-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Dövlət və mədəniyyət
Şiriftin ölçüsünü dəyiş

Akif Əli
yazıçı-publisist

        Prinsiplər

        Elm, təhsil, ədəbiyyat, incəsənət, maarif – ümumən mədəniyyət məhfumunun daxilində akkumlyasiya olunmuş bu sahələr kompleks halda homo sapiensin insan kimi formalaşmasına təsir göstərir.
         Son iki minillik zaman məsafəsində ən müxtəlif imperiyaların əsarətində yaşamış Azərbaycan ölkəsində idarəçiliyin siyasi, iqtisadi, ideoloji istiqamətləri milli mənafelərdən daha çox «mərkəzi» oriyentirlər üzrə aparılıb. Yəni strateji məqsədlər milli inkişafdan daha çox uzaq «mərkəzlərin» mənafelərinə yönəldilib. Bu, digər sahələrdə olduğu kimi elmdə, təhsildə, maarifdə, ədəbiyyatda, incəsənətdə milli mentalitetin transformasiyasına zəmin hazırlamaq üçün edilib. Azərbaycan türk mədəniyyətini milli köklərdən qoparmaqla daha çox «ərəbist», «farsist», «rusist», «kommunist» sistemlərə qovuşdurmaq xətti yeridilib.
        Bu gün müstəqil Azərbaycan Respublikasının tamam fərqli ictimai-siyasi oriyentiri jəmiyyətimizi keçmiş əsarətin doğurduğu mənfiliklərdən, təlqin etdiyi kəm-kəsirlərdən təmizləmək üçün siyasi, iqtisadi, hüquqi zəmin yaradır.
Yəni indi milli mədəniyyətin doğma qaynaqlara dayanmaqla ümumbəşəri dəyərlərə qovuşması üçün hər şərait var.
Kökə qayıdış, qlobal özünü dərketmə və müasir dünyanın birgəyaşayış normalarının təməl prinsiplərini mənimsəmə prosesi digər ictimai-siyasi faktorlarla yanaşı, həm də və daha çox «ideoloji iş» vasitəsilə sürətləndirilə bilər.
Odur ki, azad, demokratik, dünyəvi dövlət quruculuğuna istiqamətlənmiş yeni ictimai-siyasi oriyentir şəraitində Azərbaycan mədəniyyəti və dünya mədəniyyəti tarixini, nəzəriyyəsini dərindən mənimsəməklə zəruri mənəvi, mədəni dəyərləri cəmiyyət həyatına gətirib təlqin etmək dövlət idarəçiliyinin vacib prinsiplərindəndir.
        Konstatasiya  Dövlət və mədəniyyət məsələlərinin qarşılıqlı əlaqəsinə dair mülahizələr söyləməzdən öncə belə bir həqiqətin konstatsiyası ilə razılaşaq ki, istər şəxsi, istər ictimai müstəvidə mədəniyyət amilinin yüksəldilməsi etik və estetik dünyagörüşünün, zövqün formalaşdırılması müstəqil dövlətin mədəniyyət siyasətinin əsas məqsədlərindən olmalıdır.
        Adətən cəmiyyətdaxili irili–xırdalı böhranlar, siyasi, iqtisadi, mənəvi problemlər, dağınıq, sistemsiz proseslər, şəxsi və ictimai münasibətlərdəki anlaşılmazlıqlar həm də ondan irəli gəlir ki, sözün ən geniş mənasında mədəniyyət amilinə etinasızlıq göstərilir, müzakirə və mübahisələr müxtəlif mədəni inkişaf səviyyəsində aparılır.
Bu baxımdan dövlətin mədəniyyət siyasətinin uğuru cəmiyyətdə sivil münasibətlərə dayaqlanan stabilliyin qorunub saxlanmasına xidmət edir.

Düzgün düşünmə

        Prinsipcə düşüncə aktı olan mədəniyyətdən əyləncə haqqı kimi istifadə xalq və dövlət üçün xeyirsiz istifadədir.
Mədəni tədbir yaxud, Mədəni mübadilə aksiyalarında yalnız «şənlik» proqramlarına üstünlük verilməsi müəyyən maliyyə və insan resursları hesabına başa gələn həmin aksiyaların nəticə etibarilə Milli Mədəniyyət haqqında heç bir təsəvvür yaratmadan (yaxud yanlış yaradaraq) unudulub getməsinə səbəb olur.
Təbii ki, bu zaman səriştəli müşahidəçilər əsas problemin Milli Mədəniyyətin özündə yox, aparılan Mədəniyyət siyasətində olduğunu görüb dərk edirlər.

Mədəniyyət nədir?

        Qədim insanın mağaraya girdiyi ilk andan müasir insanın kosmik fəzaya çıxdığı indiki dövrə qədər bəşəriyyət daim və mütəmadi inkişaf edib, irəliyə gedib, dəyişib – yəni mədəniləşib.
Mədəniyyət anlayışı insanla bağlıdır. Yeri, göyü, külli-aləmi yaradan və yaşadan uca Tanrıdırsa, Yer üzərindəki mədəniyyət əlamətlərini yaradan və yaşadan İnsandır.
İnsan varsa – mədəniyyət var, insan yoxdursa, mədəniyyət də yoxdur.
Əgər İnsanın zehni və qəlbi ilə yaradılmış bütün mədəni dəyərləri Yer üzündən «yığışdırıb» kənara çıxara bilsək, o zaman Yer planeti ən adi fəza cismindən fərqlənməz.
Dünyada şüurlu İnsanı şüursuz canlıdan ayıran – birincinin mədəniyyət sahəsində əldə etdikləridir.
Zəkalı İnsanla instikti püskürən Vəhşinin fərqi – mədəniyyət fərqindədir.
Milyon illər boyu insanların yaratdığı maddi və mənəvi dəyərlər, elmi kəşflər, etik və estetik normalar toplusundan ibarət olan Mədəniyyət anlayışına – bütün duyğu və idrakla bağlı fəaliyyət sahələri aiddir.
Təbii ki, o cümlədən incəsənət də. Ancaq heç bir halda təkcə incəsənət yox!
Çünki Mədəniyyət – heç də yalnız oyun-tamaşa, şənlik, əyləncə faktoru deyil!
El sənəti, folklor, ədəbiyyatın bütün canrları, rəssamlıq, musiqi, teatr, kino, radio, televiziya, qəzet, jurnal, kitab nəşri, memarlıq, heykəltaraşlıq və s. və i. Bu kimi ədəbi-bədii yaradıcılıq növləri insanın Mədəniyyət fəaliyyətinin müxtəlif təzahür formalarıdır. Onlar daha asan qavranılan və daha «kommunikabelli» olduqları üçün daha çox da kütləviləşmiş, məşhurlaşmışdır.
Lakin digər tərəfdən Mədəniyyət dedikdə, biz min bir çalarlı münasibətlər sistemini, əxlaq normalarını, davranış qaydalarını, hüquq prinsiplərini, məişət, dil, din faktorlarını da nəzərdən qaçırmamalıyıq.
Hətta geniş anlamda hansısa xalqın tam Mədəni inkişaf səviyyəsi barədə mülahizə yürüdüləndə bütün bu deyilənlərlə yanaşı, həm də o xalqın elm, texnika, təhsil, iqtisadiyyat, istehsalat, idarəçilik, tkinti, ticarət, səhiyyə, gigiyena, ərzaq, yol, su, işıq, təchizat, xidmət, infrastruktur və s. sahələrdəki uğurları da mövzunun əhatə dairəsinə daxil olur.
Beləliklə, görürük ki, Mədəniyyət – çox geniş tutumlu və çox əhatəli bir anlayışdır. Onu hansısa dar çərçivəli məşğuliyyətlə (məs. təkcə incəsənətlə) məhdudlaşdırmaq, sadəcə təsəvvürün (bəlkə də təfəkkürün) məhdudluğu olardı.
Mədəniyyət – Yer üzünü bürümüş elə bir sirli pərdədir ki, insanların ibtidaidən aliyə, cahillikdən kamilliyə doğru gedən inkişaf yollarındakı bütün nailiyyətləri özünə çəkir, qoruyur, saxlayır və zaman-zaman nəsillərin istifadəsinə verir.
Mədəniyyət – tarixi və genetik yaddaş, mənəvi zənginlik, əqli yetkinlik, fərdi və ictimai intizam deməkdir.
Mədəniyyət – özünü deyil, özgəsini düşünərək yaşamaq tərzidir.
Mədəniyyəti özünün istedadlı nümayəndələri vasitəsilə Xalq yaradır və Xalqın min illər boyu yaratdığı Mədəni dəyərlər yenidən hər bir sıra nəfərinin istifadəsinə qayıdır. Yəni  İnsan və Mədəniyyət daima və mütəmadi olaraq qarşılıqlı surətdə bəhrələnmə, zənginləşmə prosesində yaşayırlar.
Cəmiyyət daxilində mövcudluğu «qəbul etmiş» hər bir vətəndaş öz həyatını xalqın və bütün bəşəriyyətin yaratdığı, cilaladığı Mədəni dəyərlərə, ictimai davranış normalarına, əxlaq prinsiplərinə uyğunlaşdırmağa borcludur. Çünki insanın özü lokal bir fərd olaraq təkcə bioloji varlıq deyil, həm də yaşadığı cəmiyyətin müəyyən inkişaf mərhələsinin məhsuludur.
Təbii ki, bu öhdəliklərlə yanaşı, hər kəsin yeni mədəni dəyərlərin yaradılmasında iştirak etmək hüququ da vardır. Yaradıcı insanlar məhz bu hüquqdan istifadə edərək özlərinin həyat yolunu seçir.
Deyilən dəyər, norma və prinsiplər çərçivəsində yaşamalı olan vətəndaşın mənəvi-hüquqi səlahiyyətlərinin, borclarının və vəzifələrinin əhatə dairəsini müəyyənləşdirmək, habelə onları tənzimləmək isə artıq dövlətin işidir və dövlət bu işi müvafiq icra mexanizmləri vasitəsilə həyata keçirir.

Milli Mədəniyyət

        Kimsə deyə bilər: bu gün Milli Mədəniyyətimiz böhran içərisindədir, tənəzzül dövrünü keçirir.
Səthi mülahizədir.
Xalq mövcud olduqca Milli Mədəniyyət böhrana, yaxud tənəzzülə uğramaz. Çünki millətin Mədəniyyəti artıq əldə edilmiş nəticədir. O obyektiv olaraq xalqın qan və gen yaddaşına daxil olub yaşayır.
Demək, söhbət ancaq Mədəniyyətə münasibətdən gedə bilər ki, bu – artıq hansısa konkret dövrdə cəmiyyətin və şəxslərin öz inkişafından, imkanlarından, maraqlarından asılı olan problemdir.
Yağla şorun qiymətinin bir olmadığı bu dünyada ilahi tənzimat sistemi elə qurulub ki, aydınlar meydanını nadanların sulaması çox uzun çəkə bilməz.

Bizim payımız

       Milyon illərlə hesablanan sivilizasiya yollarında Azərbaycanın da payı var. Azərbaycan Mədəniyyətinin tarixi qaynaqları, ənənələri, maddi və mənəvi əsasları qədim və zəngin bir kökə dayaqlanır. Belə əbədi özül hələ eramızdan çox-çox əvvəllərdən qoyularaq uzun-uzadı, ağır, keşməkeşli yollardan keçib bugünə gəlmişdir.
Xüsusən son yüzilliklərdə məruz qaldığımız itgiləri aradan qaldıraraq qovuşmağa can atdığımız «sivil dünyanın» bir çox maddi-mənəvi abidələrinin, dini-fəlsəfi görüşlərinin kökündə həm də Azərbaycan müdriklərinin zehni və qəlbi ilə açılmış elmi, mənvi, əxlaqi kəşflər dayanır. Bu – istər qədim şumerlərlə, zərdütlüklə bağlı məqamlar olsun, istər xalq sənəti, ayin və mərasimlər, oyun-tamaşa ənənələri, klassik və müasir musiqi, ədəbiyyat, rəssamlıq, memarlıq sahələri, istərsə də elmi, fəlsəfi dünagörüş, poetik təfəkkür və s.

Lakin,

        Lakin uzun əsrlər boyu davam etmiş istilalar və imperiya iddiaları cəngində didilən Azərbaycanın  özündə bu zəngin qaynaqlar, ali dəyərlər zaman-zaman taranlara, talanlara, təhriflərə, dağıntılara məruz qalıb. Nəticədə təəssüf ki, öz unutqanlığımızla yanaşı, bir çox milli mədəni abidələrimizə müxtəlitf dost və düşmən xalqların, millətlərin, dövlətlərin şərik çıxması halları da baş verib.
Güman edilən «müasir mədəni böhran» əlamətləri, tənəzzül, yaxud pərakəndəlik halları da məhz həmin qatmaqarışıq tarixi proseslərin təzahürüdür. Sadəcə hər imkan tapdıqca özünü qabarıq göstərir.
Tarixdə belə müvəqqəti hallar da olur ki, dövlətin diqqəti yayınan kimi milli mədəni dəyərlərin sıxışdırılması, təhrif edilməsi, mədəni inkişafın ləngidilməsi meylləri baş verir.
XX əsrin əvvəllərində güclü xarici hücumlara məruz qalan Osmanlı imperiyası dövlət olaraq zəiflədikcə, onun daxilində milli türk mədəniyyəti də eynən əzilir, unudulur, it-bata düşürdü. O dövrdə həmin əbədi və əzəli qaynaqların yenidən dirçəldilib cəmiyyətə qaytarılması və dövriyyəyə buraxılması üçün Əhməd bəy Ağaoğlu, Ziya Göyalp, Əli bəy Hüseynzadə, Mustafa Kamal Atatürk kimi fikir nəhəngləri öz çiyinlərini klassik milli mədəni dəyərlərə dayaq verdilər, onu çökməyə, unudulmağa qoymadılar, qaldırdılar, dirçəltdilər, zəruri korreksiyalarla modernləşdirib yeni həyata uyğunlaşdırdılar.

Analogiya

        Milli ideoloji köklərə dayaqlanan Konstitutsiya əsasında milli dövlətçilik institutlarının möhkəmləndirilməsi ilə paralel, mütləq Milli Mədəniyyətin Dirçəlişi strategiyası da işlənərək dövlət aparatının bütün vasitələri, üsulları, mexanizmləri ilə həyata keçirilməlidir.
Bu prosesə dövlətlə yanaşı özəl strukturların da fəal qoşulması (bəlkə də cəlb edilməsi) mümkündür.
Milli Mədəniyyətin Dirçəlişi strategiyasının başlıca şərtləri:
-    minillərin yabançılıqlarından təmizlənmə,
-    saf özül dəyərlərinin gömüldükləri alt qatlardan dirçəldilməsi,
-    jəmiyyətin istifadəsinə verilməsi,
-    geniş arealda yayılması,
-    mədəni inkişafa və yeni mədəni dəyərlərin «becərilməsinə» münbit şəraitin yaradılması və s.
Bu zaman Milli Mədəniyyətin özül dəyərləri müasir dövrün tələblərəi ilə uzlaşdırıla, uyğunlaşdırıla, lazım gələn məqamlarda modernləşdirilə də bilər.
Milli Mədəniyyətimizin nailiyyətləri ümumbəşəri mədəni dəyərlərlə qovuşuq halında və mütləq dövlət səviyyəsində cəmiyyət həyatına tətbiq olunarsa, o zaman dünya tərəfindən beynəlxalq birgəyaşayış sisteminə uyğunlaşa bilən və məqbul mədəniyyət daşıyıcıları olan azad, müstəqil xalq və dövlət kimi daha çox tanınmaq və qəbul edilmək şansı artar.
Cəmiyyətdə Milli Mədəniyyəti dirçəltmək və ümumbəşərəi normalarla uzlaşdırmaq yolu ilə keçmişin surroqatlarından, qeyri-müəyyənlik konqlomeratından xilas olmaq, mənəvi saflığı təmin etmək, nizamlı həyata nail olmaq mümkündür. Əlbəttə, bu yol uzun və əzablı yoldur, ancaq başqası yoxdur. Zaman-zaman tarixi düşmənlərimizin yaratdığı və çox əzmlə yaydığı yanlışlıqların üstümüzdən təmizlənməsi, mədəni özgürlüyümüzün təmin edilməsi naminə biz bu yolu getməliyik.
Bu strategiyanın tətbiqi heç də «azad insan, azad cəmiyyət» haqqında mövcud demokratiya anlayışlarını inkar etmir. Sadəcə razılaşmaq lazımdır ki, Xalqın və Vətənin taleyi – nə məişət təfəkkürünün istəklərinə, nə idarəetmə formalarının dəyişkən modellərinə tabe etdiriləməz. Xalqın və Vətənin taleyi sərt əbədiyyət qanunları ilə müəyyənləşər.

   Tale

        Azərbaycan türklərinin taleyində tarixi fəlakət sikillərinin tez-tez təkrarlanması üçün istər kənar, istər iç yabanılar ideya-siyasi baza hazırlamaq fürsətini heç vaxt əldən verməyiblər.
Ancaq neçə min illik tarixin və etnogen yaddaşının qüdrəti hər dəfə göstərib ki, Yaradanın niyyətlərinə zidd olan belə fəlakətlər silsiləsi nə qədər ağır nəticələr versə də öldürücü ola bilməyib. Müxtəlif səbəblərdən müxtəlif zaman kəsiklərində xalq kütlələri əzablara düçar olub, dəhşətli sarsıntılar keçirib, amma nəsilbənəsil yetişən milli qeyrət, milli təəssübkeşlik, milli vicdan daşıyıcıları xalqı dirçəldib, yaşadıb var edib.
İndi bu məşəqqətli taleyi yüngülləşdirəcək lazımi işləri görmək üçün bəlkə də ən əlverişli vaxt yetişib.

Ziyan

        Adətən Mədəniyyət strategiyasındakı yanlışlıq kütlələri tarixi yaddaşda yaşayan özəl milli mədəni dəyərlərdən uzaq salır, onun min bir çalarlı zənginliyindən ayırır. Əsrlərlə qazanılmış zəruri milli-mənəvi dəyərlər praktik yaddaşdan çıxır, kütləvi psixoloji durum dəyişir, insanların həyat tərzi süni «müasir nailiyyətlərin» təzyiqinə məruz qalır.
Boşluğa aparan belə «strategiya» xalqın və dövlətin mənafeyinə xidmət edə bilməz.

Yaxın keçmişdə

        Əski Sovetlərdə yeni «sosialist mədəniyyəti» deyilən yanlış strategiya mövcud idi. Dövlət aparatının «Mədəni inqilab» adlı zor mexanizmi ilə həyata keçirdiyi bu yeni siyasət total idarəetməni və kütləvi tabeçiliyi təmin etmək məqsədi daşıyırdı. Əyləncələrlə dolu, yüngül, problemsiz, «xoşbəxt həyat» imtasiyasına alışdırmaqla Sovet ideoloqları eyni olmayan milyonlarla fərdi eyni olan kosmopolit «Sovet xalqı» qəlibinə yerləşdirməyə çalışırdılar.
Bu minvalla cəmiyyətdə ictimai-siyasi fəallığı səngitməklə bərabər, marksizm-leninizm ideologiyasından irəli gələn qondarma «sosialist mədəniyyəti» nəzəriyyəsinin doğru olduğuna «sinfi düşmənləri» inandırmaq, xalqların «identifikasiyasının» mümkünlüyünü nümayiş etdirmək hikkəsi yeridilirdi.
O dövrdə müttəfiq respublikalarda (o cümlədən Azərbaycanda) Mədəniyyət məsələlərinə dövlət tərəfindən ciddi qayğı və nəzarət vardı. Lakin belə qayğı və nəzarət milli qaynaqlardan uzaq olan «Sosialist» (əslində «Rusist») Mədəniyyətin «kultivasiyası» naminə idi.
Təbii, zorla vurulan yad calaqlar tutmaz. O da olan minilliklərlə yaşı-yaddaşı olan xalqlara və millətlərə. Kommunaçılıq prosedurlarını dünyanın və həyatın bütün modeli, yaşam tərzi, inkişaf qanunauyğunluqları inkar edirdi və etdi də.
Milli dövlətdə belə Mədəni Siyasət əlbəttə, yolverilməzdir.
Yalnız yad ideoloji təsirlərdən və süni dəyərlərdən təmizlənmiş, bəşər sivilizasiyanın ümumi nailiyyətlərinə əsaslanan və milli özüllərə dayaqlanan müasir tipli Mədəniyyət Siyasəti xalqın mənafeyinə xidmət edə bilər.

Müasir dövr

        Bazar iqtisadiyyatı şəraitində əsasən «gəlirsiz» fəaliyyət sahəsi sayılan Mədəniyyət özəl sektor ən müxtəlif yollarla qayğı, kömək göstərə bilər. Bu zaman himayədarlıq, xeyriyyəçilik, sponsorluq, messenat yardımı və s. məqbul formalardandır.
Bununla belə Mədəniyyətə dövlət qayğısı, dövlət sifarişi, hansısa məqamlarda mənəvi-əxlaqi çərçivələrin qorunmasına dövlət nəzarəti də idarəetmənin zəruri şərtlərindəndir.
Dövlətin funksiyası hər şeydən öncə təmsil etdiyi xalqın milli mənafelərinə xidmət etməkdirsə, o zaman dövlətdən xalqın klassik mənəvi dəyərlərinə, kökünə, adət-ənənəsinə, ümumən Mədəniyyətinə xidmət etməsini, onu qayğı və diqqət dairəsində saxlamasını, müasir dövrdəki inkişafı üçün şərait yaratmasını arzulamaq da qeyri-adi istək deyil.
Dünyanın heç bir ölkəsində dövlət bu qayğılardan yayınmır. Çünki mədəniyyətin «gəliri» - xalqın şüurunda və mənəviyyatında, mentalitetində və həyat tərzində, yeni nəslin təfəkküründə özünü büruzə verir.
Dövlətin yaşaması üçünsə bundan vacib heç nə ola bilməz.

Dövlət siyasəti

        Əslində bir çox struktur və institutları yeni qurulmaqda olan gənc Azərbaycan dövlətinin ideoloji, mənəvi-mədəni niyyətləri vətəndaşlar tərəfindən daha çox sövq-təbii, intutiv şəkildə duyulur. Bu niyyətlər ayrı-ayrı ictimai-siyasi xadimlərin gündəlik fəaliyyətində, şifahi nitq və çıxışlarında geniş istifadə edilsə də, elmi-konseptual baxımdan strateji proqram kimi ardıjıl tətbiqini gözləyən ciddi məsələlərdəndir.
Zamanın mənəvi-mədəni idealları dəyişdikcə, dövrün zövq tələbləri təzələndikcə bu dəyişiklikləri geniş xalq kütlələrinə çatdırmaq və xalq kütlələrini də yeni ideallara, daha yüksək əxlaqi-etik, estetik prinsiplərə istiqamətləndirmək – məhz dövlətin Mədəniyyət siyasətinin məqsədlərindəndir.

 Yekun

       Əgər bir adam desə ki, dövlətin çətin məqamlarında Mədəniyyət məsələlərini müvəqqəti kənara qoyub bütün diqqəti siyasətə, iqtisadiyyata, ticarətə və s. yönəltmək lazımdır, demək həmin adam ümumiyyətlə insaniyyəti bir kənara atmaq kimi absurd təklif irəli sürmüş olar.
Çin, Yaponiya, Türkiyə, ABŞ, İngiltərə, İspaniya, İtaliya, Norveç və b. inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ictimaiyyət arasında ideya-mənəvi, estetik və əxlaqi tərbiyə işini, mədəni dəyərlərin tətbiqi sistemini tənzimləmədən başqa sosial, siyasi, iqtisadi sahələrdə mütərəqqi nəticələrə nail olmaq çətinləşər.

Bu yazı 2224 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :