-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

1905-1906-cı il hadisələrini doğuran səbəblər
Şiriftin ölçüsünü dəyiş

      Pərviz Ağalarov
«Müasir İnkişaf» İctimai Birliyinin üzvü

        Tarixşünaslıqda daha çox «erməni-müsəlman davası», «erməni-müsəlman qırğınları» adı ilə məşhur olan 1905-1906-cı illər hadisələri Azərbaycanın XX əsr tarixində özünəməxsus yeri olan hadisələrdəndir. Maraqlıdır ki, istər həmin dövrdə, istərsə də sonrakı dövrlərdə bu qanlı qırğınlara həsr olunmuş elmi ədəbiyyatlarda qırğınların əhalini inqilabi çıxışlardan yayındırmaq məqsədilə çar hakimiyyəti orqanları tərəfindən planlaşdırılığı və həyata keçirdiyi fikri üstünlük təşkil edir. Qeyd edək ki, bu yazıda məqsəd tarixşünaslıqda 1905-1906-cı illər hadisələri ilə bağlı mövcud olan fikirləri nəinki təftiş etmək, əksinə, bu hadisələri doğuran səbəbləri daha dolğun araşdırmaqdır.
        1905-1906-cı il erməni-müsəlman toqquşmaları birdən-birə baş verə bilməzdi. Həmin hadisələri doğuran köklü səbəblər vardı. Bu səbəblərdən bir qismi Osmanlı imperiyasında baş verən proseslərlə, digər qismi isə çarizmin Qafqazda yürütdüyü siyasətlə sıx surətdə bağlı idi.
        XVIII-XIX əsrlərdə elmi-texniki nailiyyətlərdən məharətlə yaralanan və kapitalizmin sürətli inkişaf mərhələsinə qədəm qoyan Avropa dövlətləri dünyada yeni ərazilər işğal etmək, bazarlar ələ keçirmək uğrunda Asiyada mübarizəyə başlamışdılar; Çin və İran yarımmüstəmləkə halına salınmış, Hindistan işğal edilmişdi. Ərazisi üç qitəni əhatə edən və Avropada da mülklərə sahib olan Türk-müsəlman dövləti Osmanlı imperiyası müstəmləkə siyasətinin qarşısında dura biləcək yeganə qüvvə ola bilərdi. Lakin XVIII əsrdə Rusiya ilə aparılan uğursuz müharibələr Osmanlı dövlətinin gücünü xeyli dərəcədə zəiflətdi. Məhz XVIII əsrdə «Yunan layihəsi», «Şərq məsələsi» adı altında Rusiya və Avropa saraylarında Osmanlı imperiyasını parçalamaq, məhv etmək planları hazırlanmışdı. Osmanlı dövlətinə təzyiqlər göstəmək üçün Balkanlarda yaşayan xristian təbəələri üsyana təhrik edilir, hayduk dəstələri yaradılır, bu dəstələr Türk-müsəlman əhaliyə divan tutur, dövlət nümayəndələrini qətlə yetirirdilər. Dövlətin bu quldur dəstələrinə qarşı həyata keçirdiyi cəza tədbirləri isə Osmanlının daxili işlərinə qarışmağa fürsət gözləyən Avropa dövlətlərinin böyük basqısı ilə üzləşirdi. Nəticə özünü çox gözlətmədi: Osmanlılar əvvəlcə Yunanıstanın, sonra Rumıniyanın, Serbiya və Qaradağın (Çernoqoriya-P.A.), XIX əsrin 70-ci illərində isə Bolqarıstanın müstəqilliyini tanımağa məcbur oldular. Ortada çox gözəl bir nümunə vardı: quldur dəstələri yarat, qırğınlar törət, «məzlum» xristianların zülmə məruz qaldığı haqqında hay-küy qopar və Avropa dövlətlərinin yardımı ilə dövlət qur. Ermənilər də məhz bu siyasətdən istifadə etməyə cəhd göstərdilər. Üstəlik onların Rusiya kimi daha etibarlı havadarı tapılmışdı. Lakin bir problem vardı. Yuxarıda adları sadalanan xalqlar tarixi ərazilərində kompakt halda yaşayır və sayca Türklərdən üstünlük təşkil edirdilər.
        Ermənilər haqqında isə bunu demək mümükün deyildi. Avropa dövlətlərinə emissarlar göndərən ermənilər haqlı sualla rastlaşırdılar: onlar hansı ərazilərdə dövlət quracaqlar? Osmanlı imperiyasında onların iddia etdiyi altı vilayətin heç birində ermənilər yerli Türk-müsəlman əhalidən sayca üstün deyildilər.
        1876-cı ildə və 1877-78-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsi ərəfəsində erməni patriarxı Nerses Britaniya səfiri ilə görüşmüş və milli azlıqların Balkanlarda qaldırdıqları üsyanlardan sonra qazandıqları üstünlüklərin ermənilərə də şamil edilməsini xahiş etmişdi. Patriarx qeyd edirdi ki, əgər Avropa dövlətlərinin dəstəyini qazanmaq üçün «üsyana qalxmaq vacibdirsə, elə bir hərəkata başlamaq heç bir çətinlik törətməyəcək».
Həmin Nerses Rusiyaya da nümayəndə heyəti göndərdi və Krım müharibəsinin revanşını almağa çalışan Rusiya ermənilərə köməyini əsirgəməyəcəyinə vəd etdi. 1877-78-ci illərdə baş vermiş Osmanlı-Rusiya müharibəsi birincilərin növbəti məğlubiyyətini rəsmiləşdirən Yaşıl köy (San Stefano) sülhü ilə başa çatdı. Rusiya öz ərazisində yaşayan  ermənilərin də Qafqaz canişininə müraciətini nəzərə alaraq Osmanlı imperiyasında ermənilər yaşayan ərazilərdə lazımi islahatların həyata keçirilməsini tələb etdi. Berlin konqresinin 61-ci maddəsində də Osmanlı imperiyasından xristianlar yaşayan ərazilərdə islahatlar keçirməsi və bu islahatlara təkcə Rusiyanın deyil, altı Avropa dövlətinin nəzarət etməsi öz əksini tapmışdı. Beləliklə «erməni məsələsi» formalaşdırıldı. Qalırdı «üsyan»lar etmək. Bunun üçün isə təşkilatlanmaya ehtiyac vardı. Belə təşkilatlar yaradıldı. 1887-ci ildə Cenevredə «Hnçak» («Zəng»), 1890-cı ildə isə Tiflisdə «Daşnaksütyun» («İttifaq») partiyaları təşkil olundu. Bu partiyaların əsas vəzifəsi Osmanlı torpaqlarında Ermənistan dövləti qurmaq idi. Buna necə nail olacaqları «Hnçak»ın proqramında öz əksini tapır: «Hər bir şəraitdə Türkləri və kürdləri qırmaq, öz məqsədlərinə xəyanət edən ermənilərə aman verməmək…»
        «Daşnaksütyun»un 1892-ci ildə Cenevrədə keçirilən I qurultayında partiyanın əsas məqsəd və vəzifələri müəyyən edildi, özlərini sosialist adlandıran daşnaklar müstəqil demokratik respublika yaradılmasını partiyanın son hədəfi elan etdilər. Buna çatmaq üçün isə aşağıdakı vasitələrdən və yollardan istifadə olunmalı idi: 1) yaxşı təşkil olunmuş silahlı üsyanlar; 2) təkcə ermənilər deyil zülm altında olan bütün xalqlar arasında intensiv inqilabi iş aparmaq, 3) erməniləri silahlandırmaq və təşkilatlandırmaq, 4) hökumət nümayəndələrinə qarşı terror həyata keçirmək.
        Göründüyü kimi istər «Hnçak», istərsə də «Daşnaksütyun» partiyasının xəmiri qanla və terrorla yoğurulurdu. Bu xəmirə mayanı isə «Avropanın xəstə adamı» hesab etdikləri Osmanlı dövlətinin sonunun yaxınlığını duyub onun ərazisindən daha çox pay sahibi olmağa çalışan Rusiya və Avropa dövlətləri qatmışdılar.
Əslində ermənilər Osmanlı dövlətinin şərq vilayətlərində yaşayan dinc əhaliyə divan tutub onları hər vasitə ilə qovmaq və erməni çoxluğunu yaratmaq istəyirdilər. XX əsrin əvvələrində Türkiyədə uğurla tamamlaya bilmədikləri bu planı Qafqaza köçürdülər. 1905-1906-cı illərdə törədilən qırğınların ən  mühüm  səbəblərindən biri də məhz bu idi. Yəni bu hadisələrlə ermənilər ilk dəfə tarixi Azərbaycan torpaqlarında etnik təmizləmə siyasətini həyata keçirməyə cəhd göstərmişlər.
        Haşiyə: Maraqlıdır bəs nə üçün ermənilər açıq şəkildə millətçi deyil, sosialist şüarlardan istifadə edirdilər? Bunu Eçmiədzin (Üçkilsə) sinodunun prokuroru A.Frenkel belə izah edir: «Qafqazda erməni məktəblərinin bağlanmasından sonra erməni gənclərinin xeyi hissəsi İsveçrəyə və Almaniyaya üz tutdular, oradan isə böyük əksəriyyəti hazır sosialist kimi döndülər. Sosialist təbliğatı erməni şəhər əhalisi arasında daha əlverişli idi, çünki şəhərli erməninin qürur duyacağı vətəni yox idi, yalnız onun xalqının 1300 illik kölə və hamı tərəfindən nifrət edilən parazit kimi kədərli xatirəsi vardı».
        1903-cü ildə erməni inqilabi hərəkatının genişlənməsindən və aydın görünən separatçılıq meyllərinin güclənməsindən narahat olan çar hökuməti monastr torpaqlarının müsadirə edilməsi haqqında qərar verdi. Bu addım ermənilərin çar Rusiyasına münasibətini dəyişdi. Erməni qriqorian kilsə xadimləri imperatoru, imperator sülaləsini, ümumiyyətlə bütün hökuməti lənətlədi. 1905-1906-cı illər hadisələrinin gedişində bir çox dövlət xadimlərinin ermənilər tərəfindən terror yolu ilə aradan götürülməsinin mühüm səbəblərindən biri də bu idi.
1905-1906-cı illər qanlı toqquşmalarının digər səbəbi çar Rusiyasının Azərbaycanın işğalını başa çatdıran 1828-ci il Türkmənçay müqaviləsindən XX əsrin əvvəllərinədək həyata keçirdiyi köçürmə siyasəti idi.
        Rus müəllifi N.T.Şavrov 1911-ci ildə nəşr etdirdiyi kitabında ermənilərin çar Rusiyası tərəfindən köçürülməsi mərhələlərini qeyd edərək göstərirdi ki, «bu gün Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyonu diyarın köklü əhalisi olmayıb tərəfimizdən köçürülənlərdir».
        Köçürülən ermənilərə müsəlman əhalisinin torpaqlarında çox yaxşı şərait yaradılır,  hətta bir müddət onlardan vergi də alınmırdı. Sözsüz ki, müsəlman əhalinin torpaqlarının alınıb ermənilərə verilməsi, onların ən  yaxşı xəzinə torpaqlarında yerləşdirilməsi yerli əhali arasında narazılıq doğrulmaya bilməzdi. Bunun üzərinə çarizmin müsəlman əhalisinə qarşı yürütdüyü milli-dini ayrı-seçkilik siyasətini də əlavə etsək toqquşmalar ərəfəsindəki vəziyyətlə bağlı müəyyən təsəvvür yaratmış olarıq.
        Çarizmin müstəmləkə siyasətində ermənilərdən istifadə olunması adi hal idi. Məsələn, rus işğalı dövrünün tədqiqatçılarından Ə.Məmmədov Zaqatala dairəsindəki analoji siyasəti belə təsvir edir: “Nuxa qəzası kimi Zaqatala dairəsinin də iqtisadiyyatını ələ keçirmiş ermənilərə hakimiyyət orqanları tərəfindən müxtəlif vasitələrlə - kəndlilərə borc verməklə, borcu yığılan kəndliləri torpaqlarını hərrac yolu ilə satışa çıxarmağa məcbur etməklə, vergiləri kəndlilərin əvəzinə ödəməklə və digər üsullarla kəndli torpaqlarını zəbt etməyə geniş imkanlar verilmişdi. Ermənilərdən faizlə borc alan kəndlilər son nəticədə torpağını ona satmağa, öz torpağında icarədar kimi işləməyə məcbur olurdu».
        Təbii ki, gəlmə ermənilərin hərəkətləri yerli əhalidə ciddi narazılığa səbəb olurdu. Çar məmurunun məlumatında da bu öz əksini tapır: «Zaqatala dairəsində onlara (ermənilər -P.A.) nifrət şübhəsizdir. Müsəlmanların nifrətinin hələlik açıq çıxış, qırğın şəkli almamasının səbəbini yerli idarə orqanlarının... yaratmış olduğu nəzarət aparatının güclü olması, ermənilərin bicliyi və bunu hələlik tam anlamayan müsəlmanların sadəlöhvlüyü ilə izah etmək olar». Qeyd edək ki, bu məlumat 1905-ci ilin 23 sentyabrında verilmişdi.
        Göründüyü kimi 1905-1906-cı illər toqquşmaları heç də bir anın içərisində baş verməyib, çarizmin Azərbaycanda yerli əhaliyə qarşı yönəlmiş uzunmüddətli müstəmləkəçi siyasətinin nəticəsi kimi təzahür etmişdi.
Hadisələrin səbəblərindən bəhs edərkən çarizmin Cənubi Qafqazda əhalini inqilabi çıxışlardan yayındırmaq məqsədilə bu qırğınları qəsdən təşkil etməsi fikrini heç cür kənara qoymaq mümkün deyil. Çünki qırğınlar məhz 1905-1907-ci illər inqilabi dövründə törədilmişdi.
        Məsələn, 1905-ci il fevralın 9-da Bakıda kifayət qədər polis qüvvələri və qoşunlar olsa da, onlar hadisələri dayandırmağa heç bir cəhd göstərməmişdilər. Şuşada isə hətta hökumət qüvvələri ermənilərlə birlikdə müsəlman əhalisi üzərinə hücum etmişdi.
        Bolşevik tədqiqatçısı A.Rayevskinin hadisələrin törəmə səbəblərinə baxışı özünün «orijinallığı» ilə seçilir. Müəllifin fikrinə görə 1905-1906-cı illər toqquşmalarının kökündə Türk və erməni kapitalı arasındakı antoqonizm dururdu. Belə ki, daha «mütərəqqi» olan erməni kapitalı hələ 1905-ci ilə qədər Türk kapiatlını əvvəlki mövqelərindən sıxışdırmışdı. Bu ziddiyyətlərin kəskinləşməsində maraqlı olan çar hakimiyyət orqanları isə bundan  istifadə edib «erməni qırğınları»nı təşkil etmişdi. Bu artıq bizə tanış olan ermənipərəst bolşevik yanaşmasıdır.
        Əvvəla, çarizmin bu qırğınlarda ermənipərəst mövqeyi ilə bağlı onlarla fakt var. İkincisi isə qırğınların təşəbbüskarı “Daşnaksütyun” partiyası olub,  çarizmin məkirli siyasətinin daşıyıcıları rolunu oynamışdır.
Haşiyə: Bakı müvəqqəti general-qubernatoruna Salyansk ehtiyat piyada polkunun komandiri tərəfindən raport. 1905-ci il, 31 avqust.
        «Qumbara atıldı, məlum oldu ki, atəş Ter-Ohenesyantısın və Dildarovun qonşuluqda yerləşən evlərindən açılmışdır, evi dağıtmaq hədəsi ilə ev sahiblərindən təzminat aldım: Ter-Ohanesyantsdan 3000 rubl, Dildarovdan isə 2000 rubl» (ev sahiblərinin hər ikisi erməni idi-P.A.)
Digər raporta nəzər salaq:
        «27 avqust gecə saatlarında tərəfimdən məlumat alındı ki, Suraxanı küçəsində yerləşən Əliyevin evindən patrullara atəş açılmışdır. Günahkarları cəzalandırmaq üçün mən 21-ci artilleriya briqadasının növbətçi batareyasını və mənə tabe olan polkun 3-cü rotasını götürüb ora yollandım. Patrullara atəş açılan Əliyevin evinin yuxarı mərtəbəsinə əmrimlə toplardan iki atəş açıldı, sonra isə evdə axtarış keçirildi. Evdə partlayan atəş səbəbindən ev sahibinin oğlu öldürüldü... Axtarış zamanı evə xəsarət dəydi». Diqqət yetirin, eyni hadisəyə görə ermənidən pul alınır, azərbaycanlının evi isə topa tutulur, oğlu öldürülür. Əlavə şərhə ehtiyac duymuruq. Bu da rusların «müsəlmanpərəst» mövqeyi.
        Azərbaycan burjuaziyasını bu hadisələrdə suçlayanlara isə II Dövlət Dumasında İsmayıl bəy Ziyadxanlının (xatırladaq ki, o məhz həmin burjaziyanı təmsil edirdi – P.A.) çıxışı ibarətamiz cavabdır. «…Müsəlmanlarla ermənilər isə bir-birilərinə qarşı elə mahiranə surətdə təhrik edilirlər ki, yaxın vaxtda bu iki xalq yer üzündən asanlıqla silinəcəkdir. O zaman siz və Qurko Stişinskilər məğrur Qafqaz övladlarının qanına boynamış bu torpaqlarda rus kəndliləri üçün  planlaşdırdığınız yaşayış məntəqələri qura biləcəksiniz».
İ.Ziyadxanlı bu çıxışı ilə çarizmin Cənubi Qafqazda «parçala, hökmranlıq et» siyasətini ifşa etmişdir.
1905-1906-cı illər qırğınlarının səbəbləri ilə yanaşı nəticələri də kifayət qədər maraq doğurur.
        Birincisi, bu hadisə Cənubi Qafqazda ermənilərlə yeri əhali arasında ilk kütləvi silahlı münaqişə olub sonrakı proseslərə də təsirsiz ötüşmədi.
        İkincisi, Cənubi Qafqazın Türk-müsəlman əhalisində özünü «sosialist» partiyası kimi qələmə verən «Daşnaksütyun»un iç üzü və əsl niyyəti haqqında təsəvvürlər formalaşdı.
        Üçüncüsü, bu hadisələr Azərbaycan Türklərinin milli hisslərinin oyanmasında mühüm rol oynadı. Təsadüfi deyil ki, ermənilər tərəfindən törədilən qırğınların qarşısını almaq məqsədilə ilk milli partiyamız – «Difai» məhz qırğınların gedişində yaradılmışdı.
        Dördüncüsü, 1905-1906-cı il hadisələri Türk-müsəlman əhalisinin təşkilatlanma zərurətini meydana çıxardı və «Difai»nin ardınca «Müdafiə», «İttifaq», nəhayət «Müsavat» partiyaları yaradıldı.
        Beləliklə 1905-06-cı illər hadisələrinin təşəbbüskarı olan «Daşnaksütyun» partiyası nə qədər hazırlıqlı olsa və nə qədər rus məmurlarının himayəsinə arxalansa da, son nəticədə özünün əsl niyyətinə - «etnik təmizləmə»yə nail ola bilməyib məğlubiyyətə uğradı.

Bu yazı 1910 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :