-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ermənilər folklor nümunələrimizi çoxdan mənimsəyirlər
Şiriftin ölçüsünü dəyiş

Həmid VƏLIYEV,
Bakı Dövlət Universiteti

        Azərbaycan folkloru nümunələrinin müntəzəm və elmi şəkildə toplanması, tədqiqi və başqa dillərə tərcüməsi işi XIX yüzilliyin axırlarında başlamışdır. Həmin əsrin 50-ci illərində «Kavkaz» və «Zakavkazski vestnik» qəzetlərində dərc edilmiş bir neçə Azərbaycan nağılı nəzərə alınmazsa, şifahi xalq ədəbiyyatı nümunələrimizin toplanıb oxuculara çatdırılmasında Tiflisdə «Kavkazski uçebnı okruq» nəşriyyatı tərəfindən nəşr olunan «Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza» toplusu çox mühüm rol oynamışdır. 1881-ci ildən 1914-cü ilədək Tiflisdə, Sovet hakimiyyəti qurulandan sonra isə Mahaçqala şəhərində bir neçə il çıxmış həmin toplunun ayrı-ayrı nömrələrində Azərbaycan nağılları rus, bəzən də Azərbaycan və rus dillərində tərcümə ilə nəşr olunmuşdur.
        Toplu Azərbaycan folkloru nümunələrinin çap olunması işində yerli ziyalıların, o cümlədən Qori seminariyasının müəllim və tələbələrinin gücünə arxalanırdı. Görkəmli ziyalılarımızdan bir çoxu onun səhifələrində fəal çıxış edir, topladıqları nağılları, atalar sözü və məsəlləri, nəğmə, bayatı, lətifə və əfsanələri dərc etdirirdilər. Həmin dövrdə folklora dair bir-birinin ardınca kitablar nəşr olunmuşdu.
        Gürcü folklor həvəskarları Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən ibarət saysız-hesabsız kitablar buraxmışdılar. David Givişvilinin «Koroğlu»su, Anton Qanciskarelinin «Məclis əyləncələri», Aleksandr Mirakişvilinin         «Molla Nəsrəddinin məzəli sözləri» və s. bu qəbildən olan kitablardır. «İveriya» qəzetində, «Siskari» və «Cecili» jurnallarında, «Sakartvelos kalendari»nin müxtəlif buraxılışlarında dastanlarımızdan parçalar, Molla Nəsrəddin lətifələri, atalar sözü və tapmacalarımız verilmişdir. Gürcü ziyalıları tərəfindən yazıya alınmış yüzlərlə folklor nümunəsi Gürcüstan Elmlər Akademiyası Əlyazmaları İnstitutunda saxlanılır. Azərbaycan folkloru qonşu xalqlar arasında son dərəcədə geniş yayılır, dastanlarımızın, nağıl və nəğmələrimizin variantları yaradılırdı. Qəhrəmanlıq və məhəbbət dastanlarımızın gürcü və erməni variantları folklorşunaslıq elmi tərəfindən xeyli  tədqiq edilmiş, bir çox gürcü və erməni aşıqlarının azərbaycanca yazmalarının səbəbləri aydınlaşdırılmışdır.
        Bununla belə, vaxtilə bir sıra Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri başqa xalqların, xüsusilə ermənilərinki kimi dərc olunmuş, təəssüff ki,  vaxtında bu cür səhvə yol  verənlərin «xətrinə dəyilməmişdir». N.Kalaşev məhz  belə etmişdir: ermənilərdən eşitdiyi «Sövdəgər Əhməd», «Qulu xan», hətta «Məlikməmməd» kimi nağıllarımızı «Sbornik materialov dlya opisaniya mestnostey i plemyon Kavkaza» toplusunda erməni nağılları  kimi vermişdir. «Ovçu Əhməd» nağılının taleyi də belə olmuşdur. Hələ onu demirik ki, onlarca erməni nağılı Azərbaycan nağıllarından iqtibas edilib «erməniləşdirilmişdir».
        Bəzi folklor həvəskarlarının xalq yaradıcılığımızın nümunələrinə sahib  çıxmaq cəhdləri də olmuşdur. Məsələn, 1910-cu ildə «Yeni gürcü, erməni və  Azərbaycan şeirləri» kitabının müəllifi Gevork Matinyants gürcü əlifbası ilə verdiyi «Eşitmişəm» nəğməsinin sonunda öz imzasını qoymuşdur. Bunun Azərbaycan xalq nəğməsi olduğunu bilən akademik, şair İosif Qrişaşvili  kitabın özündə olan və indi şairin Tbilisidəki ev-muzeyində saxlanan nüsxəsində imzanı qırmızı karandaşla pozmuş və şeirdə bəzi düzəlişlər aparmışdır.
        Bildiyimiz kimi, Azərbaycan aşıq sənətinin təsiri ilə bir çox erməni aşıqları azırbaycanca yazıb-yaratmışlar. Məsələn, Sayat Novanın şeirlərinin əksəriyyəti azərbaycancadır. Ermənicə, gürcücə şeirlərində də aşıq poeziyamızın güclü təsiri hiss edilir. Tbilisinin arxivlərində, kitabxana və ev-muzeylərində  apardığımız araşdırmalar belə bir fikir söyləməyə imkan verir: XVIII əsrin axırlarında – XIX əsrin əvvəllərində erməni mənşəli folklor  həvəskarları şifahi ədəbiyyatımızın nümunələrini, aşıqlarımızın şeirlərini gürcü əlifbası ilə yazıya alır, onları aşıq yaradıcılığımıza az-çox bələd olan erməni aşıqlarının adı ilə bağlayırdılar. Bircə fakt göstərmək istərdim. Tbilisidə İosif Qrişaşvilinin ev-muzeyində 3039 nömrəli sənəd saxlanılır. Burada Kiçik Nova adlı erməni aşığının gürcü əlifbası ilə azərbaycanca 27 şeiri var. Tapdığımız şeirlər aşıq yaradıcılığının bütün janrlarını əhatə edir. Hiss olunur ki, bu əsərlərin müəllifi Azərbaycan aşıq sənətinin incəliklərini  dərindən bilirmiş. Vəzn, qafiyə, şeirlərdəki incə mətləblər, müsəlmançılığın  əlamətləri açıq-aydın göstərir ki, bunlar Kiçik Novanın ola bilməz. Yəqin ki, gələcək tədqiqatlar əsl həqiqəti müəyyənləşdirəcək, şeirləri öz sahibinə qaytaracaqdır.
        Ermənilərin azərbaycanca şeir yazmalarının konkter səbəbi vardır. Lakin çox təəssüf ki, erməni alimləri bu səbəbi düzgün izah etmir, çox məntiqsiz, əsassız fikirlər irəli sürürlər. Erməni aşıq ədəbiyyatının  nəzəriyyəçilərindən  Gevorq Axverdiyan erməni aşıqlarının başqa dillərdə,  o cümlədən azərbaycanca yazmalarının səbəbini kilsə ilə bağlayır: «Aşıqlardan daha dindar olanları zəngin erməni dilinin yalnız özlərini, yaradanı və müqəddəsləri tərifləmək üçün müəyyən edildiyini güman edib, ermənicə ancaq öz dini və nəsihətamiz mahnılarını söyləmiş, gözəl poetik duyğularını farsların, türklərin və osmanlıların şivəsində tərənnüm  etmişlər».
        Cəfəngiyyata baxın! Məntiqsizliyin həddi olmazmış. Belə çıxır ki,  ermənilər özləri  üçün yox, özgələr üçün mənəvi sərvət yaradırlarmış!
        Q.Ağayan adlı birisi erməni aşıqlarının başqa dillərdə, o cümlədən azərbaycanca yazmalarını siyasi səbəblərlə izah edir: «Aşıqlarımız əyanları onların dili ilə nəşələndirməyə məcbur olmuşlar».
        Əcəb izahdır! Bu yazıçı olan kəsə sual verəmək gərək: «XVIII əsrdə yaşamış gürcü çarı II İrakli azərbaycanlı deyildi,  bəs onun sarayında erməni Sayat Nova nə üçün azərbaycanca çalıb-çağırırdı?»
        XVI əsrdə, yəni erməni aşıqları azərbaycanca yazmaq həvəsinə düşdükləri vaxtdan başlayaraq, Azərbaycan dili         Zaqafqaziyada nəinki müxtəlif xalqlar arasında ünsiyyət dili, həm də şeir və sənət dili olmuşdur. Böyük rus şairi M.Y.Lermontovun öz dostu Rayevskiyə göndərdiyi məktubda deyilənlərə diqqət yetirək: «Tatarcanı (azərbaycancanı - ¬¬H.V.) öyrənməyə başlamışam, burada və ümumiyyətlə, Asiyada  bu dil Avropada fransız dili kimi zəruridir». Tanınmış gürcü alimi M.Beltadze gürcü əlifbası ilə Azərbaycan dilində yazıya alınmış bir əsər haqqında danışarkən belə bir fikir söyləmişdir: «Bu dövrdə (XVIII, XIX və XX əsrin əvvəlləri nəzərdə tutulur-H.V.) Azərbaycan dili Qafqazda bir növ beynəlxalq dil olmuşdur».
        Deməli, ermənilərin azərbaycanca yazmalarının əsl səbəbi dilimizin geniş yayılması, şifahi ədəbiyyatımızın misilsiz inkişafı, aşıq yaradıcılığının vüsətli addımlar atması idi. Qeyri-türklər, o cümlədən erməni aşıqları öz əsərlərinin bütün Qafqazda, hətta daha geniş ərazidə yayılmasını arzuladıqlarından Azırbaycan dilində əsərlər yazırdılar.
        Biz erməni ədəbiyyatında, o cümlədən folklorunda Azərbaycan həyatı problemlərinin inikası məsələlərinə son dərəcə ciddi yanaşmalı, tarixi həqiqətin tapdalanması faktlarını ifşa etməli, güzəştə getmək prinsiplərindən əl çəkməliyik. Bütün bunlar folklorçularımızdan, ədəbiyyatşünaslarımızdan, hətta tarixçilərimizdən və etnoqraflarımızdan böyük yaradıcılıq axtarışları tələb edir.

Bu yazı 1202 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :