-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

İdeologiyamızın qaynaqları
Şiriftin ölçüsünü dəyiş

Aygün Həsənoğlu
yazıçı-dramaturq, fəlsəfə doktoru

        Azərbaycan milli ideoloji təfəkkürünün qaynaqları çox-çox dərinliklərdən gəlir. Öncə qeyd etməliyik ki, ideologiyamızın prinsipləri türklük təfəkküründən qaynaqlanmış və intişar tapmışdır. Azərbaycan təfəkkürünü türklükdən ayrı təsəvvür etmək onu öz mənbəyindən, dayaqlarından ayırmaq deməkdir. Tarixin müxtəlif dövrlərində ictimai-siyasi proseslərin təsiri ilə ideoloji düşüncəmiz müxtəlif təsirlərə məruz qalmışdır. Lakin bütün bu proseslər, tarixin hərəkətverici qüvvələri, cərəyanlar və baxışlar sistemi ideoloji təfəkkürümüzü türklük qaynağından ayra bilməmişdir.
        Azərbaycan ideoloji təfəkkürünün əksini biz mifik təsəvvürlərdən bu günədək davam edən türklük psixologiyası üzərində intişar tapdığını, inkişaf etdiyini və genişləndiyini təsdiq edən kifayət qədər əsaslarımız vardır.
        Bütün köklü millətlər kimi türklüyün dünyaya baxışı və ilk fəlsəfi-ideoloji düşüncə tərzi mifik dünyagörüşdə özünü göstərmişdir. Məlumdur ki, Türk mifik təsəvvüründə əsas obrazlar Boz Qurd, Boz öküz, Qoç kimi totemlərdir. Bunların içərisində uzun əsrlər boyu öz nəhəng yerini qoruyub saxlayan, bugünədək dünyagörüşümüzdə izi qalan və hətta siyasi simvol səviyyəsinə qədər yüksələn əsas obraz Boz Qurddur.
        Maraqlıdır ki, Boz Qurd toteminə inanclar nə qədər köhnəlsə də ona sevgi heç bir zaman azalmamış, xalqımızın ən ağır zamanlarında, milli istiqlal mücadiləsində Boz Qurd milləti birləşdirən bir birlik və qurtuluş rəmzi kimi meydana çıxmış, həm bayraqlarda, emblemlərdə istifadə olunmuş, həm də şifahi və yazılı ədəbiyyatda geniş əks etdirilmişdir. Boz Qurd miflərində Türkün xilaskarı, ədalət və azadlıq simvolu kimi ortaya çıxan Boz Qurd Türk tarixində ən önəmli rol oynayan, millətin psixologiyasında siyasiləşən və canlanan bir baxışlar sistemidir desək, səhv etmərik. Türk mifik təsəvvürü ilk yazılı abidəmiz hesab olunan “Kitabi Dədəm Qorqud” dastanlarında da özünü göstərir. “Qaçanı qovmadılar, aman istəyəni öldürmədilər”, “İgid namərdlik etməz”. Ədəbiyyatımızın ən böyük dahisi Nizami Gəncəvinin əsərlərində əsl türk obrazları ilə rastlaşırıq. Nizamı ədalətli, məğrur, haqqı nahaqqa verməyən xarakterlər silsiləsi yaratmaqla və zəngin nəsihətlər sistemi ilə böyük bir məktəb yaratdı. Məsələn, “Yeddi gözəl”, əsərində olduğu kimi, bir hökmdar sadə bir kənizdən üzr istəyə bilər, yaxud “Nuşirəvan və bayquşların söhbətində” bayquşların söylədiklərinə görə padşah peşman olub ədalətli ola bilər. Və yaxud, bir qarının sözlərindən sultan utanıb xəcalət çəkə bilər. Nizaminin qəhrəmanları məhz bu hərəkətləri ilə bir nümunə idi.
        Ədəbiyyatımızda ən çılğın poetik qəhrəmana Nəsiminin yaradıcılığında rast gəlinir. Üsyankar, cəsarətli, dövrün axınına və cəhalətə qarşı çıxmağı bacaran bir obraz!
        Əsl Azərbaycan türklüyünün obrazına Hüseyn Cavidin əsərlərində rast gəlirik. “Maral” əsərində qəhrəmanının dili ilə Cavid yazır: “Bir Türk nə gülər, nə oynar, nə də ağlar. Gülmək çocuklara, oynamak çinganələrə, ağlamaq isə qadınlara yaraşar”. Və yaxud, “Ana” əsərində ana oğlunun qatilini ona görə buraxır ki, qatil onun evinə sığınmışdır. Qonağa isə əl qaldırmaq Türkə yaraşan sifət deyil. “Qız məktəbində” şeiri ilə böyük şairimizin gənclərə nəsihəti ilə qarşılaşırıq. Hüseyn Cavid nəinki Azərbaycan, hətta dünya türklüyünün ən xarakterik qəhrəmanlarını yaratmış şəxsiyyətdir.

Turana qılıncdan daha kəskin bir qüvvət
Mədəniyyətdir, mədəniyyətdir, mədəniyyət

- deyə yazan Cavid eyni fikri “Topal Teymur” əsərində daha geniş şəkildə tərənnüm etmişdir. Hüseyn Cavid Turançılıq, Türklük ideyalarının ən böyük tərənnümçüsüdür. Onun istər şeirlərində, istər səhnə əsərlərində yaradılmış silsilə obrazlar və ideyalar sistemi Türklük nəzəriyyəsinin, Milli İdeologiyanın bütün tərəflərini özündə əks etdirir. Milli İdeologiya nəzəriyyəsinin yaradılması üçün məhz Cavid yaradıcılığını dərindən öyrənmək, misra-misra, obraz-obraz təhlil etmək və onun qurduğu ideoloji nəzəriyyəni üzə çıxarmaq yetərlidir. Cavid yalnız şair, dramaturq, yaxud filosof deyil, həm də nəzəriyyəçidir, ideoloqdur.
         Cəfər Cabbarlının qəhrəmanları isə daha üsyankar, daha fəal və cəmiyyəti dəyişdirməyə qadir olan insanlardır. Çox gənc yaşlarında həyatı tərk etmiş böyük dramaturq insanla cəmiyyəti bölünməz, tam bir vahid kimi görür, şüurlarda yaranan  oyanışın, mədəni dirçəlişin bir nöqtədən başlanaraq bütün çevrəni, cəmiyyəti dəyişdirməyin mümkün olduğunu göstərir. Cabbarlının əsərlərinin son dərəcə təmiz, saf dildə yazılması, bütün fəaliyyətində dilimizin yad sözlərdən təmizlənərək türkləşməsi üçün mübarizə aparması, qəhrəmanlarına məhz milli adlar seçməsi, bir azərbaycanlı türkün taleyin zərbələri qarşısında aciz qalmadan mücadiləyə qalxaraq, inkişaf edərək, öz yolunu məhz özü seçərək azadlığını əldə etməsi də örnək ola biləcək xüsusiyyətlərdir.
        Azərbaycanın bütün ağrılarını, dərdlərini öz yaradıcılığında bir güzgü kimi göstərən Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində milli düşüncə bir neçə xətt üzrə inkişaf edir. Birinci xətt millətin övladlarının dilə münasibətdir, ikincisi vahid ideologiyanın olmamasının yaratdığı fəsadlardır. Xeyriyyə məqsədi ilə keçirilən toplantıda aclara yardım məsələsi müzakirə olunarkən, fərqli ölkələrdə təhsil alan ziyalılar o ölkənin dili ilə danışdıqları üçün heç kəs bir birini başa düşmür, nəticədə yardım baş tutmur. Lakin əsərdə ana tarixi, yaddaşı, milli düşüncəni əks etdirən iki obraz var: Doğma dilindən başqa heç bir dil bilməyən Gülsabah və tarixi yaddaşın daşıyıcısı və ötürücüsü Ana ilə onun kitabı.
        Həmişə savadsızlıqla, cəhalətlə mübarizə aparan Cəlil Məmmədquluzadə yabançı ölkələrdə təhsil alarkən yabançılaşmağın əleyhinə idi və bunun nəticələrini “Anamın kitabı” əsərində göstərmişdir.
        Almas İıldırım poeziyası Azərbaycan türklüyünün iztirablarını,  həyəcan və düşüncələrini, üsyankarlığını əks etdirən ən gözəl nümunələrdir.
        Ümumiyyətlə, ədəbiyyatımızda milli ideoloji düşüncəni əks etdirən kifayət qədər ədəbiyyat vardır. Çağdaş yazıçılarımızdan İsa Hüseynovun İdeal (Əbədiyyət) romanında tarixi vərəsənin qorunması uğrunda gedən mübarizə öz əksinin tapmışdır. Bu vərəsənin (tarixi yaddaşın) qoruyucuları onu nəsildən-nəslə, zamandan-zaman ötürürlər, çünki vərəsə millətin hələ üzə çıxmamış  tarixidir. Mövlud Süleymanlının “Səs”, Elçinin “Ölüm hökmü”, Yusif Səmədoğlunun “Qətl günü” romanları da millətimizin keçdiyi tarixi proseslərin onun milli şüuruna, ruhuna vurduğu zərbələri əks etdirir. Bu əsərlər nə qədər mükəmməl olsalar da, sonda bədbinlik ruhu hakimdir.
1979-cu ildə 28 yaşında həbsxanada vəfat etmiş Tofiq Vəndamlının 2005-ci ildə çap olunan “Qandal qolda nə yazım” adlı kitabında “Çağırış”, “Vətən desinlər” kimi şeirlərində əsl vətəndaş obrazı yaradılmışdır.
        Lakin təəssüflə qeyd etməliyik ki, son dövr ədəbiyyatımızda Milli İdeologiyanı əks etdirən və tərənnüm edən əsərlər demək olar ki, yaranmamışdır. Özünü yeni ədəbiyyatın nümayəndəsi adlandıran “posmodernist” gənc müəlliflər bəşərilik ideyasını təqdim etməklə əslində milli simasızlıq, əsrlərlə təfəkkürümüzdə qorunub saxlanan milli dəyərləri dağıtmaqla ədəbiyyatda qalmaq, beynəlxalq məkanda tanınmaq istəyirlər. Bu müəlliflər unudurlar ki, hər bir şəxsin dəyəri əslində onun böyük bir kökə bağlılığı, məhz özünə məxsus olanlara sadiq qalması ilə müəyyənləşir. Bir avropalı üçün Avropa əxlaqını təbliğ edən əsər yalnız siyasi cəhətdən cəlbedici ola bilər. Amma bir Şərq, bir asyalı, bir azərbaycanlı türk əxlaqını əks etdirən əsər bilmədiyi, dərk etmək istədiyi bir dünyanın əksi kimi daha maraqlıdır və daha yüksək dəyərləndirilir.
        Məsələn, Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanlarında Avropa ilə Asiya, Şərq-Qərb təfəkkürünün, əxlaqının toqquşması bütün kəskinliyi ilə göstərilmişdir. Burada əks əxlaqların təmsilçisi olan qəhrəmanları sevgi birləşdirir, lakin onların təfəkkürü dəyişmir, hər biri sonadək öz baxışlarını müdafiə edir. Bununla böyük yazıçı-ideoloq bir-birinə əks olan ideyalar dünyasında da öz ruhunu qorumağın mümkün olduğunu göstərmişdir. Demək, ədəbiyyatda əsas məsələ nədən yazmaq deyil, necə yazmaqdır. Yalnız güclü qələmi olan yazıçı başqa tərzləri təqlid edir, böyük yazıçılar isə yaratdığı əsərlərin mükəmməlliyində həm də öz baxışlar sistemini yaradır, təqdim və təbliğ edirlər.
         Təəssüflə qeyd etməliyəm ki, böyük şair və yazıçılarımızın ədəbiyyatın dili ilə təqdim etdikləri milli ideoloji düşüncəyə münasibət bu çağdaş şair və yazıçılarımızda yox dərəcəsindədir. Bunu nəzərə alaraq yaradıcılığımı, bütün qüvvəmi Milli İdeologiyamızın təbliğinə yönəltdim. Adlarını çəkdiyim böyük şəxsiyyətlərin yolu ilə gedərək yazdığım bütün əsərlərimdə Milli İdeologiyanın nəzəri sistemini yaratmağa çalışmışam. Hesab edirəm ki, bir yazıçının millətə ən böyük xidməti də məhz budur.
        Yuxarıda qeyd edilən əsərlərin təhlili zamanı Azərbaycan milli ideoloji təfəkkürünün aşağıdakı çalarlarını qeyd etmək olar:
  1. Heç bir millətə, heç bir etnik qrupa və dinə qarşı çevrilməyən əsl Türklük!
  2. Milli dəyərlərə hörmət və sədaqət;
  3. Çağdaşlıq və inkişaf; (Azərbaycan türklüyü həmişə çağdaş zamanın tələblərinə cavab verib);
  4. Elm və mədəniyyət;
  5. Türklüyə əks olmayan Asiya və Şərq dəyərləri;
  6. Bəşəri dəyərlər
  7. Dini dəyərlərimiz (totemizm, şamanizm, atəşpərəstlik və bütün dinlərin ən mükəmməli olan İslamın ən gözəl dəyərlərinin öyrənmək);
  8. Torpaq, yurd, ocaq dəyərləri;
  9. Ana, ata-baba, böyüyə, qonağa hörmət;
  10. Çörəyə hörmət;
  11. Dövlət maraqları;
  12. Ana, bacı, qadın namusu;
  13. Kişinin qoruyucu, qadının yaradıcı rolu və s
        Ancaq təəssüflə deməliyik  ki, bu gün ictimaiyyətdə, Kütləvi İnformasiya Vasitələrində, bədii filmlərimizdə və ədəbi əsərlərdə milli ideoloji təfəkkürə laqeydlik, biganəlik vardır. Teatrlarımızda milli ruhda olan əsərlərə demək olar ki, yer verilmir və KİV tərəfindən heç bir reklamı aparılmır. Son illərdə çəkilən, Qarabağ müharibəsinə həsr olunmuş filmlərimiz həm ideoloji-siyasi, həm də sənətkarlıq baxımından çox zəifdir. Hesab edirik ki, milli ruhda olan sənədli və bədii filmlərin çəkilişi ilə məşğul olacaq xüsusi kinostudiyanın yaradılmasına, bu məqsədə xidmət edən əsərləri dəstəkləyən və təbliğ edən mərkəzin yaradılmasına ehtiyac vardır. Milli İdeologiya millətin gələcəyinin təməlidir, onu yaşatmaq, qorumaq və inkişaf etdirmək lazımdır. Azərbaycan ideologiyasının qaynaqlarından söz açarkən Əli bəy Hüseynzadəni unutmaq olmaz. Əli bəy Hüseynzadə Türklüyün ideya ocaqlarını yandıran ilk şəxsiyyətlərdən olmuş, ideoloji düşüncəmizin siyasi-ideoloji nəzəriyyəsini yaratmışdır. Bəli, ideologiyamızın qaynaqları vardır. Bundan sonra da olması və yaşaması üçün xüsusi nəzəri sistemin prinsiplərinin hazırlanmasına, təkmilləşdirilməsinə ehtiyac vardır.

Bu yazı 1701 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :