-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Dövlət rəmzlərimizin ideoloji əhəmiyyəti
Şiriftin ölçüsünü dəyiş

Anar Əliyev
Azərbaycan Milli Elmlər Akademiyasının
Tarix İnstitutunun dissertantı

          Dünyanın bütün dövlətlərinin özünəməxsus dövlət rəmzləri mövcuddur və bu rəmzlər onların tarixi keçmişlərindən tutmuş, işıqlı gələcəklərinə doğru olan prinsipləri özündə əks etdirir. Hər bir xalqın öz düşüncəsi olduğu üçün, onun milli atributlarında onun milli düşüncəsi öz əksini tampalıdır. Çünki atribut ölkənin mayakı, xalqın visit vərəqəsidir. Hər bir dövlət yaradan xalq ilk növbədə öz atributlarını təsis edir ki, onun dövlətçiliyinin siması olsun. Ona görə də, dövlət yarananda ən aktual problemlərini sanki kənara tullayaraq, atribut məsələsini təsis etməyi qarşısına məqsəd qoyur. Milli rəmzlər elə aktual mövzudur ki, hətta dövlətçiliyini yaratmamış lakin buna doğru can atan hansısa xalqın və yaxud mübarizəni sivil yolla və yaxud separatçı üsullarla aparan qruplaşmanın belə öz atributları mövcuddur. Çünki, atribut istər xalqın, istərsədə hansısa qurumun və ya separatçı birliyin ən böyük mübarizə simvoludur. Hansıki bu simvolun sayəsində onu tanıyırlar, ona qarşı birləşirlər, onu məhv edirlər və ya gücü qarşısında tab gətirməyib onunla hesablaşırlar.
          Azərbaycan xalqınında öz fikrini, düşüncəsini əks etdirən siyasi müstəqilliyi və bu müstəqilliyi əks etdirən bayraqdan, gerbdən, himndən ibarət dövlət rəmzləri mövcuddur. Ana qanunumuzda yazıldığı kimi, “Azərbaycan Respublikasının dövlət rəmzləri-Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.”

Azərbaycan Respublikası Konstitusiyası, 23-cü maddədən
    
Azərbaycan Respublikasının Dövlət Bayrağı

         Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı- Dövlət bayrağıdır. Milli bayraq- siyasi-ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. “BAYRAQ- sözü ümumtürk mənşəlidir və tarixi çox qədimdir. Hələ 1000-il bundan əvvəl böyük türk dilçisi, dahi filoloq alim Mahmud Kaşğarlı özünün məşhur “Divanü-lüğət-it-türk” əsərində müasir dilimizdəki mənada və BAYRAK-BATRAK fonetik variantlarında qeydə alınmışdır. Eyni zamanda tədqiqatçıların fikrincə, həmin söz “BATIRAK/ BATRAK/ BAYRAK” semantik-struktur təkamül modeli əsasında BATIR- (batırmaq, “sancmaq”) felindən törəmişdir. Onu da qeyd edək ki, müasir türk dilində BAYRAQ sözü ilə yanaşı SANCAQ sözü də işlədilir ki, o da SANCMAQ felindən yaranmışdır.” (M. Mərdanov, Ə. Quliyev, Azərbaycan Dövlət Rəmzləri, Çaşıoğlu-2001,s.38)
         BAYRAQ-sözü  bir müstəqillik işarəsidir. Müasir anlamda bayraq, dövlətimizin, millətimizin müstəqillik, suverenlik, milli azadlıq və istiqlal rəmzi, simvolu funksiyasında işlənməkdədir. Dövlət bayrağı, milli bayraq müqəddəs anlam daşıyır. Millətin qeyrəti və namusu, şərəfi və ləyaqəti bayraqda ifadə olunmuşdur. Bayraq mükəmməl ideal olmasaydı Respublika Prezidenti başda olmaqla, hər bir vətəndaş onun qarşısında ehtiramını bildirməzdi. Çünki bayraq milli azadlığın, istiqlal ideyalarının, bəşər sivilizasiyasında istər xalqın, istərsədə dövlətin yerinin və rolunun təcəssümüdür.
“Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.”

Azərbaycan Respublikası Konstitusiyası 23- cü maddə

        Göründüyü kimi, Ana qanunumuza uyğun şəkildə hazırlanan dövlət bayrağımız üç rəngli, ay-ulduzlu hissələrdən ibarətdir. Hər bir simvolun özünəməxsus tarixi-siyasi, mədəni amillərlə bağlı olan məna və funksiyası vardır. Onu da qeyd etmək lazımdır ki, bayraq, onun mənşəyi, tarixi təkamülü və müasir vəziyyəti, bayraqda əks olunan milli rəmzlərin məna və istifadə təyinatları ilə, bayrağın qaldırılma və endirilmə mexanizmi və s. barədə veksilologiya elmi məşğul olur. Müasir veksilologiya elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə ikisini təşkil edir. Onun ardınca ağ, mavi, qara, və yaşıl rəngli bayraqlar gəlir. Bayraqlar rənglərin sayına görə də müxtəlif növlərə ayrılır ki, onlar içərisində üçrəngli bayraqlar üstünlük təşkil edir. Bu tipli bayraqlara TRİKOLOR (“üçrənli bayraq”) deyilir.
        1918-ci ildə dahi siyasi xadim, mütəffəkir M. Ə. Rəsulzadənin rəhbərliyi altında Şərqdə ilk demokratik quruluş olan Azərbaycan Xalq Cumhuriyyəti meydana gəldi. Təbii ki, min bir əziyyətlə yaranan respublikaya milli atributlar olduqca gərəkliydi. Belə olduqda böyük ideoloqumuz Əli bəy Hüseyinzadənin irəli sürdüyü ölkənin baş ideologiyası olan “Türkçülük, Müasirlik, İslamçılıq” siyasi xəttinə uyğun bir bayraq hazırlandı və bu bayraq bu gün də Azərbaycanın müstəqilliyini özündə əks etdirir. O zaman cəhalət içində boğulmaq üzrə olan xalqımızın milli təəsübkeş ziyalıları, mənəvi, milli və müasir dəyərləri özündə ehtiva etdirən bir mübarizə xətti götürdülər ki, bu da sonunda ölkənin müstəqil dövlət olaraq elan edilməsinə gətirib çıxardı. Böyük maarifçi-ideoloqumuz Əli bəy Hüseynzadənin yaratdığı “TÜRKLƏŞMƏK, ISLAMLAŞMAQ, MÜASIRLƏŞMƏK” düsturu ziyalılarımız tərəfindən dəstəkləndi və sonralar Türkiyənin böyük dühası Ziya Göyalp tərəfindən daha da inkişaf etdirilib konsepsiya halına salındı. AXC- yaranandan sonra da bu ideyalara sadiq qalaraq öz milli atributlarını bu düsturun üzərində qurdu. Hələ AXC-nin ilk parlamentinin açılışını edən Azərbaycan Milli Şurasının sədri xalqımızın böyük oğlu M. Ə. Rəsulzadə üçrəngli milli bayrağımız göstərərək, onun əbədiyyətinə sonsuz inamını belə ifadə etmişdi: “Müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir...” (Azərbaycan Xalq Cumhuriyyəti (1918-1920). Parlament. (Stenoqrafik hesabatlar). Bakı, “ Azərbaycan” nəşriyyatı, 1998, Icild,s.34.)
          Beləliklə bayrağımızın mavi rəngini mənalandıran “TÜRKÇÜLÜK” milli kimliyimizi dərk etmək, milli ən-ənələri dirçəltmək, soykökünə bağlılıq, dilimizin qorunması, tariximizin qorunması, milli inkişaf, milli istiqlal, milli mücadilə deməkdir. Bayrağımızın mavi rəngi Azərbaycan xalqını türk milli kimliyi ətrafında birləşdirir və bizə bir xalq olaraq özümüzü dərindən dərk etmək üçün istiqamətləndirir.
          MÜASIRLƏŞMƏK dedikdə isə xalqımızın bundan sonra keçəcəyi inkişaf, tərəqqi yolu nəzərdə tutulur. Həmin dövrdə Avropa dünyanın elmi-texniki nailiyyətlər baxımından son modern qütbü sayıldığından, milli düşüncəli uzaqgörən ziyalılarımız mənəviyyatca Avropasayağı yox, elmi inkişaf, qabaqcıl düşüncə baxımından Avropasayağı olmağı tövsiyyə edir və bu prinsipi müasirlik kimi qiymətləndirirdilər. Nəticə etibari ilə müasirlik bayrağımızda qırmızı rəngi özündə əks etdirir və ölkəmizin gələcək inkişaf yolunu göstərməkdədir.
         İSLAMLAŞMAQ deyəndə isə ilk növbədə xalqımızın uzun əsrlərdir ki, mənəvi aləmini zənginləşdirən, əxlaq dəyərlərini, mərdliyi, cəsarəti və ilk növbədə Allaha olan sonsuz inamı təcəssüm etdirən məvhumdan söhbət gedir ki, bu da öz növbəsində milli bayrağımızda yaşıl rənglə mənalandırılır. Çünki yaşıl həqiqətən bir İslam rəmzidir. İslamın ta qədimdən bütün bayraqları yaşıl olmuş bununda əsas səbəbi təbii ki, İslamın qayəsi olan həyat və yaşamaqla bağlı olan hər şeyin təbiətlə əlaqəli olmasıdır. İslamçılıq ideyaları azərbaycanlıların milli mənlik şüurunun, milli istiqlal uğrunda mübarizəsinin, islam dünyası ilə sıx əlaqələrin yaranmasına və möhkəmləndirilməsinə xidmət edir.
         İslamçılıq ideyalarının milli ideyalarla dərindən bağlı olduğunu və milli inkişafa hər zaman təkan verən qüvvə olduğunu böyük İslam filosofu Cəmaləddin Əfqaninin “Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti” adlı əsərində dəfələrlə görmək olar. Cəmaləddin Əfqani konkret olaraq türk, fars, ərəb, və başqa milli kimliklərdən danışmır. O bütün İslam ümətindən bəhs edir və bu ümməti dönə-dönə birliyə çağırır. Millətlərin məhv olmaması və tərəqqisi üçün dil faktorunun vacibliyini qeyd edir. Dil birliyini birlik məsələsində yaradıcı amil olaraq götürən C. Əfqani qeyd edir ki: “İctimai qüsurları birgə dəf etmək”, “Milli çətinlikləri birgə aradan qaldırmaq”, “Millətin məqsədi ümumxalq səadətinə nail olmaq”, “Müsibət və bədbəxtliklərdən nicat yollarını arayıb tapmaq”, “Yekdil həmrəylik hissi yaratmaq” üçün dilin mükəmməl öyrənilməsi, qorunması vacibdir.

(Ş. Qurbanov . Cəmaləddin Əfqani və Türk dünyası. Bakı-1998.)

          Onu da qeyd edək ki, C. Əfqaninin bu əsəri İslam xalqlarının xüsusilə Türk xalqlarının milli oyanışında mühüm rol oynamışdır. M. Ə. Rəsulzadə bu əsəri Azərbaycan türkcəsinə tərcümə etmişdir. Ona görə də bayrağımızdakı yaşıl rəngin İslamı bildirməsi böyük əlamətdar hadisə və ən əsası milli imanın göstəricisidir.
Azərbaycan Respublikasının milli bayrağındakı böyük məna kəsb edən nişanlardan biri də bayraqdakı qırmızı zolağın hər iki üzündə təsvir olunan AĞ RƏNGLİ AYPARA VƏ AĞ RƏNGLİ SƏKKİZGUŞƏLİ ULDUZdur.
         Milli bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna və funksiyası barədə müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar səkkizguşəli ulduzun Azərbaycandakı millətlərin sayını ifadə etdiyini bildirir. Təbii ki bu fikir tamamilə absurt olduğunu çoxdan sübut edib. Çünki, Azərbaycandakı etnosların sayının 8-dən çox olması buna əyani sübutdur. Bununla yanaşı bu simvol Azərbaycan bayrağına hazır şəkildə Osmanlı İmperiyasının bayrağından gətirilib.Tarixi baxımdan isə 3 min ildən çoxdur ki, bu rəmz qədim türk-şərq xalqlarının dövlətçilik atributlarında yer almışdır. Bəzi Qərb araşdırıcıları aypara simvolunu islamlığın  əlaməti kimi qələmə verirlər və belə hesab edirlər ki, aypara orta əsrlərdə Qərbin Şərqə xaç yürüşləri ( xristianların xaç simvoluna qarşı olaraq) zamanı İslam birliyinin təcəssümü olmuşdur. Amma bunlar təbii ki, həqiqətə bənzər fərziyyələrdən başqa bir şey deyildir. Türkiyə tarixçisi Fevzi Kurtoğlu bu məsələdən danışarkən qeyd edir ki, “hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan ön Asiyaya köç etmiş şumerlilər eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Ayparanın türk heraldikasında istifadə olunması nə Sultan Osman Qazinin məşhur röyasından, nə də Sultan Mehmet Fatehin İstanbulu fəthindən başlar. Bunun köklərini dərinlərdə aramaq lazımdır. Hilal türk millətinin tarixi qədər əskidir...” (Kurtoğlu Fevzi. Türk bayrağı və ay-ulduz. Ankara,1992) Səkkizguşəli ulduz əslində günəş kimi yozulmalıdır. Çünki əski türklərdə günəş səkkizguşə şəklində təsvir olunur və ona ehtiram göstərilirdi. Qədim türklər Günəşə və Aya sitayiş edər, və onların inanclarında günəş birinci dərəcəli yer tuturdu və ona Göy Tanrı deyilirdi. Maniçilik dinini qəbul etdikdən sonra Ay kultuna da üstünlük verən türklər aya Ay Tanrı deyə müraciət etdilər. Bir sözlə bayrağımızdakı aypara və səkkizguşəli ulduzun məna etibari ilə qədim türk –şərq xalqlarının inanc sistemini ifadə etməsi bir tarixi reallıqdır və burda başqa heç bir məna axtarmaq lazım deyil.

Azərbaycan Respublikasının Dövlət Gerbi

          Azərbaycan Respublikasının Dövlət gerbi müstəqilliyimizin, istiqlalımızın əsas simalarından, əsas rəmzlərindən biridir. Avropa mənşəli olan gerb sözü “vərəsəlik” mənasına gəlməklə istənilən dövlətin, şəhərin, qohumluq birliyi və ya nəslin fərqləndirici nişanı olub, əksər hallarda bayraqda, möhürdə, pul vahidlərində, istiqraz vərəqələrində və s.əks etdirilir. Gerbin mənşəyi, gerbdə göstərilən simvolların məna və funksiyası,gerbin xüsusiyyətləri, quruluşu və s. məsələlərlə heraldika sənəti məşğul olur. Hansıki bəzən köməkçi tarix fənni olan gerbşünaslıq da deyilir.
Milli gerb hər bir xalqın,dövlətin, şəhərin milli və dini, mifik görüşlərini, eyni zamanda tarixi, siyasi-ideoloji və mədəni baxışlarını əks etdirir. Bu baxımdan dövlət gerbimiz həm simvolların zəngin ahəngdarlığına, həm də dövlətçiliyimizin, xalqımızın tarixi və mədəniyyətini hərtərəfli əks etdirməsi ilə digər ölkələrin gerblərindən fərqlənir.
         Azərbaycan Respublikasının dövlət gerbinin layihəsi 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyətinin dövründə hazırlanmışdır. Bu barədə “Azərbaycan” qəzetinin 1919-cu ilin martın 23-dəki buraxılışında AXC- Nazirlər Şurasının dövlət gerbinin təsvirinin hazırlanması barədə qərarının dərc olunması buna əyani sübutdur. Lakin həmin müsabiqədə uğurla nəticələnən təqdimat olmadığından Nazirlər Şurası 1920-ci il yanvarın 30-da “Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himnin və hərbi ordenlərin layihələrinin hazırlanması haqqında” yenidən qərar qəbul etdi. Bu məsələlərin icrası isə Xalq Maarifi nazirliyinə tapşırıldı. Bu barədə nazirlik tərəfindən 1920-ci ilin fevralın 19-da “Azərbaycan” qəzetində gerb və himnin hazırlanması barədə müsabiqə elan etdi. Milli istiqlalın ikinci ildönümünə qədər bu müsabiqənin ən yaxşı nəticəsi elan olunmalı, dövlət rəmzləri kimi istifadə olunmalı idi. Təəəsüf ki, mənfur sovet işğalı tale yüklü bu məsələləri sonadək həll etməyə imkan vermədi.
         Beləliklə gerbin tarixinə qısa ekskurs edərək onun üzərindəki simvolların mənalarının açıqlanması üçün bir başlanğıc edərək fikrimizi daha da genişləndiririk. Dövlət Gerbində QALXAN- azərbaycanlıların şərq xalqlarından biri, Azərbaycanın isə Şərq dövləti olması ilə yanaşı hər cür hücuma mətinliklə sinə gələn, əzəmətli, dözümlü mənalarını verir. Qalxanın üzərindəki üçrəng-təbiiki, milli ideoloji düsturumuz olan türklük, müasirlik, müsəlmanlığı tərənüm edir. SƏKKIZGUŞƏLI ULDUZ əbədiyyət rəmzi olan Günəşi, Alov- Odlar yurdunu, PALID BUDAQLARI- milli hərbi dəyanətimizi və qüdrətimizi, SÜNBÜL- Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan doğma münasibətini, GÜNƏŞİN AĞ RƏNGDƏ olması xalqımızın və dövlətimizin sülhsevərliyini, xalqımızın sülh, stabillik tərəfdarı olduğuna xidmət edir.
         Bir sözlə milli gerbimizdə əks olunan  işarə və ifadələr Azərbaycan dövlətçiliyi ilə bərabər ümumbəşəri dəyərlərə xidmət edir və dünya heraldika qanunauyğunluqlarına cavab verir.
   
Azərbaycan Respublikasının Dövlət Himni

         Azərbaycan xalqının mənəvi sərvətlərindən biri də onun dövlət himnidir. Milli himn əsas dövlətçilik atributlarımızdan biri olmaqla yanaşı, millli birliyimizin sözlə və musiqi ilə ifadə olunan müqəddəs şah əsərimizdir. Himnimiz, milli dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə yerli və beynəlxalq tədbirlərdə, təhsil müəsisələrində mövcud qanunvericilikdə göstərilən şəkildə hər zaman ayaq üstə, böyük coşqu və ehtiramla oxunur. Bu da milli himnə olan sevgi və sayqımızı, vətənimizə son dərəcə bağlı olduğumuzu nümayiş etdirir. Azərbaycan türkcəsində artıq qərar tutmuş himn sözü qədim yunan (humnos) mənşəlidir. Qədim Yunannıstanda himndən yunan allahlarının və qəhrəmanlarının şərəfinə istifadə edilirdi. Çağdaş dövrümüzdə isə himn dövlətin və xalqın milli müstəqilliyinə həsr edilən şanlı musiqi kimi qiymətləndirilir.
          Musiqisini dahi bəstəkarımız Ü. Hacıbəyovun  bəstələdiyi, sözlərini isə böyük şairimiz Əhməd Cavadın yazdığı milli himnimiz bu gün də AXC –nin varisi olan müstəqil respublikamızın dövlət himni kimi hər bir yerdə böyük coşqu ilə oxunur. Amma tarixdə Üzeyir bəyin böyük dahiliklə yaratdığı bu əsərin adını çəkmək 70-il yasaq olundu. Lakin 1989-cu ildə 14-iyul tarixində “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş “Üzeyir Hacıbəyovun iki marşı” adlı yazısı ilə məlumat verildi. Aydın oldu ki, Üzeyir bəyin iki marşı “Azərbaycan milli marşı” və “ Azərbaycan marşı” adı altında ilk dəfə görkəmli türk musiqişünası Etem Üngör tərəfindən özünün “Türk marşları” kitabında (Ankara 1966) çap olunmuşdur. Bu musiqi əsərlərini yaşatmış Etem Üngörün “Türk marşları” əsərində verdiyi məlumata görə hər iki mahnı Cumhuriyyət dövründə hərbi məktəblərdə əsgəri marş kimi öyrədilirmiş. Eyni fikri 82 yaşlı Rüstəm Hüseynovun indiki himnimiz qəbul edilməzdən xeyli əvvəl çap olunmuş xatirələrindəki qeydlər də əyani sübut etməkdədir. “İndiki kimi yadımdadır. Bakkomunanın dövrü çox aclıq idi. Amma Cumhuriyyət zamanında bolluq oldu. O vaxt mən yetimlər evində yaşayır, “russkoe-tatarskoe” məktəbində oxuyurdum. Milli ordunun kadet korpusu bizim yaşadığımız yerin yaxınlığında, indiki 134 nömrəli məktəbin binasında yerləşirdi. Əsgərlər həmişə o binada bu mahnın oxuyardılar:

Azərbaycan Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağında məsud yaşa...

Yaşasın ağalar, bəy əfəndilər,

Hamı əsgərlər, Azərbaycan!

          Biz də o əsgərləri yamsılayırmış kimi sıraya düzülüb onlar kimi oxumağa başlayardıq. Bolşeviklər gələndən sonra hər şey yığışıldı”.

(N.Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991, s140)

         Bəli, gördüyümüz kimi 82-yaşlı müdrik ağsaqqalın himnimizi əzbərdən söyləməsi, onun yaddaşında bu hadisənin bu günədək qalması bizlərdə böyük bir qürur hissi oyatmaya bilməz. Bu gün müstəqil Azərbaycanın dövlət himni məhz bu tarixi reallıqdan doğan həqiqətdir. Bu tarixi reallığı Azərbaycan Respublikasının Ali Soveti vaxtında qiymətləndirdi və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” 27.05.1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Ü. Hacıbəyovun, mətni Əhməd Cavadın olan “Azərbaycan marşı” təsdiq edildi.
          Hal-hazırda böyük coşqu ilə dövlət və ya qeyri-dövlət tədbirlərində oxunan himnimiz həqiqətə, qəhrəmanlığa, vətən naminə canından belə keçmə duğyğusuna, tarixinə bağlılıq baxımından əhəmiyyətli fikirlərdən və insanı canlandıran, mübarizəyə səsləyən musiqi ilə bəstələnmişdir. Buna görə xalqımızın böyük oğulları dahi bəstəkarımız Ü. Hacıbəyova və himnə yazdığı sözləri ilə xalqımızın  genefonduna əbədi daxil olan Əhməd Cavada ümumxalq olaraq minnətdarıq. Onların əziz ruhları önündə hər zaman baş əyirik.
          Bu barədə Azərbaycanın dünya şöhrətli siyasətçisi mərhum prezidentimiz H. Əliyevin dövlət rəmzləri xüsusilə himnimiz barədə fikirləri maraq doğurur: Mən bu gün bildirmək istəyirəm ki, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cumhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz qanunla istifadə etdiyimiz dövlət himnidir və bir də Azərbaycanın dövlət bayrağıdır...
           Bizim ölkəmizin vətəndaşlarının bəlkədə hamısı bunu istənilən səviyyədə dərk edə bilməyibdir. Ancaq mən xarici ölkələrdə ziyarətlərdə olarkən, Azərbaycanın və həmin dövlətin himni çalınarkən çox böyük qürur hissi keçirirəm. Həmin ziyarətlərimdə məndə bəlkə də ən böyük əhval-ruhiyyə yaradan Azərbaycanın bayrağı altında Azərbaycanın himninin çalınmasıdır. Onu da deyə bilərəm ki, bəzi dövlət başçıları sonrakı söhbətlərdə etiraf ediblər ki, sizin himninizin musiqisi çox gözəldir, bayrağınız da gözəldir. Bu həqiqətən belədir... Ona görə də biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik.

(“Azərbaycan məktəbi” jurnalı, 1999, No5, s.5-6)

          Beləliklə, Azərbaycan Dövlət Rəmzləri, onların məna və mahiyətindən bizlərə bir daha aydın olur ki, bayrağımız, gerbimiz, və himnimizdəki simvolikalar sırf “Türkçülük, İslamçılıq, Müasirlik” düsturu ilə yaradılmış və indi də, gələcəkdə də Azərbaycan xalqının milli şüurunun dirçəlməsinə xidmət edəcəkdir.
          Bu barədə alimimiz öz kitabında qeyd edir: “XIX əsrin sonu XX- əsrin əvvəllərində Azərbaycan milli ideologiyası formalaşdı və tarixdə ilk dəfə 1918-ci ildə milli dövlətin –Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ilə nəticələndi. Özündə türkçülük, islamçılıq və Qərb dəyərlərini birləşdirən həmin ideologiya Azərbaycançılıq idi” (Bax: N. Şəmsizadə. Azərbaycan ideologiyası, s.38). Məhz bu gündə bu üç ideoloji düstur bütöv Azərbaycançılıq məfkurəsinə xidmət göstərən əsas prinsiplərdəndir.
          Bir sözlə, xarici müdaxilə və yad ideologiya nəticəsində əzilmiş milli şüurumuzun yenidən bərpa olunmasında və layiqli inkişafında milli rəmzlərin əvəzsiz rolu vardır. Bunun üçün ilk növbədə Milli Rəmzlərimizin yaranma tarixinin, məzmun və mahiyyətinin, funksiyalarının, istifadə təyinatlarının ayrıca öyrənilməsi üçün məktəbdə kurslar təşkil edilməli, və yaxud məktəblərdə humanitar fənn blokuna aid dərslərin tərkibinə daxil edilməli və ciddi öyrədilməlidir. Hətta keyfiyyəli təbliğatın əmələ gəlməsi üçün bu kursları pedaqoqların arasında keçirmək də zəruridir. Çünki bir çox pedaqoqların özləri belə milli rəmzlərimiz barədə yetərincə məlumatlı deyillər. Bu da təbii ki təhsil sistemimizə yraşmaz bir haldır. Bu məsələnin həlli ilə bağlı Təhsil Nazirliyi xüsusi təbliğat materialları hazırlamalı və məktəblərə paylamalıdır. Bu məsələ elə bir aktual mövzudur ki, nəinki məktəblər, universitetlər, hətta məktəbəqədər tərbiyə müəsisələri də bu barədə ciddi işləməli və onların işləmə mexanizminə isə birbaşa Təhsil Nazirliyi nəzarət etməlidir.

Bu yazı 3826 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :