-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Kipr Respublikası
Şiriftin ölçüsünü dəyiş

        ŞKTC-də Barış və Özgürlük gününün əsası 1974-cü il iyulun 20-də yunanların Kipr Türklərinə qarşı həyata keçirdiyi etnik təmizləmə və qətliamları dayandırmaq üçün Türkiyənin adaya hərbi kontingent yeritməsi ilə qoyulub. Türkiyə ordusunun "Barış hərəkatı" əməliyyatı Kipr Türklərinin öz tarixi torpaqlarında yaşamaq haqqını təmin etməklə bərabər, adanın ikiyə bölünməsini də faktiki olaraq başa çatdırmış oldu. O vaxtdan Kiprin cənubu yunanların (rumların), şimalı isə Türklərin nəzarətindədir, onları ayıran "yaşıl zolağa" isə BMT-nin sülhməramlı qüvvələri nəzarət edir. Əslində, adanın bölünməsi ondan 10 il öncə Türklərlə vahid dövlətdə yaşamağı rədd edən yunanlar tərəfindən başlanmışdı. Amma, nə yazıqlar ki, dünyadakı "ikili standartlar" siyasəti Kipr məsələsinə münasibətdə də özünü göstərib, nəticədə adanın yunan bölümü müstəqil dövlət olaraq bütün beynəlxalq qurumlar tərəfindən qəbul olunduğu halda, Kipr Türkləri ədalətsiz təcridə məruz qalıb və bu vəziyyət böyük ölçüdə indi də davam etməkdədir. Bununla belə, Kipr Türk xalqı üzləşdiyi çətinliklərə rəğmən özgürlüyündən, eləcə də vahid Kipr dövlətinin bərabərhüquqlu qurucusu olmaq kimi tarixi haqqından vaz keçmək niyyətində deyil. Bu fikri Kipr Türklərinə ənənəvi bayram müraciətində ŞKTC-nin prezidenti Mehmet Əli Tələt bir daha qeyd edib. O, adanın Türk icmasının Kipr məsələsinin ədalətli çözümünə tərəfdar olduğunu diqqətə çatdırıraq, 2004-cü ilin aprelində keçirilmiş referendumun bunun bariz nümunəsi olduğunu vurğulayıb. Xatırladaq ki, həmin referendumda Kiprin birləşməsini nəzərdə tutan "Annan planı" Türk icması tərəfindən dəstəkləndiyi halda, yunanlar tərəfindən rədd olunmuşdu. Amma bu rədd cavabından sonra adanın cənubundakı yunan dövləti nəinki heç bir beynəlxalq məzəmmətə məruz qalmadı, əksinə, Kipr (yunan) Respublikası daha da təşviq edilərək Avropa Birliyinə (AB) üzv qəbul olundu. Avropanın bu addımı Kiprdə sülhü əngəlləyən tarixi yanlışlıq olmaqla bərabər (indi AB rəsmiləri bunu etiraf edirlər), eyni zamanda Kipr probleminin tarixinin gözardı edilməsi idi. Bu tarix əsrlər boyu elə Avropanın gözü qarşısında cərəyan edib. Vaxtilə Roma imperatorluğunun, onun parçalanmasından sonra Şərqi Roma imperiyasının - Bizansın tərkibində olan, daha sonra Ərəb Xilafətinin, sonra yenidən Bizansın nəzarətinə keçən Kipr adası uzun illər böyük hərbi yürüşlərin dayanacaq məntəqəsi olub. Nəhayət, 1453-cü ildə Osmanlı imperatorluğunun İstanbulu fəth etməsindən sonra Kipr adası da Türklərin nəzarətinə keçir. 1877-1878-ci illərin Balkan savaşında Rusiyaya məğlub olan Osmanlı İngiltərəni özünə müttəfiq etmək məqsədilə Kipri ingilislərə müvəqqəti idarəçiliyə verir. Əslində bu, Kipr üzərində Osmanlı idarəçiliyinin sonu idi. Çünki adanı ingilislərə müvəqqəti idarəçiliyə verən Türklər onu bir daha geri ala bilmədilər. Birinci Dünya müharibəsində məğlub olan Osmanlı dövləti Kipri birdəfəlik itirir və 1923-cü ildə Türkiyə Lozanna anlaşması ilə adanı Britaniyanın müstəmləkəsi olaraq qəbul edir. Bu dövrdən başlayaraq Kiprdə Türklərə qarşı təqiblər artır, adadakı yunan çoxluğu Kiprin Yunanıstana birləşdirilməsi (enosis) uğrunda mübarizəyə başlayır. Bu çıxışlar İkinci Dünya müharibəsindən sonra da davam edir və Britaniya 1959-cu ildə Kiprə müstəqillik vermək qərarına gəlir. Britaniya, Türkiyə və Yunanıstan tərəfindən imzalanan anlaşmaya görə, 1960-cı ildə adanın yunan və Türk icmasının iştirakı ilə konfederativ əsasda Kipr Respublikası yaranır. Ölkənin prezidenti yunan lideri Makarios, vitse-prezident isə Türk icmasının lideri Fazil Küçük olur. 10 nazirdən ibarət hökumətdə türklərə 3 post, 50 nəfərlik parlamentdə isə 15 mandat verilir. Həmin dövrdə ada əhalisinin təxminən dörddə üçünü yunanlar, dörddə birini isə türklər təşkil edirdi. Lakin yunan bölümündə "enosis" ideyası güclü olaraq qalmaqda idi və 1963-cü ilin dekabrında yunan tərəfi Türkləri hakimiyyətdəki haqlarından məhrum etmək üçün Kipr Respublikasının konstitusiyasını dəyişdirmək qərarına gəlirlər və bununla da vahid dövlətin mövcudluğuna son qoyulur. 1964-cü ilin əvvəlində Türklər və yunanlar arasında silahlı münaqişə başlanır, adaya BMT-nin sülhyaratma kontingenti yeridilir. 1964-1967-ci illərdə EOKA, "Kipr Yunan Milli Mühafiz Ordusu" və Yunanıstandan gələn hərbi birləşmələr Türklərə qarşı qırğınlar törədirlər. 1974-cü ildə Yunanıstanda hərbi çevriliş baş verir və "qara polkovniklər" diktaturası iyulun 15-də Kipr adasının bütünlüklə Yunanıstana birləşdirildiyini elan edir, Türk əhalisinə qarşı yeni qətliamlar başlanır. İyulun 20-də Türkiyə adaya ordu yeritməyə məcbur olur. Adanın ikiyə bölünməsindən sonra Türk bölümündə əvvəlcə Kipr Türk Federativ Cümhuriyyəti, 1983-cü il noyabrın 15-də isə ŞKTC elan edilir. Lakin indiyədək bu dövləti yalnız Türkiyə tanıyıb. Kiprdəki münaqişə nəticəsində 100 minə yaxın yunan adanın şimalından cənubuna, təxminən bir o qədər də Türk cənubdan şimala köçməli olub. Yeri gəlmişkən, 2004-cü ilin aprelində yunanların rədd etdiyi "Annan planı" bu məsələnin də qarşılıqlı kompromis yolu ilə sahmanlanmasını nəzərdə tuturdu. Hazırda adanın ərazisinin təxminən 3,5 min kv. km-i Türklərin, 5,8 min kv. km-i yunanların nəzarətindədir. Şimali Kiprdə 200 minə yaxın türk, cənubda isə 700 minədək yunan yaşayır. Ötən müddətdə Kiprin yenidən vahid dövlət halında birləşdirilməsi istiqamətində çeşidli beynəlxalq təşəbbüslər nəticəsiz qalıb. "Annan planı"ndan sonra isə hələlik ortaya yeni bir təşəbbüs çıxmayıb.

Bu yazı 2151 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :