-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

“Milli dövlətçilik ideologiyası” Konsepsiyası
Şiriftin ölçüsünü dəyiş



“Müasir İnkişaf” İctimai Birliyi        Azərbaycan Respublikasının Prezidenti yanında
         Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


“Milli dövlətçilik ideologiyası”
K O N S E P S İ Y A S I

Azərbaycan Respublikasında son illər sosial, iqtisadi, mədəni və digər sahələrdə həyata keçirilən məqsədyönlü siyasət, irimiqyaslı islahatlar dövlətimizi sürətlə dünyanın inkişaf etmiş ölkələri sırasına yaxınlaşdırmış, bir çöx sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Dövlətimiz dünya siyasi sistemində öz yerini möhkəmləndirilməklə yanaşı iqtisadi müstəqilliyimizin qorunması istiqamətində hazırda balanslaşdırılmış siyasət həyata keçirməkdədir.

Sosial, iqtisadi, mədəni və digər sahələrdə dövlət tərəfindən görülən məqsədyönlü işlərin əhəmiyyətini vurğulamaqla yanaşı qeyd etmək lazımdır ki, ölkə əhalisinin mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və ümumən dövlətin ideoloji əsaslarının formalaşdırılması istiqamətində müəyyən boşluqlar hələ də mövcuddur.

Təəssüflər olsun ki, dövlət müstəqilliyimizin bərpasından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hazırda milli ideologiya anlayışına aktuallığını itirmiş yanaşama hələ də mövcuddur. “Milli ideologiya” anlayışı milli kimlik və millət anlayışlarına yanaşma tərzindən asılı olaraq fərqli ola bilər. 100 il qabaq azərbaycanlılar qarşısında ayrıca bir milli varlığa çevrilmək və öz müqəddəratını həll etmək vəzifəsi dururdu. Bu halda söhbət etnik milli kimliyin formalaşmasından gedirdi. Hazırda isə azərbaycanlılar artıq beynəlxalq hüququn subyekti olan Azərbaycan Respublikası adlı dövlət çərçivəsində öz müqəddəratlarını həll etmiş, etnik milli kimlik dövrü yerini siyasi, yaxud vətəndaş millətçiliyi dövrünə vermişdir. Bu baxımdan hazırda milli ideologiya anlayışı Azərbaycan dövləti daxilində vətəndaşlar arasında artıq formalaşmış olan vahid milli birliyin daha da gücləndirilməsi və milli dövlətçiliyin daha da inkişaf etdirilməsi ilə asossasiya olunmalıdır. Məsələnin həlli üçün dövlət tərəfindən təsdiqlənmiş normativ məzmunlu ideoloji hüquqi sənədin mövcudluğu da zəruridir.

Təqdim edilən Konsepsiya da bu sahədəki boşluqların aradan qaldırılmasına istiqamətlənmişdir.


I. ÜMUMI MÜDDƏALAR

1. Konsepsiyanın təyinatı


1.1.    “Milli dövlətçilik ideologiyası” Konsepsiyası (bundan sonra Konsepsiya) «Müasir İnkişaf» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cu il üçün maliyyə yardımı əsasında həyata keçirdiyi “Milli ideologiya haqqında araşdırma və tədqiqatlar” adlı Layihənin nəticələrinin ümumiləşdirilməsi əsasında hazırlanmışdır.
1.2.    Konsepsiya Azərbaycan Respublikasının milli dövlətçilik maraqları əsas götürülməklə və Azərbaycan xalqının tələbatları, eləcə də mövcud ictimai rəy nəzərə alınmaqla Azərbaycan Respublikasının milli dövlətçilik ideologiyası sahəsində dövlət siyasətinin formalaşdırılmasının əsas istiqamətlərini və məzmununu müəyyən edir.

1.3.    Konsepsiya:
1.3.1.    Milli ideologiya problemi ilə bağlı nəzəri araşdırmaları və müxtəlif normativ matetrialları vahid istiqamətə yönəltməyə;
1.3.2.    milli dövlətçilik ideologiyasınının əsaslarını və strukturunu müəyyən etməyə;
1.3.3.    Azərbaycan Respublikası vətənaşlarında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndiriməyə;
1.3.4.    insanlarda vətəndaşlıq öhdəliklərinin aşılanmasına;
1.3.5.    vətəndaşaların mübarizə ruhunda tərbiyə edilməsi, onlarda dövlətin və cəmiyyətin problemlərinə marağın artırılmasına;
1.3.6.    milli-mədəni dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsinə;
1.3.7.    Milli ideologiya problemi ilə bağlı normativ bazanın təkmilləşdirilməsinə xidmət edir.
1.4. Təqdim edilən Konsepsiya tövsiyə xarakteri daşımaqla bu sahədə yalnız ilkin addım kimi qiymətləndirilir və yalnız «Müasir İnkişaf» İctimai Birliyinin bu sahədəki fəaliyyətinə və fikirlərinə əsaslanır.

2. Milli ideologiyanın əsasları

2.1.    Azərbaycan Respublikasınının milli dövlətçilik ideologiyası - azərbaycançılıq  Azərbaycan xalqının milli birliyini, azərbaycan (türk) dilinin, milli adət və ənənələrinin (dəyərlərinin) qorunub saxlanması, mənəvi (islam) dəyərlərinin kənar təsirlərdən qorunaraq azərbaycan xalqının qəbul etdiyi şəkildə saxlanması və təbliği, bunların əsasında müasir tipli dövlət quruculuğu və sürətli inkişafını təmin edən kompleks ideyalarn toplusudur.
2.2.    Milli dövlətçilik ideologiyasının əsas prinsipləri:
2.2.1    . milli dəyərlərin qorunması – azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, azərbaycan dilinin saflığının, təmizliyinin, azərbaycan milli dəyərlərinin, adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş və s. istiqamətində kompleks tədbirlər sistemi;
2.2.2    . mənəvi (dini) dəyərlərin qorunması – unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dində radikal meyllərin təbliğat yolu ilə aradan qaldırılması, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq;
2.2.3. müasir dövlət quruculuğu – beynəlxalq təcrübəyə əsaslanan müasir tipli dünyəvi dövlət quruculuğu, inişaf etmiş dövlətlərin təcrbəsindən, texnologiyasından, iqtisadiyyatından bəhrələnmə, sürətli inkişaf, dünya birliyinə inteqrasiya.

3.    Azərbaycan Respublikasınının təyinatı və hədəfləri

3.1.    Azərbaycan Respublikasının təyinatı  - Azərbaycanlıların milli-mənəvi dəyərlərini və istəklərini qorumaq və Azərbaycan dövlətinin inkişaf və tərəqqisini təmin etməkdən ibarətdir.
3.2.    Azərbaycan Respublikasının siyasi sahədə əsas milli hədəfləri aşağıdakılardır:
3.2.1.    dövlətin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü;
3.2.2.    işğal altında olan Azərbaycan torpaqlarınının azad edilməsi;
3.2.3.    konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu;
3.2.4.    Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması;
3.2.5.    vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması;
3.2.6.    ictimai-siyasi sabitliyin təmin edilməsi;
3.2.7.    kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması;
3.2.8.    dünya azərbaycanlılarının həmrəyliyi, xaricdə yaşayan azərbaycanlıların və azərbaycan türklərinin hüquqlarının müdafiəsi;
3.2.9.    Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Türk-İslam Dünyası, Avropa və dünya birliyinə inteqrasiya;
3.2.10.    beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması.
3.3.    Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli hədəfləri aşağıdakılardır:
3.3.1.    iqtisadi potensialın artırılması;
3.3.2.    sosial yönümlü bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi;
3.3.3.    iqtisadi sabitliyin təmin olunması;
3.3.4.    iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalara əlverişli şəraitin yaradılması;
3.3.5.    təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi;
3.3.6.    regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsi.
3.4.    Azərbaycan Respublikasının sosial-mədəni sahədə əsas milli hədəfləri:
3.4.1.    Azərbaycanlıların rifah halının təmin edilməsi
3.4.2.    əhalinin layiqli həyat səviyyəsinin və fiziki sağlamlığının təmin edilməsi məqsədilə səhiyyə və sosial müdafiə sisteminin səmərəli fəaliyyət göstərməsi.
3.5.    Azərbaycan Respublikasının hərbi sahədə əsas milli hədəfləri:
3.5.1     dövlətin müdafiə qüdrətinin möhkəmləndirilməsi
3.5.2     Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin komplektləşdirilməsi
3.5.3    döyüş və səfərbərliyə hazırlığın, hərbi-texniki təchizatın təmin edilməsi.
3.6.    Azərbaycan Respublikasının elm, mədəniyyət və mənəviyyat sahəsində əsas milli hədəfləri:
3.6.1.    Azərbaycan türklərinin və digər azərbaycanlıların genofondunun qorunması
3.6.2.    milli-mənəvi dəyərlərin qorunub saxlanması
3.6.3.    Azərbaycan xalqının mədəni-tarixi irsinin və mənəvi dəyərlərinin qorunması və ümumbəşəri dəyərlərlə zənginləşdirilməsi
3.6.4.    İslami dəyərlərin yerli xüsusiyyətlərə uyğun şəkildə qorunub saxlaması, kənar təsirlərdən qorunması
3.6.5.    Azərbaycan türk dilinin, eləcə də etnik azlıqların  dillərinin qorunub saxlanması
3.6.6.    əhalidə özünüdərk və milli iftixar hissinin, intellektual səviyyəsinin inkişaf etdirilməsi,
3.6.7.    elmi potensialdan səmərəli istifadə olunması və onun artırılması.

4.    Azərbaycan milli kimliyi

4.1.    Azərbaycan milli kimliyi –Azərbaycan Respublikasınının vətəndaşlarının, azərbaycan xalqının, azərbaycanlıların özünüidentifikasiya şəklidir. Bu istiqamətdə aşağıdakı anlayışlar fərqləndirilməlidir:
4.1.1.    Azərbaycan Respublikasının vətəndaşları - Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan azərbaycanlılar.
4.1.2.    azərbaycanlılar - Azərbaycan Respublikasınının vətəndaşları, xaricdə yaşayan Azərbaycan Respublikasınının vətəndaşları, Azərbaycan Respublikası ilə mədəni, etnik, milli, ərazi bağlılığı olan, özünü azərbaycanlı hesab edən şəxslərdir.
4.1.3.    azərbaycan türkləri - Azərbaycan Respublikasınının vətəndaşı olan, yaxud olmayan, onun hüdudları daxilində formalaşmış ümumi etnik, iqtisadi, mədəni xüsusiyyətlərə, vahid dilə, siyasi şüura malik şəxslər, o cümlədən hazırki Ermənistan Respublikasının ərazisindən qovulmuş şəxslər, Gürcüstan Respublikası və Rusiya Federasiyasının Dağlstan Respublikasının cənub rayonları, İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin şərq ərazisində yaşayan azərbaycan mənşəli şəxslər, eləcədə bu şəxslərlə sıx mədəni, siyasi, coğrafi bağlılığı olan, azərbaycan türkcəsində danışan və özünü azərbaycan türkü hesab edən şəxslər;
4.1.3    . azərbaycan dili (azərbaycan türkcəsi) - Azərbaycan Respublikası hüdudlarında və ona qonşu olan ərazilərdə: İran İslam Respublikasının şimal hissəsində, Türkiyə Cümhuriyyətinin şərqində, İraq və Suriya Respublikalarında istifadə olunan ümumi dil;
4.2.    Azərbaycan Respublikası ilə onun vətəndaşları arasındakı münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilir.
4.3.     Azərbaycan Respublikası xaricdə yaşayan azərbaycanlılar və azərbaycan türkləri ilə bağlı aşağıdakı funksiyaları yerinə yetirir:
4.3.1.    Rusiya Federasiyasının Dağıstan vilayətində və Gürcüstan Respublikasının Borçalı vilayətində yaşayan azərbaycan türklərinin öz mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün həmin dövlətlərin hakimiyyət orqanları ilə razılaşdırılmış şəkildə kompleks tədbirlər həyata keçirir;
4.3.2.    xaricdə yaşayan azərbaycanlıların və azərbaycan türklərinin mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxanalarına, arxivlərinə, muzeylərinə, teatrlarına, musiqi ansambllarına və digər yaradıcı kollektivlərinə yardım göstərir;
4.3.3.    xarici ölkələrdə Azərbaycan türkcəsində fəaliyyət göstərən məktəblərin tədris-metodik və maddi-texniki təminatına və inkişafına, eləcə də həmin məktəblər üçün kadrların hazırlanmasına yardım göstərir, onlıların mədəni irsinin öyrənilməsinə kömək göstərir;
4.3.4.    öz ana dilini qoruyub saxlamaqda, ana dilinin öyrənilməsinə, təhsil almaq və informasiya əldə etmək üçün bu dildən istifadəyə şərait yaradılmasında kömək göstərir;
4.3.5.    Azərbaycan tarixini və Azərbaycan mədəni irsini öyrənməsinə şərait yaradılmasında onlara kömək göstərir;
4.3.6.    Azərbaycan Respublikasında təhsil almaq, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün güzəştli şərtlərlə yardım göstərir;
4.3.7.    onların dini etiqad ibadətlərini, mərasim və ayinlərini həyata keçirmələri üçün məscidlərin, dini mərkəzlərin və təhsil ocaqlarının təsis edilməsi, ibadət yerlərinin qorunub saxlanılması üçün əməkdaşlıq edir;
4.3.8.    respublikadan kənarda yaşayan Azərbaycan türkləri üçün ali və orta ixtisas məktəblərinə güzəştli qəbul təşkil edir.
4.4.    Etnik, milli və dini azlıqlara münasibətdə Azərbaycan Respublikasının funksiyalarına aşağıdakılar aiddir:
4.4.1.    Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələrinin fərdi qabiliyyətlərinə uyğun olaraq və heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər hüquqlara malik olmasını təmin edir;
4.4.2.    milli azlıq, azsaylı xalq və etnik qrupların mədəni, dil və dini müstəqilliklərinin qorunub saxlanması və inkişaf etdirilməsi;
4.4.3.    milli ənənə və adətlərə əməl, dini mərasim və ayinlərin tam azad icra edilməsi, ibadət yerlərinin qorunub saxlanılması və onlardan istifadə olunması;
4.4.4.    milli sənətkarlığın, peşəkarlıq və özfəaliyyət yaradıcılığı və xalq sənətlərinin sərbəst inkişaf etdirilməsi;
4.4.5.    bütün azlıqların tarix və mədəniyyət abidələrinin qorunması;
4.4.6.    əhali üçün əhəmiyyəti olan yerlər, qoruqlar, parklar və digər təbiət obyektlərinin mühafizə olunub saxlanılması;
4.4.7.    azlıqlar üçün mədəniyyət və dini müəssisələrinin, cəmiyyətlərini təşkil etmək belə müəssisələrə, cəmiyyət və birliklərə qanunvericilikdən irəli gələn dövlət yardımı göstərmək;
4.4.8.     azsaylı xalqların sıx yaşadığı ərazidə orta məktəb proqramı üzrə və ya fakültativ məşğələlər keçirmək yolu ilə həmin xalqların dili və ədəbiyyatının öyrənilməsi üçün tədbirlər görmək;
4.4.9.    dövlət ali məktəblərdə azsaylı xalqların filologiyası şöbələri və müvafiq kafedralarının açılması, müvafiq kadrların hazırlansması;     
4.4.10.    azlıqlar üçün dövri mətbuat vasitələrinin, televiziya və radio verilişlərinin açılması.


II. XÜSUSI MÜDDƏALAR
 MİLLİ DÖVLƏTÇİLİK İDEOLOGİYASININ TƏRKİB HİSSƏLƏRİ



5.    Azərbaycan Respublikasının hərbi ideologiyası

5.1.    Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
5.2.    Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir, ancaq torpaqlarının bir hissəsinin işğal altında olması onu daima müharibə hazırlığında olmağa vadar edir. Bunun üçün:
5.2.1.    Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi hazırlıq səviyyəsi və döyüş qabiliyyəti artırılmalı, mövcud hərbi ehtiyatlar səfərbərlik üçün hazır vəziyyətdə saxlanılmalı;
5.2.2.     hərbi-sənaye kompleksinin inkişafı, müasir silah və hərbi-texniki nailiyyətlər tətbiq edilməli;
5.2.3.    Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı mühafizəsi təmin edilməli;
5.2.4.    hərbi təhsil sistemi inkişaf etdirilməli, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ixtisaslı kadrlarla təminatı işi yaxşılaşdırılmalı;
5.2.5.    hərbi xidmət əleyhinə cinayətkarlığa qarşı mübarizə aparılmalı;
5.2.6.    Azərbaycan Respublikasının hərbi sahədə milli təhlükəsizliyinin təmin olunması məqsədilə xarici ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq həyata keçirilməli;
5.2.7.    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialı, döyüşə hazırlığı və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyətlər aşkarlanaraq qarşısı alınmalı;
5.2.8.    müdafiə kompleksi sahəsində strateji əhəmiyyətli obyektlərin, həmçinin hərbi maraqları baxımından əhəmiyyət kəsb edən elmi-texniki araşdırmaların və bu fəaliyyətin nəticələrinin, o cümlədən məlumatların, sənədlərin və proqram təminatı vasitələrinin təhlükəsizliyi təmin edilməlidir.
5.3.    Vətəndaşların daima yüksək hərbi hazırlığınının təmin edilməsi üçün:
5.3.1.    müvafiq təhsil müəssisələrində hərbi dərslərin sayı artırılmalı, hərbi dərnəklər təşkil edilməli, həmin dərnəklər vasitəsilə gənclərin orta və ali təhsil müəssisələrində həqiqi hərbi xidmətə tam hazırlığı təmin edilməli;
5.3.2.    hərbi dərslər üzərində ciddi dövlət nəzarəti təmin edilməli, bu sahədə ali təhsil müəssisələri ilə hərbi hissələr arasında əməkdaşlıq yaradılmalı;
5.3.3.    əsasən yay və qış tətilləri dövrlərində hərbi hissələrin tərkibində bir həftədən-bir ayadək davam edən xüsusi hərbi-idman düşərgələri təşkil edilməli, burada şagird və tələbələr arasında hərbi-idman oyunları, sadələşdirilmiş hərbi təlimlər keçirilməli, xüsusi elmi və pedaqoji hazırlıqlı şəxslər tərəfindən gənclər arasında ideoloji təbliğat aparılmalı;
5.3.4.    milli skaut hərəkatı formalaşdırılmalı və təşkilatlandırılmalı;
5.3.5.    təhsil müəssisələrində "Silahlı Qüvvələr aylığı", "Bu günün tələbəsi sabahın zabitidir" mövzusunda tədbirlər keçirilməli, gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə müntəzəm görüşləri təşkil edilməli;
5.3.6.    çağırış vaxtı hərbi komissarlıqlarda keçirilən yola salma mərasimlərində gələcək çağırışçıların aktiv iştirakı təmin edilməli;
5.3.7.    vətənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması zamanı həlak olmuş qəhrəmanların xatirəsi mütəmadi olaraq yad edilməli;
5.3.8.    informasiya-kommunikasiya texnologiyaları sahəsində milli kompüter hərbi oyunlarımız yaradılmalı;
5.3.9.    vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan və ya yaralanan əsgər və zabitlərin və onların ailə üzvlərinin sosial problemlərinə qayğı artırılmalı, onların maddi təminatı müstəsna dərəcədə yaxşılaşdırılmalı;
5.3.10.     vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan və ya yaralanan əsgər və zabitlər haqqında sənədli filmlər çəkilməli, ədəbi əsərlər yazılması, stimullaşdırılmalı, xatirələri əbədiləşdirilməlidir.

6.    Milli dövlətçiliyin iqtisadi əsasları

6.1.    Azərbaycan Respublikasında iqtisadiyyat xalqın rifahının yüksəldilməsinə xidmət edir.
6.2.    Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyata üstünlük verir.
6.3.    İqtisadi sahədə Azərbaycan dövlətinini funksiyalarına aiddir:
6.3.1.    dövlətin iqtisadi əsaslarının təsbiti;
6.3.2.    milli iqtisadi inkişaf modelinin hazırlanması;
6.3.3.    Azərbaycan Respublikasının iqtisadi potensialının artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə iqtisadi müstəqilliyinin təmin olunması;
6.3.4.    ölkə iqtisadiyyatının inkişafını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi;
6.3.5.    ölkədaxili və beynəlxalq maliyyə təsisatları arasında qarşılıqlı sərfəli əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiyatlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsi;
6.3.6.    Azərbaycan Respublikasının iqtisadi potensialının qorunması məqsədi ilə büdcə vəsaitlərinin və dövlət ehtiyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;
6.3.7.    iqtisadiyyatın inkişafının təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi;
6.3.8.    iqtisadiyyatda dövlət idarəetməsinin təkmilləşdirilməsi;
6.3.9.    iqtisadiyyatda qeyri-mütənasib inkişafın qarşısının alınması;
6.3.10.    iqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatının təkmilləşdirilməsi;
6.3.11.    milli məhsulların rəqabət qabiliyyətinin artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması;
6.3.12.    enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismarı ilə bağlı layihələrin həyata keçirilməsi vasitəsi ilə Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası;
6.3.13.    iqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması.

7.    Azərbaycanlıların sosial rifahının təmin edilməsi

7.1.    Azərbaycan Respublikası azərbaycanlıların həyatı, sağlamlığı və maddi rifahının qorunmasının, sosial ədalətin bərqərar edilməsi miqrasiya və demoqrafik proseslərinin tənzimlənməsinin təmin edir.
7.2.    Bunun üçün Azərbaycan Respublikası  aşağıdakı fəaliyyətləri həyata keçirir:
7.2.1.    Azərbaycanlıların şəxsi təhlükəsizliyi, hüquq və azadlıqlarının təmin olunması zəmanətlərinin möhkəmləndirilməsi;
7.2.2.    əhalinin sosial müdafiəsinin yüksəldilməsi və fiziki sağlamlığının qorunması üçün sosial müdafiə və səhiyyə sisteminin dünya standartlarına uyğunlaşdırılması
7.2.3.    cəmiyyətin kəskin təbəqələşməsinə yol verilməməsi üçün müvafiq sosial müdafiə və sosial inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi;
7.2.4.    vətəndaşların sosial müdafiəsi üçün ayrılan vəsaitlərin səmərəli bölgüsünün və ünvanlı istifadəsinin təmin edilməsi;
7.2.5.    qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsi;
7.2.6.    yoxsulluğun aradan qaldırılması;
7.2.7.    miqrasiya və demoqrafik proseslərin tənzimlənməsi.

8.    Xarici siyasət və diaspora

8.1.    Azərbaycan Respublikasının xarici siyasətinin əsasını dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılması, dünya birliyinə inteqrasiya etmək, Türk birliyinə nail olmaq, İslam Dünyası ilə əməkdaşlığı genişləndirmək, xaricdə yaşayan azərbaycanlıların və azərbaycan türklərinin hüquqlarının müdafiəsi təşkil edir.
8.2.    Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli özgürlüyünü qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməyi prioritet vəzifə sayır
8.3.    Bu məqsədlər üçün Azərbacan dövləti və onun müvafiq orqanları aşağıdakıları həyata keçirir:
8.3.1.    xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq;
8.3.2.    xaricdə yaşayan azərbaycanlıları Azərbaycan Respublikasının dövlət müstəqiliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsinə cəlb etmək;
8.3.3.    beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq, xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərmək;
8.3.4.    Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən kommersiya təşkilatları ilə xaricdə yaşayan azərbaycanlıların kommersiya təşkilatları arasında əməkdaşlığı təşviq etmək;
8.3.5.     xaricdə yaşayan azərbaycanlıların iştirak etdiyi birgə müəssisələrin yaradılmasına kömək göstərmək;
8.3.6.    xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadiyyatına investisiya qoymaları və Azərbaycan Respublikasının ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaratmaq;
8.3.7.    xaricdə yaşayan azərbaycan türklərinə öz mədəni irsinin və dilinin qorunub saxlanmasında və inkişaf etdirilməsində, öz ana dilində təhsil almaq imkanının həyata keçirilməsində yardım göstərmək və bu məqsədlə zəruri tədbirlər görmək;
8.3.8.    xaricdə yaşayan azərbaycanlılarda azərbaycançılıq şüurunun möhkəmlənməsi üçün tədbirlərin görülməsi.

9.    Təhsil, milli ruhlu gəncliyin formalaşdırılması və intellektual inkişaf

9.1.    Azərbaycan Respublikasında təhsil dünyavi xarakter daşıyır.
9.2.    Təhsilin əsas məqsədləri aşağıdakılardır:
9.2.1.    Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;
9.2.2.    milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;
9.2.3.    sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsil alanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

10.    Dövlətçilik idealogiyasının tarixi-milli əsasları

10.1.    Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
10.2.    Azərbaycan dövlətinin sələfi hesab edilməli olan dövlətlər aşağıdakı meyarlar üzrə müəyyənləşdirilməlidir:
10.2.1.    bu dövlət hazırki Azərbaycan ərazisində tam, yaxud qismən mövcud olmuşdur;
10.2.2.    ölkənin əhalisinin əsas hissəsini Azərbaycan türkləri və ya digər hazırki etnik qruplar təşkil etmişdir;
10.2.3.    dövlətin baniləri Azərbaycan türkləri və ya digər hazırki etnik qrupa məxsus olmaqla yanaşı hakimiyyət də məhz onların maraqlarına xidmət etmişdir

11.    Milli mədəniyyət və incəsənət, ədəbiyyat

11.1.    Azərbaycan dövləti Azərbaycanlıların formalaşdırdığı milli mədəniyyət, incəsənət və ədəbiyyat sahəsindəki mənəvi sərvətlərin qorunması, inkişaf etdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsini özünün başlıca hədəflərindən sayır
11.2.    Bununla bağlı olaraq Azərbaycan Respublikası aşağıdakıları üzərinə götürür:
11.2.1.    Mədəni dəyərlərimizin və dünya xəzinəsini zəngiləşdirəcək ədəbiyyat nümunələrimizin üzə çıxarılması;
11.2.2.    milli birliyə və dövlətçiliyin möhkəmlənməsinə yönəlmiş mədəniyyət, incəsənət və ədəbiyyat nümumələrinin yaradılması;
11.2.3.    mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, təsisatlarının hüquqlarının qorunması və yaradıcılıq fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi;
11.2.4.    mədəniyyət, incəsənət və ədəbiyyat sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması;
11.2.5.    mədəni sərvətlərin qorunması və artırılması;
11.2.6.    mədəniyyət, incəsənət və ədəbiyyat fəaliyyəti subyektlərinin sosial müdafiəsi və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi;
11.2.7.    milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılması;
11.2.8.    milli mədəni irs nümunələrinin və mədəniyyət, incəsənət və ədəbiyyat obyektlərinin yaradılması, qorunması və təşviqi;
11.2.9.    mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi;
11.2.10.    dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması;
11.2.11.    mədəni turizmin inkişaf etdirilməsi və təşviqi
11.2.12.    milli mədəniyyətin, incəsənət və ədəbiyyatın bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi;
11.2.13.    insanların Azərbaycan və dünya mədəniyyət, incəsənət və ədəbiyyat nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili;
11.2.14.    beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi;
11.2.15.    xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi;
11.2.16.    xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi;
11.2.17.    Azərbaycan milli musiqisinin (xüsusən muğamların) ölkəmizdə yaşayan bütün xalqlar üçün doğmalaşması zəminində milli birliyi gücləndirən amil kimi təbliğ olunması.

12.    Azərbaycan Respublikası və islam dini
 
12.1.    Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir
12.2.    Azərbaycan Respublikasında heç bir etiqad məcburi və müstəsna xarakter daşımır.
12.3.    Azərbaycan dövləti digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi Azərbaycan xalqının vahidliyini pozan, məzhəbdaxili sistem formalaşdıran, cəmiyyətinin mövcud dəyərlərinə zidd təbliğat aparan dini təriqətləri, məzhəbləti və missioner sektaları rədd edir. 
12.4.    Dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz.
12.5.    Azərbaycan Respublikasının dini sferada əsas funksiyaları:
12.5.1.     vətəndaşların dini etiqad azalığının o cümlədən islam dini ilə bağlı azadlıqların həyata keçirilməsi üçün təminatlar yaratmaq;
12.5.2.    dini qurumların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirmək;
12.5.3.    dini qurumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tənzimləmək.
12.6.    Azərbaycan Respublikası bəyan edir ki, islam dini, şəriət normaları onun ərazisində qədim ənənələrə malikdir və bu dinin formalaşdırdığı mənəvi dəyərlərimizin milli kimliyimizin, millətimizin formalaşmasında müstəsna rol oynamışdır.
12.7.    Məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali islam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus islam dini modeli təşəkkül tapmışdır. 
12.8.    Azərbaycan Respublikasında islam dini ilə bağlı ayinlər və digər məsələlərin idarə edilməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə bağlanmış saziş əsasında Qafqaz Müsəlmanları İdarəsinə həvalə edilir.

13.    Azərbaycan Respublikasının milli dövlətçiliyinə təhdidlər

13.1.    Azərbaycan Respublikasının milli dövlətçiliyinə təhdidlər Azərbaycan Respublikası milli hədəflərinın həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amillərdir.
13.2.    Azərbaycan Respublikasının milli dövlətçiliyinə əsas təhdidlər aşağıdakılardır:
13.2.1.    ifrat kosmopolitizm ¬– heç bir əsas olmadan demokratiya və insan hüquqularının təbliği adı altında Avropa və qərb dəyərlərinin (dəyərsizliklərinin) təbliği, milli-mənəvi dəyərlərin, milli dövlətçiliyinn ələ salınması, ateizmin təbliği, gənclərdə milli şüurun məhv edilməsi, onların dəyərsizləşdirilərək qərbin təsirində idarə olunması;
13.2.2.    ifrat millətçilik  – Azərbaycanda yaşayan xalqlar arasında ayrı-seçkilik sala biləcək, bir millətin digəri üzərində üstünlüyünü təbliğ edəcək fikirlər, milli özünüdərkin formalaşdırılmasında dini dəyərlərin nəzərə alınmamasına, İslam dininin istisna edilməsinə, azərbaycan türklüyünün ümumi türklüklə eyniləşdirilməsinə gətirib çıxara bilən ideyalar;
13.2.3.    radikal dini cərəyanlar - özünü ideal İslamın, Allahın təbliğatçısı kimi qələmə verən, əhali arasında qütbləşməyə, düşmənçiliyə hesablanmış, müxtəlif kənar dövlətlər tərəfindən idarə olunan, süni şəkildə formalaşdırılmış icmalar (vəhhabilər, nurçular, İran meyilli şiələr, yehova şahidləri, krişnaidlər və s.).
13.3.    Azərbaycan Respublikasının milli dövlətçiliyinə potensial və real, daxili və xarici təhdidlər əsasən ictimai həyatın siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekologiya, elm, mədəniyyət və mənəviyyat sahələrində təzahür edir.
13.4.    Siyasi sahədə əsas təhdidlər aşağıdakılardır:
13.4.1.    Tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikası adlanan dövlət;
13.4.2.     Azərbaycan Respublikasının dövlət müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;
13.4.3.     ictimai-siyasi sabitliyin pozulması;
13.4.4.    insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, demokratik təsisatlara qarşı daxili və xarici təzyiqlər;
13.4.5.    dövlət orqanlarının təşkilat strukturunun dağıdılması, onların fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsi;
13.4.6.    milli və dini münasibətlərin kəskinləşməsi, separatçılıq, etnik, dini və siyasi ekstremizm hallarının yayılması;
13.4.7.    ictimai təhlükəsizliyin pozulması, hüquqpozmaların sosial profilaktikasının səmərəsizliyi, cinayətkarlığın, xüsusən onun mütəşəkkil, transmilli formalarının artması;
13.4.8.     qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılması, silahlı qiyamın təşkil edilməsi;
13.4.9.    xarici xüsusi xidmət orqanlarının və başqa təşkilatların, həmçinin ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasına qarşı kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti;
13.4.10.    dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə görə onun həyatına sui-qəsd edilməsi;
13.4.11.    digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə;
13.4.12.    Azərbaycan Respublikasının maraqlarına toxuna bilən mövcud və potensial regional münaqişələrin olması;
13.4.13.    beynəlxalq terrorçuluq.
13.5.     İqtisadi sahədə əsas təhdidlər aşağıdakılardır:
13.5.1.    dövlətin iqtisadi potensialının tükənməsi, yaxud qeyri-səmərəli istifadəsi, milli iqtisadiyyatın digər ölkələrdən maliyyə və texnoloji asılılığının yaranması, boru kəmərlərinin, digər kommunikasiyaların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin pozulması;
13.5.2.    iqtisadi əlaqələri nizamlayan dövlət sisteminin pərakəndəliyi, iqtisadiyyatın qeyri-mütənasib inkişafı;
13.5.3.    Azərbaycan Respublikasının dünya iqtisadiyyatından təcrid olunması;
13.5.4.    maliyyə-kredit sisteminin pozulması, maddi və maliyyə vəsaitlərinin ölkədən qanunsuz çıxarılması;
13.5.5.    təbii və maddi sərvətlərin talan edilməsi və səmərəsiz istifadəsi;
13.5.6.    investisiya aktivliyinin zəifləməsi.
13.6.     Sosial sahədə əsas təhdidlər aşağıdakılardır:
13.6.1.    müxtəlif sosial təbəqələr arasında qütbləşmənin kəskinləşməsi, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin səmərəsizliyi;
13.6.2.     sosial hüquqların pozulması;
13.6.3.    demoqrafik vəziyyətin kəskinləşməsi və nəzarətsiz miqrasiya proseslərinin intensivləşməsi;
13.6.4.    əhalinin fiziki sağlamlığının təmin edilməsi sahəsində tədbirlərin görülməməsi;
13.6.5.    sosial müdafiə sisteminin zəifliyi.
13.7.     Hərbi sahədə əsas təhdidlər aşağıdakılardır:
13.7.1.    Azərbaycan Respublikasına qarşı təcavüz və gücün tətbiqi və ya tətbiq edilməsi hədəsi, ölkənin müdafiə qabiliyyətinin zəifləməsi;
13.7.2.    xarici ölkələrin Azərbaycan Respublikası ilə sərhədlərinin yaxınlıqlarında yaranmış qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması;
13.7.3.    Azərbaycan Respublikası ilə qonşu olan dövlətlərdə hərbi-siyasi vəziyyətin qeyri-sabit olması, həmsərhəd dövlətlərin ərazisində ölkəmizə qarşı düşmənçilik siyasətini yeridən digər dövlətlərin qoşunlarının yerləşdirilməsi;
13.7.4.    Azərbaycan Respublikasına qarşı kütləvi qırğın silahlarının tətbiqi və ya tətbiqinin mümkünlüyü;
13.7.5.    Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi və iqtisadi potensialının, hərbi hazırlığının və döyüş qabiliyyətinin zəiflədilməsinə yönəlmiş fəaliyyət;
13.7.6.    Azərbaycan Respublikasının dövlət sərhədlərindəki ərazilərə, obyektlərə və qurğulara basqın edilməsi, sərhəd münaqişələri və silahlı fitnəkarlıq;
13.7.7.    başqa dövlətlərin ərazisində Azərbaycan Respublikasının əleyhinə göndərilməsi üçün silahlı birləşmələrin və qrupların hazırlanması.

Bu yazı 1124 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :