-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ümummilli ideya və İdeologiya
Şiriftin ölçüsünü dəyiş

Şahlar Əsgərov
professor,
əməkdar elm xadimi

          Milli ideya tarixi taledə mühüm rol oynayır. Spenserə görə milləti ideya yaradır. Milli ideya milli özünüdərkdən sonra yaranır. V. Belinski də hesab edirdi ki, cəmiyyət üzərində möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir. Qərb fəlsəfəsi də ideyanı inkişafın əsas mənbəyi və səbəbi hesab edir. Rus filosoflarından V. S. Solovyev, N. A. Berdyayev və İ. A. İlin "yeni rus ideyası" axtarışını zaman-zaman diqqət mərkəzində saxlamışlar. Çünki yeni milli ideya toplumu səfərbər edir, fəaliyyəti istiqamətləndirən ideoloji müddəalar sistemi yaradır, nəticədə milli birlik yaranır, dövlət isə qüdrətli olur. Milli ideya çox sadə ifadə olunmalıdır. S. Skotnikova görə ideya nə qədər sadə olarsa, bir o qədər çox kütləyə sahib olar.
          Bizə də milli birlik və qüdrətli dövlət lazımdır. Belə bir dövlətin asan başa düşülən milli ideyasını ulu öndər  mütəfəkkirlərimizin fəlsəfəsində axtarmaq lazımdır. Bu milli ideyanın ümummilli (yəni, bütün siyasi qüvvələrin və gələcək nəsillərin də qəbul edəcəyi) ideyaya çevrilməsi üçün ictimai-siyasi institutlar öz töhfəsini verməlidirlər.
          Qüdrətli dövlət qurmaq üçün əvvəlcə, dövrü düzgün səciyyələndirmək, düşməni (və ya düşmənləri) neytrallaşdırmaq və Qarabağ yarasını sağaltmaq lazımdır. Bu niyyətlə Heydər Əliyevin bəzi fəlsəfi fikirləri ilə tanış olanda görürük ki, milli birlik və qüdrətli dövlət ideyası Heydər Əliyev fəlsəfəsinin əsas qayəsidir.
          Heydər Əliyev fərd-kütlə kontekstində xalqımızla bağlı belə bir fikir söyləmişdir: "Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt! Amma millətimizi bu cür qəhrəman etmək bir-iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq keyfiyyətləri var".
          Bu fəlsəfi baxışın milli özünüdərk üçün əhəmiyyəti çox böyükdür. Bu kəlamda uğurumuz və qüsurumuz bir yerdədir. Fərddə olan qəhrəmanlıq potensialını topluma ötürməyin vacibliyini diqqət mərkəzinə çəkir və bu niyyətlə hamını, xüsusilə, elitar təbəqəni səfərbər olmağa çağırır.
          XX əsrdə torpaqlarımızın itirilməsini Heydər Əliyev fəlakət adlandırmışdı. Çağdaş dövrümüzdə dövlətlərarası münasibətdə ikili standartlardan çox söhbət gedir. Sovetlər dönəmində bu düşüncə gündəmdə olmayanda belə, ulu öndər bir dövlət daxilində ikili standartların olmasını sadə dildə ifadə etmişdi: "İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan torpaqlarını hissə-hissə itiririk. İyirmi ikinci ildən SSRİ-nin tərkibindəyik. SSRİ-nin tərkibinə daxil olan heç bir respublika belə bir fəlakətlə üzləşməyibdir. Heç bir müttəfiq respublika başqa müttəfiq respublika tərəfindən təcavüzə məruz qalmayıbdır”.

Üçüncü subyekt

          Şübhəsiz, həm iqtisadi baxımdan, həm də insan potensialı baxımından Azərbaycandan zəif olan Ermənistana kənardan kömək olmasaydı, o təkbaşına bu üstünlüyü əldə edə bilməzdi. Deməli, erməniləri bu prosesin subyekti edən üçüncü qüvvə var. Sovetlər zamanında bu qüvvəyə rəhbərlik edən keçmiş ittifaq rəhbərliyi və hal-hazırda isə Minsk qrupunun üzvləridir. Rusiya sosialist sisteminin və SSRİ-nin dağılmasına razı oldu, ancaq özünə zərərli mövqeyindən əl çəkmədi. 1994-cü ildə Azərbaycan parlamentinin vitse-spikerı mərhum A. Cəlilovla BDU-ya gəlmiş Rusiya parlamentinin üzvü, IV çağırış Rusiya Dövlət Dumasının vitse -spikeri, hal hazırda "Xalq İttifaqı" partiyasının lideri Sergey Baburin dedi ki, N. Çauşesku ölüm qabağı "lənətə gəlsin Qarabağ" sözünü demişdi. Yəni, Çauşeskuya dəyən güllə öz başlanğıcını Qarabağla bağlı erməni ideyasından götürmüşdür. Bu onu göstərir ki, ermənilərin yaratdığı Qarabağ bəlası lokal yox, qlobal bir bəladır. Bu prosesdə Minsk qrupu zərərli (daha açıq desək, ermənipərəst) üçüncü subyekt rolunu oynayır. Bir neçə il öncə Minsk qrupunun roluna Heydər Əliyev belə qiymət vermişdir: "Əgər biz bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər ki, qız olsun, onu ərə verək. Ona görə biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır.
          Azərbaycan parlamenti bu quruma öz iradlarını açıq bildirdi. Parlamentin 1.04.08 tarixli iclasında həm birinci vitse-spiker Z. Əsgərov, həm də deputatlar Minsk qrupunun fəaliyyəti ilə bağlı öz iradlarını söyləyərək, onları ədalətli yola çıxmağa çağırdılar.

Ermənilərin məkrli planı

          Son yüz ildə başımıza gələn bu faciələri, soyqırımıları, saysız-hesabsız terror aktları, böhtanları, törədilən digər əməlləri və hadisələri, nəinki maddi, həm də mənəvi dəyərlərin oğurlanmasını bir yerə yığıb "səbəb-nəticə" kontekstində təhlil edərək ulu öndər onların gizli bir plan əsasında fəaliyyət göstərdikləri qənaətinə gəlmişdi: "Düşmənin Azərbaycanı parçalamaq, dağıtmaq, torpaqlarımızın bir qismini ələ keçirmək planlarının qarşısını almaq üçün, buna sinə gərmək üçün, bu planları pozmaq, Azərbaycanı qorumaq üçün hamının bir məqsədi olmalıdır”.
          Deməli, Azərbaycanı zəiflətməyə yönəlmiş belə bir məkrli planın varlığını H. Əliyev  nəinki qəbul edir, hətta bizi xəbərdar edirdi ki, düşmən Azərbaycanı içəridən dağıtmaq istəyir. Qüdrətli dövlət naminə bu planı pozmaq üçün "hamının bir məqsədi olmalıdır" məsləhətini verir.
          Hesab etmək olar ki, gizli erməni planının vacib taktiki müddəası qəsbkarlıq məqamını seçməkdir. Tarixin dönüş nöqtələrində (çar və sovet dövlətinin yıxılması, İkinci dünya müharibəsinin başlanması) qonşuların başı ictimai-siyasi proseslərə qarışanda, müharibə elan etmədən onların torpağının tutulmasıdır. Bu planı reallaşdırmaq yolunda ölməyə və öldürməyə qadirdilər. Amerika yazıçısı Pol Eldricin bir fikrində deyilir: "İnsan ideya uğrunda ölümə gedə bilər, bir şərtlə ki, onu aydın başa düşməsin". Deməli, ermənilərin bu planlarının əsasında qəsbkar bir milli ideya durur. Bu həm də "Dənizdən dənizə" - dövlət qurmaq ideyasıdır. Çox güman ki, bu ideyanın müəllifi üçüncü, dördüncü dövlətlərdir. Çünki onlar bu ideyanın reallaşmasına ermənilərdən az çalışmırlar.
          Bu ideya bizim cəmiyyət üçün yeni deyil. Biz bunu dəfələrlə eşitmişik. Ancaq bizim qüsurumuz bundan ibarətdir ki, bu fikrin statusu cəmiyyət üçün düzgün dəyərləndirilməyibdir. Biz bunu ciddi, uzun müddətli (200-300 illik) bir erməni planı yox, sərsəm erməni düşüncəsi hesab edərək tarixən səhv mövqe tutmuşuq. Müdriklərin dediyi "əgər düşmənin zəifdirsə, sən onu çox qüdrətli bil" kəlamını diqqətdən qaçırmışıq.

Yeni milli ideya

          Müstəqillikdən sonrakı dövrdə bizim üçün ümummilli ideya nə ola bilər - sualını cavablandırmaq vacibdir.
          Ölkə əhalisinin və ondan kənarda yaşayan bütün azərbaycanlıların və həm də gələcək nəsillərin qəbul edəcəyi ümummilli ideya elə olmalıdır ki, o, ermənilərin ümummilli ideyasını neytrallaşdıra bilsin. İdeyanı güllələyəndə də o ölmür, əksinə, o, daha çox beyinlərə yol tapır və populyarlaşır. İdeyanı öldürmək üçün ondan daha yaxşı ideyanı ortaya qoymaq lazımdır.
          Amerikanın Qudzon İnstitutunun elmi əməkdaşı, politoloqu Enders Vimbuş Azərbaycanda olanda söyləmişdi: "Əgər siz güclü olsanız, sizin düşməniniz də bunu bilər və öz strategiyasını dəyişər". Fikrimcə, amerikalı politoloq haqlı fikir söyləmişdir.
          Milli birliyə yol  milli ideyadan keçir. Bu niyyətlə də Heydər Əliyev məqsəd birliyinin vacibliyini diqqət mərkəzinə çəkmişdir. Birlik prezident ətrafında olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev isə bu işə öz münasibətini aşkar bəyan etmişdir: "Mən bütün vətəndaşların prezidentiyəm və Azərbaycanda yoxsul adam olmamalıdır". Bu artıq güclü dövlətə gedən yolun başlanğıc nöqtəsidir.
          Beləliklə, ölkəmizin gələcəyinə   yuxarıda söylənilən fikirlər işığında baxanda hesab etmək olar ki, "Qüdrətli dövlət" və ya "Güclü dövlət" ideyası bizim üçün ümummilli ideya ola bilər. Bu ideya nəinki, bu gün yaşayanların, həm də gələcək nəsillərin də qəbul edə biləcəyi ideyadır. Yuxarıda qeyd edildiyi kimi, "milləti ideya yaradır”. Qüdrətli dövlət ideyası, qüdrətli xalq və qüdrətli fərd yarada bilər. Bu ideya bir çox dövlətlərin milli ideyasının əsasını təşkil edir. Bunun üçün dünya dövlətlərinin gerblərinə (rəmzlərinə) baxmaq kifayətdir. Dünya dövlətlərinin çoxunun dövlət rəmzlərində (xüsusi ilə də gerbində) qüdrət və güc simvolları olan tac, şir, pələng, qılınc, əjdaha, qartal və bunun kimi elementlərdən istifadə edirlər. Torpağın ən güclü canlısı şir və pələng, səmanınkı isə qartal olduğundan bunlardan daha çox istifadə olunur.
         Yaşadığımız informasiya əsri əvvəlki əsrlərdən çox fərqlidir. Fiziki qələbədən fərqli olaraq, informasiya əsrində bir dövlətin başqa dövlət üzərində qələbəsi çox vaxt görünməzdir və qələbənin (və ya məğlubiyyətin) nəticəsi isə 10-20 ildən sonra görünə bilər.
         Hal-hazırda ölkəmiz çox sürətlə inkişaf edir. Məzmun zənginliyi formada, rəmzlərdə öz əksini tapmalıdır. İqtisadi inkişaf milli ruhun inkişafına səbəb olmalıdır.

Bu yazı 1129 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :