-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Milli dövlətçilik ideologiyasının genezisi
Şiriftin ölçüsünü dəyiş

Aqşin Atalızadə
“Müasir İnkişaf” İctimai Birliyinin İdarə
Heyətinin üzvü, hüquqşünas

        Müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasları ilə bağlı Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında demək olar ki, heç nə deyilmir. Konstitusiya dövlətin əsas məqsədi kimi sadəcə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini göstərir. Lakin, bu heç də o demək deyildir ki, Azərbaycan dövlətinin heç bir ideoloji əsasları yoxdur.
        Konstitusiyadan fərqli olaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının ikinci maddəsində deyilir: «Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci ilin aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir». Elə bu səbəbdən də 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. Göründüyü kimi müasir Azərbaycan Respublikasının ideoloji əsası ilk növbədə onun 1918-ci ildə İslam aləmində yaranmış ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasında ifadə olunur. Buna görə də, fikrimizcə, Azərbaycanın milli dövlətçilik ideologiyasının genezisini məhz  Azərbaycan Xalq Cümhuriyyətində axtarmaq lazımdır. Bu dövlətin yaranmasına Rusiya imperiyasının dağılması zəmin yaratsa da, Azərbaycan Türklərinə dövlətçilik ideyası heç də yad bir fikir deyildi.
        XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik ideyası Türkçülük üzərində qurulmuşdu. Həmin dövrdə Azərbaycan xalqının milli-ideoloji konsepsiyası kimi Türkçülük özündə bir neçə səviyyədən (qatdan) ibarət bir sistemi birləşdirir. Müasir dövrdə «Türk» anlayışı geniş mənada bir-biri ilə etnik bağlılığı olan xalqların ümumi adını, dar mənada isə Türkiyə Cümhuriyyətinin vətəndaşlarını ifadə edir. Ancaq, XX əsrin əvvəllərində dar mənada «Türk» anlayışı Osmanlı təbəələrindən daha çox rusların Zaqafqaziya tatarları adlandırdıqları müəyyən özünəməxsusluqlara malik olan və artıq siyasi millət kimi yetişmiş Azərbaycan Türklərini ifadə edirdi. Məhəmməd Əmin Rəsulzadə düzgün olaraq demişdi ki, «rus istilasının Azərbaycana xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar».
        Professor Ə. M. Tağıyev qeyd edir ki, Rusiya müsəlman Türk ziyalılarının əsas məqsədi ilk dövrlərdə hələ siyasi xarakter kəsb etmirdi. Bu hərəkat sırf maarifçilik mövqelərində idi və ona görə də Rusiya müsəlmanlarının ayrılaraq bir dövlət qurmaq planları irəli sürülmürdü. Rusiya müsəlmanlarının əsas məqsədi Rusiya daxilində milli-mədəni muxtariyyətə nail olmaq, «rus Türklərinin» milli dildə təhsil almasına, elmə, savada, maarifə yiyələnməyə olan tələbatlarının ödənilməsi idi. Bu mənada XX əsrin əvvəllərində yaranmaqda olan Türkçülük ideyaları hələ maarifçilik həddini aşa bilmirdi.
        Mütərəqqi və maarifçi bir ideologiya kimi Türkçülük özünü, sadəcə, «Türk» adlandıran Qafqaz Türklərinin milli oyanışını, öz dilini və mədəniyyətini qoruyub inkişaf etdirməyi ifadə edirdi.
Birinci rus inqilabından sonra Rusiya Türklərinin görkəmli ziyalılarının (Yusif Akçura, Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu) Osmanlı dövlətinə mühacirəti orada yalnız mədəni oyanış səviyyəsində olan Türkçülüyün siyasi xarakterli proqrama çevrilməsinə təkan vermişdi. Həmin mütəfəkkirlər bu proseslərdə katalizator rolunu oynamaqla bərabər həm də özləri də bu proseslərdən qidalanırdılar. İstanbuldakı «Türk Ocağı»nın üzvü olan Ə. Hüseynzadə, Ə. Ağaoğlu, Z. Gökalp, Y. Akçura, M. Ə. Rəsulzadə və başqa Türk ziyalıları birlikdə «Türk yurdu» jurnalında Türkçülük ideyalarını təbliğ etmişdilər.
Gələcək Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə İstanbulda «Türk dərnəyi»nə ilk illərdə yazılan üzvlərdən olmuşdular. «Türk dərnəyi»nin məqsədini ifadə edən nizamnaməsinin ikinci maddəsində deyilir: «Cəmiyyətin məqsədini Türk deyə anılan bütün Türk qövmlərinin keçmiş və bugünkü əsərlərini, işlərini, durumlarını, mühitini öyrənməyə və öyrətməyə çalışmaq yəni Türklərin əski əsərlərini, tarixini, dillərini, avam və xavas (şifahi və yazılı) ədəbiyyatını, etnoqrafiya və etimologiyasını, sosial durumlarını və mövcud mədəniyyətlərini, Türk məmləkətlərinin əski və yeni coğrafiyasını araşdırıb ortaya çıxararaq bütün dünyaya yayıb tanıtmaq və dilimizin açıq, sadə, gözəl, elm dili ola biləcək şəkildə geniş və mədəniyyətə əlverişli bir dərəcəyə gəlməsinə çalışmaq və imlasını ona görə incələməkdir». Sırf elmlə məşğul olacaq bu cəmiyyətə Türk olmayan Türkiyyatçılar da daxil ola bilərdi. Cəmiyyətin məqsədinə xidmət etmək istəyən hər kəs, hansı din, cins və tabeiyyətdən olursa olsun, mərkəzdəki idarə heyətinə şifahi və ya yazılı müraciət etdiyi təqdirdə onun girişi cəmiyyətin iki üzvünün zəmanəti ilə və idarə heyətinin təsdiqi ilə qəbul olunur». (“Türk dərnəyi” Nizamnaməsi, maddə: 4.).
        Həmin dövrdə Osmanlı dövlətində mövcud olan Osmanlı birliyi kimi real dəstəyi olmayan ideoloji fikirlərin yerini Türk birliyi - Turançılıq arzuları tutmuş, bu fikir həm ictimaiyyətin, həm də «İttihad və Tərəqqi» firqəsinin  siyasi məqsədinə çevrilmişdi. Elə Osmanlı dövlətinin Rusiyaya qarşı         Birinci Dünya müharibəsinə daxil olmasının stimullarından biri kimi, sonuncunun tabeliyində olan Türk xalqlarını müstəmləkə zülmündən azad edərək vahid bir Türk birliyinə nail olmaq arzusu çıxış etmişdi.
Beləliklə, mədəni səviyyədə Rusiya imperiyasında təşəkkül tapan Türkçülük ilk dəfə Osmanlı dövlətində artıq Turançılıq şəklində siyasi doktrina xarakteri kəsb etməyə başlayır.
        Gələcək Cümhuriyyətin ideya sahibləri olan N. Yusifbəyli və M. Ə. Rəsulzadə vətənə dönüşdən sonra Türkçülük üzərində qurulmuş fəaliyyətə başladılar.
       1911-ci ildə yaranmış, lakin gizli fəaliyyətə üstünlük verən Müsavat Partiyası siyasi fəaliyyətə başlayır və Türkçülük həmin partiyanın rəsmi ideologiyasına çevrilir. «Müsavat» Rusiyanın milli-ərazi vahidlərinə bölünməsini günün mühüm tələbi kimi irəli sürür, xüsusən də Azərbaycanın müstəqilliyinə nail olmağa can atırdı. M. Ə. Rəsulzadə Ziya Göyalpın «Türk millətindənəm, İslam ümmətindənəm, Qərb mədəniyyətindənəm» şüarını, «Türkçülük, xalqçılıq vəzifələri üzərində təşəkkül edən millətpərvər «Müsavat» firqəsinin proqram müqəddiməsinə daxil etmişdi. Onun rəhbərliyi ilə Birinci Dünya müharibəsinin gedişində 1915-ci ildə təsis olunmuş «Açıq söz» qəzetində Rusiya müsəlmanları açıq şəkildə Türklər adlandırılır.
        Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad edən məramlı bir partiyanın «Türk Ədəmi-mərkəziyyət firqəsi»nin əsası qoyuldu. Keçmiş «difai»çilər öz yeni siyasi partiyalarının adını əvvəllərdən (1906-cı ildən) sıx əlaqədə olduqları Türkiyə Ədəmi-mərkəziyyətçi liqasının adından götürmüşdülər. Bu liqa İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin liberal (!) qanadı idi. Partiyanın proqramında azad, sərbəst cəmiyyət qurulmasının ən doğru təmininin məhz istiqlal və ya muxtariyyət (o tarixi şəraitdə əlbəttə ki, Rusiya üçün federativ quruluş məqbul hesab edilirdi) olduğu vurğulanırdı.
        Qafqaz müsəlmanları qurultayında ilk gündən iki Partiya –«Müsavat» və «Türk Ədəmi-Mərkəziyyət» partiyaları hakim mövqeyə malik idilər. Bu partiyaların liderləri M. Ə. Rəsulzadə və N. Yusifbəyli qurultayda qəti surətdə federasiya prinsipinə dayanan bir dövlət ideyasını irəli sürdülər. Məhz bu partiyaların təkidi ilə qurultay milli siyasi məqsədə aid məsələni müzakirə edərək Rusiyanın idarə şəklinin federasiya prinsipi üzərində qurulacaq cümhuriyyət olması haqqında qərar qəbul etdi.
         Azərbaycan milli dövlətçiliyinin ideya yaradıcıları olan bu iki partiyanın proqramlarında mövcud olan bu qədər oxşarlığın səbəbi nə ilə izah oluna bilər?
       Güman etmək olar ki, həmin dövrdə rus şovinist dairələrinin təqibindən azad olan mühacir Azərbaycan ziyalıları milli muxtariyyət və milli dövlətçilik yaradılması istiqamətində birgə proqram və birgə fəaliyyət planı işləmək üçün münbit şərait əldə etmişdilər. Ehtimal ki, Osmanlı rəsmilərinin də dəstəyi ilə Türkçülük əsasında üzərində Rusiya imperiyasının Türk xalqlarının yaşadığı ərazilərdə, ilk növbədə isə Azərbaycanda milli-ərazi muxtariyyəti və müstəqil dövlət quruculuğu istiqamətində mühüm layihələr hazırlanmışdı. Bu işlərin nəticəsi kimi vahid proqram - Məramnamə tərtib olunmuş, milli ziyalılarımız vətənə döndükdən sonra isə gizli şəkildə bu proqramın həyata keçirilməsi istiqamətində işlər görülməyə başlanmışdı.
       N. Yusifbəyli ilə M. Ə. Rəsulzadənin tanışlığı da o dövrdə başlamış və hər iki ziyalı doğma şəhərləri olan Gəncə və Bakıda siyasi  fikirlərinin təbliğinə başlayaraq milli düşüncəli bütün ziyalıları vahid ideya ətrafında toplaya bilmişdilər. Fevral inqilabından sonra isə «Türk Ədəmi-mərkəziyyət» və «Müsavat» firqələri artıq hazır olan eyni məzmunlu siyasi proqramla dərhal açıq siyasət meydanına atılmışdılar. Çox güman ki, elə İstanbulda olarkən N. Yusifbəyli ilə M. Ə. Rəsulzadə arasında milli mübarizə işində səlahiyyət bölgüsü baş vermişdir. Rəsulzadə daha çox nəzəri-ideoloji fəaliyyətlə, hüquqi biliklərə və maarifçi ideyalara malik olan Yusifbəyli isə dövlətçilik fəaliyyəti ilə məşğul olmalı idi. Qeyd etmək lazımdır ki, Azərbaycan parlamentinin iclaslarında biz demək olar ki, Nəsib bəyin ideoloji xarakterli çıxışlarının şahidi olmuruq. Bu onu göstərir ki, bütün konseptual xarakterli məsələlərdə birləşmiş «Müsavat» vahid mövqedən çıxış etmiş, firqənin mövqeyini isə onun rəhbəri M. Ə. Rəsulzadə ifadə etmişdi. Ona görə də Müsavat Partiyasının siyasi konsepsiyası ilə bağlı bütün məsələləri eyni zamanda N. Yusibəyliyə də şamil edə bilərik.
        Fikrimizcə, siyasi Türkçülüyün mərkəzləri kimi Gəncə və Bakı şəhərlərinin seçilməsi gələcəkdə qurulacaq müstəqil Türk dövlətinin bu əraziləri əhatə edəcəyini ehtimal edirdi. Müstəqil Azərbaycan dövlətinin paytaxtını neft ehtiyatları ilə zəngin olan Bakı ətrafında yaradılması onu iqtisadi cəhətdən daha dayanıqlı edəcəkdi. Cümhuriyyət yaradıldıqdan sonra bütün səylərin Bakının azad edilməsi istiqamətində səfərbər edilməsi yeni yaranmış dövlətin mövcudluğu üçün onun nə qədər vacib olduğunu göstərirdi.
        Yaranmış şəraitə müvafiq olaraq M. Ə. Rəsulzadə və N. Yusifbəylinin başçılığı ilə Bakı və Gəncə şəhərlərində mərkəzləşən Azərbaycan Türkçüləri öz ideyalarını artıq siyasi tələblər müstəvisinə keçirərək – muxtariyyət ideyasından milli respublika ideyasına keçdilər və sonradan birləşərək 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin simasında onu reallaşdırdılar. Bu zaman onlar heç də tarixi hadisələrin nəticələri əsasında deyil, artıq tam formalaşmış olan siyasi doktrinalarına uyğun olaraq fəaliyyət göstərirdilər. Bu baxımdan professor Ə. M. Tağıyev də inqilabın millətin siyasi həyatında əsaslı dönüş yaratdığını qəbul etməklə yanaşı, yeni siyasi tələblərin Azərbaycan ziyalıları üçün məcburiyyət yaratması fikri ilə razılaşmayaraq qeyd edir ki,  müstəqillik ideyası və ona zəmin yaradan ideyalar Azərbaycanda artıq bütün müstəmləkə dövründə özünün ardıcıl inkişaf mərhələsini keçmişdi. Azərbaycanlılar artıq müstəqil yaşamağa qadir olan siyasi bir millət idilər. Sadəcə olaraq məhz inqilab bu ideyaların gerçəkləşməsi üçün siyasi arena yaratdı. Müstəqillik Azərbaycan üçün göydən düşmüş gözlənilməz hədiyyə deyil, tarixi zərurətin məntiqi nəticəsi idi.
        Türkçülük Azərbaycan cəmiyyətində hakim ideologiyaya çevrilməklə azərbaycançılıq məfkurəsinin formalaşmasına, dövlətçilik hissinin güclənməsinə böyük təkan verdi, onun sağlam, demokratik və sivil dünyagörüşü sisteminə çevrilməsini sürətləndirdi. Bu ideologiya böyük bir milli enerjini idarə etməyə başlayanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması qaçılmaz oldu.
        Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətini siyasi Tükçülüyün Azərbaycanda başlıca və ən mühüm nailiyyəti kimi qiymətləndirmək olar. Tadeuş Sventoxovskinin də ifadə etdiyi kimi, «buna qədər nadir hallarda istifadə edilən “Azərbaycan” coğrafi termini özünü tatar, müsəlman və ya Zaqafqaziya tatarı adlandıran xalqın dövlətinin adına çevrildi». Azərbaycan Qafqaz Türklərinin milli dövləti idi.
        Maraqlıdır ki, bir çox qeyri-rəsmi çıxışlarda da Azərbaycan Xalq Cümhuriyyətinin ilk növbədə bir Türk dövləti kimi qiymətləndirildiyini görürük. Böyük bəstəkar və mütəfəkkir Ü. Hacıbəyov 1919-cu ilin mayında «Azərbaycan» qəzetində «Bir yaş» adlı yubiley məqaləsində yazırdı: «Bu gün istiqlalını elan etmiş olduğumuz və istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdılıb, minlərlə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk dövlətinin bir yaşı tamam olub».
       Azərbaycan dövlətinin istiqlaliyyətinin elan edilməsinin bir illiyi münasibətilə İstanbul Universitetində keçirilmiş yığıncaqda Yusif Akçura Azərbaycan Xalq Cümhuriyyətini «Türk aləmində birinci dəfə qurulan Türk Cümhuriyyəti» adlandırmışdı. Əli bəy Hüseynzadə də çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin adını «Qafqaz Türk Cümhuriyyəti» kimi çəkmişdi.
        Cümhuriyyətin dövlət xadimlərinin rəsmən inkar etmələrinə baxmayaraq, yeni yaranmış dövlətin Azərbaycan adlandırılması siyasi Türkçülükdə Vahid Azərbaycan ideyasının mövcud olması ilə bağlıdır. Bu fikir heç də  təsadüfən yaranmamışdı. Həmin dövrdə yeni yaranmış dövlətin alternativ adları kimi «Cənubi Qafqaz Respublikası», ölkənin ictimai və siyasi mərkəzi ilə bağlı olaraq «Bakı Respublikası» «Qafqaz Türk Respublikası», sadəcə «Türk Respublikası» seçilməsi mümkün idi. Məhz Araz çayının güneyində yaşayan insanların quzeylilərlə eyni qandan və dindən olmasına işarə olaraq yeni yaranmış Cümhuriyyət Azərbaycan adlandırılmışdı. Tezliklə Arazın hər iki tayının vahid dövlət halında birləşdirilməsi yolu ilə coğrafi anlaşılmazlıq aradan qalxmış olacaqdı. Təəssüf ki, bu ideya hələ də Azərbaycan xalqının ürəyində romantik bir arzu olaraq qalmaqdadır.

Bu yazı 1109 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :