-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

İbn Sina
Şiriftin ölçüsünü dəyiş

Şərqin böyük alimi

       İbn Sina (Abdullah İbn Sina) və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina (latınlaşdırılmış adı Avisenna) (980 - 1037) Türk-İslam Dünyasının ən böyük təbibi olub. Buxara şəhəri yaxınlığında dünyaya göz açmış, az ömrü ilə çox böyük titullar qazanmışdı. Hüdcətül-Haqq (həqiqət carçısı), Şeyx-ur-Rəis (böyük müdrik), Harami-Buzurq (dahi təbib), Şərəf ül-Mülk (ölkənin ən şərəfli insanı) və s. titulları olmuşdu. Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst şəkildə “Quran” oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da sonralar təbabətə meyl göstərir və dünya şöhrətli təbib olur. 17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. Sərbəst mütaliələri, gözəl müşahidə və düşünmə qabliyyəti onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur. 18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir.
       O, çox qızğın həyat keçirir. İslamı və fəlsəfəni gözəl bilən alimin çoxlu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən o səhərə köçmək məcburiyyətində qalırdı. Son illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdır.
      Fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, tibb, musiqi kimi bilik və bacarığının müxtəlif sahələrində seçilən İbn Sina (980-1037), riyaziyyat elmində riyazi terminlərin tərifi; astronomiya sahəsində isə həssas müşahidələrin aparılması mövzuları ilə maraqlanmışdır. Astrologiya və kimyaya etibar etməyib Dəyişilmə Nəzəriyyəsinin doğru olub-olmadığını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə, hər element yalnız özünə xas keyfiyyətlərə malikdir və beləliklə daha dəyərsiz metallardan qızıl və gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.
      İbni Sina, mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismi hərəkət etdirən qüvvə ilə cism arasındakı toxunma yox olduqda, cismin hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya, biri cismə müqavimət, digəri isə cismi daşıma kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi. İbni Sina bu zidd durumu sezmiş, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi halda, külək, ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti cisimləri daşımaq üçün kifayət deyil.
        İbni Sina hər şeydən öncə həkim idi və bu sahədəki tədqiqatları ilə məşhurdur. Tibblə əlaqəli bir çox əsər qələmə almışdır. Bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar diqqətə layiqdir. Ancaq İbn Sina dedikdə onun adı ilə bütünləşmiş və Qərb ölkələrində 16-cı əsrin, Şərq ölkələrində isə 19-cu əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmiş “Əl Qanun fit Tibb” adlı əsəri yadımıza düşür. Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı anatomiya və qoruyucu həkimlik; ikinci kitabı adi dərmanlar; üçüncü kitabı patologiya; dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə; beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı məlumatlardan ibarətdir. İbni Sinanın bu əsəri araşdırıldıqda mövzuları sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən İbn Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın vacibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yuxarı olduğu üçün dəbdə olmayan cərrahi müalicə ilə əlaqəli nümunələr vermiş və əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir. Göz ilə də maraqlanmış İbn Sina dövrünün seçilən fiziklərindən İbni Heysəm kimi Göz-Şüa Nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının xaricə çıxması, davamlı ağ rəngə və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən xəstəliklər haqqında da təfsilatlı izahlar vermişdir."Təbabət elminin kanonu" - (5 cildlik) XII yüzillikdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O, yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşmalıdır: 1) Qidaya; 2) Geyimə; 3) Burun vasitəsilə düzgün nəfəs almağa; 4) Bədən quruluşunu həmişə düzgün formada saxlamağa; 5) Xasiyyətini tarazlamağa; 6) Bədənini "lazımsız tullantılardan" təmizləməyə; 7) Fiziki və əqli aktivliyə. Onun bu xarakteristikası günümüzə qədər gəlib çatmış, öz əhəmiyyətini heç də itirməmişdir.
       İbn Sina tibb aləmində ilk psixodiaqnostik olmuşdur. Nəbzə görə xəstənin müayinəsi onun qeyri-adi istedadından xəbər verir. İnsanda vegetativ dəyişikliklərə uyğun insan beyninin vəziyyəti, psixoloji durumu ona bir çox şeyi xəbər verirdi. Sanki sonralar onun bu elmi nailiyyətindən istifadə edərək müxtəlif eksperimentlər aparılmış və "yalan detektoru" kimi aparatlar kəşf olunmuşdur.
      İbn Sina ömrünün son illərində mədə sancılarından əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı. Öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə deyirdi: "Məni yaradan, məni mən tək idarə etməkdə gücsüzdür, bu xəstəliyi müalicə etmək əhəmiyyətsizdir". Şagirdi onun resepti ilə dərmanını düzgün hazırlamır və 58 yaşlı böyük alim mədə xorasının deşilməsindən dünyasını dəyişir. 1037-ci il 18 iyunda Həmədanda dəfn edilir. 1954-cü ildə onun mavzoleyi açılmışdır.

Bu yazı 1333 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :