-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

İrəvan məsələsi
Şiriftin ölçüsünü dəyiş

Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquqşünas

        Son dövrlərdə ölkədə bəzi qüvvələr tərəfindən həyatlarını öz millətinin azadlığına qurban vermiş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərinin vətən xaini kimi ləkələndiyi çıxışlara rast gəlmək mümkündür. Buna səbəb isə guya onların İrəvan şəhərinin Ermənistana güzəştə gedilməsində oynadıqları «qətiyyətsizlik» və hətta «qərəzli niyyət»ləri çıxış edir. Bəs son nəfəsinə qədər azadlıq carçısı kimi çıxış etmiş bu vətən «xainləri» nə günah işləmişdilər? Fikrimizcə, bunun səbəblərini bir qədər əvvəldə axtarmaq lazımdır.
        Dağılma ərəfəsində olan Osmanlı dövlətinin Birinci dünya müharibəsinə cəlb olunmasında burada geniş yayılmağa başlamış Türkçülük və Turançılıq ideyaları mühüm rol oynamışdı. Bir qayda olaraq mədəni ideologiya kimi çıxış edən Türkçülük Osmanlı dövlətində siyasi Turançılıq səviyyəsinə çatmış, hakim İttihad və Tərəqqi Partiyasının rəsmiləri üçün bu müharibə rus imperializminin işğalı altında olan Türk xalqları və onların yaşadıqları ərazilərin Osmanlı bayrağı altında birləşdirilməsi üçün bir fürsət olmuşdu.
        Bir çox mənbələr dünya müharibəsi dövründə Osmanlı rəsmilərinin Türkiyədəki və Rusiyadakı erməni icmasının nümayəndələri ilə görüşdüyünü və müharibədə onların tərəfində iştirak edəcəkləri halda keçmiş Rusiya imperiyasının ərazilərində onlar üçün ayrıca dövlət yaradılacağı barədə vəd verildiyini qeyd edirlər. Azərbaycan ziyalılarına da oxşar vədlər verilmişdi.
        Lakin, Birinci dünya müharibəsinin gedişi nə Osmanlı dövləti, nə də ki, Azərbaycan üçün uğurlu davam etmədi. Bilavasitə ermənilərin xəyanəti ilə rus qoşunları Osmanlı  ərazilərinin xeyli hissəsini ələ keçirərək, həmin ərazilərdə ermənilərlə birlikdə yerli Türk əhalini məhv və sürgün edərək, Osmanlı dövlətinin qərb torpaqlarında müstəqil erməni dövləti yaratmaq və çox güman ki, öz ərazisinə əvvəllər süni şəkildə gətirilmiş erməniləri də oraya köçürmək niyyətində olmuşdur. Hətta bir çox şəhərlərdə ermənilərdən ibarət hakimiyyət orqanları da yaradılmışdı. Lakin, Brest sülhündən sonra rus qoşunlarının geri çəkilməyi ilə ermənilərin xülyası suya düşür və onlar nəinki «böyük vətənlərindən», hətta özlərinə mərkəz hesab etdikləri Eçmiədzindən də məhrum olurlar.
        Vəziyyət isə 1918-ci il mayın sonunda kulminasiya nöqtəsinə çatır. Gürcüstanın qəti sərhədlər müəyyən edilmədən Zaqafqaziya Federasiyasından çıxaraq özünü müstəqil dövlət elan etməsi Azərbaycanın müstəqilliyi üçün zəmin yaratsa da gələcək ərazi münaqişələrinin əsasını qoydu.
        Mayın 29-da Müsəlman Milli Şurası Ermənistanla Azərbaycan arasında sərhəd məsələlərinin müzakirəsində, Aleksandropol tutulduqdan sonra ermənilərin özlərinə siyasi mərkəz seçmək üçün İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsinin qaçılmaz olmasına dair qərar qəbul etmişdi. Həmin iclasda xüsusən İrəvanı təmsil edən deputatların etirazlarına baxmayaraq 28 şura üzvündən 16-nın lehinə səs verməsi ilə İrəvan Ermənistana güzəştə gedilmişdi. Bundan sonra ermənilərlə konfederasiya yaratmaq barədə məsələ də müzakirə olunmuş və yekdil səslə qəbul edilmişdi. Sonradan baş nazir Fətəli xan Xoyskinin İstambuldakı Azərbaycan nümayəndə heyətinin sədri Məhəmməd Əmin Rəsulzadəyə ermənilərlə mümkün ərazi mübahisələrinin və Azərbaycanın pul nişanları ilə təmin edilməsi üzrə təcili tədbirlərin görülməsinin zəruriliyi haqqında məktubunda Azərbaycanın sərhədlərinin çəkildiyi xəritə göndərilir və ermənilərin Qarabağa iddia edəcəkləri halda onlara İrəvanın və Qazax dairəsinin bir hissəsinin güzəştə gedilməsindən imtina edilməsi tələb olunurdu. Ermənilər şifahi sazişə riayət edəcəkləri halda xəritədə göstərilən İrəvan quberniyasının bir hissəsinin güzəştə gedilməsinin mümkünlüyü göstərilirdi. Bütövlükdə dövr üçün bəlkə də zəruri olan bu addımları təqdir etməsək də, belə bir fikri irəli sürməyə tam əsasımız vardır ki, heç bir faktiki ərazisi olmadığından Ermənistan dövləti məhz Milli Şuranın bu qərarından sonra elan oluna bilərdi. Bir sıra müəlliflər də Ermənistan dövlətinin heç də hamının qəbul etdiyi kimi mayın 28-də deyil, «İrəvanın» simasında paytaxt əldə etdikdən sonra mayın 30-da elan edilməsini bildirirlər. Yuxarıda irəli sürdüyümüz mülahizələr Ermənistan Respublikasının Azərbaycan dövlətindən sonra yaranmasının daha məntiqli olduğunu göstərir. Lakin, sonradan ermənilər konfederasiya yaratmaq ideyasından geri çəkilmişdilər.
        Bir az irəli gedərək qeyd edək ki, həmin dövrdə Nuru paşa ilə müstəqil Azərbaycan hökuməti arasında fikir ayrılığı yaranmış, heç bir əlavə təzyiq vasitəsi olmayan hökumət istefaya getməyə məcbur olmuşdu. Buradan bir sual yaranır: İrəvan məsələsində Osmanlıların təzyiqi olmuşdurmu?
        Yuxarıda qeyd etdiyimiz kimi Osmanlı dövləti ermənilərin öz dövlətlərini qurmaq üçün iddia etdikləri əraziləri geri qaytarmışdı. Yaranmış şəraitdə osmanlıların qanları bahasına geri qaytardıqları tarixi torpaqları ermənilərə güzəştə gedəcəyi ağılsızlıq kimi görünərdi. Belə bir vəziyyətdə Osmanlı dövlətinə qarşı heç bir müqavimət imkanı olmayan ermənilərin həmin dövlətin keçmiş Rusiya imperiyasının ərazisində yaradılması tələbini irəli sürmələri təbii idi. Lakin harada? Məsələ brasındadır ki, o dövrdə ermənilər Qafqazın heç bir ərazisində çoxluğa malik deyildilər. Hətta Gürcüstanın Almaniya tərəfindən dəstəklənməməsi halında Tiflisə də iddia edə bilərdilər. Lakin bu məsələdə gürcülər almanların dəstəyi ilə möhkəm durdular. Belə şəraitdə ermənilərin hətta zəngin neft ehtiyatları ilə zəngin olan Bakıya da iddiaları labüd idi. Xatırladırıq ki, həmin vaxtlar Bakı əsası ermənilərdən ibarət olan Sovet hökumətinin işğalı altında idi və bu iddia heç də qeyri-real görünmürdü.
        Belə bir şəraitdə Osmanlı rəsmilərinin ermənilərin ərazi iddialarına son qoymaq üçün Azərbaycan hökumətinə təzyiq göstərməsi istisna deyildi. Lakin, ermənilərə hansı ərazilər güzəştə gedilə bilərdi?
        Bir çox Azərbaycan ziyalıları, o cümlədən gələcək Azərbaycan dövlətinin yaradıcılarından olan Nəsib bəy Yusifbəyli və Məhəmməd Əmin Rəsulzadə müharibədən bir qədər əvvəl imperiya təqiblərindən yaxa qurtarmaq üçün Osmanlı dövlətinə mühacirət etmiş və oradakı siyasi hadisələrdə iştirak etmişdilər. Maraqlı məqam ondadır ki, onların demək olar ki, hamısı vətənə döndükdən sonra siyasi Türkçülük axımının fəalları kimi çıxış etmişdilər. Güman etmək olar ki, həmin dövrdə rus şovinist dairələrinin təqibindən azad olan mühacir Azərbaycan ziyalıları milli muxtariyyət və milli dövlətçilik yaradılması istiqamətində birgə proqram və birgə fəaliyyət planı işləmək üçün münbit şərait əldə etmişdilər. Ehtimal ki, Osmanlı rəsmilərinin də dəstəyi ilə Türkçülük əsasında üzərində Rusiya imperiyasının Türk xalqlarının yaşadığı ərazilərdə, ilk növbədə isə Azərbaycanda milli-ərazi muxtariyyəti və müstəqil dövlət quruculuğu istiqamətində mühüm layihələr hazırlanmışdı. Bu işlərin nəticəsi kimi vahid Proqram-Məramnamə tərtib olunmuş, milli ziyalılarımız vətənə döndükdən sonra isə gizli şəkildə bu proqramın həyata keçirilməsi istiqamətində işlər görülməyə başlanmışdı.
        N.Yusifbəyli ilə M.Ə.Rəsulzadənin tanışlığı da o dövrdə başlamış və hər iki ziyalı doğma şəhərləri olan Gəncə və Bakıda siyasi  fikirlərinin təbliğinə başlayaraq milli düşüncəli bütün ziyalıları vahid ideya ətrafında toplaya bilmişdilər.
Fikrimizcə, siyasi Türkçülüyün mərkəzləri kimi Gəncə və Bakı şəhərlərinin seçilməsi gələcəkdə qurulacaq müstəqil Türk dövlətinin bu əraziləri əhatə edəcəyini ehtimal edirdi. Müstəqil Azərbaycan dövlətinin paytaxtının neft ehtiyatları ilə zəngin olan Bakı ətrafında yaradılması onu iqtisadi cəhətdən daha dayanıqlı edəcəkdi. Cümhuriyyət yaradıldıqdan sonra bütün səylərin Bakının azad edilməsi istiqamətində səfərbər edilməsi yeni yaranmış dövlətin mövcudluğu üçün onun nə qədər vacib olduğunu göstərirdi. Müstəqilliklə bağlı Milli Şuranın məlum qərarı ilə İrəvanın ermənilərə güzəştə gedilməsi də sadəcə güzəşt yaxud da bəzilərinin iddia etdiyi kimi siyasi səhv və hətta «xəyanət» deyildi. Məqsəd, ermənilərin Bakıya iddialarının qarşısını almaq və onları mümkün qədər uzaq tutmaq idi. Həmin dövrdə Bakıdan Osmanlı dövlətinin sərhədlərinə kimi ən uzaq ərazi isə -  elə İrəvan idi.
        Tam əminliklə demək olar ki, İrəvan şəhəri yaradılacaq müstəqil Azərbaycan dövlətinin sərhədlərinə daxil idi, sadəcə Bakıdan fərqli olaraq o qəti şəkildə tələb olunmurdu. Halbuki, həmin dövrdə ümumi etnik tərkibinə görə İrəvan Bakıdan daha «təmiz» Türk şəhəri idi. Fikrimizi yekunlaşdıraraq həyatlarını milli dövlətçilik uğrunda mübarizəyə qurban vermiş görkəmli ziyalılarımızı İrəvanı güzəştə getdiklərinə görə «millətə xəyanət»də ittiham edənlərə bildirmək istərdik ki, İrəvan heç vaxt hüquqi cəhətdən Azərbaycanın tərkibində olmamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası qəbul etdiyi qərarla sadəcə, Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi sayılan İrəvana olan iddialarından geri çəkilmişdi.

Bu yazı 1017 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :