-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Qırğızıstan Respublikası
Şiriftin ölçüsünü dəyiş

Türk Dünyasını tanıyaq

    Qırğızıstan Respublikası Mərkəzi Asiyada yerləşən, dənizə çıxışı olmayan, dağlıq ölkədir. O şimaldan Qazaxıstan, qərbdən Özbəkistan, cənub-qərbdən Tacikistan və cənub-şərqdən Cin Xalq Respublikası həmsərhəddir. Qırğızların inancına görə “Qırqız” kəlməsi Türk sözü olan qırx sözündən gəlir ki, bu da Manas dastanında Uyğurlara qarşı döyüşən qırx qəbiləni göstərir.
    Ümumilikdə “qırğız” sözünün mənası haqqında mütəxəssislər müxtəlif fikirdədirlər. Bəziləri “qırğız” sözünün Türk sözü oldub, “qırıq”  sözündən qaynaqlandığını qeyd edir və bu sözün tarixini uyğurların Mərkəzi Asiyaya yürüşü ilə bağlayırlar.  IX əsrin əvvəllərində  uyğurlar  Qırğızıstan da daxil olmaqla Mərkəzi Asiyanın böyük bir hissəsinə, Monqolustana, eləcə də Rusiya və Çinin bir hissəsinə nəzarəti ələ keçirirlər.  Bu yürüşün təsiri ilə  “qırğız” sözü həm də fəthedilməz və məğlubedilməz anlamında işlədilməyə başlayır.
    Digər versiyaya görə qırğız sözü qədim Türk dilində qırmızı anlamındadır. Qədim Türklərin dilində bu söz cənub ölkələrini ifadə edirdi. Qədim qaraqalpaq eposuna dayanan başqa bir versiyaya görə isə qırğız sözü “qırx qız” anlamındadır.
    Qırğız əfsanəsinə görə “Dünya yarananda tanrı hər millətə onun istedadı və şəxsiyyətinə görə torpaq verir. O, zəngin torpaqları, qayalı dağları, quru səhraları, meşələri və dünyada olan hər şeyi bölüşdürdür. Bölgünün sonunda Tanrı digərlərinin dünyanın ən yaxş hissəsi üçün bir-birləri ilə savşarkən, ağac dibində yatan Qırğızları görür. Bu diqqətsizlik Tanrının ürəyinə toxunur və O sağ qalmaq üçün Qırğızlar çox əziyyət çəkməsinlər deyə, onlara dünyanın ən  zəngin və gözəl hissəsini verməyi qərara alır”.

Tarix

    Qırğızıstan tarixinin sistemli şəkildə öyrənilməsinə XIX əsrin sonlarından başlanılmış və bu işin əsası rus alimləri tərəfindən qoyulmuşdur. Sonrakı dövrdə isə yerli mütəxəssislərin yetişməsi və bu işlərə cəlb edilməsi tədqiqatların daha da genişləndirilməsinə imkan yaratmışdır. Bununla belə ilkin tədqiqatlar dövründən başlayaraq müxtəlif mövzularda, xüsusilə etnik mənşə mövzusunda yalnışlıqlara yol verilmiş və bu yalnışlıqlar sonrakı elmi ədəbiyyatlara da yol tapmışdır. Bu cür yalnışlıqlara yol verilməsinin əsas səbəbi isə bir çox Türk xalqlarında olduğu kimi, Qırğızıstan tarixi ilə məşğul olan mütəxəssislərin də Türkoloq  yox iranşünaslar olmasdır. Həmin mütəxəssislərin fikrincə bütün Orta Asiya, Azərbaycan və İran ərazisi irandilli etnosların vətəni olmuşdur. Lakin sonrakı dövrlərdə Avropa alimlərinin apardıqları ətraflı araşdırmalar nəticəsində məlum olmuşdur ki, irandilli (farsdilli) etnoslar nəinki Orta Asiya və Azərbaycan ərazisində, hətta İran ərazisinə də gəlmə etnosdur.
    Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, bütün Orta Asiya ərazisində olduğu kimi Qırğızıstan ərazisində də ən geniş yayılmış mədəniyyət skif mədəniyyətidir.  Ölkənin müxtəlif bölgələrində aparılmış tədqiqatlar zamanı aşkarlanmış kurqanlar, skif  heyvan üslubunda hazırlanmış müxtəlif məişət əşyaları skif – sakların qırğızların etnognezinin formalaşmasında iştirak etmiş ən böyük tayfalardan biri olduğunu söyləməyə imkan verir. Bu müddəa antik müəlliflərin verdikləri məlumatlarla da üst-üstə düşür. Belə ki, Herodotdan başlayaraq bir çox yunan-roma müəllifləri Orta Asiyada skif (iskit, şkuza) tayfalarının məskun olduqlarını qeyd edirlər. Herodot isə skiflərin yaşadığı əraziləri daha dəqiq göstərərək onların Xəzərin cənub sahilində, Araz (Araks) çayından şimalda, Xəzərin şərq sahillərində (massagetlərlə - baş saqat tayfaları ilə) qonşuluqda və Qara dənizin şimal sahillərində yaşadıqlarını, həmçinin adət-ənənələrinə və dillərinə görə bu köçəri xalqla hiss ediləcək yaxınlığı olan başqa etnosların (güman ki, başqa kiçik Türk etnosların) skif-sakların ətrafında birləşdiyini qeyd edir.
    E.ə. VII əsrdə Azərbaycanın cənub ərazilərində - Manna dövləti ilə qonşuluqda yaşayan Türk mənşəli madaylar güclənməyə başlayır. Mərkəzləşmiş Mada (yunan dilli mənbələrdə Midiya) dövlətinin qurulmasından sonra bu dövlət həm qərbə, həm də şərqə doğru öz ərazilərini xeyli genişləndirir. Həmin dövrdən etibarən Qırğızıstanın cənub əraziləri Midiya imperiyasının tərkibinə daxil olur. Daha sonra madayların hakimiyyətini qəsb edən fars Əhəmənilər bütün Orta Asiyanı öz hakimiyyətləri altına alırlar və bu dövrdə Orta Asiyada farsdilli etnosların geniş məskunlaşması baş verir. M. İskəndərin Əhəməni imperiyasına yürüşü çərçivəsində Orta Asiyaya basqınları uğursuzluqla nəticələnir. Belə ki, İskəndər skif-sakların güclü müqavimətinə rast gələrək geri çəkilməli olur. Həmin tarixdən etibarən mənblər – xüsusilə Çin mənbələri Orta Asiyada başqa bir Türk etnosunun – kanqların  (kanq-ər – kəngərlərin) adını çəkməyə başlayır. E.ə. IV əsrdə Orta Asiyada nəhəng Kanq dövləti (Kəngər dövləti) qurulur və bütün Qırğızıstan ərazisi həmin dövlətin tərkibinə daxil olur. Bu dövrdə vahid qırğız xalqının formalaşması prosesinin əsası qoyulur. Kəngər dövləti cənubunda yerləşən Kuşan Türk dövləti, Soqdiya və Çinlə isti qonşuluq və iqtisadi əlaqələr qurur, getdikcə daha da qüvvətlənirdi. Məhz bunun nəticəsi idi ki, həmin dövrün ən güclü dövlətlərindən biri olan və öz ərazilərini getdikcə daha da genişləndirən Çin imperiyası Kəngər dövlətinin ərazilərinə müdaxilə etməyə cürət etmir, tez-tez səfirlər göndərərək bu dövlətlə əlaqələrini yaxşı saxlamağa çalışırdı. Bu vəziyyət bizim eranın V əsrinin sonu, VI əsrin əvvəllərinə kimi davam edir və VI əsrdə Orta Asiyaya başqa bir Türk dövləti – Böyük Türk Xaqanlığı nəzarət etməyə başlayır. Maraqlıdır ki, Kəngərlər nəinki Türk xaqanlığı ilə mübahisələrə girişmir və müqavimət göstərmir, əksinə idarəçilik işlərində onlara kömək edir və Böyük Türk Xaqanlığının daha da möhkəmlənməsində iştirak edirdilər. Bununla belə Orta Asiyanın, o cümlədən Qırğızıstanın Böyük Türk Xaqanlığının tərkibinə qatılması ilə barışmaq istəməyən bəzi Türk tayfaları ilə bərabər, kəngərlərin də bir hissəsi Xəzər dənizinin şimal hissəsi ilə qərbə doğru köç edərək Qafqaza gəlir və Azərbaycan ərazisində məskunlaşırlar. Lakin mənbələrin tədqiqi bu gəlişin kəngərlərin Azərbaycan ərazisinə ilk gəlişi olmadığını göstərir. Belə ki, yerli mənbələr artıq bizim eranın I – II əsrlərindən etibarən Azərbaycanda kəngərlərin adını çəkir. Alban tarixçisi Moisey Kalankatlı Qafqaz Albaniyasında yaşayan etnoslardan danışarkən kanqlıların da adını qeyd edir. Kəngərlərin Azərbaycan ərazisində əsas məskun olduqları bölgələr isə Naxçıvan və qismən də İrəvan bölgələri olmuşdur. Təsadüfi deyil ki, sonrakı dövrdə Naxçıvan xanları da məhz kəngərlərin nəslindən idi və Kəngərli soyadı daşıyırdı. Bütün bu faktlar Orta Asiya Türklərinin, o cümlədən qırğızların etnogenezində mühüm yer tutan kəngərlərin Azərbaycan Türklərinin də formalaşmasında böyük rolu olduğunu söyləməyə əsas verir.
    VII əsrdə İslamın insanlara bəxş edilməsi ilə tarixin axarı dəyişir. Tezliklə müsəlman ərəblərin Şərqə və Qərbə yürüşləri başlanır. Qərbdə xristian Bizans imperiyasının müqavimətinə rast glən ərəblər şərq qonşuları olan fars Sasanlərini məğlub etməkdə çətinlik çəkmirlər. Tezliklə bütün İran, Azərbaycan və Ərməniyyə ərazisi Ərəb Xilafətinin tərkibinə qatılır. İslam dövlətinin sərhədləri Orta Asiyaya qədər uzanır. Orta Asiyanın da tabe edilməsi o qədər çətin olmur. Onsuz da tək Tanrıya (tenqriçilik) inanan yerli Türklər özlərinin qədim dini ayinləri ilə prinsipial fərqi olmayan İslamı qəbul etməkdə çətinlik çəkmirlər. İslamın yayılması və Türk xalqlarının vahid dövlət tərkibində birləşməsi onların bir etnos kimi formlaşmasında mühüm rol oynayır. Məhz belə bir şəraitdə vahid qırğız Türklərinin formlaşması prosesi başa çatr.
    840-cı ildə Qırğızıstan ərazisi Uyğur xaqanlığının yürüşlərinə məruz qalır. Bu hadisədən sonra Qırğızıstan ərazisi təxminən 200 il ərzində uyğurların hakimiyyəti altında qalır. XII əsrin əvvəllərindən Qırğızıstan monqolların yürüşünə məruz qalır. 1207-ci ildə isə Çingiz xan tərəfindən fəth edilir.
    Uzaq Şərq və Avropanı birləşdirən Böyük İpək Yolunun Qırğızıstan ərazisindən keçməsi bu əraziləri həmişə qonşu xalqlar üçün maraqlı etmişdir. İssıkkul gölü ərazisi bu sahədə xüsusilə diqqətçəkən bölgə olmuşdur. Əksər tarixçilər inanırlar ki, İssıkkul gölünün adı XIV əsrdə Avropa və Asiya xalqlarının ən çox qorxduğu Qara Ölümlə əlaqədardır.
    Qırğız tayfaları XVII əsrə qədər Monqol Oyratlarının, XVIII əsrin sonlarına qədər Mançu Ginq sülaləsinin, XIX əsr ərzində isə Özbək və Kokand Xanlıqlarının tərkibində olub. XIX əsrin sonlarında Qırğızıstan ərazisi Çar Rusiyası və Çin (Qing sülaləsi) arasında bölünür.  Rusların təzyiqi ilə qırğız hakim sülalərinin əksəriyyəti Çinin hakimiyyəti altında olan Qırğızıstan ərazisinə köç edir.
    XIX əsrin sonlarında indiki Qırğızıstan, böyük hissəsinin Rusiyaya verilməsi şərti ilə Rusiya və Cin arasında bağlanan müqaviləyə əsasən iki hissəyə bölündü. Bu ərazi 1876-cı ildə formal olaraq Rusiya imperiyasına birləşdirilr. Rusiya işğalından sonra car hakimiyyətinə qarşı bir sıra qiyamlar baş qaldırdı və nəticədə çoxlu sayda Qırğız Türkləri Pamir dağlarına və Əfqanıstana köçməyə üstünlük verdilər. 1916-cı ildə Rusiya idarəçiliyinə qarşı Mərkəzi Asiyada baş verən üsyan da çoxlu sayda qırğızın Cinə köçməsinə səbəb oldu.
    Burada sovet hakimiyyəti 1919-cu ildə qurulmağa başladı. Rusiya SFSR-nin tərkibində Qara-qırğız Muxtar Vilayəti yarandı. Qara-Qırğız termini 1920-ci ilin ortalarına qədər işlədildi. Ruslar bu termini qırğızlara aid olan qazaxlardan fərqləndirmək üçün işlədirdilər. 5 dekabr 1936-cı ildə Qırğızıstan Sovet Respublikası yaradıldı.
    1920-ci ildən etibarən Qırğızıstanda mədəni, siyasi, sosial və təhsil sahələri inkişaf etdirilməyə başlayır. Lakin ruslar bu prosesdə rus dilinin önə çıxması və əsas danışıq dilinə çevrilməsi üçün bütün mümükün vasitələrdən  stifadə edirlər. Yenidənqurma siyasətinin ilk illərindən başlayaraq Qırğızıstanda da siyasi mühit dəyişilməyə başlayır. Ortaya sonradan 1989-cu ildə daha da aktivləşən qeyri-rəsmi siyasi birliklər və təşkilatlar çıxır.
    1989-cu ildə Sovet imperiyasının bəzi respublikalarının sakinləri kimi qırğızlar da sovetlərin ayrı-seçkilik siyasətinə qarşı etirazlara başlayaraq küçələrə çıxdılar. 19 avqust 1991-ci il tarixində Moskva Əskər Akayevi devirməyə cəhd göstərdi. Növbəti həftə baş verən çevrilişdən sonra Akayev Sovet İttifaqının Kommunist Partiyasından istefaya verdiyini elan etdi. Sonra bütün büro və katiblik istefaya gedir. Bu hadisələr 1991-ci ilin avqust ayında Ali Sovetin Qırğızıstan Respublikasının müstəqilliyini elan etməsi ilə nəticələndi. Yanvar ayında isə Ə.Akayev yeni hökümət qurdu.  
    1991-ci ilin oktyabrında Akayev heç bir maneəyə rast gəlmədən prezident seçkilərində iştirak etdi və 95% səslə qalib gəldi. 1991-ci ilin 21 dekabrında Qırğızıstan dörd Mərkəzi Asiya Respublikası ilə birlikdə Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Qırğıstan tam müstəqilliyini bir neçə gün sonra 25 dekabrda qazandı. Bir gün sonra 26 dekabrda Sovetlər Birliyi dağıldı. 1992-ci ildə Qırğızıstan Respublikası BMT-yə və ATƏT-ə üzv oldu.
    2005-ci il 4 aprel tarixində başlamış “Məxməri inqlab” nəticəsində həmin ilin mart ayında təkrar prezident seçilmiş Əsgər Akayev devrilir və Kurmanbek Bakiyev prezident, Feliks Kulov isə baş nazir elan edilir. 2010-cu ildə gerçəkləşdirilən növbəti çevrilişdə isə K.Bakiyev devrilir və Roza Otunbayeva Qırğızıstanın prezidenti seçilir.
    1993-cü ildə qəbul edilmiş Qırızıstan Respublikasının Konistitusiyasına görə Qırğısıtanın dövlət quruluşu demokratik respublikadır. İcra hakimiyyətini prezident və baş nazir, Qanunvericilik fəaliyyətini birpalatalı Parlament, Məhkəmə hakimiyyətini Ali Məhkəmə, Konistitusiya Məhkəməsi, yerli məhkəmələr və Baş Prokuror həyata keçirir. Rayonlar hökumət tərəfindən təyin olunan rəhbərlər tərəfindən idarə olunur. Kəndlərin icra rəhbərləri və şuraları onların özləri tərəfindən seçilir.

Coğrafiya

    Qırğızıstan Mərkəzi Asiyanın iki böyük dağ sistemlərinin birləşməsində yerləşir (Tyan Şan və Pamir). Bu iki sistemi bir-birindən geoloji olaraq Qırğızıstanda ayrılır: Tyan Şan silsiləsinin Altay dağları və Pamir silsiləsinin Trans Alay dağları. Ölkənin 80 % -ni dağlıq ərazi təşkil edir. Ölkənin ən yüksək ərazisi Çin sərhəddinə yaxın yerləşən Kakşal dağıdır. Pamir dağlarının ən ucqar şimal hissəsi Qırğızıstanın Tacikistanla cənub sərhədlərini formalaşdırır. Qələbə zirvəsi Tyan Şan silsiləsinin ən yüksək zirvəsidir. Onun hündürlüyü 7439 metirdir. Bu zirvə keçmiş SSRİ-də ikinci ən yüksək zirvə idi. Xan Tenqri dağları isə dəniz səviyyəsindən 6995 metr yüksəklikdədir. Qələbə zirvəsi həmçinin şimal yarımkürəsinin ən ucqar hissəsində yerləşən ən hündür zirvədir. Ölkənin cənubuna doğru geniş vadilər uzanır. Cənub hissəsinin ucqarlarını Çin və Tacikistanla sərhəddə olan Pamir dağları əhatə edir.
    Buradakı Tyan Şan sıra dağları dağ landaşaftına aid bütün özəllikləri özündə daşıyır. Bura yaşıl və zəngin otlaqlar, alçaq meşəliklər, qumlu və daşlı dağ vadiləri, qarla örtülmüş, yüksəklilər və ən məhşur dağ göllərindən olan 1607 metr hündürlükdə yerləşən Issıkkul gölü, 3000 metr hündürlükdə yerləşən Son Kul gölü, 1900 metr hündürlükdə yerləşən Sarı Çelek gölü kimi dağ gölləri ilə zəgindir.
    Ölkənin əsas çayı olan Qara Dərya Başlanğıcını qərbdən götürərək Fərqanə Vadisindən keçib Özbəkistana gedir. Özbəkistanla sərhəddə o, digər qırğız çayı olan Narınla kəsişir. Narın cayı Qırğızıstanın ən böyük çayıdır. Başlanğıcını şimal-şərq dağlarından götürür və ölkənin mərkəzindən keçərək qərbə doğru axır. Çay sonra Fərqanə Vadisindən keçərək Özbəkistana keçir və digər bir cayla birləşərək Sır Dərya çayını əmələ gətirir. Cayların birləşməsindən formalaşan Sır Dərya çayı Aral gölünə tökülür. 2010-cu ilə qədər çay gölə tökülə bilmirdi. Belə ki, Tacikistan, Özbəkistan və cənubi Qazaxıstanın pambıq tarlalarının suvarılması üçün caydan axına qarşı suvarma kanalları çəkilmişdir.
    Qırğızstan 39° və 44° N dairəsində, 69° və 81° E uzunluq dairəsində yerləşir. Şimali  Cinin Xincan əyaləti bu ölkənin içərisinə doğru uzanır.

Şəhərlər

    Qırğızıstan Respublikasının sahəsi 199,9 min km2-dir. Ərazi yeddi vilayətə bölünür.  Hər vilayət öz daxilində daha xırda inzibati ərazi vahidlərinə - rayonlara bölünür. Onlar Batkən, Çuy, Cəlalabad, Narın, Oş, Talas, İssık-Kul vilayətləridir Bütün vilayətlər 39 rayona bölünür. Bişkek şəhərinin 4 rayonu var. Rayonlar Ail Okmotu adlanan yaşayış məntəqələrindən təşkil olunur. Ümumilikdə ölkədə 429 yaşayış məntəqəsi var. Kənd icmaları 20 kiçik qəsəbədən ibarətdir. Ölkənin ən böyük şəhəri paytaxt Bişkek, ikinci böyük şəhər isə Oş şəhəridir. Bişkek şəhəri ölkənin şimalında yerləşir və burada təxminən 900,000 əhali yaşayır.
    Oş şəhəri Fərqanə Vadisində, Özbəkistanla sərhəddə yerləşir. Arxeoloqlar buradan eramızdan əvvəl V əsrə aid incəsənət nümunələri aşkar etmişlər. Hətta bu şəhərin Romadan daha qədim olması haqqında iddialar da tez-tez səslənir. Şəhər İpək yolunun üzərində yerləşir. Şəhərin mərkəzində Süleyman dağı ucalır. Bu dağ 16-cı əsrə qədər “Bara Kuc” və ya “Qəşəng Dağ” adlanırdı. Şeyx Süleymanın bu dağın ətəklərində dəfnindən sonra bura Sülüyman dağı adlandırılmağa başladı. Burada həmçinin Məhəmməd peyğəmbərin də olduğuna inanılır. Dağa qalxan cığırlar onu daha da maraqlı edir. Bu cığırlardan biri ziyarətçilərin dua etdiyi kiçik mağaraya gedir. Mağaranın tavanından su damcılayır, deyirlər ki bu Süleymanın göz yaşlarıdır. Ziyarətçilər burada xəstəliklərin sağalması, problemlərin həll olması üçün dua edirlər. 1497-ci ildə bu dağda tezliklə Fərqanə vadisinin hökmdarı olacaq 14 yaşlı Babur tərəfindən bayraq meydanı və məscid tikilmişdir. Sonralar bu tikililər iki dəfə dağıntıya məruz qaldı və yenidən tikildi. Ömrünün sonlarına yaxın Babur şah öz xatirələrində Süleyman dağında tikdirdiyi layihələr, hər iki tərəfi bağlar ilə örtülən çay, bıçaq dəstəkləri üçün istifadə edilən ağ və qırmızı daşlar haqqında yazırdı.
    Burada həmçinin şəhər ətrafından toplanmış eksponatların saxlandığı kiçik arxeoloji-mədəniyyət muzeyu, Kumancan Datkada Böyük İpək Yolu Muzeyi adlanan Tarixi-etnoqrafik muzey fəaliyyət göstərir.
    Bütün soraq kitabları digər Mərkəzi Asiya ölkələri kimi Qırğızıstanda da bazarı ən mənzərəli yer kimi göstərir. Burada bazar çayın sahili boyunca bir kilometrə qədər uzanır. Bazarın yaxınlığında ölkənin ən böyük məscidi olan Seyid Təpə məscidi yerləşir. Əvvəllər taxtadan tikilən bu məscid 1908-1910-cu illərdə təmir olunur. Sonradan onun fəaliyyəti sovetlər tərəfindən qadağan edilir. 1943-cü ildə məscidin fəaliyyəti təkrar bərpa edilib.
    Cəlal-Abad şəhəri Kuqart vadisinin cənubunda Babaş Ata dağlarının şimalına doğru uzanır. Buranın təbiəti qurudur. Yayları isti, payızları mülayim və günəşli, az yağmurlu, qışları isə yüksək rütubətli və mülayim olur. Region meyvə və tərəvəz mərkəzidir.
    Qırğızıstanın İpək Yolu qollarından biri Cəlal-Abad şəhərindən keçir. Şəhərdən bir neçə kilometr aralıda dəniz səviyyəsindən 700 metr hündürlükdə mineral sularla zəngin olan Ayub Tau dağı yerləşir. Buraya səyahətçilər, turistlər, tacirlər və zəvvarlar gəlir. Bu şəhər ticarət mərkəzi kimi inkişaf etmişdir. Hələ qədimlərdən burada mal-qara alınıb-satılardı.
    Narın viayəti Qırğızıstanın mərkəzindən uzanır və Çinlə, Qırğızıstanın Cui, İssuk Kul, Calal Abad və Oş şəhəri ilə sərhəddir. Sahəsi 46707 kv kilometrdir. Əhalisi 27000 nəfərə yaxındır.
    Narın şəhəri Qırğızıstanın ən soyuq şəhəridir. Burada temperatr qışda -40°C dir. İllik orta temperatur -6°C -dir. Buna baxmayaraq yayda hava kifayət qədər isti və tozlu olur. Ərazinin 70%-dən çoxu dağlarda, qalanı isə yüksək dağ yaylalarındadır. Karatal-Caparik qoruğu 1995-ci ildə Karqo dağlarının şimal təpələrinin meşəlik hissələrində yaradılıb. Burada Son Kul və Catır Kul kimi yüksək 72000 hektar ərazini əhatə edən dağlıq ərazilər var. Narın şəhərinin yaxınlığında köhnə duz şaxtaları əsasında Kockor və Con Tus sanatoriyaları fəaliyyət göstərir. Bu şəhərdə Son Kul dağ gölündən aralıda 3000 metr ağacsız uzanan dağlar, qədim Taş karvansarayı, Ece Narın vadisi və Salkintor dövlət parkı yerləşir. Çinlə sərhəddə yerləşən Çatır Kul gölü həmişə səyyaların və turistlərin sevimili məkanı olub.
    Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var. Bu region həmçinin məhşur yazıçı Cingiz Aytmatovun vətəni olmaqla qürur duyur.
    İrkeştam keçidi Oş şəhər ilə Çin arasında yerləşir. Burada görünüş olduqca möhtəşəm və maraqlıdır. Belə ki, bir tərəfdə zirvələr qarla örtülü olur, digər tərəfdə yaşıl dağ yaylaqları uzanır. Bu yollarla səyahət çox vaxt alır və çətin olur. Xüsusilə xronometrajı çalışmayan vasitə ilə səyahət edəndə. 1893-cü ildə Oş və İrkeştam arasındakı yollar günişləndirildi və inkişaf etdirildi. Bu yol əvvəllər “təkər yolu” adlanırdı. Uzun müddət İrkeştam keçidləri yalnız ticari məqsədlər üçün istifadəyə açıq olmuş və hər ay müəyyən müddətə gediş-gəliş məhdudlaşdırılmışdır. 2002-ci ildən yollar sərnişinlərin xidmətinə verilmişdir.

İqlim

    Ölkənin iqlimi regionlara görə dəyişkəndir. Fərqanədə subtropik iqlim hakim olmaqla yay isti (40 °C) olur və uzun müddət davam edir. Tyan Şan bölgəsində isə əksinə yay sərin və qısa olur.   Buranın iqlimi dəniz səviyyəsindən asılı olaraq quru kontinentaldan qütb iqliminədək dəyişir. Şimal dağ ətəklərində yerləşən bölgələrdə mülayim iqlim müşahidə olunur. Ən soyuq ərazilərdə temperatur təxminən 40 gün 0-dan aşağı olur. Aşağı dağətəyi bölgələrdə quru kontinental iqlim üstünlük təşkil edir və bu bölgə Qazaxıstan və Özbəkistandan gələn isti səhra küləklərini qəbul edir. Yüksək dağlıq bölgələr isə qütb iqliminə malikdir. Vadilərdə iyun ayında orta temperatur 28 °C-dir. Yanvarda orta temperatur -14 °C -dir. Yüksəkliklərdə hava şəraiti daha soyuq olur. İyulda orata temperatur 5 °C, Yanvarda isə -28 °C-dir. Yağıntı vadilərdə 100-500 mm, dağlarda isə 180-1000 mm arası dəyişir.

Təbii ehtiyyatlar

    Çox az istifadə edilməsinə baxmayaraq Qırğızıstan zəngin yeraltı sərvətlərə malik olan bir ölkədir. Qırğızıstan ərazisindəki dağlarda qızıl, kömür, uran, antimon və bir neçə nadir metal ehtiyatı var. Hazırda bu yataqlardan yalnız qızıl yataqları müəyyən qədər istismar edilməkdədir. Qırğızıstanda neft və təbii qaz ehtiyatları cüzüdir, ölkəyə qaz və neft xarici digər ölkələrdən gətirilir. Ölkənin zəngin su ehtiyatları və dağlıq əraziləri ona böyük həcmdə hidroelektrik enerjisi ixrac etmək imkanı verir.

İqtisadiyyat

    Qırğızıstan SSRİ-nin ən kasıb ölkələrindən biri olub. Bu gün də Qırğızıstan Mərkəzi Asiyanın ən kasıb ölkələrindən biridir. SSRİ-nin dağılması zamanı Qırğızıstanda da baş verən toqquşmalar ölkənin iqtisadiyatını daha pis vəziyyətə saldı və nəticədə müstəqillik qazanan gənc ölkənin iqtisadi durumu zəiflədi. Hal-hazırda ölkənin və əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Qırğızıstanda dağlıq ərazinin üstünlük təşkil etməsi səbəbindən torpaqların 8%-dən azı becərilir. Bu sahələr şimal ovalıqlarında və Fərqanə vadisi ətrafında yerləşir.
    Kənd təsərrüfatı Qırğızıstan iqtisadiyyatının əhəmiyyətli sahələrindən biridir. 1990-cı illərdə əsas kənd təsərrüfatı sektoru ölkənin məhsul ehtiyaclarının üçdə birini təmin edirdi. Qırğızıstan ərazisində dağlıq bölgələrin üstünlük təşkil etməsi burada mal-qaranın inkişafına şərait yaradır, nəticədə yun, ət və gündəlik qida tələbatının böyük hissəsini qarşılayır. Ölkədə istehsal edilən əsas məhsullar taxıl, şəkər çuğunduru, kartof, pambıq, tütün, tərəvəz və meyvə təşkil edir.
    Əsas ixrac olunan mallar rəngli metallar və minerallar, yun və başqa kənd təsərrüfatı malları, elektrik enerjisi və müəyyən texniki mallar təşkil edir. Respublikanın əsas ticarət əməkdaşları Almaniya, Rusiya, Cin, Qazaxıstan və Özbəkistandır.

Din
    Qırğızların böyük əksəriyyəti İslam dininə ibadət edir. Burada buddaya ibadət edən uyğurlar da yaşamaqdadır. Sovetlər dönəmində digər dövlətlərdə olduğu kimi burada da ateizm təbliğ olunurdu.

Təhsil

    Qırğızıstanın təhsil sistemi Sovet təhsil sisteminin izlərini daşımaqdadır. Ölkədə ibditadi təhsil üç səviyyədə - məktəbəqədər, ibtidai (1-5 siniflər) və yuxarı (5 – 11 siniflər) – təzahür edir. Bişkek şəhərində 77, ölkənin qalan hissəsində isə 200-dən artıq ictimai məktəb var. Uşaqlar birinci sinifə adətən 7 yaşlarında başlayırlar. Hər bir şagirddən 9-cu sinifi bitirib şəhadətnamə alması tələb olunur. 11-ci sinifi bitirib 4 əsas imtahanı – yazı, riyaziyyat, tarix və xarici dil – müvəffəqiyyətlə keçən şagirdlərə məktəb diplom verilir. Respublika ərazisində 55 ali məktəb var ki, onların da əksəriyyəti paytaxtda yerləşir. Bunlara Qırğızıstan Beynəlxalq Univeritetini, Mərkəzi Asiya Universitetini, Bişkek Humanitar Universitetini, Beynəlxlq Atatürk-Alato Universitetini, Qırğız Türk-Manas Universitetini, Qırğız Texniki Universitetini nömünə göstərmək olar.

Turizm

    Turizm Qırğızıstanda iqtisadiyyatın ən gənc sahəsi hesab olunur. Bununla belə gözəl təbii şəraiti, maraqlı iqlimi olan və qədim tarixi abidələrlə zənginliyi ilə seçilən Qırğızıstanda turizmi inkişaf etdirmək üçün zəngin potensial var. Qaragöl Milli Parkı və Narın şəhəri Qırğızıstanda turistlərin ən çox ziyarət etdikləri yerlərdir.
    Ən məhşur turizm mərkəzlərindən biri İssık-Kul gölüdür. Gölün şimal sahillərində otellər, istirahət mərkəzləri, sanatoriyalar yerləşir. Ən yaxşı çimərlik zonası Çolpon–Ata şəhərində yerləşir. 2006-2007-ci illərdə buraya milyoindan artıq turist gəlmişdir. Lakin ölkədə olan qeyri-stabil iqtisadi vəziyyət bu statistikanı saxlamağa imkan vermir.
    Buradakı hər regionun yürüş etmək, düşərgə salamaq ücün özünəməxsus cəlbedici xüsusiyyətləri var. Düşərgə salmaq üçün əlverişli yerlərdən biri Cənubi Oşdur. Bu yer Narın şəhəri ilə Toruqart keçidi arasında yerləşir. Toruqart kecid məntəqəsi Qırğızıstanla Çin arasında dağ sərhəddidr. Əksər turistlər İpək Yolunun məhz bu hissəsindən keçməyə maraq göstərir.
    Xizəklə sürüşmək Qırğızıstanda hələ turizmin imkişaf etmiş sahələrindən birinə çevrilə bilməyib. Lakin burada bu sahənin inkikşafına olduqca əlverişli imkan var.  Bişkekdən yarım saatlıq məsafədə olduqca ucuz və yaxşı kompleksləşdirilmiş baza var. Buzüstü xizək üçün Bişkek yaxınlığında (45 km məsafədə) daha bir əlverişli yer var. Bu yer Tiguz Bulaq adlanan İssik Ata vadisinə gedən yolun üzərində yerləşir. Bu sahənin inkişafı üçün hərtərəfli imkanları olan daha bir ərazini Karakol Milli Parkında, Karakoldan kənarda Üç damla palıdı adlanan ərazidədir. Burada icarə haqqı turistlər üçün sərfəlidir.

Dil
    Qırğızıstanın iki rəsmi dövlət dili var. Rus dili hələ də rəsmi dil olaraq qalır. Qırğız dili Türk dil qrupuna daxildir. Qırğızıstanın əlifbası XX əsrə  qədər ərəb əlifbası olmuşdr. Latın əlifbası 1928-ci ildə qəbul edilmiş və uyğunlaşdırılmışdır. Lakin 1941-ci ildə Kiril əlifbası ilə əvəz olunmuşdur.

İdman

    Qırğız milli mədəniyyətinin ən əhəmiyyətli idman ənənələrindən biri at minməkdir. Yaxşı at munmək bu mədəniyyətin bir hissəsidir. Qırğızlar deyirlər: “Əgər sənin yalnız bir günün qalsa onda sən onun yarısını yəhər üstə keçirməlisən”.
    Bütün Mərkəzi Asiyada çox sevilən oyunllardan biri Ulak Tarişdir. Bu oyunun qaydalarna görə atlılardan ibarət iki komanda başsız keçi cəmdəyinə sahib olmaq üçün mübarizə aparmalı və onu rəqib komandanın qol xəttinə keçirməyə çalışmalıdır. Qol sahəsi böyük ləyən və ya cızılmış dairə ola bilər.
    Digər məhşur atüstü keçirilən oyulardan biri At Cabiş oyunudur. Bu oyunda çox uzun məsafəyə, bəzən 50 km-dan artıq məsafəyə at yarışı nəzərdə  tutulur.
    Jumbi Atmay oyununun qaydalarına görə rəqiblər at üstündə iplə dirəyə bağlanmş metalın ipini güllə ilə kəsməyə cəhd etməlidirlər.
    Odariş oyununa görə isə iki rəqib at belində güləşir və hər biri digərini atdan birinci yıxmaq istəyir.
Tayin Emey oyunu isə oyunçudan at belində yerdən sikkə götürməyi tələb edir.
    Dünya ölkələrində olduğu kimi Qırğızıstanda da məhşur olan idman növlərindən biri futboldur. Rəsmi futbol federasiyası 1992-ci ildə Sovet imperiyasının parçalanmasından sonra yaranmışdır.
    Güləş digər Mərkəzi Asiya ölkələrində olduğu kimi Qırğızıstanda da sevilən idman növlərindən biridir. 2008-ci il Pekin Olimpiya Oyunlarında 2 atlet Yunan-Roma güləşi üzrə medal qazanmışdır. Kanatbek Beqaliyev gümüş medal, Ruslan Tumenbayev isə bürünc medal əldə etmişdir.
    Bu gün buz üstü xokkey oyunları da Qırğızıstanda sevilir. Lakin bu oyun növü 2009-cu il Buzüstü xokkey üzrə Asiya Çempionluğu Qırğızıstan tərəfindən təşkil olunana qədər burada populyar deyildi. Qırğızıstanın kişilərdən ibarət milli xokey komandası 2011-ci il Asiya Qış Oyunlarının birinci hissəsində 6 oyundan 6 qələbə qazanmışdı. Bu Qırğızıstan buzüstü xokey komandasının işirak etdiyi ilk beynəlxalq oyun idi.

Bayramlar

    Qırğızlar yeni ili yanvar ayının birində qeyd edirlər. Digər Türk dövlətləri və boyları kimi Qırğızlar da gecə ilə gündüzün bərəbərləşməsi gününü, Novruz gününü daha böyük şölənlə qeyd edir. Novruz bayramının tarixi Türklər tərəfindən onun “yeni gün” mənası daşıyan Farsca adına keçilməsindən cox öncələrə gedən hərtərəfli və dərin bir inkişafa söykənir. Ən təməl prinsipi insanla təbiətin bütünlüyünün nümayişi olan və bir çox əlamətləri özündə çəmləşdirən bu bayram əslində Türklərin köçəri mədəniyyətinin əsasını təşkil edən əski inanc sisteminin bugünə qədər gəlib çatan ən mühüm əks–sədasıdır. Novruzun indiki dinlərldən çox əvvəl insanların təbiətlə iç-içə yaşadığ dövrlərə aid bir ayin olduğu gümün edilir. Arxeoloqlar bu faktı təsdiq edərək onun ən az 5-6 min illik keçmişindən söz edirlər. Bayramlarda, özəlliklə Novruzda Qırğızlar bayram süfrəsini çəmənlikdə salırlar. Hər kəs bu süfrənin ətrafında oturur və diləklərini, arzularını söyləryir, mahnılar oxuyur. Novruz bayramını qeyd edərkən buğda, arpa, sarı lobya, qiymə, kök, kərə yağı və digər süd məhsullarından hazırlanmış bir yemək hazırlanır. Bu yemək yeyilərkən gələçək ilin hava şəraitinin əlverili olması, saxladıqları heyvanların və əkinin bol məhsul verməsi üçün diləklər dilənir.

Bayraq
    Qırğızıstn bayrağının mərkəzindəki 40 ədəd sarı günəş şüası manas dastanındakı 40 müxtəlif mistik gəhrəmanı göstərir. Günəşin içindən keçən xət yurtun tacını (tündük) əks etdirir. Bu simbola qırğız memarlığının fasetində (taraş edilmiş daşın, billurun və s. üzü) cox rast gəlinir.

Nəqliyyat

    Qırğızıstanda yollarının salınması ciddi cavabdeh orqanlar tərəfindən ciddi şəkildə məhdudlaşdırılmışdır. Çünki burada yollar sıldırım vadilərlə sürünməli, keçidlər 3000 mertr yüksəklidə salınmalıdır. Burada tez-tez palçıq axınlarına və qar uçqunlarına rastlanılır. Çox ucqar və çox yüksək regionlara qış fəslində səfərlər bağlı olur.
    Sovetlər dönəminin sonlarına yaxın Qırğızıstanda 50 hava limanı və uçuş-enmə zolağı var idi. Bunların böyük əksəriyyəti Çinlə sərhəddə inşa edilmişdi. Bu gün onlardan az bir hissəsi qalmaqdadır.
    Bişkek şəhərindəki Manas beynəlxalq hava limanı əsas beynəlxalq hava limanıdır. Oş və Cəlal-Abad hava limanları yalnız Bişkeklə gündəlik uçuş edir.
    Sovetlər Birliyinin Mərkəzi Asiyada Fərqanə vadisi cənubda, Çay vadisi isə şimalda imperiyanın dəmiryol xətlərinin sonu idi. Hal-hazırda ölkənin dəmiryol xətlərinin ümumi uzunluğu cəmi 370 km-dir.
    Oş şəhərinin quru yolları Qırğızıstanda ikinci böyük şəhər yollarıdır. Asiya İnkişaf Bankının dəstəyi ilə Bişkek və Oş şəhərləri arasında olan şimal və cənub-qərb əsas quru yolları bir neçə il əvvəl tamamlanmışdı. Bu yol ölkənin iki böyük yaşayış mərkəzi olan şimalda Çay vadisi və cənubda Fərqanə vadisi arasında əsaqəni asanlaşdırır.
    Ölkənin su yolu ancaq İssık Kul gölünün daxilində mövcuddur.

Bitki və heyvanat aləmi

    Qırğızıstan həmçinin özünün rəngarəng bitki müxtəlifliyi ilə də məşhurdur. Burada 400-ə qədər bitki növü yetişir. Ölkənin quru hissəsinin dörddə birini meşələr təşkil edir. İynəyarpaqlı ağaclar - Tyan Şan ağ küknarı - aşağı vadilərdə və şimal dağ ətəklərində bitir. Müxtəlif tülpanlar, lalələr və vəhşi soğan növləri burada qeyri-adi dərəcədə cox bitir. Cənub meşələri qlobal əhəmiyyətə malikdir. Burada nadir fındıq və püstə növləri bitir. Nadir aygül çiçəyi Alay dağlarında bitir.
    Ölkə qanunları ilə qorunan Tyan Şan ayısı, qırmızı canavar, qar leopardı və coxlu sayda digər nadir heyvan növləri Qırğızıstan meşələrində yaşayır. Bundan başqa Qırğızıstanda ceyran, dağ keçisi, dağ qoyunu da mövcuddur. Qırğıstanın dağ gölləri dağ qazları və digər nadir köçəri quş mövləri üçün sığınacaqdır.
    Qırğzıstanın landşaftının müxtəlif hava şəraitləri, yüksəliklərə malik olması ona valehedici heyvan və bitki növləri ilə zəngin olmaq imkanı verir. Buranın sakinləri olan spiralvari buynuzlara malik dağ qoyunlarının buynuzlarının uzunluğu 60 düyümə çatır. Bu da dünyada ən böyük göstəricidir. Bişkek və Karakol vadiləri yaxınlığında daha çox Tyan Şan boz ayısı və boz canavarı üstünlük təşkil edir. Turistlərin ən çox maraqla görmək istədiyi marmotdur (gəmiricilər dəstəsindən yeraltı yuvalarda yaşayan kiçik xəz dərili heyvan). Böyük marmotlar yalnız Tyan Şanda yaşayır.

Mədəniyyət

    Qırğız mədəniyyəti çoxşaxəli olub qədim tarixə malikdir. Qədim Türk mədəniyyətinin izlərini özündə yaşadan bu mədəniyyət digər Türk boylarının mədəniyyəti ilə çoxlu oxşar xüsusiyyətlərə malikdir.

Abidələr

    Qırğızların ən önəmli mədəni abidələrindən biri Manas dastanlarıdır. Epos üç hissədən ibarətdir və hekayələr Manas, onun oğlu və nəvəsi haqqındadır. Dastana görə Manas Talas rayonunda dünyaya gəlir və hələ 9 yaşı olanda qanadlı ilanla döyüşür. Bişkekdə Filarmoniya binasının qarşısında bu səhnənin heykəli müşahidə edilə bilər. Bu epos həcminə görə Odiseya və İliadadan uzundur və minilliklər boyu xalq arasnda şifahi şəkildə nəsildən-nəsilə ötürülərək bu günkü günə gəlib çatmışdır. Bu şah əsəri ifa edə bilən insanlara Qırğızıstanda hörmət və ehtiram əlaməti olaraq Manasçı deyirlər.
    Akın poeziya ifaçıları tərəfindən ifa edilir və qədim avropalıların istifadə etdiyi “minstral”a çox bənzəyir. Akınlar Orta Asiyanın yazıyaqədərki köçərilərinin fəlsəfəsinin, mifologiyasınin və tarixinin şifahi daşıyıcısı olmuşdur. Təcrübədə akınlar həmçinin xətiblər tərəfindən qədim əfsanələrə uyğunlaşdırılaraq nəğmə formasında deyilirdi.
    Qızıl Bayraq kəndində parçalanmış qırğız qəbilələrini birləşdirən Atake Batır və onun nəvəsi Şabdan batırın xətirəsinə abidə açılmışdır. Atake batır qar bəbiri ilə ayaq üstə əlində lülələnmiş vərəq (namə) durur. Abidəni dağların arxasından gələn günəş işığı işıqlandırır.18-ci əsrdə Rusiyada Atake batır qırğız qəbilələrinin şahzadəsi adlanırdı. Abidəyə gedən yol çəhrayı qumla döşənmiş, yolun hə iki kənarı isə incil ağacları ilə əhatələnmişdir. Abidənin sol tərəfində muzeydə qırğız xalqının tarixinə aid foto şəkillər və sənədlər saxlanılır. Bu şəkil və sənədlərdən bəziləri əvvəllər heç bir yerdə nümayiş etdirilməmişdir.

Musiqi

    Qırğız musiqisində ən əhəmiyyətli yeri instrumental musiqi tutur. Burada uşaqlardan tutmuş yaşlılara qədər hər kəs ustadların ifa etdiyi instrumental musiqini dinləmək üçün bir araya toplaşır. Musiqi yarışmaları keçirilən günlər ən maraqlı və heyrətamiz günlər hesab olunur. Burada instrumental ansambl, həmçinin hərbi musiqi orkestrlərinin də ən əhəmiyyətli elementi hesab olunur.
    Qırğız musiqisinin digər musiqilərdən fərqli xüsusiyyəti fikirlərdə ofsunlayıcı təsvir yaratmasıdır. Bu təsvirlər tarixi qəhrəmanlardan tutmuş, təbiət gözəlliklərinə, ev mövzularına qədər dəyişə bilər.
    İki musiqi aləti qırğızlarda daha geniş yayılmışdır. Bunlar Komuz və Temir Komuzdur. Komuz daha geniş repertuara malikdir. Bu üç simli alət tək hissəli olub taxtadan düzəldilir (ərik və ardıc ağaclarından). Bu alət çoxcəhətliyi ilə xarakterizə olunur. O, həm qadın, həm kişi ifaçı tərəfindən, həm solo, həm böyük qrupun hissəsi kimi və həm də xalq mahnıları ifa edən böyük ansanblların tərkib hissəsi kimi ifa edilə bilər. Bu gün Bişkek küçələrində musiqi məktəblərində təhsil alan, Komuz daşıyan uşaqları görmək adi haldır. Bu alət qədim alətdir. 1962-ci ildə Çay vadisinin Samsi kəndində arxeoloqlar 4-5-ci əsrə aid komuz aşkar ediblər.
    Komuza bənzəyən Temir Komuz da qırğız xalqının musiqi simvoludur. Bu alət çox kiçikdir və ona Yakutyada, Tuvada rast gəlmək oldr. Qırğızıstanda kişilər bu aləti hərdən ifa edirlər. Adətən qadınlar onu yeni doğulan uşaqların beşiyi başında ifa edir. İnanclara görə bu ifanın sədaları altında uşaqlar ağıllı, istedadlı və bəlağətli böyüyür.

İncəsənət

    Qırğız qızları özlərinin ənənəvi əl işləri ilə məşhurdurlar. Bu əl işlərinin önündə gəvə toxuma gəlir. Onların ən məhşur gəvələri Şirdak və Ala-Kiyizdir. Lakin qırğız xalçaları qırğız qoyunlarının keçəsi qədər məhşur deyil. Qırğız həyatının simvolu olan yurt da keçədən hazırlanır və hələ də qırğızların gündəlik həyatlarının bir hissəsidir. Ölkənin ənənəvi yeməklər verən yeməkxanalarında, həmçinin böyük şəhərlərində yaşayan ailələrində önəmli günlər, bayramlar, ad günləri, toylar eləcə də yas mərasimləri münasibəti ilə yurt hazırlandığını müşahidə etmək olar. Yurtu eləcə də ölkə bayrağının üzərində müşahidə etmək olar. Yurt ağac elementlərdən ibarət olan, daşına bilən və çoxfunksiyalı keçə örtükdür. Hər şey dəri kəndirlər və heyvan tükündən hazırlanmış iplərlə bərkidilir. İçəridə, bəzəklər hər yerə yayılır, gəvələr divarlara və “Djuk” (döşəkağı) isə döşəməyə yurtun aşağı hissəsinə, girişlə üzbəüz salınır. Onlar döşəmənin üzərində yumşaqlıq və rahatlıq yaradır.

Festivallar

    Adətən yaz-yay aylarında Qırğızıstanda festivallar başlanır. Milli İncəsənətin Tətbiqi Festivalı, Mətbəx və Folklor Festivalı, Qırğız Qoçu kimi festivallarda müxtəlif millətlərin milli yeməkləri hazırlanır, onların dadı qiymətləndirilir, yerli folklor musiqi qrupları arasında müsabiqələr keçirilir, yurt tikilir və milli incəsənət nümunələri nümayiş etdirilir.
    Keçə Festivalı qədim adət və ənənələr, müxtəlif fauna və flora, tarixi hadisələrdən və gündəlik həyatdan götürülmüş mənzərələrin təsiri ilə formalaşmış ənənəvi milli incəsənət festivalıdır.
    Digər bir məhşur festifal Ov Quşları festivalıdır. Bu festival qırğızların dərin hörmət etdiyi qızıl qartalların və şahinlərin şərəfinə həsr olunub. Qədim zamanlardan buralarda insanlar körpə quşları tutub ov üçün böyüdürdülər. Deyilənlərə görə bir dəfə bu quşlardan biri buraların kiçik bir qəsəbəsini müdafiə edib. O vaxtdan bəri Qızıl qartal və şahin yüksək hörmət qazanır və onlarla ailənin bir üzvü kimi davranılır. Bu quşların ov məşqləri burada  “Berkuci” adlanır.

Mətbəx

    Zəngin mətbəx mədəniyyətinə mənsub olan Qırğızstanda da digər Türk boylarında olduğu kimi süd və süd məhsulları geniş yayılımışdır. Xüsusilə madyan südündən hazırlanmış qımız buranın ən önəmli içkilərindəndir. Qımız kökör adlanan, dəridən hazırlanmış sürahidə saxlanılır.
    Burada da digər Türk boylarında rast gəlinən qurut, süzmə, lor pendiri, qaymaq kimi süd məhsulları üstünlük təşkil edir. Burada ət yeməklərindən tez-tez istifadə olunur. Qoyun, sığır, ov heyvanları və at ətinə daha çox üstünlük verilir. At ətinin menyuda olması dəvət olunan şəxsin hörmətini göstərir. Burada ətin süfrəyə verilməsinin də ayrıca bir mərasimi var. Çılkı at əti mənasını verir. Burada çılkı digər ətlərə nisbətən daha bahalıdır. Bunun səbəbi at ətinin digər ətlərə nisbətən daha dayanıqlı olması və keyfiyyətini daha uzun müddət saxlaya bilməsidir.
    Qırğızıstanın güneyində becərilən aşkabak adlanan balqabaq növünün buranın mətbəx ənənəsində önəmli yeri vardır. Bu tərəvəzdən coxlu sayda yeməklərdə, xüsusilə şorbaların hazırlanmasında istifadə olunur.
    Beşbarmaq qırğızların ən məhşur yeməyidir. Önəmli qonaqlara bu yemək mütləq hazırlanır. Yeməyin adı beş barmaqla yeyilməsindən irəli gəlir. Kəsmə deyilən xəmirin üzərinə xırda doğranmış ət və soğandan hazırlanmış sos əlavə edilir. Bu yemək Azərbaycanda hazırlanan xəngəli xatırladır.
    Bütöv qoyun qızartma da qırğızların ən məhşur yemək adətlərindəndir. İmam tərəfindən kəsilən quzu dəmir şişlə alov üzərində çevirilərək qızardılır. Belə qızardılmış quzu həm kövrək həm də təzə olur. Bu yemək əsasən önəmli məclislərdə verilir. Məclislər isə əsasən axşamlar olur. Qırğızlar ocaq ətrafında oturur, quzunu çevirərək, mahnı oxuyub, rəqs edirlər. Qırğızlar yemək yeyərkən yerə böyük bir süfrə salırlar. İnsanların sayından asılı olmayaraq, yemək süfrə ətrafında oturaraq yeyilir. Qırğızların istifadə etdikləri mətbəx və yemək alətləri əsasən taxtadan hazırlanır. Taxtadan hazırlanmış boşqab və qaşıqların üzərinə ya rəsm çəkilir, ya da oyulur. Qırğızlar çayı “çanaç” adlanan kasada içirlər. Çay çanaçın içərisinə ən çox üçdə biri və ya yarısına qədər süzülə bilər. Özəlliklə qonaqlara daha çox qulluq edilməsinin və qonaqpərvərliyin göstəricisi olaraq çay az süzülür.
    Qonaqpərvərlikləri ilə tanınan qırğızlar tanış olub-olmamasından asılı olmayaraq qonağı çadırın ağzında qarşılayırlar. Və qonağı gözəl ətirli qımız ilə ağ yoğurt, sonra da yoğurt pendiri, quru badam, xurma və ləzzətli xəmir yeməklərinə qonaq edirlər.

Toy

    Qırğızların toyu əsasən qız evində edilir. Bəy, onun yaxınları və dostları müxtəlif başlıqlarla qız edinə gəlir və çadırın içində qapnın qarşısında sırayla otururlar. Qız evindən bir gənc sağ əlində mis çaydan, sol əlində su ləyəni tutur, sağ çiyninə isə naxışlı məhraba ataraq qonaqları əllərini yumağa dəvət edir. Qonaqlar əllərini yuduqdan sonra naxışlı məhrabayla əllərini silirlər. Əllərdəki suyun kənara sıçraması hörmətsizlik kimi dəyərləndirilir. 4 metirlik süfrəyə yağda qızardılmış yüməklər düzülür. Qonaqlara isti və tünd çay verilir. Onlar çay içdikdən və yemək yedikdən sonra çadırdan çıxırlar. Hər iki tərəfdən toya rəhbərlik edənlər toyu idarə etmək üçün qalırlar. Sonra oğlan evi tərəfdən bir nəfər əlindəki ağacla çadırın üzərindəki pəncərəni açır və bir gənc bu pəncərədən toy üçün hazırlanmış, yağda qızardılan un məmulatları, konfet və quru yemiş atır. Çadır ətrafında gözləyənlər xoşbəxtlik və sevinc əlaməti olan yeməkləri yağmalayırlar. Və beləcə toy başlamış olur.
    Qırğızlar yeni doğulan körpəyə ad qoymaq üçün doğumdan üç gün sonra mərasim təşkil edirlər. Mərasimdə bişmiş və çərdəyi çıxarılmış xurma, qovrulmuş, əzilmiş buğda, kərə yağı, süd və qiymə ilə qarışdırılan özəl bir yemək verilir. Bu yemək uşağın ömrü boyu ruzisinin bol, həyatının xoşbəxt olması diləyinin göstəricisidir.

 

Bu yazı 3465 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :