-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Faruq Sümərin «Oğuzlar» kitabı haqda
Şiriftin ölçüsünü dəyiş

Ceyhun Bayramlı
“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun
İdarə Heyətinin üzvü

        1920-ci ilin kommunist-bolşevik çevrilişindən sonra tədricən arxa plana keçirilmiş, daha sonra isə olmazın qadağalara tuş gəlmiş, yasaq edilmiş türkçülük məfkurəsi XX əsrin sonlarında Azərbaycan türklərinin milli istiqlal mücadiləsinin başlanması ilə Azərbaycanda yenidən gündəmə gəldi. Türkçülük bir qayə kimi məhz bu dövrdən etibarən Azərbaycan türkünün şüurunda qəti olaraq möhkəmlənməyə başlasa da, ötən 70 ilin yaraları öz təsirini göstərirdi – Azərbaycan türkü türkçülüyü Anadolu türklərindən fərqli olaraq hələ də XX əsrin əvvəllərində qəbul edilmiş ilkin formada görürdü və zaman Azərbaycanda türkçülük ideyalarının inkişaf xəttini qabaqlayırdı. Belə bir şəraitdə Quzey Azərbaycan türkünün milli özünüdərki prosesinin sürətlənməsinə qardaş Türkiyə türkçüləri müəyyən qədər yardımçı oldular – Anadolunun türkçü alim və mütəfəkkirlərinin tarixi-ideoloji yöndə əsərlərinin Azərbaycanda nəşr edilməsi sıravi Azərbaycan türkçüsünün bu sahədə bilik və məlumatlılıq səviyyəsinin artmasına az-çox təsir göstərib.
    Bununla belə, türkçülüyün olduğu kimi deyil, məhz Türkiyənin təqdim etdiyi formada (türkiyəçilik və ya utopik turançılıq istiqamətində) təbliğ edilməsi ictimai rəydə, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində tərəddüdlərə səbəb olmaqla nəticə etibarilə Azərbaycan türklərinin milli özünüdərkində və Azərbaycan milli dövlətçiliyinin inkişafı prosesində ideoloji cəhətdən ləngimələrin, bəzənsə kənarasapmaların yaranmasına gətirib çıxarmışdır. Əlbəttə, Türkiyə türkçüləri tərəfindən yazılmış türkçü ədəbiyyatların yuxarıda qeyd etdiyimiz istiqamətlərdə olmasının səbəblərini müəyyən qədər anlamaq mümkündür: bu əsərlərin bir çoxu məhz Anadolu türklərinin milli şüurunun yüksəldilməsinə və Türkiyə dövlətçiliyinin inkişafına xidmət etmək məqsədilə yazılmışdır. Lakin fakt faktlığında qalır: bu cür ləngimələrdən və qeyri-müəyyənlikdən bəhrələnən, daima anti-türkçülük mövqeyindən çıxış etmiş mütəşəkkil qeyri-türk ünsürlər Azərbaycançılıq prinsipini türkçülüyə qarşı qoymaq yönündə fəaliyyətlərini gücləndirərək ictimai rəyin müəyyən hissəsinə təsir göstərməyə, təəssüf ki, müvəffəq olublar (dövlət dilinin «Azərbaycan dili» kimi Konstitusiyada təsbit olunması, məmləkətin əsas etnosunun cidd-cəhdlə "azərbaycanlı" adlandırılması və s. buna əyani misaldır). İndi Azərbaycanın müstəqil milli düşüncə tərzinə malik ziyalıları qarşısında çətin bir vəzifə durur – türkçülüyün Azərbaycanda əsaslarını işləyib hazırlamaqla onu Azərbaycan dövlətinin dayaqlarını möhkəmləndirə və Azərbaycan türkünün milli təşəkkülünə, milli tərəqqisinə təkan verə biləcək bir ideya bazasına çevirmək. Sözügedən problemin həllində irəliləyiş əldə etmək üçün, zənnimizcə, Azərbaycan ziyalısı ilk növbədə türkçülüyün Türkiyədə keçdiyi inkişaf yoluna diqqətlə nəzər salmalı, Anadolu türkçü ziyalılarının əsərlərini dərindən təhlil edib nəticə çıxarmalıdır. Son illərdə Azərbaycanda nəşr edilmiş belə ədəbiyyatlar arasında tarixçi-oğuzşünas Faruq Sümərin «Oğuzlar» adlı əsəri diqqəti cəlb edir. Oğuzların bir türk qövmü kimi həyatı, adət-ənənələri, təşəkkülü barədə yazılmış olan, 1992-ci ildə Bakıda «Yazıçı» nəşriyyatı tərəfindən çap edilmiş «Oğuzlar» əsərinə Azərbaycan türk oxucusunun əslində daha çox Azərbaycan türkçülüyü nöqteyi-nəzərindən yanaşması məqsədəuyğundur. Çünki məhz bu tür yanaşma tərzi oxucuya əsərin məqbul sayıla bilən müsbət və gözlənilməz nəticələrə aparıb çıxaran bir sıra mənfi tərəflərini özü üçün müəyyənləşdirməyə imkan verəcəkdir.
        Əsərin məzmununun təhlili ilə bağlı qeydlərə keçməzdən öncə kitabın ilk dəfə 1965-ci ildə işıq üzü görməsini xatırlatmaq yerinə düşərdi, çünki son illərdə türkologiya sahəsində aparılmış çoxsaylı tədqiqatlar, araşdırmalar, yazılmış elmi əsərlər, əldə olunan yeniliklər təbii ki, əsərdəki bəzi məsələlərlə uyğunluq təşkil etmir. Bu baxımdan əsərin yazılma tarixi barədə məlumatsız olan Azərbaycan oxucusu müəyyən ziddiyyətli nüanslarla üz-üzə gələrək yalnış nəticə hasil edə bilər. Ümumən nəzər saldıqda əsərin müsbət və ya məqbul sayıla bilən tərəflərinin daha çox olması qeyd olunmalıdır. İlk növbədə müəllif Oğuzların türk xalqları arasında xüsusi «çəkiyə» malik olduqlarını, tarixin müxtəlif dövrlərində oğuz tayfalarının həyat tərzini və qövmi duyğularının yüksək olduğunu dəqiqliklə təsvir etmişdir.

TƏQDİRƏLAYİQ ETİRAFLAR

        Əslində əsərin qəbul edilən bəzi müsbət tərəflərini daha çox «etiraflar» kimi də səciyyələndirmək olar. Məsələn, bu gün bir çox Türkiyə tarixçiləri tarixi hadisələrə birtərəfli qaydada yanaşaraq Səfəvi-Osmanlı qarşıdurmasında birmənalı şəkildə Osmanlı dövlətini dəstəklədikləri halda F.Sümər Şah İsmayıl dövründə Səfəvilər dövlətinin Osmanlı dövlətinə nisbətən daha çox türk xarakterinə malik olmasını qeyd edir, XVI-XVII əsrlərdə Osmanlıda türk kəndlisinə olan münasibəti açıq bir şəkildə bildirir: «XVI-XVII əsrlərdə çoxu türk mənşəli olmayan Osmanlı müəllifləri Anadolu Türklərinə, ələlxüsus, türk kəndlilərinə «ətraki-biidrak» demişlər» (səh.23). Məhz bu sözlərdən sonra oxucu həmin dövrlərdə türk tayfalarının kütləvi şəkildə Anadoludan Azərbaycana və İrana köç etmələrinin səbəblərini anlamağa başlayır. F.Sümər kitabın 163-165-ci səhifələrindəki qeydləri ilə bir sıra Türkiyə tarixçilərinin anti-Səfəvi mövqeyini sarsıdır və bildirir ki, «Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir» (s.163). «Heç şübhə yox ki, Səfəvilərin sarayı səlcuqlarınkına nisbətən daha türk xarakterli idi» (s.164). Və yaxud həmin dövrün hadisələrinə və siyasi proseslərinə daha obyektiv yanaşaraq F.Sümər hər iki dövlətin siyasi kursunda buraxılan səhvləri analiz edir. Səfəvilər dövlətinin yaranmasının türk dünyasına nə dərəcədə mənfi təsir etməsi haqda fikir bildirərkən eyni zamanda bunun müsbət tərəflərini xatırlatmağı da unutmur: «Ancaq bu da həqiqətdir ki, Şərqi Anadolu Səfəvi idarəsində qalsaydı, bir müddət sonra orada ancaq türk dilində danışılacaqdı. Osmanlı idarəsi bu bölgədəki köçəri türk ünsürünü belə öz yerində möhkəmləndirə bilmədi» (s.165).
        Müəllif yalnız məzhəb fərqinə görə Səfəviləri, habelə, Əfşarlar və Qacarlar sülaləsini «düşmən» gözündə görən bir çoxlarına Səfəvilərin, Əfşarların və Qacarların qurmuş olduqları dövlətlərin Qaraqoyunlu və Ağqoyunlu dövlətləri kimi hərbi zümrə baxımından əsl oğuz dövləti olduqlarını göstərməklə cavab vermiş olur. Oğuz türklərinin tarixində «qara ləkə» sayılan Çaldıran döyüşü (23 avqust 1514-cü il), bildiyimiz kimi, hər zaman Azərbaycan və Anadolu türklərinin yaralı yeri olmuşdur. Doğrudur, F.Sümər bir Anadolu Türkü kimi Səlimə daha çox haqq qazandırır, ancaq bununla belə, iki türk dövlətinin bir-birinə bu dərəcədə açıq düşmənçiliklə yanaşmasını tənqid edərək qızılbaş ordusunun da türklərdən ibarət olduğunu xüsusi vurğulayır: «Çaldıran vuruşmasında Şah İsmayılın ordusu mənşə baxımından ən azı Səliminki qədər türk idi, hər iki ordu oğuz və ya türkman qövmünün mənsubları, hətta mühüm bir qismi eyni ölkənin övladları idi» (s.180).
        Məlum olduğu kimi, Oğuz türklərinə əsasən Anadolu və Azərbaycan türkləri, həmçinin, türkmənlər aid olunurlar. Bu baxımdan əsərdə gözlənilməz məqamların olması maraqlıdır. F.Sümər tarixin müxtəlif dövrlərində Oğuzların «türkman» adlandırılması haqda danışaraq bu sözün məna çalarlarını, yaranma və Oğuzlara şamil olunma səbəblərini izah edir, ancaq eyni zamanda müəyyən orijinal fikirlər səsləndirməklə bizlərdən şərqdə yaşayan qonşu türkmənlərlə bağlı bir sıra qaranlıq məqamlara da aydınlıq gətirir. Zənnimizcə, bu məqamlara hər bir türkçü ziyalı diqqətlə nəzər salmalıdır: «X əsrdə Talas vadisində türkmən adını daşıyan bir qövm vardı ki, bunun islamı qəbul edən ilk türk qövmü olduğu anlaşılır» (s.36). «Müqəddəsinin əsərində türkmənlər islamı qəbul etmiş yeganə türk boyu kimi qeyd olunur. Həmən müəllif Sabran adlı sərhəd şəhərindən bəhs edərkən və ya başqa vəsilələrlə oğuzların (əl-ğuzz) adını çəkərkən onların müsəlman olduqlarını söyləmir. Beləliklə, bu türkmənlərin oğuzlardan tamamilə ayrı bir təşəkkül olduqları görünür» (s.50). «Bəs bu türkmənlərin qövmi mənşəyi nədir? Ağla gələn ilk cavab onların karluk mənşəli olmasıdır, çünki bu türkmənlər onların ölkəsində yaşayırdılar» (həmin səhifədə). Doğrudur, kitabın 183-cü səhifəsində müəllif türk, türkmən, yörük, taxtaçı, qızılbaş (ələvi) adları ilə tanınan elatların hamısının oğuz qövmünə aid olmasını qeyd edir, ancaq əsərin «Dastanları» adlanan III hissəsində daha bir nüans türkmənlərlə bağlı maraq doğura biləcək bir faktı önə çıxarır: «Xəzərarxası türkmənlərə gəlincə, onlar arasında qədimdən bəri «Oğuznamə»lərin mövcud olduğu və bunlarda Dədə Qorqud ilə Salur Qazana aid bəhslərin olduğunu aydın gördüyümüz halda, əlimizdəki Dədə Qorqud dastanlarının həmin türkmənlər tərəfindən tanınmadığı nəzərə çarpır» (s.345). Lakin məsələ burasındadır ki, müəllif «Oğuznamə»lər haqqında bu cür əminliklə danışmasına rəğmən başqa səhifədə bu «Oğuznamə»lərin heç birinin günümüzə qədər gəlib çatmadığını qeyd edir.
        Əsərdə Ağqoyunlu hökmdarı Sultan Uzun Həsənin, həmçinin, Nadir Şah Əfşarın yüksək qövmi duyğulara malik tarixi şəxsiyyətlər olması bir neçə dəfə xatırlanır. Hətta Uzun Həsənin ibadət zamanı oxunmaq üçün Quranı türk dilinə tərcümə etdirməsi xüsusi vurğulanır. Nadir Şahın da qövmi duyğularının çox qüvvətli olması qənaətinə gələn yaxud bayaq qeyd etdiyimiz kimi, əksər Anadolu tarixçilərindən fərqli olaraq bunu «etiraf edən» müəllif yazır ki, «Nadir Şah Osmanlı hökmdarı I Mahmuda göndərdiyi məktublarda Osmanlı xanədanının özünün də mənsub olduğu türkman (oxu: Oğuz) qövmünün ən böyük ailəsi olduğunu yazır və tez-tez qövmi qohumluqdan bəhs edirdi. Osmanlı divanından alınan məktublarda isə Nadirin bu duyğularının paylaşıldığını göstərən bir ifadəyə belə rast gəlmirik» (s.165). Yəqin ki, bu, Türkiyə və hətta əski Osmanlı tarixçiləri arasında da Nadir şəxsiyyətinə verilən ən obyektiv qiymət sayılmalıdır. Nadirdə olan bu səmimi milli təəssübkeşliyin Osmanlı hökmdarlarında və dövlət məmurlarında olmamasını da F.Sümər sözün həqiqi mənasında etiraf edir: «Şübhəsiz ki, qövmi duyğuları qüvvətli, inqilabçı olan bu böyük şəxsiyyəti qəflət içində olan Osmanlı dövlət adamları qiymətləndirə bilməmişdi» (s.166). Və yaxud: «Nadir Şah ölkəni qəsbkar əfqanlardan xilas etməklə bərabər özü də fateh hökmdar idi. Ürəyində səmimi bir türkmanlıq (oxu: Oğuzluq) duyğusu daşıyırdı. Digər tərəfdən, İran türklüyünü Türkiyə və Orta Asiya türklüyünə yaxınlaşdırmaq üçün məzhəbi bir islahata girişmişdi. Təəssüf ki, ölümü bu qayənin gerçəkləşməsinə aman vermədi» (s.285).
        F.Sümərin Qacarlara da eyni obyektivliklə yanaşması təqdirəlayiq hal hesab edilməlidir: «Qacarlara gəlincə, onlar İranda iqtidarın türklərdən başqa bir qövm əlinə keçməsinə mane oldular. Qacarlar da qövmi şüura malik bir türk xanədanı idilər. Onlar da əski türkman xanədanları kimi oğuz elinə və oğuz boylarına maraq göstərirdilər» (həmin səhifədə).
        Oğuzların zahiri görkəmi, geyimi, silahları, dil aksentinin zərifliyi və s. barədə məlumatlar verən müəllifin diqqətindən Oğuzların tarixi və əbədi düşmənimiz olan ermənilərə münasibəti də yayınmayıb: «Oğuzlar ermənilərin diqqətini bu silahları (ox və yay nəzərdə tutulur – yazı müəllifi) ilə cəlb etmişdilər... Erməni salnaməçisi Aristakes romantik bir ifadə ilə oğuzların atlarının qartallar kimi sürətli olduğunu yazır» (s.73). «Oğuzların Azərbaycanda ikən ermənilərə də bəzi zərbələr endirdikləri anlaşılır» (s.99). Və ya: «Dananın rəisliyi ilə Azərbaycanda (Urmiyada) qalmış oğuzlar Urmiyadan çıxaraq həmin il (1037-1038-ci illər) ermənilərin üstünə yürüş edib onların çoxunu qırdılar...» (s.100). Ermənilərin türklərə qarşı tarixən ikiüzlü mövqe tutduqlarını açıqca bildirən müəllif yazır: «Məlik şahın seçmə ordusundakı 7 min erməni əsgərinin Nizamülmülkün etirazlarına baxmayaraq ordudan qovulmasını türk qvardiyasının nailiyyəti kimi izah etmək lazımdır» (s.118).
        Bundan başqa, F.Sümər, əvvəlki sitatlardan da göründüyü kimi, Osmanlı dövlətinin yürütdüyü siyasətin səhv tərəflərini obyektiv surətdə təhlil etməyə çalışır. Kitabın 190-cı səhifəsində bildirilir ki, «hətta XVI və XVII əsrlərdə də İrana xeyli türk getmişdir. Bu köçlər öz təsirini ən çox Şərqi Anadoluda göstərmişdir və XV əsrdə «türkman ölkəsi» adlandırılan bu bölgədəki türk əhali acınacaqlı bir vəziyyətə düşmüşdür. Osmanlı dövlətinin kürd bəylərini öz yerlərində saxlamasının bu işdə mühüm amil olduğu anlaşılır».
        Həmçinin, haqqında söhbət açdığımız əsərdə F.Sümərin M.Kaşğariyə istinadən söylədiyi bir fikir Azərbaycanın türkçü tarixçilərini və coğrafiyaşünaslarını dərindən ilgiləndirməlidir. Oğuzlara aid olan qədim şəhərləri sadalayarkən müəllif aşağıdakı fikri ifadə edir: «Kaşğarinin göstərdiyi oğuz şəhərləri bunlardır: Sərpən, Karaçuk, Suğnak, Karnak, Sitgün. Bunlardan Sərpən X əsr coğrafiyaşünaslarının əsərlərində Sabran (Savran) adlanır...» (s.58). Yazımızın əvvəlində təqdim olunan qeydlərdən birində də bu Oğuz şəhərinin adı çəkilmişdi. Əsərin ilk dəfə işıq üzü gördüyü dövrün  – 60-cı illərin tarix kitablarındakı xəritələrində bu şəhəri bir qayda olaraq Türkmənistanın şimalında görə bilərik. Məsələnin maraqlı tərəfi ondadır ki, sözügedən əsər yazılan zaman Azərbaycanın Dəvəçi-Xaçmaz zonasındakı Şabran adlı qədim yaşayış məskəni hələ aşkar olunmamışdı. Bu barədə qəti söz demək Azərbaycan tədqiqatçılarının öhdəsinə düşür.
YANLIŞLIQLAR, XƏTALAR

        Əlbəttə, bütün bu qeyd olunanlar Faruq Sümərin «Oğuzlar» kitabının məqbul sayıla bilən, yəni Azərbaycan türkçüsü tərəfindən müsbət hal kimi dəyərləndirilə bilən tərəfidir. Ancaq bununla belə əsərin milli maraqlarımız nöqteyi-nəzərindən qəbul edilməyən mənfi cəhətləri də yox deyildir. Bu xüsusda ilk növbədə onu qeyd etmək yerinə düşərdi ki, Oğuzların tarixinə dair dəyərli faktların yer aldığı bu kitabda qədim türk-oğuz yurdu Azərbaycanın quzeyi, güneyi haqqında məlumatlar demək olar ki, yox dərəcəsindədir. Oxucuda belə təsəvvür yaranır ki, Oğuzların təşəkkül tapdıqları əsas coğrafi areallar Orta Asiya səhraları yaxud Anadolu məkanı, son yüzilliklərdə isə qismən İran arealı olmuşdur, Azərbaycansa olsa-olsa köçəri oğuz tayfalarının «bu üzündən vurub o üzündən çıxdıqları» bir keçid məntəqəsi rolunu oynamışdır. Hər halda, əsəri diqqətlə oxuyan hər bir oxucu bu iradda danılmaz bir həqiqətin olduğu qənaətinə gələ bilər. Əsərin yazılmasında istifadə olunmuş təxminən 350-yə yaxın mənbədən vur-tut 8-10-nun adı Azərbaycanla bağlıdır və Azərbaycan tarixçilərinin, dilçi və coğrafiyaşünaslarının apardıqları çoxsaylı tədqiqatlardan, yazdıqları çoxsaylı əsərlərdən ümumiyyətlə istifadə edilməyib. Halbuki əsərin yazıldığı vaxta qədər həm Güney, həm də Quzey Azərbaycanda bu istiqamətdə görülmüş işlərin heç də hamısı həqiqətdən uzaq, «sovet və ya pəhləvi dövrünün məhsulu» deyildir...
        Konkret iradlara gəlincə, əsərin giriş hissəsində müəllif artıq yanlışlığa yol verib: «Türkcə danışan kütlənin Orta Asiyadakı əsl ana yurdunun hara olduğu üzərində keçmişdən bəri bəzi fikirlər irəli sürülmüşdür. Bizim fikrimizcə, bu kütlənin vətəni əsasən 1450-1500 en dairələri arasındakı Abakan, Tuba ərazisinin də daxil olduğu Kəm irmağı, yəni Yenisey boyu və ona yaxın yerlər olmalıdır».
        İlk baxışda müəllifin adı insanda belə təəssürat oyadır ki, müəllif qədim Şumer mədəniyyəti daşıyıcılarının kimliyindən, bu mədəniyyətin formalaşdırılmasında bilavasitə iştirak etmiş türk-oğuz elementlərinin sözügedən areala haradan gəlməsindən xəbərdardır. Lakin yuxarıda təqdim olunan qeydlər bu ilkin təəssüratın üstündən xətt çəkir. Təəccüblüdür: uzun illər türk tarixinə dair araşdırmalar aparmış F.Sümər necə ola bilər ki, bu günə qədər şumer dilinin leksik tərkibində müasir türk dillərindəki sözlərlə eyniyyət təşkil edən külli miqdarda leksemin aşkar edilməsindən xəbərsiz olsun? Yaxud türkologiya sahəsindəki çoxillik təcrübəsinin ziddinə olaraq yuxarıdakı fikri söyləyərkən F.Sümər məgər şumer dilinin «prototürk dili» adlandırılması səbəblərini özü üçün aydınlaşdırmayıbmı? Əvvəldə qeyd etdiyimiz kimi, əsərin yazılma tarixinə nəzərən son dövrlərin uğurlu tədqiqatlarının kitabdakı bu cür məqamlarla uyğunsuzluq təşkil etməsini anlamaq mümkündür. Ancaq nəzərə alsaq ki, şumer dövrü hələ XIX əsrin sonu – XX əsrin əvvəllərindən dilçi və tarixçilərin tədqiqat obyekti olmuşdur, deməli, kitab işıq üzü görənə qədər elmə məlum olan tapıntılardan və kəşflərdən, ən azı Zəki Vəlidi Toğan kimi dünyaca ünlü bir alimin sözügedən mövzuda araşdırmalarından F.Sümər kimi bir türkoloqun məlumatı olmalı idi. Biz bu kəşflərdən yalnız birini xatırladırıq. Şumer mədəniyyətinin görkəmli tədqiqatçısı, arxeoloq S.Kramerin fikrincə, şumerlər İkiçayarasına bizim eradan əvvəl IV minillikdə Urmiya gölü (Güney Azərbaycan) hövzəsindən gəlmişlər. Akademik Alekseyev, habelə Orta Asiyada yaşamasına rəğmən türk xalqlarının tarixini müəyyən qədər obyektivliklə araşdırmış Oljas Süleymenov dəfələrlə bildiriblər ki, ən qədim türklər Xəzərin cənub-qərbində və qərbində, əsasən Araz vadisində yaşamışlar. F.Sümərsə «türkcə danışan kütlənin əsl ana yurdunu» Orta Asiyada yaxud Yenisey çayı hövzəsində axtarır. Əlbəttə, məsələyə bu dərəcədə tənqidi yanaşmamaq da olardı, əgər bu cür elmi cəhətdən tam əsaslandırılmamış fikirlərdən bu gün Azərbaycandakı İqrar Əliyev yetirmələri istifadə edərək Azərbaycanda əsas etnosun – biz türklərin bu areala «hardansa» gəlmə olduğunu iddia etməsəydilər. Biz hələ bu tür fikirlərin Anadolu türklərinin müasir Türkiyə ərazisinə hamıdan sonra gəldiklərini söyləyənlərin «dəyirmanına necə su tökdüyünü» demirik...
        Kitabın 13-cü səhifəsində müəllif bildirir ki, «məzarı Sır-Dərya sahilində olan (?) Dədə Qorqudun mənəvi şəxsiyyəti də dastanlarla birlikdə Anadoluya gəldi». Bu deyiləni hansı elmi fakt təsdiqləyir bilinmir. Eyni yolla bir çox Azərbaycan tarixçiləri də Dədə Qorqudun məzarının Dəmirqapı Dərbənddə olduğunu bildirirlər. Lakin F.Sümərdən fərqli olaraq Azərbaycan tarixçilərinin əllərində Övliya Çələbidən tutmuş XVII əsr səyyahı Adam Oleariyə kimi çoxsaylı və tutarlı istinad mənbəyi vardır. Hansısa tutarlı fakta dayanmayan bir fikri «türkologiya sahəsində saç ağartmış» bir Anadolu alimi necə irəli sürə bilər?
        Daha sonra XV-XVI əsrlərdə Oğuzların Anadoludan İrana köç etməsindən danışan müəllif qeyd edir: «Bunun nəticəsində Azərbaycan, daha doğru bir ifadə ilə Şimal-Qərbi İran (?) Rumeli kimi qövmi baxımdan Anadolunun davamı halını aldı» (səh.20). Çox təəssüf ki, bu gün paniranizm mövqeyindən çıxış edən qeyri-türk alimlər də eynilə müəllif kimi Azərbaycanı inkar edərək bu coğrafi arealı «Şimal-Qərbi İran» adlandırırlar. Qeydin məzmununa gəlincə, ən azı tarixilik baxımından bu məsələdə Rumeli ilə Azərbaycanı müqayisə etmək düzgün deyildir.
        Səlcuq dövlətinin qurulmasını oğuz türklərinin tarixində çox mühüm dönüş nöqtəsi adlandıran müəllif bu dövlətin qurulmasının müsbət tərəflərini sadalayarkən qeyri-ixtiyari daha bir səhvə yol verir: «Onun qurulması ilə islam aləmində siyasi hakimiyyət oğuzların əlinə keçdi, həm də Anadolu və ona qonşu olan ölkələr oğuzların vətəni oldu» (səh.79). Təbii ki, heç bir müstəqil Azərbaycan tarixçisi Azərbaycanı bu məsələdə Anadoluya qonşu olan ölkələr sırasına daxil etməz, çünki Azərbaycan binayi-qədimdən oğuz türklərinin vətəni sayılan coğrafi areala daxil olub. Müəllifin özünün də sitat gətirdiyi «Kitabi-Diyarbəkriyyə» adlı tarixi mənbədə Ağqoyunlu hökmdarı Uzun Həsənin 30-cu babası Biləkənin İsa peyğəmbər dövründə yaşaması, 54-cü babasının isə Oğuz Xan olması və Oğuz Xanın Göyçə Gölü sahilində vəfat etməsi Uzun Həsənin saray tarixçisi Əbubəkr əl-Tehrani tərəfindən əminliklə söylənilir («Kitabi-Diyarbəkriyyə», Bakı, Elm, 1998, səh.43-47.), beləliklə də, adi təxmini hesablama ilə Anadoluya «qonşu» olan indiki Ermənistan ərazisinin – tarixi Qərbi Azərbaycan torpaqlarının nəinki səlcuqların gəlişindən çox-çox əvvəl, hətta Manna dövründən də öncə türk yurdu, oğuz torpağı olması aydınlaşır.
        109-cu səhifədə «orijinallığı» ilə seçilən daha bir fikrə rast gəlirik: «Buna görə onlar (Oğuzlar nəzərdə tutulur – məqalə müəllifi) bir tərəfdən Azərbaycan xalqına əvvəllər etdikləri pisliklərdən (?), digər tərəfdən İbrahim Yınalın arxalarında olmasından qorxaraq Cənub-Şərqi Anadoludakı müasir Cizrə (Cəzirə) dolaylarına gəldilər». Dədə Qorqud dastanlarının elmə məlum olan nüsxələri qəti olaraq Quzey və Güney Azərbaycanı Oğuzların ana vətəni kimi göstərir. Elə isə söhbət hansı Azərbaycan xalqından gedir ki, onlar Oğuzlardan (!) pislik görüblər və görəsən müəllif Azərbaycan xalqı ilə Oğuzlar arasında hansı prinsipial fərqi görub ki, onları bir-birindən tamamilə ayrı bir təşəkkül kimi təqdim edir? Həmçinin, kitabın 144-cü səhifəsində də yuxarıda söylənilən iradların mövzusuna bənzər qeydə rast gəlmək mümkündür: «Səlcuq fəthindən etibarən bu bölgədə (Azərbaycanda və onun Aran adlanan hissəsində – məqalə müəllifi) çox qələbəlik sayda Oğuz (turkman) kütlələri yaşayırdı». Zənnimizcə, bu mövzuya yuxarıda münasibət bildirildiyi üçün əlavə izahata ehtiyac yoxdur.

FARUQ SÜMƏR KOROĞLU BARƏDƏ

        Daha bir mübahisə doğuran məsələ, zənnimizcə, müəllifin cəlalilər hərəkatına, həmçinin, xalq qəhrəmanımız Koroğluya olan fərqli, daha doğrusu, mənfi münasibətidir. Təəssüf ki, XVI-XVII əsrin tarixi olaylarına açıq-aşkar Osmanlıçılıq prizmasından yanaşan bir çox Türkiyə tarixçilərinin subyektiv və həqiqətdən uzaq fikirləri F.Sümərin bu əsərində də davam etdirilir.  Bəzi hallarda «xalq qəhrəmanı» kimi tanıdılmış, bəzənsə ümumiyyətlə tarixi şəxsiyyət kimi mövcud olmadığı göstərilmiş Koroğlunun «əslində yolkəsən və soyğunçuluq edən bir adam olması» sözügedən əsərdə müəllif tərəfindən aşağılayacı bir tərzdə qeyd olunur.
        Kitabın 193-196-cı səhifələrində müəllif Cəlalilər hərəkatına sonradan başçılıq etmiş bölükbaşılar haqda məlumat verərkən iddia edir ki, 1518-ci ildə Boz Ox türkmanlarından Cəlal adlı iqta sahibinin başına 20 min adam yığaraq böyük bir üsyana başlamasından və Dulqədir bəyi Şahsuvar oğlu Əli bəy tərəfindən öldürülməsindən sonra geniş vüsət almış bu hərəkata başçılıq edənlərin əksəriyyəti mənşəcə qeyri-türk olmuşlar. «Anadolu kəndlisinin ağır iqtisadi vəziyyətindən dövlətə qarşı çıxmaq üçün istifadə edən Koroğlu, qövmi mənşəyi naməlum olan Qara Yazıçı və onun qardaşı Dəli Həsən, kürd Gizir oğlu Mustafa bəy, kürd mənşəli Canpolad oğlu Əli Paşa, Qara Səid (ərəb), Kürd Heydər, Arnavut Hüseyn və digərlərinin Osmanlı dövlətinə, türk kəndlisinə vurduqları ziyan, soyğunçuluq və quldurluq əməllərindən» xüsusi olaraq danışan müəllif nədənsə unudur ki, Anadolu kəndlisinin ağır iqtisadi duruma düşməsinin birinci səbəbini elə Osmanlı dövlətinin mübahisəli Doğu Anadolu bölgəsində yürütdüyü yarıtmaz siyasətdə axtarmağımız lazımdır.
        Türk elm adamları nədənsə bu faktı xatırlamaq istəmirlər ki, Türk Səfəvilər dövlətinin quzey ərazilərinin böyük bir qismini işğal edən Osmanlı sultanları işğal etdikləri torpaqların idarəçiliyini məhz ayrı-ayrı kürd feodallarına həvalə etmişdilər. Fil. e. d. Hüseyn İsmayılov və Elnarə Tofiqqızı bu yaxınlarda çap edilmiş yeni və tarixi «Koroğlu» nəşrinə (Təbriz variantı) ön sözdə Səfəvi hökmdarı II Şah Abbasın hakimiyyəti dövründə Cəlalilər hərəkatının güclənməsi səbəblərinə toxunaraq Faruq Sümərin Koroğlunu və Cəlali dəstə başçılarını kürd hesab etməsi fikrini faktiki olaraq puça çıxarırlar. Tutarlı tarixi faktlara istinad edən alimimiz və tədqiqatçımız bildirirlər ki, Cəlaliləri yatırtmaq üçün Osmanlı paşaları kürdlərdən və ermənilərdən bacardığı qədər istifadə etmişdir («Koroğlu», Bakı, 2005, səh.8).
        Digər tərəfdən, Səfəvilər dövlətinin işğal edilmiş quzey ərazilərinin bir hissəsinin – özəlliklə Marağanın, Ordubadın və Şərurun 21 mart 1590-cı il İstanbul müqaviləsindən sonra Osmanlı hökmdarı tərəfindən kürd Mahmudi tayfasına verilməsi həm şərqi Anadoluda, həm də şimal-qərbi Azərbaycanda xalqın silahlı üsyana qalxmasına və I Şah Abbas Səfəvinin də bu hərəkatdan işğal olunmuş torpaqları qaytarmaq məqsədilə bəhrələnməsinə gətirib çıxarmışdır (bax: həmin əsər, səh.9-10). Bu və uzun-uzadı sadalamaq istəmədiyimiz digər faktların müqabilində Koroğlunun guya milliyyətcə kürd olması barədə təlqin olunan fikirlərin nə qədər əsassız olduğu bir daha ortaya çıxır.
        Ümumiyyətlə, Azərbaycan türklərinin (Oğuzların) çoxminillik tarixində Koroğlu adlı şəxsiyyətin və ya şəxsiyyətlərin mövcudluğuyla, əsl mübarizə motivləriylə, yerləşmə-fəaliyyət məkanıyla və sair məsələlərlə bağlı bu yaxınlarda çapa verməyə hazırlaşdığım «Dastanlarımıza edilmiş yad təsirlər» adlı kitabımda daha geniş məlumat verməyə çalışmışam, yaxın gələcəkdə çap olunacaq bu əsərdə Koroğlu şəxsiyyəti haqda müxtəlif mənbələrin təkzibedilməz faktları yer alacaqdır. Məhz bu səbəbdən də sözügedən məsələni burada daha dərin təhlil etməyə ehtiyac duymuram.
        «Oğuzlar» kitabının 193-cü səhifəsində isə Koroğlu ilə bağlı kifayət qədər mübahisə doğura bilən, elmilikdən tamamilə uzaq bir qeyd diqqəti cəlb edir. Sözügedən qeydə hansısa bir izahatı vermək etik normalara uyğun olmadığı üçün, zənnimizcə, onu olduğu kimi təqdim etmək və nəticə çıxarmağı dəyərli Azərbaycan oxucusunun öz öhdəsinə buraxmaq daha məqsədəuyğun olardı: «Koroğlunun gözəl Ayvaza olan sevgisi (?) də uzun illər dağlarda keçən subay cəlalilik həyatının bir nəticəsi olmalıdır»... Bir onu deməyi özümə borc bilirəm ki, elmi araşdırma apararkən bu cür fakta əsaslanmayan, bir qədər kobud ifadə etsək, məsuliyyətsiz fikirlərə yol vermək alimə yaraşmayan işdir. Güman edirəm ki, Türkiyənin bir sıra elm adamları orta əsrlərin Osmanlı saray tarixçilərinin birtərəfli və səhv baxışlarını təkrarlamaqdan nəhayət ki, vaz keçməlidirlər.

DASTAN YARADICILIĞINA SÜMƏR «BAXIŞLARI»

        Kitabın «Dastanları» adlanan III hissəsində də Azərbaycan oxucusu tərəfindən birmənalı şəkildə qəbul olunmayan fikirlər mövcuddur. Müəllif, kitabın əvvəlki hissələrində olduğu kimi, yenə Anadolu və İran Türklərindən danışır, Azərbaycan türkləri sözünü işlətməyə isə sanki çəkinir: «Bu dastanlar (Dədə Qorqud dastanları – məqalə müəllifi) son əsrlərədək Anadolu və İran Türkləri arasında sevilərək dinlənmiş, oxunmuş və Anadolu Türklərinin ataları oğuzlara qarşı daha dərin bir bağlılıq duymalarına səbəb olmuşdur» (səh.345). Elə bil bu oğuzlar yalnız Anadolu türklərinin ataları olmuşlar. Hətta belə təsəvvür formalaşır ki, müəllif əsərin əvvəlində «oğuz» adına haqq iddia edən türkmənləri «zərərsizləşdirərək» oğuzlardan ayırır, Azərbaycan türkünə qarşı isə eyni mövqeni nümayiş etdirməkçün kafi sayıla biləcək fakt bulmadığından bizlərin üzərindən ya sükutla keçir, ya da bizi sadəcə olaraq Anadoludan köç etmiş İran türkləri qismində görür, beləliklə də, «Oğuz» adına daha çox Anadolu türklərinin haqq iddia edə bildiklərini «uğurla» sübuta yetirmiş olur. Əlbəttə, çox istərdik ki, bu təsəvvürlərimiz kökündən səhv və yalnış olsun, ancaq əsəri diqqətlə oxuduqca hər bir Azərbaycan oxucusu «od olmayan yerdən tüstü çıxmaz» deyiminin belə yerdə həqiqətəuyğunluğuna inanmaya bilmir. «Anadolu və İran türkləri» ifadəsi kitabın 356-cı səhifəsində bir daha işlədilir.
        Səh.351-də Dədə Qorqud dastanlarının yazıldığı yeri araşdıran müəllif əvvəlcə Azərbaycanın Şirvan bölgəsinin və Anadolunun Ərzurum bölgəsinin adlarını hallandırır, daha sonra isə bu dastanların Ərzurum bölgəsində yazılmış olduğu qənaətinə gəlir. Əsas kimi F.Sümər dastanlarda Osmanlı dövləti təşkilatına aid bəzi kəlmələrin (paşa, sancaq bəyi, alay və s.) olmasını, dastan nüsxələrinin Osmanlı dövrü Anadolu türkcəsi imlası ilə yazılmasını, dastanlarda Ərzurum bölgəsi ilə əlaqədar bəzi yer adlarının mövcudluğunu, habelə XVI əsrdə Azərbaycanda və Şirvanda bu dastanların yazıla biləcəyi səviyyədə türkcə nəsr ədəbiyyatının mövcudiyyətinə dair kafi dəlillərin olmamasını göstərir. Halbuki:
        1. Müəllif kitabın əvvəlki hissələrində özü etiraf edir ki, XV-XVI əsrlərdə Azərbaycanda şifahi və yazılı türk dili Osmanlı dövlətinə nisbətən daha çox inkişaf etmişdi. Üstəlik, Anadoludan həmin dövrdə İrana və Azərbaycana olan kütləvi axın Azərbaycan türkcəsinə az-çox təsir göstərməyə bilməzdi. Belə olan surətdə dastanların məhz Azərbaycanda yazılması versiyası daha ağlabatan görünür nəinki Ərzurum bölgəsində yazılması versiyası.
        2. Dastanlarda Azərbaycanın quzeyi və güneyi ilə bağlı yer adları o dərəcədə çoxdur ki, bunu dastanlarda rast gəlinən Ərzurum bölgəsindəki yer adlarının sayı ilə ümumiyyətlə müqayisə etmək mümkün deyil.
        3. Dastanların böyük bir hissəsi nəzm formasındadır ki, bu da əsərin Ərzurumda deyil, nəzm ədəbiyyatının daha çox gəlişdiyi Azərbaycanda yazılması versiyasına haqq qazandırır.
        4. Osmanlı dövləti təşkilatına aid bəzi kəlmələrin dastanda yer alması fikrinə gəlincə, buna da əks-arqumentlə cavab vermək mümkündür: dastanlarda tez-tez işlədilən bir sıra kəlmələr (xan, bəy, bəylərbəyi və s.) də Ağqoyunlu və Səfəvi dövləti təşkilatlarında rast gəlinən sözlərdir.
        Dastanların əhatə etdiyi coğrafi arealın dəqiqləşdirilməsində də müəllif qəti bir fikrə gələ bilmir və qeyd edir ki, «Xülasə, dastanlardan oğuz elinin yurdu məlum olmur» (səh.355). Sual oluna bilər: bəs dastanlarda adları dəfələrlə çəkilən Dəmirqapı Dərbənd, Gəncə, Bərdə, Əlincə, Sürməli, Bayat obasının və boyunun adı ilə bağlı Azərbaycan toponimləri, habelə, indiki Ermənistan ərazisindəki qədim türk oykonimləri F.Sümərə heç bir söz demir? Səh.389-da isə müəllif dastanların kimə aid olması haqda «yekun sözünü söyləyir»: «Dastanlar X və XI əsrlərdə Sır-Dərya boyunda yaşayan oğuz elinə aiddir» (?). Bu, hardasa «qatığın ağlığı barədə uzun-uzadı müzakirələr aparıb sonunda qatığın firuzəyi rəngdə olması barədə yekun sözü söyləməyə» bənzəyir. Və təəssüfləndirici haldır ki, Oğuz türklərinin dünəninə dair yazılmış və bu qədər dəyərli məlumatlarla zəngin olan bir əsər bu cür qeyri-müəyyənliklə tamamlanır.
        Əlbəttə, yazımızın əvvəlində qeyd etdiyimiz kimi, ümumilikdə təhlil etdikdə əsərin müsbət cəhətlərinin çoxluğu diqqəti cəlb edir. Bununla belə, yuxarıda bildirilən iradları da sıravi Azərbaycan oxucusu, həmçinin, Azərbaycanın milli düşüncəyə sahib ziyalıları hökmən nəzərə almalıdırlar. Hər halda, Azərbaycanda türkçülüyün dövlətin milli ideologiyasının təməl ünsürlərindən biri kimi möhkəmlənməsi yönündə, Azərbaycan türkçülüyünün əsaslarının işlənib hazırlanması istiqamətində sözügedən əsər Anadolu türklərinin istinad etdikləri bir mənbə kimi bizlərə əhəmiyyətli dərəcədə yardımçı ola bilər.

Bu yazı 1079 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :