-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Milli dövlətçiliyimizə daxili təhdidlər
Şiriftin ölçüsünü dəyiş

Aqşin Atalızadə

“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, hüquqşunas

 

“Vətən eşqi maya kimidir, südü pozuq olanlarda tutmaz”.

Türkiyə türklərində deyim

 

Son illər sosial, iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü siyasət və irimiqyaslı islahatlar nəticəsində ölkəmiz sürətlə dünyanın inkişaf etmiş dövlətləri sırasına yaxınlaşmış, bir çöx sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halında nəzərəçarpacaq dəyişikliklər baş vermişdir. İqtisadiyyatında müşahidə olunan canlanma Azərbaycan Respublikasının vətəndaşlarının maddi vəziyyətinin sabitləşməsinə, dövlətin və vətənin problemlərinə həssaslığın artmasına şərait yaratmışdır. Respublikamız irimiqyaslı iqtisadi layihələrin iştirakçısına çevrilmiş, dövlətimiz dünya siyasi sitemində öz yerini möhkəmləndirmiş, siyasi və iqtisadi müstəqilliyimizin qorunması istiqamətində balanslaşdırılmış siyasət davam etdirilməkdədir.

Məqsədyönlü şəkildə Azərbaycan xalqının maddi-mədəni irsinin beynəlxalq miqyasda təbliği, düşmən tərəfindən mənimsənilən mədəniyyət nümunələrimiz üzərində adımızın bərpası prosesləri gedir, ölkəmiz bir çox beynəlxaq miqyaslı mədəniyyət layihələrinə ev sahibliyi edir. Ölkəmizin nailiyyətləri sadəcə mədəni sfera ilə məhdudlaşmır. Həyata keçirilən düzgün siyasətin nəticəsi olaraq artıq tam əminliklə demək olar ki, respublikamız üçün ən aktual məsələ olan Qarabağ probleminin həllində haqq səsimiz eşidilməyə başlamış, ölkəmizin beynəlxaq nüfuzu artmışdır. Respublikamızın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması da bu uğurların nəticəsi kimi qiymətləndirilə bilər.

Sosial, iqtisadi, mədəni və digər sahələrdə dövlət tərəfindən görülən məqsədyönlü işlərin əhəmiyyətini vurğulamaqla yanaşı qeyd etmək lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi və ümumən milli kimliyin formalaşdırılması istiqamətində  müəyyən problemlər mövcuddur ki, bu da bir sıra amillərlə bağlıdır.

 

1. Maddi  dəyərlərə ifrat meyllilik

Bu amil daha çox obyektiv səciyyə daşıyır və ifrat dərəcədə maddiyyata meyl ilə bağlıdır. Belə ki, yüksək iqtisadi inkişaf, maddi resursların bolluğu şəraitində əhalinin əhəmiyyətli bir qismi cəmiyyətin problemlərindən uzaqlaşaraq, daha çox şəxsi mənfəət, mövcud imkanlardan maksimum dərəcədə yararlanmaq barədə düşünməyə başlamışdır. Tarixi təcrübə göstərir ki, insanların yalnız şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və dövlətin problemlərinə biganə yanaşdığı halda bu təkcə onların özünün deyil, bütün cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb olur. Fərdin cəmiyyətə və dövlətə qarşı biganəliyi son nəticədə cəmiyyətin maddiyyata uyaraq mənəvi cəhətdən kasadlaşmasına gətirib çıxarır. Son illər təəssüf ki, cəmiyyətimizdə də bu proseslərin cərəyan etməsinin şahid oluruq.

 

2. Mənəvi ruh düşkünlüyü

Bu xarakterli amillərə mənəvi-psixaloji xarakterli amilləri, Qarabağ müharibəsindən sonra əhalidə yaranmış nisbi ruh düşgünlüyünü aid etmək olar. Təəssüflər olsun ki, müstəqilliyinin ilk dövründə dövlətçilik təcrübəsi olmayan Azərbaycan Republikasının zorla cəlb edildiyi ədalətsiz və qeyri-bərabər müharibə, uzunmüddətli sülhlə əvəz olunsa da nəticə etibarilə beynəlxalq hüquq tərəfindən tanınan ərazimizin 20%-ni itirilməsi ilə nəticələnmişdir. Bu isə əhalidə müharibə dövründə minlərlə vətən övladının mənasız yerə şəhid olması kimi bədbin fikir aşılamışdır. Xüsusən bir sıra hallarda müharibənin bir çox qəhrəmanlarının layiq olduğu qiyməti almaması, erməni şovinistlərinin insanlıqla və müharibə qanunları ilə bir araya sığmayan vəhşilikləri, baş vermiş bir çox xəyanət halları insanlarda müharibə xofu formalaşdırmış, bəzi hallarda isə valideynlərin övladlarına vətən qarşısında öz borcunu yerinə yetirməsinə əngəllər yaratması üçün bəhanə olmuşdur.

 

3. Xarici əks təsirlər

Bu qrup amillər daha təhlükəli olub qloballaşma və beynlxalq inteqrasiya zəminində milli və mənəvi dəyərlərin aşınması, daha dəqiqi xarici qüvvələrin məqsədyönlü fəaliyyəti nəticəsində insanların öz dəyərlərinə qarşı yadlaşması, daha çox deformasiyaya uğraması ilə seçilən qərb dəyərlərinə meyl etmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm toxumlarının səpilməsi ilə müşayət edilir. Bu məqsədyönlü fəaliyyət daha çox gənclərə qarşı yönəlmişdir. Artıq heç kimə sirr deyil ki, xaricdən Azərbaycan dövlətinə qarşı dost münasibətdə olmayan qüvvələr tərəfindən gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması, öz dövlətinə qarşı düşmən münasibət formalaşdırılması istiqamətində artıq uzun illərdir ki, məqsədyönlü iş görülür. Bu məqsədlə milli və mənəvi dəyərləri alçaldan, dövlətçiliyi zəiflədən layihələrə maddi dəstək verilir, bu sahədəki layihələrə olduqca yüksək məbləğdə qrantlar ayrılır. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual və perspektivli gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir, sosial şəbəkələr vasitəsilə yalanlarla dolu rəy formalaşdırılaraq insanlar öz cəmiyyətinə və dövlətinə qarşı itaətsizliyə, özbaşınalığa, bu şəbəkələrdən kənara çıxmayan “inqilablara” çağrılır.

Nəticədə nə baş verir? Gələcəkdə öz milləti və dövləti üçün mühüm işlər görə biləcək bu kadrlar mənsub olduğu millətə tamamilə yadlaşdırılaraq iyrənc məqsədlər  üçün istifadə edilir.

Son olaraq 2012-ci ilin may ayında təşkil olunan “Eurovision 2012” mahnı müsabiqəsi isə özünün möhtəşəmliyi ilə dünyaya səs-küy salmaqla yanaşı, ölkəmizə qarşı açıq şəkildə düşmən münasibətdə olan bir çox qüvvələrdə həsəd hisslərinin yaranmasına səbəb olmuşdur. Həmin dövrdə daxildə və xaricdə ölkəmizdə qarşı aparılan iyrənc əks-təbliğat dövlət rəsmilərini də məsələyə açıq şəkildə etirazını bildirməyə vadar etdi. Bununla bağlı olaraq dövlət başçısı baş verənlərə düzgün qiymət verərək bildirmişdi ki, “bizə qarşı informasiya müharibəsi aparılır. .... Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, Azərbaycan reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır”.

 

4. Dini və milli radikalizm

Azərbaycan dövlətinə qarşı düşmən mövqedə olanların gözə çarpayan daha bir məqsədyönlü fəaliyyəti dövlətçiliyimizin təməlləri olan Türklük, İslam və müasirlik arasında ziddiyyət yaratmaq, guya onların birinin digərini inkar etməsi istiqamətində təbliğat aparmaqdı. Bəzi hallarda vətənpərvər, millətçi qismə qarşı gizli təsirlər göstərilərək onlara radikalizm, faşizm elementləri sızdırılır. Bu zaman millətçi gənclərdə ifrat dərəcədə turançılıq, Azərbaycan Türklüyünün inkarı üzərində qurulmuş Türkiyə-Osmanlı Türklərinin üstünlüyü, min illər boyu qardaş kimi bir vətəni bölüşdüyümüz digər etnik qruplara qarşı düşmənçilik hissləri yaradılır. Türklüklə İslamın bir araya sığmaması kimi heç bir əsası olmayan mülahizələr yürüdülür, yüzillər boyu dəyərlər sistemimizin tərkib hissəsi olan və artıq sistemləşmiş milli-mənəvi dəyərlərimiz olan İslam dini ehkamları inkar edilir, hətta Azərbaycanda nə vaxtsa mövcud olması mübahisəli olan tenqriçilik təbliğ olunur.

Eyni ssenari dindar əhali kütləsi arasında da cızılır. Tarixən Azərbaycan müxtəlif dindən və məzhəbdən olan insanların qardaş kimi bir yerdə yaşadığı tolerant bir cəmiyyət kimi bütün dünyaya nümunə olmuşdur. Məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali İslam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus İslam dini modeli təşəkkül tapmışdır. Hətta sovet dövründə uzun illər mövcud olan ateizm siyasəti və təbliğatı belə ölkəmizdə İslam dəyərlərinə zərbə vura bilməmişdir. Müstəqilliyin son illərində dini təbliğat sahəsində mövcud olan boşluqdan xarici qüvvələr öz məqsədləri üçün istifadə etməyə, müxtəlif maraqlara xidmət edən və Azərbaycan cəmiyyətinə yad olan dini təriqətlər və missioner sektalar ölkəmizə soxulmağa başlamışlar. Bu siyasətin mənfi nəticəsi olaraq ölkəmizin böyük bir qismində İranmeylli daha radikal şiə qruplar və son 20 ilə qədər ümumiyyətlə respublikamızda rast gəlinməyən vəhabilik adlanan sağ radikal dini qruplaşmalar formalaşmışdır. Bu qruplaşmalara cəlb edilən insanlarda digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi əhalini ümumi birlikdən uzaqlaşdıran çalışmlar aparılır, məzhəbdaxili sistem formalaşdırılır. Azərbaycan vətəndaşlarına guya mənsub olduqları dövlətin Allahsız olması barədə fikir yeridilir, onlar daha çox maliyyələşdikləri dövlətlərin siyasətinin həyata keçirilmısinə cəlb edilir.

Bütün bunların nəticəsi olaraq ölkəmizdə az da olsa dini sferada qütbləşmə meylləri hiss olunur ki, bu da gələcəkdə respublikamızda dini toqquşma potensialı yaradır. Azərbaycan Respublikasında dövlət səviyyəsində əhalinin dini inanclarının qorunması istiqamətində bir çox tədbrilər həyata keçirilir. Ölkəmizdə daha çox xarici dini təsirlərin qarşısının alınması istiqamətdə tədbirlər görülsə də bu tədbirlər artıq oturuşmuş olan radikal qrupları daha da qıcıqlandırır.

Etiraf etmək lazımdır ki, hazırda ölkəmizdə milli, dini və mənəvi dəyərlərin təbliği bu hallara qarşı dayanacaq dərəcədə lazımi səviyyədə deyildir. Bir çox hallarda Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizin özündə həqiqi İslamın mahiyyətinin düzgün dərk edilməməsi və bu sahədə məqsədyönlü siyasətin aparılmamasındadır. Vətəndaşların, xüsusən gənclərin Azərbaycan üçün ənənəvi olmayan dini və dinə zidd olan birliklərə (məsələn, satanizmə, krişnaizmə, emoçuluğa, Yeqova şahidlərinə, vəhabiliyə, ultraradikal şiəliyə və s.) qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixoloji təsirin  nəticəsidir.

 

5. Mənəviyyatsızlaşdırma

Hazırda ölkəmizdə düşmən qüvvələr tərəfindən əhali arasında məqsədöynlü şəkildə əxlaqsızlıq, mənəviyyatsızlıq stimullaşdırılır, əxlaqi cəhətdən geri qalan, mənəviyyatı zəif insanların təbliğatı aparılır, bu şəxslər yetişən gənc nəslə nümunə kimi təbliğ olunur. Bunun nəticəsində hazırda cəmiyyətdə gənclərin mənəvi və əxlaqi aşınması da müşahidə edilməkdədir. Əsasən xarici dillərdə olan və cəmiyyətə yad dünyagörüşü və şüuru, ifrat müasirliyi təbliğ edən ədəbiyyatların, televiziya proqramlarının, teleserialların, filmlərin, musiqi janrlarının gənclər arasında geniş yayılması onlarda milli kimliyin unudulmasına, dövlətçiliyi istisna edən kosmopolitikaya meylliyə, əsasən ənənələrə əsaslanan Azərbaycan cəmiyyətinin və dövlətin ilkin əsası olan ailə daxilində parçalanmalara, münaqişələrə, millətə və dövlətə olan bağlılığın zəifləməsi kimi mənfi nəticələrə gətirib çıxara bilər.

Bu təsirlərin başlıca hədəfləri milli dəyərlər, İslam dininin yüzillər boyu xalqımızın şüurunda möhkəmlənmiş ehkamları və nəhayət ən əsası məhz Azərbaycan dövlətçiliyidir. Xüsusən son illər dini bayramların, ənənələrin, mərasimlərin, din xadimlərinin, vətənpərvər və əxlaqlı kütlənin ələ salınması, sıxışdırılması  kimi hallar müşahidə olunur. Tam əsasla demək olar ki, ölkəmizdə aparılan ateizm təbliğatı insanları Azərbaycan dövlətinə qarşı itaətsizliyə sövq etməyə yönəlib. Çünki, İslam insanlarda vətənə, dövlətə məhəbbət hissi aşılayır. Müqəddəs kitabımız olan Qurani-Kərim də insanlardan bunu tələb edir. Nisa surəsinin 59-cu surəsində deyilir:

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”

Göstərilən təsnifat şərti xarakter daşıyır və ümumilikdə dövlətimizə və millətimizə qarşı aparılan ümumi təxribat siyasətinin tərkib hissələridir.

Təəssüflər olsun ki, bu məqsədlərə müəyyən ölçüdə nail olunur. Buna səbəb kimi aşağıdakı amilləri qeyd etmək olar

1. Birinci növbədə həmin qüvvələrin güclü təbliğat mexanizminə, maliyyə dayaqlarına və xüsusi əlaqələrə malik olması. Bu mənbələr qismində maraqlı xarici dövlətlərlə yanaşı ayrı-ayrı dövlətlər üzərində təzyiq mexanizminə, güclü maliyyə resurslarına malik beynəlxalq təşkilatları, fondları da göstərmək olar. Həmin qurumlar ölkəmizdə guya demokratiya, insan hüquqlarının təbliği adı altında qərb dəyərlərinin təbliği, paralel olaraq isə yerli əhalinin dəyərsizləşdirilməsi işi ilə məşğuldurlar. 

2. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin kifayət qədər iqtisadi resurslara malik olmasına baxmayaraq sosial-mənəvi sferaya ayrılan vəsait əks qüvvələrin ayırdığı vəsaitlə müqayisə edilməyəcək dərəcədə azdır. Əslində hazırda dövlətə əks mövqedə dayanan bir çox ziyalıların belə ürəklərində güclü vətən sevgisi yatır. Nəzərə alsaq ki, yaradıcı insanlar öz qabiliyyətlərini daha çox maddi təminat üçün deyil, məhz ədəbi, bədii, incəsənət əsərlərinin yaradılmasına yönəldirlər, onların maddiyyat tələbatlarının kənardan ödənilməsi zəruridir. Bu baxımdan dövlətdən lazımınca dəstək görməyən bir çox yaradıcı insanlar sırf maddi həvəsləndirməyə görə əks qütbə cəlb edilirlər. Xüsusən intellektual gənclərin bu yolla cəlb edilməsi dövlətimizin gələcəyi üçün böyük təhlükə yaradır. Bir zamanlar ürəyi Türklüklə, milli-mənəvi dəyərlərlə döyünən şəxslər qəfildən tamamilə Allahsızlaşmış, milli dəyərləri ələ salan, dövlətçiliyə qarşı açıq düşmən münasibəti bəsləyən ifrat kosmopolitlərə çevrilirlər.

3. Hazırda Azərbaycan Respublikasında gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılması işində boşluqların olmasını da qeyd etmək olar. Hazırda torpaqlarının 20% qədəri işğal altında olan, bir çox tarixi doğma əraziləri başqa dövlətlərin tərkibində qalmış Azərbaycanda, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətdə həyata keçirilən tədbirlər lazımi səviyyədə deyil. Bunu ilk növbədə nə rəsmi, nə də ki, qeyri rəsmi səviyyədə analoji Konsepsiyaların, layihələrin və proqramların olmaması, yaxud lazımi səviyyədə olmaması ilə izah etmək olar.

4. Ölkə rəhbərliyi tərəfindən vətəndaşlarda milli vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, xaricdən gələn yad təsirlərin qarşısının alınması istiqamətində xeyli işlər görülmüşdür. Lakin, hazırkı vəziyyət görülən işlərin heç də lazımi səviyyədə olmadığını göstərir. Xüsusən son illər dövlətimiz tərəfindən gənclərin xaricdə təhsil alaraq ölkəmiz üçün lazımi kadrlar kimi yetişməsi yönündə aparılan siyasət, bunun üçün ayrılan maliyyə vəsaitləri bir sıra hallarda əks nəticələr doğurmuşdur. Xaricə göndərilən gənclər yaşlarının xüsusiyyəti və dövlət nəzarətindən kənarda qalmaları ilə əlaqədar daha tez mənfi təsir altına düşür, xarici qüvvələr tərəfindən əməkdaşlığa cəlb olunaraq geri qayıtdıqdan sonra kənar məqsədlər üçün istifadə edilir. Nəticədə dövlətimiz öz pulu ilə özünə qarşı kadrlar yetişdirmiş olur. Yaranan bu problem də əslində bu sahədə olan boşluqlardan, xüsusən xaricdə fəaliyyət göstərən səfirliklərimizin fəaliyyətsizliyindən xəbər verir.

5.Təəssüflər olsun ki, bəzən dövlətə qarşı olan mənfi ünsürlərə qarşı seçilən mübarizə üsulları da tamamilə əks effektlər verir ki, bu da onların yanlışlığını göstərir. Dövlətçiliyə zidd dini qruplarla ən yaxşı mübarizə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı – dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Buna görə də  dini sahədə yarana biləcək problemlərin həlli üçün dəqiq mexanizmin işlənib hazırlanması, mövcud mexanizmlərdən daha səmərəli şəkildə istifadə edilməsi zəruridir. Təcrübə göstərir ki, fəaliyyəti açıq şəkildə dövlətə xəyanət kimi görünən qüvvələrin güc strukturları vasitəsilə zərərsizləşdirilməsi cəhdindən digərləri dövləti ləkələmək üçün təbliğat vasitəsi kimi istifadə edir.

Belə hallarda ən səmərəli mübarizə üsulu isə təbliğata qarşı mübarizə yox, daha səmərəli milli təbliğatın aparılmasıdır. Bunun üçün dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı fiziki və hüquq şəxslərin məqsədyönlü fəaliyyətlərinin koordinasiyası zəruridir. Bu məqsədlə müxtəlif üsul və mexanizmlər vasitəsilə əhali və xüsusən gənclər arasında Azərbaycan xalqının dövlətçilik ənənələri, milli rəmzləri təbliğ edilməli, milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, vətəndaşlarda vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırılmalı, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təhsil prosesinin keyfiyyəti artırılmalı, bu istiqamətdə elmi-nəzəri və metodiki tövsiyələr işlənib hazırlanmalı, əhalidə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi üzrə normativ-hüquqi bazanın yaradılmasına nail olunmalı, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesinə təhsil, mədəniyyət müəssisələrinin, hərbi hissələrin, bütün dövlət və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı fərdlərin cəlb edilməsinə nail olunmalı, milli-mənəvi dəyərləri, azərbaycançılığı təbliğ edən müxtəlif istiqamətli müsabiqələr keçirilməli, həyata keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi və sistemləşdirilməsi nəticəsində “Ümumi Konsepsiya” hazırlamalıdır.

Bu cür proqram xarakterli sənədlərin zəruriliyini Prezident İlham Əliyev 28 May Respublika Günü münasibətilə rəsmi qəbulda da bildirmişdir: “Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox..... Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Əgər sənin ləyaqətli siyasətin, kifayət qədər cəsarətin və ölkə üçün, ölkənin gələcəyi üçün aydın strategiyan varsa bunu etmək mümkündür”.

Bu yazı 910 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :