siyasi struktura inteqrasiyası onların bu ölkələrdəki mövqeyini bir qədər də möhkəmləndirdi. Qərbi Avropanın bir sıra ölkələrinə köç etmiş erməni ailələrində doğulub böyüyən və təhsil alan yeni nəsil ermənilər tamamilə o dövlətlərin həyat tərzini, normalarını qəbul etdilər və tam hüquqlu vətəndaşlarına çevrildilər. Amma bütün bunlara baxmayaraq, burada yaşayan yerli ermənilərin əhali ilə qaynayıb-qarışması məsələsi erməni diasporasını narahat edən amillərdən biri idi. Öz milli kimliklərini, özünüdərk hisslərini, dilini, adət-ənənələrini unutmaqda olan yerli ermənilərə Yaxın və Orta Şərq ölkələrindən köçüb gələn ermənilər dəstək olmağa başladılar. Həmçinin yeni köç etmiş ermənilər də vaxtilə Osmanlı imperiyasına qarşı kin, nifrət hissləri hələ də qaldığı üçün onlar burada ilk növbədə antitürk təbliğatını gücləndirdilər. Yeni nəsil ermənilərdə “qəddar”, “vəhşi Türk” imici formalaşdırmağa çalışan ermənilər daha çox məktəb və kilsələrə yol tapmağa başladılar. Nəzərə alsaq ki, xaricdəki erməni diasporasını vahid mərkəzdən idarə edən kilsə təşkilatlarının bu sahədə kifayət qədər bilik və təcrübəsinin olması da ümumi işi bir qədər də yüngülləşdirmiş oldu.
   Qeyd etmək lazımdır ki, 1923-cü il Lozanna müqaviləsi ilə iflasa uğramış “erməni məsələsi” 60-cı illərdən başlayaraq yenidən gündəmə gətirildi. “Erməni məsələsi”nin bəhs olunan dövrdə gündəmə gətirilməsi heç də səbəbsiz deyildi. Belə ki, II dünya müharibəsindən sonra dağıdılmış, viran edilmiş Avropanın yenidən qurulması və inkişaf etdirilməsi məsələsi ön plana keçdi. İlk olaraq, 1951-ci ilin aprel ayında Avropa Kömür Sazişinin bağlanması, daha sonra, 1957-ci ilin mart ayında Romada Avropa Atom Enerjisi Agentliyinin və Avropa İqtisadi Birliyinin yaradılması prosesi başa çatdı. Beləliklə, Avropanın birləşməsində, bütün iqtisadi sektorları əhatə edəcək qurumların yaradılmasında maraqlı olan ölkələrdən biri olan Türkiyənin bu məkana inteqrasiyasının qarşısını istənilən yolla almağa çalışan ölkələr süni olaraq maneələr yaratmağa başladılar. Məhz bu istiqamətdə ilk maneə “erməni məsələsi” idi.
   Bəhs olunan dövrdə erməni milliyətçiliyinin canlanması prosesi davam etməkdə idi. Buna səbəb uzun müddətdən bəri diaspora ilə Ermənistan SSR arasındakı əlaqələrin yenidən qurulması idi. Sovet siyasi rejimi diaspora ilə hökumət arasındakı münasibətləri tənzimləmək üçün bir sıra məsələlərdə son dərəcə ehtiyatlı mövqe nümayiş etdirmişdir. İ. V. Stalinin hakimiyyəti dövründə diasporanın Ermənistan SSR-ə müdaxiləsi aradan qaldırılmış və hər hansı sosial-siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması prosesi son dərəcə məhdudlaşdırılmışdır. Lakin 1962-ci ildə hökumət diasporadan Yerevana tələbələrin gəlməsinə icazə verməyə başladı. Beləliklə, diaspora sistemində formalaşmış yeni nəsillər Ermənistanda təhsil almağa başladılar. Məqsəd bu gənclərin “tarixi vətən”lərini tanımaları və dillərini mühavizə etmələri idi. Daha çox Yaxın Şərq və Qərb ölkələrindən gəlmiş erməni gəncləri Ermənistanlı gənclər üzərində böyük təsir imkanlarına malik olmaqla bütövlükdə milliyətçiliyin canlanmasına yardımçı oldular. Erməni milliyətçiliyinin daha da canlanmasında ikinci ən önəmli məsələ Türk düşmənçiliyi idi. Qeyd edək ki, erməni milliyətçiliyinin daha da güclənməsi diasporanın maraq dairəsində olmaqla yanaşı, həmçinin SSRİ-nin diaspora ilə Türk hakimiyyətinə qarşı birgə mübarizə işinə dəstək olması idi. Türkiyə hakimiyyətinə qarşı erməni diasporası ilə birgə mübarizə aparan SSRİ hökuməti daşnaqların bütün gücünü bu ölkəyə qarşı yönəltməklə rəsmi Moskva ona qarşı yönəlmiş hər hansı təhlükədən uzaq durmağa çalışırdı. Buna səbəb 1952-ci ildə Türkiyənin NATO sıralarına qatılması ilə bağlı idi. Bundan sonra SSRİ-nin Türkiyəyə olan təzyiqləri aradan qaldırılmış və münasibətlər nisbətən mülayimləşmişdir. Məhz bundan sonra, 60-cı illərdə rəsmi Moskva daşnaqlarla münasibətləri nizama salmış, gərginlik getdikcə azalmışdır. Əksinə, Sovet hökuməti erməni tarixində xidmətləri olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra iri şəhərlərdə, mərkəzi meydanlarda memarlıq abidələri ucaldılmasına qərar vermiş, nümayiş və mitinqlərin keçirilməsinə icazə verilmişdir. SSRİ Hökuməti eyni zamanda diaspora daxilində yaranmış qütbləşmənin aradan qaldırılması istiqamətində də səylərini gücləndirmişdir. Məhz hər iki qüvvənin birgə səyləri nəticəsində “Hayreniki Dzain” (Ana vətənin səsi) adında yeni bir jurnal işıq üzü gördü. Nəticədə, diasporanı təmsil edən partiya və təşkilatlar arasındakı birgə fəaliyyətlər güclənmiş, həm də diaspora ilə Ermənistan arasındakı bağlar daha da möhkəmləndirilmişdir. Hər iki bağın möhkəmləndirilməsində ümumi məqsəd Türk düşmənçiliyi idi. (sedat Laçıner, səh. 408)
   II Dünya müharibəsindən sonra Türkiyənin Şərq vilayətlərinin SSRİ-yə birləşdirilməsini həll etmək üçün sovet rəhbərləri ilk növbədə bütün dünyaya səpələnmiş çoxsaylı erməni əhalisinin potensialından istifadə etməklə bu torpaqların Sovet ittifaqına birləşdirilməsində ABŞ, Britaniya kimi böyük dövlətlərin razılığını almaq istəyirdilər. (Necla Bağğün “Türk-Ermeni ilişkileri”, İstanbul, 1973, 154 s.) Bu torpaqlar barədə sovet planının baş tutacağı təqdirdə, geri alınacaq ərazilərin məskunlaşdırılması problemi də həll edilmiş, həmin torpaqlarda məskunlaşma problemi vaxtı ilə Türkiyə ərazisindən xarici ölkələrə miqrasiya etmiş ermənilər vasitəsilə həll edilməli idi. Sovet rəhbərləri Türkiyədən torpaq məsələsini qaldırarkən bunu “tarixi ədalətin” bərpası kimi qiymətləndirirdilər. (Əsəd  Qurbanlı Sovet Türkiyə münasibətlərində “Erməni Məsələsi” və onun Azərbaycanlıların deportasiyasına təsiri (1945-1947-ci ilər), “Dirçəliş XXI-əsr,  səh. 385”)
   İ. V. Stalin antitürkiyə siysətində erməni komitə və təşkilatlarından istifadə edir, bütün dünya ermənilərini ayağa qaldırmağa səy göstərirdi. Dövlət başçısı bu məsələdə daha çox Eçmiədzin kilsəsinin imkanlarından istifadə etməyə çalışırdı. “İtirilmiş torpaq”ların geri qaytarılmasında kilsənin imkanları daha geniş idi və “azad ediləcək” ərazilər məsələsində kilsə öz imkan və vasitələri ilə çox böyük iş görə bilərdi. Vaxtilə çar Rusiyası ilə Eçmiədzin kilsəsi arasında qurulmuş sıx münasibətlər bir müddət aradan sonra yenidən bərpa olunmağa başladı. Bu sovet hökumətinin maraqlarından irəli gəlsə də əslində burada qazanan əsas tərəf Eçmiədzin kilsəsi və erməni maraqları idi.
   II Dünya müharibəsi və ondan sonrakı dövrdə SSRİ-nin Türkiyə siyasətində “erməni məsələsi”nin yenidən siyasətə qayıdışı ilə Eçmiədzin kilsə xadimləri də özlərini və fəaliyyətlərini bu işə səfərbər etdilər. Çünki bu zaman Eçmiədzin kilsəsi öz fəaliyyətini qeyri-rəsmi formada davam etdirdiyindən kilsə xadimləri yaranmış bu fürsətdən lazımınca istifadə edərək hökumətlə münasibətləri yüksək səviyyədə qurmağa can atırdılar. Belə ki, həmin dövrdə kilsə başçısının müavini Gevorq Çerokçyan İ. V. Stalinlə şəxsi münasibətlər qura bilmiş, kilsə həm də ianə yığımında fəal rol oynayırdı. Belə olan şəraitdə G. Çerokçyan dövlət başçısı ilə kilsənin bərpası istiqamətində danışıqlar aparır, kilsənin yenidən bərpasına çalışırdılar. Bu danışıqlar nəhayət, 1945-ci ildə Sovet-Türkiyə münasibətlərinin gərginləşdiyi, Türkiyənin Şərq vilayətlərinə sovet iddiaları şəraitində öz nəticəsini göstərdi. SSRİ XKS-nin sədri İ. Stalin 1945-ci il aprelin 19-da Eçmiədzin kilsəsinin rəsmi fəaliyyətinə icazə verdi. G. Gerokçyan yeni katalikos seçildi. (Ermeni komitelerinin İhtilal Haraketleri. Ankara, 1981, 201 səh.).
   Qondarma “erməni soyqırımı”nın 50-ci ildönümü yaxınlaşdıqca diaspora təşkilatları daxilindəki gərginlik daha da güclənməkdə idi. Kilsə rəhbərləri ilə diaspora təşkilatları arasındakı fikir ayrılıqları da artmaqda idi. 1964-cü ilin 16 avqustunda Ermənistanda fəaliyyət göstərən və SSRİ DTK-nın nəzarətində olan ermənilərin böyük patriarxı, Eçmiədzin Katalikosu I Vazgenin təhqir dolu bəyanatı yayımlandı. Üç gün sonra 19 avqust 1964-cü ildə mərkəzi Livanda yerləşən və ABŞ-ın MKİ-nin nəzarətində olan Antilyas Patriarxı və yaxud “Böyük Kilikiya Katalikosu” I Xoren tərəfindən daha geniş məzmunda bir bəyanat yayımlandı. Bəyanatların hər ikisində hər iki patriarx 1915-ci il uydurma “erməni soyqırımı”nın 50-ci ildönümünün yaxınlaşdığını fürsət bilərək dünya ermənilərini Türkiyəyə qarşı səfərbər etdilər. Məhz bu iki şəxsin dünya ermənilərinə səslənən bəyanatları Türkiyənin mühüm siyasi dairələri tərəfindən narahatlıqla qarşılandı. Məhz Türk hakim dairələrinin bu bəyanatlara münasibətində hər iki dövlət arasında mülayimləşən münasibətlərə xələl gətiriləcəyi vurğulanırdı. Belə ki, ilk olaraq “Böyük Patriarx” I Vazgenin dünya ermənilərinə səslənən fikirlərini təhlil etdiyimiz zaman burada açıq-aşkar Türk düşmənçiliyini, barbarlığını görmək mümkündür. I Vazgen Kilikiya, Qüds və İstanbulda yerləşən patriarxlıqlara və eyni zamanda bütün erməni xalqına səsləndirmiş olduğu fikirlərdə əsasən, 1915-ci ildə baş vermiş hadisələr zamanı Türklər tərəfindən 2 milyona qədər erməninin qətlə yetirildiyi və “böyük faciə”nin 50-ci ildönümünün yaxınlaşdığı xatırladılır, həmçinin bu faciənin məhz Türklər tərəfindən qabaqcadan planlandırılmış və həyata keçirilmiş olduğunu irəli sürürdü. Bir qədər də irəli gedərək erməni memarlar tərəfindən salınmış kənd, qəsəbə və kilsələrin yerlə-yeksan edildiyi də vurğulanırdı. I Vazgenin erməni xalqına yazmış olduğu bəyanatda xüsusilə aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılırdı:
   1. Bütün erməni kilsələri və erməni xalqı yaxınlaşmaqda olan 1965-ci ili “beynəlxalq matəm və dua ili” elan etməlidir.
   2. Bütün erməni kilsələrində 24 aprel günü dini mərasimlər keçirilməli və şəhidlər üçün dua oxunmalıdır.
   3. Şəhidlərin ruhunu yaşatmaq üçün bütün erməni kilsələrinə təcili yanacaq lampaları qoyulmalı və hər il 24 apreldə dini anım mərasimləri təşkil olunmalıdır.
   4. Aprel “soyqırımı”nı anmaq üçün istisnasız bütün erməni birlikləri və koloniyaları, erməni dərnəkləri əl-ələ verib ermənilər və erməni olmayanlar üçün izdihamlı mitinqlər, nümayişlər, konfranslar keçirməli və ədəbiyyat sərgiləri təşkil olunmalıdır.
   5. Erməni dini icmaları, beynəlxalq təşkilatları, tarix, ədəbiyyat və mədəniyyət dərnəkləri və erməni mətbuatı “böyük soyqırım”da canlarını vermiş olan ermənilərin müqəddəs xatirələrini sözlə və həqiqəti canlandırıb yaşatmaq üçün tarixi dəlilləri, sənədləri,  araşdırmaları, xatirələri, erməni və erməni olmayan yazarların ədəbiyyat və sənət əsərlərini yayımlamağı vacib bir məsələ bilməlidirlər.
   Mərkəzi Livanda yerləşən Antilyas və yaxud da Kilikiya Patriarxı I Xorenin bəyanatı da eyni ilə I Vazgenin çağırışları ilə üst-üstə düşürdü və bir növ onun təkrarı idi. Eyni ilə I Xoren də bütün erməni xalqına səslənərək böyük aprel faciəsində bir milyondan artıq ermənin öldürüldüyünü, insanların ermənilik ruhunu əbədiyyən yaşatmaq üçün can verdiklərini bildirir. I Vazgendən fərqli olaraq I Xoren “böyük faciə” zamanı 1 milyon erməninin məhv edildiyini qeyd edir. Həmçinin, I Xoren 24 aprel tarixinin ermənilik üçün bir matəm günündən daha çox bir zəfər gününə çevrilməsinə çalışır. Erməni xalqı 1965-ci ilini “birlik və qardaşlıq ili elan etməli, apardığı mücadilədən zəfərlə çıxmalıdır” deyirdi. I Xoren xüsusilə, vahid erməni xalqının, vahid erməni mədəniyyətinin, tarixinin, erməni dilinin, erməni dininin, vahid erməni kilsəsinin, vahid erməni yurdunun olmasını arzu-istək olaraq qeyd edir. Əsas erməni hədəflərindən olan Ağrı dağının erməni yurdu olacağına inamını gizlətmir. Görkəmli Türk tarixçisi Bilal Şimşir yazır ki, “hər iki patriarx dünya ermənilərinə Ağrı dağını və Türkiyəni hədəf kimi göstərdilər. Daha doğrusu, Eçmiədzin Patriarxı I Xoren 1915-ci il köçürülməsini qeyd edərək Türkiyə Cümhuriyyətinə açıq şəkildə müharibə elan etdi. Bu patriarxlar xüsusilə, Eçmiədzin patriarxı erməni camaatının gözündə papa kimidir, onların hər bir çağırışı əmr sayılır və dindar olsun-olmasın hər kəs bu çağırışa tabe olmağı dini və milli vəzifə olaraq qəbul edir”.

Bu yazı 665 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :