-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Cəhalətdən qurtuluşa
Şiriftin ölçüsünü dəyiş

Elşən Mustafaoğlu

“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru, ilahiyyatçı

 

İslam dininin ilkin çağırışlarından biri insanları cəhalətdən qurtulub düşünməyə, təfəkkür etməyə, elmə yiyələnməyə dəvət etmək olub. Məhz əql, elm və düşüncə üzərində qurulan dünyagörüşü və bu dünyagörüşü üzərində qurulan həyat tərzi insanı çaşqınlıqlardan qoruya və onun sağlam həyat tərzinə zamin ola bilər. Elmə yiyələnmək, biliklər əldə etmək, düşünüb-daşınmaq çağırışı həm “Qurani-Kərim”in bir çox ayələrində buyurulur, həm də sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s.ə.s.) hədislərində nəql edilir.

 Cəhalətdən qurtuluşun yolu məhz düşünmək, əql işlətmək, oxumaq, öyrənmək, bilməkdən keçir. Rəbbimiz “Quran”da buyurur: “…Məgər əqlinizi işlətmirsinizmi?” (surə 21, ayə 10). Bu ayədə insan düşünməyə, əql işlətməyə çağırılır. Təsadüfi deyil ki, “Quran”ın ilk nazil olan ayəsi, ilk sözü də elə “oxu!” olub.

 İslam dini elmi insan fəaliyyətinin aparıcı stimulu kimi təqdim edib. Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s.ə.s.) buyurur: “Kim elm axtarmaq yolu ilə getsə, Allah onu cənnətə aparar. Həqiqətən mələklər qanadlarını elm əhlindən razılıq əlaməti olaraq yerə sərərlər. Doğrudan da göy və yerdə olan hər bir şey elm axtarışında olan kəsin günahlarının bağışlanmasını istəyər, hətta dənizdə olan balıqlar belə. Alimin abiddən üstünlüyü on dördüncü gecədə ayın ulduzlardan üstünlüyü kimidir. Həqiqətən alimlər peyğəmbərlərin varisləridirlər. Çünki peyğəmbərlər dinar, dirhəm irs qoymurlar, onların irsi elmdir. Kim ondan bəhrələnərsə, çoxlu nəsib əldə etmiş olar” (Üsuli-Kafi, c. 1, s.95-96).

 Həzrət Peyğəmbər (s.ə.s.) başqa bir hədisdə buyurur: “Elm axtarışında olmaq hər bir müsəlmana vacibdir. Həqiqətən Allah elm axtaranları sevir” (Üsuli-Kafi, c.1, s.83).

 İmam Baqir (ə) buyurur: “Elmindən bəhrələnən alim yetmiş min abiddən daha üstündür” (Üsuli-Kafi, c.1, s.91).

 İmam Sadiq (ə) buyurur: “Səhəri üç nəfərdən biri olaraq aç: alim, elm öyrənən və elm əhlini sevən. Bunlardan başqa bir kəs olma ki, onları sevməmək nəticəsində həlak olarsan. Elm və etiqad vəhdətdə əvəzolunmaz işlər törədə bilər” (Üsuli-Kafi, c.1, s.95).

 

Tarixə səyahət

 Tarixə nəzər saldıqda dinimizin elmə və maarifçiliyə nə qədər əhəmiyyət verdiyinin şahidi olarıq. Hələ İslam dininin yeni zühur etdiyi və təqib edildiyi vaxtlarda müsəlmanlar Mədinəyə hicrət edib və orada ilk gördükləri işlərdən biri təhsil ocağı açmaq olub. Avropada kitabxanaları barmaqla saymaq mümkün olan vaxtlarda Bağdadda xəlifə əl-Məmunun yaratdığı “Müdriklər evi” kitabxanasında müxtəlif mövzulara dair 4 milyon kitab vardı. O dövrdə müsəlman alimləri ilahiyyat, fəlsəfə, ədəbiyyat, kəlam kimi elmlərlə yanaşı riyaziyyat, astronomiya, fizika, tibb və digər təbiət elmlərinə mükəmməl şəkildə yiyələnir, bu elmlərin inkişafına öz töhfələrini bəxş edirdilər.

 Lakin bununla belə, gözümüz önündə olan belə bir faktla üzləşməkdəyik ki, çağdaş zəmanəmizin bir çox elmi və texniki nailiyyətləri bilavasitə Qərb alimlərinin adıyla bağlıdır. Günümüzdə bu bir gerçəklik olaraq qəbul edilir. Lakin elmin inkişafı tarixindən bu da məlumdur ki, Qərbdə renessans dövründən sonra inkişafa qədəm qoyan Avropa ölkələrinin elmi bazaları, mənbələri əsas etibarilə müsəlman Şərqinin orta əsrlərdə əldə etmiş nailiyyətləri olub. İslam mədəni bölgəsi həmin dövrlərdə elm və mədəniyyət sahəsində aparıcı rol oynayırdı. Müsəlman alimlərinin təbiətşünaslıq, xüsusən kimya sahəsində mühüm kəşfləri, ixtiraları olub. Onlar gümüş, nitrat, sulfat turşusu və s. birləşmələri hazırlayıb, naşatır spirti, sülema, spirt (əl-kuhul), potaş (əl-qiyl), bura (əl-bura) və digər maddələri tapıb, bir sıra kimyəvi proseslərin ilk izahını veriblər.

 Kimya sahəsində müsəlman alimlərinin elmi əsərləri uzun zamanlar Avropa dillərinə tərcümə edilərək mənbə əsərlər kimi geniş istifadə edilib. İmam Cəfər Sadiqin (ə) tələbələrindən olan .

  Müsəlman alimləri bir çox başqa elmi sahələrdə də aparıcı rola malik olublar. Belə ki, Məhəmməd Xarəzmi (IX əsr) cəbr (əl-cəbr) elminin əsasını qoyub, Bəttani, Ömər Xəyyam, Nəsirəddin Tusi və bir sıra digər görkəmli alimlər riyaziyyat və təbiət elmlərini zənginləşdiriblər.

 Yerin Günəş ətrafında hərəkət etdiyini Əbu Reyhan Biruni (X-XI əsr) Kopernikdən 500 il əvvəl bildirib. Əl-Uqlidisi adlı riyaziyyatçı alim 950-ci ildə yazdığı bir əsərində onluq kəsr təlimlərinin əsaslarını verəndən 635 il sonra holland riyaziyyatçısı Stevin (1548-1620) onluq kəsri elmə gətirib.

 Avropada Alhazen kimi məşhur olan İbn əl-Heysəm (965-1037) dördüncü qüvvənin tənliklərinin həlli üsullarını göstərib. Bu məsələ ilə 5 əsr yarım sonra italyan riyaziyyatçısı Kardano (1501-1576) maraqlanıb.

 İlk coğrafi qlobusu Marağa Rəsədxanasının mühəndisi Kəriməddin Səlmasi 1266-cı ildə hazırlayıb - alman alimi Martin Bahayından 226 il əvvəl.

 Tədqiqatlar göstərir ki, Nyutonun korpuskulyar nəzəriyyəsini, həmçinin Harveyin qan dövranı nəzəriyyəsini onlardan 100-200 il öncə müsəlman alimləri işləyib hazırlayıb.

 Bu nailiyyətlər əqli elmlərdə - məntiq və fəlsəfədə də özünü göstərib.

 

Günümüzün reallığı

 Lakin təəssüflər olsun ki, son əsrlərdə həqiqi İslami dəyərlərin cəmiyyətdə zəifləməsi ilə müsəlman Şərqində elm də tənəzzülə uğrayıb. Buna paralel olaraq Avropasentrizm həyatın bütün sahələrində, xüsusilə elmdə özünə yer alıb. Renessansla inkişafa qədəm qoymuş Avropa zaman-zaman İslam mədəni bölgəsini elm sahəsində qabaqlayıb, öz yeni elmi və texniki nailiyyətləri ilə ikinciləri geridə qoyub.

 Bununla belə, qeyd etmək lazımdır ki, Qərbin elmi və texniki tərəqqiyə baxışları İslam dünyagörüşünün elmə baxışlarından müəyyən mənada fərqlənməkdədir. Hər bir insan gələcəyi haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük ümidlər bəsləyir. Lakin Qərb dünyagörüşündə elmin qarşısına qoyduğu məqsədlər mənəvi çalarlardan xalidir və yalnız maddi xarakter daşıyır. Burada mənəvi meyarlar, ümumiyyətlə heç bir məna kəsb etmir. İslam nöqteyi-nəzərindən isə elm və texnikadan yalnız yüksək bəşəri ideallara çatmaq, insanların rifahını təmin etmək, çətinliklərini həll etmək, təbiət və cəmiyyətin xidmətində durmaq üçün istifadə edilməsi labüd sayılır ki, bunların da məğzini məhz mənəviyyat meyarı təşkil edir.

 

Elmin maddi və mənəvi çalarları

 İslam dünyagörüşündə cəmiyyətin inkişafı təkcə elmlə yox, həm də mənəvi-əxlaqi dəyərlər, bəşəriyyətin min illər boyu formalaşmış mədəni idealları, humanist fəlsəfi fikirləri, nəhayət, onun ən ali meyar və metodu olan mənəviyyat prinsipi ilə bağlıdır. İslam əslində bütün bunların vəhdəti, insanın intellektual, emosional və mənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu zirvəyə doğru yüksələn insanın məqsədi onu fəth edərək kamilliyə yetişib səadət əldə etməsidir. Bu cəhətdən kamilliyə yetişmək üçün mühüm şərtlərdən biri isə məhz elmin insanlığa xidmət etməsi, onun insanın mənəvi ideallarına tabe edilməsidir. İslam insanlığın ülvi dəyərləri ilə uzlaşmayan elmi qəbul etmir. İslamın qəbul edərək zəruri, vacib saydığı və insanları ona yiyələnməyə, ona sarılmağa, ondan bəhrələnməyə səslədiyi elm məhz bəşəriyyətin ülvi məqsədlərinə xidmət edən və onu kamilliyə doğru istiqamətləndirən elmdir.

 

İnsanlığın xidmətində

 Əsrimiz kosmos əsridir. Lakin kosmik raket bizi o vaxt işıqlı sabaha apara bilər ki, onun sükanında mənəviyyat və insanlığın keşiyini çəkən təfəkkür dayanmış olsun. Belə olduqda raket süni peyklərin Yerin orbitinə çıxarılmasına, insanların neçə-neçə zəruri tələblərinin ödənməsinə xidmət edəcək. Belə olmadıqda isə o, ulduz müharibələrinə yol açan, bəşəriyyətin məhvinə yönələn niyyətlərin quluna çevriləcək.

 Əsrimiz atom əsridir. Hamı bilməlidir ki, bu əsrdə mənəviyyata söykənən elmin neçə-neçə evə işıq gətirən həyatverici tərəfi də var (atom elektrik stansiyaları), Xirosima və Naqasaki əhalisi kimi insanlığı əbədi zülmətə qərq edən tərəfi də (atom bombası).

 Beləliklə, İslam dini elmi mənəviyyatsız, alimi mənəvi keyfiyyətsiz təsəvvür etmir. Bu, əslində hər bir qərəzsiz, vicdanlı insanın etiraf edəcəyi bir həqiqətdir.

 

Acı etiraf

 Mənəviyyatdan xali olan elmin bəşəriyyətə vurduğu ölçüyəgəlməz zərbələrin şahidi olan Rusiya məktəblərindən birinin müdirinin söylədikləri buna bariz misaldır. O, yeni işə qəbul edilən müəllimlərə müraciət edərək deyir: “Hörmətli müəllim, mən alman konslagerini yaşamışam. Mənim gözlərim adi gözlərin görməli olmadığı şeyləri görüb. Alim mühəndislərin düzəltdiyi qaz kameraları, təcrübəli həkimlərin zəhərlədiyi uşaqlar, klassifikasiyalı tibb bacılarının öldürdüyü körpələr, ali təhsil ocaqları məzunlarının yandırıb güllələdiyi qadın və uşaqlar. Ona görə də mən təhsilə inanmıram. Xahiş edirəm, şagirdlərinizə insan olmağı öyrədin. Onları insani keyfiyyətləri olmayan məxluqatlara döndərməyin”.

 Həqiqətən də mənəviyyatsız elmin bəşəriyyətə gətirdiyi bəlalar danılmazdır. Məhz elm və texnikanın inkişafı ilə kütləvi qırğın silahları meydana gəlib. Təkcə 20-ci əsrdə Qərbdən doğmuş iki dünya savaşı nəticəsində bəşər tarixindəki müharibələrdə qətlə yetirilənlərdən daha artıq, 10 milyonlarla insan məhv edilib - təyyarələrin, raketlərin, bombaların, tankların, top-tüfənglərin, digər müasir silahların “xidmətləri”, yəni elmi-texniki nailiyyətlərin mənəviyyatdan uzaq istifadəsi sayəsində.

 

Mənəviyyatla üzvi vəhdətdə

 İslama görə, elm və texnika mahiyyət etibarilə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır və buna görə də həm yaradıcı və qurucu, həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər. O həm insanın özünü tapmasına, həm də özündən uzaqlaşmasına xidmət etməyə qadirdir. Məhz bu səbəbdən də İslam bir tərəfdən mənəviyyatsızlıqla mübarizə apardığı kimi elmsizliklə, cəhalətlə də amansız mübarizə aparır, digər tərəfdən də mənəvi ruha söykənən, yaradıcı və qurucu, insanlığa xidmət edən, insanlığın, bəşər mənafelərinin keşiyində dayanan və ülvi məqsədlərə yönələn elm və texnikanı dəstəkləyir, insanları ona yiyələnməyə təşviq edir və bu ruhda elmə yiyələnməyi hər bir müsəlman kişi və qadına vacib buyurur!

 Bu tələb İslamın başlıca tələblərindən və ülvi prinsiplərindən biridir. Belə ki, İslama görə, kamilliyin bir qanadı mənəviyyat, digər qanadı isə elmdir, bilikdir. Bunlar yalnız vəhdət halında kamil insan yetişdirə bilər, onu səadətini təmin edə bilər. Bu qanadlardan biri olmadan isə insan kamillik ülviliyinə parvaz edə bilməz.

 Allah-təalanın buyurduğu ayə məhz bu həqiqəti tərənnüm etməkdədir: “Heç elmi olanla elmi olmayan bir ola bilərmi?” (surə 39, ayə 9). Əlbəttə, ola bilməz! Allah bizləri bilənlərdən, elm əhlindən qərar versin və elmimizi saf mənəviyyatımızla vəhdətdə ülviliyə, kamilliyə, səadətə xidmət edən bir vasitə eləsin. Amin!

Bu yazı 591 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :