-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

"Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi"
Şiriftin ölçüsünü dəyiş



“Müasir İnkişaf” İctimai Birliyi        Azərbaycan Respublikasının Prezidenti yanında
         Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası


GİRİŞ:

PROBLEMİN TƏSVİRİ

Son illər Azərbaycan Respublikasının iqtisadiyyatında müşahidə edilən canlanma ölkə vətəndaşlarında maddi vəziyyətin sabitləşməsinə, dövlətin və vətənin problemlərinə həssaslığın artmasına şərait yaratsa da əhalinin böyük bir qismi ictimai fəallıqdan uzaqlaşaraq, yalnız şəxsi mənfəəti, maddi rifahı barədə düşünməkdədir. Tarixin minillik inkişafı sübut edir ki, insanların yalnız şəxsi mənfəətlərini düşündüyü, cəmiyyətin və dövlətlərin problemlərinə biganə yanaşdığı hallarda bu təkcə onlarının özünün deyil, bütün cəmiyyətin daxilində mənəvi aşınmaya səbəb olur, insanlar arasında ünsiyyət zəifləyir, nəticədə bütövlükdə dövlətin mövcudluğu üçün təhlükə yaranır.
Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Lakin, təəssüflər olsun ki, torpaqlarının 20% qədəri işğal altında olan, tarixi əraziləri başqa dövlətlərin tərkibində qalmış Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətdə həyata keçirilən tədbirlər gözlənilən effekti vermir. Bunu ilk növbədə (rəsmi və qeyri-rəsmi səviyyədə) analoji konsepsiyaların, layihələrin, proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar.
Şəxsiyyətin sosiallaşması istiqamətində fərdin özünü vətəni ilə eyniləşdirməsi böyük əhəmiyyət kəsb edir. Bu zaman «vətən» anlayışı təkcə insanların yaşadığı coğrafi ərazi, tanışları, yaxınları və qohumları ilə deyil, həm də bütövlükdə cəmiyyətə və dövlətə qarşı emosional-psixoloji münasibətilə də müşayət olunmalıdır. Atalarımız «torpaq uğrunda ölən varsa vətəndir» deməklə, vətənin sadəcə coğrafi bir ərazi olmadığını, yalnız insanların ona qarşı xüsusi münasibətinin formalaşdığı zaman müqəddəs bir anlayış dərəcəsinə gəlib çatmasını nümayiş etdirməyə çalışmışlar. 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan xalqı üçün isə «vətən» anlayışı həm də yaratdığı milli dövlətə - Azərbaycan Respublikasına münasibətdə yeni məna kəsb etməyə başlamışdır. Bu baxımdan Azərbaycan Respublikasında gənclərə vətənpərvərlik və vətəndaşlıq hisslərinin aşılanması bir-birindən təcrid olunmayan vahid Konsepsiya şəklində həyata keçirilməlidir.
Təqdim edilən Konsepsiya gənclərdə müsbət dünyagörüşünün formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, vətəndaşları olduğu Azərbaycan Respublikasının, doğma vətənin, xalqın, cəmiyyətin, ailələnin, özünün mənafeyi naminə həyatlarında düzgün seçim etmək və müstəqil qərar qəbul etməyə, möhkəm iradəyə malik, dəyişən həyat şərtlərinə adekvat cavab verə bilən tam yetkin şəxsiyyət kimi formalaşmaya istiqamətlənmişdir.
Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilməlidir. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları da artır. Bir çox dünya dövlətlərində dövlət rəmzlərinə – bayrağa, gerbə və himnə, milli bayramlara hörmət hisslərinin möhkəmləndirilməsi vasitəsilə gənclərdə vətənpərvərlik hisslərinin formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılır. Məsələn, ABŞ-da ailələrin yarısı öz evlərini bayraqla bəzədir, sürücülərin 15-20% qədəri maşınlarında bayraq gəzdirir. Hər on amerikalıdan doqquzu ABŞ himni çalınanda qürur hissi keçirir və onu sonacan fəxrlə ifa edirlər. Baxmayaraq ki, ölkədə heç rəsmi səviyyədə nə vətənpərvərlik proqramı, nə də ki, milli konsepsiya mövcud deyildir.
Milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Dünyanın ən sürətlə inkişaf edən, ailəyə və mənəvi dəyərlərə böyük önəm verilən Çin Xalq Respublikasında gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyəsində əsas məqsəd kimi milli dəyərlərin qorunması və bunun  köməyi ilə sürətli inkişafa nail olunması irəli sürülür. Eyni zamanda çinli gənclərə Qərb demokratiyasının Çinin milli dəyərlərinə zidd olması da aşılanır.
Təəssüf ki, hazırda ölkəmizdə milli və mənəvi dəyərlərin təbliği lazımi istiqamətdə aparılmır. Bunun nəticəsində indi ölkə ərazisində əslində İslamın əsaslarına zidd olan qeyri-ənənəvi radikal dini qrupların və missioner sektalarının fəaliyyəti geniş yayılmışdır. Bir çox hallarda Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənən həmin qrupların öz sıralarına kifayət qədər gənci cəlb edə bilməsi, əslində heç də güclü ənənəvi qüvvəyə və təsirə malik olmalarında deyil, cəmiyyətimizdə İslamın mahiyyətinin düzgün dərk edilməməsində və bu sahədə məqsədyönlü siyasətin zəif aparılmasındadır.
Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dini və dinə zidd olan birliklərə (satanizmə, krişnaizmə, Yehova şahidlərinə, vəhhabiliyə, ultraradikal şiəliyə və s.) qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixioloji təsirin  nəticəsidir. İslam dini insanlarda vətənə, dövlətə məhəbbət hissi aşıladığı halda, bu qrupların Azərbaycan Respublikasını siyasi paraçalanmaya, gəncləri öz xalqına, vətəninə və dövlətinə qarşı yönəltməsi günümüzün reallığıdır. Bu cür qruplarla ən yaxşı mübarizə isə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı – dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir. Buna görə də dini sahədə yarana biləcək problemlərin həlli üçün dəqiq mexanizmin işlənib hazırlanması, mövcud mexanizmlərdən daha səmərəli şəkildə istifadə edilməsi zəruridir.
Hazırda cəmiyyətdə gənclərin mənəvi və əxlaqi aşınması da müşahidə edilməkdədir. Əsasən xarici dildə olan və cəmiyyətə yad dünyagörüşünü, şüuru, ifrat müasirliyi təbliğ edən ədəbiyyatların, televiziya proqramlarının, teleserialların, filmlərin, musiqi janrlarının gənclər arasında geniş yayılması onlarda milli kimliyini unudulmasına, dövlətçiliyin inkarına gətirib çıxarır. Nəticədə əsasən ənənələrə əsaslanan Azərbaycan cəmiyyətində dövlətin ilkin əsası olan ailə daxilində parçalanmalar, münaqişələr, millətə və dövlətə olan bağlılığın zəifləməsi kimi mənfi tendensiyalar yaranır. Bu baxımdan vətənpərvərlik hisslərinin təbliğində ailə dəyərlərinin qorunması mühüm rol oynayır. Ailə gənclərin mənəvi-əxlaqi tərbiyəsinin əsaslarının formalaşdığı vacib sosial institutdur.
Əhalinin siyasi biliklərinin və yüksək siyasi mədəniyyətinin olması da ölkədaxili sabitliyin təminatçısıdır. Vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək proseslərlə qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı dövrdə olduqca vacibdir.
Bütün bu problemlər dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı fiziki və hüquq şəxslərin məqsədyönlü fəaliyyətlərinin koordinasiyasını tələb edir ki, bu da ilk növbədə həmin fəaliyyətə istiqamət verəcək gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsinə dair vahid konsepsiyanın olduğu halda mümkündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı  ilə təsdiq edilmiş «Azərbaycan gəncliyi dövlət proqramı» və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1999-cu il tarixli 28s nömrəli sərəncamı ilə təsdiq edilmiş «Gənclərdə vətənpərvərlik və  vətəndaşlıq hisslərinin yüksəldilməsi Proqramı» bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Təqdim olunan bu Konsepsiya həmin sənədlərin müddəaları ilə zidiyyət təşkil etmir və onların həyata keçməsi üçün yardımçı rol oynayır. Daha dəqiq ifadə etsək gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan xalqının və dövlətinin milli xüsusiyyətlərini, müasir gerçəkliyi tam şəkildə əks etdirən, konkret istiqamətləri və tədbirlər planını nəzərdə tutan bu Konsepsiya ciddi ehtiyacdan yaranıb və bu sahədə məqsədyönlü fəaliyyətin həyata keçirilməsinə ciddi dəstək olacaq.


1. ÜMUMİ MÜDDƏALAR

1.1. «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi» Konsepsiyası (bundan sonra Konsepsiya) «Müasir İnkişaf» İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün maliyyə yardımı əsasında həyata keçirdiyi «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlər» adlı Layihənin nəticələrinin ümumiləşdirilməsi əsasında hazırlanmışdır.
1.2. Konsepsiya Azərbaycan gənclərində vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində kompleks tədbirlərin əsas istiqamətlərini və məzmununu müəyyən edir.
1.3. Konsepsiya bir sistem kimi gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onlarda yüksək vətənpərvərlik şüurunun, öz vətəninə sədaqət hissinin formalaşması, Azərbaycan Respublikası qarşısında vətəndaşlıq borclarını və konstitusion vəzifələrini vicdanla yerinə yetirməsi istiqamətində qarşıda duran vəzifələrin həlli üzrə dövlət və yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, Kütləvi İnformasiya Vasitələri və s. tərəfindən həyata keçirilməsi nəzərdə tutulan normativ, təşkilati, elmi-tədqiqat, pedaqoji və metodiki tədbirlərin kompleksini əhatə edir.
1.4. Təqdim edilən Konsepsiya tövsiyə xarakteri daşımaqla bu sahədə yalnız ilkin addım kimi qiymətləndirilir və yalnız «Müasir İnkişaf» İctimai Birliyinin bu sahədəki fəaliyyətinə və fikirlərinə əsaslanır.
1.5. Konsepsiya bir-biri ilə sıx bağlı olan gənclərdə vətənpərvərliyin gücləndirilməsi və vətəndaşlıq hisslərinin gücləndirilməsi adlı iki əsas istiqamətlərdən ibarətdir. I istiqamətə hərbi vətənpərvərlik, təhsildə vətənpərvərliyin gücləndirilməsi, milli-mədəni dəyərlərin təbliği adlı üç bölmə, II istiqamətə isə dövlət rəmzlərinin və milli bayramların təbliği, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyətin yüksəldilməsi adlı iki bölmə daxildir.


2. KONSEPSİYANIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. Konsepsiyanın məqsədini -  Azərbaycan Respublikasının gənclərində milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, onların tam bir vətənpərvər şəxsiyyət kimi formalaşdırılmasına zəmin yaradılması, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin tam bərqərar edilməsi, cəmiyyətin milli-mənəvi və əxlaqi kamilliyinin təmin edilməsi təşkil edir.
2.2. Göstərilən məqsədlərə uyğun olaraq qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur;
­    Azərbaycan xalqının şanlı keçmişini, qədim dövlətçilik ənənələrini, milli rəmzlərini təbliğ etmək,
­    gəncləri Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmət etməyə, daima vətən qarşısında borcunu yerinə yetirməyə hazır vəziyyətə gətirmək;
­    gənclərdə vətənə və dövlətə münasibətdə qürur hissi formalaşdırmaq;
­    gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində təhsil prosesinin keyfiyyətini artırmaq;
­    gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlamaq;
­    gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi üzrə normativ-hüquqi bazanın yaradılmasına nail olmaq;
­    gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesinə təhsil, mədəniyyət müəssisələrinin, hərbi hissələrin, bütün dövlət və yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı fərdlərin cəlb edilməsinə nail olmaq;



I İSTİQAMƏT
GƏNCLƏRDƏ VƏTƏNPƏRVƏRLİK HİSSLƏRİNİN
GÜCLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ

3. HƏRBİ VƏTƏNPƏRVƏRLİK

Gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsi istiqamətində onların hərbi-vətənpərvərlik sahəsində tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Qarabağın işğal altında olması - ölkənin bütün əhalisinə bu və ya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı onun azad edilməsi vətəndaşların vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında vacib faktor kimi çıxış edir. Bu baxımdan gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində Qarabağın azadlığı uğrunda mübarizəyə mühüm yer ayrılmalıdır. Bu məqsədlə:
3.1. «Qarabağı unutmamalı» adlı müntəzəm tədbirlər keçirilməsi.
Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikasının düşmən tapdağı altında olan hər bir bölgəsinin işğal günləri unudulmamalı, daima xüsusi mərasimlər vasitəsilə yad edilməlidir. Hazırda bu sahədə ictimaiyyətin, KİV-lərin həssaslığı məqbul hesab edilsə də göstərilən istiqamətdə tədbirlərin formatı dəyişdirilməli, sadəcə xatirə xarakteri daşımamalı, həm də gəncləri hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmağa çağırmalıdır. İlk növbədə KİV-lərdə, ictimaiyyət arasında “Qarabağ müharibəsində uduzmuşuq” şəklində pessimist fikirlərin təbliğinin qarşısı alınmalı, hərbi əməliyyatların hələ başa çatmaması, sadəcə olaraq Azərbaycan dövləti üçün əlverişsiz şərtlərlə, müvəqqəti şəkildə dayandırılması fikri təlqin etməlidir. Bu tədbirlərin beynəlxalq əhəmiyyət kəsb etməsi, dünya ictimaiyyətinin müxtəlif tədbirlər və nəşrlər vasitəsilə Qarabağ həqiqətləri barədə daha dolğun məlumatlandırılmasında gənclərin iştirakı artırılmalıdır. Belə tədbirlər gənclərin Qarabağla bağlı həssaslığının azalmamasına şərait yaradacaq.
3.2. Gənclərin daima yüksək fiziki və hərbi hazırlığının təmin edilməsi.
Torpaqlarının 20% işğal altında olan, hər an hərbi əməliyyatların bərpa olunması ehtimalı olan Azərbaycan Respublikasında gənclərin bu sahədə hazırlığı xüsusilə vacibdir. Bu məqsədlə
­    müvafiq təhsil müəssisələrində hərbi dərslərin sayı artırılmalı, hərbi dərnəklər təşkil edilməli, həmin dərnəklər vasitəsilə gənclərin orta və ali təhsil müəssisələrində həqiqi hərbi xidmətə tam hazırlığı təmin edilməli, hərbi dərslər üzərində ciddi dövlət nəzarəti təmin edilməli, bu sahədə ali təhsil müəssisələri ilə hərbi hissələr arasında əməkdaşlıq yaradılmalı;
­    orta və ali təhsil müəssisələrində təhsil alan şagird və tələbələr arasında hər il hərbi-idman yarışları təşkil edilməli;
­    əsasən yay və qış tətilləri dövrlərində hərbi hissələrin tərkibində bir həftədən-bir ayadək davam edən xüsusi hərbi-idman düşərgələri təşkil edilməli, burada şagird və tələbələr arasında hərbi-idman oyunları, sadələşdirilmiş hərbi təlimlər keçirilməli, xüsusi elmi və pedaqoji hazırlıqlı şəxslər tərəfindən gənclər arasında ideoloji təbliğat aparılmalı;
­    milli skaut hərəkatı formalaşdırılmalı və təşkilatlandırılmalı;
­    təhsil müəssisələrində "Silahlı Qüvvələr aylığı", "Bu günün tələbəsi sabahın zabitidir" mövzusunda tədbirlər keçirilməli, gənclərin hərbi hissələrdə əsgər və zabitlərlə müntəzəm görüşləri təşkil edilməli;
­    çağırış vaxtı hərbi komissarlıqlarda keçirilən yolasalma mərasimlərində gələcək çağırışçıların aktiv iştirakı təmin edilməli;
­    gənclərin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə mütəmadi görüşləri təşkil edilməli, onların təəssüratları bölüşdürülməli;
­    regional səviyyədə ayrı-ayrı yaşayış məntəqələrində müharibə veteranlarının və keçmiş hərbi qulluqçuların himayəsi altında hərbi klublar yaradılmalı;
­    vətənin ərazi bütövlüyü və müstəqilliyinin qorunması zamanı həlak olmuş qəhrəmanların xatirəsi mütəmadi olaraq yad edilməli;
­    informasiya-kommunikasiya texnologiyaları sahəsində milli kompüter hərbi oyunlarımız yaradılmalıdır.
3.3. Gənclərin hərbi xidmətdən yayınması hallarının qarşısının alınması və onların hərbi xidmət keçməyə həvəsləndirilməsi.
Son illərdə hərbi qanunvericilikdə aparılan islahatlar nəticəsində (çağırış yaşının 35-ə çatdırılması, bakalavr pilləsindən sonra hərbi xidmətə getmək və s.) gənclərin hərbi xidmətdən yayınması halları xeyli dərəcədə azalmışdır. Lakin bu sahədə problemlər hələ də tam olaraq həll edilməmişdir. Bəzən bilərəkdən, bəzən məqsədyönlü şəkildə, xüsusən çağırış aylarında ordu ilə bağlı mənfi məlumatlar cəmiyyətin, xüsusən çağırışçıların, onların valideynlərinin əhval-ruhiyyəsinə həddən artıq mənfi təsir göstərir. Aparılan məqsədyönlü təbliğat ilk növbədə gənclərin dözümlülük hisslərinin artmasına, çətinliklərdən qorxmamasına yönəlməlidir. Yarana biləcək anlaşılmazlığın, düşmənin informasiya təxribatının qarşısını almaq üçün ilk növbədə hərbi qanunvericilik, hərbi nizam-intizam, hərbi münasibətlərin mahiyyəti barədə cəmiyyətdə maarifçilik işi aparılmalı, gənclərin özlərinin könüllü şəkildə hərbi xidmət keçməsi, hərb sənətini seçməsi həvəsləndirilməlidir. Bunun üçün:
­    valideyn-hərbi hissə arasında etimadı yüksəltmək məqsədilə həm valideynlər, həm də zabitlər arasında təbliğat xarakterli işlər qurulmalı;
­    Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin çağırış zamanı tətbiq etdiyi "Qaynar xətt" mexanizminin vasitəsilə əsgər valideynləri hərbi hissələrdə şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyətlə məlumatlandırılmalı və bu proses  nəzarətdə saxlanılmalı;
­    valideynlərin Mərkəzi Zabitlər Evində yaradılmış qərargah və yaxud birbaşa MN rəhbərliyinə, idarə rəislərinə müraciətləri kifayət qədər operativ şəkildə həllini tapmalı və valideynə məlumat verilməli;
­    həbi xidmət zamanı fərqlənən əsgərlər barədə təkcə valideynləri deyil, yaşadıqları rayon, oxuduqları məktəb məlumatlandırılmalı;
­    kabel televiziyasına bənzər "Ordu radiosu" təsis edilməli, bu radionun əhatə dairəsi hərbi hissələrlə yanaşı, hərbi-vətənpərvərlik klublarında, idman komplekslərinə və s. şamil edilməli;
­    ali hərbi məktəblərə yüksək biliklərə malik hazırlıqlı abituriyentlərin sənəd verməsi və ya orduya gedən bakalavr tələbələrin orduda qalmasını təmin etmək üçün təbliğat işləri görülməli;
­    ali hərbi məktəblərə oğlanlarla bərabər vətənpərvər qızların da sənəd verilməsi üçün bərabər imkanlar yaradılmalı;
­    vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan və ya yaralanan əsgər və zabitlərin və onların ailə üzvlərinin sosial problemlərinə qayğı artırılmalı, onların maddi təminatı müstəsna dərəcədə yaxşılaşdırılmalı, bu cür güzəştli sosial yardımlar hərbi xidmətdə, döyüş əməliyyatlarında olan əsgər və zabitlərin ailələrinə də göstərilməli, gənclərin hərbi peşəyə axınının artırılması üçün xüsusən kiçik zabit heyətinin maddi təminatı yüksəldilməli;
­    vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan və ya yaralanan əsgər və zabitlər haqqında sənədli filmlər çəkilməli, ədəbi əsərlər yazılması, stimullaşdırılmalı, xatirələri əbədiləşdirilməlidir.
Bütün bunlardan əlavə sovet hərbi sisteminə əsaslanan hərbi qanunvericilik sistemi yenidən işlənməli, NATO standartlarına və mövcud tələblərə uyğunlaşdırılması zəruridir.
 

4. TƏHSİLDƏ VƏTƏNPƏRVƏRLİYİN  GÜCLƏNDİRİLMƏSİ

Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi prosesi bu və ya digər dərəcədə təhsil prosesi ilə sıx bağlıdır. Bilavasitə  təhsil və tədris prosesində göstərilən sahədə aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir:
4.1. Təhsildə tədris vəsaitlərinin müvafiq ekspertizası aparılaraq onların gənclərdə vətənpərvərlik hisslərini gücləndirməsi potensialının öyrənilməsi. Təcrübə göstərir ki, gənclər üçün baza bilikləri müəyyənləşdirən dərsliklərdə mövcud olan çatışmazlıqlar və ziddiyyətlər onlarda yanlış və elmi əsasları olmayan dünyagörüşü formalaşdırır ki, bu də gələcəkdə bir çox problemlər yaradır. Bu sahədə xüsusən, Azərbaycan tarixi dərslikləri bərbad vəziyyətdədir. Milli xüsusiyyətləri və sosial hadisələri əks etdirən dərsliklər (azərbaycan dili, azərbaycan tarixi, ədəbiyyat, insan və cəmiyyət və s.) yalnız yüksək ixtisaslı vətənpərvər mütəxəssislər tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, dövlətçiliyinin əsasları, milli-mənəvi dəyərlərlə tamamilə uyğun gələn şəkildə tərtib olunmalı, dərsliklər bütün müvafiq dövlət və ictimai strukturların ekspertizasından keçməli və yalnız tam rəy aldıqdan sonra tədrisə buraxılmalıdır. Lakin eyni zamanda dərslik müəllifləri təhsil müəssisələrində tədrisin gedişi ilə bilavasitə tanış olmalı, daima öz dərslikləri üzərində iş aparmalıdırlar.
4.2. Aparılmış təhlillər əsasında tədris vəsaitlərinə müvafiq dəyişikliklər edilməsi, onların milli vətənpərvərlik və vətəndaşlıq elementlərini, milli, mədəni və mənəvi dəyərləri təbliğ edən elementlərlə zənginləşdirilməsi.
Sosial və humanitar fənlərin tədrisi Azərbaycançılıq üzərində qurulmalı, Azərbaycanın tarixi, coğrafiyası, hüdudları dəqiq şəkildə tədris edilməli, əhalinin etnik kökləri, etnik-dini tərkibi dəqiq və qərəzsiz şəkildə əks olunmalıdır. Dərsliklərdə ömrünü xalqının maariflənməsi və vətəninin azadlığı uğrunda mübarizəyə həsr etmiş nümunəvi ziyalılarımızın və dövlət xadimlərinin (M.F.Axundov, H.Zərdabi, M.Rəsulzadə, C.Məmmədquluzadə, Ə.Topçubaşov, N.Yusifbəyli, F.Xoyski, Heydər Əliyev, Bəxtiyar Vahabzadə və digərlərinin) həyat və fəaliyyətləri geniş işıqlandırılmalı, gənclərin nümunə götürməsinə çalışılmalıdır. Həmçinin tarixi qəhrəmanlarımızın, vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş milli qəhrəmanların, şəhidlərin və Qarabağ müharibəsi veteranlarının qəhrəmanlıqları da geniş tədris edilməli, tarixi qəhrəmanlarımızın, dövlət xadimlərimizin şərəfinə adlı təqaüdlər təsis edilməlidir.
4.3. Gənclərin təlim və tərbiyəsi ilə məşğul olan pedaqoji heyətin vətənpərvərlik keyfiyyətləri yoxlanılmalı və yüksəldilməlidir.
Müəllim heyəti şagird və tələbələr üçün nümunə rolunu oynayır. Buna görə də həmin heyətin özlərinin bu sahədə məqbul biliklərə malik olması və gördüyü işə  vicdanla yanaşması təmin edilməlidir. Bu məqsədlə müəllimlərə vətənpərvərlik və dövlətçilik mövzularında xüsusi treninqlər və kurslar keçirilməli, onlar mütəmadi olaraq bu istiqamətdə attestasiya olunmalıdırlar. Bu sahədə ixtisaslaşmış pedaqoji kadrların hazırlanması da zəruridir.
4.4. Təhsil müəssisələrində gənclərin iştirakı ilə vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəyə istiqamətlənmiş müxtəlif  tədbirlər keçirilməli, təhsil müəssisələri vətənpərvərliyi təbliğ edən vəsaitlərlə və metodoloji vəsaitlərlə təchiz edilməlidir.
Belə tədbirlər müxtəlif aspektli ola bilər. Dövlətin və cəmiyyətin həyatında cərəyan edən ayrı-ayrı problemlərə dair konfranslar, dəyirmi masalar, seminarlar və s. bu kimi tədbirlərlə yanaşı, milli vətənpərvərlik mövzusunda gənclərin bu sahədə biliklərinin yoxlanılmasına və daha da artırılmasına xidmət edən müxtəlif növ tematik intellektual yarışlar, orta məktəb şagirdləri arasında olimpiadalar və s. keçirilməlidir.
Təhsil müəssisələrinin kitabxana fondu vətənpərvərlik ruhunda olan müxtəlif kitablar, əlavə ədəbiyyatlar, kitabçalarla zənginləşdirilməli, şagird və tələbələrin onları mütaliə etməsi təbliğ edilməlidir. Eyni zamanda şagird və tələbələrin əxlaqsızlığı və mənəviyyatı təbliğ edən ədəbiyyatlardan və digər vəsaitlərdən uzaqlaşdırılması da təmin edilməlidir. Təhsil müəssisələri dövlətçiliyi və milli-mənəvi dəyərləri təbliğ edən lövhələr və digər vasitələrlə zənginləşdirilməlidir. Milli dildə ədəbiyyatların yayılması prosesi daha da genişləndirilməlidir.
4.5. Orta və ali təhsil müəssisələrində «Azərbaycan dövlətinin əsasları», «Vətənşünaslıq», “Ümumtürk tarixi”,”Ümumtürk ədəbiyyatı”, “Türk dili” və «İslamın əsasları» adlı xüsusi fənləri tədris edilməlidir.
Bu fənlərin predmetinin müəyyən edilməsi üzrə dövlət orqanlarının xüsusi nəzarəti altında hərtərəfli elmi araşdırmalar aparılmalı, onun nəticələri aprobasiyadan keçirilməli və yalnız müvafiq mütəxəssislər və dövlət orqanları tərəfindən tam müsbət rəy alındıqdan sonra tədris edilməlidir. Paralel olaraq mütəmadi şəkildə həmin dərsliklərin ekspertizası aparılmalı, dəyişən gerçəkliklərə uyğunlaşdırılmalıdır.
Bir çox hallarda tədris olunan tarix və ədəbiyyat mövzuları Azərbaycan Respublikasının müasir hüdudlarını aşır. Məsələn ərazisinin hamısı və ya əksər hissəsi Azərbaycan Respublikasının ərazisindən kənarda qalan Eldəgizlər, Ağqoyunlular, Səfəvilər kimi böyük Türk dövlətləri  Azərbaycan dövləti hesab olunurlar. Eyni zamanda heç vaxt Azərbaycan Respublikasının ərazisində yaşamayan Saib və Qövsi Təbrizi, Füzuli kimi şairlər, Tusi, Bəymənyar kimi mütəfəkkirlər azərbaycanlı kimi dərsliklərdə təbliğ olunurlar. Həmin dövlətlər və mütəfəkkirlər bu və ya qismən milli dövlətçiliyimiz və milli mənəviyyatımızla bağlı olduğundan onlardan imtina edilməsi də qeyri-mümkündür. Çıxış yolu kimi “Ümumtürk tarixi”,”Ümumtürk ədəbiyyatı” adlı fənlərin yaradılması, Azərbaycan tarixi və ədəbiyyatının bu fənlər sistemində tədris olunması təklif edilir.


5. GƏNCLƏR ARASINDA MİLLİ-MƏDƏNİ DƏYƏRLƏRİN TƏBLİĞİ

Azərbaycan xalqı dünyanın ən mədəni və zəngin mənəvi dəyərlərə malik olan xalqlarındandır. Şərq aləmində ilk operanı, ilk teatrı, ilk baleti və ən əsası ilk demokratik cümhuriyyət də məhz Azərbaycanda yaradılmışdır. Burada Türk əxlaqı, İslami dəyərlər və bəşər sivilizasiyasının müasir nəailiyyətləri sistemli şəkildə öz təcəssümünü tapmışdır. Bu sistemin dağılması istənilən formada cəmiyyətdə və dövlətin həyatında deformasiyaya gətirib çıxara bilər. Hazırda xüsusən ifrat müasir dəyərlərin milli və dini dəyərləri sıxışdırıb çıxarması təhlükəsi mövcuddur. Bu isə cəmiyyətin mənəvi cəhətdən aşınmasına gətirib çıxara bilər. Bu məqsədlə aşağıdakılar həyata keçirilməlidir.
5.1. Gənclər arasında Azərbaycan milli mədəniyyətinin təbliğ edilməsi, qorunması və inkişaf etdirilməsi.
 Həm ümumxalq yaradıcılığın məhsulu olan, həm də müəllifləri bəlli olan ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri unudulmamalı, daima təkrar edilməli və müasir metodlarla yayılmalıdır. Azərbaycanın şanlı keçmişi ilə bağlı itmiş tarixi abidələrin yerinin müəyyən edilməsi üzrə ekspedisiyalar təşkil edilməli, ölkənin tarixini və mədəniyyətini təbliğ edən muzeylərə, tarixi qələbələrin yaşandığı ərazilərə və digər yerlərə turist marşrutları, pulsuz səfərlər genişləndirilməlidir. Ədəbiyyat, mədəniyyət və incəsənət əsərlərində vətənpərvərlik ideyalarına geniş yer verilməlidir. Dövlət sifarişləri hesabına milli vətənpərvərlik hisslərini təbliğ edən kinofilmlər, seriallar, sənədli filmlər, cizgi filmlərinin çəkilişi genişləndirilməlidir.
5.2. Azərbaycan dilinin (Azərbaycan Türkcəsinin) həm dövlət dili, həm də ictimai ünsiyyət dili kimi rolunun tam möhkəmləndirilməsi.
 Dövlət dili milli birlik istiqamətində ən başlıca faktorlardan biri olmalıdır. Müstəqilliyimizin bərpasından xeyli müddət keçməsinə baxmayaraq hələ də cəmiyyətdə, hətta dövlət orqanlarında Azərbaycan Respublikasının dövlət dilini bilməyən, yaxud ondan istifadə etməyi bacarmayan gənclər vardır. Bu sahədə təbliğat aparılmaqla yanaşı, dilimizin təbii xüsusiyyətləri qorunmalı, yad ünsürlərdən təmizlənməsi prosesi davam etdirilməlidir. Gənclərdə məişət nitqində digər dillərdən olan sözlərdən və ifadələrdən istifadə etmək alışqanlığı tərgidilməli, bunun əvəzinə dilimizin daxili imkanlarından daha geniş şəkildə istifadə edilməsi təbliğ edilməlidir. Bu məqsədlə görkəmli dilşünasların iştirakı ilə müvafiq tədbirlərin keçirilməsi, dilimizdən necə istifadə edilməsinə dair yazılı materialların yayılması zəruridir.
5.3. Gənclərin şüurunda ailə dəyərlərinin təbliği və möhkəmləndirilməsi.
Müasir qloballaşma, dünya birliyinə inteqrasiya prosesində ailə dəyərləri güclü təsirə məruz qalır. Bir sıra hallarda ifrat müasirləşmə meyarları cəmiyyətdə ailə dəyərlərinin zəifləməsinə, ailədaxili münaqişələrin artmasına və son nəticədə cəmiyyətin, dövlətin ilkin rüşeymi olan ailələrin parçalanmasına gətirib çıxarır. Bu isə Azərbaycan Respublikasının gələcəyi üçün təhlükə yarada biləcək amil hesab edilə bilər. Son illər cəmiyyətdə boşanma hallarını artması bu sahədə ciddi problemlərin mövcudluğunu göstərir. Bu baxımdan hazırda ailələrin möhkəmləndirilməsi üçün bir sıra tədbirlərin görülməsi, gələcəyin ata və analarına möhkəm ailə prinsiplərinin aşılanması zəruridir. Bu məqsədlə hazırda ailədaxili münasibətlər, onların möhkəmliyinə və dağılmasına zəmi yaradan amillər tədqiq edilərək üzə çıxarılmalıdır. Təhsil müəssisələrində gələcəyin valideynlərinə ailə dəyərləri təbliğ edilməli, qeyri-etik davranışdan çəkindirilməlidir. Ailə tərbiyəsi üzrə gənclər arasında mütəmadi treninqlərin keçirilməsi də zəruridir. Nümayiş etdirilən televiziya verilişləri, filmlər, KİV məhsulları, kitablar Azərbaycan xalqının ailə dəyərləri aspektindən ekspertizadan keçirilməli və müvafiq nəzarət həyata keçirilməlidir.


II İSTİQAMƏT
GƏNCLƏRDƏ VƏTƏNDAŞLIQ HİSSLƏRİNİN
GÜCLƏNDİRİLMƏSİ  TƏDBİRLƏRİ


6. GƏNCLƏR ARASINDA DÖVLƏT RƏMZLƏRİNİN VƏ MİLLİ BAYRAMLARIN  TƏBLİĞİ

Gənclərin ardıcıl və kütləvi şəkildə Azərbaycan Respublikasına münasibətdə fəxr və qürur hisslərinin gücləndirilməsi istiqamətində dövlət rəmzlərindən istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Bunun üçün aşağıdakılar zəruridir:
6.1. Dövlət rəmzlərinin təbliği və tətbiqi istiqamətində dövlət siyasətinin hazırlanması.
Dövlət rəmzləri millətin mədəni emblemlərinin kompleksidir. Onlardan düzgün istifadə edilməsi əhalidə, o cümlədən gənclərdə şəxsi özünüdərkin və ictimailəşmə hisslərinin formalaşmasına kömək edir. Dövlət rəmzlərinin təbliği müxtəlif səviyyələrdə konfransların, seminarların, əhalinin iştirakı ilə kütləvi tədbirlərin təşkili yolu ilə həyata keçirilə bilər. Azərbaycan Respublikasının dövlət rəmzləri (ilk növbədə üçrəngli bayrağı) geniş həcmdə yüksək keyfiyyətli xammaldan istehsal edilərək ya əvəzsiz olaraq, ya da ki, münasib qiymətə gənclər arasında yayılmalıdır. Kütləvi tədbirlərdə və digər hallarda dövlət himni çalınarkən hər kəsin bir nəfər kimi eyni ağızdan dövlət himnini ifa etməsi təbliğ edilməlidir.
6.2. Azərbaycan Respublikasının bayrağının, himninin, gerbinin mənşəyinin elmi səviyyədə araşdırılması, əhalinin müxtəlif sosial qrupları tərəfindən dövlət rəmzlərinin mənasının nə dərəcədə dərk olunmasına dair sosioloji tədqiqatların aparılması.
 Dövlət rəmzləri sadəcə nümayiş xarakteri daşımır. Onlar əhəmiyyətli tarixi dövrdə yaranmaqla yanaşı, müəyyən ideoloji zəminlərə də malikdir. Müxtəlif tədbirlər vasitəsilə gənclər dövlət rəmzlərinin əhəmiyyəti barədə məlumatlandırılmalı, onların mənşəyi gənclərə izah edilməlidir. Kütləvi informasiya vasitələrində, dərsliklərdə, kitablarda digər nəşrlərdə, sənədli və kinofilmlərdə, milli internet məkanında dövlət rəmzlərindən geniş istifadə edilməli, onların təbliği aparılmalıdır. Gəncləri maraqlandıran məmulatlarda, geyimlərdə milli rəmzlərin əks etdirilməsi adi hala çevrilməlidir.
6.3. Azərbaycan Respublikasının milli dövlətçilik ideologiyası - azərbaycançılığın dövlət rəmzlərinə əsaslanması.
«Müasir İnkişaf» İctimai Birliyi tərəfindən bu aspektdə müvafiq Konsepsiya hazırlanmışdır və bu Konsepsiyaya əlavə edilir.
6.4. Dövlət bayramlarının gənclər tərəfindən xüsusi şəkildə qeyd edilməsi.
Bu zaman standart ssenari əsasında konfransların, dəyirmi stolların, mərasimlərin, sırf gənclərin iştirakı ilə konsert proqramlarının keçirilməsi zəruridir. Bu tədbirlər zamanı, Azərbaycan Respublikasının dövlət himinin ifa edilməsi, «Şəhidlər Xiyabanı»nın ziyarəti məcburi element kimi çıxış etməlidir.


7. GƏNCLƏRİN DÖVLƏTLƏ VƏTƏNDAŞ ARASINDA QARŞILIQLI MƏSULİYYƏTİN YÜKSƏLDİLMƏSİ PROSESİNƏ CƏLB EDİLMƏSİ

Dövlətlə bütövlükdə cəmiyyət və o cümlədən gənclər arasında qarşılıqlı əlaqənin təmin edilməsi də Konsepsiyanın mühüm tərkib hissəsidir. Bu baxımdan gənclərdə dövlətə məhəbbət, insan hüquqlarına, Azərbaycan Respublikasının qanunlarına, qanunçuluğa və hüquq qaydasına hörmətin təbliği böyük  əhəmiyyət kəsb edir. Bunun üçün aşağıdakı istiqamətdə tədbirlər həyata keçirilməlidir.
7.1. Gənclərdə Azərbaycan Respublikasının mahiyyətinin və əhəmiyyətinin təlqin edilməsi.
Hər bir Azərbaycan gənci Azərbaycan dövlətinin Konstitusiyasını və əsaslarını bilməli, onları dərk etməli, dövlətin inkişafına öz töhfəsini verməyi bacarmalıdır. Təhsil müəssisələrində dövlət həyatının bütün sahələrindəki yeniliklər barədə gənclər məlumatlandırılmalıdır. Buraya əldə edilmiş iqtisadi inkişafın nəticələri, siyasi sabitlik və s.  aid ola bilər.
7.2. Gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsi.
Dünya təcrübəsi göstərir ki, cəmiyyətin elmi potensialı, gənclərin elmi bilikləri artıqca onlarda cinayətkarlığa meyllilik azalması müşahidə edilir. Bu sahədə görüləcək tədbirlər gəncləri hüquqazidd davranışlardan çəkindirmək, mövcud problemlərini hüquqi yollarla həll etməyə sövq etmək, onlarda qanunçuluq şüurunu təlqin etmək məqsədi daşıyır. Gənclərin hüquqi tərbiyəsi üçün təhsil müəssisələri ilə hüquq mühafizə orqanlarının əməkdaşlığı zəruridir.
7.3. Gənclərdə Azərbaycan Respublikasının vətəndaşlığının əhəmiyyəti və üstünlüklərinin təlqin edilməsi.
Bu istiqamətdə gənclərə vətəndaşlıq institutunun mahiyyəti başa salınmalı, vətəndaşın malik olduğu hüquqlar, dövlətin vətəndaşlar qarşısında öhdəlikləri ilə yanaşı, vətəndaşın dövlət qarşısında vəzifələri də təlqin edilməlidir. Bu isə gənclərə həm öz hüquqlarını bilərək onları tələb etmək vərdişləri aşılayacaq, həm də onlarda vətənə sədaqət, dövlət rəmzlərinə, digər vətəndaşların hüquqlarına hörmət, sağlam ətraf mühiti qorumaq və s. bu kimi müsbət davranışların formalaşmasına kömək edəcək.
7.4. Gənclərə rəsmi sənədlərinin təntənəli şəkildə təqdim edilməsi.
Gənclərə şəxsiyyət vəsiqələrinin, orta və orta ixtisas təhsili haqqında şəhadətnamələrinin, ali məktəb diplomlarının, sürücülük vəsiqələrinin və s. bu kimi sənədlərin rəsmi atmosferdə təqdim edilməsi onların şüurunda Azərbaycan Respublikasının vətəndaşı olmağın əhəmiyyətini yüksəldəcək, onun dövlətin həyatında aktiv iştirak etməyə, özünü «vətənin bir parçası» kimi hiss etməyə sövq edəcək.
7.5. Gənclərdə demokratik şüurun və dövlət mexanizmlərinə dair biliklərin gücləndirilməsi.
Azərbaycan Respublikası demokratik dövlətdir və hakimiyyətin yeganə mənbəyini Azərbaycan xalqı təşkil edir. Bu prinsiplərə uyğun olaraq dövlət hakimiyyəti mexanizmi ilkin olaraq seçki yolu ilə formalaşdırılır. Gənclərdə  demokratik şüurun inkişafı üçün onlar dövlət hakimiyyəti orqanlarına keçirilən seçkilərdə fəal iştirak etməyə sövq edilməli, təhsil müəssisələrində ayrı-ayrı qurumlar seçkili əsaslarla formalaşdırılmalıdır.
Bundan başqa gənclərin dövlət hakimiyyətinin strukturu ilə tanış olmaları üçün müxtəlif dövlət hakimiyyəti və yerli özünüidarə orqanların aparatlarına ekskursiyalar təşkil edilməli, yüksək rütbəli dövlət məmurları (nazirlər, hakimlər və s.) ilə müntəzəm şəkildə görüşləri keçirilməlidir.
7.6. Gənclərin dövlətin həyatında rolunun artırılması.
Dövlətin hər bir vətəndaşı kimi gənclərin də dövlətin həyatında mühüm yer tutan məsələlərdə rəyləri öyrənilməlidir. Tale yüklü problemlərin həllində gənclərin göstərdikləri təşəbbüslər, irəli sürdüyü təkliflər laqeydliklə qarşılanmamalı, onların müvafiq dövlət orqanlarına və vəzifəli şəxslərinə birbaşa çıxışının təmin edilməsi üçün mexanizmlər hazırlanmalıdır. Mütəmadi olaraq ali və orta təhsil müəssisələri vasitəsilə yüksək rütbəli dövlət məmurları ilə gənclərin görüşləri təşkil edilməli, bu görüşlərdə onların problemləri, rəy və təklifləri dinlənilməlidir. Dövlət hakimiyyətinin gənclərlə iş üzrə müvafiq qurumlarının fəaliyyətinin səmərəliliyi gücləndirilməli, Azərbaycan gəncliyi dövlət   proqramının icrası mexanizmləri təkmilləşdirilməlidir.


8. KONSEPSİYANIN TƏŞKİLATİ, İNFORMASİYA VƏ MALİYYƏ ƏSASLARI

8.1. Konsepsiyanın reallaşması üçün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, təhsil, mədəniyyət mərkəzlərinin və müəssisələrinin, hərbi hissələrin və müvafiq hərbi birləşmələrin və üçüncü sektorun fəaliyyətinin koordinasiyası tələb olunur. Bu baxımdan Konsepsiyanın reallaşdırılması istiqamətində səlahiyyətləri daxilində, Azərbaycan Respublikası Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm, Müdafiə nazirliklərinin üzərinə daha böyük yük düşür. Dövlət orqan və müəssisələri tərəfindən KİV vasitələri mənsublarına, ayrı-ayrı tədqiqatçılara gəncləri vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyə edən müvafiq materiallar hazırlamaları üçün arxivlərə, muzeylərə, kitabxanalara rahat buraxılış imkanları yaradılmalıdır.
8.2. Konsepsiyanın uğurla reallaşması həm də bu prosesdə çoxsaylı könüllülərin iştirakını vacib edir. Könüllülər hərəkatının iştirak dərəcəsindən asılı olaraq cəmiyyət üzvlərində vətəndaşlıq məsuliyyətinin hansı səviyyədə olması barədə mühakimə yürütmək olar. Bu fəaliyyət əhalinin bütün təbəqələrini əhatə edə, müxtəlif sosial qrupları yaxınlaşdıra və onların birliyini müəyyən edə bilər.
8.3. Hazırkı Konsepsiyaya uyğun olaraq gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi sahəsində Kütləvi İnformasiya Vasitələrinin üzərinə aşağıdakı vəzifələr düşür:
­    KİV-lər tərəfindən vətənpərvərlik yönümlü mədəni tədbirlərin həyata keçirilməsi;
­    televiziyalarda və mətbuatda vətənpərvərlik mövzusunda proqramların həcminin artırılması;
­    jurnalistlərin vətənpərvərlik sahəsində yaradıcı potensiallarının genişləndirilməsi;
­    KİV-lərdə milli-mənəvi dəyərlərin məhvinə və unudulmasına gətirib çıxara bilən layihələrin, verilişlərin və informasiyaların üzə çıxarılıb qarşısının alınması.
8.4. Konsepsiyanın reallaşması üçün dövlət tərəfindən maliyyə yardımının ayrılması vacibdir. Bu həm Konsepsiyanın müvafiq dövlət orqan və müəssisələri tərəfindən həyata keçirilməsi və birbaşa dövlət büdcəsindən maliyyələşməsi, həm də dövlətin qeyri-hökumət təşkilatlarına və KİV-lərə ayırdığı maliyyə vəsaitləri hesabına mümkündür.
8.5. Konsepsiya sahibkarların könüllü ianələri hesabına da maliyyələşə bilər. Sosial proqramların dəstəklənməsi cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı dövlət və yeri özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşməsinə də gətirib çıxara bilər. Özəl maliyyə sektorun Konsepsiyanı maliyyələşdirməsi onların vətənpərvərlik və vətəndaşlıq mövzularına həsr edilmiş kütləvi tədbirlərin həyata keçirilməsini dəstəkləməsi formasında ola bilər.


9. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Konsepsiya müvafiq dövlət orqanları tərəfindən qəbul edilərək bəyəniləcəyi halda gənclərdə vətənpərvərlik və vətəndaşlıq
hisslərinin yüksəldilməsi üzrə yeni dövlət proqramının hazırlanması üçün baza rolunu oynaya bilər. Konsepsiyanın reallaşacağı təqdirdə aşağıdakı mühüm nəticələrin əldə ediləcəyinə ümid bəslənilir:
­    gənclərdə milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması və gücləndirilməsinin xüsusiyyətlərini üzə çıxarmaq;
­    gənclərdə vətəndaşlıq öhdəliklərinin aşılanması;
­    vətəndaşlıq məsuliyyəti hisslərinin, Azərbaycanın tarixinə, mədəniyyətinə milli-mənəvi dəyərlərimizə marağın artırılması;
­    gənclərin, orta nəslin mübarizə ruhunda tərbiyə edilməsi, onlarda dövlətin və cəmiyyətin problemlərinə marağın artırılması;
­    vətənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarımı fəda etmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi;
­    nəsillər arasında əlaqələrin gücləndirilməsi, gənclərin xalqımızın şanlı keçmişi ruhunda tərbiyə edilməsi;
­    milli-mədəni dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi;
­    Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin təmin edilməsinə gənclərin marağının daha da yüksəldilməsi, hərbi-tətbiqi idman növlərinə gənclərin axınının artırılması, onların fiziki və iradəvi keyfiyyətlərinin, vətənin müdafiəsinə, hərbi xidmətə hazırlığının təmin edilməsi;
­    gənclərin öz fiziki sağlamlıqlarını qorumağa və yüksəltməyə maraqlandırılması;
­    gənclərin, yaradıcı, əqli, ictimai təşəbbüskarlıqlarının yüksəldilməsi;
­    gənclərin milli vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi ruhunda tərbiyəsinin normativ və metodiki bazasının yaradılmasına nail olmaq.


 

Bu yazı 2605 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :