-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq
Şiriftin ölçüsünü dəyiş

Xəqani Məmmədov
Ağcabədi Müəllimlər İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor

        XIX əsrin ikinci yarısında, xüsusilə də 70-ci illərin əvvəllərində baş verən neft istehsalı yüksəlişi Şimali Azərbaycanda kapitalist münasibətlərinin meydana gəlməsinə və sürətli  inkişafına təkan verdi, cəmiyyətin sosial quruluşunda və ictimai proseslərdə, milli ideoloji fikir və baxışlarda, milli-demokratik ideyaların formalaşmasında əsaslı dəyişiklik və irəliləyişlərə zəmin yaratdı. 1898-ci ildə Azərbaycan dünyanın ən çox neft istehsal edən ölkəsi olan ABŞ-ın səviyyəsinin ötüb keçdi. Bakı neft sənayesinin coşğun yüksəlişi Azərbaycanın digər bölgələrində də iqtisadi dirçəlişə, yeni sənaye sahələrinin yaradılmasına, kənd təsərrüfatının, ticarətin, maarif və mədəniyyətin inkişafına böyük təsir göstərdi.
        Kapitalist münasibətlərinin cəmiyyətin sosial strukturunda etdiyi köklü dəyişikliklər nəticəsində Azərbaycan xalqı içərisindən yeni nəsil - Avropa təhsilli, Avropa mədəniyyəti ilə Şərq mədəniyyətini özlərində birləşdirən, qabaqcıl dünyagörüşə, mütərəqqi əhval-ruhiyyəyə malik Azərbaycan ziyalıları çıxmağa başladı. XIX əsrin 30-40-cı illərində fəaliyyət göstərən A.A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşınlı, Q.B.Zakir və digər ziyalıların ardınca 70-ci illərdə Azərbaycan ziyalılarının ikinci nəsli formalaşdı. Milli kültür hərəkatının daşıyıcıları olan bu nəslin nümayəndələri XIX yüzilliyin sonlarına doğru ədəbiyyatda, incəsənətdə və mətbuatda ciddi dönüş yaratdılar. Azərbaycan ziyalılarının ikinci nəslinin nümayəndələri arasında M.F.Axundov, H.B.Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov, M.T.Sidqi, M.M.Nəvvab, S.M.Qənizadə və başqaları mühüm yer tuturlar. XVIII əsr Avropa maarifçilərinin mütərəqqi ideyalarının fəal təbliğatçısı olan M.F.Axundov ümumxalq dilində yazdığı komediyaları, publisistik fəlsəfi əsərləri ilə Azərbaycan cəmiyyətinə yeni bir istiqamət vermiş, milli-mənəvi mədəniyyətimizin inkişafına böyük təsir göstərmiş, əlifba islahatı uğrunda mübarizə aparmış, milli dirçəlişə mane olan geriliyi, mövhumatı, xurafatı tənqid etmiş, yeni fikirlərin milli ictimai şüura gətirilməsinə çalışmışdır.
        XIX- XX yüzilliklərin qovşağında Azərbaycan ziyalılarının yeni - üçüncü nəsli ictimai-siyasi meydana atıldı. Bu nəslin ən görkəmli nümayəndələri Əli bəy Hüseynzadə, Əlimərdan  bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov və yüzlərcə öz həyatının mənasını Vətənə, xalqa xidmət etməkdə görən ziyalılar idi. Onlardan xüsusilə Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşovun Azərbaycana gəlmələri xalqımızın taleyində çox böyük rol oynadı, Türk məfkurəsinin  və Türk millətinin formalaşmasında mühüm amil oldu. Məhz onlarla birlikdə digər görkəmli ictimai-siyasi xadimlərin yorulmaz fəaliyyətləri sayəsində Azərbaycan  İslam  hümmətçiliyi ilə vidalaşıb, İslam millətçiliyinə və oradan da Türk millətçiliyinə tarixi keçid etdi. Onlar Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə milli demokratik ideyaların formalaşmasında, Rusiya imperiyasının caynağında əzilən müsəlman Türklər arasında Türk Birliyinin yaradılmasında, Azərbaycanda ilk milli  siyasi təşkilatların, cəmiyyətlərin və partiyaların meydana gəlməsində, milli hərəkatın təkamül yolu ilə inkişaf edərək milli istiqlal uğrunda mübarizəyə istiqamətləndirilməsində nəhəng işlər gördülər.
        Azərbaycan milli hərəkatı tarixində mühüm rol oynayan şəxsiyyətlərdən biri Əli bəy Hüseynzadədir. Görkəmli  ictimai-siyasi  xadim olan Ə.Hüseynzadə dövrünün ədəbiyyatşünası, rəssamı, jurnalisti kimi zəngin, maraqlı bir yaradıcılıq yolu keçmişdir. 1864-cü ildə Salyanda anadan olan Ə.Hüseynzadə ailə vəziyyəti ilə əlaqədar olaraq Tiflisə köçmüş və ədibin uşaqlıq çağları bu şəhərdə keçmişdir. Atasının vəfatından sonra Əli bəy Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsi və tərbiyəsi altında yaşamışdır. Ə.Hüseynzadə 1875-1885-ci illərdə Tiflis gimnaziyasında oxumuş, ana dilindən başqa rus, fars və ərəb dillərinin incəliklərinə yiyələnmişdir.
        1885-ci ildə Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirən Ə.Hüseynzadə Peterburq Universitetinin fizika və təbiyyat fakültəsinə daxil olmuşdur. Universitetdə oxuduğu illərdə Mendeleyev, Vaqner kimi məşhur professorların mühazirələrini dinləməklə yanaşı, ədəbiyyata və siyasətə də maraq göstərən Ə.Hüseynzadə çox keçmədən tələbə inqilabi hərəkatına qoşulur. Məhz inqilabi hərəkatda iştirak etdiyi üçün Ə.Hüseynzadəni universitetdən xaric edirlər.
        Peterburq universitetindən xaric edildikdən sonra Ə.Hüseynzadə Türkiyəyə gedərək,  İstanbul Universitetinin hərbi tibb fakültəsinə daxil olur. Universiteti həkim-dermatoloq və yüzbaşı rütbəsi ilə bitirən Ə.Hüseynzadə burada daha çox siyasətlə maraqlanır. O, 1889-cu ilin mayında İstanbulda İbrahim Temo, İshaq Sükuti, Abdulla Cövdət və başqa Türk ziyalıları ilə birlikdə «İttihad və tərəqqi» cəmiyyətinin əsasını qoyur.
        1897-ci ildə Osmanlı-Yunanıstan müharibəsi zamanı «Qızıl Ay» heyətinin tərkibində İtaliyaya gedən Ə.Hüseynzadə hərbi həkim kimi bu müharibənin iştirakçılarından biri olmuşdur. Üç il sonra isə o, müsabiqə yolu ilə İstanbul Universitetinin əsgəri tibb fakültəsinə professor köməkçisi təyin edilmişdir.
        «İttihad və tərəqqi» cəmiyyətinin Mərkəzi Komitəsinin üzvü kimi fəaliyyət göstərən Ə.Hüseynzadə Türk xalqlarının oyanması, milli-mədəni, dil baxımından yaxınlaşması sahəsində mühüm rol oynamışdır.
        Ə.Hüseynzadə 1904-cü ilin ortalarında Misirdə gənc Türklər tərəfindən nəşr edilən «Türk» qəzetinə «Turani» imzası ilə məqalə yazmış, orada Türkçülük ideya və siyasətini müdafiə etmişdir. Türkiyədə Ziya Göyalpın Türkçülüyün əsas prinsipləri kimi formulə etdiyi «Türkləşmək, İslamlaşmaq, müasirləşmək» şüarı 1904-1905-ci illərdə Ə.Hüseynzadə tərəfindən «Türkləşmək, İslamlaşmaq, avropalaşmaq» şəklində irəli sürülmüşdür. «Əli bəyin bu üç düsturu iyi bulunmuş məsud ulu ümidlərdəndir. Bu ümdə Türk aləminin hər tərəfinə yayılmış və  ələlxüsus məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsəla Ziya Gög Alp bəy «Türkləşmək, İslamlaşmaq və müasirləşmək» mövzun üzərinə çox yazı yazmışdır» - deyən Yusif Akçuraoğlu qeyd edirdi ki, «Əli bəy Hüseynzadə müsəlman Türklər arasında ilk «Turanlı», yə’ni «panturanistdir» desəm, düşünürəm ki, səhvə yol vermərəm. Lakin, bunu da bildirməliyəm ki, həyatda daima anlaşma və bir sakitlik arayan Əli bəy turançılığı kəskin, şiddət və israrla müdafiə etmirdi. Bununla bərabər onun şairanə turançılığı 1908-ci ildən sonra İstanbulda digər «turançıları» başlıcası isə Ziya Gög Alpı yaratmışdır». Belə bir tezisin yayılması təsadüfi deyildir ki, Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün  fikir babası Ziya Göyalp, onun da fikir babası Əli bəy Hüseynzadə olmuşdur.
        Ə.Hüseynzadə 1904-1905-ci illərdə Azərbaycan mətbuatında etdiyi çıxışlarında  Türkçülüyün əsaslandırılmasına və geniş təbliğinə başlamışdır. 1905-ci ilin yayında «Həyat» qəzeti baş məqaləsində yazırdı: «Türküz, binayi aliyə Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu eləriz!... Binayi-aliyə «Həyat»... Türk qövmünə dair məlumat və onların nə olmuş, nə olduqlarına və nə olacaqlarına bacardıqca diqqət edib, bu yolda Türkləri əhval-siyasiyyə, tarixiyyə və ədəbiyyələrinə dair nəşriyyat xeyrat edəcəkdir... Bu gün isə elm və ədəbiyyat Türk dilində olmaq üzrə tərəqqiyə başlamış olduğundan, ümumi Şərqdə maarifin ən gözəl vasitəyi-intişarı, Türk lisanı olmuşdur... Avropa elmini və maarifini, ədəbiyyatını, sənət və sənayesini kəsb və vüquf etməli və millətimiz eynində nəşrə çalışmalıyız».
        Ə.Hüseynzadə 1905-ci ildə Ə.Ağaoğlu ilə birlikdə milyonçu H.Z.Tağıyevin vəsaiti ilə nəşr olunan «Həyat» qəzetinin əsasını qoymuşdur. Həmin ilin sonlarında Ə.Ağaoğlu «İrşad»  qəzetinə redaktor təyin olunduqdan sonra Ə.Hüseynzadə «Həyat» qəzetini təkbaşına çıxarmışdır. «Həyat» qəzeti Azərbaycanda Türkçülük ideyalarının yayılmasında mühüm rol oynamışdır. «Həyat» qəzeti öz nəşrini dayandırdıqdan sonra Ə.Hüseynzadə 1906-cı ilin noyabrında «Füyuzat» jurnalının əsasını qoymuşdur. 1907-ci ilin sonuna kimi dərc olunan bu məcmuə Azərbaycan mətbuatı tarixində misilsiz rol oynamışdır. Ə.Hüseynzadə «Füyuzat» jurnalında dərc etdirdiyi «Məcnun və Leylayi İslam» adlı bədii-fəlsəfi əsərində İslamı, İslam aləmini «yaşıl rəngli zümrüdin bir işığın nurinə bürünmüş qayəti-hüsna bir qız»a bənzədirdi: «Əlbisəsi pək qərib olan bu qızın başında Osmanlı bayrağına bənzər, ayyıldıza müzəyyən bir qırmızı örtü, əynində yaşıl rüba, köksündə sıyırma ilə işlənmə bir şirü-xurşid əlaməti görünür. Belinə bağladığı lahur ya kişmir şalı ayaqlarına qədər eniyor, lakin bu qız - «İslam» xəstədir».
        Ə.Hüseynzadənin fikrincə İslamın xəstəliyi sağala bilən, «qabili-şəfa bir mərəzdir». Mərəzin şəfası isə dimac ilə bədənin başqa üzvlərinin, xüsusilə əsas üzvləri (ürək, ciyər və s.) qırılmaz əlaqəsi, xəstəlik törədən ünsürlərə qarşı onların birgə fəaliyyətidir. Onun fikrincə İslamın xəstəlikdən şəfa tapmasının çarəsi İslam xalqlarının  birliyi, ittifaqı, ittihadı idi.
        Ə.Hüseynzadə bu illərdə dərc olunmuş «Gəncə və  Tiflis vüquatına dair əfkarımız», «İrşad», «Rusiya camaatının vəsaiti-inqilabı», «Nəticeyi-zülm və istibdad», «Rusiya inqilabının əhəmiyyəti-aliyyəsi» və başqa  məqalələrində siyasi-ideoloji məsələlərdə kəskin tənqidi mövqe tutur. O, Rusiyanın anarxiya içində çabaladığını, hürriyyətin yalnız kağız üzərində olduğunu, kütlələrin səbrinin tükəndiyini, iqtisadi-siyasi tətillərin getdikcə artdığını, milli ədavətə çarizmin bais olduğunu göstərir, xalqı azadlıq mübarizəsinə səsləyirdi. «Füyuzat» jurnalının ilk nömrəsində Ə.Hüseynzadə Avropa imperialist dövlətlərinin müstəmləkəçilik məqsədilə yeni hərbi ittifaqlar yaratdığını, çar hökumətinin ölkədə polis rejimi tətbiq etdiyini, müxalifət partiyalarının təqib olunduğunu, habelə «Vıborq bəyannaməsi»nə görə kadet partiyasının üzvlərini Petropavlovsk məhbəsinə atdırdığını açıb göstərirdi. «Hər nə hal isə, bir tərəfdən hürriyyət naminə islahat icra olunur, digər tərəfdən hürriyyəti-kəlama, hürriyyəti-ittifaqa müğayir hərəkətlər göstərilib, bir çox cəmiyyətlər dağıdılır, qəzetlər bağlanır, bəzi darülfünunlar qapanır».
        Ə.Hüseynzadə qeyd edirdi ki, «Füyuzat»ın tutduğu yol Türklük, müsəlmançılıq və avropalılıqdır; Türk hissiyyatı ilə mütəhəssis, İslam dini ilə mütədəyyin və Avropa mədəniyyəti-hazirəsi ilə mütəməddin olmaqdır.
«Füyuzat» jurnalının bağlanmasından sonra Ə.Hüseynzadə pedaqoji fəaliyyətlə məşğul olmuş, 1908-ci ildə Bakıda burjua ziyalılarının xeyriyyə yolu ilə açdırdıqları «Səadət» məktəbinə müdir və dil-ədəbiyyat müəllimi təyin olunmuşdur.
1910-cu ildə Türkiyəyə gedən Ə.Hüseynzadə ictimai-siyasi fəaliyyətini həmişəlik olaraq bu mühitlə bağlamışdır. Türkiyədə yaşadığı illərdə universitetdə professor kimi çalışan Ə.Hüseynzadə «İttihad və tərəqqi» cəmiyyətində, «Türk ocağı» dərnəyində Ə.Ağaoğlu, Z.Göyalp, Y.Akçuraoğlu, M.Ə.Rəsulzadə ilə birlikdə fəaliyyət göstərmişdir.
        I dünya müharibəsi zamanı Ə.Hüseynzadə «Turan heyəti» adı altında ittihadçı yoldaşları ilə birlikdə Qərbi Avropanın ayrı-ayrı ölkələrinə gedərək Türkçülük təbliğatını yaymışdır. 1917-ci ildə «Azərbaycanın yeni bir dövlət halında qurulması məsələsini oranın irəli gələnləri ilə birlikdə» müzakirə etmək üçün Osmanlı dövləti onu siyasi tapşırıqla Bakıya göndərmişdir.
        Ə.Hüseynzadə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir. Bundan sonra yenidən Türkiyəyə dönən Əli bəy ömrünün sonuna qədər orada yaşamış, 1940-cı ildə İstanbulda vəfat etmişdir.
        Öz ictimai-siyasi görüşlərini «Əbdi-qılafı», «Siyasəti-fürusət», «Sola, sola, sol tərəfə», «Türklər kimdir və kimlərdən ibarətdir?», «Vəlvələ və zümzümə», «Məktubi-məxsusi», «Bizə hansı elmlər lazımdır?», «Yazımız, dilimiz, ikinci ilimiz» və başqa məqalələrində əks etdirən Ə.Hüseynzadənin dünya görüşü bütövlükdə Şərq və Qərb kontekstində, Azərbaycan, Rusiya və Türkiyə mühitində formalaşmışdır.
        Ə.Hüseynzadə sözün geniş mənasında Azərbaycanda mədəni və siyasi Türkçülüyün əsasını qoymuş, bu sahədə özündən sonra gələnlər üçün böyük bir məktəb ənənəsi yaratmışdır. Onun ümummədəni, fəlsəfi, estetik, ədəbi, ictimai-siyasi xətti-hərəkətini aşkarlamaq üçün məhz bu amildən çıxış etmək lazımdır. Qeyd etmək lazımdır ki, onun Türkçülüyə və millətçiliyə dair görüşləri bir sıra mənbələrdə ətraflı şərh olunmuşdur.
        Ə.Hüseynzadə hələ əsrin əvvəllərindən başlayaraq Türkçülüyün nəzəri əsaslarını yaratmağa başlamış, sonralar isə onun tədqiqatları Z.Göyalp, Y.Akçuraoğlu və digər Türkçülər üçün örnək rolunu oynamışdır. O, 1904-cu ildə çap etdirdiyi «Məktubi-məxsusi» adlı məqaləsində qeyd edirdi ki, Türklər və müsəlmanlar arasında birliyin yaranmasında İslam və onun müqəddəs kitabı olan Quran mühüm rol oynamışdır. O, Türk xalqları arasında birliyin möhkəmləndirilməsində dinlə yanaşı mədəni-mənəvi bağların möhkəmləndirilməsini də mühüm hesab edirdi.
Ə.Hüseynzadənin «Həyat» və «Füyuzat» səhifələrində dərc olunan məqalə və tədqiqatlarında Türk xalqlarının dilləri, ədəbiyyatı, mədəniyyəti, tarixi məsələləri geniş təhlil olunmuşdur. Ayrı-ayrı Türk xalqlarının bir kökə söykəndiyini əsas tutan ədib tarixin ədalətsizliyi nəticəsində biri-birindən təcrid olunmuş bu qövmləri birliyə çağırırdı. Böyük siyasi xadim vaxtilə qəhrəmanlıq tarixi yaşamış Türkləri elm və birliyin gücü ilə yenidən parlamağa çağırır, milli-azadlıq ideyaları təbliğ edirdi. Göründüyü kimi, Ə.Hüseynzadənin tədqiqatlarında bir tərəfdən mədəni birlik - Türkçülük, digər tərəfdən siyasi birlik - turançılıq təbliğ olunurdu.
        Ə.Hüseynzadənin tədqiqatlarında Türkçülük romantizm səviyyəsində deyil, real tarixi şəraitə uyğun şəkildə idi. O, yalnız Türk xalqlarının qəhrəmanlıq tarixini araşdırmır, eyni zamanda bugünkü məhkum vəziyyətini də əks etdirir, onları siyasi azadlıq uğrunda mübarizəyə səsləyirdi. Xüsusilə birinci rus inqilabından sonra Ə.Hüseynzadənin dünyagörüşündə Türkçülüyün romantizmdən realizmə doğru təkamül etdiyi müşahidə olunur.
Xalqımızın milli-azadlığı, istiqlalı uğrunda mübarizəni öz həyatlarının mənası hesab edən, bu yolda hər cür əzab-əziyyətlərə, məhrumiyyətlərə qatlaşan Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və digər ziyalılarımızın həyatlarının, ictimai-siyasi fəaliyyətlərinin, ədəbi-bədii, elmi-nəzəri və publisistik yaradıcılıqlarının öyrənilməsinə, bu sahədə yeni-yeni tədqiqatlara bu gün böyük ehtiyac vardır. Onların və milli dövlətçiliyimiz yolunda fədakarcasına çalışan digər ziyalılarımızın zəngin irsinin toplanıb nəşr edilməsi, ictimai-siyasi fəaliyyətlərinin tədqiq edilməsi, araşdırılması, öyrənilməsi və bugünkü nəslə çatdırılması çağdaş tarix elmimizin qarşısında duran ən aktual vəzifələrdən biridir.

Bu yazı 974 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :