-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan Konstitusiyası və Milli İdeologiya problemi
Şiriftin ölçüsünü dəyiş

Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyinin
İdarə Heyətinin üzvü, hüquqşünas

        Hazırda Azərbaycan dövlətçiliyində mühüm əhəmiyyət kəsb edən, ancaq hələ də öz həllini tapmayan məsələlərdən biri milli dövlətçilik ideologiyasıdır. Bu məsələyə baxış birmənalı deyil. Bəziləri Azərbaycan Respublikasının Milli İdeologiyası kimi türkçülüyü, digərləri isə sırf azərbaycançılığı göstərir. Bəzən bu mövqelər ayrı-ayrı siyasi qrupların baxışları kimi qələmə verilir və hətta qarşı-qarşıya qoyulur. Cəmiyyətdə alternativ baxışlara rast gəlmək mümkün olsa da, onlar həm gerçəkliyə, həm də milli şüura o qədər də uyğun deyil. Milli İdeologiya problemi üzərindəki bu araşdırmamızı da məhz türkçülük və azərbaycançılığın əsl mahiyyətinin üzə çıxarılması və müasir dövrün gerçəkliklərinə nə qədər cavab verməsi üzərində qurmağa çalışmışıq.
        Biz nə yeni bir ideologiya yaradırıq, nə də ki, cəmiyyətə öz mövqeyimizi yeritməyə çalışırıq. Məqsədimiz tariximiz boyu əldə etdiyimiz ən böyük nemət olan dövlətimizin – Azərbaycan Respublikamızın təməllərinin möhkəmlənməsinə və gələcəyin qüdrətli dövlətinə çevrilməsinə öz töhfəmizi verməkdi. Tədqiqat obyekti olan məsələyə mümkün qədər obyektiv yanaşmağa çalışmışıq və ilk növbədə Azərbaycan Respublikasının mənafelərini düşünmüşük. Bu araşdırmanın inkişaf etdirilərək gələcəkdə bu mühüm problemin həllinə zəmin yaradacağına ümid edirik.

        1.    Milli İdeologiya nədir?

        İdeologiyaya müxtəlif təriflər verilir. Milli İdeologiya millətin ali məqsəd və marağıdır. İdeologiya insanların bilavasitə praktiki fəaliyyətləri ilə bağlı olub cəmiyyətdə mövcud olan ictimai qaydanın və münasibətlərin formalaşmasına, möhkəmlənməsinə, dəyişməsinə yönəlmişdir.
        Həmin təriflərdə irəli gələn ortaq nəticə bundan ibarətdir ki, ideologiya cəmiyyətdə formalaşan baxışlar sistemidir və bu baxışlar cəmiyyətin yaranması, mövcudluğu və dəyişdirilməsində mühüm rol oynayır. Bəşər tarixində ayrı-ayrı dövlətlərdə liberal, xristian-demokrat, kommunist, faşist, İslam, millətcilik və s. kimi ideologiyalar mövcud olmuşdur.
        Bir qayda olaraq müasir sivil dövlətlərdə ideoloji plüralizm tanınır. Bunun da mahiyəti odan ibarətdir ki, heç bir məfkurə dövlətin ideologiyası səviyyəsinə qaldırıla və məcburi xarakter daşıya bilməz. İdeoloji plüralizm öz təcəssümünü siyasi plüralizmdə, çoxpartiyalı sistemin formalaşmasında tapır. Dövlətin vətəndaşları bu və ya digər məfkurəni daşımaqda, onun həyata keçirilməsində fəal iştirak etməkdə sərbəstdirlər. Dövlət özü də vətəndaşlarına hər hansı bir ideologiyanı məcburən qəbul etdirə bilməz.
        Rəsmi şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında ideoloji plüralizm təsbit edilməsə də onun ayrı-ayrı müddəalarının şərhi respublikamızda ideoloji plüralizmin mövcud olduğunu deməyə əsas verir.
        Ancaq bu o demək deyil ki, dünyada rəsmi ideologiyası olmayan dövlət yoxdur? Əksinə rəsmi ideologiya təsbit edilmiş dövlətlərdə bu amil dövlətin məqsədlərini aydınlaşdırır, əhalidə dövlətçilik şüurunu gücləndirir.
        Hər bir dövlətin ilkin rəsmi «vəsiqəsi» rolunu onun Konstitusiyası oynadığından rəsmi Milli İdeologiyanın Konstitusiyada təsbit edilməsi zəruridir və burada qeyri-adi bir şey yoxdur. Bu baxımdan bir sıra dövlətlərin Konstitusiyalarına müraciət edək.
       Türkiyə Cümhuriyyəti Anayasası milli dövlətçilik ideologiyasının rəsmən təsbit edildiyi Konstitusiyalardan biridir. Anayasanın birinci maddəsinə əsasən Türkiyə dövləti bir Cümuriyyətdir. Bu sadəcə ibarəli cümlə deyil, dövlətin respublika idarəçilik üsuluna malik olmasının dövlətin ən ilkin təməl daşı olduğuna işarədir. İkinci maddəyə nəzər salaq: Türkiyə Cümhuriyyəti, cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmətlə yanaşan Atatürk millətçiliyinə bağlı, «Başlanğıcda» (Preambulada A.A.) müəyyən edilən əsas prinsiplərə söykənən, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir. Burada diqqət çəkən məqam Türkiyə dövlətçiliyinin ümumbəşəri dəyərlər olan insan haqları, demokratiya, dünyəvilik və s. prinsiplərlə eyni dərəcədə Milli İdeologiyaya, yəni Atatürk ideyalarına önəm verməsinin öz əksini tapmasıdır. Konstitusiyanın Preambulası isə demək olar ki, tamamilə ideoloji şüarlarla o cümlədən atatürkçülüyə istinadlarla doludur.
        İdeoloji müddəaların zənginliyi baxımından Çin Xalq Respublikasının Konstitusiyası da bütün dünya konstitusiyaları içərisində universal hesab edilə bilər. Belə ki, Konstitusiyanın Preambulasında Çin xalqının qədim və zəngin dövlətçilik ənənələri vurğulanmaqla yanaşı son iki yüzillik ərzində ölkənin tarixində baş vermiş mütərəqqi inqilabi proseslər, xüsusən sosializmin kapitalizm üzərində qələbəsinə geniş yer verilir,  Çin dövlətçiliyinin  marksizm-leninizm və Ma Tsze Dun ideyalarına əsaslanması, hətta Tayvan adasının Çin dövlətinin ayrılmaz tərkib hissəsi olması və gələcək nəsillər üçün bu problemin həllinin vacibliyi təsbit edilir. Dövlətlərin əsaslarının təsbit olunduğu birinci maddədə isə Çin Xalq Respublikasının fəhlə sinfi tərəfindən rəhbərlik edilən və fəhlə-kəndli ittifaqına əsaslanan xalq demokratik diktaturasının sosialist dövləti olması, sosializm quruluşunun dağıdılmasının qeyri mümkünlüyü təsbit edilmişdir.

        2.    Azərbaycan dövlətinin əsasları

        İlkin maraq doğuran məsələ Azərbaycan dövlətinin rəsmi adının birbaşa şəkildə təsbit edilməməsidir. Konstitusiyanın yeddinci maddəsində «Azərbaycan dövləti…. respublikadır» əqli nəticəsi sadəcə dövlətin idarə üsulunu ifadə edir. Qalan bütün müddəalarda isə «Azərbaycan Respublikası» ifadəsindən istifadə edilməsi dövlətin rəsmən məhz belə adlandırıldığını təsbit edir. Yəni konkret olaraq Azərbaycan dövlətindən danışarkən məhz coğrafi ərazini ifadə edən «Azərbaycan» sözündən deyil, məhz «Azərbaycan Respublikası» ifadəsindən istifadə etmək lazımdır. Bu baxımdan Gürcüstan Konstitusiyası daha düzgün mövqe tutub. Belə ki, Gürcüstan Konstitusiyasının birinci maddəsi dövlətin rəsmi adını birbaşa şəkildə («Gürcüstan») qeyd etməklə yanaşı həm də Abxaziya və Cənubi Osetiya adlanan ərazilərin Gürcüstanın ayrılmaz tərkib hissəsi olduğunu, ölkənin inzibati ərazi quruluşunun isə dövlətin özünün bütün ərazisində suverenliyini bərqərar etdikdən sonra müəyyən ediləcəyi təsbit edilir.
        İndi isə Azərbaycan Respublikasının Konstitusiyasında dövlətimizin ideoloji əsaslarını müəyyən etməyə çalışaq. Konstitusiyada Azərbaycan dövlətinin təməl prinsipləri 7-ci maddədə təsbit edilmişdir. Həmin maddəyə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlətin əsasları kimi təsbit edilən bu prinsiplər müasir sivil dövlətlər üçün ümumi olan müddəalardır. Bir çox dövlətlər bu prinsiplərini birbaşa şəkildə bəyan etməsə belə müasir dövrdə onlar bütövlükdə beynəlxalq hüququn, bəşər cəmiyyətinin əsasları kimi çıxış edir.
        Konstitusiyanın hazırkı redaksiyada 12-ci maddəsində dövlətin (maraqlıdır ki, «Azərbaycan Respublikası» ifadəsi işlədilmir) ali məqsədi kimi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi göstərilir. İlk baxışda müasir sivil dövlət üçün mütərəqqi bir norma kimi görünür. Amma əslində vəziyyət bir qədər ziddiyyətlidir. Belə ki, yeddinci maddədə dövlətin əsasları kimi Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət olması bəyan edilir. Hüquqi dövlətdə isə insan və vətəndaş hüquq və azadlıqlarının təsbiti və təmin edilməsi ən zəruri şərtlərdən biri kimi çıxış edir. 12-ci maddəsinin sadə təfsiri isə belə görünüş yaradır ki, hazırda ölkəmiz insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək iqtidarında deyil, bu istiqamətdə çalışır və bütün gücünü bu istiqamətə yönəltmişdir. Yaxşı bəs bu «ali məqsəd»ə nail olunduqdan sonra «Azərbaycan dövləti» nəyə xidmət edəcək? Fikrimizcə belə ziddiyyətin yaranmasına səbəb həmin maddədə məhz «dövlətin məqsədi» ifadəsinin işlədilməsidir. Halbuki, Rusiya və Ukraynanın Konstitusiyalarının analoji maddələrində «dövlətin vəzifəsi» ifadəsi işlədilir ki, bu da daha məntiqlidir.
        Bundan başqa hazırda göstərilən müddəadan başqa Konstitusiyada Azərbaycan dövlətinin qarşısında duran məqsəd və ya vəzifələr, yəni Azərbaycan dövlətinin təyinatına dair heç bir norma yoxdur. Müəyyən qədər Konstitusiyanın Preambulası bunun əvəzedicisi kimi görünə bilər. Orada deyilir: «Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

        — Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

        — Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

        — vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

        — xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

        — ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;

        — ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək».

        Lakin, Preambula Konstitusiyanın əsas mətnindən fərqli olaraq sadəcə şüar kimi görünür və normativ xarakter daşımır. İkincisi burada konkret olaraq Azərbaycan dövlətindən deyil «Azərbaycan xalqının» niyyətlərindən söhbət gedir («Azərbaycan xalqı» ifadəsinin təhlilinə aşağıda müraciət edəcəyik). Bundan başqa Konstitusiyanın yalnız Preambulasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına istinad edilir. Bu aktın hüquqi statusu müəyyən qədər müəmmalıdır. Çünki Konstitusiyanın özündə onun qüvvədən düşməsi barədə elə bir mülahizə yoxdur. Azərbaycan dövlətinin normativ hüquqi aktları sistemində isə Konstitusiya Aktı referendumla qəbul edildiyi üçün Konstitusiyadan sonra ikinci dərəcəli hüquqi əhəmiyyət kəsb edən aktlardan biri kimi çıxış edir. Lakin, aktın bir sıra müddəaları ilə daha sonra qəbul edilmiş Konstitusiyanın müddəaları arasında ziddiyyətlər də mövcuddur (məsələn mülkiyyətin formaları ilə bağlı). Fikrimizcə,  hüquqi qaydalara müvafiq olaraq «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının daha sonra qəbul edilmiş Konstitusiyaya zidd olmayan müddəaları hələ də qüvvədə olan hesab edilməlidir. Belə müddəalar sırasında xüsusən ideoloji xarakter daşıyan çox mütərəqqi müddəaları göstərmək lazımdır.
        Konstitusiya Aktını tam bir Milli İdeologiya sənədi hesab etmək olar. Belə ki, Aktın ümumi məğzi Azərbaycan dövlətinin yeni yaranmadığını, Azərbaycan xalqının ən azı yetmiş il əvvəldən siyasi bir millət kimi yetişərək milli dövlətçiliyə yiyələndiyini nümayiş etdirir. Tarixə ekskursiya edərək Cümhuriyyətin milli dövlətçilik tarixindəki əhəmiyyətini qeyd edir: «Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı». Konstitusiya Aktı 1920-ci il aprelin 27-28-də RSFSR-in beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritməsi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etməsi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirməsini qeyd edərək həmin hadisəyə təcavüz aktı kimi hüquqi qiymət vermişdir: «1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin».
        1995-ci il Konstitusiyasında təsbit edilməməsinə baxmayaraq «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı Azərbaycan dövlətinin təyinatını, onun  qarşısında duran vəzifələri də təfsilatı ilə təsbit etmişdi:
        «1. Azərbaycan xalqının birliyini qorumalı, ayrıca şəxsin, ailənin, ictimai birliklərin və digər kollektivlərin mənafeyinə uyğun surətdə qanundan irəli gələn hüquqları və azadlıqları müəyyən edərək və bunlara hörmət göstərilməsini təmin edərək hüquq qaydası yaratmalıdır.
         2. Sosial fəallığın bütün növlərinə rəvac verməli və onları əlaqələndirməli, bütün vətəndaşların mənafelərinin qanuna əsasən uzlaşmasını təmin etməli, hər bir şəxsin azad inkişafı üçün bərabər şərait yaratmalıdır.
         3. Dövlət və ya ictimai mənzil fondunun evlərində abad yaşayış sahəsi almaqda və ondan daimi istifadə etməkdə, fərdi mənzil tikintisində Azərbaycan Respublikası vətəndaşlarına kömək göstərməlidir.
         4. Güzəranı daha ağır olan əhali qruplarının vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsi qayğısına qalmalı, onların insana layiq həyat səviyyəsini, binəsiblərin sosial müdafiəsini təmin etməyə çalışmalıdır.
        5. Azərbaycan Respublikası vətəndaşlarının həyatına, sağlamlığına, şəxsi azadlığına və təhlükəsizliyinə edilən qəsdlərdən onların müdafiəsini təmin etməlidir.
        6. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumalı, sağlam ekoloji mühitin mühafizəsinə kömək göstərməli, dövlətin əzəli və təbii özəyi olan ailəni, habelə anaları və uşaqları himayə etməlidir».
        Qeyd etdiyimiz kimi hüquqi baxımdan göstərilən müddəalar hələ də qüvvədədir. Hazırda Konstitusiyaya edilmiş dəyişiklərlə ali referendum layihəsində 12-ci maddəyə düzəliş edilməsi bu sahədə Konstitusiyada mövcud olan boşluqların aradan qaldırılmasında olduqca əhəmiyyətlidir. Belə ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə yanaşı bilavasitə, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi də dövlətin ali məqsədi kimi təsbit edilir. Bu müddəa isə bilavasitə Azərbaycan xalqının mənafeyinə xidmət edir.
         Lakin, fikrimizcə Konstitusiyaya edilən analoji dəyişikliklərlə kifayətlənməməli, bu istiqamətdə irəliləyişlər davam etdirilməlidir. Fikrimizcə, Konstitusiya aktında təsbit edilmiş həmin müddəaların da Konstitusiyaya daxil edilməsi zəruridir.

         3.    Azərbaycan xalqının Milli İdeologiyası. Türkçülük və azərbaycançılıq.

        Bəs, Azərbaycan Respublikasının Milli İdeologiyası qismində nə çıxış edir? Konstitusion səviyyədə bunu müəyyənləşdirmək mümkündürmü?
        Uzağa getməyək. Bədnam qonşumuz Ermənistanın Konstitusiyası da ideoloji müddəalarla o qədər zəngin olmasa da burada sırf ermənilərə xas normalara da rast gəlmək olur. Belə ki, Konstitusiyada respublikanın gerbi birbaşa şəkildə belə təfsir olunur: - «mərkəzdə qalxan üzərində Nuhun gəmisi və tarixi Ermənistanın (?) dörd (?) çarlığının gerbi ilə birlikdə Ararat dağı (Ağrıdağ – A.A.) təsvir edilmişdir» .
        Milli İdeologiyanın dövlət rəmzləri formasında təcəssüm etdirilməsi Fransa Respublikası üçün də xarakterikdir. Ölkə Konstitusiyasının 2-ci maddəsində deyilir: “Fransa bölünməz, dünyəvi, demokratik və sosial respublikadır. O, mənşəyindən, irqindən və ya dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edir. O, bütün inanclara hörmət göstərir.
         Milli emblem, üçrəngli - göy, ağ, qırmızı – bayraqdır.
         Milli marş - «Marselyoza»dır.
         Respublikanın devizi - «Azadlıq, Bərabərlik, Qardaşlıq»dır.
         Prinsipi: xalqın tərəfindən, xalq üçün və xalqın hökuməti”.
        Göstərilən normalar praktikada ilk baxışda heç bir normativ səciyyə daşımayaraq necə deyərlər deklarativ normalardır. Lakin, milli birliyə nail olunmasında və dövlətçilik məfkurəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edirlər. Məlum olduğu kimi Fransanın bayrağındakı (trikolor) qırmızı, ağ, göy rənglər məhz azadlıq, bərabərlik və qardaşlığı simvolizə edir. Hesab edirik ki,  analoji mövqedən yanaşaraq Milli İdeologiyamız istiqamətində axtarışlarımızı asanlaşdırmaq olar.
          Azərbaycan Respublikasının dövlətçilik atributlarının təsbit olunduğu 23-cü maddəyə müraciət edək: Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
        Məlum olduğu kimi Konstitusiyamız 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin dövlətçilik rəmzlərini qəbul etmişdir. Bu təsadüfi deyil. Çünki, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı birbaşa şəkildə Azərbaycan Respublikasını 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisi hesab edərək SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsız saymışdır.
          Dövlətçilik rəmzlərinin mənası Konstitusiyamızda ifadə edilməsə də hazırda Azərbaycanda az qala hər kəs bu zolaqların rəmzi mənasını bilir: türkləşmək, müasirləşmək, islamlaşmaq. Bu isə elə milli Azərbaycan dövlətçiliyinin yaranmasının ideoloji əsası olan türkçülüyün üç əsas prinsipidir.
        Bəs hazırda türkçülük müasir Azərbaycan dövlətçiliyinin rəsmi ideologiyası kimi qəbul edilə bilərmi?
        Əvvəlcədən bu istiqamətdə öz fikrimizi ifadə edək: Azərbaycan Respublikasının Milli İdeologiyası türkçülük üzərində qurulmuş azərbaycançılıq çıxış etməlidir. Azərbaycançılıq da türkçülük kimi özündə türkləşməyi, müasirləşməyi və İslamlaşmağı birləşdirməlidir.
Müasir dövrdə rəsmi səviyyədə türkçülük Milli İdeologiya kimi qəbul edilmir. Rəsmi bəyanatlarda isə Milli İdeologiya kimi azərbaycançılıq bəyan olunur.
Bəs türkçülük nədir və müasir dövrdə hansı mənanı ifadə edir?
        XIX əsrdə bütün türk xalqlarının Avropa dövlətlərinin müstəmləkə asılılığı zəminində yaranan və uzun müddət sovet tarixşünaslığında pantürkizm adı ilə kəskin tənqid edilən bu cərəyanının meydana gəlməsi türk xalqları arasında siyasi-milli oyanma prosesinin dərinləşməsi, millətlərin meydana gəlməsi, nəticədə isə bir sıra mühüm axınların və hərəkatların yaranması ilə bağlıdır. Qərbin müstəmləkə siyasətinə qarşı yönəlmiş olan "romantik panturanizm", türk xalqlarının kütlələrini öz müstəqilliklərini bərqərar etmək istiqamətində fəal mübarizəyə səsləməklə Azərbaycan xaqının milli azadlıq mübarizəsində mühüm rol oynamışdı. Buna görə də türkçülüyü mürtəce və qorxunc bir ideologiya kimi deyil, məhz xalqı özünə qaytarmaq mənasında başa düşmək lazımdır. Türkləşmək, sözün geniş mənasında türk ədəbiyyatı, türk mədəniyyəti yaratmaq deməkdir.
        Mütərəqqi və maarifçi bir ideologiya kimi türkçülük ən yuxarı səviyyədə bütün türk xalqlarının, xüsusilə Azərbaycan türklərinin milli özünüdərki ilə bağlı bütün prosesləri birləşdirməlidir. Azərbaycan hüdudları çərçivəsində götürdükdə türkçülük özünü «türk» adlandıran Qafqaz türklərinin milli oyanışını, öz dilini və mədəniyyətini qoruyub inkişaf etdirməyi ifadə edirdi.
        Mədəni səviyyədə Rusiya imperiyasında təşəkkül tapan türkçülük ilk dəfə Osmanlı dövlətində artıq Turançılıq şəklində siyasi doktrina xarakteri kəsb etməyə başlayır. Bundan sonra Rusiya imperiyasının qalıqları üzərində də sosial–maarifçi türkçülüyün zəminində daha böyük və konkret tələblər səsləndirən siyasi türkçülük formalaşmışdır. Sovet müəlliflərinin panislamizm, pantürkizm adlandırdıqları  bu birlik əslində imperiyanın yeritdiyi ayrı-seçkilik siyasəti nəticəsində özlərini vahid bir millət kimi dərk etməyə başlayan Rusiya türklərinin milli özünüdərk və öz müqəddəratını təyin etmək arzularından başqa bir şey deyildi.
        Rusiya imperiyasının süqutu ilə Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəylinin başçılıqları altında Bakı və Gəncə şəhərlərində mərkəzləşən Azərbaycan türkçüləri öz ideyalarını artıq siyasi tələblər müstəvisinə keçirərək – muxtariyyət ideyasından milli respublika ideyasına keçirmiş və sonradan birləşərək 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin simasında onu reallaşdırmışdılar. Müstəqillik Azərbaycan üçün göydən düşmüş gözlənilməz hədiyyə deyil, tarixi zərurətin məntiqi nəticəsi idi.
        Beləliklə, türkçülük dar mənada elə sırf Azərbaycan türklərinin, azərbaycanlıların milli dövlətçilik ideologiyasıdır. Türkçülük Azərbaycan cəmiyyətində hakim ideologiyaya çevrilməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına, dövlətçilik hissinin güclənməsinə böyük təkan vermiş, onun sağlam, demokratik və sivil dünyagörüşü sisteminə çevrilməsini sürətləndirmişdir. Azərbaycançılıq isə türkçülüyün Azərbaycan adlı məkanın hüdudlarına salınmasıdır.
        Müasir dövrdə vəziyyət bir qədər mübahisəlidir. Bəzən ümumiyyətlə, sırf coğrafi amillərlə əsaslandırılan azərbaycançılıq milli amillərlə əsaslandırılan türkçülüyə qarşı qoyulur. Azərbaycanda türkçülükdən imtinanın göstəricisi kimi dövlət dilinin türk dili yox azərbaycan dili kimi təsbit edilməsi əsas gətirilir. Amma əslində belədirmi?
        Əvvəlcə Konstitusiyaya əsaslanaraq müasir mənada azərbaycançılığın nəyi ifadə etdiyini aydınlaşdırmağa çalışaq. Konstitusiyada sistemli şəkildə təsbit edilməsə də ayrı-ayrı maddələrin təhlilindən bunu müəyyən etmək olar. Belə ki, Konstitusiyanın birinci maddəsinin ikinci hissəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi çıxış edən Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarının məcmusunu təşkil edir. Eyni müddəanı Konstitusiyanın 52-ci maddəsi də təsdiq edir: Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
        Konstitusiyanın mövqeyi aydındır. “Azərbaycan xalqı” etnik deyil, milli məfhumdur. Millət məfhumu burada məhz milli mənsubiyyəti, daha dəqiq desək ki, dövlət  mənsubiyyətini ifadə edir. Konstitusiyanın beşinci maddəsi də eyni xarakterlidir: Azərbaycan xalqı vahiddir və Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
        Fikrimizcə, Konstitusiyada ilk baxışda sadəcə ifadə kimi görünən amma əslində bir sıra problemləri həll edə biləcək nəticə xarakterli müddəanı birbaşa şəkildə təsbit etməyi unudub: irqindən, milliyyətindən, dinindən, dilindən, və s. digər amillərdən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kəs azərbaycanlıdır. Yəni, istər türkü olsun, istər ləzgisi, istər müsəlmanı olsun, istər xristianı, istər talış dilində danışsın, istər avar dilində əgər bu şəxs Azərbaycan Respublikasının vətəndaşıdırsa o, azərbaycanlıdır. Bu müddəa Azərbaycan dövlətinin təməl daşlarından biri kimi çıxış etməlidir. Xaricdə olarkən, beynəlxalq yarışlarda çıxış edərək, bizim hamımız azərbaycanlıyıq.
        Lakin, təəssüf ki, rəsmi tərifin müəyyən edilməməsi nəticəsində çox vaxt ölkənin əsas əhalisini təşkil edən, yəni türk mənşəli Azərbaycan vətəndaşları bu adla çağırılır, digərlərinə münasibətdə isə konkret etnik qrupun adı işlədilir. Hesab edirik ki, Azərbaycan xalqının vahidliyi müddəası baxımından bu yolverilməzdir.
        Əslində bu amilin özü də elə adı çəkilməsə də türkçülüyün təzahürüdür. Dövlətin əsas əhalisi türk mənşəli Azərbaycan vətəndaşlarıdır. Dövlət dili bu əsas etnik qrupun dilidir. Sadəcə bu əhali türk deyil azərbaycanlı adlandırılır. Dövlət dili kimi təsbit edilən “Azərbaycan dili” də məhz bu aparıcı qrupun dilidir. Etnik mənsubiyyət baxımından bu qrup 250 milyonluq vahid türk etnosunun bir qoludur. Sadəcə bu qrupun öz vətəni (Azərbaycan) və bu vətənin hüdudlarında formalaşmış dövləti (Azərbaycan Respublikası) var.
        Beləliklə, “azərbaycançılığın” əslində genezis baxımından ilkin olan etnik aspekti də mövcuddur: Azərbaycançılıq türkçülüyün Azərbaycan Respublikasının hüqudlarına salınmasıdır.

        Azərbaycançılığın hər iki aspektini nəzərə alaraq aşağıdakı əqli nəticəyə gələ bilərik:

1.    Azərbaycan Respublikası ilk növbədə aparıcı etnik qrup olan Azərbaycan türklərinin dövlətidir (azərbaycançılıq-türkçülük).
2.    Azərbaycan həm azərbaycan türklərinin, həm də digər azərbaycanlıların ümumi bölünməz vətənidir.
3.    Azərbaycan Respublikası irqindən, dilindən, dinindən, milliyyətindən və digər amillərdən asılı olmayaraq bütün azərbaycanlıların dövlətidir (azərbaycançılıq-azərbaycanlılıq).
       Təəssüf ki, Konstitusiyamızda vahid «azərbaycanlı» məfhumunun təsbit edilməməsi bu aspektdən vahid azərbaycançılıq şüurunun bərqərar olmasına mane olur. Nə qədər paradoksal görünsə də bu istiqamətdə elə dövlət dilinin «azərbaycan dili» şəklində təsbit edilməsi də anlaşılmazlıq yaradır.

4.    Azərbaycan dili yoxsa, türk dili?

    Belə ki, Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması Konstitusiyanın dəyişdirilməsi yolverilməz kimi təsbit etdiyi müddəalardan biridir. Maraqlıdır ki, müasir ədəbi dildə dil adları kiçik adla yazıldığı halda Konstitusiyada bu böyük hərflə edilmişdir. Sanki Konstitusiya özü də burada hazırda dünyada mövcud olan hər hansı bir dildən deyil, məhz «Azərbaycan» adlanan coğrafi məkanda geniş istifadə edilən dildən söhbət getdiyini bəyan edir.
         Həmin maddənin ikinci hissəsində isə Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin etməsi göstərilir. Bundan başqa Konstitusiyanın 44-cü maddəsi milli mənsubiyyət hüququnu təsbit edir və hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu, milli mənsubiyyətini dəyişdirməyə məcbur etmənin yolverilməzliyini bəyan edir. Burada istifadə edilən «milli» termini o qədər də uğurlu hesab edilə bilməz. Çünki bu ad altında müasir beynəlxalq hüquqda dövlət mənsubiyyəti başa düşülür. Yəni müasir beynəlxalq hüquq bir millət bir dövlət əlaqəsini tanıyır. Aydın məsələdir ki, milli mənsubiyyət ifadəsi Azərbaycan vətəndaşlığını ifadə edə bilməz, çünki bu dövlətçiliyin təməl prinsiplərinə zidd olardı. Burada söhbət hər kəsin etnik mənsubiyyətindən gedir. Konstitusiyanın daha sonrakı 45-ci maddəsi ana dilindən istifadə hüququnu, o cümlədən hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququnu təsbit edir, ana dilindən istifadə hüququndan məhrum edilə bilməzliyini qeyd edir. Bütün bu müddəalar isə məhz etnik azlıqların hüquqlarını ifadə edir. Yəni Konstitusion səviyyədə ölkədə bir aparıcı etnik qrupdan başqa digər qrupları etnik azlıqlar kimi tanıyır. Bəs elə isə bu aparıcı etnik qrup kimdir? Əgər dil azərbaycan dilidirsə, sadə məntiqlə belə çıxır ki, ölkənin əhalisinin əksəriyyətini təşkil edən əsas etnik qrup da elə «azərbaycanlı» adlanmalıdır. Bəs digər etnik azlıqlar azərbaycanlı deyilmi? Deməli, dövlətçiliyin təməl daşı olan Azərbaycan xalqının vahidliyi müddəası pozulur.
         «Azərbaycan dili» özlüyündə dünyada unikal hesab edilə bilər. Belə ki, dünyanın heç bir dövlətində ərazi adı yox, hər hansı etnik qrupun istifadə etdiyi dil dövlət kimi qəbul edilir. Məsələn, Gürcüstanda gürcü, Ermənistanda erməni, Bolqarıstanda bolqar dili və s. Bir millətin başqa dili dövlət dili kimi qəbul etdiyi hallar da mövcuddur. Məsələn, Latın Amerikası ölkələrində dövlət dili kimi ispan dili çıxış edir, ancaq bu o demək deyil ki, onlar ispandırlar. Bu ölkələrdə ispan etnosu cüzi rol oynamışdır, sadəcə vaxtilə İspan dövlətinin müstəmləkəsi olduqlarından həmin dil bu ərazilərdə hakim rola malik olmuşdur.
          Dövlət dilinin ərazi adlarını xatırladan bir sıra Avropa dövlətləri bu baxımdan mübahisə yarada bilər. Məsələn, biz adətən İsveç dövlətindən danışırıq və İsveç dili ifadəsini işlədirik. Amma bu o demək deyil ki, İsveç dili ərazinin adını ifadə edir. Xeyr sadəcə problem tərcümədən qaynaqlanır. Rus dilində həmin dövlətin adı «Şvetsiya» dilin adı isə «şvedskiy» səslənir. İngilis dilində isə bu müvafiq olaraq «Sweden» və  «Swedish»dir. Göründüyü kimi «Şvetsiya» dövləti «şved» xalqının dövlətidir və dövlət dili də həmn xalqın dilidir. Əslində mübahisə yarada biləcək digər dövlətlərin hamısında da vəziyyət belədir.
          Məntiqlə belə çıxır ki, Azərbaycan Respublikasında coğrafi ərazinin və dövlətin adına uyğun yeni bir vahid xalqmı (yəni etnik qrup) formalaşmışdır?
         Məlum olduğu kimi ötən əsrin 30-cu illərinə kimi Azərbaycan adlanan coğrafi məkanda məskunlaşan əsas etnik qrup məhz «türk» adlanmış, rəsmi dil isə türk dili olaraq qəbul edilmişdir. Hətta, fikrimizcə, həmin dövrə qədər «türk» anlayışı təkcə etnik qrupu deyil, həm də Azərbaycan adlı ərazidə yaşayan bütün əhalini (daha konkret olaraq müsəlman əhalinin hamısını) ifadə etmişdir. Lakin, Stalinin «yad» millətlərə qarşı münasibətinin nəticəsi olaraq rəsmi səviyyədə dilimiz «Azərbaycan dili» adlanmağa başladı. Bu vəziyyət müstəqilliyimizin ilk illərinə qədər davam etdi. Çoxsaylı ziyalıların təşəbbüsü ilə «türk» dili yenidən qanun səviyyəsində dövlət dili elan edildi. Hətta orta məktəblərdə «türk dili» dərslikləri də buraxılmağa başlamışdı. Lakin, 1995-ci il Konstitusiyası qəbul edilərkən dövlət dili «Azərbaycan dili» formasında təsbit edildi. O, dövrdə cərəyan edən proseslərin təhlili belə qənaətə gəlməyə imkan verir ki, heç də bir çoxlarının düşündüyü kimi hakimiyyət «türk dili»nin qəti əleyhdarı deyildi. Bunu mərhum prezidentimiz Heydər Əliyevin fəaliyyətində ən başlıca şüarlardan biri kimi seçdiyi və dəfələrlə  təkrarladığı Türkiyə – Azərbaycan münasibətlərinə münasibətdə işlədilən «biz bir millət iki dövlətik» şüarı əyani sübut edir. Bu sadə bir fərdin yox Azərbaycan dövlətinin rəhbərinin sözləri idi. Əlbəttə, müdrik insan öz mənşəyini, kimliyini çox gözəl bilirdi. Lakin, o, ilk öncə siyasətçi idi. Bu məsələ ictimaiyyətin müzakirəsinə buraxıldı. Təbi ki, ziyalılardan fərqli olaraq uzun müddət «azərbaycanlı» olmuş sadə əhali üçün bu izahı olmayan radikal yenilik kimi görünürdü. Bu mülahizələri nəzərə alaraq Konstitusiyada «Azərbaycan dili» qəbul edildi. Bu məhz o dövr üçün düzgün və müdrik qərar idi.
        Bəziləri belə düşünür ki, «türk dili» Türkiyə Cümhuriyyətinin dövlət dilidir. Ona görə də Azərbaycanda elə sadə məntiqlə «azərbaycan dili» dövlət dili olmalıdır. Bununla bağlı olaraq xarici ölkələrin konstitusiyaları ilə müqayisə aparaq.
Avstriya Konstitusiyasının 8-ci maddəsinə əsasən alman dili federal qanunlarla milli azlıqlar üçün müəyyən edilən hüquqlara ziyan vurmadan rəsmi dövlət dilidir. 9-cu maddədə isə deyilir: Avstriya millətindən olan hər bir kişi cinli şəxs hərbi xidmət keçməlidir.
        Burada iki məqam diqqəti cəlb edir: ilk növbədə dövlət dili alman dili olsa da Avstriya vətəndaşı olan hər bir şəxs avstriyalıdır. Eyni zamanda etnik çoxluğun alman dilli (məntiqcə elə alman) olduğu qəbul edilir. Bənzər müddəalara Lüksemburq, İsveçrə (üç dövlət dilindən biri), Lixtenşteyn, Belçikanın (üç icmadan biri) Konstitusiyalarında da rast gəlmək olur. Alman dili dövlət dili sayılsa da, ölkə vətəndaşları məhz İsveçrəli, Lüksemburqlu, Lixtenşteynlidirlər. Maraqlıdır ki,  Almaniya  Federativ Respublikasının Konstitusiyası konkret olaraq Baden-Vörtemberq, Bavariya, Berlin, Brandenburq, Bremen, Qamburq, Qessen, Maklenburq-Ön pomeraniya, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Saar, Saksoniya, Saksoniya-Anqalt, Reyland-Pfalis, Şlezviq-Holşteyn və Türingiya torpaqlarında yaşayan almanların birləşərək Alman dövlətini yaratdığını elan edir və bununla da dövlətin heç də bütün almaları əhatə etmədiyini ifadə edir. Yekun nəticə, almanların Almaniyada  yaşamamaları onları etnik olaraq alman olmaqdan çıxarmır. Lakin, digər alman dövlətlərində yaşayan şəxslərin milli mənsubiyyəti  (etnik yox) alman deyil.

         Ərəb dövlətlərinin Konstitusiyaları da bu baxımdan vacib müddəalar təsbit edib.

        Ərəb dövlətlərindən biri olan Misir Ərəb Respublikasının Konstitusiyasında deyilir: «Misir xalqı ərəb millətinin tərkib hissəsi kimi onun hərtərəfli birliyinin reallaşması üçün çalışır. İslam dövlət dini, ərəb dövlət dili, qanunvericiliyin əsas mənbəyi İslam hüququdur, şəriətdir. Dövlət bütün misirlilər üçün bərabər hüquqlar təmin edir». Göründüyü kimi Konstitusiya vahid Misir vətəndaşlığı və misirli anlayışını müəyyən edir. Lakin, dövlət dili Misir dili yox, ərəb dilidir və Misir xalqı da ərəb millətinin tərkib hissəsi sayılır.
        Ərəb dövlətlərinin Konstitusiyalarında rast gəlinən bu anlayış özlüyündə orijinaldır. Yəmən Ərəb Respublikası da Yəmən xalqının ərəb millətinin və İslam dünyasının tərkib hissəsi elan edir. Liviya Konstitusiyası da eyni mövqedə  dayanmaqla yanaşı vahid ərəb birliyinə nail olmağı bütün ərəb xalqlarının əsas məqsədi bəyan edir. Küveyt Konstitusiyası isə ölkəni ərəb dövləti şəklində bəyan edir. Preambulada dövlətin yaradılmasında başlıca məqsədlərdən biri kimi ərəb millətçiliyinin gücləndirilməsi göstərilir. Oman Sultanlığının Konstitusiyası isə ölkəni müstəqil, suveren, ərəb, İslam dövləti elan edir. Adında ərəb anlayışından istifadə edilən Səudiyyə Ərəbistanı da özünü İslam və ərəb dövləti bəyan edir.
        Özünü ərəb respublikası elan edən Suriyanın Konstitusiyası isə başdan-ayağa ərəb millətçiliyini təbliğ edir. Preambulada ərəb millətinin bəşəriyyətə verdiyi tövhələrdən, imperializmin ərəb millətini və onun sərvətlərini talamasından, millətin imperializmə və sionizmə qarşı mübarizəsindən və qələbəsindən danışılır. Konstitusiyanın birinci maddəsi Suriyanı ərəb dövlətləri birliyinin üzvü kimi bəyan edir, ərəb regionu olan Suriyanın ərəblərin vətəninin tərkib hissəsi olduğu göstərilir, Suriya ərəb regionunun xalqı ərəb millətinin tərkib hissəsi olduğu və ərəblərin birliyinə nail olması uğrunda mübarizə apardığı göstərilir.
       Beləliklə ərəb dövlətlərinin qanunvericilik aktlarının təhlili onlarda ümumi bir ərəb milləti anlayışının mövcud olduğu nəticəsinə gəlməyə imkan verir. Reallıqdan uzaq olsa da, bu dövlətlər ərazi anlayışından daha sonra vahid ərəb millətinin ayrı-ayrı hissələri kimi nəzərdən keçirilir və daimi birlik niyyətləri bəyan edilir.  Eyni zamanda, misir xalqı, liviya xalqı, yəmən xalqı, suriya xalqlarının mövcudluğu ilə bərabər vahid ərəb millətçiliyinin mövcudluğu təsbit edilir. Lakin, dövlət mənsubiyyətinə, vətəndaşlıq məsələlərinə gəldikdə misirli, liviyalı, küveytli anlayışları birinci dərəcəli əhəmiyyət kəsb edir.
         Bəs ərəb milləti anlayış nəyə əsaslanır? Təbii ki, vahid mənşəyə, mədəniyyətə, din və ən əsası dilə. Halbuki, ərəb coğrafiyasının dairəsi olduqca genişdir və tutaq ki, Mərakeşli ilə Qətərlinin danışdığı dil arasında yerdən göyədək fərq mövcuddur.
        Özünü «türk dövləti» elan etmiş və «türklüyü» etnik deyil, dövlət mənsubiyyəti səviyyəsinə qaldırmış Türkiyə Cümhuriyyətinin Anayasasına müraciət edək. Türkiyə Cümhuriyyəti Konstitusiyasının 3-cü maddəsində Türkiyə dövlətinin ölkəsi və əhalisi baxımından vahid və tamlığı əks olunur və dövlət dilinin Türkcə olduğu təsbit edilir. Beləliklə dövlət dilinin vahidliyi və məhz türk dili olması da dövlətin təməl prinsiplərindən birini təşkil edir.  Bu maddə ilə Türkiyə Cümhuriyyəti vətəndaşlığını müəyyən edən 66-cı maddəsi sistem təşkil edir. Həmin maddəyə görə Türk Dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs Türk hesab edilir. Bir millət, bir ölkə bir dövlət prinsiplərinə əsaslanan Türkiyə Respublikasında etnik, dini və digər mənsubiyyətlərdən asılı olmadan vahid Türk milləti anlayışı tətbiq edilir. Yəni, «türk» rəsmi səviyyədə Türkiyə Cümhuriyyəti ərazisində heç də etnik mənşəyi türk olan insanları deyil, yalnız və yalnız Türkiyə Cümhuriyyətinin vətəndaşlarını ifadə edir. Azərbaycan vətəndaşlarına münasibətdə bir qayda olaraq «azəri», digər türk dövlətlərinə münasibətdə isə «türk xalqları», «türki (türk yox məhz türki - A.A.) cümhuriyyətlər» ifadələrinin istifadə edilməsi ilk növbədə «türk» anlayışının rəsmi konstitusion mənasının saxlanmasına yönəlmişdir.
        Lakin, bu o demək deyil ki, sadəcə Türkiyə Cümhuriyyətinin Anayasasını pozmamaq üçün, Azərbaycan və digər türk dövlətləri öz «türk»lüyündən imtina etməlidirlər. Azərbaycan Konstitusiyasında dövlət dilinin türk dili elan edilməsi, heç də Azərbaycanı Türkiyəyə çevirmir. Əksinə, bu amil yuxarıda göstərilən ziddiyyətlərin aradan qaldırılmasına, etnik, dini və s. amillərdən asılı olmayaraq vahid «azərbaycanlı» millətinin, azərbaycançılıq ideologiyasının tam bərqərar olması üçün zəmin yaradır.

         5.    Türkçülüksüz azərbaycançılıq yoxdur! “Türkləşmək”!

        Hazırda dövlət siyasətində dünya azərbaycanlıları anlayışı mühüm yer tutur. Azərbaycançılıq fikrinin hakim olması, bu anlayış altında yalnız hazırkı, Azərbaycan Respublikası ərazisində yaşayan və bu coğrafiyaya mənsub olub digər dövlətlərdə yaşayan insanları birləşdirməyi tələb edir. Lakin, bir çox hallarda bu anlayışa İran İslam Respublikasının tərkibində olan tarixi Azərbaycan adlanan ərazisinin sakinləri ilə yanaşı həmin ölkənin digər ərazilərində yaşayan türklər, hətta Xorasanda yaşayan türkmənlər, Əfqanıstan türkləri də daxil edilir. “Azərbaycan tarixi” dərsliklərində Ərzurumdan tutmuş ta Qəndəhara qədər olan coğrafi ərazinin tarixinin tədqiq olunmasını, Osmanlı şeirinin şahı olan və heç vaxt Azərbaycan adlı coğrafi məkana ayaq basmamış, ədəbi dili adi şagirdlər üçün heç də anlaşıqlı olmayan dahi Məhəmməd Füzulinin ən yüksək səviyyədə “Azərbaycan ədəbiyyatı” dərslikərində öyrədilməsi, ərazisinin yalnız  cüzi bir hissəsi müasir Azərbaycan Respublikasının ərazisini əhatə edən Səfəvilər dövlətinin “Azərbaycan tarixi” dərsliklərində fəxrlə əks olunmasını nə ilə izah etmək olar? Azərbaycançılıqlamı?
        Bütün bunlar isə sadəcə türkçülüyün təzahürüdür. Axı biz Azərbaycan türkləri Füzulini, Şah İsmayılı necə sevməyib tədris etməyək, Türkiyə və İrandakı proseslərə necə biganə qalaq, Gürcüstan Respublikasının Borçalı ərazisində və Dərbənd ətrafında yaşayan elə azərbaycanlı adlandırdığımız əhaliyə necə qardaş gözü ilə baxmayaq?  Bu tendensiyada başlıca amil kimi isə həmin insanların Azərbaycan Respublikasının əsas etnik qrupunu təşkil edən türklərlə tamamilə eyni və ya oxşar dildə danışmalarıdır. Halbuki, «azərbaycanlı» anlayışı sırf Azərbaycan Respublikasının vətəndaşları ilə məhdudlaşmalıdır. Azərbaycan Respublikasının vətəndaşı olmayan Azərbaycan türklərinə doğma münasibət isə, qəbul edilməsə də sadəcə türkçülüyün təzahürüdür. Bu amil də türkçülüyün Azərbaycan dövlətinin siyasətinə təsir etdiyini göstərir. Şərti olaraq Azərbaycan dövlətinin daxili ideoloji əsasları kimi qəbul etdiyimiz «Azərbaycançılıq» türkçülüklə qırılmaz əlaqədədir.
         Ölkənin əhalisinin əksəriyyətini türklərin təşkil etməsi Azərbaycanı Azərbaycan Respublikasının vətəndaşı olmayan digər Azərbaycan türkləri, digər türk xalqları, türk dövlətləri, türk dövlət qurumları ilə əməkdaşlığı xarici siyasətin prioritet vəzifələrindən birinə çevirməyə vadar edir. Qeyd etmək lazımdır ki, yüz il əvvəl Azərbaycan milli dövlətçiliyinin yaranmağına zəmin yaratmış türkçülük məfkurəsi həm də uzaq məqsəd kimi bütün türk xalqlarının birliyini – Turançılığı da nəzərdə tuturdu. Bu birliyə hansı formada nail olunması baxımdan siyasi türkçülüyün daxilində iki cərəyan fərqlənirdi: mərkəzçilərin romantik cərəyanı və federalistlərin realist cərəyanı. M. Ə. Rəsulzadənin sonradan qeyd etdiyi kimi «millətin irqi anlayışının alman nəzəriyyəçilərinin məlum təsiri altında olan birinci cərəyanın nümayəndələri türk xalqlarının qan qohumluğunu, eyni etiqada mənsub olmalarını, dillərinin müəyyən qədər müəyyən siyasi vəziyyət şəraitində vahid türk dövləti yaratmaq üçün kifayət olması qənaətində olmalı idilər». Azərbaycandan fərqli olaraq Osmanlı dövlətində siyasi türkçülük romantik xarakterli idi və orada zor gücü ilə də olsa Turançılığı reallaşdırmağa çalışırdılar.
          Realist cərəyan isə hərəkatın ali idealından ilham alsa da onda romantik xəyallardan daha çox milli özünüdərkin oyanmasının real nəticələrinə əhəmiyyət verirdi. Bununla yanaşı bütün türk xalqlarının milli mədəni mənafelərinin ümumiliyini dərk edən realist cərəyan onların mərkəzləşdirilmiş dövlətdə birləşdirilməsini qeyri-məqbul hesab edirdi. Bu cərəyan ilk növbədə ayrı-ayrı türk xalqlarının müstəqil dövlətlər şəklində azad olması üçün çalışırdı.
        Cümhuriyyət dövründə “Müsavat” fraksiyasının Parlament bəyanatında qeyd edilirdi ki, Azərbaycanın müstəqilliyinin bərqərar olması ilə fraksiya öz siyasi proqramının böyük bir qisimini həyata keçirmişdir. Lakin, partiya “elmdə birləşdirici əsas kimi dinin deyil, milli özünüdərkin çıxış etdiyini” əsas götürərək məhz birləşmiş türk xalqının dünya sivilizasiyasına orijinal qiymətli mədəniyyət bəxş edəcəyini bəyan etmişdi. Hətta Rusiyanın yenidən təşkil olunaraq milli ərazi birliyi əsasında bərpa olunacağı halda da  demokratik Rusiya və onun ərazisində yaranmış digər xalqlarla yenidən ittifaq bağlana biləcəyi də qeyd edilirdi. Bununla da azərbaycan türkləri ilə din və dil baxımından qohum olan  Türküstanlılar, qırğızlar, başqırdlar, Volqaboyu və Krım tatarları ilə ittifaqa girmiş olarıq.
          Cümhuriyyətin süqutundan az sonra yazılmış «Əsrimizin Səyavuşu» əsərində fraksiyanın lideri M. Ə. Rəsulzadə açıq şəkildə federalizmin türkçülüyə xidmət etdiyinə toxunaraq, bildirmişdi ki, “bütün türklər öz aralarında böyük bir dünya federasyonuna qədəm olmaq üzrə bir federasyon yapmalıdırlar. Yeni Turan mədəni birlik üzərində təsis edilib ancaq gələcəkdə birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm halqasıdır”.
         Bugünkü gündə də vəziyyət bu cürdür. Azərbaycan türkü digər azərbaycanlılarla birlikdə, özünün milli – Azərbaycan Respublikası dövlətini yaradıb, bu dövlət inkişaf edir. Lakin,  milli Azərbaycan dövlətçiliyi sadəcə bugünkü vəziyyətlə kifayətlənməməli daima inkişaf etməlidir. Artıq türk dövlətlərinin inteqrasiyası prosesi heç də qeyri-real görünən bir şey deyildir. Türk dövlətləri və xalqları arasında inteqrasiya prosesi, iqtisadi, mədəni, siyasi və digər sahələrdə dərinləşməkdədir. Yaxın gələcəkdə hər bir türk dövlətinin qanunvericiliyində ərəb dövlətlərində olduğu kimi vahid türk milləti anlayışının təsbit edilməsi, dövlət dilinin vahid türk dili olması barədə müddəanın təsbit edilməsi və bunun nəticəsi olaraq vahid türk dövlətləri birliyinin yaranacağı labüd bir prosesdir. Bu prosesə iqtisadi amillər və bu dövlətlərinin böyük əksəriyyətinin İslam dininə etiqad etməsi köməklik göstərəcəkdir. Azərbaycançılıq fikrinin cəmiyyətdə tam bərqərar olması ilə yanaşı türkçülük zəminində digər türk dövlətləri və xalqları ilə əlaqələr mümkün olan ən yaxın formalarda, optimal olaraq isə Konfederasiya şəklinə qədər inkişaf etməlidir. Fikrimizcə ərəb dövlətlərində mövcud olan tendensiyanı türk dövlətlərində tətbiq etmək mümkündür. Lakin bu məsələ ciddi elmi araşdırmalar tələb edir.

          6.    “İslamlaşmaq”!

         Dövlət bayrağımızda olan yaşıl rəng türkçülüyün üç prinsipindən olan «islamlaşmağı» ifadə edir. Bəs islamlaşmaq nədir? Dini dövlət qurmaqmı? Xeyr, əsla!
         Konstitusiyada Azərbaycan dövlətinin əsaslarından biri kimi onun dünyəvi dövlət olması təsbit edilib. Elə Konstitusiyamızın 18-ci maddəsində də birbaşa şəkildə Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər olması təsbit edilmişdir. Konstitusiyanın 49-cu maddəsi vicdan azadlığını təsbit edir.
         Müasir dünyəvi dövlətdə rəsmi dövlət dini mövcud olmur və heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Belə dövlətlərdə din, onun kanonları və doqmaları, həmçinin dövlətin ərazisində fəaliyyət göstərən dini təşkilatlar dövlət quruluşuna, dövlət orqanları və onun vəzifəli şəxslərinin fəaliyyətinə təsir göstərə bilməz. Təhsil sistemi dini xarakter daşımır. Əhalisi xristian dininə etiqad edən dövlətlərdə dünyəvilik kilsənin dövlətdən ayrılması yolu ilə təmin edilir. Bu baxımdan dünyəvilik istiqamətində ən çətin yolu katolik məzhəbinin minillər boyunca hakim mövqeyə malik olduğu və onun dini mərkəzinin də ərazisində olduğu İtaliya keçmişdir. Dünyavilik yolunu seçən müsəlman dövlətlərində bir qayda olaraq mərkəzləşmiş ali dini orqan mövcud olmur və buna görə də institusional səviyyədə dinin dövlətə təsiri o qədər də aktuallıq kəsb etmir.
          Konstitusiyanın bu müddəaları sivil dünyəvi nəzər nöqtəsindən təbii görünsə də cəmiyyətin orta statistik təbəqələri tərəfindən bəzən qəbul edilmir. Bunu da təbi qiymətləndirmək lazımdır. Çünki Azərbaycanda İslam dini, şəriət normaları qədim ənənələrə malikdir və müəyyən hallarda dini normalar hüquq normalarından daha çox insanların həyatını tənzimləyir. Bundan başqa hazırda insanlar üçün ideoloji rəmz rolunu oynayan Azərbaycan bayrağının 1/3 hissəsini tutan yaşıl rəng, rəsmən qəbul edilməsə də hamıya aydındır ki, yaranmasında İslamlaşma fikrini ifadə etmişdir.
         Bu amillər belə bir sual yaradır: Konstitusion səviyyədə dövlətin dünyəvi əsaslarına toxunmadan Azərbaycanda İslam dininin rolunun təsbit edilməsi mümkündürmü?
          Yenidən digər dövlətlərə nəzər salaq. İran İslam Respublikasının Konstitusiyası təbii olaraq İslami əsaslara söykənir. Burada dövlətin təməl prinsipləri kimi Tanrının təkliyi (Lə ilahə illallah), suverenliyin və hüquq yaradıcılığının müstəsna olaraq Ona (c.c.) məxsusluğu, hüququn başlıca mənbəyi kimi “Quran” və sünnənin çıxış etməsi birbaşa təsbit edilmişdir. Digər İslam dövlətlərinin əksəriyyətində də vəziyyət analojidir.
          Avropa dövlətlərində də dünyəvilik prinsipinin bəyan edilməməsi ilə yanaşı dövlətin həyatında xristian dininin rolunu təsbit etməkdən belə «çəkinmirlər». Bolqarıstan Konstitusiyasında dini müəssisələrin dövlətdən ayrı olması ilə yanaşı ölkə ərazisində ənənəvi din (məzhəb deyil, məhz din) kimi şərqi-pravoslav etiqadının olması birbaşa göstərilir.
İrlandiya Konstitusiyası da ilk baxışda dövlətin dini əsaslara malik olması təəssüratı yaradır. Konstitusiyasının Preambulasında deyilir: «Bütün hakimiyyətin mənbəyi olan «Müqəddəs Üçlüyün» adı ilə …… Biz, Eyre xalqı müqəddəs ağamız İsa Məsih qarşısında vəzifələrimizi qəbul edərək….». Katolisizmin ölkənin və xalqın həyatında oynadığı rol göz qabağındadır. Konstitusiyanın 6-cı maddəsi də maraq doğurur: Bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti Allahın izni ilə xalqa məxsusdur…» Fikrimizcə, şərhə ehtiyac yoxdur.
         Gürcüstan Konstitusiyasının 9.1.-ci maddəsində dini təşkilatların və dinlərin azadlığını təsbit etməklə yanaşı Gürcü Apostol Avtokefal kilsəsinin Gürcüstan tarixində müstəsna rolu qeyd edilir, dövlətlə kilsə arasındakı münasibətlərin konstitusion saziş əsasında tənzimlənməsi təsbit edilir. Nəzərə alsaq ki, ölkə əhalisinin 1/3-dən çoxu əqidə baxımından bu kilsəyə tabe deyil, Konstitusiyada kilsəyə verilən önəm həddindən artıq böyükdür.
         Az qala monomilli və mono dini dövlət olan Ermənistan Konstitusiyası da erməni dövlətçiliyində (maraqlıdır, hansı?) kilsənin mühüm rolunu qeyd edir. Ölkə Konstitusiyasının 8.1.ci maddəsində kilsənini dövlətdən ayrılığı təsbit edilsə də, Ermənistan Respublikasının Müqəddəs Erməni Apostol kilsəsinin milli kilsə kimi erməni xalqının mənəvi həyatında, onun milli mədəniyyətinin inkişafında və milli özünəməxsusluğunun qorunmasında  müstəsna rolunu qəbul etdiyini bildirir və hətta dövlətlə kilsə arasındakı münasibətlərin müqavilə əsasında tənzimlənə bilməsi belə qeyd edilir. Beləliklə də, Konstitusiya erməni dövlətçiliyinin gələcək mövcudiyyəti üçün möhkəm ideoloji baza yaratmışdır.
          Eston Konstitusiyasının 40-cı maddəsi isə bu məsələyə daha loyal yanaşsa da qeyd edir ki, kilsəyə və dini təşkilatlara mənsubluq azaddır.
        Bununla bağlı onlarla misal gətirmək olar. Hətta Avropanın dünyəvilik və demokratiklik baxımından öndə gedən dövlətlərində də dövlətin həyatında dinin və ya kilsənin roluna dair müddəalar təsbit edilmişdir. Belə ki, Almaniyanın Konstitusiyasının Preambulası bu sözlərlə başlayır: «Allah (c.c.) və insanlar qarşısında öz məsuliyyətini dərk edərək alman xalqı…»
        Göründüyü kimi, dinin və dini təşkilatların dövlətin həyatında rolunun konstitusion səviyyədə təsbit edilməsi dünya dövlətlərinin təcrübəsində heç də yenilik deyil və adi haldır. Bu baxımdan dini normaların əhalinin gündəlik həyat tərzinə təsir edən və insanlar arasındakı münasibətləri fəal şəkildə tənzim edən İslamın əsaslarının konstitusion səviyyədə təsbiti heç də əlçatmaz və dünyəviliyə zidd bir şey deyildir. Üstəlik gerçəklikdə dini normaların hüquq normalarına təsir heç də zəif deyildir.
        Belə ki, Konstitusiyanın dünyəvi əsaslarına baxmayaraq İslam dini ehkamları qanunvericilik səviyyəsində ölkənin ictimai həyatına təsir edir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən İslamın iki mühüm bayramı Qurban bayramı ilə Ramazan bayramı hərəsi ildə iki gün bayram və istirahət günü kimi qeyd edilir. Həmin bayramların keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilib əhaliyə elan olunur. Bu müddəa ilə bağlı iki məqam diqqət cəlb edir. Birincisi məlum olduğu kimi dini bayramlar rəsmi qriqoriyan təqvimi ilə deyil, hicri-qəməri təqvimlə qeyd edilir. Hicri-qəməri təqvimi ilə günlərin sayı isə qriqoriyan təqvimi ilə günlərin sayından 10 gün azdır. Beləliklə, rəsmi təqvim tarixi ilə hər il dini bayramların keçirildiyi gün 10 gün geri sürüşür. Nəticədə nə baş verir? Artıq Əmək Məcəlləsinin qüvvəyə minməsindən sonra Qurban bayramı ilə Ramazan bayramı birinci dəfə yanvarın əvvəli, ikinci dəfə isə dekabrın son ongünlüyü olmaqla ildə iki dəfə qeyd edilib. Bu isə əmək qanunvericiliyinin müddəalarının pozulması deməkdir. Belə çıxır ki, kazual xarakter daşısa da dini normalar sivil qanunvericilikdən üstün tutulmuşdur.
         Digər bir məqam. Aydındır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti dini bayramların dəqiq vaxtını müəyyən məsləhətləşmələr aparmaqla müəyyən edir. Bir qayda olaraq isə məsləhətləşmələr Qafqaz Müsəlmanları İdarəsi ilə aparılır. Həmin qurum isə göstərilən bayramları öz mülahizəsi əsasında müəyyən edir.
        İlk baxışda burada qeyri-adi heç nə görünmür. Lakin, bu prosedura baş verdikdən sonra cəmiyyətə elə təqdim edilir ki, guya Qurban və Ramazan bayramlarının tarixini həmin ictimai qurum müəyyən edir və rəsmi dövlət orqanı bu qurumla hesablaşır. Digər məsələ şiə məzhəbindən olan müsəlmanlar üçün vacib sayılar. Bu, Məhərrəm ayının və Aşura günlərinin girməsi ilə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə həmin günlərə təsadüf edən və dövlət tərəfindən rəsmən tanınan bayram mərasimlərinin təmtəraqla keçirilməməsi barədə fitva qəbul etmiş və bu bir sıra hallarda ziddiyyətlərə gətirib çıxarmışdır. Yenə də KİV-lərdə həmin fitvalar az qala prezident fərmanı səviyyəsində rəsmiliklə əhaliyə çatdırılmış və dini normalara üstünlük verən bir çox əhali təbəqəsi ona riayət etmişdir. Belə çıxır ki, Azərbaycan Respublikasında dövlətin ərazisində fəaliyyət göstərən statusca adi bir dini qurumun normaları qanunvericilik normalarını üstələyir? Nəzərə alsaq ki, əhalinin heç də bütün təbəqələri müəyyən dini mərasimləri və məzhəbləri qəbul etmir onda belə çıxır ki, dövlət qeyri-ixtiyarı də olsa konkret dini icmaya üstünlük vermiş olur. Dini məsələlərin dövlətin dini qurumlarla əlaqədar olan orqanı ilə məsləhətləşdirilməsi daha məqsədəmüvafiq olardı.
        Digər bir məqam hazırda ölkəmizdə əslində İslamın əsaslarına aid olmayan yad mənşəli radikal dini qrupların və missioner sektaların movcudluğu gerçəkliyidir. Bir çox hallarda bu qruplar respublikamıza heç də xoş münasibətdə olmayan qüvvələr tərəfindən dəstəklənir. Həmin qrupların kifayət qədər çoxtərkibli olması əslində heç də güclü təsirə malik olmalarında deyil, cəmiyyətimizin özündə həqiqi İslamın mayiyyətinin o qədər də düzgün dərk edilməməsindədir. Həqiqi İslam, insanlarda vətənə, dövlətə məhəbbət hissi aşıladığı halda bu qrupların Azərbaycan Respublikasına qarşı heç də xoş münasibətdə olmadığı müdrik insanlar üçün aydındır. Belə qruplarla ən yaxşı mübarizə isə heç də onlarla açıq qarşıdurma deyil, istifadə etdikləri əsas silahı – dini milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir.
        Bəs vaxtilə dünyada ilklərdən biri kimi qadınların seçki hüquqlarını bəyan edən, digər dövlətlərdə qibtə ediləcək dərəcədə demokratik dəyərlər, hüquq və azadlıqlar təsbit edən birinci Azərbaycan Respublikası İslamlaşmağı dövlətçiliyin üç prinsipindən biri elan etməklə nəyi nəzərdə tutmuşdu?
        Cümhuriyyət dövründə «İslamlaşmaq» şüarı heç də İslamın dövlətin həyatına daxil olmasını ifadə etmirdi. Düzdür, siyasi müstəqilliyə nail olunması uğunda mübarizədə dindən birləşdirici amil kimi istifadə edilməsinə çalışılırdı. Xalqın şüurunda əsrlər boyu hakim olan dini ehkamlar təbii ki, tez bir müddətdə yoxa çıxa bilməzdi. Lakin, Müsavat Partiyası və onun liderləri daha çox dünyəvi baxışların tərəfdarı kimi ruhanilərin dini mərasimlərin həyata keçirilməsi ilə bilavasitə bağlı olmayan sferalardan kənarlaşdırılmasına çalışırdı. Ali müsəlman ruhanilərinin hələ çar mütləqiyyət aparatı ilə münasibətləri ən geniş miqyasda olmuş və ali ruhani təbəqələr onların əlaltılarına çevrilmişdilər. Cümhuriyyət dövründə də din xadimlərinin siyasətə müdaxiləsi halları mövcud idi. Onlardan bir qismi hətta Müsavatı İslamın düşməni də elan etmişdi. Xatırladırıq ki, dini xurafat və din xadimlərinin özbaşınalığı Azərbaycan maarifçiliyinin əsas tənqid hədəflərindən biri olmuşdu.
         Beləliklə, İslamlaşmaq şüarı da İslamın qondarma dini xurafatlardan azad olması və mürtəce din xadimlərinin cəmiyyətin həyatına təsir etmək imkanlarının məhdudlaşdırılmasında ifadə etmişdir və bugünkü gün də həmin mənada başa düşülməlidir. Müyyən mənada İslamlaşaq şüarı elə Azərbaycan dövlətinin dünyəvi əsaslarının qarantıdır!
        Bütün bunlar onu göstərir ki, Konstitusiyada dövlətin dünyəvi əsasları qorunmaqla İslam normalarının cəmiyyətin həyatındakı rolu ilə bağlı məsələlərə bir daha baxılmalıdır. Ən azı İslamın cəmiyyətin həyatında müstəsna rolu qeyd edilməli, dini bayram günlərinin hansı meyar əsasında müəyyənləşdirildiyi tənzimlənməli, hər hansı bir məzhəbin və ya dini qurumun üstünlüyünə yol verməmək üçün üçün orta məktəblərdə İslamın əsasları haqqında fənn tədris olunmaladır.

         7.    Müasirləşmək

         Müasirləşmək fikri müasir dünya dövlətlərində mövcud olan mütərəqqi dəyərləri mənimsəmək deməkdir. Demokratik dəyərlər, insan hüquqları, hüquqi dövlət quruculuğu, sosial yönümlü iqtisadiyyat, sosial islahatların həyata keçirilməsi və s. Bu istiqamətdə Konstitusion və qanunvericilik səviyyəsində hər şey qaydasındadır: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
         Hazırda Qərb dəyərləri üzərində qurulmuş dövlətimiz mövcuddur. İnsan və vətəndaşın geniş hüquq və azadlıqları təsbit edilib və ali dəyər elan edilib. Əsas problem, onların reallaşdırılmasındadır. Bir də ki, müasirləşmə heç bir halda milli-mənəvi dəyərlərimizi milli və dini mənsubiyyətimizi unutmağı özündə əks etdirməməlidir. Milli İdeologiyamız “türk millətindənəm, İslam ümmətindənəm, qərb mədəniyyətindənəm” fikri üzərində qurulmalıdır.
Biz bununla yeni bir şey kəşf etmirik. Sadəcə onu deyə bilərik ki “hər bir yeni yaxşıca unudulmuş köhnədir”.

         Nəticə

        Beləliklə, apardığımız bu kiçik araşdırma bizə aşağıdakı mülahizələri irəli sürməyə əsas verir:
      1.    Müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və onun gələcək inkişafı Milli İdeologiya probleminin düzgün həllini tələb edir. Rəsmi ideologiya təsbit edilmiş dövlətlərdə bu amil dövlətin məqsədlərini aydınlaşdırır, əhalidə dövlətçilik şüurunu gücləndirir.
       2.    Milli Azərbaycan dövlətçiliyi XX əsrin əvvəllərində Azərbaycan türklərinin milli özünüdərk şüurunun möhkəmlənməsi və özünü ayrıca bir millət kimi dərk etməsinin nəticəsi olaraq 28 may 1918-ci ildə yaranmışdır. Müstəqillik Azərbaycan üçün göydən düşmüş gözlənilməz hədiyyə deyil, tarixi zərurətin məntiqi nəticəsi olmuşdur. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti böyük bir ictimai-mədəni axın olan türkçülüyün siyasi aspekt kəsb edərək reallaşmasının məntiqi nəticəsidir.
       3.    Dar mənada türkçülük (azərbaycançılıq) elə sırf Azərbaycan türklərinin, azərbaycanlıların milli dövlətçilik ideologiyasıdır.
      4.    Azərbaycançılıq türkçülüyün Azərbaycan adlı məkanın hüdudlarında reallaşması, sırf Azərbaycan türklərinin və bu məkanda yaşayan digər azərbaycanlıların milli ideologiyasıdır.
        5.    1991-ci ilin 18 oktyabrında bərpa edilmiş müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktında, «Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında» Azərbaycan Respublikası prezidentinin 15 fevral 2008-ci il tarixli sərəncamında və digər hüquqi aktlarda qeyd edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dövlətinin Azərbaycan Cümhuriyyətinin varisi olmasına dair birbaşa müddəa təsbit edilməmişdir. Halbuki, Azərbaycan xalqının dövlətçilik ənənələrinin tarixi köklərə malik olmasının vurğulanması və Azərbaycan dövlət quruluşunun ideoloji əsaslarının gücləndirilməsi baxımından həmin müddəanın Konstitusiyada əksini tapması zəruridir. Buna görə də Azərbaycan Respublikasının Konstitusiyanın Preambulasının əvvəlinin aşağıdakı redaksiyada verilməsini məqsədəmüvafiq hesab edirik:
         «1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinin davamı olaraq qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə İslam aləmində ilk milli, demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Cümhuriyyətini yaratdı. Müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sisteminə malik olan Azərbaycan Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Cümhuriyyəti Millətlər Cəmiyyəti tərəfindən de-fakto tanınmış və bir çox xarici dövlətlərlə diplomatik əlaqələr yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq suveren Azərbaycan Cümhuriyyətinin ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu.
        Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin beynəlxalq hüquqi varisi kimi onun bayrağını, gerbini və himnini qəbul edərək, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il oktyabrın 18-də qəbul etdiyi «Azərbaycan Cümhuriyyətinin dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir...»
        Bundan başqa Konstitusiyanın 7-ci maddəsinin birinci hissəsinin aşağıdakı redaktədə verilməsini də təklif edirik: «I. Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir».
         6.    Azərbaycan xalqı etnik deyil, milli məfhumdur. Azərbaycan xalqı vahiddir və Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. İrqindən, milliyyətindən, dinindən, dilindən, və s. digər amillərdən asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşı olan hər bir kəs azərbaycanlıdır. Bu müddəanın da birbaşa şəkildə Konstitusiyada təsbiti zəruridir.
        7.    Azərbaycan Respublikası ilk növbədə aparıcı etnik qrup olan Azərbaycan türklərinin dövlətidir (azərbaycançılıq-türkçülük). Azərbaycan həm Azərbaycan türklərinin, həm də digər azərbaycanlıların ümumi bölünməz vətənidir. Azərbaycan Respublikası irqindən, dilindən, dinindən, milliyyətindən və digər amillərdən asılı olmayaraq bütün azərbaycanlıların dövlətidir (azərbaycançılıq-azərbaycanlılıq).
        8.    Konstitusiyada təsbit edilmiş “Azərbaycan dili” ifadəsi qəbul edildiyi dövr üçün düzgün və müdrik qərar olsa da bütün dövrlər üçün düzgün hesab edilə bilməz. Dərindən  təhlil etdikdə bu ifadə Azərbaycan dövlətçiliyinin təməl daşı olan “azərbaycan xalqının vahidliyi” müddəasını pozur.
       9.    Azərbaycan Konstitusiyasında dövlət dilinin türk dili elan edilməsi, heç də “Azərbaycanı Türkiyəyə çevirmir”. Əksinə, bu amil yuxarıda bir sıra ziddiyyətlərin aradan qaldırılmasına, etnik, dini və s. amillərdən asılı olmayaraq vahid «azərbaycanlı» millətinin, azərbaycançılıq ideologiyasının tam bərqərar olması üçün zəmin yaradır.
       10.    Rəsmən qəbul edilməsə də türkçülük Azərbaycan dövlətinin siyasətinə və Azərbaycan xalqının gündəlik həyatına birbaşa şəkildə təsir edir. Şərti olaraq Azərbaycan dövlətinin daxili ideoloji əsasları kimi qəbul etdiyimiz «azərbaycançılıq» türkçülüklə qırılmaz əlaqədədir və ondan kənarda təsəvvüredilməzdir. Türkçülük Azərbaycanı Azərbaycan Respublikasının vətəndaşı olmayan digər Azərbaycan türkləri, digər türk xalqları, türk dövlətləri, türk dövlət qurumları ilə əməkdaşlığı xarici siyasətin prioritet vəzifələrindən birinə çevirməyə vadar edir.
        11.    Milli Azərbaycan dövlətçiliyi sadəcə bugünkü vəziyyətlə kifayətlənməməli daima inkişaf etməlidir. Artıq türk dövlətlərinin inteqrasiyası prosesi heç də qeyri real görünən bir şey deyildir. Yaxın gələcəkdə hər bir türk dövlətinin qanunvericiliyində ərəb dövlətlərində olduğu kimi vahid türk milləti anlayışının təsbit edilməsi, dövlət dilinin vahid türk dili olması barədə müddəanın təsbit edilməsi və bunun nəticəsi olaraq vahid türk dövlətləri birliyinin yaranacağı labüd bir prosesdir. Azərbaycançılıq fikrinin cəmiyyətdə tam bərqərar olması ilə yanaşı türkçülük zəminində digər türk dövlətləri və xalqları ilə əlaqələr mümkün olan ən yaxın formalarda, optimal olaraq isə Konfederasiya şəklinə qədər inkişaf etməlidir.
        12.    Milli İdeologiyamızın tərkib hissəsi olan İslamlaşmaq şüarı heç də Azərbaycan dövlətinin dünyəvi əsaslarının pozulmasını ifadə etmir. Bu daha çox İslamın qondarma dini xurafatlardan azad olması və əslində dinə heç bir dəxli olmayan mürtəce təzahürlərin cəmiyyətin həyatına təsir etmək imkanlarının məhdudlaşdırılmasını ifadə edir. Konstitusiyada dövlətin dünyəvi əsasları qorunmaqla İslam normalarının cəmiyyətin həyatındakı rolu ilə bağlı məsələlərə bir daha baxılmalıdır. Ən azı İslamın cəmiyyətin həyatında müstəsna rolu qeyd edilməli, dini bayram günlərinin hansı meyar əsasında müəyyənləşdirildiyi tənzimlənməli, hər hansı bir məzhəbin və ya dini qurumun üstünlüyünə yol verməmək üçün orta məktəblərdə İslamın əsasları haqqında fənn tədris olunmaladır. Bu baxından “İslamlaşmaq” fikri “müasirləşmək”lə qırılmaz bağlıdır.
       13.    “Türkləşmək, İslamlaşmaq, müasirləşmək” şüarı müəyyən bir sistem əmələ gətirməli, bir-birini istisna etməməli və biri-birini tamamlamalıdır. Türkləşmək (azərbaycanlaşmaq) milli dəyərlərimizi, milli özünüdərkimizi, özlüyümüzü qoruyacaq, İslamlaşmaq təmiz əxlaqa sahib olmaqla, vətənpərvərlik və dövlətçilik hisslərinin möhkəmlənməsinə kömək edəcək, müasirləşmək isə müasir, sivil, qüdrətli dövlət qurmağımıza və onun sürətli inkişafına zəmin yaradacaq. Bunu isə gələcək göstərəcək.







1 Şərh əlavə edilmişdir



Ad və soyadı:  ƏSL TÜRK

E-mail:           ------------

Şərh:             Amma islamlaşmaq və qərbliləşmək gecə və gündüz kimi əks təzad deməkdir. Gərək mütləq onlardan birindən ya qismən ya da təmamən imtina edək. Məncə İslamın adına çıxılsada şüurlu heyvandan fərqlənməyi bacaran insanlığa məxsus ailə və əxlaq dıyərlərini saxlamaqla qərbləşmək olar.

Bu yazı 1584 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :