-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ziya Göyalpın «Türkçülüyün əsasları» əsəri barədə
Şiriftin ölçüsünü dəyiş

Ceyhun Bayramlı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun
İdarə Heyətinin üzvü

        Anadolu türkçü-alimlərinin Azərbaycanda çap olunmuş əsərlərinin Azərbaycançılıq və millətimizin milli maraqları nöqteyi-nəzərindən təhlili zamanı qardaş Türkiyədə türkçülük ideologiyasının banisi hesab olunan Ziya Göyalpın əsərləri barədə fikir bildirməkdə də böyük fayda vardır. Faktiki olaraq postsovet dövründə Azərbaycanda türkçü ədəbiyyatlar arasında ilk əvvəl Z.Göyalpın «Türkçülüyün əsasları» əsəri işıq üzü görmüş («Maarif», 1991-ci il), həmin dövrdə milli özünüdərk və yenidən təşəkkül prosesini keçməkdə olan Azərbaycan türklərinə milli maariflənmə işində ən çox bu kitab tövsiyə olunmuşdur. 1990-1993-cü illərdə siyasi proseslərə qoşularaq milli yüksəliş yolunda aktiv fəaliyyət göstərən insanlarımızın böyük bir qismi türkçülük amallarının elmi izahını özəlliklə Z.Göyalpın sözügedən əsərinə istinadən verməyə çalışırdı. Bu baxımdan «türkçülüyün tam bir proqramı» kimi annotasiya edilən «Türkçülüyün əsasları» əsərini Azərbaycan türklərinin milli və dövləti maraqları çərçivəsində qısa və yığcam da olsa təhlil etməyə, belə düşünürəm ki, ehtiyac vardır.
    «Türkçülüyün əsasları» əsərinin təhlilinə keçməzdən öncə bunu qeyd edək ki, bu kitab Ziya Göyalpın türkçülüklə bağlı siyasi-ideoloji baxışlarının məcmusudur. Z.Göyalpın milli-siyasi düşüncə tərzi zamanla müəyyən dəyişikliklərə uğradığına görə bu kitabda bizlər həm onun son qənaətləri, həm də əskidən qalma bir sıra düşüncələri ilə üzləşirik. Söz yox ki, Türkiyənin ünlü fikir adamı kimi Z.Göyalpın türkçülüyün ideya-siyasi axın olaraq gəlişdirilməsindəki xidmətləri böyükdür. Lakin Z.Göyalp şəxsiyyətinin Türkçülüyün ideya banisi, «atası» kimi təbliğ edilməsi də, mənim fikrimcə, mübaliğədən xali deyildir – bütün dünya bilir ki, elmi-nəzəri türkçülüyün banisi məhz Əli bəy Hüseynzadədir və Z.Göyalpın bir çox fikirləri məhz Ə.Hüseynzadənin qoyduğu bazis üzərində təşəkkül tapmışdır. Yəni Göyalpa verilən qiymət əsla Əli bəyin elmi türkçülükdəki aparıcı rolu üzərinə kölgə salmamalıdır. Keçək kitabın məzmunu ilə bağlı qeydlərimizə.
        İlk öncə kitabın 1923-cü ildə yazılaraq çap olunması faktını unutmamaq lazım gəlir və türkçülük ideologiyasının sonrakı inkişaf mərhələlərində ortaya çıxan sorunlar, elmi-ideoloji səpkidə problemlər, eləcə də yeni və ilginc elmi-tarixi faktlar, qlobal aləmdə, türk dünyasındakı gəlişmələr baxımından əsərin məzmununa yanaşaraq uyğunsuzluqları tənqid etmək və ya bu haqda hansısa irad bildirmək də düzgün olmazdı. «Türkçülüyün əsasları» əsərinin təhlili zamanı, fikrimizcə, onun ümumi məzmununda gözə dəyən mübahisəli, anlaşılmaz, bəzənsə qəbuledilməz məqamlara diqqəti cəlb etmək daha məqsədəuyğundur.
        Əsərdə birinci yerdə diqqəti çəkən məqam, şübhəsiz ki, burada «türk» sözünü olduğundan daha məhdud bir çərçivədə – bir millət hüdudlarında təsbit etmək cəhdindən qaynaqlanan mübahisəli və yanlış fikirlərin əks olunmasıdır. Bundan da irəli gələrək türkçülüyə verilən tərif – «türkçülük türk millətini yüksəltməkdir» fikri əslində nəzəri türkçülüyün bir çox problemlərinin həllində ortaya çıxan mübahisələrin özülü rolunu oynamışdır. Yəni bizə görə, hətta yüz il əvvəl belə «Türk» etnonimi artıq çoxdan bir millətin hüdudları çərçivəsindən kənara çıxan və çeşidli türk xalqlarını əhatə edən daha geniş anlama – Soy anlamına yiyələnmişdi. Bir-biri ilə müxtəlif səviyyəli qarşılıqlı təmaslarda və bağlantıda bulunan türk xalqlarının hər birində lokal milli mədəniyyət formalaşdırmaq və milli təşəkkülə nail olmaq istəyi ilə yanaşı eyni zamanda həm də eyni kökdən olan qardaş xalqlarla təbii yaxınlaşmanı özündə ehtiva edən müsbət mənada bir irqləşmə (buna şərti olaraq soyçuluq və ya budunçuluq da deyə bilərik) şüuru elementlərinə də rast gəlinmişdir. Doğrudur, bu şüur bir sıra türk xalqlarında həmin dövrdə rüşeym halında olmuşdur, ancaq burası da faktdır ki, lokal millətçilik və daha qlobal miqyaslı soyçuluq arasındakı fərqi türk xalqları, özəlliklə də onların irəlidə gedən fikir adamları və aydınları görməmiş deyildi. Zənnimizcə, Z.Göyalpın «Türk» etnonimini millət hüdudlarında görməsi hər şeydən əvvəl həmin dönəmdə (1923) yenicə qurulmuş Türkiyə Cumhuriyyətinin əsas əhalisinin milli təşəkkül prosesini keçməsi ilə əlaqədar olmalıdır. Onun əsərin bir yerində söylədiyi fikir də bunu sübut edir: «Çünki «türk» sözü bu gün yalnız Türkiyə türklərinə verilən bir ad olmuşdur» (Z.Göyalp, «Türkçülüyün əsasları», Bakı, «Maarif», 1991, səh. 38).
        Hər hansı bir Qaqauz, Türkmən, Özbək, Qazax və ya Qırğız öz lokal milli təşəkkülü prosesində millət olaraq özünü Qaqauz, Türkmən, Özbək, Qazax və ya Qırğız kimi, irqini isə Türk kimi anlayıb dərk edir. Bu mənada türkçülüyün elmi-ideoloji-nəzəri əsaslarını işləyib-hazırlamaq niyyəti güdmüş Z.Göyalpın öz əsərində etno-sosial amil olaraq Millət və Soy fərqini nədən incələməməsi qaranlıq qalır. Ağla gələn ilk və sadə məntiqə dayanan cavab ondan ibarətdir ki, bu sözügedən anlaşılmazlıq ötən əsrin iyirminci illərində yenicə yaranan Türkiyə Cumhuriyyətində rəsmi səviyyədə Vətəndaşlıq, Millət və Soy amillərinin nəzərə alınmayaraq bunların hamısının bir sözlə – «Türk» etnonimi ilə ifadə olunmasından qaynaqlanır və belə olan surətdə güman ki, Z.Göyalp «türkçülüyün əsasları» dedikdə öz dövlətinin ümdə maraqlarından irəli gələrək Türkiyəçiliyin və yaxud ən yaxşı halda Türkiyə Türkçülüyünün nəzəri əsaslarını düşünmüş və bunu da işləyib ortaya çıxarmışdır. Lakin hər iki halda «Türkçülüyün əsasları» adlandırılan bir əsərin digər türk xalqlarının milli düşüncə və yaşam tərzini, törələrini və adət-ənənələrini, zəngin tarixi keçmişini Türkiyə (Anadolu) türklüyü ilə müqayisədə ikinci planda nəzərdən keçirməsi böyük anlaşılmazlıqlar yaratmışdır. Yəni böyük bir irqin (soyun) adını ifadə edən «türk» sözünün ilk növbədə, hər şeydən və hamıdan əvvəl məhz Anadolu türklərinə, Türkiyə Cumhuriyyəti vətəndaşlarına (yeri gəlmişkən, onların arasında milli mənşəcə çoxlu sayda qeyri-türk, o cümlədən erməni-hay, kürd, yunan və s. vardır) şamil olunması öz-özlüyündə Z.Göyalpın ərsəyə gətirdiyi sözügedən kitabın da məzmununa mənfi təsir etməmiş deyildir.
        Bunu da deyək ki, əslində qlobal anlamda qəbul edilməli olan türkçülük ideologiyasının Türkiyənin vətəndaşlıq ideologiyasına çevrilməsi, başqa sözlə ifadə etsək, lokal spektrə salınması və Ziya bəyin də bu şəraitə uyğun bir əsər yaratması hardasa başadüşüləndir. 1920-1923-cü illərdə türklərin hakim olduğu İranın siyasi çalxalanmalar içərisində olduğu, digər türk xalqlarının bolşevik kabusunun pəncəsinə düşdüyü bir vaxtda türkçülüyü qlobal bir siyasi-ideoloji axın olaraq yaşatmaq çox çətin idi və həmin dövrdə yeni bir türk cumhuriyyətinin qurulduğu Türkiyədə türkçülük cərəyanının lokal məcraya yönəldilməsini müəyyən qədər anlamaq mümkündür. Ancaq bu addım eyni zamanda Türkiyədən şərqdə yerləşən və türkçülüyü bir ideya olaraq yaşatmaq niyyətində bulunan türk topluluqları üçün, xüsusilə də Azərbaycan türkləri üçün böyük başağrılarına və fəlakətlərə səbəb oldu, bunu da çəkinmədən açıq bir şəkildə qeyd etmək lazımdır. Türkçülüyün süni şəkildə Türkiyəçilik çərçivəsinə sığdırılması nəticə etibarilə sözünü etdiyimiz türk topluluqlarında fədakarcasına mücadilə aparan türkçü fikir adamlarının, alim və ziyalıların, minlərlə sadə insanın sovet imperiyasında irticaçı rus-bolşevik və İranda fars-pəhləvi qaragüruhu tərəfindən «türkiyəpərəst» deyə damğalanmasına, kütləvi şəkildə repressiyalara məruz qalmalarına, «Türkiyə agenti» adı ilə məhkəməsiz-filansız güllələnmələrinə, ailələrinin acı və məşəqqətlərə düçar olmalarına, və ən pisi, türkçülük cərəyanının qan gölündə boğulmasına dolayısı ilə yol açmışdır. Bunlar ayrı bir söhbətin mövzusu olduğu üçün bu yerdə fikrimizi geniş açıqlamağa ehtiyac duymuruq. Ziya Göyalpın türklüklə bağlı subyektiv fikirlərində yanlışlıqların olduğunu görmək o qədər də çətin deyil. Bizə görə, ən azından XX əsrin əvvəllərindən bu yana türk xalqlarının hər biri milli dövlətçiliyin bərpası, milli təşəkkül və tərəqqi yoluna qədəm qoyduğu üçün «türk» etnonimi artıq millət adı kimi işlənməz duruma gəlmiş və daha geniş miqyasda çeşidli türk etnoslarını əhatə edən Soy adına çevrilmişdir. Bu mənada bizim fikrimizcə, «türkçülük türk soyunu yaşatmaqdır» deyə tərif verilməsi ən doğru düşüncə tərzidir.
        Kitabın ümumi məzmununda rast gəlinən bu məqam nəticə etibarilə müxtəlif fəsillərdə qeyd olunan fikirlərdə də bir sıra yanlışlıqların ortaya çıxmasına səbəb olmuşdur. «Türkçülüyün tarixi» adlı ilk fəsildə bu baxımdan bir sıra razılaşmaq mümkün olmayan fikirlər vardır. Sözügedən fəsildə Z.Göyalp «türkçülüyün tarixi» adı altında faktiki olaraq Osmanlı dönəmindəki türkçülük rüşeymlərindən və əsasən Anadolu türkçülüyündən danışır. Onun «göründüyü kimi, türkçülüyün ilk ataları Əhməd Vefiq paşa ilə Süleyman paşadır» fikri tərəfimizdən ən azı ona görə qəbul edilə bilməz ki, Osmanlı imperatorluğunun son dövründə – Sultan Əbduləzizin hakimiyyəti illərində (1861-1876) yaşamış və fəaliyyət göstərmiş Əhməd Vefiq paşanı əsla türkçülüyün atası hesab etmək olmaz. Tarixə müraciət etmək kifayətdir ki, Z.Göyalpın bu fikrini asanlıqla inkar edəsən. Necə ola bilər ki, hələ VII əsrdə Göytürk adlı imperatorluğun «millət» (budun) anlayışına sahib xaqanları, 13 may 1277-ci ildə fərman verərək Qaraman bəyliyində dövlət dilinin Türkcə olduğunu elan etmiş Məhəmməd Qaramanoğlu, XV əsrdə ürəyində səmimi bir türklük duyğusu ilə Quranı ilk dəfə türkcəyə tərcümə etdirən Ağqoyunlu hökmdarı Sultan Həsən Bayandurlu (Uzun Həsən), türk dilini dövlətin rəsmi dili səviyyəsinə qaldıran Şah İsmayıl Səfəvi və ya 1514-cü ildə məşum Çaldıran savaşı ərəfəsində
                «Türk əcəmə, əcəm türkə zülm eləsə günahdı,
                  İkisi də bir kökdəndi, yaradan da Allahdı»
deyib Osmanlı qoşununu və Qızılbaş ordusunu savaşdan çəkindirmək istəyən sufi-qızılbaş təriqətli ocaq sahibi Miskin Abdal kimi dahi şəxsiyyətlər türkçülük ideyalarının tarixindən danışıldığı yerdə xatırlanmasın, ancaq XIX əsrin II yarısında fəaliyyət göstərmiş Əhməd Vefiq paşa və Süleyman paşa türkçülüyün ilk ataları hesab olunsun?! Və maraqlısı budur ki, adlarını çəkdiyimiz tarixi şəxsiyyətlərin heç birisi Osmanlı xanədanının və ya «osmanlısevər» Anadolu türk ziyalılarının dərin hörmət bəslədikləri adamlar sırasında deyil. Bu məsələdə təəssüf ki, Ziya Göyalpın mövqeyi bütün türk tarixini yalnız Osmanlılardan ibarət görən mənşəyi bəlli olmayan bəzi Türkiyə tarixçilərinin mövqeyindən faktiki olaraq fərqlənmir. Türkiyə tarixşünaslığındakı subyektivizmin rüşeymlərinə Z.Göyalpın yazdığı əsərlərdə, o cümlədən «Türkçülüyün əsasları» kitabında da rast gəlinir.
------------
        HAŞİYƏ: Əhməd Vefiq Paşanın ictimai-siyasi fəaliyyəti ilə bağlı fərdi araşdırmalarımız zamanı ilginc bir məlumata rast gəldik. Təsadüfən Türkiyədə masonluğun tarixi barədə çəkilmiş tənqidi məzmunlu sənədli filmə baxarkən XIX əsrin 60-cı illərində Osmanlı imperatorluğunda Sədrəzəm vəzifəsi daşımış və eyni zamanda yazarlıq etmiş bu insanın adının Türkiyədə o dövrdə fəaliyyət göstərmiş mason lojasının yetkili üzvləri sırasında çəkilməsinin və sübut olaraq da Atatürk tərəfindən rəsmən qapadılmazdan öncə İstanbulda nəşr olunan «Mimar Sinan» adlı mason dərgisində masonların ünlü adamları arasında Əhməd Vefiq Paşanın isminin keçməsinin şahidi olduq. Türkiyəli ustad mason Kemaleddin Apakın «Türkiyede masonluk tarihi» adlı əsərində də Əhməd Vefiq paşanın ismi mason yetkililər sırasında açıq-aydın qeyd olunmuşdur. Ortaya sual çıxır: elə isə niyə özünü türkçü ideoloq hesab edən Ziya Göyalp bu adamı türkçülüyün fikir atası kimi öz kitabında qeyd etməliydi? Nəticə etibarilə bu şübhələr özü Türkiyədən bizə ixrac olunmuş Göyalp türkçülüyünün masonluğa xidmət etməsi ilə bağlı düşüncələrə yol açır.
------------
        İlk fəsildə türkçülüyün bir axın olaraq ərsəyə gəlməsində rolu olan şəxsiyyətlər arasında Mirzə Fətəli Axundzadənin haqqında cəmisi bir cümləlik məlumat vardır, iki-üç yerdə (?) kiçik abzaslar daxilində Əli bəy Hüseynzadənin, bir yerdə isə Əhməd bəy Ağaoğlunun adları çəkilir, Topçubaşovun da bunlara qoşulduğu bir cümlə ilə qeyd olunur. Daha çox Osmanlı Türkiyəsindəki türkçü insanlara, onların türkçülük yönündə atdıqları ayrı-ayrı addımlara yer ayrılır. Zənnimcə, 1923-cü ildə yazılaraq çap edilmiş bir əsərdə türkçülüyün tarixi daha geniş, daha sanballı, daha obyektiv araşdırıla bilərdi, bunun üçün hər halda həmin dövrdə kifayət qədər məlumat bazası olmuşdur. Məhz bu səbəbdən oxucular qınamasınlar, Ziya Göyalpın türkçülüyün tərixini səmimi bir şəkildə, canıyananlıqla və dərin mətləblərə varmaqla araşdırmasına məndə çox böyük bir şübhə vardır, və bu şübhə heç də təsadüfi deyil.
        «Türkçülüyün tarixi» fəslində diqqəti daha bir məqam cəlb edir. Osmanlı dönəmində türk dilinin sadələşdirilməsi yönündə fəaliyyət göstərmiş türkçü ziyalılardan bəhs edərkən Ziya Göyalp nədənsə Fuad Rauf bəyin yanlış yol tutmasını söyləyir: «Ancaq «İqdam» qəzeti ətrafında toplanan bu türkçülərdən xüsusilə Fuad Rauf bəyin türk dilini sadələşdirmək (arılaşdırmaq) məsələsində yanlış bir yol tutması türkçülük axımının dəyərdən düşməsinə səbəb oldu. Bu yanlış nəzəriyyə təfsiyəçilik – saflaşdırmaçılıq (saf türkcəçilik) fikrindən ibarət idi» (Z.Göyalp, «Türkçülüyün əsasları», Bakı, «Maarif», 1991, səh. 28).
        Bizim fikrimizcə, həm XX əsrin əvvəllərində, həm də bu gün Anadolu türkcəsinin, Azərbaycan türkcəsinin saflaşdırılması və türkcələşdirilməsi məsələsi hər iki türk xalqı üçün aktual olaraq qalmaqdadır. Müntəzəm olaraq təsirlərə məruz qalan bir dilin mümkün olduğu qədər milliləşdirilməsinin, yad və lazımsız ünsürlərdən təmizlənməsinin nəyi pisdir ki? Öz qədim nüvəsini qoruya bilməyən, yad təsirlərə müqavimət gücü olmayan bir dil, əlbəttə ki, nəticə etibarilə öz gələcəyini təmin edə bilməz. Təəssüf ki, «dildə türkçülük» prinsipindən irəli gələrək qədim türk mənşəli sözlərin yeni anlamlar kəsb edərək istifadəyə verilməsi fikrini Z.Göyalp qəbul etmək istəməmişdir, halbuki babaların qullanmış olduqları arxaizmlərin vaxtaşırı dirçəldilməsi dilin nüvəsinin möhkəmlənməsinə xidmət edən amil hesab olunmalıdır. Ola bilsin ki, Osmanlının son illərində Türkiyədə xalq birdən-birə dili türkləşdirmək və bərpa etməyə meylli olmamışdır (bu tamamilə anlaşılandır, eyni halla bizlər də bu gün quzey Azərbaycanda rastlaşmaqdayıq), lakin istənilən halda bir dilin lüğət tərkibinə yad söz və ifadələr daha sürətlə daxil olur və yanlız vaxtaşırı həmin dilin qədim sözlərini imkan daxilində dirçəltməklə və ya türk kökünə malik yeni kəlmələr ərsəyə gətirməklə buna qarşı müqavimət təşkil etmək mümkündür, əks təqdirdə çox keçmədən həmin dil öz qədim variantından tamamilə aralı düşərək yabançı söz toplusuna çevrilə bilər. Vaxtilə Türkiyə türkçülərinin bu düşüncə tərzinə lazımi önəm verməməsi bu günkü Anadolu türkcəsinin tamamən Avropadan gəlmə çoxsaylı kəlmələrin, söz və ifadələrin – «pardon»ların, «mersi»lərin əsirinə çevrilməsinə səbəb olmuşdur. Dil millətin varlığını şərtləndirən ən ümdə amillərdən biri olduğuna görə onun qorunması üçün maksimum cəhd edilməlidir. Məhz bu səbəbdən belə düşünürəm ki, gələcəkdə Azərbaycanda dövlət dilimizin hegemon mövqeyini bərpa etmək yolunda konsepsiyalar işlənib-hazırlanarkən, yaxud da ədəbi dilimizin tədricən saflaşdırılması, sadələşdirilməsi və milliləşdirilməsi yönündə fəaliyyət göstərərkən Ziya Göyalpın tövsiyə etdiyi modelin burda olduğu kimi tətbiq edilməsi bizə xeyirdən qat-qat çox ziyan gətirə bilər və Azərbaycanda dövlət dilinin hərtərəfli inkişafı ilə bağlı bizlərin öz modeli olmalıdır.
        Kitabın «Türkçülük nədir?» başlıqlı ikinci fəslində Z.Göyalpın bir sıra fikirləri, xüsusən də millət faktorunun izahı ilə bağlı onun söylədikləri ümumiyyətlə anlaşılmaz, çətin başa düşülən, bəzənsə açığı məntiqdən kənardır. Millət haqqında çeşidli görüşləri incələyən yazarın fikrincə, «irqi əsas götürən türkçülərə görə, millət irq deməkdir» (səh.31). Halbuki irqi əsas götürən türkçülər milləti irqlə heç vaxt eyniləşdirmir və bunları daha doğru biçimdə fərqləndirə bilirlər. Həmin səhifədə «İrq sözü əsasən zoologiyaya aid bir termindir» fikrini də doğru hesab edə bilmərik, çünki həm anatomiyada, həm antropologiyada, həm etnososiologiyada, hətta linqvistikada belə irqlərdən və ya irq funksiyasına malik dil ailələrindən danışılır. Milləti ərsəyə gətirən ünsürlər arasında bioloji (qan və başqa irsi faktorlar, dominantlıq təşkil edən genetik kodlar, antropoloji təyinatlar və s.) amillərə Ziya Göyalpın münasibəti də müəmmalıdır. Ona görə, «hətta eyni ailənin içində bir qardaş uzunbaşlı qumral, digər qardaşlar isə uzunbaşlı qarabuğdayı və yastı başlı ola bilərlər» (səh.32). Əslində isə dəqiq elmi müddəalara görə, belə bir hal yalnız o zaman baş verə bilər ki, valideynlərdən birisi digərindən fərqli etnik kimliyə sahib olsun və yaxud da atanın müxtəlif millətlərə mənsub bir neçə övrəti olsun. Əks təqdirdə necə ola bilər ki, hər iki valideyni qarışıqsız eyni millətə mənsub olan uşaqlar özünün kəllə formasına və ölçüsünə görə ata-anadan tamamilə fərqli bir göstəriciyə malik olsun?! Hamımız bilirik ki, övlad istənilən halda valideynlərin malik olduğu irsi-bioloji amillərin, genetik kodun daşıyıcısıdır. Dolixokefal (uzunbaşlı) kəllə quruluşuna malik ata-ananın braxikefal (qısabaşlı) göstəricilərə malik övladının olmasını təbii faktorlarla əlaqələndirmək imkansızdır. Və milləti təşkil edən başlıca amillər arasında antropoloji göstəricilərin eyniliyi faktorunu inkar etmək də qeyri-mümkündür. Güman etmək olar ki, bu əsərin ərsəyə gətirildiyi dönəmdə Z.Göyalpın antropologiya sahəsində yetərincə bilgisinin olmaması (o zamanlar antropologiya elmi hələ qlobal səviyyədə qəbul edilən bir elm sahəsinə çevrilməmişdi) ona sözügedən taleyüklü məsələləri bu kitabda daha dərindən araşdırmağa imkan verməmişdir. Digər tərəfdən, Ziya Göyalpın rəsmlərinə nəzər salsaq, ilginc bir faktın şahidi olacağıq – bu ziyalının kəllə forması özü də dolixokefal (uzunbaş) olmayıb. Bunun nə demək olduğunu isə qoy möhtərəm oxucu özü müəyyənləşdirsin.
        Millətin tərifini özünəməxsus bir şəkildə verməyə çalışan Z.Göyalpın fikrincə, «millət dil, din, əxlaq və bütün gözəl sənətlər – estetika baxımından ortaq olan yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir» (səh. 35). Zənnimizcə, bu tərif özünün yarımçıqlığı, natamamlığı ilə seçilir, belə ki, iki insanın eyni millətə mənsub olmasını ortaya qoyan amillər arasında ən birinci yerdə bioloji amil gəlir, yəni qan-gen eyniliyi, antropoloji göstəricilərin eyniyyəti və s. Bundan sonra müvafiq olaraq dil eyniliyi, din eyniliyi, eyni tarixi Vətən amili, eyni lokal mədəniyyətin paylaşılması, milli adət-ənənələrin eyniliyi kimi ümdə faktorlar rol oynayır. Beləliklə, bizə görə, Millət – eyni və ya oxşar bioloji görkəmə və göstəricilərə, yüksək ədəbi xüsusiyyətlərə malik vahid dilə, eyni dini inanc sisteminə və baxışlara, müəyyən tarixi Vətənə və bu torpaqlar üzərində vahid dövlətçilik tarixinə, habelə, eyni mədəniyyətə, eyni kökdən gələn adət-ənənələrə malik olan və bu amilləri qorumaq yolunda birgə mübarizə aparan insanların toplusu sayıla bilər. Bizim qəti fikrimizə görə, bu söylənilən parametrlərdən (bunlara ümumilikdə etnosun keyfiyyət göstəriciləri də deyə bilərik) birinin və yaxud bir neçəsinin çatışmaması toplumun millət səviyyəsində hələ təşəkkül tapmadığını isbatlamaqdadır, etnosun kəmiyyət göstəricisinin nə dərəcədə yüksək olması burada önəmli rol oynamır.
        Ziya Göyalp bu mövzuda daha sonra qeyd edir ki, «milliyətdə şəcərə (soykötüyü) axtarılmaz. Yalnız tərbiyənin və ülkünün – məfkurənin milli olması aranar. Normal bir insan hansı millətin tərbiyəsini alıbsa, ancaq onun ülküsü – idealı uğrunda çalışa bilər» (həmin səh.). Mərhum ideoloqun söylədiklərini qəribçiliyə salmaq istəməzdik, amma hər halda qeyri-ixtiyari olaraq sual meydana çıxır: hər hansı azyaşlı bir erməni-hay cocuğunu götürüb bəsləsək və onu öz milli yaşam tərzimizə uyğunlaşdıraraq ona türk-oğuz tərbiyəsi versək, həmin cocuq böyüyüb bir türk övladı ola bilərmi? Mənim fikrimcə, xeyr. Ən azından sözügedən məxluqda cəmləşmiş genetik kodu dəyişmək qeyri-mümkündür. Hər halda bizlərdən qat-qat müdrik olmuş dədələrimiz əbəs yerə deməyiblər ki, «sümüklə gələn iliklə çıxar».
        Üçüncü fəsildə ideoloqun türkçülük və turançılıqla bağlı fikirlərində də mübahisəli məqamlar vardır və millətlə bağlı təqdim olunan baxışlarda bəzən həmin mübahisəli məqamlardan qaynaqlanan yanlış qənaətlərə də rast gəlirik. Məsələn, Ziya bəy – «Türk bir millətin adıdır. Millət özünə məxsus kültürü – harsı olan bir insan topluluğu – zümrə deməkdir. Deməli, türkün yalnız bir dili və tək bir kültürü – harsı ola bilər» – deyə qeyd edir. Bir qədər əvvəldə «türk» etnoniminin bir millət adından daha geniş çərçivəni əhatə etdiyini və millət sınırlarına əsla sığışmadığını söylədik, eyni zamanda, millətin varlığını ortaya qoyan ümdə amilləri sadaladıq. Türkün yalnız bir dili varsa, o zaman nədən bizlər, deyək ki, uyğur türklərinin dilini anlamaqda çətinlik çəkirik və yaxud, əgər türkün tək bir kültürü varsa, o zaman niyə Anadolu türklərinin yaşam tərzi, adət-ənənələri, gələnəkləri, tutalım, Altay türklərinin kültüründən fərqli cəhətlərə malikdir? Yanlış anlaşılmasın fikrimiz. Biz «Turan» adı verilən məkandakı eyni kökdən gələn oxşar bioloji faktorlara, dillərə, dinə, mədəniyyət elementlərinə və s. malik etnosların hamısını türk kökənli hesab edirik. Ancaq bunların hamısını bir millət olaraq görmək mümkün deyil. Təəssüf ki, keçən əsrin əvvəllərində nəzəri əsasları formalaşdırılmış utopik Turanizmin təsiri ilə Ziya Göyalp «tatarların ayrıca bir tatar kültürü və tatar dili formalaşdırmaq istəmələrini» bəyənmir, o bildirir ki, «bu davranış - hərəkət türklərin başqa bir millət, tatarların da başqa bir millət olduğu nəticəsini doğuracaqdır» (səh. 36). Ardınca isə qeyd edir:
        «Uzaqda olduğumuz üçün qırğızların və özbəklərin necə bir yol tutacaqlarını bilmirik. Bunların da hər biri ayrı dil və ədəbiyyat, ayrı kültür - hars meydana gətirməyə çalışsalar, türk millətinin sınırı - hüdudu daha da daralmış olar. Yakutlar ilə Altay türkləri daha uzaqda olduqları üçün, onları Türkiyə türklərinin kültürü - harsı içinə almaq daha da çətin görünür» (səh. 37).
        Zaman göstərdi ki, əksər türk toplumları əvvəl-axır öz lokal milli təşəkkül prosesini keçməkdə qərarlıdır və bu, heç də Z.Göyalpın gözlədiyi kimi onların türklükdən aralı düşməsinə gətirib çıxarmamışdır – nə tatarlar, nə özbəklər, nə də qırğızlar öz türklüklərini unutmamışlar və unutmaq fikrində də deyillər. Zaman eyni zamanda onu da göstərdi ki, Z.Göyalpın əsaslandığı turançılığın klassik modeli yəni türk toplumlarının Osmanlı dövlətinin hüdudları daxilində birləşdirilməsi və ya Türkiyə Respublikasının himayəsi altına keçməsi düşüncəsi dərin özülə əsaslanmadığına görə zamanın sınaqlarına davam gətirmədi. Və acı həqiqət bundan ibarətdir ki, müstəmləkəçilik və işğaldan qurtularaq öz milli dövlətini quran, öz lokal milli təşəkkülü prosesini keçən əksər türk xalqları (dövlətlər buraya aid deyil) özlərinə «böyük qardaş» axtarmaq fikrindən uzaqdırlar. Bununla bağlı Z.Göyalpın düşüncələrinin gerçəklikdən nə qədər uzaq olması göz önündədir – əsərin yazıldığı dövrdən 80 ildən artıq bir vaxt keçməsinə rəğmən nəinki yakutları və Altay türklərini, hətta Azərbaycan və İran türklərini belə «Türkiyə türklərinin kültürü - harsı içinə almaq» mümkün olmamışdır. Deməli, türkçülük və turançılıq düşüncəsi Türkiyədə ideya nöqteyi-nəzərindən ilkin mərhələdə düzgün qoyulmamışdır. XXI əsrdə qlobal türkçülüyün də, turançılığın da tarixi gerçəkliklərə dayanan yeni nəzəri əsasları işlənib-hazırlanmalıdır. Bu nəzəri əsaslar özündə mövcud qlobal və regional geosiyasi durumu, siyasi arenaya vəsiqə qazanmış yeni türk dövlətləri və xalqlarının gələcək mümkün inteqrasiya və təbii yaxınlaşma yollarını, lokal milli təşəkkül dönəmini keçmiş türk toplumlarının regional siyasi və ya iqtisadi bloklaşmalarının konturlarını, bu yöndə qarşıya çıxa biləcək əngəllərin aradan qaldırılması üçün gərəkən təxmini addımları və s. ehtiva edə bilər.
        Daha bir məsələyə bu yerdə toxunaq. Bu, türklərin islamaqədərki dini inanc sistemi ilə bağlı türkçü ideoloqların vahid mövqeyə və baxışlara malik olmamasından doğan subyektiv fikirlərdir. Z.Göyalpda da bu sahədə qəti baxışların formalaşmadığı görülməkdədir. Onun bir fikri bu haqda mülahizə yürütməyə imkan verir: «Məsələn, türklərin islamdan öncəki dinində Gök Tanrı mükafat Tanrısıdır. Cəzalandırma işinə qarışmır. Cəza tanrısı Ərlik xan adında başqa bir mifoloji varlıqdır. Tanrı (Allah) yalnız «cəmal» (gözəl üz, gözəllik) sifətiylə göründüyü üçün əski türklər onu sadəcə olaraq sevərdilər» (səh. 46).
        Əski türklərin islama qədərki dövrlərdə hər zaman təktanrıçı olduqlarını bilirik (bu gün bəşəriyyətə panfarsistlər tərəfindən sırınan dualist təfəkkürlü saxta «Avesta» mətnlərini və sonrakı dövr «zərdüştiliyi» kənara qoysaq). Türklər hər zaman dini transformasiyalar dövrü gələrkən təktanrıçı dinləri seçmiş, xristian (İsəvi), daha sonra isə müsəlman (Mühəmmədi) olmuşlar. Məsələ burasındadır ki, Z.Göyalp da daxil olmaqla türkçü ideoloqların əski türk dini inanclarındakı pilləli sistemləşdirmə haqda təsəvvürləri demək olar ki, yox dərəcəsindədir. Elə bu səbəbdən də bir çox türkçü-ideoloq və alimlər əski türklərdə «qutsallar (müqəddəslər) panteonu» əvəzinə daha çox «tanrılar panteonu»ndan söz edirlər. Z.Göyalp da, gördüyümüz kimi, vahid Göy Tanrı inancını xatırladarkən qeyri-ixtiyari hansısa «Ərlik xan» adlı «cəza tanrısından» da danışmalı olur, halbuki adı çəkilən varlığa inam, bizim fikrimizcə, dünyadan getmiş hansısa qədim türk hökmdarının ruhuna sayğı kultundan başqa bir şey olmamalıdır. Yeri gəlmişkən, eyni yanlış düşüncə tərzinə bu gün də bir sıra alimlərin əsərlərində rast gəlinir. Məsələn, fəlsəfə e. d. prof. Ağayar Şükürovun «Dədə Qorqud mifologiyası» (Bakı, «Elm», 1999) kitabında «Dastanda tanrılar panteonu» adlı xüsusi fəsil vardır, burada qədim mifoloji obrazlardan olan Humay yanlış yerə tanrı kimi qeyd olunaraq Göy Tanrıdan fərqləndirilir. Halbuki Humay obrazına inam, Ağayar müəllimin sitat gətirdiyi «Humay tək anam xatunun bəxtinə» ifadəsindən də göründüyü kimi, sadəcə olaraq nə vaxtsa dünyadan köç etmiş hansısa türk xatununun ruhuna olan hörmət və ehtiramı ifadə edir yəni ana ruhuna sayğı kultu kimi qəbul edilməlidir. Qədim türk mifologiyasında bir tanrı var – o da Göy Tanrı adı ilə anılan, səcdə qılınan fövqəlbəşər varlıqdır.
        Digər tərəfdən, Ziya Göyalpın söylədiyi fikrin ziddinə, əski türklərə görə, Göy Tanrı göydə otururdu və «kimsə onun necə olduğunu bilə bilməzdi» («Kitabi-Dədəm Qorqud» eposunda Tanrıya əl açan Dəli Qarçarın söylədiklərini xatırlayaq). Türklər Göy Tanrıdan ona görə qorxmur və onu ona görə sevirdilər ki, özlərini ona ən yaxın və ən sadiq hesab edirdilər. «Göy Tanrının cəzalandırmaması» fikrinə gəlincə isə, əski türklər üçün Tanrının onlardan üz döndərməsi elə əsl cəza idi – Tanrının üz döndərdiyi yerdə məntiqlə şeytan «meydan sulayar».
        Ümumilikdə Z.Göyalpın türkçülük proqramı və nəzəriyyəsi daha çox Türkiyə türkçülüyü ilə məhdudlaşdığına görə, kitabın bir sıra fəsillərində və bölmələrində qoyulan məsələlərə dar çərçivədə toxunulmuşdur. Məsələn, «Dildə türkçülük» bölümü tamamən Türkiyə türkcəsinin inkişaf və tərəqqi istiqamətlərinə həsr olunmuş, digər türk xalqlarının (Azərbaycan türklərinin, türkmənlərin və s.) dil inkişafı problemlərinə toxunulmamışdır. Və yaxud, türkçülüyün yaxın və uzaq ülkülərindən danışarkən mərhum ideoloq bunları üç qrupa ayırıb Türkiyəçilik, Oğuzçuluq və nəticə etibarilə Turançılıq kimi təfsir edir, lakin digər türk toplumları üçün hansı modelin, hansı yaxın və uzaq ülkülərin məqbul olduğunu söyləmir və belə çıxır ki, Şərqdə yaşayan yakutlar, qırğızlar və ya Altay türkləri türkçülük ideyalarını qəbul etsələr, o zaman uzaq hədəfə doğru yön almaq üçün mütləq Türkiyəçilik və Oğuzçuluq (?) prinsiplərindən çıxış etməlidirlər. Eləcə də, ədəbiyyatda, estetikada, əxlaqda, musiqidə, hüquqda, dində, iqtisadiyyatda, siyasətdə, fəlsəfədə türkçülük düşüncəsindən danışarkən Z.Göyalp sanki «Türkiyəçiliyin əsasları» adlı əsər yazdığını zənn etmiş və bütün məsələlərə Türkiyə türkçülüyü fonunda yanaşmağa çalışmışdır. Türkçülüyün «Ziya Göyalp modelinin» məhz bu baxımdan Türkiyə hüdudlarından kənarda yaşayan türk millətləri və xalqları tərəfindən qəbul olunması qeyri-mümkün görünür. Çox təəssüf ki, bu əsəri bu gün əlinə alıb oxuyan digər türk toplumlarının təmsilçiləri haqlı olaraq onu Türkçülüyün deyil, «Türkiyəçiliyin əsasları» və ya sadəcə «Türkiyə türkçülüyünün əsasları» kimi qəbul etməli olurlar. Və təsadüfi deyil ki, həmin türk toplumlarının da qlobal türkçülükdən daha çox lokal milli təşəkkülə, lokal milli dövlətçiliyə və milli tərəqqi yoluna önəm vermələrində, gələcək yaxınlaşma, inteqrasiya mövzusundan gen durmalarında, hətta Saparmurat Türkmənbaşının «Ruhnamə» adlı lokal çərçivəli milli bir kitab işləyib-hazırlamasında da dolayısı ilə qeyri-səmimi «Ziya Göyalp türkçülüyünün» böyük rolu vardır. Niyə gizlədirik ki – Ziya Göyalpın bu yarımçıq məzmunlu əsəri faktiki olaraq hələ yeni çap olunduğu vaxtlarda bolşevik Rusiyasının işğalı altında inləyən türk toplumlarına böyük ziyan da vurmuşdur, çünki 1937-ci il repressiyaları dövründə məhz Z.Göyalpın türkçülüyü Türkiyəçiliklə eyniləşdirməsini bəhanə gətirərək Hüseyn Cavid kimi onlarla səmimi və həqiqi türkçü ziyalıya «Türkiyə şpionu» damğası vurub onları məhbəslərdə və sürgünlərdə çürütmüşlər. Bununla yanaşı, Göyalpın «Türkçülüyün əsasları» əsərinin nəzərəçarpacaq dərəcədə müsbət tərəfi də ondan ibarətdir ki, bu əsər digər lokal xarakterli türk milli dövlətlərinin milli-ideoloji sferada özlərinə elmi-nəzəri baza yaratmalarına və qlobal türkçülük problemlərinə özünəməxsus mövqe ilə yanaşmalarına şərait yaratmışdır.

Bu yazı 3158 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :