-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Özbəkistan Respublikası
Şiriftin ölçüsünü dəyiş

İstər bir olsun, istərsə min bir,
Bütün Türk Elləri ancaq mənimdir
Əlişir Nəvai

        Özbəkistan Respublikası Orta Asiyada, Əfqanıstanın quzeyində yerləşən müstəqil Türk dövlətidir. Altay dil qrupuna daxil olan müxtəlif Türk tayfalarının bu ərazidə (Amudərya və Sırdərya çayları arasında) məskunlaşması prosesi hələ antik dövrlərdən başlanmışdır. E.ə 3-cü əsrdə bu əraziyə köç edən tayfalar arasında hunlar da olmuşdur. Hunlar daha sonra ərazilərini genişləndirərək cənuba və qərbə doğru hərəkət etmişlər. VIII əsrdə Ərəb xilafətinin Mavərənnəhri (iki çay arasında Amudərya və Sırdərya çayları arasında yerləçşən torpaq) işğal etməsindən sonra bu ərazi Xilafətin sosial və mədəni həyatında əsas rol oynayan regionlarından birinə çevrildi. Ərazidən keçən Böyük ipək yolu şərqlə-qərbi birləşdirir, cənubdan şimala, şimaldan cənuba gedən insanlar bu torpaqlardan keçməli olurdular. Bu bölgədə yerləşən Buxara, Səmərqənd və Kunya-Urgənc şəhərləri Hindistan, Çind, Misir, Bizans və slavyan ölkələrindən gələn karvan yollarının qovşağında yerləşirdilər. Xilafətin yaranması İslam dininin yayılması ilə nəticələndi. O dövrdən İslam bu regionda hökmran dinə çevrildi və buradakı mədəniyyətin əsasını təşkil etdi. 9-cu əsrin sonlarında region inkişaf etdi və paytaxtı Buxara olan Samani dövləti yarandı. Samanilər dövlətinin hökmran sülaləsi ərəb mənşəli olsada, dövlət Türk dövləti idi. Bu dövlət 10-cu əsrin sonlarına qədər yaşadı. 10-12-ci əsrlər ərzində Xorasan və Mavərənnəhr ərazisində Qaraxanilər, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar (Türk sülalələrinin hökmran olduğu Türk dövlətləri) dövlətləri mövcud olmuşdur. Ərazinin daimi müharibələrə məruz qalmasına baxmayaraq bu dövrdə mədəniyyət və elm yüksək səviyyədə inkişaf etmişdir. Siyasi cəhətdən müstəqil və muxtar dövlətlərin yaranması regionda iqtisadi və mədəni inkişafın güclənməsinə geniş imkanlar açmışdır. Bu dövr tarixdə “Şərqi Renessans Dövrü” kimi tanınır. Çünki, bu dövr İslam və Türk aləminə, Mahmud Kaşğari (XI əsrdə Orta Asiyanın ilk Türkşünas-ensiklopediyaçı alimi, coğrafiyaşünas və səyyahı), Əl Biruni (böyük ensiklopediyaçı alim, tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, minerologiya və başqa elm sahələrinə aid 150-dən çox əsərin müəllifi), İbn Sina (müsəlman dünyasının ən büyük təbibi), Xoca Əhməd Yasəvi (riyaziyyatçı, coğrafiyaşünas alim) kimi ayrı-ayrı elm və sənət sahəsinə yeniliklər gətirmiş bir çox insanları bəxş etmişdir.

        Bu dövrlərdə həmçinin İsmailiyyə, Sufizm kimi yeni İslami hərəkatlar da meydana çıxmışdır. Buxara, Səmərqənd, Mərv, Urgənc  və Xivə İslam Dünyasının mərkəzi şəhərlərinə çevrilmişdir. Memarlıq və incəsənət sürətlə inkişaf edirdi. XI əsrin əvvəllərində Xarəzmşah Məmunun rəhbərliyi altında Xarəzmdə Şərq alimlərinin əsas elmi mərkəzi olan yeni araşdırma mərkəzi yaradılmışdır. Bu mərkəz sonradan Xarəzmşaha həsr olunmuş və Mərkəzi Asiyanın ilk Akademiyası adlanmışdır. Ərəb istilasından sonra ərazi ardıcıl olaraq müxtəli Türk dövlətlərinin - Çingiz Ulusunun, Qızıl Orda Dövlətinin və Teymurilər imperiyasının ərazisinə daxil olmuşdur. Bu sürətli inkişaf XIII əsrin əvvəllərində zəifləməyə başlamışdır. Burada olan bütün şəhərlər, suvarma sistemləri, mədəniyyət mərkəzləri dağılıb sıradan çıxmışdır. Lakin Əmir Teymurun və onun varislərinin hakimiyyəti dövründə ərazinin siyasi, iqtisadi və mədəni inkişafına səmərəli şərait yaranmışdır. Teymurun hakimiyyəti dövründə dövlət idatəetməsi onun əsas prinsiplərini əks etdirən “Teymur Qanunnaməsi” adlanan qanun əsasında həyata keçirilirdi. Teymurun ölümündən sonra onun varisləri daha cöx incəsənətin, elmin və mədəniyyətin inkişafına diqqət ayırmışdılar. Xüsusilə Uluq bəyin, Şahrux və Hüseyn Bəyqaranın dövrlərində mədəniyyətin inkişafı öz zirvəsinə çatdı. Mavərənnəhr və Xorasan nəinki Şərqdə eləcə də bütün Avropada tanındı. Bu dövr Mərkəzi Asiyanın ikinci “Renessans Dövrü” idi. Böyük filosoflar Əlişir Nəvai, Uluqbəy, Xocazadə Rumi, Əli Quşçu, Mirşərif Gürcani, Xoca Əkrar, Litufi, Xondəmir, Babur və bir çox digər məhşurlar məhz bu dövrdə yaşamışlar. Əlişir Nəvai XV əsrdə yaşamış və şah əsərlər yaratmış, yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olmuş bir şəxsiyyətdir. O, həmçinin yaxşı bir dövlət xadimi, zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri kimi tanınmışdır. Ancaq onun əsas böyük xidməti “Türklük” və “Türk dilçiliyi” sahəsində olmuşdur. Teymurilərdən olan Uluqbəy Səmərqənddəki elmi mərkəzin tikilməsinə şəxsən məsul olmuş və bu mərkəz hal-hazırda Uluqbəy Akademiyası adlanır. Bu dövr həmçinin memarlıq abidələrinin yaranması, özbək şeirinin sürətli inkişafı, miniatür sənətinin, əlyazmaların, astronomiyanın, riyaziyyatın, tarixin və tibbin geniş inkişafı dövrü kimi tanınır. Lakin XV əsrin sonu XVI əsrin əvvəllərində tez-tez baş verən daxili çəkişmələr Teymurilər dövlətinin məhvini labüd etdi. Lakin bu yalnız dövlətin məhvi idi. Belə ki, XVII əsrin əvvəllərində Teymur nəslindən olan Fərqanə hakimi Babur Hidistanı işğal etdi və yeni qurduğu dövləti “Böyük Babur İmperiyası” adlandırdı. İngilislər gələnə qədər Hindistanı məhz Teymurilər idarə etdi. XVII əsrdən etibarən Mavərənnəhr dərin sosial və iqtisadi çöküşə məruz qaldı. XIX əsrdə Məhəmməd Rəhim xan Xarəzimdə tarixin və ədəbiyyatın inkişafına böyük diqqət vermişdir. Munis, Komil Xarəzimi, Ağai, Bəyani bu dövrün yetişdirmələrindəndir. XIX əsrin ikinci yarısında Türküstan həyatı çətin sosial, iqtisadi və siyasi hadisələrlə zəngindir. XIX əsrin sonlarında isə Özbəkistan ayrı-ayrı xanlıqlara parçalanmış şəkildə Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Ümumiyyətlə Mərkəzi Asiya torpaqlarının Rusiya imperiyası tərəfindən işğalı 3 mərhələdə həyata keçirilmişdir. Birinci mərhələ 1864-1865-ci illəri əhatə edir və bu dövrdə Kokand xanlığının çox hissəsi işğal edilmişdir. 1866-1873-cü illəri əhatə edən ikinci mərhələdə Buxara və Xivə xanlıqları tabe edilmişdir. 1869-1884-cü illərdə isə Türkmənistanın işğalı başa çatdırılmışdır. Bu ərazidə yaşayan Türklərə özbək adı ilk dəfə 1313-1342-ci illərdə Qızıl Orda dövəltinin hökmdarı olmuş Qiyasəddin Məhəmməd Özbək Xan tərəfindən verilmişdir. Özbək Türkləri İslamı məhz Qızıl Orda dövlətinin mövcud olduğu dövrdə qəbul etmişlər. Belə ki, müsəlman ölkələri ilə olan geniş iqtisadi və siyasi əlaqələr İslamın zadəganlar və xalq kütlələri arasında geniş yayılmasına əlverişli imkan yaratmışdır. Batı xanın qardaşı Bərkə xan müsəlmanlığı qəbul etsə də, İslam məhz Özbək xanın hakimiyyəti dövründə Qızıl Ordanın rəsmi dini elan olunmuşdur. Əmir Teymurun ölümündən sonra zəifləyən Teymur imperiyasının torpaqlarının Aral gölü və Seyhun çayının qüzeyindəki bölgələrində dağınıq yaşayan, sonralar Şeybanilər kimi tanınan özbəklər Əbül Hayır xanın  rəhbərliyi altında birləşmişlər. Əbül Hayır xan 1428-ci ildə Turada (hazırkı Tobolsk) taxta çıxmış və 40 il hökmranlıq etmişdir. Əbül Hayır xan Çingiz xanın oğlu Cucinin beşinci oğlu və Batı xanın qardaşı olan Şeybanın sülaləsindən idi. Şeybani xanlığı (Özbək xanlığı) 1468-də Teymurilər tərəfinfən ləğv edilmiş və 1500-cü ildə Məhəmməd Şeybani xan tərəfindən (1451-1510) yenidən qurulmuşdur. Əbül Hayır qısa müddətdə qüvvətlənərək ətrafdakı digər boyları da hakimiyyəti altında birləşdirmiş, Ceyhun çayı sahilindəki Sığnak, Arkuk, Suzak və Özkənt şəhərlərini ələ keçirmiş, Sığnağı paytaxt elan etdimişdir. 1561-də isə xanlığın paytaxtı Buxaraya köçürülmüşdür. Kalmıklar üzərinə yürüşün məğlubiyyətlə nəticələnməsindən sonra Kanay və Canıbəy adlı başbuğlar bəzi tərəfdarları ilə birlikdə Cığatay xanının himayəsinə sığınmış və sonralar bölgədən ayrılan bu özbəklərə Qazax və ya Qırğız Qazaxları adı verilmişdir. 1599-cu ildə Şeybanilər xanlığı əslən Həştərxan xanlığından olan Can Xanın oğulları Din Məhəmməd, Baki Məhəmməd və Vali Məhəmməd tərfindən son qoyulmuş və ərazisi Həştərxan xanlığına (Canoğulları xanədanı) birləşdirilmişdir.

        Şeybanilər dövlətinin süqutundan sonra onun yerləşdiyi ərazidə müxtəlif vaxtlarda üç əsas xanlıq - Buxara, Xivə və Kokand xanlıqları yarandı və bu xanlıqlar XIX əsrin əvvəllərinə qədər mövcud oldu. Buxara xanlığı 185 illik (1599-1785) mövcudiyyəti müddətində fəth siyasəti həyata keçirməyib, yalnız öz müstəqilliyini qorumaqla məşğul olmuşdur. Şəhər 1740–cı ildə Nadir şah Əfşar tərəfindən işğal olunmuşdur. Onun ölümündən sonra Buxara özbək əmiri Xudayar bəyin idarəçiliyi altına keçmiş və 1785-ci ilədək mövcud olmuşdur. Əsası Mangird sülaləsindən olan Şah Murad tərəfindən qoyulmuş və 1785-ci ildən Buxara əmirliyi adlanan dövlət 1920-ci ilədək mövcud olmuşdur. Mangirdlər sarayda atabəylik və vəzirlik vəzifəsini tuturdular.

        Xivə xanlığı 1512-1920-ci illər arasında mövcud olmuşdur.  Xanlıq 1740-1746-cı illlər ərzində Nadir sah Əfşar tərəfindən işğal edilmiş və onun ölümünə qədər Əfşar dövlətinə tabe olmuşdur. 1839-1840-cı illərdə rus çarının icazəsi ilə Orenburq hərbi qubernatoru general V. A. Perovski Xivəyə yürüş etmiş, iki aydan çox davam edən döyüşlərdə əsgərlərinin beşdə bir hissəsini itirən Perovski geri qayıtmağa məcbur olmuşdur. Xanlıq 1873-cü il may ayının 29-da Rusiya imperiyası tərəfindən işğal edilmişdir. Xivə hökmdarı olan Əbül Qazi Bahadur xan (1643-1665) eyni zamanda tarixçi olmuşdur. O, Türk və türkmən tarixinə aid “Şəcərəyi-Tərakimə” və “Şəcərəyi-Türk” adlı Türk dilində iki kitab yazmışdır. Birinci əsərdə türkmənlərin mənşəyindən, ikinci əsərdə isə hökmdarlıq dövründəki tarixi hadisələrdən bəhs olunur. Bu əsərlər XVIII əsirdə bəzi Avropa dillərinə çevrilmişdir.

        Kokand xanlığı 1709-1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılarıaq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir. Bununla da xanlığın əsası qoyulmuşdur. Xanlığın ərazisi Şahrux xanın oğlu Əbd əl-Kərim və onun nəvəsi Narbuta bəyin hakimiyyətləri dövründə daha da genişləndirilmişdir. XIX əsrdə Alim Məhəmməd və Məhəmməd Əli xanın zamanında Daşkənd (1800) və Yəs şəhərləri də daxil olmaqla xanlığın ərazisi Balxaş gölünə qədər uzanmışdır. Həmin dövrdə Daşkəndin əhalisi 100.000 nəfər idi və o Mərkəzi Asiyanın ən zəngin şəhəri idi. Xanlıq həmçinin 1826-cı ildə Şərqi Türküstanın ən önəmli şəhəri olan Kaşğarı ələ keçirmişdir. Onu da qeyd edək ki, təkcə Daşkənd şəhəri 1840-1860-cı illərdə yeddi dəfə Kokand və Buxara xanlıqları tərəfindən “işğal edilmişdir”. Rus ordusu 1865-ci ilin 16 mayında Daşkəndə döyüşsüz girmiş və Daşkəndin məğlubiyyəti ilə xanlıq əhəmiyyətli dərəcədə sarsılmışdır. İşğaldan sonra şəhər imperator II Aleksandrın himayəsi altında müstəqil xanlıq kimi qalmış, Çernyayev isə Daşkəndin hərbi qubernatoru təyin edilmişdir. 1866-cı ilin sonlarına yaxın Xocənt şəhəri də ruslar tərəfindən zəbt edilmişdir. Lakin 1868-ci ilin yazında Buxara əmiri ruslara qarşı müqəddəs müharibə, “cihad” elan etmişdir. Ciddi müqavimətə baxmayaraq, rus qoşunları Səmərqəndə daxil olmuş və bu dəfə “Türküstan General Qubernatorluğu” tərkibində, işğal olunmuş torpaqlardan ibarət Zərəşan mahalı yaradılməşdır. 1867–ci ilin 17 iyulunda Rus carı “Türküstan General Qqubernatorluğu”nun qurulması ilə bağlı fərman imzaladı. Bu vəzifəyə alman əsili general Konistantin von Koufman gətirildi. İşğaldan azad olmaq üçün 1875-ci ildə mübarizəyə başlayan və özünü xan elan edən Nəsrəddin xana qarşı döyüşən rus ordusu elə həmin il Namanqana girmiş və üsyan yatırılmışdır. Kokand qısa müddət ərzində rus əsarətindən azad olsa da von Koufmanın təyin etdiyi polkovnik Skobolyev 1876-cı ildə ərazini tam olaraq işğal etmiş və üsyanın rəhbərlərindən olan Polat bəy edam olunmuşdur. Bu tarixdən etibərən xanlıq tamamən Rusiyanın tabeliyinə kemiş və 1876-1885-ci illər arasında ruslar tərəfindən çoxlu edamlar həyata keçirilmişdir. Rusiya əlehinə üsyandan istifadə edən II Aleksandr 1876-cı ildə Kokand xanlığını ləğv etdi. 1915-ci ildə Kokand xanlığını yenidən qura bilmək üçün üsyan başladı və 1916-cı ildə üsyan bütün Fərqanəni bürüdü. 1917-ci ildə Rusiyada baş verən çevrilişdən sonra 9 dekabr 1917-ci il - 20 fevral 1918-ci il ərzində üç ay sürən Kokand Cümhiriyyəti mövcud olmuşdur. Bu Cümhuriyyətə də ruslar tərəfindən son qoymuşdur. Orta Asiyanın ən strateji bölgələrindən biri olan Fərqanə vadisində qurulmuş olan xanlığın son xanlarından olan Xudayar xanın sarayı hal-hazırda müzey kimi istifadə edilir.

        1890-cı illərdə Türküstanda üsuli-cədid hərəkatı geniş vüsət almağa başladı. Cədidçilər əsasən təhsil sahəsində islahatların aparılmasında və milli təhsil qurumlarının yaradılmasında maraqlı idilər. XX əsirin ilk illərində Fərqanə və Səmərqənddə üsuli-cədid məktəbləri açılmağa başladı. Cədidçilər fikirlərini daha yaxşı yaymaq üçün 1906-cı ildən etibarən müxtəlif qəzetlər, jurnallar, dərnəklər vasitəsilə təşkilatlanmış və Türküstanın inkişafı üçün siyasi mübarizə aparmışdılar. Onlar eyni zamanda gənclərin xarici ölkələrdə təhsil almasında vasitəçilik edirdilər. 1910-cu ildə 50-yə qədər tələbə İstanbula təhsil almağa göndərilmişdir. Xüsusilə Buxaralı İbrahim Əbülrəşidin səyləri nəticəsində hərəkat yeni vüsət aldı və  istiqlal mücadiləsi səviyyəsinə çatdı. Rusiyanın I Dünya müharibəsindəki hərbi mükəlləfiyyətinə cavab olaraq 1916-cı ildə Özbəkistanda və başqa yerlərdə etirazlar başlandı. 1917-ci ildə çarın devrilməsindən sonra cədidçilər qısa müddət ərzində mövcud olmuş və Quqon adlanan muxtar dövlət qurdular. 1918-ci ildə Özbəkistan ərazisində Türküstan Muxtar SSR, 1920-ci ildə Xərəzim və Buxara Xalq Respublikaları yarandı. 1920-ci illərin əvvəllərində üsyan baş verdi və kommunist lideri kimi tanınan Feyzulla Xocayev hakimiyyətə gəldi. 1924-cü ildə Tacikistanı və Özbəkistanı əhatə edən Özbəkistan SSR yarandı. 1929-cu ildə Tacikistan Özbəkistandan ayrıldı. 1936-cı ildə Qaraqalpaq Muxtar Respublikası Özbəkistana birləşdirildi. 1956 və 1963-cü illərdə Hun stepi (Mirzəqul stepi) Qazaxıstandan alınaraq Özbəkistana birləşdirildi. Lakin bu ərazilərin bir qismi 1971-ci ildə geri qaytarıldı. 1920-ci illərin sonu-30-cu illərin əvvəllərində həyata keçirilən geniş həcmli kənd təsərrüfatı kollektivləşdirməsi Məkəzi Asiyada kütləvi aclıqla nəticələndi. 30-cu illərin sonlarında Xocayev və Özbəkistanın bütün rəhbər işçiləri Stalin tərəfindən təşkil edilən sürgünə məruz qaldı. Onların əksəriyyətinin yeri rus rəsmiləri tərəfindən tutuldu. Siyasi və iqtisadi həyatın ruslaşdırılması 30-cu illərdə başlayıb 70-ci illərdə bitdi.  70-ci illərin sonlarında Moskvanın Özbəkistan üzərində nəzarəti artıq zəifləməyə başlamışdı. Özbək lideri Səfər Rəşidov bir çox hakim vəzifələrə Özbək Türklərinin nümayəndələrini gətirmişdi. Bu səbəbdən 80-ci illərin ortalarında Moskva yenidən nəzarəti ələ almaq üçün özbək liderlərini təmizləməyə cəhd etdi. Lakin bu özbək milli hərəkatının daha da güclənməsinə səbəb oldu. Bu dövrdə anti-müstəmləkə yönümlü maariflənmə Türküstanın mədəni və sosial həyatına təsir etmiş, nəticədə Əhməd Doniş, Furkat, Avaz Otar və Mukimiyi kimi ədəbi və ictimai xadimlər yetşmişdir.

        Özbəkistan Respublikasının Konistitusiyası 1992-ci il dekabırın 8-i Özbəkistan Ali Şurasının XII sessiyasının XI çağırışında qəbul olundu. Konistitusiya preambuladan, 6 bölmə, 26 fəsil və 128 maddədən ibarətdir. Birinci bölmə Konistitusiyanın təməl prinsiplərini, ikinci bölmə insan və vətəndaşların əsas hüquq, azadlıq və vəzifələrinin təminatını, üçüncü bömə dövlətin iqtisasdi və sosial əsaslarını, dördüncü bölmə idarəetməni, ərazi və dövlət stukturunu müəyyən edir, sonuncu bölmə isə Konistitusiyaya düzəlişlərin qaydasını ifadə edir. Qeyd etmək lazımdır ki, Konistitusiyanın 128 maddəsindən 60-ı özbək xalqının və vətəndaşlarının hüquqi statusna həsr edilib. Konistitusiyanın qəbul edildiyi gün - 8 dekabr ölkədə Konistitusiya günü kimi qeyd edilir.

         Ölkədə qanunvericilik hakimiyyətini Özbəkistan Respublikasının parlamenti (Oli Maclis) həyata keçirir. Parlament iki palatadan ibarətdir. Senat parlamentin yuxarı palatasıdır və 100 üzvü var. Onlardan 84 nəfəri regional konsullar vasitəsilə seçilir, 16 nəfəri isə prezident tərəfindən təyin olunur. Aşağı palata isə Qnunverici palata adlanır və bu palatanın üzvləri 120 nəfərdən ibarətdir ki, onlar da xalq tərəfindən seçilirlər.

        Özbəkistanda icra hakimiyyətini Özbəkistan respublikasının prezidenti həyata keçirir. Prezidentli idarəçilik sistemi ilk dəfə Özbəkistanda 1990-cı ilin 24 martında tətbiq olunub və İslam Kərimov Özbəkistan SSR-in Ali Məclisinin 1-ci sessiyasında prezident seçilmişdir. Həmin ilin 31 avqustunda Ali Məclisin növbədənkənar iclasında ölkənin siyasi müstəqilliyi bəyan edilmiş və rəsmi olaraq Özbəkistan Respublikası adlanmışdır. 1 sentyabr Özbəkistanın Müstəqillik günü kimi qeyd olunur.

        Özbəkistan Respublikasının prezidenti dövlət başcısıdır və icra hakimiyyətini həyata keçirir. Prezident eyni zamanda Özbəkistan Respublikasının Nazirlər Kabinetinin sədridir. 35 yaşına çatmış, Özbək Türkcəsini mükəmməl bilən, Özbəkistan Respublikasının ərazisində 10 ildən az olmayaraq daimi yaşayan Özbəkistan Respublikasının vətəndaşları prezident seçilə bilərlər. Özbəkistan Respublikasının prezidenti ölkənin Ali Baş Komandanıdır. O, 2007-ci ildə yenidən Özbəkistan Respublikasnın prezidenti seçilmişdir. 1991-ci ilin sentyabr ayından 1993-cü ilin iyul ayınadək Özbəkistan Respublikasının müstəqilliyini rəsmi olaraq 160 dövlət tanımışdır.

        Nazirlər Kabineti prezident tərəfindən formalaşdırılır və parlament tərəfindən bəyənilir. Nazirlər Kabineti dövlətin ali icraedici hakimiyyətidir. Kabinet Nazirlər Kabinetinin sədrindən, onun birinci müvinindən, müavinlərindən, nazirlərdən, komitə rəhbərlərindən, böyük dövlər konsernlərinin və korporasiyalarının rəhbərlərindən və Qaraqalpakıstan Respublikasının rəhbərindən ibarətdir. Nazirlər Kabineti parlament tərəfindən qəbul edilən qanun və qərarların, prezident tərfindən verilən fərman və sərəncamların icrasını təmin edir. Nazirlər Kabinetinin binası Daşkənddəki müstəqillik meyadanında yerləşir.

        Məhkəmə hakimiyyəti Özbəkistan Republikasının məhkəmələri tərəfindən həyata keçirilir. Özbəkistanın məhkəmə sistemi Konistitusiya Məhkəməsindən, Ali Məhkəmədən və yuxarı İqtisad Məhkəməsindən ibarətdir. Ali Məhkəmə orqanlarının hakimləri beş il müdətinə seçilir. Özbəkistanın məhkəmə sisteminə həmçinin Qaraqalpakıstan Muxtar Respublikasının Ali Məhkəməsi, İqtisad Məhkəməsi, Daşkənd Bələdiyyə Məhkəməsi, rayon-şəhər məhkəmələri, yerli iqtisad məhkəmələri və hərbi məhkəmələr də daxildir. Bu məhkəmələrin  hakimləri beş il müdətinə təyin olunurlar.  Məhkəmələrin hüquqi statusu 1993-cü ilin 2 sentyabrında qəbul edilmiş “Məhkəmələr haqqında qanun”la müəyyən olunur.
        1991-ci ilin 8 noyabrında “Özbəkistan Respublikasının bayrağı haqqında qanun” Özbəkistan Ali Şurası tərəfindən qəbul olunub. Bayraq düzbucaqlı şəklində, mavi, ağ və yaşıl rəngli üç horizontal zolaqdan ibarətdir. Mavi rəng həyat mənbəyi olan suyun və səmanın rəmzidir. Bu rəng xüsusilə Teymurilər imperiyasının rəngi kimi qəbul olunur. Ağ rəng ənənəvi olaraq sülhün və uğurun rəngidir ki, özbəklər bunu “Ok yul” adlandırır. Yaşıl təbiətin, yenliyin, bol məhsulun və İslamın rəmzidir.  Mavi rəngin üzərində təsvir olunan ay yeni müstəqil respublikanı, ayın yanında təsvir olunmuş 12 ulduz Özbək xalqının milli ənənələrini ifadə edir. “Dövlət emblemi haqqında qanun” Özbəkistan Ali Şurası tərəfindən 1992-ci ilin 2 iyulunda qəbul olunub. Bu emblem özbək xalqının çox əsrlik təcrübəsinə əsaslanaraq tərtib olunub. Emblem günəşin özbək vadilərini şölələndirməsini təsvir edir. Vadini əhatə edən Iki çay Amudərya və Sırdərya çayı təsvir olunur. Emblemin sağ tərəfini sümbül, sol tərəfini isə açılmış pambıq qozası əhatə edir. Emblemin yuxarı hissəsində xalqın birlik rəmzi olan səkkizguşəli ulduz təsvir olunub. Aypara və onun daxilində təsvir olunmuş səkkizguşəli ulduz müqəddəs İslam rəmzidir. Emblemin mərkəzində qanadlarını tam açmış şəkildə mifik Simurq quşunun rəsimi isə milli intibahın simvoludur. Ümumiyyətlə emblemdəki kompozisiyanın məqsədi özbək xalqına sülh, xoşbəxtlik və rifah arzulamağı ifadə etməkdir. Emblemin aşağısında üzərinə “Özbəkistan” yazılmış Özbəkistan bayrağı təsvir olunub. “Özbəkistan Respublikasının milli himni haqqında qanun” 10 dekabr 1992-ci ildə Özbəkistan Ali Şurası tərəfindən  qəbul edilib. Onun sözləri A. Aripova, musiqisi isə M. Burxanova aitdir.

        Özbəkistan Mərkəzi Asiya respublikaları arasında mərkəzi mövqe tutur. Ərazinin əksər hissəsi Amudərya və Sırdərya çayları arasında yerləşir. Qonşu ölkələr arasında əlaqələr məhz Özbəkistan ərazisindən keçməklə mümkündür. Özbəkistanla qonşu respublikalar arasında sərhəd Turan ovalığında düz xətt üzrə uzanır və az bir məsafədə Amudərya çayı boyunca keçir. O şimaldan və şimal-qərbdən Qazaxıstanla (2,203 km), şərqdən və cənub-şərqdən Qırğızıstanla (1,099km) və Tacikistanla (1,161 km), cənub-qərbdən Türkmənistanla (1,621 km), cənubdan isə Əfqanıstanla (137 km) həmsərhəddir. Özbəkistan Respublikası mülayim və subtropik qurşaqda yerləşir. Ərazisi 447,400 km²-dir. Özbəkistan sahəsinə görə dünyanın 56-cı, əhalisinin sayına görə isə 42-ci ən böyük ölkəsidir. Müstəqil Dövlətlər Birliyində isə sahəsinə görə 5-ci, əhalisinin sayına görə isə 3-cü yeri tutur. Respublikanın paytaxtı Daşkənd şəhəridir. Özbəkistanda 600-dən artıq çay mövcuddur. Düzənlik ərazilərdən  keçən tranzit çaylar səhralarda öz sularının xeyli hissəsini buxarlanma nəticəsində itirir. Ərazinin 80%-i düzənliklərdən ibarətdir. Düzənliklərin daha geniş hissəsini Qızılqum səhrası tutur. Dağ sisilələrini əsasən Tyan-Şan, Zərəfşan, Hissar, Altay, Tanrı dağları təşkil edir. Tanrı dağları ümumilikdə Türküstanın 1.000.000 km² ərazisini əhatə edir. Özbəkistan sərhədlərinə düşən hissəsi Talas Ala dağının şərq hissəsidir. Ən yüksək zirvəsi Zərəfşan yüksəkliyidir (4299 m). Özbəkistan cavan dağəmələgəlmə zonasında yerləşdiyindən  ərazinin əksər hissəsində seyismik hərəkətlər davam edir. XX əsirdə baş verən Əndican, Karataq, Daşkənd və Qazlı zəlzələləri bunu sübut edir. Bununla yanaşı Pamir və Tyanşan dağlarının daimi qar və buzlaqlarının əriməsi hesabına qidalanan Amudərya, Sırdərya və Zərəfşan çayları yaz və yay aylarında, yəni suvarmaya tələbatın maksimuma çatdığı bir vaxtda daşır.. Çaylardan çəkilən yüzlərlə suvarma kanalı əkin sahələrinin suvarılmasında müstəsna rol oynayır. Özbəkistan şimaldan həmçinin Aral dənizi ilə də həmsərhəddir. Aral dənizi dünya okeanına çıxışı olmayan ən böyük dördüncü göldür. Keçən əsrin 60-cı illərindən başlayaraq dənizin suyundan düzgün istifadə edilməməsi nəticəsində suyun həcmi üç dəfə azaldı. Bu fəlakətin səbəbi sovetlər dönəmində Özbəkistan ərazisinin onillərlə pambıq istehsalnın istismarına məruz qalması idi. Kənd təsərrüfatı sənayesi torpaqların və təbiətin çirklənməsinə, su ehtiyyatlarının tükənməsinə gətirib çıxardı. Dənizin suyunun düzgün istifadə olunmaması nəticəsində orada olan çoxlu sayda heyvan və bitki aləmi məhv oldu, dəniz ətrafında yaşayan və fəaliyyəti əsasən dənizlə bağlı olan əhali bu bölgələrdən didərgin güşdü. Bu fəlakətin cavabdehləri isə sovet alimləri və siyasətçiləridir. Bununla belə Özbəkistan torpaqlarının 11,2%-i əkinçilik sahəsi kimi, 48%-i isə otlaq sahələri kimi istifadə olunur. Respublika ərazisi yanacaq-energetika, mineral və kimyəvi xammal kimi faydalı qazıntılarla zəngindir. Qərbi Özbəkistanda zəngin təbii qaz yataqları var. Bunlardan ən böyükləri Qazlı, Mübarək və Urtabulaqdır. Fərqanə və Surxandərya vadilərində neft yataqları istismara verilmişdir. Yanacaq xammalı ehtiyatlarından Anqren, Şarqun yataqlarında 2 mlrd. ton kömür olması haqqında məlumat var. Əlvan metal filizləri, əsasən respublikanın şimal hissəsində cəmləşib. Muruntauda zəngin qızıl yataqları mövcuddur. Kalmakır, Sarı Çek və Almalıkda mis yataqları istismar edilir. Uran ehtiyatına görə Özbəkistan dünyada yeddinci, qızıl ehtiyatlarına görə isə beşinci sıradadır. MDB ölkələri arasında isə bu sıralamada (qızıl ehtiyatlarına görə) ikinci yeri tutur.

        Özbəkistan ərazisində 12 vilayət, bir muxtar respublika var. Bu vilayətlərə Buxara, Cizax, Nəvayi, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan, Xarəzm daxildir. Özbəkistan Mərkəzi Asiyanın ən çox əhali yaşayan hissəsidir. Burada 27,5 milyon nəfər əhali yaşayır. Etnik tərkibinə görə əhalinin 91%-i özbəklərdir. Müstəqillik illərində Özbəkistanda iqtisadiyyat, mədəniyyət, idman və turizm sahəsində əhəmiyyətli inkişaf  baş vermişdir. Özbəkistan hal-hazırda Koreyanın Daevo avto kompaniyası ilə birlikdə minik avtomobili, Türkiyənin SamKoc Avto şirkətləri ilə birlikdə kiçik avtobuslar və yük maşınları, Yaponiyanın İzusu Motor şirkəti ilə birlikdə avtobus və yük maşınları istehsal edir. Özbəkistanın milli pulu somdur. Özbəkistanda səhiyyəninin inkişafına geniş diqqət ayrılır. Əhalinin hər 295 nəfərinə 1 həkim (terapevt) düşür. Ümumilikdə ölkə ərazisində 3000 poliklinika fəaliyyət göstərir. Hal-hazırda ölkədə 60-dan çox özəl klinika var. Təxminən 3000 həkim özəl sektorda çalışır. Əhalinin orta uzun ömürlülüyü 72 ilə bərabərdir. Demoqrafik artım hər 100 nəfərə 2.300 nəfərdir.

        Özbəkistan hazırda Mərkəzi Asiyanın əsas təhsil mərkəzidir. Ölkədə 300 universitet və institut fəalliyyət göstərir. Daşkənd İslam Universiteti, Dövlət Xarici Dillər Universiteti, Özbəkistan Milli Universiteti, Daşkənd Memarlıq və İnşaat Universiteti, Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Avtomobil vəYol İnşası İnistitutu ölkənin aparıcı ali təhsil müəssisələridir. Ölkənin ən qədim universiteti Uluqbəy adına Milli Universitetdir. Bu universitet əvvəlcə Mərkəzi Asiya, sonra Daşkənd Dövlət Universiteti adlanıb. Ölkənin ali təhsil müəssisələrində 25.000 alim və elmi araşdırmaçı fəaliyyət göstərir. Araşdırmalarda əsas istiqamət mikroelektronika, astranomiya, biofizika, genetika və geologiya sahələrinə yönəlmişdir. Özbək alimlərinin əsas nailiyyətləri ehtimal nəzəriyyəsi, hidrometrologiya və yüksək keçiricilərin öyrənilməsi, tibb, kənd təsərüffatı sahəsindədir. Dövlət Elm və Layihələşdirmə Komitəsi elmi araşdırmaların inkişafı üçün ildə 3,5 milyonda artıq som ayırır. Elmi araşdırmaların qarşısında qoyulan prioritet yeni ipəkqurdu növlərinin alınması, günəş istilik sistemlərinin inkişaf etdirilməsi, suya qənaət edən suvarma sistemlərinin və su saxlama texnologiyalasının inkişafıdır. Özbəkistan Elmlər Akademiyası 1943-cü ilin 4 noyabrında yaradılmışdır. Akademiyanın əsasını 10 elmi axtarış inistitutu təşkil etmişdir. Bu gün akademiya ölkənin ali elmi inistitutu və araşdırma mərkəzidir. Sonrakı illər ərzində bəzi inistitutlar birləşdirilmiş və 7 inistitut saxlanılmışdır. Müstəqillik illərində akademiyada əl- Xarəziminin, Həbib Abdullayevin, Zəhrəddin Baburun adlarına qızıl medallar təyin olunmuşdur. Özbəkistan təhsil sistemidə aparıcı yeri dövlət məktəbləri tutur. Əhalinin 90,9% təhsillidir. 9 illik təhsil sistemi prinsipi hələ də saxlanılıb. Ölkədə 400-dən artıq lisey və kollec fəaliyyət göstərir.

        Özbək mədəniyyəti Şərqin ən parlaq və orjinal nümunələrindən biridir. Onun misilsiz musiqisi, rəsmləri, təsviri sənəti, özünəməxsus mətbəxi, geyim mədəniyyəti və memarlığı var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdur. Bu musiqilər müxtəlif janr və mövzularla xarakterizə olunur. Özbək klassik musiqisi şaşməqam adlanır. Bu muğam 16–cı əsrin sonlarında Buxarada formalaşmışdır. XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilmiş, adları dəyişdirilərik “feodal musiqisi” adlandırılmışdır. Şaşməqam Azərbaycan və Uyğur muğamları ilə yaxındır. Bu ad tərcümədə altı muğam deməkdir və musiqinin strukturu ilə əlaqəlidir. Şaşməqam müxtəlif bölmələrdən ibarətdir. “Koşk” adlanan xalq musiqisi də Özbək xalqının milli-mənəvi dəyərlərindəndir. Bu mahnılar “ev nəğmələri” adlanır. Bu melodiya janrı komik rəqslərlə də müşahidə olunur. Mahnının mətnlərini Şərqin milli poemalarının hissələri təşkil edir. Lapar – dialoq (deyişmə) musiqidir və Özbəkistanın digər milli musiqi növüdür. Ölkənin bəzi yerlərində lapar “Ulan” adlanır və toy mərasimlərində istifadə olunur (burada o qadının və kişinin dialoqu kimi ifa edilir). Yallı rəqsinin Özbəkistanda iki növü tanınır. Klassik və xalq musiqisi ilə yanaşı Özbəkistanda populyar musiqi də inkişaf edir.

        Dastanlar özbək ədəbi irsində xüsusi yer tutur. Alpamış dastanı Özbək və digər Türk xalqlarının ortaq qəhrəmanlıq dastanıdır. Digər Türk dastanları kimi bu dastanın da yayılması Sovetlər birliyi dönəmində sıxışdırılmış və 50-ci illərdə kuliminasiya nöqtəsinə çatmışdır. Bu dövr sonralar “Alpamış məhkəməsi” dövrü kimi tanınmışdır. Bütün bu məhdudiyyətlərə baxmayaraq bu dastan 1899-1984-cü illər ərzində 55 dəfə nəşr olunmuşdur. 1999-cu ildə isə bu dastanın 1000 illiyi qeyd olunmuşdur.

        Özbəkistan ərazisi mədəni abidələrlə olduqca zəngindir. Xüsusilə şəhəri və bu şəhərləri bəzəyən tarixi və memarlıq abidələri özbək mədəniyyətinin ayrılmaz hissələridir. Daşkənd, Səmərqənd, Buxara, Xivə, Kokand, Termez, Muynak, Şəhrisəbz - bunlar  Özbəkistanın  ən mühüm şəhərlərindəndir. Səmərqənd şəhəri Zərəfşan çayı vadisində yerləşir və Özbəkistanın ikinci böyük şəhəridir. Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə oluna bilər. Bəzi mənbələr onun yaşının 2500 il olduğunu göstərir. Bu şəhəri şairlər və tarixçilər “Şərqin Roma”sı, “Göylər altında olan ən gözəl şəhər”, “Şərq İslamının mirvarisi” adlandırmışlar. Bibi Xanım Məscidi, Reqistan meydanı, Qur-Əmir movzoleyi şəhərin ən möhtəşəm memarlıq abidələrindəndir. Movzeleydə Əmir Teymurdan və Məhəmməd Sultandan başqa, Uluqbəy, Miranşah, Şahrux xan və Əmir Teymurun mənəvi müəllimi Mir Səid Baraka da dəfn olunmuşlar. Uluq bəyin hakimiyyəti dövründə Əmir Teymurun qəbrinin üzəri tünd yaşıl rəngli hade (jade-metamorfik, bəzək daş) daşı ilə örtülmüşdür. Teymurun qəbrini iki dəfə açmağa cəhd olunmuşdur. Birinci dəfə bu cəhdi 1740-cı ildə Nadir şah Əfşar, ikinci dəfə isə 1941-ci ildə sovet arxeoloqları tərəfindən edilmişdir. Sonuncular tərəfindən qəbir dağıdılmışdır. Qeyd edək ki, Teymurun qəbri ilə yanaşı, Uluqbəyin də qəbri açılmışdır və onların skletləri 1942-ci  ilin noyabırında Stalinqrad döyüşləri başlayarkən təkrar həmin yerdə dəfn edilmişdir. Bibi Xanım məscidi təkcə Səmərqəndin və Özbəkistanın deyil bütün İslam Türküstanının tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə Teymur Hindistan yürüşlərindən qayıtdıqdan sonra başlamış və 1404-cü ildə bitmişdir. Məscid-sarayın həyətində böyük mərmər Quran yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi şəhərin ürəyi sayılır. Burada üç mədrəsə Uluq Bəy mədrəsəsi (1417-1420), Şer-Dor Bəy mədrəsəsi (1619-1636), Tilya-Kori Bəy mədrəsəsi (1646-1660) yerləşir.

         Daşkənd sözü qədim Türk dilində şəhər mənasını verir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün şəhərin yaxınlığında Cavrak gölü (süni göl) yaradılmışdır. Şəhərinin əhalisi 4.45 milyon nəfərdir. Daşkənd şəhəri hal-hazırda 11 inzibati rayona bölünür. Daşkənd həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra təəssüf ki, bu şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin az bir hissəsi qalıb. Şəhərdə daha çox sovetlər dövründə tikilən mədəniyyət və muzey mərkəzlərinə rast gəlmək mümkündür. Qədim şəhərin bəzi gədim binaları şəhərin qərb hissəsində yerləşir. Maraqlı binalardan biri, XVI əsrdə inşa olunmuş Kukeldaş Mədrəsəsidir. Bu tikili Kaffali Şaş movzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Burada yerləşən Qəst-İmam tikilisinə qeyri-müsəlmanların girişi qadağandır, digər ziyarətçilər isə bura giriş üçün əvvəlcədən icazə almalıdırlar.

         Buxara da Özbəkistanın qədim şəhərlərindəndir. Bu şəhər müqəddəs təpədə, oda sitayiş edənlərin dini ayinləri icra etdiyi yerdə salınmışdır. Şəhərin adına “Avesta”da rast gəlmək olar. Buxara Səmərqəndin qərbində yerləşir və İslamın mərkəzlərindən biri kimi tanınır. Bura həmçinin Böyük Şeyx Bahəddin Nəqşibəndinin yaşadığı şəhərdir. O bütün İslam aləmində və regionda sufizmi inkişaf etdirən əsas nümayəndə olmuşdur. Bu şəhər öz zəngin muzeyləri ilə məşhurdur. Burda yerləşən Dövlət İncəsənət Muzeyidə müxtəlif rəsm kolleksiyaları, duluzçuluq məmulatları, Buxara hakimlərinin paltarları saxlanılır. Şəhərdə 140-dan artıq memarlıq abidələrinin olması bu şəhərin “muzey şəhər” adlanmasına səbəb olmuşdur. Buxarda hal-hazırda 350 məscid və 100 dini kollec fəaliyyət göstərir. Bu abidələrin əksəriyyəti orta əsrlər dövrünə aitdir. Poi-Kalon, Kos Mədrəsəsi, İsmayil Samani Movzoleyi, Kalian Minarəsi diqqəti daha çox cəlb edir. Şəhər dar küçələr, yaşıl park və bağlar, müxtəlif eposların qəhrəmanlarını təsvir edən tarixi və memarlıq abidələri ilə zəngindir.

         Özbəkistan ərazisində milli təsviri sənətin inkişafı hələ çox əsrlər əvvəl inkişaf edib. XVI-XVII əsrlərdə əlyazma sənəti Buxarada qadağan olunmuşdur, digər əyalət mərkəzləri isə bu sahədə kifayət qədər müvəffəqiyyət əldə etmişdir. Əlyazmaların bəzədilməsinə hüsnxətt, sulu boyaların tətbiqi və incə naxışların işlənməsi də daxil idi. Sonrakı dövrlərdə Mərkəzi Asiyada, Səmərqənddə, xüsusilə Buxarada açılmış miniatür məktəbləri bu sahədə müvəffəqiyyətlərin əldə edilməsinə və müxtəlif bəzək növlərinin yaranmasına kömək etmişdir. Məsələn, onlardan biri zərif memarlıq və yazı sitili ilə səciyyələnən Behzod ənənələridir. Əl işləri və turizm bir-birindən ayrılmır. Belə ki, buraya gələn turistlər əsasən  mədəniyyəti, ənənələri və yaşayış tərzini görməyə gəlirlər. Sənətkarlar tərəfindən istehsal olunmuş əl işləri yerli iqtisadiyyata kifayət qədər gəlir gətirir. Turistlər belə dəyərli əşyaları almağa həmişə maraqlı olurlar. İpəkçilik, duluzçuluq, pambıq toxumalar, daş və taxtaüstü oymalar, metalüstü naxışlar, hüsnxətt və miniatür rəsmlər və başqa janrlar bugünkü özbəklərə antik dövrdən gəlmişdir. Əvvəllər burada hər regionun mədəniyyətinə, ənənələrinə uyğun sənət növü formalaşırdı və onlar öz sənətləri, fərdi üslubları ilə xarakterizə olunurdular. Özbək sənətkarları indi də zərgərlik məmulatlarının hazırlanmasında, qiymətli daşların kəsilməsində, oyulmasında qədim sənətkarların istifadə etdikləri üsullardan istifadə edirlər. Naxış sənəti özbək incəsənətinin ən populyar növlərindən biridir. Hər şəhərin özünəməxsus fərdi ornamentləri, kompozisiyaları və rəngləri var. Ən incə naxış növü qızıl naxışlardır ki, bu növ hal-hazırda Buxarada tətbiq olunur. Xalça toxuma sənəti digər Türk dövlətləri kimi Özbəkistanın da qədim sənətlərindəndir və hal-hazırda Özbəkistanın bəzi şəhərlərində bu sənətlə məşğul olanlara rast gəlmək olar. Stolların, stulların, mücrülərin, qələmdanların, kitab stendlərinin oymalarla və rəsimlərlə bəzədilməsi yerli əhali və turistlər arasında çox populyardır.

        Özbək geyimlərini əsasən yüngül olan pambıq parçalardan hazırlanmış geyimlər təşkil edir. Kişilər, həmçinin qadınlar gen şalvarlar geyinirlər. Qadınların geyindiyi şalvarlar “parannca” adlanır.
        Mətbəx Özbəkistan mədəniyyətinin ən inkişaf etniş və fərqli sahələrindən biridir. Burada əsrlərlə yaşı olan yemək və içki reseptlərinə rast gəlmək olur. Şirniyyatlar, içkilər də daxil olmaqla özbəklərin 1000-ə qədər müxtəli yemək növləri var. Yay mövsümündə meyvələr, tərəvəzlər və çərəz hər yerdə bol olur. Özbəkistanda üzüm, yemiş, qarpız, ərik, alma, albalı, nar, limon, xurma, heyva, əncir, qırmızı kök, balqabaq, itburnu, istiot, şalğam, xiyar, pamidor bol yetişir. Qış fəslində ənənəvi olaraq quru meyvələrdən, tərəvəzlərdən və konservasiyalardan çox istifadə olunur. Özbək mətbəxində əsasən qoyun ətindən istifadə olunur. Mal və at əti də həmçinin əhəmiyyətli dərəçədə istehlak olunur. Dəvə və keçi əti isə daha az istifadə olunur. Özbək yeməkləri dadı ilə məşhurdur. Əsas qara zirə, qırmızı və qara istiot, zərinclər, koriandr və küncüt toxumları kimi ədvalardan, koriandr, şüyüd, cəfəri, kərəviz və bazilik kimi faydalı bitki geniş istifadə olunur. Çörək Özbəkistanda nan adlanır və hələ də əksər əyalətlərdə təndirdə bişir. Plov və ya aş özbək süfrəsinin bəzəyidir. Plovun tərkibi əsasən qaynadılmış və ya qızardılmış ətdən, soğan, yerkökü və düyüdən ibarətdir. Həmçinin zirinc, noxud və müxtəlif meyvələr də əlavə olunur. Özbəklər öz qeyri-adi və özünəməxsus aş pişirmələri ilə fəxr edirlər. Bəzən onlar bir qazanda 1000 nəfərə yetəcək plov dəmləyə bilirlər. Bu plov üçün 100-lərlə kq düyüdən istifadə edirlər. Özbəklər adətən alçaq stolların ətrafında qədim xalçalarla bəzədilmiş oturacaqların üzərinədə əyləşərək ləzzətli kabab, plov yeməyi və kasalarla yaşıl çay içməyi sevirlər. Özbək mətbəxinin əsas yeməklərini həmçinin şurpa, mastava, cucvara, mantı və samsa da təşkil edir. Şupra və mastava özbək milli (sulu yemək) yeməklərinin içərisində əsas yer tutur. Özbəklərin digər sevimli yeməyi cucvaradır. Bu yemək əsasən Buxara, Qaşqadrəya, Səmərqənd, Daşkənd və Fərqanə bölgələrində hazırlanır. Mantı Özbəklərin plovdan sonra ən sevimli yeməyidir. Mantı Fərqanə, Səmərqənd, Daşkənd və Buxarada yaşayan əhalı arasında daha məşhurdur. Obi-non Özbəkistanda ən geniş yayılmış yeməkdir. Bu yeməyin adı qədim Şumer-Türk dastanı olan “Bil Qamış dastanında” çəkilir. Özbəkistanda plovdan sonra spirtli işmək olmaz, çünki burada plovdan sonra ənənəvi yaşıl çay içilir. Sumalak Mərkəzi Asiyada yaşayan qədim Türklərin Novruz bayramında hazırladığı məşhur yeməkdir. XV əsrdə yaşamış böyük Türk dilçisi Mahmud Kaşğariyə görə Suma sözü qədim Türkcədə şişirdilmiş buğda mənasını verir.

        Özbəklərə məxsus əsas xüsusiyyətlərdən biri qonaqpərvərlikdir. Burada qonaq qarşılamaq, süfrənin zəngin oması ailədəki çatışmazlıqlardan öndə durur. Nahar və ya şam yeməyinə dəvətdən imtina etmək düzgün sayılmır, qonaq üçün ən əsas məsələ dəqiqlikdir. Qonaq gedərkən suvenir və uşaqlar üçün şirniyyat aparmaq arzuolunandır. Hörmətli qonaqları ev sahibləri həyətdə qarşılayıb hal-əhval tutduqdan sonra evə dəvət edirlər. Süfrəyə ilk öncə şirniyyat, sonra isə ağır yeməklər verilir. Ümumiyyətlə, özbəklərdə çay içmə xüsisi mərasim hesab olunur. Onu dəmləyib piyalələrdə süfrəyə verirlər. Əgər qonaq ev sahibinin sevimlisidirsə, onun piyaləsinə çay az süzülür. Bu, qonaqla ev sahibi arasındakı qarşılıqlı hörmətlə izah olunur. Çağrılmamış qonaqlara isə çayla dolu piyalə verilir.

        Əslində bu adət-ənənələr, xüsusilə sonuncu qeyd Qərb ölkələrinin “mədəniyyəti”ni mənimsəmiş insanlara mənasız görünə bilər. Amma bu qədim Türk xalqının yuxarıda təsvir etdiyimiz tarixi, mədəniyyəti, adət-ənənəsi və s. onun möhtəşəmliyinin, böyüklüyünün göstəricisidir. Bu möhtəşəmlik hər bir Türk xalqında olduğu kimi Özbək Türklərində də var. Bizlər isə sadəcə olaraq jurnalımızın bu sayında Özbəkistan Respublikası haqqında ətraflı məlumat təqdim etməklə həmin əzəməti bir daha oxucularımıza göstərmək istədik.

Bu yazı 2301 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :