-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ərənlər Tarixin Aynasıdır
Şiriftin ölçüsünü dəyiş

Ceyhun Bayramlı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun
İdarə Heyətinin üzvü


    Elə tarixi qəhrəmanlarımız var ki, onların xalqın yaddaşında daşlaşmış obrazı üzərinə saxta tarixşünaslıq konsepsiyaları nə qədər toz-çirkab ələsələr də, əvvəl-axır bu çirkabı zaman təmizləyir və həmin qəhrəmanların uğrunda mücadilə etdikləri yüksək milli-ruhi və vətənpərvərlik amalları bizləri bu millətin Tanrı qarşısındakı müqəddəs missiyasını dərk etməyə, möhtəşəm keçmişimizlə qürur duymağa, sabahkı mübarizələrə daha böyük bir şövqlə atılmağa sövq edir. Acınacaqlı burasıdır ki, millətimizin 200 illik işğal, fiziki soyqırımı və mənəvi assimilyasiyası prosesi zamanı qəhrəmanlarımızın tarixi yaddaşımızda canlanan obrazları üzərində hər cür «eksperiment» aparılıb. Millətin gələcək nəslini kor qoymaq, yadlaşdırmaq, təfəkkürcə beynəlmiləlləşdirmək niyyəti bu «eksperimentlərin» nəticələrinə diqqət yetirərkən açıq-aydın görünməkdədir. Son yüzilliklərin Nadir Şah Əfşar, Ağa Məhəmməd Şah Qacar, Cavad Xan Gəncəli kimi gerçək qəhrəmanları velikorus şovinizminin maraqlarına zidd mübarizə apardıqlarına görə onları bizlərə birbaşa düşmən kimi təqdim ediblər. Uzaq tariximizdə yer almış Sanatürk Beyləqanlı kimi adlı-sanlı ərənlərimiz Qafqaza soxulmağa cəhd edən erməni-hayların burnunu ovduğuna görə ümumiyyətlə xalqdan gizlədilib. Üstəlik, S.Şaumyan, S.M.Kirov, Ə.H.Qarayev, Qatır Məmməd, N.Nərimanov və s. kimi yeni və süni «sovet qəhrəmanları» da yetişdirməyə cəhd ediblər. Bütün bunlar xalqa yaxşı məlumdur. Lakin sovet tarixşünaslığının millətimizin tarixi keçmişinə qarşı yönəlmiş daha iyrənc əməli bir sıra tarixi qəhrəmanların mübarizə motivlərinin xalqa yanlış şəkildə təqdim olunmasıdır ki, müstəqillik dönəmində bunun haqqında nədənsə çox az danışılır. Səttarxan, Bağırxan, Xiyabani, Qaçaq Kərəm, Qaçaq Nəbi, Dəli Alı, Kərbəlayi İsmayıl, Abbasqulu bəy kimi tarixi şəxsiyyətlərin apardıqları mücadilənin mahiyyəti elə saxtalaşdırılıb ki, bu gün də xalqın böyük bir qismi onlara bir zamanlar təqdim olunan yalanların həqiqət olduğunu güman etməkdədir.

    Kommunist-bolşevik qaragüruhunun tarixi qəhrəmanlarımızla bağlı yürütdüyü xətt özündə aşağıdakı prinsipləri ehtiva edirdi: 1. Rus dövləti şovinizminə qarşı sərt şəkildə mübarizə apardığına görə Azərbaycan türklərinin qəhrəmanları üzərində xüsusi «iş» aparılmalıdır; 2. Bu mübariz xalqın tarixi qəhrəmanları elə günə qoyulmalıdır ki, xalq onların obrazında öz azadlıq və istiqlal arzularının gerçəkləşməsi yollarını görə bilməsin; 3. Azərbaycanın xalq qəhrəmanları ilk növbədə öz baxışlarına və mübarizə üsuluna görə utopik sosializm ideyalarının daşıyıcısı rolunda canlandırılmalıdır; 4. Bu qəhrəmanların imkan daxilində hamısı, ən pis halda isə böyük əksəriyyəti ailəsi problemli və özü də sonsuz birisi kimi təqdim edilməlidir; 5. Bu xalq qəhrəmanları mümkün olduğu qədər İslam təfəkküründən uzaq, saxta bəşəri dəyərlər uğrunda özünü fəda edən, milli tərəqqi, inkişaf və özünüdərk düşüncəsinə yad birisi kimi göstərilməlidir; 6. Bu qəhrəmanların təbliğ olunan xarakterik keyfiyyətləri içərisində ayrı-ayrı müəmmalı «nöqtələr» saxlanmalıdır ki, sonradan müstəqil tarixçilər və geniş ictimaiyyət həmin detallara sərbəst şəkildə diqqət yetirərkən özü özünü təkzib etmiş olsun; 7. Nəhayət, bu xalqın qəhrəmanları öz etnik-milli kimliyinə görə mübahisəli adamlar kimi xalqa təqdim olunmalıdır.
    Bu minvalla sözügedən prinsiplərdən irəli gələrək sovet dövründə tarix kitablarında yer almış «Azərbaycan qəhrəmanları» obrazlarının xalqa təqdim olunma tərzinə diqqət yetirsək, acınacaqlı bir vəziyyətin şahidi olacağıq – bu kitablara əsasən,
•    Babək bizim dinə qulluq etməyən bir «kafir», «öz başçısının əyalına tamah salmış bir əxlaqsız» yaxud yüz minlərlə mömin müsəlmanın qanını axıtmış bir «zalım» kimi;
•    Koroğlu «milliyyəti naməlum və ya qeyri-türk olan», «öz düşmənlərini öldürüb sonra onların qızlarını öz yurduna gətirərək onlara xoşbəxt həyat vəd edən bir anormal» yaxud «sonsuz» birisi kimi;
•    Şah Abbas «farslara qulluq edən» birisi kimi;
•    Ağa Məhəmməd şah Qacar «işğalçı, qaniçən» yaxud «kişiliyi olmayan bir xədim» kimi;
•    Nadir Şah Əfşar «yadelli», «zülmkar» kimi;
•    Cavad xan Gəncəli «iranlılara satılmış» birisi kimi;
•    Qaçaq Kərəm, Dəli Alı və digərləri «hansısa bir ağa ilə şəxsi ədavətinə görə qaçaqlıq etmiş» birisi kimi;
•    Fətəli Xan Xoylu, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və digərləri «sinfi düşmənlər», «kapitalistlərin mənafeyini müdafiə edən mürtəce bəylər» kimi;
•    Kərbəlayi İsmayıl kimi ağsaqqallar sovet hakimiyyətinə qarşı mübarizə aparan bir «qolçomaq», «kulak» kimi
xalqa, xüsusən də gənc nəslə təqdim olunub. Bununla paralel olaraq, həm də yeni süni «sovet qəhrəmanları» qayırıblar bu millət üçün. Bu millətin ayağının altını qazımış, onun çörəyini yeyib, başına bəlalar gətirmiş nə qədər vələdüzzina, nə qədər gədə-güdə varsa, hamısını ucdantutma bu millətə qəhrəman kimi sırıyıblar.
    Lakin nə qədər hiyləgər, məkrli və həqiqətlərin üstünə pərdə çəkən bir konsepsiya olsa da, sovet tarixşünaslığını yönləndirənlərin ağlı bir şeyi dərk etməyə yetməyib – onlar düşünməyiblər ki, nə vaxtsa bu imperiya və onun yeritdiyi siyasət iflasa uğrayacaq, nə vaxtsa Azərbaycan türkü zülmün girdabından qurtularaq öz istiqlalına qovuşacaq və öz qəhrəmanları barədə ağzına qıfıl vurulmuş həqiqətləri cidd-cəhdlə, inadla araşdırıb üzə çıxarmağa başlayacaq.
    Diqqət yetirsək, bir çox igid şəxsiyyətlərimiz məhz bu prinsiplər əsasında «çıxdaş» və ya «saf-çürük» edilmişdir. Koroğlu adlı gerçək xalq qəhrəmanından «anti-türk mövqeli alovlu utopik sosialist», fəaliyyəti hələ də qeyri-müəyyən olan Cavanşirdənsə «mahir siyasətçi və sərkərdə» qayıran sovet tarixşünaslığı digər tərəfdən bir çox həqiqi qəhrəmanlarla yanaşı Babək adlı tarixi şəxsiyyətimizi də rahat buraxmamışdır. Xilafət sarayının yalan-palan yazmaqla məşğul olmuş tarixçilərinin və milliyyətcə fars olan digər yazarların zaman-zaman yazdıqları təhrif dolu fikirlər azmış kimi, Babəkin (Həsənin) apardığı ruhi mücadilənin mahiyyəti sovet dönəmində ən iyrənc formada saxtalaşdırılmış, onun qırmızı bayrağı «əski kommunizm elementi» kimi dəyərləndirilmiş, Abbasilər sülaləsinin yürütdüyü siyasətə qarşı qaldırdığı üsyan «ərəb işğalına qarşı azadlıq hərəkatı» kimi qələmə verilmişdir. Maraqlıdır ki, sovet tarixşünaslığı Babəklə bağlı irəli sürdüyü konsepsiyanı əsaslandırmaq üçün ərəb xilafəti dövrünün bir sıra saray tarixçilərinin yazdıqları əsərlərə istinad etmişdir. Məhz bu nöqteyi-nəzərdən Babək şəxsiyyəti, onun apardığı mübarizənin əsl mahiyyəti barədə bu gün daha dəqiq fikir söyləmək üçün gərək lənətəgəlmiş sovet tarixçilərinin əməllərini bir kənara qoyub hər şeydən əvvəl sözügedən ərəb tarixçilərinin yazdıqlarına diqqət yetirək, onların yazmış olduqları kitablarda rastımıza çıxan yalanları ifşa etməklə yanaşı, həm də bir sıra incə və qaranlıq qalmış mətləblərin üzərinə işıq salaq. Etiraf etmək lazımdır ki, bu, heç də asan deyil, və bu işdə tarixi məxəzlərin məlumatlarını təhlil edərkən tez-tez dəmir məntiqə və intuisiyanın gücünə yer vermək lazım gəlir.



I YAZI

BABƏK VƏ ONUN APARDIĞI MÜCADİLƏNİN
MAHİYYƏTİ BARƏDƏ

Ərəb və fars tarixçilərinin Babək haqda fikirlərinə ümumi baxış

    Babək və onun başçılıq etdiyi hərəkat barədə Təbəridən tutmuş Yaqut Həməviyə və hətta sonrakı əsrlərdə Qəznəvilər dövrünün saray tarixçisi olmuş Nizamülmülkə qədər bir çox ərəb, fars tarixçiləri öz əsərlərində fikirlər yürüdüblər. Bəri başdan bunu bildirək ki, sözügedən tarixçilərin əsərlərində Babək və onun rəhbərlik etdiyi hərəkatın mahiyyətinin məkrli bir formada təqdim edilməsi o qədər də təəccüblü sayılmamalıdır, çünki bu haqda yalanlara meydan verən ərəb tarixçilərinin böyük əksəriyyəti xəlifə sarayının muzdlu tarixçiləri olub, bir qism ərəb yazarları isə sadəcə mükafat almaq, xəlifədən müəyyən imtiyaz əldə etmək, tanınmaq və sarayda söz sahibi olub özünə məxsus yer tutmaq niyyətilə Babək düşməni olan Abbasi xəlifələrinin istədiklərindən fərqli bir şey yazmayıblar. Beləliklə, xilafət dövrünün ərəb tarixçilərinin Babək şəxsiyyətinə qərəzli mövqeyini ortaya qoyan mənbələrdə böhtan, iftira və yalanlar «ayaq tutub yerimiş», sovet dövründə isə həmin saxta fikirlər əsasında əsərlər yazılmaqla Babək şəxsiyyətinin mahiyyəti təhrif edilmişdir.
    Sonrakı dövr fars mənşəli tarixçilərə və yazarlara gəldikdə isə, onların Babək şəxsiyyətini, Babək hərəkatının mahiyyətini aşağılayan fikirləri əslində bu hərəkat haqqında dəqiq fikir yürütmək və həqiqətləri açıb ortaya qoymaq üçün bizlərə xeyli fürsət verir. Fars tarixçilərinin fikirləri ilk növbədə ərəb tarixçilərinin bir çox yalanlarını ifşa etməyə kömək edir. Bir qism ərəb tarixçiləri iddia edirdilər ki, guya Həsən adlı bu qəhrəman Babək ismini özünə Sasani hökmdarı Ərdəşir Babəkanın şərəfinə götürübmüş və onun məqsədi İranda qədim fars dövlətçiliyini bərpa etmək, eyni zamanda, Əhəmənilərdən qalma fars dini inancı olan atəşpərəstliyin mövqelərini bərqərar etmək imiş. Əgər həqiqətən beləydisə, onda məntiqlə gərək fars mənşəli tarixçilər öz əsərlərində Babəki başdan-ayağa mədh edəydilər, tərifləyib göylərə qaldıraydılar, bizsə mənbələrə müraciət etdikdə bunun əksini görürük.
    Babək şəxsiyyəti barəsində həqiqətləri ortaya çıxarmaq üçün ilk növbədə onunla bağlı iftiraları, böhtan xarakterli yalan məlumatları saf-çürük etmək lazımdır, çünki bu gün məhz bu məlumatlar əsasında böyüyən nəslə Babək adlı insanın həyat mücadiləsi yanlış təqdim olunur. Məhz bu saxta məlumatlara istinad edən molla rejimi bu gün İranda Babək şəxsiyyətinə ehtiramda bulunan soydaşlarımızı «kafirlikdə», «dindən sapınmaqda» ittiham edir. Biz əlbəttə ki, bu yazıda Babəki təhrif edən fikirlərə çox yer verməyəcəyik, bu fikirlərə illər uzunu qulaq asmışıq. Məqsəd yalanın yalan, həqiqətinsə həqiqət olduğunu müəyyən qədər də olsa açıb ortaya qoymaqdan ibarətdir. Bu nöqteyi-nəzərdən sözügedən qəhrəmanımız barəsində qeyrilərinin müxtəlif məkrli niyyətlərlə yazdıqlarını hətta cəfəngiyat olsa da, nəzərdən keçirməyə ehtiyac vardır.
    İbn-ən-Nədim «Kitab-əl-Fehrist» əsərində Babək haqda yazdıqlarını guya onun barəsində məlumatlar toplamış Vaqid ibn Əmr Təmiminin fikirləri ilə əsaslandırmağa çalışır, istinad edilən şəxsin isə bu məlumatları haradan toplaması öz-özlüyündə sual altındadır. Bu mənbədə qeyd olunduğuna görə, guya «Babəkin atası onun anası ilə kəndin ətrafında təkcə oturub şərab içirmişlər və bulaq başına gedən qız-gəlin onları biədəb halda görüb üzərlərinə atılıblar. Abdullah (Babəkin atası – C.B.) qaçsa da, anasının saçlarından tutub darta-darta kəndə gətirərək rüsvay ediblər». Bu günümüzün ara söhbətlərindən heç nə ilə fərqlənməyən bu məlumatın ağ yalan olduğu göz önündədir. Eyni tərzdə İbn-ən-Nədim guya bir dəfə «anasının Babəki axtararkən onu bir ağacın altında çılpaq vəziyyətdə (?) yatmış halda tapdığını» söyləyir. Nəyə, hansı tutarlı fakta, hansı şahidin söylədiyinə əsasən yazıldığı məlum olmayan bu fikir özünə tarixçi deyən adamın «Abbasi düşməni» barəsində nağıl quraşdırdığını açıq-aşkar ortaya qoyur. Həmin «tarixçi» yenə də elə həmin Vaqid ibn Əmr Təmimiyə istinad etməklə «Babəkin Bəzz qalasının sahibi Cavidanın arvadı ilə Cavidandan xəbərsiz gizli-gizli görüşdüyünü» yazır. Sanki bu Vaqid ibn Əmr Təmimi deyilən bəndə Babəkin intim həyatının hər dəqiqəsinin canlı şahidi imiş.
    Səmani «Kitab-əl-ənsab» əsərində xürrəmilərin ildə bir dəfə qadınlı-kişili bir yerə toplaşdığını, işığı söndürdüyünü və kiminlə istəsələr əxlaqsızlıq etdiklərini yazır. Eyni iftira və böhtana bizlər 600 il sonra Osmanlı saray tarixçilərinin qızılbaşların cəm ibadətləri ilə əlaqədar söylədikləri fikirlərdə də rast gələcəyik. Bu mövzuya irəlidə bir daha toxunacağıq, amma bunu indidən demək lazımdır ki, Osmanlı tarixçilərinin yazdıqları bu ağ yalan birbaşa Abbasilərin saray tarixçilərinin yazdığı hədyanlardan qaynaqlanmışdır.
    Məhəmməd Üvfi «Came-əl-hekayət və ləvame-ər-rəvayət» əsərinin I hissəsinin 5-ci fəslində «Babəkin zındıq olduğunu» qeyd edir, ardınca isə yazır: «Bunlar (Babəkin adamları – C.B.) harada piyada və müsəlman görürdülər, burun-qulağını, əl-qolunu kəsir və sonra odda yandırırdılar». Yazır, amma nəyə, hansı fakta istinad edir, kimin şahidliyinə bel bağlayır, bir özü bilir bir də Allahı. Eyni şeyi, yəni Babəkin məhz «zındıq olmasını» Əbu Əli Bələmi də «Tarixi-Təbəri» əsərinin tərcüməsi zamanı yazır: «Onun məzhəbi zindiqə məzhəbi idi». Şəmsəddin Əbu Abdullah Zəhəbi də «Düvəl-əl-islam» kitabında Babək haqqında oxşar fikri təkrarlayır: «O, yaramaz bir zəndiq idi». Babəkin niyə kafir yox, məhz zındıq (zəndiq) kimi təqdim olunmasının səbəblərinə irəlidə aydınlıq gətirməyə çalışacağıq.
    Müqəddəsi də özünün «Kitabül-əl-bəd və-t-tarix» adlı əsərində Babəkin əsir düşməzdən öncə Səhl ibn-Sumbatla görüşməsini inanılması çətin bir tərzdə aşağıdakı kimi qeyd edir: «O, (Babək – C.B.) Ərməniyyəyə getmək üçün ailəsi və uşaqlarını götürüb tacir paltarında şəhərdən çıxdı. Yolda erməni əyanlarından biri olan xaçpərəst Səhl ibn-Sumbat onu tanıdı. Bu əhvalatdan bir müddət əvvəl o, babəkin əsiri olmuşdu, canını qurtarmaq üçün ona çoxlu mal-dövlət təklif etmişdi. Lakin Babək qulaq asmayıb onun gözünün qabağında anası, bacısı və arvadı ilə cima eyləmişdi. Səhl onu tutub Əfşinin yanına göndərdi».
    Tarixi mənbələrin əksəriyyəti Səhl ibn-Sumbatın Babəki aldadaraq öz qəsrinə aparması, ona ziyafət verməsi və daha sonra ova çıxardaraq Əfşinin adamlarına təslim etməsi fikrini bölüşür. Belə olan surətdə Müqəddəsinin yazdıqlarında bir məntiqsizlik yaranır: əgər həqiqətən də Babək əvvəldən Səhl ibn-Sumbatın başına sözügedən oyunu gətirmiş olsaydı, məntiqlə ağlı başında olan Babək adlı bir adam öz arvad-uşağı ilə onun evinə qonaq düşməz, hətta yeri gəldikdə onu tanıdığına və sata biləcəyinə görə Səhl kimisini dərhal yerindəcə öldürərdi. Deməli, Müqəddəsinin heç bir tutarlı mənbəyə istinad etmədən yazdığı bu hadisə yalandır və Babəkin Səhlin qadın ailə üzvləri ilə heç bir əxlaqsız hərəkəti olmayıb. Digər tərəfdən, Təbəri yazır ki, «Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi». İndi bu fikirlərin hansına inanasan – əgər Təbərinin yazdığı həqiqətdirsə, onda onda Babəkin Səhlin namusuna təcavüz etməsi barədə Müqəddəsinin dedikləri yalandır, yox, əgər Müqəddəsi düz deyirsə, onda Təbəri yalan danışır və gözünün önündə ailəsinin namusuna təcavüz edilən heç bir normal adam bu əməli edənin köməkçisinə çevrilib onun məsləkini qəbul etməz, hətta Səhl anormal düşüncəli birisi olub bunu etsə belə, Babək kimi bir adam bu cür, necə deyərlər, xoşqeyrət birisini özünə köməkçi götürməzdi. Hələ biz Müqəddəsi ilə Təbərinin Səhlin din-məzhəbi haqda dedikləri arasındakı ziddiyyətə (biri Səhli xaçpərəst, digərisə Babəkin məsləkindən sayır) toxunmuruq. Hər iki tarixçinin yalanlar toxuduğunu açıq-aşkar gördüyümüzə görə onların hər ikisinin bu haqda fikirlərini inkar edirik və «Allah haqqı gizlədib nahaqqa meydan verən qələm əhlinə lənət etsin!» deyirik.
    Ərəb tarixçilərinin böyük əksəriyyəti Babək haqqında ümumi fikirlər işlədərək bu fikirləri sübut etmək üçün yalnız biri o birisinin yazdığına istinad etmişdir. Məsələn, Gərdizi «Zeyn-əl-əxbar» adlı əsərdə Babək haqqında yazdığı fikir belədir: «Babək Hürrəmdin ölkədə olduqca pis işlər gördü, çoxlarını yoldan çıxartdı».
    Bəzi tarixçilər Babək barədə yazdıqlarında samballı istinad mənbəyi olmadığından müəyyən məqamlara aydınlıq gətirərkən «deyirlər ki», «belə rəvayət edilir ki», «ola bilsin ki» tipli ifadələrdən gen-bol istifadə etmişlər. Elə təkcə bu tip ifadələrin yer aldığı məlumatlara nəzər saldıqda onların həqiqətəuyğun olmadığını intuitiv şəkildə hiss etmək mümkündür. Məsələn, «Rövzət-səfa» əsərinin müəllifi yazır: «Bəzi rəvayətə görə, vəbali deyənin boynuna, Babək tərəfindən müharibə meydanlarında və başqa yerlərdə öldürülən adamların sayı min minə (bir milyona) çatdı». Yazdığı məlumatın doğru olmasına müəllifdə o qədər şübhə var ki, fikrinin əvvəlinə bayaq sadaladığımız ifadələri əlavə etməyə məcbur olur. Bu gün bu məlumatı oxuyan və tarixi hadisələrin mahiyyətini anlayan hansı bir insan söylənilənə inanar? Əlbəttə ki, heç kim! Hətta yaxın keçmişdə Babək haqda araşdırmalar apararaq ərəb-fars mənbələrini tədqiq etmiş Səid Nəfisi belə bir çox mühüm yerlərdə eyni ifadələrdən yararlanmalı olur. O, «Azərbaycan qəhrəmanı Babək Xürrəmdin» kitabında (Bakı, Örnək nəşriyyatı, 1990, səh.13) Xürrəmiliyin mahiyyəti və bu adın hansı mənanı verməsi ilə bağlı aşağıdakıları yazır: «Ola bilsin ki, sasanilər zamanından bəri İranın ucqar nahiyələrində, İranın mərkəzi, qərbi və şimal-qərbi dağlarında gizli yaşayan və yalnız bu zamanda öz dinlərini aşkara çıxara bilən Sasani dövrü məzdəkilərinin xələflərini islam dövründə bu adla çağırırmışlar. Həm də ola bilər ki, onlar Məzdək dinində bəzi dəyişikliklər əmələ gətirdiklərindən özləri üçün yeni ad seçmiş və bu yeni məzhəbə «xürrəmdin» adı qoymuşlar, həmçinin, nəzər belə gəlir ki, «xürrəmdin» tərkibi Zərdüşt dini haqda deyilən «beh-din» tərkibindən təqlid edilmişdir». Bu fikirdə qeyd olunan üç cümlənin heç biri tutarlı mənbəyə dayanmadığından hər birinin əvvəlində müəyyən ifadələrdən istifadə olunmuşdur ki, bu da yazarın özünün sözügedən fərziyyələrə inamsızlığını açıq şəkildə göstərir.
    Elə ərəb tarixçiləri də vardır ki, onların Babək şəxsiyyəti haqqında yazdıqları başdan ayağa təhrifdir. Məsələn, Əbu Mənsur Bağdadi «Əl-fərq beyn əl-firəq» əsərində heç Babəkin qardaşının adını belə düz demir, onu ərəb qoşununun sərkərdəsi olmuş İshaq ibn-İbrahimlə çaşbaş salır: «Həmin qoşun hissələri onlarla iyirmi il döyüşdükdən sonra Babəki qardaşı İshaq ibn İbrahimlə birlikdə əsir etdilər və Mötəsim zamanında Samirədə dara çəkdilər». İndi bilmədiyi şeyi yazıya almış və tarixi əsər yazmış birisinin fikirlərinə necə inanasan? Bu adamın həmin kitabda Babək barədə yazdığı «o, haram işləri halal bilirdi, çoxlu müsəlman qırdı» və ya Afşin haqda dediyi «halbuki o, qəlbində Babəklə dost idi, camaatı qırmaqda və qadınların namusuna təcavüz etməkdə onunla əlbir idi» kimi fikirlərinin doğruluğuna inanmaq mümkünmü? Əsla!
    Və yaxud Məsudinin yazdıqlarına diqqət yetirək. Babəkin xəlifə hüzuruna gətirilməsi səhnəsini Məsudi «Bağdad xəbərləri» adlı bir kitabdan oxuduğuna əsasən belə qeyd edir: «Babək Mötəsimin yanına gəldikdə bir müddət danışmadı. Sonra Mötəsim: «Babək sənmisən?» - deyə ondan soruşdu. Dedi: «Bəli, mən sənin nökərin və qulunam!» Babəkin adı Həsən, qardaşının adı isə Abdullah idi». Şəmsəddin Əbu Abdullah Zəhəbinin «Düvəl-əl-islam» kitabında da Babəkin edam səhnəsinin Məsudinin qeyd etdiyinə bənzər bir şəkildə yazıldığını görürük: «Xülasə, Babəki Mötəsimin yanına gətirdikdə ondan soruşdu: Babək sənmisən? Babək dedi: Əmirin quluyam!»
    Babəkin edam səhnəsini Təbəridən tutmuş İbn-əl-Cövziyə qədər bir çox ərəb tarixçiləri işıqlandırıblar və onların əksəriyyətində Babəkin edamqabağı cəsarəti, qətiyyəti, söylədiyi sözlər qeyd olunub. Belə bir qətiyyətə malik sərkərdənin xəlifənin nökəri və qulu olduğunu söyləməsi tamamilə absurd və həqiqətdən uzaq görünür. Açıq-aydın hiss olunur ki, Abbasi hökmdarının xoşuna gəlməsi üçün Məsudi və Zəhəbi Babəkin guya Mötəsimə yalvardığını yazmışlar, üstəlik bu iki yazarın özlərinin sözügedən səhnə ilə bağlı fikirlərində sadəcə olaraq bir-birlərinə istinad etmələrini təxmin etmək mümkündür, çünki başqa heç bir mənbəyə əsaslanmırlar. Bu sitatlarda həqiqətə uyğun olan yeganə şey Məsudidə Babəkin əsl adının qeyd olunması sayıla bilər.
    Qiyasəddin ibn-Hümaməddin Herəvi Xondəmirsə öz əsərində ağ yalan söyləməkdə hətta Məsudini və Zəhəbini də geridə qoymuşdur, belə ki, onun «Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar» kitabında oxuyuruq: «Babək xilafət qəsrinə çatdıqda onun qanından keçsinlər deyə Mötəsimə çoxlu pul, dövlət təklif etdi, lakin onun bu təklifi rədd olundu». (?) Nəyə, kimə, hansı bəndənin söylədiklərinə əsaslanıb bu fikri yazır, bilinmir. Başqa heç bir mənbədə Babəkin xəlifəyə rüşvət təklif etməsi qeyd olunmayıb, əksinə, məxəzlərin böyük əksəriyyətində Babəkin xəlifədən gələn aman məktubunu cırıb parça-tikə etməsi və onu nalayiq söyüşlərlə söyməsi yazılıb (bax: Əbu Fəllah Əbdül-hey ibn-İmad Hənbəli, «Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb» əsərinə), hətta Babəkin əsir düşmüş oğlundan gələn məktubu belə cırıb-tullaması və onu oğulluqdan çıxardığını söyləməsi Təbəridə qeyd olunub.
    Babək haqqında hədyanlar yazan tarixçilərin fikirlərinə aydınlıq gətirərkən bunu da qeyd etmək lazımdır ki, ərəb tarixçilərinin Babək şəxsiyyəti ilə bağlı riyakarlığına və ikiüzlülüyünə ən bariz misal Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeinin «Mirat-əl-cünan və ibrət-əl-yəqzan» əsəridir. Bu əsərdə sözügedən yazar müxtəlif illərdə baş verən hadisələrə toxunmuşdur. Bizim diqqətimizi onun fikirlərindəki açıq-aşkar ziddiyyət cəlb etdiyinə görə həmin əsərdən bir parçanı oxucunun nəzərinə çatdırmaq istərdik. Yafei hicri 201-ci ildə (816-817-ci illər) baş verən hadisələr barədə qeydlərində yazır ki, «bu il Babək Xürrəminin ilk dəfə meydana çıxdığı ildir. O, batinilər firqəsinə mənsub bir zəndiq idi. Babək qiyam edib pis-pis işlər gördü. O, ruhların tənasüxünə (reinkarnasiya – C.B.) inanırdı». Ardınca isə həmin yazar 222-ci ilin hadisələrini qeyd edərkən (836-837-ci illər) Babək haqqında aşağıdakı fikirləri söyləyir: «Onun dövranı iyirmi neçə ildən çox çəkdi. O, atəşpərəstliyi yenidən bərpa etmək istəyirdi, bir çox şəhərləri fəth etmişdi». Bu məlumatdan aydın görünür ki, kitabının bir yerində Yafei Babəki islamın batinilər qoluna mənsub biri kimi, digər yerində isə atəşpərəst kimi təqdim etməyə cəhd göstərir. İyirmi ildən artıq Abbasilər sarayının canına vəlvələ salmış və xəlifənin 7 ordusunu darmadağın etmiş bir şəxsin hansı məzhəbə qulluq etmiş olduğunu necə ola bilər ki, onun haqqında fikir yürüdən bir saray tarixçisi bilməsin?! Bilirdilər, hamısı bilirdilər. Amma öz mənfəətləri naminə sifarişli yalan yazmaqdan imtina edə bilmədiklərinə görə haqqı nahaqqın ayağına verirdilər.
    Fars tarixçilərinin Babək hərəkatına dair yazdıqlarına gəldikdə isə, bu haqda guya ən etibarlı mənbə hesab olunan Nizam-əl-mülkün «Siyasətnamə» əsərinə nəzər salmaq kifayət edir ki, yalanların necə ayaq tutub yeridiyini görəsən. Bununla bağlı təkcə bir misal çəkmək yetərlidir. Babəkin öldürülmə səhnəsini guya digər mənbələrə əsaslanaraq təsvir edən Nizamülmülk Babəkin əllərinin-ayaqlarının kəsilməsini, onun öz əli ilə üzünü qana boyamasını və səbəbini izah etməsini qeyd etdikdən sonra yazır: «Mötəsim əmr etdi, buynuzları üstündə olan təzəcə kəsilmiş bir öküz dərisi gətirdilər. Məlun Babəki dərinin içərisinə elə saldılar ki, öküzün buynuzları Babəkin qulaqlarının dibində qaldı. Bu zaman dərini tikdilər. Dəri qurudu, sonra onu diri-diri dara çəkdilər».
    Babəkin ölüm səhnəsini xilafət dövrünün ərəb saray tarixçilərinin mütləq əksəriyyəti eyni tərzdə, eyni formada təsvir edirlər. Onların bildirdiyinə görə, Babəkin əllərini-ayaqlarını kəsdikdən və iki qabırğasının arasına qılınc soxub onu öldürdükdən sonra Mötəsimin əmri ilə Babəkin başı kəsilərək Xorasana göndərilmiş, bədəni isə Samirə şəhərində sonradan «Kəniseyi-Babək» adlanan təpəlikdə dara çəkilmişdir. Belə olan surətdə necə ola bilər ki, Nizamülmülkün dediyi kimi, «Babəki diri-diri öküz dərisinə salsınlar və öküzün buynuzları da hələ bir onun qulaqlarının dibində qalsın»?! Qəhrəmanın başı kəsilib, bu tarixçi isə, gülməli də olsa, onun qulaqlarından danışır...
    Beləliklə, Babək şəxsiyyəti və onun rəhbərlik etmiş olduğu hərəkatın mahiyyəti barədə yalanlarla dolu məkrli, sifarişli fikirlər söyləmiş qədim dövr mənbələrinin müəlliflərinin qeydlərini nəzərdən keçirib yığcam şəkildə təhlil etdik və həmin böhtanlara imkan daxilində cavablar verməyə çalışdıq. Lakin bu fikirləri qəti şəkildə təkzib etməklə bərabər biz heç də həmin mənbələri tamamilə inkar etmək niyyətində deyilik. Yəni hansısa bir el qəhrəmanı, tarixi şəxsiyyət barədə ona düşmən gözü ilə baxmış mənbədən də nəsə əldə etmək, hansısa dəyərli məlumatı almaq mümkündür, lakin ən böyük suç həmin qeyri-səmimi tarixi mənbənin verdiyi məlumatların əsasında həmin tarixi şəxsiyyəti ictimaiyyətə təqdim etməkdir – sovet dönəmində başımıza məhz bu oyunu gətiriblər. Bizim fikrimizcə, Babəkin əleyhinə «köklənmiş» elə həmin mənbələrdə bu tarixi şəxsiyyətimizin mücadiləsi ilə bağlı kifayət qədər düşündürücü incə nüanslar vardır. Çox təəssüf ki, həmin incə mətləblərə bu günə qədər dərindən toxunulmamış, onlara tarixçilərimiz tərəfindən lazımi diqqət yetirilməmişdir. Məhz bu səbəbdən də Babək adlı tarixi qəhrəmanımızı olduğu kimi dərk etmək üçün ilk öncə həmin mənbələrdə rastımıza çıxaraq bizlərdə haqlı suallar doğuran məqamlara nəzər salmağa, onları incələməyə ehtiyac vardır. İnanırıq ki, sözügedən mətləblərə diqqətlə nəzər salan hörmətli oxucu Babəki «kafir», «dinsiz», «atəşpərəst», «Sasani tərəfdarı» və s. adlandıranlara şübhə ilə yanaşmaqda yanılmadığımızı görəcək, həmçinin, Babəkin apardığı mübarizənin əsl mahiyyətini anlamaq üçün kifayət qədər ciddi arqumentlərlə başbaşa qalacaq. Biz israr etmirik ki, gətirəcəyimiz sitatların hamısı tam həqiqətəuyğundur, amma bununla belə, bu sitatlar Babəkə bu günədək təlqin ediləndən daha fərqli bir prizmadan yanaşmağa yardımçı olacaqdır – buna qeydsiz-şərtsiz əminik.

Babək və xürrəmilər haqda bir sıra «incə mətləblər»

    İlk öncə Əbu Hənifə Dinəvarinin «Əxbar-ət-tival» əsərində Babəklə bağlı aşağıdakı ilginc informasiyaya rast gəlmək mümkündür: «Bir çoxları Babəkin əsil-nəsəbi və məsləki (! - qabartma bizə aiddir – C.B.) haqqında müxtəlif fikirlər irəli sürür. Mənə məlum olan budur ki, o, Əbu-Müslümün qızı Fatimənin oğlu Mütəhərrin övladından biridir və xürrəmiyyədən olan Fatimiyyə qəbiləsi də ona mənsubdur». Bu sitat təkcə ona görə diqqəti cəlb etmir ki, orada Babəkin atasının adı və əsli-kökü ilə bağlı yeni versiya öz əksini tapıb, həmçinin o səbəbə maraq doğurur ki, həm Xorasanda baş qaldırmış üsyanın başçısı olan Əbu Müslümün müsəlmanlığına və türklüyünə şübhə yoxdur, həm də ondan törənmiş Fatimiyyə adlı qəbilənin ismi birbaşa Babəklə əlaqələndirilmişdir.
    Əbu Mənsur Bağdadinin «Əl-fərq beyn-əl-firəq» kitabında belə bir cümləyə rast gəlirik: «Babəkin azərbaycanlı və deyləmilərdən ibarət olan adamlarının sayı üç yüz min nəfərə çatırdı». Xatırladaq ki, Deyləm Xəzər dənizinin cənub-qərb sahillərində şiə müsəlmanların yaşadığı bir əyalətdir və bu əyalət barədə Türkiyənin ünlü tarixçi yazarı Reha Çamuroğlu özünün «İsmayıl» adlı əsərində belə söyləyir: «Deyləm hələ çox qədim zamanlardan şiələrin mərkəzi idi». Z.Bünyadov «Dinlər, təriqətlər, məzhəblər» adlı kitabında Hz.Əli əleyhissəlamın nəslindən olan hökmdar sülalələrini sadalayarkən Hz.Əlinin oğlu İmam Hüseyn əleyhissəlamın qolundan olan Təbəristan və Deyləm Hüseynilərinin adını çəkir və onların hakimiyyətdə olduqları dönəmi (hicri 301-318, miladi 913-930-cu illər) qeyd edir (Z.Bünyadov, «Dinlər, tariqətlər, müzhəblər», Bakı, «Şərq-Qərb», 2007, səh.84). Eyni əsərdə həmçinin Deyləmin hələ Hz.Əli zamanında da onun tərəfdarları ilə dolu olduğu göstərilir. Bu məlumatların bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Babəkin ordusunda külli miqdarda şiə müsəlmanın iştirakını sübut edir (!). Üstündən 600 ilə yaxın bir dövr keçdikdən sonra Şeyx Heydərin oğlu 13 yaşlı Şeyx İsmayıl da üzə çıxaraq öz tarixi yürüşünə başlarkən qızılbaş müridlərinə məhz Deyləmdə toplaşmağı əmr etmişdi.
    Səid Nəfisi xürrəmilərin hansı məsləkə qulluq etməsini aydınlaşdırmaq məqsədilə öz əsərində bunları yazır: «Belə ki, bəziləri onları (xürrəmiləri – C.B.) məzdəkilərdən, bəzisi isə ismaili və batinilərdən (! - qabartma bizimdir – C.B.) hesab etmiş, bir qismi də Əbu Müslüm Xorasaninin tərəfdarları sayılan Müslümiyyə və Əbu Müslümiyyə təriqətinin bir şöbəsi kimi qeyd etmişlər. Hətta bir paraları onları ibahiyyə sufiləri (!)  göstərmişlər ki, onlar tənasüx (metempsixoz) nəzəriyyəsi tərəfdarıdır». Ardınca isə qeyd edir: «Amma bu deyilən sözlərin içərisində həqiqətə bənzər bir şey varsa, o da bundan ibarətdir ki, onlar tənasüxə və ya ruhların qayıtması nəzəriyyəsinə inanırdılar. ... Öz düşmənlərinə və müxaliflərinə rəhm etməzdilər». Gördüyümüz kimi, müəllif apardığı araşdırmalar nəticəsində Babək tərəfdarlarını ruhların qayıtması nəzəriyyəsinə inanan sufilər kimi qəbul edən fərziyyəni daha ağlabatan hesab edir. Diqqət yetirsək, görərik ki, məhz hürufilikdə və qızılbaşlıqda da müqəddəs ruhların qayıtmasına böyuk inam olmuşdur. Elə təkcə Şah İsmayıl Xətainin «mehman canlar, siz bizə xoş gəldiniz!» misrasını bu yerdə xatırlatmaq yerinə düşərdi. Bu haqda yeri gəldikcə danışacağıq.
    Maraqlıdır ki, eyni dərəcədə maraqlı nüanslara Babək hərəkatına tamamilə mənfi münasibət bəsləyən fars tarixçisi Nizamülmülkün «Siyasətnamə» əsərində də rast gəlmək mümkündür və bu maraqlı məqamlar, mən deyərdim ki, tarixçinin yazdığı digər yalan məlumatları kökündən sarsıdan, böhtan və iftiralarını puça çıxaran məqamlardır. Diqqət yetirək:
    «... istər Məzdəkin, istərsə xürrəmdinlərin və batinilərin dini və məsləki birdir və onların yeganə arzuları islamı məhv etməkdən ibarətdir. Xalqı öz tərəflərinə cəlb etmək üçün əvvəlcə özlərini doğru, pəhrizkar və peyğəmbərin övladını sevən adamlar kimi (! - qabartma bizimdir – C.B.) göstərirlər». Məhəmməd peyğəmbərin övladını (oxu: Əhli-Beyti) sevənlərin kimlər olduğu bu gün demək olar ki, hamıya bəllidir. Azərbaycanda elə bir müsəlman türk ola bilməz ki, peyğəmbərimizin ailəsinə və nəslinə hörmət və ehtiramda bulunmasın. Tarixçinin bu qeydindən anlaşılan həqiqət bundan ibarətdir ki, nə Babək, nə də xürrəmilər ən azından qeyri-müsəlman olmamışlar. Eyni məntiqlə fikrimizə davam edərək bildirmək istərdik ki, peyğəmbər övladını sevməyib onlara qarşı hər zülmü etmiş qüvvələrin də kimliyi çoxlarına bəllidir. Maraqlı məqamsa budur ki, Türkiyənin tanınmış alimi Nihat Çətinqaya özünün «Qızılbaş türklər» adlı əsərində tutarlı faktlara əsaslanaraq farsların məhz 1515-ci ildən etibarən Şah İsmayılın sayəsində şiəliyi (oxu: Əhli-Beyt sevgisini) qəbul etdiklərini ortaya qoymuşdur. Beləliklə, 1515-ci ildən bir neçə əsr əvvəl yaşamış saray tarixçisi fars mənşəli Nizamülmülkün özünün hansı məzhəbə qulluq etmiş olmasını isə qoy dəyərli oxucu özü müəyyən etsin.
    Nizamülmülkdən gətirdiyimiz bu sitatda daha maraqlı məqam Əhli-Beyt sevgisini qəlbində gəzdirmiş xürrəmilərin batinilər deyilən və məfkurəsi bu günə qədər çoxlarına gizli qalan cərəyanla eyni ruhi-fəlsəfi-ideoloji baxışların daşıyıcısı olduqlarının qeyd olunmasıdır. Xürrəmilərlə batinilərin eyni bayraq altında mücadilə aparmalarına dair Nizamülmülkün «Siyasətnamə» əsərində bir neçə yerdə qeydlər vardır. Nizamülmülk yazır: «Xəlifə Mehdi zamanında «qızıl bayraqlılar» (! - qabartma bizimdir – C.B.) deyilən Qorqan batiniləri xürrəmilərlə birləşdilər...» Kitabın başqa bir yerində isə oxuyuruq: «Xürrəmdinlər hicri 212-ci (827-828-ci illər) ildə Məmun dövründə qiyam etdikdə İsfahan nahiyəsinin batinilərindən bir dəstə onlara qoşuldu». Bundan sonra miladi 833-cü ildə İsfahanda xürrəmilərin çıxışlarından danışan Nizamülmülk onların «Farsda çoxlu müsəlman qırdıqları» (? – C.B.) barəsində yazır, ardınca isə bildirir ki, «İsfahanda Əli Məzdək (! – C.B.) adlı bir şəxs onlara başçılıq edirdi». Yeri gəlmişkən, dəyərli oxuculardan təvəqqe olunur ki, xürrəmilər haqqında gətirdiyimiz müxtəlif sitatlarda haqqında danışılan tarixi şəxsiyyətlərin adlarına da ayrıca diqqət yetirsinlər, çünki bu adlar da öz-özlüyündə Xürrəmiyyə və ya Babəkiyyə deyilən cərəyanın mahiyyəti ilə əlaqədar fikir yürütmək üçün əlavə stimul verir. Batinilərlə xürrəmilərin eyni yolda olduqları barədə Nizamülmülkün sözügedən əsərində daha bir fikrə rast gəlmək olar: «Xürrəmilər üsyan etdikləri zaman batinilər onlarla əlbir olaraq onlara qüvvət vermişlər. Hər iki məzhəbin əsli birdir».
    İsfahandakı üsyan zamanı (miladi 778-779-cu illər) batinilərin xürrəmilərə qoşulmaları barədə «Mücməli-fəsih» əsərinin müəllifi də yazır.
    Ümumiyyətlə, mənbələrin məlumatlarına diqqət yetirdikdə onların böyük bir qismində xürrəmilərlə batinilərin arasında çox sıx ideoloji bağlılıq olduğunu sezmək mümkündür. Məhz bu səbəbdən batinilərin kimliyi haqda ən tutarlı mənbələrdən biri kimi bu yerdə Seyid Mürtəza ibn-Dan Həsən Razinin «Təbsirət-əl-əvam fi mərifəti məqalat-əl-ənam» adlı kitabından sitat gətirmək zənnimizcə yerinə düşərdi: «İsmaililərə batiniyyə, qəramitə, xürrəmiyyə, səbiyyə, babəkiyyə və mühəmmirə də deyirlər. Batiniyyə adlanmalarının səbəbi budur ki, onların fikrincə, Quranın və Məhəmmədə aid hədislərin zahiri və batini mənaları vardır. Zahir qabıq, batin isə onun məğzi deməkdir, badamın qabığı və içi kimi. Bu fikri irəli sürənlər aşağıdakı ayəni əldə əsas tuturlar: «Onun bir qapısı var ki, batinində (içərisində) mərhəmət var, amma zahiri əzaba (əziyyətə) tərəf açılır»...»
    Batinilərin «mövlana» adlı başçılarından (! – C.B.) danışan Həsən Razi ardınca yazır: «Beləliklə, onlar bütün Quranı və peyğəmbər haqqında olan hədislərin hamısını  bu tərzdə təfsir edirlər. Hürrəmidiniyyə də bu tayfaya mənsubdur. Bu xalq Azərbaycan ölkəsinin Bəzz adlanan dağlıq nahiyəsində yaşayır».
    Bu sitatdan sonra aydınlaşır ki, niyə görə Əl-Bağdadi xürrəmilər (hürrəmilər) barəsində «xürrəmilər də müsəlman idilər, sadəcə Quranı xürrəmcəsinə izah edirdilər» deyə qeyd edir (bax: Z.Bünyadov, «Azərbaycan VII-IX əsrlərdə», Bakı, 1989). Yeri gəlmişkən, batinilər cərəyanının əsl mahiyyəti barədə tamamilə doğru fikir yürütmüş Həsən Razi öz əslinə görə peyğəmbər övladı – seyid, xürrəmilərin müsəlman olduqlarını açıqca söyləyən Əl-Bağdadi isə Əhli-Beyt aşiqi olmuşlar. Və əgər xürrəmilər, həmçinin onların rəhbəri Babək İslama qarşı vuruşmuş qeyri-müsəlman olsaydılar, bu tarixçilər ən azından onlara digər saray tarixçilərinin bəslədikləri münasibəti göstərərdilər.
-------
    HAŞİYƏ: Seyid Mürtəza ibn-Dan Həsən Razinin «Təbsirət-əl-əvam fi mərifəti məqalat-əl-ənam» kitabında Əbu Müslüm tərəfdarları barədə məlumatda maraqlı bir detal da diqqəti cəlb edir: «Bil ki, bu xalqı hər yerdə bir adla çağırırlar. Onlara İsfahan və onun nahiyələrində Hürrəmiyyə, Qəzvin və Reydə Məzdəki və Sümbadi, Maheyndə Mühəmmirə, Azərbaycanda qovliyyə, Orta Asiyada isə muğlar (! – C.B.) deyirlər». Bu məlumatda maraq doğuran amil budur ki, xürrəmilərin muğlarla eyniliyi ehtimalı ortaya qoyulur. Muğlarınsa qədim Azərbaycan (Oğuz eli) Qamlarının gizli biliklərinin bir hissəsinin daşıyıcıları olduğu barədə artıq çoxdan həqiqətəuyğun hipotezlər səslənməkdədir və Mirəli Seyidovun «Qam-şaman və onun qaynaqlarına ümumi baxış» kitabı bu haqda müəyyən qədər məlumat verir.
-------
    İmam Əbülhəsən Əşəri «Məqalat-əl-islamiyyin və ixtilaf-əl-müsəllin» adlı əsərdə xürrəmilər haqda bunları yazır: «Bəziləri deyirlər ki, baş imamlar möcüzələrdən xəbərdardırlar; onların yanına (guya) göydən mələklər enib gəlir. Bu isə rafizi təriqətinə mənsub bir dəstənin sözüdür. Hətta onlardan bəzisi bu xüsusda işi bir yerə çatdırmışlar ki, deyirlər şəriət qanunlarını pozub ləğv etmək mümkündür. Bu dəstəyə mənsub olan xürrəmdinlər o yerə gəlib çatdılar ki, dedilər Məhəmməd peyğəmbərdən (Allahın ona salamı olsun!) yenə də peyğəmbərlər gələcək və onların arası kəsilməyəcəkdir».
    Əvvəla, onu bildirək ki, bu sitatda yalanla həqiqət yanaşıdır, lakin yalanlar içərisində həqiqət hər zaman öz nuru ilə açıq-aşkar seçilir və dərrakəli oxucu nəyin doğru, nəyinsə yalan olduğunu özü seçib ayıra bilir. İlk öncə bu yazılanlarda həqiqəti göstərək, yalan öz-özünə dağılıb puç olacaqdır. Həqiqət bundan ibarətdir ki, içində həqiqi Əhli-beyt sevgisi gəzdirən qızılbaşlara Babəkdən 600 il sonra da Osmanlı mənbələri «rafizi» damğası vurmağa səy göstərmişlər (elə təkcə Osmanlı sarayının yaltaq tarixçilərindən Mehmet Solakzadənin «Tarix» əsərinə nəzər salsaq, onun Şah İsmayıl başda olmaqla qızılbaşlara necə vicdansızcasına «rafizi» damğası vurmağa çalışdığını görə bilərik). Maraqlı olan fakt bundan ibarətdir ki, Əbülhəsən Əşəri «baş imamlardan» (12 imam nəzərdə tutulur) danışır və xürrəmiləri də bu imamlara hörmətdə bulunan təbəqəyə daxil edir (!). Daha sonra isə sitatdakı son cümlədə bəlkə özü də qanmadan bu yazar xürrəmilərin Məhəmmədi peyğəmbər olaraq qəbul etdiklərini qeyd edir. Bu da öz növbəsində xürrəmilərin müsəlman olduqlarını, Peyğəmbərin pak və müqəddəs nəslinə hörmət və ehtiram göstərdiklərini sübut etməyə kömək edir. O ki qaldı göstərdiyimiz sitatdakı yalanlara, Həzrəti-Mühəmmədi peyğəmbər (Tanrı elçisi) olaraq qəbul edən elə bir cərəyan, təriqət, məzhəb olmamışdır ki, onun son peyğəmbər olduğunu inkar etsin. Şəriət qanunlarını pozmaqla bağlı yazılanlarsa onu göstərir ki, Əbülhəsən Əşərinin sufilikdəki şəriət, təriqət, mərifət, həqiqət deyilən dörd qapıdan xəbəri yoxdur və xürrəmilərin ən savadsız bir nümayəndəsi də, göründüyünə görə, bu məsələdə bu tarixçidən daha çox şey bilirmiş. Təəssüf ki, indi olduğu kimi, müxtəlif dövrlərdə də mahiyyətindən lazımi qədər anlamadığı bir nəsnə barəsində fikir yürüdən yazarlar çox olmuşdur, bizim fikrimizcə, Əbülhəsən Əşəri də onlardan biri olmalıdır. Lakin istənilən halda onun yazdıqlarında həqiqət payı varsa, buna görə ona müəyyən qədər minnətdar da olmalıyıq, çünki Təbəri, İbn-ən-Nədim, İbn-əl-Əsir kimiləri ilə müqayisədə Əşəri heç olmasa xürrəmilərin müsəlman olduqlarını danmamışdır.
    Babək savaşının gerçək mahiyyəti barədə daha maraqlı qeydlərə Yaqut Həməvinin «Möcəm-əl-buldan» adlı kitabında rast gəlinir, hətta burada söylənilən fikirlər bir qədər əvvəldə gətirdiyimiz sitatlardakı məqamları daha açıq şəkildə təsdiqləyir desək zənnimcə yanılmarıq. Sözügedən əsərdə Bəzz qalası barədə yazılanları oxuyuruq: «Orada Xürrəmiyyə adı ilə məşhur olan Mühəmmirə (təriqəti) meydana çıxdı. Babək də o yerdən idi. Onlar imam Mehdinin zühurunu gözləyirdilər (! – C.B.)».
    Səid Nəfisi xürrəmilərin ortaya çıxışı ilə bağlı Təbərinin söylədiklərini təhlil edərkən yazır: «Beləliklə təqribən aydın olur ki, xürrəmilər əvvəlcə İsfahan nahiyələrində araya çıxmış və sonralar isə xəlifələrin təzyiqi nəticəsində ya bütünlüklə İsfahan ərazisindən qaçıb Azərbaycanın bu yerlərinə, Savalan dağlarına pənah gətirmiş, ya da onlardan bir neçəsi o nəhiyəyə gedib oranın xalqını öz məzhəblərinə cəlb etmişlər». Paralellər aparsaq, görərik ki, Məhəmməd peyğəmbərin və Həzrət Əlinin nəvələri olan imamların yaxın ailə üzvləri də məhz xəlifələrin təzyiqləri sonucunda müxtəlif dövrlərdə Azərbaycanı özlərinin pənah yeri seçmiş, bu ərazilərə gəlib məskunlaşmış, bunun nəticəsində də bu ərazinin xalqının onların düşüncə tərzini, məzhəblərini qəbul etmələrinə səbəb olmuşlar. Bakı yaxınlığındakı Bibiheybətdə dəfn olunmuş imam Museyi-Kazimin bacısı Hökümə Xatunun qəbri, Gəncədə «İmamzadə» adı ilə tanınan türbə kompleksində dfən olunmuş imam Cəfər Sadiqin qardaşının məzarı və bir çox bu kimi faktlar deyilənləri təsdiqləyir. Məsələnin maraqlı tərəfi niyə peyğəmbər övladlarının özlərinə Azərbaycanı pənah yeri seçmələridir. Bizim fikrimizcə, burada son Tanrı dini İslamın gizli tərəflərinin böyük rolu vardır. Üstəlik, Azərbaycanın tarixən «peyğəmbərlər yurdu» kimi yorumlanması və Savalan dağının Tanrı dərgahında müqəddəs yeri də bu köçlərin səbəbləri arasında başlıca yer tutur.
    Məhəmməd ibn-Əbdülkərim Şəhristani özünün «Kitab əl-miləl və n-nihəl» adlı kitabında Haşimiyyə haqqında fikir yürüdərkən belə bir cümlə işlədir: «İbn-Haşim ibn-Hənəfinin müridləri və imam Abdullah ibn-Müaviyə ibn-Əbdullah ibn Cəfər ibn Əbu-Talibin tərəfdarları, habelə İraqdakı xürrəmilər və məzdəkilər də onlardandır». Burda ikiqat maraq doğuran fakt ondan ibarətdir ki, Hz.Əli ibn Əbu-Talibin qardaşı Cəfərin nəslindən olanlarla xürrəmilər ideya baxımından eyni yolun yolçuları hesab olunurlar, bu da, öz növbəsində xürrəmilərin müsəlman olduqlarının bariz sübutu sayıla bilər.
    Səid Nəfisi özünün adını çəkdiyimiz əsərində şair Misərə istinadən qeyd edir ki, «Bəzz təqribən üç cərib məsafədə olan bir yerdir. Deyirlər, ora elə bir şəxsin qərərgahıdır ki, hər kəs Allaha dua edərsə, o şəxs onun duasını qəbul edib xahişini yerinə yetirər» (S.Nəfisi, «Azərbaycan qəhrəmanı Babək Xürrəmdin», Bakı, Örnək, 1990, səh. 28). Xatırlatmaq yerinə düşər ki, Bəzzin yerləşdiyi dağlıq ərazi məhz Savalan dağı olan torpaqdadır, «Savalan» («Sav» - qədim türkcədə Tanrı elçisi, peyğəmbər deməkdir) sözünün leksik mənası isə «peyğəmbər dağı, peyğəmbərləri öz içinə alan dağ» şəklində izah edilməlidir. Bu qeyddən də göründüyü kimi, əgər xürrəmilər Allahı inkar edənlər olsaydılar, onlar məntiqlə heç bir vaxt Allaha dua edilən bir yerə cəm olub üsyan etməzdilər.
    Babəkin Allaha inanmasını və əsl müsəlman olmasını sübut edən faktlar bu söylədiklərimizlə bitmir. İmadəddin ibn-Kəsir «Əl-bidayə-vən-nihayət» adlı kitabında Babəkin Səhl Sumbat tərəfindən ov zamanı aldadılaraq Əfşinin adamlarına təslim edilməsi səhnəsini təsvir edərək belə yazır: «... O yerə yetişdikdə o iki sərkərdə (Əfşinin sərkərdələri nəzərdə tutulur – C.B.) yanlarındakı əsgərlərlə yaxınlaşıb Babəki mühasirəyə aldılar. Sumbat isə qaçdı. Onlar Babəki görcək dedilər: atdan düş! Soruşdu: siz kimsiniz və haradansınız? Dedilər: Əfşinin yanından gəlmişik. Babək atdan düşdü. Onun əynində ağ köynək, ayağında gödək çəkmə, əlində isə bir əl quşu vardı. O, Sumbat gedən tərəfə baxıb dedi: Allah üzünü qara eləsin (! – C.B.). Məndən nə istəsəydin verərdim...». Sual olunur: Allahın varlığını qəbul etməyən bir qəhrəman onu satan birisinə Allahın adı ilə nifrin edərmi? Hər kəs inandığı, tapındığı qüvvənin adı ilə alqış və ya qarğış edər. Bu sitat açıq şəkildə Babək adlı tarixi şəxsiyyətin müsəlman olduğunu ortaya qoyur.
    İbn-Vazeh Yəqubidən oxuyuruq: «İsa (xəlifənin sərkərdəsi İsa ibn-Məhəmməd nəzərdə tutulur – C.B.) oraya çatanda Məhəmməd ibn-Rəvvad Əzdi və o ölkənin bütün qoşun başçıları onun yanına gəldilər. O, Babəkə qarşı müharibəyə hazırlaşdı. Babək dar dərədə onunla üz-üzə gəldi və onu məğlub etdi. İsa oradan getdi və heç yerdə durmadı. Sərkərdələrdən biri onu saxlayıb dedi: Ey Musanın atası, haraya gedirsən? Dedi: Bu müharibədə biz bir iş görə bilmərik, baxtımız gətirmədi. Biz müsəlmanlarla (! – C.B.) vuruşmaqdan qorxuruq». Məgər bu söylənilənlər Babəkin və onun ordusunda olan xürrəmilərin müsəlman olduqlarını söyləmək üçün yetərli deyilmi?
    Maraqlıdır, bəs İstəxri özünün «Kitab-əl-məsalik-və-l-məmalik» adlı əsərində Babəkin yaşadığı və mübarizə apardığı məkanı necə təsvir edir? Oxuyaq: «Əlbəttə, Savalan dağı Dəmavənd dağından böyükdür. Dəbildəki böyük Ağrı dağı bunların hər ikisindən böyükdür. Xürrəmilərin yaşadıqları dağlıq hissədə isə çox çətin, keçilməz dağlar vardır. Babək oralı idi. Kəndlərində məscid var (! – C.B.), onlar Quran oxuyurlar (! – C.B.). Lakin dediklərinə görə, batində «ibahiyyə»dən başqa dinləri yoxdur».
    Mərhum akademik Z.Bünyadovun hələ 1977-ci ildə nəşr etdirdiyi, 1993-1995-ci illərdə üzərində yenidən işlədiyi və 2007-ci ildə onun adı ilə genişləndirilmiş variantda təkrar nəşr olunmuş «Dinlər, təriqətlər, məzhəblər» kitabında «Xürrəmilik» məqaləsində bu xüsusda qeyd olunur: «Xürrəmilər icmasını imamlar idarə edirdi» (Z.Bünyadov, «Dinlər, təriqətlər, məzhəblər», Bakı, «Şərq-Qərb», 2007, səh.119).
    Babəkin qardaşı Abdullahın taleyi ilə bağlı mənbələrdə yazılanlarda da Abdullahın müsəlman olması fərziyyəsini isbatlaya biləcək nüanslar vardır. Məsələn, saray tarixçisi Təbəri Babəkin öldürülməsindən sonra nə baş verdiyini belə anladır: «Bundan sonra Mötəsim onun (Babəkin – C.B.) başını Xorasana göndərdi. Bədənini isə Samirədə şəhər yoxuşluğunun yaxınlığında dara çəkdilər. Bu yer Samirədə məruf idi. Onun qardaşı Abdullahı da İbn-Şərvin Təbəri vasitəsilə Bağdada, İshaq ibn-İbrahimə göndərərək göstəriş verdi ki, onun boynunu vurdursun. Babəkin başına gətiriləni onun haqqında da etsin. İbn-Şərvin Təbəri Bərdana yetişib Abdullahı Bərdan qəsrinə apardı. Abdullah İbn-Şərvindən soruşdu: sən haralısan? Dedi: Mən Təbəristandanam. Abdullah dedi: Tanrıya şükürlər olsun ki, məni öldürməyə dehqanlardan birini təyin edib». Zənnimizcə, Abdullahın dilindən çıxan sözlərə əlavə izahat verməyə ehtiyac yoxdur, çünki müsəlman olmayan, Tanrının təkliyini, birliyini qəbul etməyən adam Tanrıya duaçı olmaz.
    Babəkin kafir, İslam düşməni, atəşpərəst olmadığını açıq-aşkar qoyan faktlar kifayət qədərdir, biz onlardan bizə məlum olan yalnız bir neçəsini xatırlatdıq. Beləliklə, bizim fikrimizcə, sözügedən faktlar Azərbaycanın qəhrəman övladı olmuş Babəkin, eyni zamanda onun arxasınca gedərək zülmə qarşı var gücü ilə müqavimət göstərib mübarizə aparmış xürrəmilərin Allahın birliyini, böyüklüyünü qəbul edən təmiz müsəlman olduqlarını, peyğəmbər nəslinə dərin hörmət və ehtiram bəslədiklərini, habelə, Xilafət sarayının göstərişinə əsasən Babək hərəkatının mahiyyətini imkan olduğu qədər təhrif etmiş yaltaq saray tarixçilərinin Babək və xürrəmilər barədə yalanlar söyləyib, iftiralar etdiklərini sübut etmək üçün yetərlidir.

(ardı var)

II YAZI

BABƏK KİMƏ QARŞI MÜBARİZƏ APARIB?

Babək şəxsiyyəti barədə bir qədər

    Maraqlıdır ki, haqqında mənfi yöndən danışdığımız ərəb-fars tarixçilərinin tarix adına hər türlü hədyanları qələmə almalarından çox-çox sonra – XX əsrdə də işğalı altında olduğumuz sovet imperiyasının hakim tarix konsepsiyasına uyğun olaraq süni şəkildə Babəkdən «sosializm ideyaları uğrunda alovlu mübariz» obrazı yaratmağa cəhd edilmişdir. Sovet tarixşünaslığı Babəkin şəxsiyyətini o dərəcədə təhrif etməyə girişmişdir ki, bir tərəfdən onun atəşpərəst olması və İslam dininə qarşı mübarizə aparması barədə saxta müddəalara geniş yer vermiş, digər tərəfdənsə onun guya bərabərlik, habelə istismarçı və əzilən siniflər haqda demiş olduğu fikirləri «kommunizm ideyalarının klassik forması» kimi qələmə vermişdir. Məhz bu səbəbdən bu gün hətta Azərbaycan ictimaiyyətinin qaymağı sayılan ziyalıların da böyük bir qisminin Babəkin kimliyi, mübarizə amalları haqqında normal məntiqi təsəvvürü yoxdur.
    Bu gün düşüncəli ziyalılarımız və alimlərimiz tamamilə haqlı olaraq sovetlərdən qalma bu saxta konsepsiyanın ortaya atdığı üfunətli fikirləri tamamilə inkar etməklə Babək hərəkatını, Xürrəmlik (oxu: Hürrəmlik) ideyasını Azərbaycan adlı Ruhi Məkanın milli-dini özünüdərki və qorunması ilə əlaqələndirən faktları araşdırırlar, daxilimizdə üst-üstə yığılan suallara cavab tapmaqla məşğul olurlar. Babəki İslam dininə və onu yayan ərəblərə qarşı mübarizə aparmış birisi kimi göstərənlər indinin özündə də bu suallar qarşısında aciz qalırlar: əgər Babəkin və onun ata-anasının dini İslamdan fərqli bir din idisə, niyə onun əsl adı Hz.Əlinin böyük oğlu imam Həsənin adı ilə eynidir, atasının və qardaşının adı isə Hz.Məhəmmədin atası Abdullahın adı ilə eyniyyət təşkil edir? Əgər Babək İslamı yayan ərəblərə qarşı mübarizə aparmaqla yanaşı atəşpərəstlik dininə sitayiş edirdisə, niyə Babək ordusunda külli miqdarda müsəlman və o cümlədən də müsəlman ərəb vuruşurdu (axı bu haqda hətta Babəki ilan-qurbağa gözündə görmüş xəlifə sarayının tarixçiləri də yazıblar)? Onda görəsən tarixçilərin qeyd etdiyi kimi, bu «on minlərlə müsəlman» Babəkin ordusunda olmaqla kimə və nəyə qarşı vuruşurmuş? Necə olur ki, ərəb tarixçisi Təbərinin hürrəmilərin cəm məclisləri, toplantıları haqda böhtan dolu qeydləri ilə altı əsr sonra Osmanlı tarixçilərinin Qızılbaş məclisləri və toplantıları barədə yazdıqları iftiralar öz məzmununa görə bir-biri ilə üst-üstə düşür? Və necə olur ki, hürrəmilərin seçdiyi rəng simvolikası ilə (al rəng) Qızılbaşların XV-XVI əsrlərdə seçdikləri rəng kultu eyniyyət təşkil edir? Məgər Şeyx Heydər, Şah İsmayıl Xətai atəşpərəst və ya «utopik sosialist» idilərmi? ...
    Suallar kifayət qədər çoxdur və Babəkin, onun başçılıq etdiyi hürrəmilər hərəkatının anti-islam xarakterli olması ilə bağlı cəfəng müddəalara sığınan adamlar bu suallara heç vaxt dəqiq cavab verməyiblər. Verə də bilməyəcəklər, çünki bu sualların cavabını tapmaq üçün ilk növbədə dərində olan mətləblərə nəzər salmaq lazımdır. Bir qədər əvvəl biz Babək hərəkatının nəinki anti-islam xarakterli olmaması, hətta sırf İslam təmayüllü bir hərəkat olması barədə mənbələrdən əldə etdiyimiz məlumatları təhlil etməklə həmin bu dərində yatan mətləblərə işıq salmağa çalışdıq.
-------
    
HAŞİYƏ: Yeri gəlmişkən, Babək hərəkatının həqiqi mahiyyətini əxlaqi yöndən aşağılayıb heçə endirməyə çalışan ərəb müəlliflərinin qeydlərinin bir çoxu ümumi məzmunca XV-XVI əsr Qızılbaşlıq hərəkatını aşağılayan Osmanlı saray tarixçilərinin sifarişli yazıları ilə oxşarlıq təşkil edir. Adi bir misal. Təbəri yazır ki, Babəkin anası kor bir qadın idi və Abdulla adlı bir yağsatanla qeyri-qanuni yaxınlıq etdikdən sonra Babək (Həsən) dünyaya gəlmişdir. Osmanlı saray tarixçisi Mehmet Solakzadə də bir neçə əsr sonra Şah İsmayıl haqda yazarkən qeyd edir ki, onun anası Uzun Həsənin (Ağqoyunlu imperatoru Həsən Bayandurlunun aşağılayıcı formada Uzun Həsən kimi göstərilməsini hələ bir tərəfə qoyaq) Trabzon hakiminin qızı Dəspinə xatundan olan qızıdır. Uzun Həsənin bu divanə qızını (müəllif beləcə də yazır) Ərdəbilli Şeyx Heydərə vermək qərarına gəlirlər. Və ardınca Solakzadə yazır: «İştə Şah İsmayıl həmən o divanə qadından doğulmuşdur». İmadəddin ibn-Kəsir isə özünün «Əl-bidayə-vən-nihayət» adlı əsərində Babəkin anası barədə bunları söyləyir: «Babəkin anası rüsvay olmuş bir kəniz idi. Axırda o cəzasına çatdı. Xalq da onun şərrindən xilas oldu». İndi isə düşünək: Təbərinin, İbn-ən-Nədimin, ibn-Kəsirin Babəkin anasına olan mövqeyi ilə Mehmet Solakzadənin Şah İsmayılın anasına olan mövqeyi arasında hansı prinsipial fərq vardır? İnanmaq mümkünmü bu cür iftira və böhtan dolu məxəzlərə? Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü iyrənc siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan bir ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi. Və eynilə də, Şah İsmayıl Osmanlı sarayı üçün «başıpozuq düşmən ünsür» gözündə idisə, təbii ki, Osmanlı sarayının artıq-urtuğunu yeyən tarixçi onu ancaq «qara» gözündə göstərəcəkdi. Elə təkcə bu müqayisə bizə söyləməyə imkan verir ki, IX əsrdə Azərbaycanda alovlanan Hürrəmilik hərəkatı ilə XV-XVI əsr Qızılbaşlıq hərəkatı arasında həm tarixi, həm ideoloji, həm siyasi, həm dini, həm milli yöndən, həm də məzmun etibarilə böyük bir bağlılıq olmuşdur. İndi Azərbaycan tarixşünaslığına bir oğul gərəkdir ki, bu bağlılığın sirlərini tam şəkildə çözsün.
-------
    Babək adlı tarixi qəhrəmanımızın kimliyindən və mübarizə motivlərindən söhbət açarkən ilk növbədə onu qeyd etmək lazım gəlir ki, mənbələrdə təsdiq olunduğu kimi, bu igid insanın əsl adı Həsən, atasının adı Abdullah, anasının adı Bərumənd yaxud Bərümid, mənbələrə məlum olan qardaşlarınınsa adları Abdullah və Müaviyə olub. Mənbələrin təsdiq etdiyinə görə, Babək çoxarvadlı bir insan olub. Bəzi mənbələrə görə 13, bir qism mənbələrə görə isə 17 oğlu və təxminən bir o qədər də qızı olub.
    Babək isminin hardan gəldiyinə dair fikirlər müxtəlifdir, lavkin bu fikir müxtəlifliyinin də kökündə ərəb-fars tarixçilərinin təhriflə dolu qeydləri üstəgəl bir sıra savadsız və qeyri-türk sovet tarixçilərinin yanlış müddəalara yer vermələri dayanır. Xatırlaya bilərik ki, sovet dönəmində tarix kitablarında Babəkin bu adı özünə guya Sasani hökmdarı olmuş Ərdəşir Babəkanın adından götürdüyü qeyd olunurdu. Sonra da bu «tezisdən» irəli gələrək götürüb yazırdılar ki, çox güman ki, bu adamın məqsədi İranı islam dinindən uzaq tutmaq və ərəb xilafətinin tabeçiliyindən çıxarmaqla bölgədə Sasanilərin hakimiyyətini bərpa etmək imiş. O zaman, əcəba necə olur ki, «fars dövlətçiliyini bərpa etmək istəyən» bir sərkərdəyə fars tarixçiləri başda Nizamülmülk olmaqla nifrət yağdırır? Məntiqlə gərək bu tarixçilər fars dövlətçiliyinin bərpasına çalışan bir tarixi şəxsiyyəti tərifləyib onun adını öz kitablarının bəzəyinə çevirəydilər, halbuki Nizamülmülk «Siyasətnamə»də Babəki batinilərdən hesab etməklə onun barəsində ağzına gələni çərənləyir. Deməli, Babəkin öz ismini hansısa Sasani hökmdarının adından götürməsi barədə deyilənlər yalan olmaqla bərabər, onun Sasanilər dönəmini geri qaytarmaq istəməsi barədə söylənilənlər də başdan-ayağa iftiradır.
    «Babək» adının məna yozumları arasında iki variant bu gün müstəqil araşdırma aparan ziyalıların diqqətini daha çox cəlb edir:
    1. BAY + BƏK morfoloji struktur bölgüsü üzrə. Bu gün güney Azərbaycanın bir çox yerlərində Babək ismini «Baybək» formasında tələffüz edir və yazırlar. Hər iki komponent özünün leksik mənasına görə «bəy, əsilzadə» anlamını verir, belə olduğu halda sözügedən adın ümumi leksik mənasını «bəylər bəyi» şəklində yorumlamaq mümkündür. Bu yerdə paralellər aparaq onu qeyd edə bilərik ki, Şah İsmayılın hakimiyyəti dövründə də onun təyin etdiyi mahal böyüklərinə «bəylərbəyi» titulu verilirdi və bu titul, ilk fərziyyəyə əsaslansaq, özünün mənşəyinə görə çox-çox əvvəlki dövrlərə gedib çıxır. Təəssüf ki, Babək adının «Baybək» formasında qeyd olunması ilə bağlı IX-X əsr ərəb müəlliflərinin əsərlərində elə bir xatırlatmaya rast gəlinmir.
    2. BABƏK isminin mənşəyi ilə bağlı bu gün bizləri daha çox düşündürən, daha inandırıcı və ağlabatan görünən versiya bu adın ilk komponentinin («BAB» hissəciyinin) müsəlman dünyasında, ələlxüsus da, şiə məzhəbinə inanan müsəlmanlar arasında böyük önəm daşıyan bir söz olmasıdır. Hz.Məhəmmədin öz layiqli ardıcılı və varisi Hz.Əlinin bilik səviyyəsinə istinadən söylədiyi «Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır» fikrində Hz.Əli İslama və islam peyğəmbərinin biliklərinə «qapı» (ərəbcə «bab» deməkdir) olaraq dəyərləndirilir. Bu nöqteyi-nəzərdən, zənnimcə, Həsən adlı tarixi qəhrəmanımızın təxəllüsü (künyəsi) olan Babək ismini məhz BAB kökü + ƏK şəkilçisi (burada mənsubiyyəti, aid olmanı ifadə edir) olmaqla morfoloji bölgü apararaq təhlil etmək lazım gəlir. Maraqlıdır ki, mənbələrdə Babəkin adının «Bab» yaxud «Baban» şəklində çəkilməsi hallarına heç də az rast gəlinmir.
    İlk öncə Babək dövrünə aid yazılmış mənbələrdən birinə nəzər salaq. Səmani özünün «Kitab-əl-ənsab» adlı əsərində «Babəki» sözü ilə bağlı belə bir qeyd edib: «İki «B» arasındakı «Əlif» və sonundakı «ki» - «babəkilər» deməkdir». Maraqlıdır ki, Babək və xürrəmilər hərəkatına tamamilə təhqiredici yöndən yanaşan bu fars tarixçisi, gördüyümüz kimi, «Babək» adını kök və şəkilçi olmaqla iki yerə ayırıb «Bab» hissəciyini ayrıca qeyd edir, halbuki Babək ismi hansısa Sasani hökmdarının adından götürülmüş olsaydı, bu tarixçi sözügedən faktı əsla gizlətməzdi.
    Sözügedən ad variantları ilə əlaqədar faktlar həm Musa Kalankaytukluda, həm də erməni (hay) mənbələrində qarşımıza çıxır. M. Kalankaytuklu Babəki «quldur Baban» adlandırır. Eyni halla yəni Babəkin «Baban» kimi adlandırılması ilə erməni (hay) yazarı Yegişenin əsərində də üzləşirik. «Baban» advariantındakı -an şəkilçisinə gəlincə, bu şəkilçinin cəm kateqoriyasına aid olduğunu Alpan, Avşaran, Xəzəran və s. kimi etnotoponimlərdən bilirik.
    Erməni (hay) mənbələrini bü yerdə heç də təsadüfi olaraq yada salmadıq. Hər şeydən əvvəl erməni (hay) mənbələrini bu yerdə ona görə xatırlatmaq gərəkdir ki, həmin mənbələr nəyi də yalan yazsa, özünə düşmən və ya yad hesab etdiyi xalqların şəxsiyyətlərinin adlarını olduğu kimi qeyd etməyə meylli olmuşdur. Hətta bir çox ərəb mənbələrində adları təhrif olunmuş şəxsiyyətlərin dəqiq ad variantlarına məhz erməni (hay) mənbələrində rast gəlmək olur. Səid Nəfisi yazır ki, erməni mənbələri «Babəkin adını bəzən Bab ya Baban, bəzən də Babək şəklində yazmışlar» («Azərbaycan qəhrəmanı Babək», Bakı, Elm, 1990, səh. 102). Deməli, bu insanın adındakı əsas dəyişməz ünsür (söz kökü) məhz «BAB» hissəciyi hesab oluna bilər.
    Eramızın 1270-ci ilində ölmüş erməni tarixçisi, keşiş Vardapet Vardanın yazmış olduğu «Ümumi tarix» adlı kitabda 826-cı il hadisələrinə dair belə bir fikir vardır: «Bu günlərdə Bağtatdan (Bağdaddan – C.B.) çıxmış Bab adlı bir nəfər iranlı ismail irqinə (ərəb mənşəlilər nəzərdə tutulur – C.B.) mənsub olanların bir çoxunu qılıncdan keçirib bir parasını da əsir tutub apardı. O, özünü Cavidan yəni ölməz hesab edirdi».
    Zənnimizcə, elə təkcə bu sitatlar və fikirlər «Babək» isminin «bab» sözü ilə bağlı olması versiyasının heç də göydəndüşmə olmadığını ortaya qoymağa kifayət edir. Əlavə olaraq onu bildirək ki, hətta XIX əsrin 40-cı illərində İranda baş qaldırmış Babilər üsyanı və Babilik təriqəti də şiəlikdən (oxu: Əhli-Beyt sevgisindən) doğmuşdur. Ensiklopedik məlumatlara əsasən onu da xatırlada bilərik ki, Babilər üsyanının rəhbəri Seyid Əli Məhəmməd adlı bir şəxs olmuşdur. Onun apardığı mübarizənin mahiyyəti ilə bağlı aşağıda gətirdiyimiz sitatın da, zənnimizcə, Babək hərəkatı ilə bağlı söhbətimizlə sıx əlaqəsi vardır. ASE-də oxuyuruq: «Seyid Kazım öləndən sonra (1843) Bab (Seyid Əli Məhəmməd – C.B.) təriqətə rəhbərlik etmiş və 1844-cü ildə özünü «Bab» (ər. «qapı») adlandıraraq dindarlar tərəfindən zühuru gözlənilən Mehdinin fikir və diləklərini xalqa çatdıracaq vasitəçi elan etmişdir» (ASE, I cild, Bakı, 1976, səh. 517, «Bab» məqaləsindən).
    Yazımızın əvvəlində biz Babək dövrünü yazıya köçürməyə cəhd eləmiş ərəb tarixçilərinin demək olar ki, hamısının Babəki «zındıq» kimi təsvir etdiklərini xatırlatdıq. Sovet tarixşünaslığı bu sözün mahiyyətinə varmadan Babəki və onun başçılıq etdiyi xürrəmiləri faktiki olaraq «kafir» yəni İslam dininə qarşı çıxanlar və Ulu Tanrını qəbul etməyənlər kimi təqdim etməyə çalışmışdır. Kiçik bir əyani misal: «Azərbaycanda ateist fikrin tarixi qədimdir. Xürrəmilik islam dininin ehkamlarına qarşı çıxaraq bərabərlik ideyalarını irəli sürmüşdür» (Azərbaycan Sovet Ensiklopediyası (ASE), I cild, Bakı, 1976, səh.459). Və ya elə həmin kitabda: «Xürrəmilər islamı rədd edir, kəndliləri feodal əsarətindən qurtarmaq, «ümumi bərabərlik» yaratmaq barədə fikirlər irəli sürürdülər» (səh.522, «Babək hərəkatı» məqaləsindən). Bu cür yanlış fikirləri sovet dövründə hətta Z.Bünyadov kimi akademiklərimiz də qeyd etmək zorunda qalmışdır: «Xürrəmilər islamın və xüsusi mülkiyyətin əleyhinə çıxır, torpağı kəndlilərə vermək, maddi nemətləri bərabər surətdə bölüşdürmək ideyasını irəli sürürdülər.» (bax: Z.Bünyadov, «Dinlər, təriqətlər, məzhəblər», Bakı, 1977).
    Beləliklə, ümumən tarixçilərin Babəki həm «zındıq», həm də «kafir» hesab etmələri öz-özlüyündə bir problem yaratmışdır, çünki «zındıq» və «kafir» sözlərinin leksik mənaları tamamilə fərqlidir, bunu hətta ərəb dilinin lüğət tərkibindən az-çox xəbəri olan, Quranı diqqətlə oxumuş bir çox insan təsdiqləyə bilər. Yəni kafir – ümumiyyətlə Tanrının (Allahın) varlığını, İslamın təntənəsini birmənalı şəkildə inkar edənlərə deyildiyi halda, zındıq – əvvəlcə İslam dininə mənsub olmuş və sonradan öz dinində (bəlkə məzhəbində, təriqətində?) dəyişiklik etmişlərə deyilir. Babəkə ərəb mənbələrində «kafir» yox, daha çox məhz «zındıq» deyilməsi yalnız ondan irəli gələ bilərdi ki, o həqiqətən də müsəlman olub, sadəcə Abbasi sarayının İslam dini adı altında yürütdüyü siyasəti və ideoloji xətti qəbul etməyərək müsəlmanlığın başqa bir qolunu (məzhəbini, təriqətini) Tanrı həqiqətlərinə daha uyğun hesab edib. Babəkin öz dinini dəyişdirməməsi və sadəcə Abbasilər sülaləsindən fərqli məzhəbə, təriqətə xidmət etməsi faktının həqiqətəuyğunluğuna bir sıra amillər haqq qazandırır, lakin bu amillərin arasında İslamın ilk dövrlərində müxtəlif islam məzhəblərinə və təriqətlərinə mənsub insanların bir çox hallarda qarşı tərəf təmsilçilərini «dindən çıxmış», «yolunu azmış» (oxu: rafizi) kimi qələmə vermələri faktı daha çox ağlabatan görünür. Bir məzhəbə qulluq edən müsəlman zaman-zaman ondan fərqli digər İslami məzhəbə qulluq edəni gözdən salmaq üçün onu «haqq yolundan sapmış», «zındıq» adlandırmışdır. Belə hallar İslamdan sonrakı dövr şərq tarixində kifayət qədərdir, elə təkcə Sultan I Səlim dövrünün Osmanlı saray tarixçisi Mehmet Solakzadənin «Tarix» əsərinə nəzər salmaq və ya Çaldıran döyüşü öncəsi Sultan Səlimin Şah İsmayıla yazdığı məktubda Osmanlı dövlətinin şeyxülislamının qızılbaşlarla bağlı fitvasını (qızılbaşların guya zındıq və sapıq olduqları, bu səbəbdən də mal-mülk və övrətlərinin Osmanlı əsgərinə halal edilməsi barədə bədnam fitva nəzərdə tutulur – C.B.) qeyd etməyini xatırlamaq kifayət edər.
    Digər tərəfdən, yuxarıda gətirdiyimiz bir sitatdan göründüyü kimi, xürrəmilərə «rafizi» də deyilmişdir. Təxminən «yolundan sapmış» mənasını verən «rafizi» sözü əsasən orta əsrlərdə şiə-məzhəb müsəlmanlara, xüsusən də onların nisbətən radikal təmayüllü qollarına onların fikirlərini yaxına buraxmayanlar tərəfindən verilmiş bir ad kimi tanınır. Şeyx Səfiəddin də, Şeyx Heydər də, Şah İsmayıl da, ümumən qızılbaşlıq ideyasının daşıyıcıları olanlar da əsasən Osmanlı tarixçiləri və din xadimləri tərəfindən bu adla damğalanmışlar. Hətta sufilərə və hürufilərə belə zaman-zaman «rafizi» deyilməsi halları olmuşdur. Din üzrə müstəqil mütəxəssislərimizin fikrincə, «zındıq» və «rafizi» nisbətən bir-birindən fərqli mənalarda işlənmişdir, lakin bu sözlərin cəm halı olan «zənadiqə» və «rəvafiz» sözləri ərəbcədə eyni mənanı verir. Bununla belə, şərq tarixinin elə dövrləri olmuşdur ki, həmin dövrlərdə «zındıq» və «rafizi» sözləri arasında elə böyük bir fərq görülməmişdir, hətta müəyyən dövrlərdə «rafizi» adı verilənləri münafiqlərlə eyniləşdirməyə də cəhd edilmişdir. Babək və onun öz ətrafına cəm etdiyi hürrəmilərə isə mənbələrdə nə «kafir», nə «münafiq» deyilməmişdir, onları xilafət sarayının sifarişi üzrə əsasən «zındıq» və bəzi hallarda «rafizi» adları ilə damğalamağa cəhd göstərmişlər. Və elə bu nöqteyi-nəzərdən də İmam Əbülhəsən Əşərinin öz kitabında xürrəmiləri rafizilərlə eyniləşdirməsi də təsadüf və ya subyektiv fikir hesab oluna bilməz.
    Ərəb tarixçilərinin bir qismi Babək hərəkatı barəsində hədyanlar yazarkən müəyyən məqamlarda bu gün «şok açıqlama» kimi qələmə verə biləcəyimiz etiraflarda da bulunublar. Onların bəziləri təəssüflə qeyd etmişlər ki, Babək ordusunda on minlərlə müsəlman vuruşmuşdur. Babəkin dörd məşhur sərkərdəsindən biri olmuş Əzrəkin özünün ərəb mənşəli müsəlman olması da öz-özlüyündə Xürrəmilərin müsəlman olduqlarını və əsla İslama qarşı çıxmadıqlarını sübut edən faktlardır.
    İmadəddin ibn-Kəsir yuxarıda adını çəkdiyimiz əsərində Babəkin Samirəyə gətirilməsi ilə bağlı qeyd edir ki, «Mötəsim o vaxta qədər Babəki görməmişdi. Odur ki, Babəkin gəlməsinə iki gün qalmış atlanıb getdi və yolda ona baxıb qayıtdı». Maraqlı məlumatdır, ən azı o cəhətdən ki, əgər Babək İslama qarşı mübarizə aparmış kafir birisi olsaydı, belə bir adamı görmək üçün bu boyda xilafətin başçısı səbirsizliklə atına minib onu yolda ikən görməyə tələsməzdi. Çünki kafir olan bir adamın İslama qarşı qılınc çalması adi qarşılanmalı bir hadisədir və xəlifə deyilən bəndəni təəccübləndirici bir hal sayılmaz.
    Bu gün bəzi separatist düşüncəli və cılız beyinli adamlar Azərbaycanın bir çox mənəvi dəyərlərini öz adlarına çıxmaqla bərabər Babək adlı şəxsiyyətimizin də özünün milli mənşəyinə görə Azərbaycan türkü olmadığını isbatlamağa uğursuz cəhdlər edirlər. Bəzi kənar qüvvələrin təsiri ilə onu gah fars, gah talış, gah kürd kimi qələmə verməyə çalışırlar. Halbuki bu versiyalarını isbatlayacaq bir dənə də olsun tutarlı fakt göstərə bilmirlər. Biz burada yenidən Babəkin Azərbaycan türkü olmasını həmin zavallı bəndələrə sübut etmək fikrində deyilik, lakin onun danışmış olduğu dillə bağlı ərəb mənbələrindən çox yox elə bir sitat gətirmək istəyirik, zənnimizcə, bu yığcam sitat həmin adamların çərənləmələrinə cavab vermək üçün yetərlidir.
    Məhəmməd Üvfi «Cəvami-əl-hekayət və ləvami ər-rəvayət» adlı kitabında Babəkin öldürülməsi səhnəsini bu cür təsvir edir: «... Belə rəvayət olunur ki, onun əlini kəsdikdən sonra o, üzünü öz qanı ilə boyadı və «Asanya!» (yəni «asan imiş ki!» - C.B.) deyib güldü. O, camaata göstərmək istəyirdi ki, bu yara ona heç bir əsər etməmiş və ruhu belə inciməmişdir». Qeyd edək ki, Məhəmməd Üvfinin təsvir etdiyi bu hadisəni digər ərəb tarixçiləri də başda Təbəri, İbn-ən-Nədim olmaqla cüzi dəyişikliklə olduğu kimi qeyd etmişlər.
    Digər tərəfdən, Babək kimi bir sərkərdəyə dəfələrlə yenilən Abbasi xəlifəsi məntiqlə onun qarşısına məhz onunla eyni millətə, eyni qövmə mənsub olan sərkərdələri çıxarmalı idi. Tarixi mənbələrdən aydın olur ki, anası türk qızı olduğu söylənilən Mötəsim xəlifəliyə keçən kimi Əşnas, İtah və Böyük Buğa kimi Xəzər türklərinin başçılarını saraya dəvət etmişdir. Əşfin Xidr ibn-Kavus isə Mavəraünnəhrdə əsir alınaraq Bağdada aparılmış və sonradan xəlifənin istəyilə saraya yol tapmış bir Orta Asiya türkü idi. Nəticə etibarilə Mötəsimin türkü türkə qırdırmaq siyasəti öz bəhrəsini verdi.
    Bütün bu müzakirələrin sonucunda biz bunları əminliklə söyləyə bilərik ki, sovet tarixşünaslığının iddia etdiyinin əksinə olaraq, Babək Hürrəmi adlı tarixi şəxsiyyətimiz heç bir vaxt nə ateist, nə kafir, nə dinsiz (və ya qeyri-islami hansısa bir dinə inanan), nə də qeyri-türk birisi olmamışdır, o və onun ailə üzvləri (iki arvadını – Sünik knyazının qızını və Doxtəri-Kəldaniyyəni çıxmaqla), valideynləri türk olmaqla yanaşı, ardıcılları, tərəfdarları, silahdaşları İslam dininin Abbasilərdən fərqli və müəyyən məqamlarda ona zidd bir məzhəbinə inanmışlar. Həmin İslami düşüncə tərzinin isə həm batiniliklə, həm şiəliklə (Əhli-Beyt sevgisi ilə), həm sufiliklə, həm sonrakı dövr hürufiliklə, həm də Qızılbaşlıq inanc sistemi ilə birbaşa və sıx əlaqəsi olmuşdur. Məhz bu qırılmaz tellər, sarsılmaz bağlantı adlarını çəkdiyimiz təriqət, məzhəb və təmayüllərə düşmən olan müxtəlif qüvvələrin müxtəlif dövrlərdə hürrəmilərə, batinilərə, sufilərə, hürufilərə və nəhayət qızılbaşlara qarşı eyni mövqe sərgiləmələrinə, hətta bir çox hallarda onların hamısını eyni sözlərlə damğalamalarına səbəb olmuşdur. Bundan əlavə, Babək hərəkatında daha qədim dövrlərin milli düşüncə sistemi ilə bağlantısı olan çoxlu sayda müəmmalı elementlər mövcuddur ki, bunların barəsində də bir qədər irəlidə fikir yürütməyə çalışacağıq.


Babək hansı amallar uğrunda vuruşub?

    Babəkin və xürrəmilərin qeydsiz-şərtsiz həqiqi müsəlman olduqlarını söyləməyə imkan verən səhih tarixi məlumatlarla tanışlıqdan sonra bizlərin hər birində oxşar məzmunlu sualların yaranması təbiidir: əgər xürrəmilər Allahın birliyinə iman gətirən müsəlmanlar olubsa, o zaman Babək kimə qarşı vuruşub? Nəyin uğrunda qılınc çalıb? Xürrəmilərin mübarizə motivlərinin nüvəsində nə dayanırdı? Axı Babək, araşdırmalardan da gördüyümüz kimi, nə ərəbə qarşı, nə İslama qarşı, nə hansısa atəşpərəstlik uğrunda, nə hansısa İranı bərpa eləmək yolunda, nə də sadəcə quldurluq və yolkəsənlik etmək üçün qılınc çalmayıb. Abbasi xəlifəsi tərəfindən üstünə göndərilən altı ordunu darmadağın etmək etiraf edək ki, hər oğulun işi deyil və dinində, imanında sapıq olan, Allahı tanımayan birisi ömrü boyu bu qədər ordunu hər şeyindən keçərək və bu dərəcədə qarşısıalınmaz bir inadla məhv edə bilməzdi. Üstəlik də həmin orduların sərkərdələri və döyüşçüləri də İslamı əllərində bayraq edirdilər. Babək adi bir quldurbaşı olsaydı, Allahı çağırıb döyüşən bir ordu ardıcıl olaraq bu qədər böyük, dəhşətli və biabırçı məğlubiyyətlərə uğraya bilməzdi. Tarixdə Stepan Razin, Yemelyan Puqaçov və ya Cüzeppe Verdi kimi quldurluqla, talançılıqla və s. ilə məşğul olub ətrafına dəstə yığmış adamlar çox olub, ancaq onların heç biri dünyanın yarısına hökm edən bir dövləti 22 il ərzində davamlı olaraq dizi üstə çökdürə bilməyib, həmin dövlətin hərtərəfli silahlanmış 6 ordusunun axırına çıxa bilməyib. Yalnız qəlbində Tanrı sevgisi, İslam imanı olan, görüb duyduğu Tanrı həqiqətlərini əldə bayraq edən bir insan bu qədər böyük bir qətiyyətlə mübarizə apara bilərdi, bu mənada dediklərimizin təsdiqi üçün elə təkcə rus imperializminə qarşı cihad etmiş Şeyx Şamil şəxsiyyətinin böyüklüyünü yada salmağa dəyər. Biz Babəkdə məhz bu sifətləri görürük. Məhəmməd peyğəmbərdən sonra İslamı özünün talançılıq niyyətləri üçün bir vasitəyə çevirməyə çalışmış Əməvilərin, daha sonra isə Abbasilərin hakimiyyəti dövrlərində – belə demək mümkünsə, ərəbin qılıncının dalının da, qabağının da kəsdiyi bir dönəmdə zülmə qarşı Cihad elan etmək və iyirmi iki ildən çox bir müddətdə bu Cihad hərəkatına başçılıq etmək yalnız özünü Tanrı həqiqətlərinə fəda edə bilən bir adama xas olan keyfiyyətdir. Bu mənada Babək hərəkatı ümumiyyətlə bəşər tarixində analoqu olmayan bir mübarizə kimi qiymətləndirilməlidir.
    Babək hərəkatının anti-islam yönlü olmadığını isbatlayan faktlar arasında onun ordusunda vuruşmuş on minlərlə müsəlmanın mövcudluğu faktı böyük diqqət doğurur. Doğrudan da düşündürücü faktdır: əgər bu qədər müsəlman Babək ordusunda qılınc çalıbsa, onlar inanıb sevdikləri bir dinə qarşı qılınc qaldırardılarmı? Əsla! Müsəlmanın kafirlə bir səngərdə döyüşməsi həmin dövrdə absurd bir şeydi. Bu qədər sayda insan dəli olmamışdı ki? Xeyr! Bəs onda onları Babək ordusunda birləşməyə nə sövq edə bilərdi? Demək, Babək həmin müsəlmanların inandığı dinə də inanır və onların gözlərini açan Tanrı həqiqətlərinin böyük bir qismini bilirdi. Tanrı həqiqətlərini bilmək üçün ali savadlı olmaq və ya dayanmadan mütaliə etmək tələb olunmur, bəsirət duyğusunu işə salmaq, qaranlıq məqamlara beynində işıq salmaq və nəticə etibarilə bu həqiqətlərdən digər dindaşlarını agah eləmək tələb olunur.
    Baxmayaraq ki, tarixi məxəzlərin məlumatları Xürrəmiliyin (Babəkiyyənin) məğzi ilə əlaqədar fikir yürütməyə imkan verir, hər halda Babək hərəkatının həqiqi mahiyyətini açıb ortaya qoymaq ilk baxışdan göründüyü qədər asan deyildir, o səbəbdən ki, xürrəmilərin ideyalarını və dini düşüncə sistemini açıq şəkildə dəstəkləyən mənbələr bu günümüzə qədər gəlib çatmamışdır. Buna görə də bu gün «tarix süfrəsində» ortada olan yalnız Babəkiyyəyə, xürrəmiliyə qarşı köklənmiş və xəlifə sarayının sifarişi ilə yazılmış tarixi mənbələrdir ki, onların əsasında da bu hərəkatının kökləri, ideya-fəlsəfi yönümünü müəyyən etmək bir qədər çətinləşir. Digər tərəfdən, Hürrəmilərin apardıqları ruhi savaşda eramızdan əvvəlki Qam dünyagörüşünün izlərinə rast gəlinir ki, bu da araşdırılması qat-qat müşkül olan bir məsələdir, çünki miladdan öncəki minilliklərə dair Qam dədələrimizin yaşam tərzi və düşüncə sistemi barədə məlumatlar demək olar ki, yox dərəcəsindədir – bunun bir sıra səbəbləri var. Bu nöqteyi-nəzərdən Babək hərəkatının əsl mahiyyətinin açılması istənilən halda indi əldə olan mənbələr əsasında tam mümkün olmayacaqdır, lakin bununla belə, bizlər üçün taleyüklü hesab olunan bu məsələdə həqiqətə çox yaxın olan fərziyyələr kifayət qədərdir və bu fərziyyələrdə təqdim olunan məlumatların bir-birinə uyğunluğu da yürüdülən fikirlərə ciddi yanaşmağa şərait yaradır.
    İlk növbədə bir daha onu vurğulamaq lazım gəlir ki, Babək heç bir zaman milli-etnik mənsubiyyət məsələsinə görə mübarizə aparmamışdır, yəni onun apardığı mücadilə konkret olaraq nə ərəblərə, nə perslərə, nə də digər xalqlara qarşı yönəlməmişdir. Bunu tarixi məxəzlərin məlumatları da təsdiq edir. Bu uzunmüddətli müharibələr gedişində xəyanət yolu tutduqlarına və xəlifəyə yaltaqlandıqlarına görə isə Babəkin erməni-haylara qarşı vuruşduğu məlumdur. Fürsətdən istifadə edib bununla bağlı mənbələrdən bir sitat gətirmək istərdim, çünki dəyərli oxucu məhz Abbasilər xilafəti dövründə Azərbaycanın böyük bir hissəsinin məhz Abbasi siyasətinə uyğun olaraq «Ərminiyyə» adlandırılmasını bilməlidir.
    Stefanus Orbelyan adlı erməni-hay tarixçisi öz xronologiyasında 827-ci il hadisələrini yada salarkən Babəkə qarşı vuruşmaq üçün Sünik knyazının xəlifədən xeyir-dua alıb qoşunla yola düşməyə hazırlaşdığını, lakin Babəkə qarşı vuruşmadan öldüyünü yazır. Daha sonra hay tarixçisi Babəkin Sünik əyalətinə qoşunla gəlişini, əhalinin ona tabe olmaq istəməməsini, Babəkin də «ağvanlı Aplasadın köməyilə oranı amansızcasına çalıb-çapdığını» söyləyir. Maraqlıdır ki, sözügedən tarixçinin yazdığına görə, bir qədər keçmiş (828-ci ilin əvvəli) Babək Geğarkuniyə gedərək orada on beş minlik hay silahlı dəstələrini  darmadağın edir, Makenik din xadimlərinin əmlakını qarət edib imarətlərinə od vuraraq külünü göyə sovurur. Tarixçinin qeyd etdiyinə görə, Babək təhlükəsinin yaxınlaşdığını düyan erməni-hay din xadimləri iki dəstəyə bölünərək aradan çıxıblar. Din xadimlərinin əmlakının nədən ibarət olacağını düşündükdə ağla təkcə mal-mülk deyil, həm də onların yazdıqları yalanlarla dolu əsərlər gəlir. Eyni zamanda unutmaq olmaz ki, məhz Alpan din xadimlərinin yazdıqları öz dilimizdə olan əsərləri də məhz elə həmin erməni-hay (qriqoryan) din xadimləri müxtəlif üsullarla yandırıb məhv etmişdilər. Bu mənada Babəkin qriqoryan keşişlərinin var-yoxunu çapıb-talamasını, onlara aid əmlakı qarət edib götürməsi tamamilə anlaşılandır. Ancaq bu, heç də Babəkin milli zəmində münaqişəyə girişməsi demək deyildir. Babəkin apardığı mübarizənin mayası ümumiyyətlə bu cür məqsədlərdən yoğrulmamışdı. Babəkin apardığı mücadiləyə biz məhz ona görə ruhi mücadilə deyirik.
    Eyni zamanda Babək özünə nə Azərbaycanı İslam dinindən uzaq tutmaq, nə Sasani İranını dirçəltmək məqsədi seçməmişdir, bunu sübut edəcək yetərincə faktı dəyərli oxuculara öncəki fəsillərdə təqdim etdik. O zaman sual olunur: Babəkin bu qədər qətiyyətli bir şəkildə mübarizə aparmasına səbəb nə idi? Kimə qarşı vuruşmuşdur Babək? Kimi öz amallarına düşmən hesab etmişdir? Babəkin və Azərbaycan türkünün inanc sistemini təhlükəli düşmən hesab edən pərdəarxası qüvvə hansıdır? Babək hərəkatının süquta uğraması ən çox kimlərə və hansı qüvvələrə sərf edirdi?
    Abbasilərin yürütdüyü siyasəti kökündən sarsıtmış və bu sülalənin hakimiyyətinin süqutuna yol açmış Hürrəmilər hərəkatı özündə mahiyyət etibarilə bir çox gizli mətləbləri ehtiva edir. Bu mətləblərdən danışarkən biz ayrı-ayrı məxəzlərin məlumatlarına istinad etməklə yanaşı öz fərdi intuisiyamızı və dəmir məntiqi də işə salmalı olacağıq.
    Nihat Çetinkaya özünün məşhur «Qızılbaş türklər» adlı əsərində tutarlı tarixi faktlara söykənərək bildirir ki, Məhəmməd peyğəmbərdən sonra İslam dininin geniş bir ərazini əhatə etməsində çox təəssüf ki, Tanrı dinini bəşəriyyətə yaymaqdan daha çox Bəni-Üməyyə (Əməvilərin mənsub olduqları tayfa) və digər bunun kimi cahil ərəb qövmlərinin talançılıq-qarətçilik istəkləri rol oynamışdır. Ərəb cahangirləri sözügedən sülalənin hökmdarlarının siyasətinə uyğun olaraq getdikləri torpaqlara İslam, din, kitab, ilahi həqiqətləri deyil, yalnız qılınc, qan, qətliam, quldurluq kimi naqis əməlləri «İslam bayrağı» altında aparmaqla əslində İslam dininə çox böyük zərbələr vurmuşlar. Məhz bunun nəticəsidir ki, həmin dövrün Bizans mənbələri İslamın heç bir vəchlə Tanrı və elm dini olmadığını iddia edərək Bizans imperiyasının sonadək dirəniş göstərməsinə yol açmışdır. Təəssüf ki, Əbu Bəkr, Ömər və Osmanın da hakimiyyəti dövründə ərəblərin qarətçilik istəklərinin qarşısını almaq mümkün olmamışdır. Onlardan fərqli olaraq xifalət idarəçiliyindən uzun müddət haqsız yerə kənarda tutulmuş peyğəmbərin ailə üzvləri (Əhli-Beyt mənsubları) və imamlar hər yanda məhz islamın elmi əsaslarını təbliğ etmiş və bu səbəbdən də ətraf xalqların nümayəndələrindən (perslər istisna olmaqla) hər zaman özlərinə qarşı hörmət-ehtiram görmüşlər.
    Azərbaycan türklərinin İslamı sidq-ürəkdən qəbul etməsi ilə bağlı tarix elmləri namizədi Kərəm Məmmədov yetərincə fakt sadalayır. Onun fikrincə (biz də bu fikirləri tamamilə dəstəkləyirik), İslam dini Azərbaycanda nə qılınc gücünə, nə də iqtisadi səbəblərdən dolayı yayılmamışdır. İslamın Azərbaycanda sürətlə yayılması ilk növbədə onunla bağlı idi ki, babalarının genlərinə sadiq qalan Azərbaycan türkləri bu dinlə özlərinin min illər boyu tapındıqları Göy Tanrıçılıq arasında heç bir prinsipial fərq görməmişlər. Əksinə, İslamın xristian Alpanların inandıqları İsa peyğəmbərə dərin hörmət bəsləməsi də Azərbaycan türklərinin son Tanrı dinini qəbul etmələrinə şərait yaratmışdır. Digər tərəfdən, quldurluq məqsədilə İslam bayrağını əlinə götürüb basqınçılığa gələn xilafət qoşunlarına qarşı imkanı daxilində instinktiv müqavimət göstərən Azərbaycan türkü İslamın elmi əsaslarını, gizlin (oxu: batin) tərəflərini məhz peyğəmbər nəvələri olan Əhli-Beyt mənsublarından, imamlardan, peyğəmbərin əslən Azərbaycandan olan səhabələrindən və eləcə də təzyiqlərdən qurtulmaq üçün Azərbaycana pənah gətirmiş Əhli-Beytdən hesab olunan elmli-zəkalı insanlardan öyrənib bilmişlər.
    Məhz bu səbəbdən də çəkinmədən söyləmək olar ki, İslamda Əhli-Beyt aşiqliyinin təməli Azərbaycan türkləri ilə də sıx bağlıdır (Əhli-Beyt sevgisinin farslarla bağlı olduğunu söyləyənlərsə unutmamalıdırlar ki, perslərin bir qövm olaraq şiəliyi (Əhli-Beyt sevgisini) 1515-ci ildə Şah İsmayılın təsiri ilə qəbul etməsini İslam tarixinin araşdırmaçıları artıq çoxdan təsdiqləmişlər, biz bunu əvvəldə Nizamülmülkün Xürrəmilərlə bağlı fikirlərini təhlil edərkən söylədik). Və Babək hərəkatı ilə bağlı yuxarıda gətirdiyimiz sitatlarda açıq-aydın sezilən bu xətt (Hürrəmilərin batinilərlə əlbir olması, onların imam Mehdinin zühurunu gözləmələri və s. və i.a.) heç də təsadüf deyil. Bizim qəti inamımıza görə, Azərbaycan türkünün Əhli-Beyt sevgisi nəticə etibarilə sonuncu din İslamın adından öz mənfur niyyətləri üçün istifadə edən Əməvilərə, daha sonra isə Abbasilərə qarşı xalq üsyanının qalxmasına gətirib çıxarmışdır. Abbasi saray məmurlarının, həmçinin, bu sülalənin yerlərə təyin etdiyi əyanların özbaşınalığı, xalqı qarət etməsi və bu əməlləri İslam adı altında görməsi xalqda qəzəb dalğası yaratmaya bilməzdi. Üstəlik, o da nəzərdən qaçırılmamalıdır ki, xilafətdə hakim təbəqənin məhz sünni-məzhəb olması baş verən üsyanların Əhli-Beyt yönlü olmasına gətirib çıxarmışdır.
    Digər yandan, Həzrət Əlinin nəslindən olan imamların xalq arasındakı nüfuzundan sarayda istifadə edilməsi və fürsət düşən kimi onların bir-birinin ardınca müxtəlif üsullarla aradan götürülmələri, İslamın elmi təməllərinin geniş təbliğ olunmasına imkan verilməməsi kimi amillər də, göründüyünə görə, Abbasilərə qarşı müqavimətin miqyasının genişlənməsinə səbəb olmamış deyildir. Son Tanrı dinini sidq-ürəklə qəbul etmiş xalq yaxşı anlayırdı ki, bu din Tanrının insanlığa son töhfəsidir və Tanrıçılığı özündə ehtiva etmiş ilk dini inanclarla eyniyyət təşkil edən bu sonuncu dindən hakimiyyət, şəxsi mənfəət və digər şeytani məqsədlər naminə sui-istifadə edənlərə qarşı cihad başlamasa, bəşəriyyətin sabahı sual altındadır. Qəlbində Tanrı imanı gəzdirən və hər an ona əsgər olmağa hazır olanlar məhz bu hərəkat vasitəsilə zaman-zaman bəşəriyyətə öz sözlərini demişlər. Faktlara yenidən müraciət edək ki, Hürrəmilik hərəkatının yaranma səbəblərinə müəyyən qədər aydınlıq gəlsin.
    İbn-Teyfur yazır ki, «Həmin 217-ci ildə (832-ci ildə – C.B.) Məmun (Abbasi xəlifəsi – C.B.) Əli ibn-Hişamı öldürdü. Bunun səbəbi isə belə idi ki, Məmun onu Azərbaycana və ona baxan yerlərə hakim təyin etmişdi. Lakin sonra bildi ki, xalqın malını əlindən alır, camaatı qırır». Təsəvvür etmək olar ki, bu hələ Abbasi xəlifəsinin təyin etdiyi bir məmurun əməlləridir və gör Babək üsyanı başlayana kimi xalqa qan udduran hələ nə qədər belə əyalət hakimləri olmuşdur. Demək, bu hərəkatın başlaması üçün gerçək səbəblərdən biri Abbasilərin təyin etdikləri hakimlərin özbaşınalığı, qansızlığı, var-dövlət hərisliyi, talançılığı olmuşdur.
    Maraqlıdır ki, Həzrət İmam Hüseynin Kərbəla faciəsini çıxsaq, peyğəmbər nəvələri olan imamlar heç bir vaxt mövcud hakimiyyətə qarşı silahlı müqavimət göstərməmiş, yalnız İslamın ilahi mahiyyətini elm səviyyəsində müsəlmanlara anlatmaqla, kitablar yazmaqla məşğul olmuşlar. Sözügedən imamlar bir çox hallarda məhz İslamın zəifləməməsi naminə, Xilafətin maraqlarının zərər görməməsi naminə xalq üsyanlarına açıq dəstək verməmişlər. Lakin onların üsyançılarla həmrəy olmalarını tarixi məxəzlərin məlumatlarından sezmək o qədər də çətin deyildir. Hətta mənbəyini göstərmədən peyğəmbər nəslindən olan imamların ailə üzvlərinin zaman-zaman Batinilər və Xürrəmilər arasında ön sıralarda yer almalarını da bu söylədiklərimizə əlavə edə bilərik. Kəskin müqavimət gücünə malik geniş xalq kütlələri onların fikirləri ilə tanış olub qəbul etdikdən sonra haqqı və nahaqqı bir-birindən seçib-ayıraraq həqiqi İslam düşüncəsi yolunda mübarizəyə qoşulmuşlar – Babəkiyyə (Hürrəmlik) hərəkatının bu qədər geniş yayılmasının əsas səbəblərindən biri də budur.
    Babək hərəkatının Əhli-Beyt yönümlü olduğunu söyləməyə əsas verən məqamlardan daha biri öldürüldükdən sonra Babəkin başının niyə məhz Xorasana göndərilməsi ilə əlaqədardır. Əvvəla, həmin dövrdə Xorasanda Əhli-Beyt aşiqi olan türklərin məskunlaşdığını, Əbu Müslüm Xorasaninin böyük üsyanının məhz burda baş qaldırdığını xatırlamalıyıq. Bunu həmin dövr mənbələri də, son tədqiqatlar da qəti şəkildə təsdiqləyir. Z.Bünyadovun «Dinlər, təriqətlər, məzhəblər» adlı əsərində Hz.Əli (ə)-ın oğlu imam Hüseyn əleyhissəlamın hələ xəlifə Osmanın zamanında Səid ibn əl-Asın Kufədən Xorasana təşkil etdiyi səfərdə öz qardaşı imam Həsən (ə)-la birlikdə iştirak etdiyi göstərilmişdir. Yəni hələ Hz.Əli əleyhissəlamın xəlifəlik dönəmindən daha əvvəl xorasanlılar Əli nəslini tanıyırdılar. Elə bir neçə dəfə sitat gətirdiyimiz, N.Çetinkayanın «Qızılbaş türklər» əsərində qeyd olunan faktlardan da Xorasan vilayətinin islamın yayıldığı ilk dönəmlərdən bu yana Əhli-Beyt tərəfdarlarının yaşadıqları yer olmasını görürük. Təsadüfi deyil ki, Babək üsyanı yatırıldıqdan sonra Məzyarın başçılığı altında Xorasanda Abbasilər əleyhinə daha güclü üsyan qalxmışdır. Ümumiyyətlə, həmin dövrün ərəb mənbələri bir çox yerlərdə Xorasan və Qorqan batinilərindən, onların Hürrəmilərlə əlaqə və bağlantılarından bəhs edir. Fikrimizi qüvvətləndirən daha bir maraqlı məqam da Həzrəti-Məhəmməd əleyhissəlamın nəslindən olan səkkizinci İmam Rzanın qəbrinin məhz dediyimiz ərazidə Məşhəd şəhərində olmasıdır ki, bunu da təsadüf hesab etmək olmaz.
    Babəkin kimləri, hansı qüvvələri düşmən hesab etməsi ilə bağlı araşdırmalarda diqqəti cəlb edən daha bir incə detal vardır ki, bu nüans xüsusilə diqqət tələb edir. Ərəb mənbələrində qeyd olunur ki, həm Babək, həm də onun qardaşı Abdullah hiylə ilə ələ keçirilərkən onlar «bizi bu yəhudilərin əlinə verməyin» söyləmişlər. Hər halda, 22 il Abbasiərə qarşı savaş etmiş bir sərkərdə Abbasi sarayının daha çox ərəb xarakterli olduğunu bilməmiş deyildi, deməli, bu məqamda o, yəhudilərin adını təsadüfən çəkməmişdir. Babəkin kimə, hansı qüvvələrə qarşı mübarizə apardığını araşdırarkən tarixçi alimlərimiz bu nüansa özəlliklə diqqət yetirməli, onu nəzərdən qaçırmamalıdırlar. Biz öz tərəfimizdən sözügedən mövzuda bir qədər də dərinə gedərək araşdırma apardıq, sadəcə olaraq bu araşdırmanın nəticələrini məhz bu yazıda açıqlamaq fikrindən uzağam. Hələlik bunu xatırlatmaq yetər ki, eradan əvvəl mövcud olmuş Azərbaycanın qədim Midiya (Maday) dövlətində söz sahibi olmuş ağsaqqal Qamları özünə düşmən hesab edən ən gizli qüvvə məhz Babil yəhudiləri olmuşdur, o yəhudilər ki, Kir (Kuruş) onların pullarının hesabına Maday hakimiyyətini devirərək ölkədə fars Əhəməni ağalığına yol açmışdır...
    Hürrəmilər hərəkatının bu dərəcədə böyük vüsət almasına səbəb olan amilləri araşdırarkən qarşımıza çoxlu sayda səbəb çıxır. Bu səbəbləri öz mühümlüyünə görə mümkün olduğu qədər ardıcıllıqla düzməyə çalışsaq, aşağıdakıları qeyd edə bilərik:
1. İslam xilafətində hakim təbəqənin və saray əyanlarının Əhli-Beyt sevgisini qəbul etməməsi, Kərbəla müsibətinə, peyğəmbər nəslinin nümayəndələri olan və özündə İslamın elmi əsaslarını daşıyan imamların zaman-zaman öldürülməsinə yumşaq desək, tamamilə laqeyd yanaşması və bunlara böyük önəm verən xalq kütlələrini ucdantutma «sapıq», «zəndiq» adlandırması sıravi xalqın arasında haqlı olaraq böyük etirazlar doğurmuşdur. Məhz Həzrəti Məhəmməd əleyhissəlamın əmisi Abbasın nəslindən olduqlarını qabartmaqla hakimiyyətə gəlmiş Abbasilər sülaləsinin İslam həqiqətlərindən xali olmasını, gerçək İslamı təbliğ etməyib öz mənfəət və maraqları üçün sui-istifadə etməsi nəticə etibarilə Abbasilərə qarşı çoxsaylı etiraz dalğalarının yaranmasına səbəb olmuşdur. Həmin dövrdə İslamın ayrı-ayrı təriqətlərinin məhz bu səbəbdən Abbasilərin yürütdüyü siyasətə qarşı çıxış etmələri mənbələrdən açıq-aydın görünməkdədir. Bu məsələni məhz sünni-şiə qarşıdurması kimi təqdim etmək fikrindən tamamilə uzaq olmaqla və inkar etməklə yanaşı, onu qeyd etməliyik ki, ümumən müsəlman dünyasının tarixində bir məzhəbin mənsublarının hakimiyyətindən doğan narazılıq dalğaları adətən həmin məzhəbdən fərqli bir məzhəb daşıyıcılarının üsyana, etiraz dalğasına qalxmalarına səbəb olmuşdur. Bu baxımdan Babəkin başçılıq etdiyi hərəkatın Əhli-Beyt xarakterli olması tamamilə başadüşüləndir.
2. Abbasi saray əyanlarının və əyalət valilərinin özbaşınalığı, xalqa göz verib işıq verməmələri və daha pisi, bu əməllərini Allahın dini adı altında etmələri xalq kütlələrinin kəskin etirazlarına səbəb olmuşdur. Xalqın eyni zamanda sosial tələblərlə çıxış etməsinin səbəbi budur.
3. Ümumiyyətlə, Abbasilərin yürütdüyü daxili siyasətin bütünlüklə Azərbaycan türklərinin milli-dini maraq və mənafelərinə qarşı yönəldiyini mənbələrə əsasən söyləmək mümkündür. Abbasi sarayı İsəviləri «əhli-kitab» hesab edirdisə, o zaman niyə hələ 451-ci ildə Xalkedonda keçirilmiş Xristian Kilsələrinin IV Məclisində xristianlıqdan rəsmən qovulmuş qriqoryan-haylara göstərdiyi sıcaq münasibəti pravoslav Alpanlara (Albanlara) göstərmirdi? Hayları yanlış olaraq «erməni» adlandıran bölgənin tarixindən bixəbər Abbasilər onların Qafqazda söz sahibinə çevrilmələri üçün çox cəhd etmişlər. Azərbaycan tarixi-coğrafi arealının qərb hissəsini «Ərminiyyə» adlandıraraq ayrıca bir əyalət qismində görmələri və hayların bu «əyalət» daxilində yaşayıb möhkəmlənmələri məhz Abbasi sarayının yürütdüyü siyasətin acı nəticəsidir. Abbasilər Ərminiyyə dedikləri ərazilərdə erməni-haylara nə qədər tolerant münasibət sərgiləmişlərsə, zavallı Alpanlara qarşı bir o qədər dözümsüz yanaşmışlar. Ərminiyyəni vassal ərazi qismində görən Abbasilər Alpanelinin bu mənada heç olmasa formal müstəqilliyini də onlara çox görmüşlər. Abbasilərin türk Alpanlara bu münasibətini görən qriqoryan-haylar Abbasi sarayına yönəlik mövqe tutaraq tədricən özlərinin əsrlər boyu gözlərində qalmış məkrli arzularını xilafət sarayının hesabına tədricən gerçəkləşdirməyə çalışmışlar. Abbasi sarayına yaltaqlığı özünə siyasət kursu seçmiş satqın erməni-haylara Babəkin kəskin mövşe nümayiş etdirməsi, Süniyə qoşun çəkərək Makenik din xadimləri olan qriqoryan-hayların keşişlərinin əmlakına od vurub yandırması da bu səbəbdən tamamilə başadüşüləndir. Yəni Babək hərəkatının Abbasilərin yürütdüyü anti-türk daxili siyasətə qarşı yönəldiyini də bu söylədiklərimizin fonunda qəti şəkildə təsdiqləyə bilərik.
    Abbasilərin ölkəmizə qarşı bu cür münasibətinə əsas verən daha bir fakt Həzrəti Əlinin nəslinə aid olan insanların bir çoxunun Abbasi dönəmində təzyiqlərdən və təqiblərdən qorunmaq üçün əsasən Azərbaycana pənah gətirmələri və qismən də Xorasan tərəflərə köç etmələrindən ibarətdir. Bu fakt öz-özlüyündə müsəlmanlığı qəbul etmiş Alpanların peyğəmbərin əhli-beytinə dərin hörmət və ehtiram göstərdiyini ortaya qoyur və Abbasi sarayının zaman-zaman Azərbaycana qıcıqlanmasının səbəblərini anlamağa kömək edir.
4. Və nəhayət, bu hərəkatın həm ortaya çıxmasına səbəbkar olan, həm də boğulmasında rolu olan qüvvələri və amilləri müəyyən etməyə çalışarkən diqqətdən kənarda qalan, kölgəyə çəkilmiş daha məkrli qüvvələrin də mövcudluğunu danmamalıyıq.

«Xürrəm» nə deməkdir?

    Xürrəmi (Hürrəm) hərəkatının adı heç də göydən götürülməyib. Bu adda elə dərin və mühüm mətləblər gizlənir ki, onları tam şəkildə açmaq Azərbaycanın milli düşüncə tərzinə sahib hər bir tarixçisinin boynunun borcu olmalıdır. Dünənəcən ağlasığmaz bir iddia ilə «hürrəm» sözünü farsca «şad-xürrəm» sözü ilə eyniləşdirməyə cəhd ediblər, halbuki sözügedən izah variantı sovet tarixçilərinin Babək hərəkatının yaranma səbəbləri ilə bağlı irəli sürdükləri versiyalarla heç cürə uyğun gəlmir. Əgər doğrudan da bu hərəkat məhz ərəblərin Azərbaycanı işğal etməsi, bizləri guya qırıb-çatması səbəbindən yaranıbsa, bu «qətliama», «külli-qırğına» qarşı çıxanların özlərini şən, gülərüzlü insanlar kimi tanıtmalarına heç bir əsas yoxdur. «Hürrəm» sözünü «özgürəm, azadam» şəklində də yorumlamaq olardı, lakin belə olan tərzdə də ortaya sual çıxır: onda niyə babalarımız daha qəddar düşmənimiz olan Sasanilərə qarşı eyni formada - ən radikal bir şəkildə üsyana qalxmayıblar? Niyə ərəblərdən qat-qat zalım olan, bizləri açıq-aşkar əritmək və fiziki cəhətdən qırıb-məhv etmək xətti tutan Sasanilərin 400 illik hakimiyyət dönəmi hansısa Babək (Həsən) kimi türk sərkərdəsinin ortaya çıxmasına və ya Hürrəmilər kimi nəhəng bir hərəkatın alovlanmasına gətirib çıxarmayıb? Tamamilə məntiqdən uzaq bir versiyaya illər uzunu xalqı inandırmağa çalışıblar.
    «Xürrəm» sözünün yeni etimoloji izahları arasında iki versiya daha çox diqqəti çəkir. Bu izahlardan biri həmin sözün məhz «Hürrəm» kimi oxunmasını vacib edir. Bu versiyaya görə, söz «HÜRR + əm» (sonuncu hissəcik dilimizdə I şəxs üzrə fel sonluğudur) şəklində oxunmalıdır. Əcəba Babəkin (Həsənin) özünə «hürrəm» (oxu: «Mən Hürrəm») deməsi nə ilə əlaqədar ola bilər? Kimdir Hürr adlı şəxsiyyət? Hürr Kərbəla düzündə şəhadətə qovuşmuş üçüncü imam Hüseynin ən yaxın silahdaşı olub gözünü qırpmadan özünü haqqın yolunda fəda etmiş igid bir müsəlman döyüşçüsüdür. Babəkin tərəfdarlarının özlərini Hürrə bənzətmələri Kərbəla faciəsinin mühüm əhəmiyyətini görməzlikdən gələn Abbasilərin yürütdüyü səhv siyasətə bir cavab idi. Babəkin atəşpərəst yox, məhz müsəlman olmasını hərəkatın adı ilə bağlı söylənən versiyadan da görmək mümkündür. Sovetlərin atəşpərəst yapdığı Babəkin «Hürrəm» adlı hərəkata rəhbərlik etməsini anlamaq heç cür mümkün deyil, ancaq müsəlman Babəkin bu ada nədən müraciət etməsi tamamilə anlaşılandır. Məhz bu mənada mən Şah İsmayılın Hürrəm hərəkatından altı əsr sonra Kərbəlada məhz Hürrün qəbrini açdırması hadisəsini heç də təsadüfi hesab etmirəm. Hürrəm hərəkatının şiə-Qızılbaşlıq mahiyyətinin açılması öz-özlüyündə sonrakı Qızılbaşlıq hərəkatının tarixi köklərə sahib olmasını və heç də Osmanlı tarixçilərinin iddia etdiyi kimi, «islamda səhv yol» olmadığını bir daha tutarlı dəlillərlə sübut etməyə imkan verir.
    «Xürrəm» və ya «Hürrəm» adının yozumu ilə bağlı digər həqiqətəuyğun versiya bu sözə ərəb əlifbasında yazılan tərzdə, yəni hərəkəsiz «XRRM» / «HRRM» formasında yanaşma tələb edir. Sözün bu məna yozumu miladdan öncəki Qam görüşləri və qədim astroloji bilgilərlə sıx bağlıdır. Dilçilik qanunlarına görə, hər dildə özünəməxsus söz yaratma metodları vardır (məs., bizim dildə hecaların təkrar olunması yolu ilə «nənə», «baba», «bibi», «dədə» və s. sadə sözlər yaranıb). Bu metodlara sözün güzgü üsulu ilə yəni tərsinə oxunaraq məna verməsi də daxildir. Təsadüfi deyil ki, bir çox hallarda sözün gizli qalan əsl mahiyyəti onun tərsinə oxunması yolu ilə üzə çıxır (məsələn, ilkin olaraq insan mənasında işlənmiş «kişi» sözünün tərsinə «işik» / «ışık» kimi oxunması bəşəriyyətin işıqdan, nurdan yaranması haqda qədim fəlsəfi dünyagörüşü ilə tam səsləşir). «Xürrəm / Hürrəm» (XRRM) sözünün məna yozumunda həmin metoda müraciət etsək, miladdan öncəki minillik Oğuzlarının (Skuzların və Şkuzların) müharibə-savaş simgəsi sayılan Mars planetinin adı ilə (MƏRRİX) üzləşirik. Babək hərəkatının məhz 21 mart tarixində yəni astroloji cəhətdən Mərrix planetinin təsiri altında olan Qoç bürcünün göy qübbəsinə hakim olduğu gün başlanması heç də təsadüfə oxşamır (xatırlayaq ki, Qoç bürcünün özünün də latınca adı qədim Skiflərin / Şkuzların Mars qılıncı hesab edilən «Aries» qılıncının adı ilə eynidir). Novruz (Ulus Günü) axşamı – «yeni aypara doğan gecə» başlanan bu hərəkat, göründüyünə görə, özündə təkcə dərin dini-fəlsəfi baxışları əks etdirməmiş, eyni zamanda, gizlin astroloji biliklərə sahib olan qədim Qamlarımızın dünyagörüşünü, gizli inanclarını da ehtiva etmişdir. Yəni Babək hərəkatı mahiyyət etibarilə bizim qədim tarixi keçmişimizin bir çox hadisələrinin, babalarımızın müxtəlif dövrlərdə apardıqları mübarizələrin bir-birinə bağlandığı vahid zəncirin bir halqası hesab edilə bilər. «Xürrəm» sözünün «Hürrəm» və «Mərrix» məna yozumları təkcə Babək hərəkatına sovet tarixşünaslığının hakim və ənənəvi baxışlarını alt-üst etmir, həm də Babək şəxsiyyətinin gizlində qalan əsl mahiyyətini açıb millətə göstərməyə imkan verir.

Son söz yerinə

    Beləliklə, Babək şəxsiyyəti, onun aparmış olduğu möhtəşəm mücadilənin həqiqi mahiyyəti ilə bağlı qeyd etdiklərimiz adı çəkilən qəhrəmanın əsla kafir olmadığını, müsəlman olduğunu, millətimizin ilahi maraq və mənafelərindən çıxış edərək milli-ruhi savaşa qalxdığını isbatlamağa yetir. Biz hələ bu yazıda Azərbaycanın miladdan öncəki Qam dünyagörüşü və Təktanrıçı dini inanc sisteminin Babək hərəkatı ilə ideoloji bağlantılarını araşdırmadan, Əhli-beyt mənsublarının bu hərəkatla bilavasitə bağlı olduğunu söyləməyə əsas verən bəzi batinləri açıb ortaya qoymadan, əsasən ərəb tarixçilərinin yazdıqlarını təhlil etməklə problemə işıq salmağa çalışdıq. Düşünürəm ki, bu sahədə tarixçilərimizin qəti söz demələrinə böyük ehtiyac vardır və inanıram ki, onlar bu yazımda diqqətdən kənarda qalan bir çox məsələlərə obyektivcəsinə yanaşaraq sözügedən mövzuda daha böyük maraq doğuran nəticələr hasil edə biləcəklər. Tarixi qəhrəmanlarımızla bağlı aparılan araşdırmalarda bolşeviksayağı inkarçılıq metodundan imtina edilməli, təkcə qeyri-türk (yad) mənbələrin məlumatlarına əsasən nəticə çıxarılmamalı, sözügedən taleyüklü mövzuda daha obyektiv və müstəqil araşdırmalara baş vurulmalıdır.
    Bizlərin babaları olan igid qəhrəmanlar tariximizin ayrılmaz bir parçasıdır. Hər bir xalq kimi bizlər də öz Alp Ərənlərimizi gələcək nəsillərə örnək göstərmək üçün onları tarix aynasında olduğu kimi görməyi bacarmalıyıq!



4 mart 2006-cı il – 18 fevral, 2009-cu il.

Bu yazı 2480 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :