-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qazaxıstan Respublikası
Şiriftin ölçüsünü dəyiş

        Avropa və Asiya qitələrində, şərqdən qərbə 3000 km, şimaldan cənuba 1600 km məsafədə uzanan Qazaxıstan Respublikası dənizsahili (Xəzər dənizi), eyni zamanda materikdaxili ölkədir. Ərazisinin böyüklüyünə görə (2.724.900 km2) Türk dövlətləri arasında birinci, dünya dövlətləri arasında isə doqquzuncu sıradadır. Bu ərazidə Fransa, Portuqaliya, İspaniya, İtaliya, Yunanıstan, Norveç və Finlandiya kimi Qərbi Avropanın bir sıra ölkələrini yerləşdirmək olar. Şimaldan Rusiya Federasiyası, çənubdan Türkmənistan və Özbəkistan respublikaları, şərqdən isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Qazaxıstanın sərhədlərinin ümumi uzunluğu 13034 km-dir. Rusiya ilə sərhəddin uzunluğu 6032 km, Özbəkistanla 2163 km, Çinlə 1730 km, Qırğızıstanla 1053 km, Türkmənistanla 345 km-dir. Dəniz sərhəddinin uzunluğu 1730 km-dir. Qazaxıstan ilk baxışdan əlverişli coğrafi mövqeyə malik olan ölkə deyil. Dünya okeanından uzaqlıq, su ehtiyatlarının çatışmazlığı, ölkənin kəskin kontinental iqlimi iqtisadi inkişafa mane olur. Qazaxıstan Respublikası qonşu ölkələr arasında əlaqələndirici rola malikdir. Ölkənin şərqində ən uca zirvəsi 6995 m hündürlüyə malik Xan-Tenqri massivi qərbə doğru tədricən azalaraq Qaragiye (-132 m) çökəkliyinə enir. Mərkəzi hissədə Qazaxıstan xırda təpəliyi, cənub-qərbdə Xəzəryanı və Turan ovalıqları, eləcə də Ustyurd yaylası, ölkənin şimal hissəsində isə Tuqay platosu yerləşir.
        Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur -14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.

        Qazaxıstan Respublikasında daxili suları quru iqlimin nəticəsi kimi qəbul etmək olar. İrtış, İşım və Tobol çayları Şimal Buzlu okeanına, Ural və Emba Xəzər dənizinə, İli çayı Balxaş gölünə, Sırdərya çayı isə Aral gölünə tökülür. Qazaxıstanda 50 mindən çox göl var. Onlardan Balxaş, Zaysan, Alagöl ölkənin cənub-şərqində yerləşir. Qazaxıstan Respublikasının torpaq, bitki örtüyü, heyvanat aləmi müxtəlifiyi ilə seçilir. Ölkə əraziisnin yalnız 10%-ni dağlıq ərazi təşkil edir. Ərazinin çox hissəsi səhra və yarımsəhra landşaftına malikdir. Lakin ölkənin şimal hissəsində meşə-çöl və çöl zonası yayılmışdır. Qara, şabalıdı, habelə boz-qonur torpaqlar dəmyə və suvarma əkinçiliyinin inkişafına imkan yaradır. Lakin cənub-qərbdə barxanlar və üzəri hamar gillə örtülü olan takırların yayıldığı qumlu boz səhralar əkinçilik üçün deyil, yalnız müvəqqəti qışlaq üçün yararlıdır.

        Qazaxıstan Respublikasında çaylar boyunca uzanan infrazonal tuqay meşələri var. Ölkə 2500-dən çox bulaq və zəngin yeraltı sulara malikdir. Respublika ərazisi zəngin yeraltı sərvətlərə malikdir. Buna səbəb ölkə ərazisinin geoloji quruluşunun müxtəlifliyidir. Qədim kristallik bünövrənin səthə yaxın olduğu ərazilərdə qara, əlvan və nadir metallar, çökmə süxurların yayıldığı ərazilərdə isə neft, qaz, daş kömür, fosfor ehtiyatları çoxdur. Kömür ehtiyatı 100-dən çox yataqda çəmlənmişdir. Neft-qaz ehtiyatlarının ən zəngini Şimali Xəzər hövzəsidir. Hesablamalara görə, bu hövzədəki Tengiz yatağında 1 milyard ton neft, Mangiştau yarımadasındakı Qaracanbas, Uzen qaz yataqlarında isə 2 trilyon kubmetr mavi yanacaq ehtiyatı vardır. Qazaxıstanın ikinci neft ehtiyatı Aktyubinsk vilayətindəki Turqay hövzəsindədir. Qazaxıstanda həmçinin, filiz ehtiyatlarından - dəmir, mis, boksit, polimetal, xromit, manqan, qızıl, gümüş, sinkə də rast gəlinir. Ölkədə 1225 möv mineral istehsal edən 493 yataq mövcuddur. Qazaxıstan uran, xrom, sink yataqlarının ehtiyatına görə dünyada ikinci, manqan ehtiyatlarına görə üçüncü, mis ehtiyatına görə isə beşinci yerdədir. Kömür, dəmir və qızıl ehitiyatlarına görə ölkə dünya sıralamalarında ilk on ölkə arasındadır. 1996-cı ildə Qazaxıstanda dünyanın ən böyük üçüncü qızıl mədəni aşkar edilmişdir. Dünyadakı xromun 26%-i, qızılın 20%-i, uranını isə 17%-i Qazaxıstandadır.

        Böyük ipək yolunun bir qolunun keçdiyi, Avropa ilə Asiya, Rusiya ilə Orta Şərq arasında geosiyasi duruma malik olan bu nəhəng ölkənin ərazisində qədim dövrlərdən Şərq və Qərb sivilizasiyaları kəsişmişdir. Ərazidə müxtəlif dövlətlər yaranmış və süqut etmişdir.

        Qazaxıstan Respublikası hal-hazırda mövcud olan 6 müstəqil Türk dövlətindən biridir. Qazaxlar Türklərin Qıpçaq boyunun ən geniş hissəsini təşkil edirlər. Qazaxıstandan başqa 30-dan artıq ölkədə Qazax Türkləri yaşayır (Qazaxıstanda 11 milyon, digər ölkələrdə 5 milyon nəfər). Qazax sözü “sərt, müstəqil, igid” mənasını daşıyır. Müasir Qazax Türklərinin mənşəyi 1400-cü illərə qədər gedib çıxır. Hələ 14-cü əsrə qədərki dövrlərdə Qazax torpaqlarında bir çox Türk dövlətləri mövcud olmuşdur. XIV əsirdə isə müxtəlif Türk tayfalarının bir araya gəlməsi Orta Asiyada yeni bir boy əmələ gətirmişdir. Qazax bozqırları da daxil olmaqla miladdan əvvəl 5000-1200-cü illər arası bu ərazilərdə Afayesnova, Andernova və Karasuk kimi mədəniyyətlər mövcud olmuşdur. Sonrakı dövrlərdə isə Qazax steplərində ardıcıllıqla Sak, Xiongnu, Çi-çi tabeliyindəki Xiongul, Apar, I Göytürk Xaqanlığı, Qərbi Göytürk imperatorluğu, Xəzər ve Bolgar, II Göytürk xaqanlığı, Türgiş dövləti, Ərəb, Karluk ve Kimek, Qaraxanlı dövləti, Oğuz Yabgu, Qıpçak, Böyük Səlcuq imperatorluğu, Xarzəmşahlar dövləti, Monqol hakimiyyəti və Qızıl Orda dövlətinin mədəniyyəti mövcud olmuşdur. Qızıl Orda dövlətinin süqutundan sonra Dəşti-Qıpçaq bölgəsində mövcud olan Türk qövmləri Noqay xanın ətrafında toplaşaraq Noqay xanlığını yaratdılar. Daha sonra Qazax xanlığına çevrilən bu xanlıq 1465-ci ildən 1847-ci ilə qədər Qırğız bozqırlarındakı Türk qövmlərinin də ortaq adı olmuşdur. Qazax xanlığı hal-hazırkı Qazax torpaqlarını əhatə edən üç hissədən: Böyük Cüz, Orta Cüz və Kiçik Cüzdən ibarət idi. Sözügedən cüzlər 1771-ci ildən etibarən müstəqil fəaliyyət göstərməyə başladılar. 1770-ci illərin sonlarında Qazax cüzləri güclü Rus imperatorluğu və Çin arasında gedən münaqişənin arasında qaldılar. 1847-ci ildə Qazax xanı olan Kenesarı xanın hakimiyyəti dövründə ruslar Qazax cüzləri üzərində olan hökmranlıqlarını tam təmin etdilər. 1863-cü ildə Orta Asiyada  Rusiyanın qubernatorluğu quruldu və bölgə hissələrə parçalandı. Bu dövrdə ruslar Qazax bölgəsini “Qazax Qırğızları xanlığı” adlandırdı. 1900-cü illərdə xeyli sayıda rus Qırğız bozqırlarına köçürüldü. 1906-cı ildə Orta Asiyanı Rusiyaya bağlayan dəmir yolunun çəkilişləri başa çaatdı. 1912-1917-ci illər arasında Orta Asiyada rus hökumətinə qarşı qiyamlar baş verdi və 1917-ci ildə Rusiyada çar hakimiyyətinin süqutu ilə əlaqədar Orta Asiyada müstəqillik dövrü başladı. 1917-1920-ci illər arasında əvvəlki Qazax cüzləri birləşərək müstəqil Alaş Orda dövlətini yaratdılar. Hökumət rəhbəri Əlixan Bokexanov, paytaxtı isə Semey şəhəri  olan bu dövlət yalnız üç il mövcud ola bildi. 1920-ci ildə ruslar Alaş Orda dövlətini işğal etdilər və bu tarixdən sonra Qazax bozqırlarında sovet hakimiyyəti dövrü başladı. Bugünkü Qazaxıstan ərazisində qurulan Sovet Sosialist Respublikasını ruslar  yanlış olaraq Qırğızıstan Muxtar SSR-i adlandırmışdılar. Bu səbəbdən də 1925-ci ildə ittifaq rəhbərliyi bu yalnışlığa düzəliş verərək Qırğızıstan Muxtar SSR-i adını Qazaxıstan Muxtar SSR-i ilə dəyişdirdi. İlk illərdə Orenburq şəhəri də Qazaxıstanın ərazisinə daxil idi, lakin sonradan Rusiyaya birləşdirildi. 1936-cı ildə respublikanın rəsmi adındakı “muxtar” ifadəsi ləğv olundu və ölkə Qazaxıstan Sovet Sosialıst Respublikası adlndırıldı. 1924-1934-cü illər arasında kənd təsərrüfatı (əkinçilik) sahəsində problemlər yarandı və bir çox Qazax boyu Uyğur bölgəsinə köçürüldü. II Dünya müharibəsi ərzində çətin günlər keçirən və əhalisinin sayında böyük azalma nəzərə çarpan Qazaxıstan Sovet Sosialist Respublikası, Sovetlər birliyinin mövcud olduğu zaman ərzində sovet əkinçilik siyasətinin tətbiq olunduğu bir mərkəz oldu. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra oktyabırın 25-də Qazaxıstan öz müstəqilliyini elan etdi. Qazaxıstanin müstəqilliyini elan etməsindən 10 dəqiqə sonra Türkiyə Cümhuriyyəti onun müstəqilliyini tanımışdır. Ölkə daimi fəaliyyət göstərən ikipalatalı - parlament (senat və məclis) və bes ildən bir seçilən prezident tərəfindən idarə olunur. Qazaxıstan Respublikasının 15.301.400 nəfərlik əhalisinin  təxminən 9 milyonu (57,4 %) şəhələrdə, 6,5 milyonu (42,7 %) isə kənd yerlərində yaşayır. Əhalinin sıxlığı 1 kv. km-ə 5,6 nəfər düşür. Respublikada 120-dən çox etnik qrup yaşayır. Qazaxlar əhalinin 9 milyondan çoxunu (58,9 %), ruslar 4 milyona yaxınını (25,9%) təşkil edir. Bundan başqa ölkədə ukraynalılar, özbəklər, tatarlar, uyğurlar, almanlar və digər xalqların mümayəndələri də yaşayır.

        Ölkənin rəsmi dili Türk dilləri ailəsinə mənsub olan Qazax dilidir. Bundan əlavə dövlət və yerli orqanlarda rus dilinin də istifadəsinə icazə verilir. Qazaxıstan Respublikasında qeydiyyatdan keçmiş 85 dini qurum fəaliyyət göstərir. Lakin əsas din İslam dinidir və əhalinin 60 %-i bu dinə etiqad edir.
        Qazaxıstan Respublikasının milli gerbi 1992-ci il 4 iyun tarixində yaranmışdır. Onun müəllifi J. Malıbəyov və S.Uluxanovdur. Emblem dairə şəklindədir və ənənəvi Qazax çadırı olan “yurt” və ya köçəri çadırının müxtəlif hissələrindən; “şanırak” – təkər şəklində ağac damı parçasından, “tuduk” – keçə örtüyündan, “kuldreuş” – yurdun skletindən, “uık” – sklet üçün qurşaqdan ibarətdir. Sanırağın iki tərəfində qızıl qanadlı iki at – “tulpar” yerləşir. Üst tərəfdən ortada beşguşəli ulduz və tavan tərəfdə isə Qazax yazısı var. Emblemin əsas rəngi qızılı və mavidir. Qazaxıstan Respublikasının dövlət bayrağı kvadrat şəkilli mavi qumaşdan hazırlanır. Bayrağın ortasında 32 işıq şüasından ibarət olan günəş və onun altında da bozqır qartalı, sol tərəfdə isə milli motivlərdən oluşan şaquli bir xətt yerləşir. Günəş, milli motivlər, işıq şüaları və qartal təsvirləri qızılı rəngdədirlər. Qazaxıstan Respublikasının Milli Marşının sözləri Jumeken Najimedenov və Nursultan Nazarbayevə, musiqisi isə
Şemşi Kaldayakova məxsusdur.
       
        Qazaxıstan hökuməti investisiya siyasətinin prioritet istiqamətlərindən biri kimi ölkəni dünya ticarət mərkəzləri və dəniz limanları ilə birləşdirə bilən böyük daşıma qabiliyyətinə malik dəmir və avtomobil yollarının, neft və qaz boru kəməri magistrallarının inşaatını seçmişdir. Dəmir yolu nəqliyyatı bütün ümumi istifadə olunan nəqliyyat növlərinin yük dövriyyəsinin 80-90 %-ni təşkil edir və Qazaxıstanın əsas nəqliyyat növüdür. Respublika dəmir yollarının istismar uzunluğuna görə Rusiya və Ukraynadan sonra MDB-də 3-cü yer tutur. Qazaxıstan Almatı–Pekin marşrutu ilə dəmir yolu əlaqəsi quraraq Türkmənistan, İran və Türkiyənin ərazisindən keçib Avropaya gedən Transasiya magistral dəmir yolu xəttinin qovşaq bəndi oldu. Gələcəkdə bu xətlə Qərbi Avropadan Uzaq Şərqə və Asiya-Sakit Okean regionunun ölkələrinə qədər nəqliyyat axınlarının getməsi mümkündür. Bölgələrarası və respublikadaxili yük daşımalarının inkişafı üçün avtomobil nəqliyyatı son dərəcədə mühümdür. Qazaxıstan avtomobil yollarının ümumi uzunluğu 87,7 min km-dir (bundan 11,8 min km beynəlxalq yol statusuna malikdir). Respublikanın ərazisində 3158 körpü vardır. Bərk örtüklü yollardan xalq təsərrüfatı üçün böyük əhəmiyyət kəsb edən yollar aşağıdakılardır: Qazaxıstanın qərbində Atırau–Uralsk və Aktau-Jetıbay-Uzen; Qazaxıstanın mərkəzində Qaraqanda–Astana, Almatı-Qaraqanda-Jezkazqan; Qazaxıstanın şərqində və cənubunda Leninoqorsk-Almatı–Şımkәnd və s. Bərk örtüklü yolların əsas hissəsi Qazaxıstanın şimalına və cənubuna düşür.
        Cənubi Qazaxıstan nadir təbiəti və coğrafi şəraiti ilə məşhurdur. Cənubi Qazaxıstanda əsas turizm mərkəzləri Almatı, Cambul, Qızıl-Orda şəhərləridir. Bu bölgə qədim tarixi və zəngin mədəniyyəti ilə məşhurdur. Tarazdakı Aişə-Bibi, Qaraxan, Babaca-Xatun məqbərələri, Türküstandakı Hoca Əhməd Yesevi memarlıq ansamblı və s. kimi orta əsrə aid mәşhur memarlıq abidələri bunu təsdiq edir. Bu siyahıya Yeddi Çay ərazisində (Almatı bölgəsi) yerləşən nadir Skif qəbir təpələrini də əlavə etmək olar. Məhz Cənubi Qazaxıstan bölgəsində bütün dünyada tanınmış Baykonur kosmodromu yerləşir. Bundan başqa Cənubi Qazaxıstan müalicə, istirahət, ov, alpinizm, xizək idmanı, konki ilə sürüşmə üçün nadir iqlim şəraiti ilə məşhurdur.
        Qərbi Qazaxıstanın turizm mərkəzləri Aktobe və Atırau şəhərləri, Manqiştau bölgəsidir. Respublikanın qərb hissəsi iki qitənin – Avropa ilə Asiyanın, iki çayın Volqa ilə Ural çayının kəsişməsində, Xəzər dənizinin hövzəsində yerləşir. Qədim Manqışlaq və Üstyurdun qoruqları və abidələri, eləcə də Qazax eposunda təsvir olunmuş unudulmaz yerlər buraya bir çox tədqiqatçıları, tarixçiləri, arxeoloqları və əlbəttə ki, turistləri cəlb edir.
        Şimali Qazaxıstanın əsas və ən iri şəhərləri Kustanay və Pavlodardır. Burada olan hər şey – möhtəşəm təbiət və ecazkar mənzərələrdən tutmuş yumşaq iqlimə qədər həm avtomobillə, həm də piyada səfərə çıxmış ən tələbkar turistlərin belə tələblərinə cavab verir. Kokşetau, Bayan-Aul, Muyaldı kurortları qonaqlara istirahət, səhhətin müalicəsi, maraqlı vaxt keçirmək üçün gözəl şəraitlər təklif edir. “Korqalcin” və “Naurzum” təbiət qoruqları isə “tanıyıb-öyrənmək” turizmini sevənlər üçün çox maraqlı olacaq.
        Mərkəzi Qazaxıstan Respublikanın düz mərkəzində Qaraqanda vilayəti yerləşir. Bu bölgənin turizm nöqteyi-nəzərindən üstünlüyü nadir və mənzərəli dağ və meşə massivləri ilə əhatə olunmuş dünyada ən böyük göllərdən biri olan Balxaş gölünün qoruq zonasıdır. Balxaş gölünün yaxınlığında arxeoloji və etnoqrafik cəhətdən müqəddəs sayılan bir çox müxtəlif unudulmaz yerlər vardır. Balxaş gölü regionu – gözəl kurort zonasıdır. Burada çimərliklərdə yaxşıca istirahət etmək, balıq tutmaq, dağlara çıxmaq və bu möhtəşəm diyarın təbiətinin bütün gözəlliklərindən həzz almaq mümkündür.
        Şərqi Qazaxıstan diyarının gözəl təbiətə malik əsas diqqətəlayiq yerləri Altay dağlarıdır, onların meşəli dağətəyi zonaları, İrtış çayı və gözəl Zaysan, Markakol, Sauskan gölləridir. Buranın bitki və heyvanat aləmi də müxtəlifdir. Semipalatinsk vilayəti böyük qazax şairi Abay Kunanbayev və gözəl yazıçı Muxtar Oyezovun anadan olduqları yerdir. Alagöl gölü (Əlvan göl) - Qazaxıstandakı ən nadir göllərdən biridir. O, respublikanın cənub-şərq hissəsində Çin sәrhәdindә yerləşir. Öz gözəlliyi və insan əli dəyməmiş təbiətinə görə nadirdir. Göl dəniz səviyyəsindən 347 metr yüksәklikdә yerləşir. Onun uzunluğu 104 km, eni isə 52 km-ə çatır. Gölün sahili nadir qara müalicəvi çınqıl örtüyə malikdir. Alagöl gölünün suyunun tərkibi dəniz suyunun tərkibi ilə eynidir: natrium sulfat-xloridi. Gölün suyu ilıqdır, suyun orta temperaturu 26 dərəcədir. Gölün suyu dəri xəstəliklərinin: psoriaz, ekzema, neyrodermit, böyrək müalicəsi üçün əhəmiyyətli olan faydalı xüsusiyyətlərə malikdir. Təcrübə üsulu ilə sübut olunmuşdur ki, su artrit və sinir sisteminin xəstəlikləri üçün yaxşı müalicəvi təsirə malikdir. Gölün qəribə suyu həmçinin insanın ümumi fiziki vəziyyətini də yaxşılaşdırır. Alagöl gölünün dərəsi az rütubətə malik zonada yerləşir. Bu isə ağ ciyər xəstəliklərindən əziyyət çəkən xəstələr üçün yaxşı şәraitin inkişafına yardım edir.

Bu yazı 3365 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :