-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

«Erməni məsələsi» Fransa-Türkiyə münasibətlərinin tərkib hissəsi kimi
Şiriftin ölçüsünü dəyiş

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Tarix fakültəsinin müəllimi

        XVIII yüzilliyin sonlarından etibarən Osmanlı imperatorluğu daxilində baş vermiş siyasi gərginlik xarici qüvvələrin təzyiqləri nəticəsində daha da dərinləşməkdə idi. Bir tərəfdən daxili çəkişmələr, feodalların separatizmi, Balkanlarda milli-azadlıq hərəkatının güclənməsi, digər tərəfdən, Türkiyənin beynəlxalq vəziyyətinin pisləşməsi Osmanlı imperiyasının hakim dairələri üçün qorxulu bir vəziyyət yaratmışdı. Belə bir şəraitdə Qərb dövlətləri çox asanlıqla  Osmanlı imperatorluğunun daxili işlərinə qarışa bilir, hətta sözdə etnik azlıqların hamisi rolunda görünsə də, əslində bir növ «tarixi vəzifə»nin, yəni imperiyanın bölüşdürülməsi missiyasının daşıyıcıları kimi çıxış edirdilər. Lakin buna baxmayaraq, Türklərin Şimali Afrika, Cənub-Qərbi Asiya və Avropanın cənub torpaqlarında mütləq hakim olması Qərb dövlətlərini, o cümlədən Fransanı narahat etməyə bilməzdi. Diplomatik sahədə manevr etməkdə mahir olan Napoleon Bonapart III Səlimi öz tərəfinə çəkməyə çalışırdı. Austerlis döyüşündən sonra III Səlim də özünün Napoleona qarşı əvvəlki düşmən münasibətini  dəyişdi. Lakin yaranmış olan bu dostluq əlaqələrinin ömrü çox qısa oldu.
        XIX əsrin 30-40-cı illərində Osmanlı imperiyasının beynəlxalq aləmdə vəziyyətinin pisləşməsi, eləcə də uğursuz daxili siyasəti ilə əlaqədar olaraq hakim dairələrin mütərəqqi nümayəndələri təcili islahatlar keçirilməsi zərurətini yaxşı dərk edirdilər. Onlar bu tədbirlə Avropa dövlətlərinin Türkiyənin daxili işlərinə müdaxiləsinin qarşısını almaq və daxili siyasi böhranı zəiflətmək istəyirdilər. Qərbə yaxınlığı ilə seçilən və özəlliklə ingilis mənfəətlərini qorumağa çalışan Mustafa Rəşid Paşa Avropadan dönər-dönməz onları məmnun etmək üçün hazırladığı Tənzimat fərmanını Sultan Əbdül Məcidə qəbul etdirdi. Nəticədə, 1839-cu il noyabrın 3-də Sultanın ali fərmanı (xətti-şərifi) elan edildi. Amma bütün bunlara baxmayaraq, istər 1839-cu il, istərsə də 1856-cı il fərmanları ölkədə heç nəyi dəyişdirmədi. İslahatla əlaqədar olaraq Fransanın o zaman İstanbulda fəaliyyət göstərən səfiri dərhal Parisə yazırdı: «Qərb dövlətlərinin çox yaxşı bildiyi kimi bizim bu islahatlarda məqsədimiz Osmanlı dövlətini gücləndirmək deyil, Ayasofiya üzərində parlamaqda olan hilalı endirib, yerinə təkrar xristian xaçını sancmaqdır».
        Yaranmış tarixi şəraitdən anındaca yaralanmağa çalışan Qərb dövlətləri Türkiyəni daxildən sarsıtmaq üçün imperiatorluğun şimal-qərb ərazilərində yaşayan yerli xalqları (bolqarları, yunanları, serbləri və s.) təşkilatlandırır və komitələr yaradırdılar. Komitələrin qarşısına qoyulmuş əsas məqsəd terrorla müsəlmanları qorxudub qaçırmaq, bu yolla bölgədə yunanların, serblərin, bolqarların üstünlüyünə nail olmaq idi. 1830-cu ildə Yunanıstanın Osmanlı imperiyasından ayrılaraq tam müstəqil olmasında böyük rol oynamış Qərb ölkələri, o cümlədən Fransa bu dəfə Şərqi Anadolu torpaqlarının ələ keçirilməsinə can atırdı. İmperiyanın parçalanmasında maraqlı olan Fransa bu dəfə Anadolu ermənilərindən yararlanmağı məqsədəuyğun hesab etdi. Fransada 1789-cu ildə «Etnik azlıqların maarifləndirilməsi və hüquqlarının təmin edilməsi» haqqında qəbul edilmiş qərar Şərqi Anadolu ermənilərini sanki yuxudan oyatmışdı. Fransız intibahı Avropanın hər tərəfinə millətçilik toxumu səpmişdi. Eyni zamanda həmin əsrdə Fransa dünya elminin, siyasətinin və mədəniyyətinin mərkəzi hesab olunurdu. Dünyanın hər yerindən, o cümlədən Osmanlı imperatorluğundan minlərlə tələbə elm öyrənmək məqsədilə Fransaya üz tuturdu. Ölkəyə gələn tələbələrin əksəriyyətinin etnik azlıqların nümayəndələri olduğunu görmək olardı. Burada tələbələrə öyrədilən bərabərlik, müstəqillik, haqq və ədalət kimi incə məsələlər onların şüuruna həkk etdirilir və həmin məsələlərin onların gələcək inkişafı üçün stimul olacağını bəyan edirdilər. Odur ki, qısa vaxtda ölkə daxilində azadlıq, müstəqillik tələb edən azlıqlar içərisində ermənilər olduqca fəal görünürdülər.
        Fransanın sabiq baş naziri M.Xonataux paytaxtda nəşr edilən «Revue de Paris» jurnalının 1 dekabr 1895-ci il tarixli sayında ermənilərin Əbdülhəmid tərəfindən qətlə yetirilmədiyini, əksinə Sultanın bütün vətəndaşlarına adil davrandığını söyləyir və davam edir: «Əbdülhəmid əsmər üzlü, əndişəli baxışlı və gözəl əlləri olan bir adamdır. O, bu nazik əlilə Afrika və Asiya ərazilərindən Balkanlara qədər olan İslam dünyasının bütün fərqlərini bir-birinə bağlayaraq, eyni nazik əlilə Qüds və Çanaqqala boğazının da komandanıdır. Kiçik və nazik, fəqət gerçəkdə çox məşğul olan  bir əl».
        Müasir dövrdə Fransa dünyada erməni diasporasının ən güclü olduğu 3 ölkədən biri (digər ikisi Rusiya və ABŞ) hesab olunur. 1920-30-cu illərdə Yunanıstandan və Sovet Ermənistandan kütləvi surətdə Fransaya erməni köçü başlamışdı. Beləcə Paris şəhəri ilə yanaşı erməni lobbisinin mütəşəkkil surətdə fəaliyyət göstərdiyi Marsel və Lion şəhərlərində də diasporun güclü dayaqları formalaşırdı. Fransaya gələn ermənilərin bir qisminin fransız dilini bilmələri və ticarətlə məşğul olmaları onların cəmiyyətə daha sürətlə adaptasiya olmasına şərait yaratmışdı. 1950-ci illərdə Fransaya Fələstində və Şərqi Avropada yaşayan ermənilərin yeni köçü başlandı. 1975-ci ildən sonra isə Sudandan gələn ermənilərin sayəsində əhalinin sayında ciddi bir artım hiss olunmuşdur. Maraqlısı odur ki, o dövrdə Fransa ermənilər üçün «açıq qapı» siyasətini aparmış, ölkəyə gələnlərin qarşısını nəinki almamış, əksinə lazımı dəstək göstərmişdir. Hətta 1979-cu ildə İranda şah üsul-idarəsinin devrilməsindən sonra Fransaya yeni erməni köçləri təşkil edilmişdir. Nəticədə, Fransada erməni diasporasının sayı artaraq 350.000 və 400.000 nəfərə çatmışdı. Erməni diasporası ilə yanaşı eyni zamanda Türk diasporası da güclənmiş və ümumi sayı 500.000 nəfəri keçmişdi. Türk diasporasına nisbətən erməni diasporası daha çevik olmaqla Fransada özlərinə milli məktəb, klub, mədəniyyət ocaqları və mətbəə yaradılmasına nail olmuşlar. Təhsildən tutmuş rəhbər orqanlara qədər bütün vəzifələrdə erməniləri görmək mümkündür. Bununla onlar Fransa rəsmi dairələrinə, parlamentinə və siyasi partiyalarına yol tapmış, nəticədə Fransa erməni iddialarını Avropa parlamentində ən çox qaldıran və dəstəkləyən ölkə olmuşdur.
        Fransa-Türkiyə münasibətləri 1970-ci illərdə yeni bir mərhələyə qədəm qoydu. İki ölkə arasında soyuq münasibətlər getdikcə dərinləşməkdə idi. Əlaqələrin gərginləşməsinə gətirib çıxaran amillərdən biri də sözügedən dövrdə Fransada Türk diplomatlarına, missiyalarına və təşkilatlarına qarşı törədilmiş erməni terrorunun mühüm rolu olmuşdur.  Türk vətəndaşlarına qarşı ən çox terror hadisəsi məhz Fransada törədilmiş və erməni terrorçularına ən böyük dəstəyi də elə məhz Fransa dövləti vermişdi. 1971-ci ildə Marsel şəhərində yaşanan «heykəl olayı» prosesi daha da dərinləşdirmişdir.  Marsel şəhərində kiçik bir erməni kilsəsinin bağçasında «1915-ci il saxta erməni soyqırımı»na həsr edilmiş abidənin qoyulması Türk diasporasının haqlı narazılığına səbəb olmuşdur. 80-ci illərin ikinci yarısından başlayaraq ermənilər Avropa Parlamentində «Türkiyənin 1915-ci ildə Şərqi Anadolu ermənilərinə qarşı kütləvi soyqırımı» törətdiyini gündəmə gətirdi. 18 iyun 1987-ci ildə fransız parlamentarilərinin əvəzsiz dəstəyi sayəsində qərar qəbul edildi.
        1998-ci il 29 mayda Fransa parlamentinin alt palatasında keçirilmiş iclasda az sayda millət vəkilinin qaldırdığı «erməni soyqırımı»nın tanıdılması təşəbbüsü müzakirə edilmiş və 29 səslə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar Türkiyədə etirazla qarşılandı. Türkiyə bununla bağlı Fransa hökumətinə etiraz notası göndərdi. Lakin Fransa bu notanı nəinki ciddi qəbul etdi, hətta qəbul edilmiş sənədi Məclisdən keçirərək Senata göndərdi. Türkiyə buna qarşılıq olaraq Fransa ilə ticarət əlaqələrini kəsəcəyini və ölkənin ağır sənayesinə yatırılmış Türk kapitalını geri götürəcəyini açıq-aşkar bəyan etdi. Fransa Türkiyənin atacağı bu addımın ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərəcəyini nəzərə alaraq parlamentə müraciət ünvanlandı. Əsl həqiqətdə Fransa hökuməti bu qərarın qəbul edilməsinin nə leyhinə,  nə də ki, əleyhinə idi.  Eyni zamanda məsələyə Türkiyənin sərt bəyanatları Fransanı bərk narahat etdiyindən hökumət parlamentə təzyiqlərini gücləndirdi və son anda qərar senatdan keçmədi. 2000-ci ilin fevral ayında perlamentarilər bir daha qərarın Senatda müzakirə edilməsinə səy göstərsələr də sonda məsələ yenə də baş tutmadı. Hadisələrin bu cür gedişatı Türkiyəni bir az rahatlandırdı. Amma 2000-ci ildə Fransa parlamentində məsələ yenidən müzakirəyə çıxarılaraq Senata göndərildi. Beləcə 8 noyabr 2000-ci il tarixində məsələ Senatda müzakirə olunaraq 40 nəfər leyhinə, 160 nəfər əleyhinə səs verməklə qərar qəbul edildi. Qərarın mətni 29 may 1998-ci ildə Alt Məclisdə qəbul edilmiş sənədlə eyni idi, fərq ancaq qərarların qəbul edilməsinin üsullarında idi. Qərarın qəbul edilməsi ilə Türkiyədə fransız malları küçələrə səpildi. Siyasi partiya liderləri Fransa ilə əlaqələrin tamamilə kəsilməsini,  ölkədə fəaliyyət göstərən Fransa səfirliyinin bağlanmasını, fransız dilinin tədrisinin ölkə təhsilindən həmçinin, universitetlərindən çıxarılmasını tələb etdilər. Hətta İstanbul Universiteti Fransa ilə bütün əlaqələrin kəsildiyini də açıqladı. Qəbul edilmiş qərardan sonra Türkiyə tərəfindən ən çox cəzalandırılan ölkə Fransa yox, məhz Ermənistan oldu.  Qərar qəbul edilməmişdən öncə Türkiyə ilə Ermənistan sərhədləri bağlı olsa da Ermənistandan Türkiyəyə həftədə 8 avtobus və 2 təyyarə reysləri təşkil edilirdi və bundan da ermənilər kifayət qədər bəhrələnə bilirdilər. Bu aralarda 50.000-ə yaxın erməni gizli yollarla Türkiyəyə iş dalınca gedib-gəlirdi. Sonda Türkiyə erməni vətəndaşlarına viza verilməsini sərtləşdirdi. Bunun ardından Türkiyəyə təyyarə reysi ikidən birə endirildi və daha sonralar 2 həftədən bir təşkil edildi. Qərardan dərhal sonra Ermənistan prezidenti Robert Koçaryan Fransaya rəsmi səfərə yollandı. R.Koçaryan Parisdə «soyqırımı» qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etdi. Abidə önündə nitq söyləyən Jak Şirak Türkiyənin Avropa Birliyinə qəbul edilməsi məsələsində «erməni soyqırımı»nın Türkiyə tərəfindən tanınmasının bir şərt olduğunu xatırlatdı.  Jak Şirak prezident seçkiləri öncəsi Erməni Ramqvar-Azatakan Partiyasının Paris şəhər şöbəsi başçısına göndərdiyi məktubda «soyqırımı həqiqətləri müzakirə mövzusu olmayacaq, qətliam keçən əsrin ən dəhşətli hadisələrindən biridir və tarixin dəyişdirilməsi qəbul edilməyəcək»  fikrini səsləndirmiş və digər ölkələrin də Fransanın atdığı addımı atacağını bildirmişdi.  Qərarın qəbul edilməsində əlindən gələn köməkliyi göstərənlər arasında  ASALA terror təşkilatının aparıcı funksionerlərindən olan Patrik Dəvəçiyanı da göstərmək olar.  Qeyd etmək lazımdır ki, bu şəxs Fransanın hazırkı prezidenti Nikolas Sarkozinin ən yaxın köməkçisidir.
        2000-ci ildə Türkiyə ilə Fransa arasında gərginliyə gətirib çıxaran amillərdən biri də «Qomidas» heykəli məsələsidir. Heykəl Parisin ən görməli yerlərindən birində, Siyena çayı sahilindəki Kanada meydanında 6 metr yüksəklikdə qoyulmuşdur. Heykəl 1869-cu ildə Kutahyada doğulmuş erməni ilahiyyatçısı Soqoman Soqomanyanın xatirəsinə ucaldılmışdı.  Ermənilərə görə bu heykəl ermənilərin Anadoluda çəkdikləri sıxıntıların önəmli bir simvoludur.  Bu ədalətsizliyə dözməyən Fransanın tanınmış tarixçi alimləri 2001-ci ildən indiyədək əsl həqiqəti öyrənmək və üzə çıxarmaq məqsədi ilə tədqiqatlar aparmış, tarixin başqa faktlar diktə etdiyini aydınlaşdırandan sonra ölkə parlamentinin qondarma «erməni soyqırımı» faktını tanımaq haqqında 29 yanvar 2001-ci il tarixli qərarının ləğv olunması barədə birgə bəyanatla çıxış etmişlər. Jan-Jak Bekker, Mark Ferro, Pyer Nora, Elizabet Badinte, Jan-Pyer Azimi, Jan-Klod Perro və başqa bir neçə nüfuzlu tarixçi alim imzaladıqları bəyanatda söyləyirdilər ki, ölkə parlamenti son illər Fransanın dünyadakı nüfuzuna xələl gətirən 19 qanun qəbul etmişdir ki, onun da biri qondarma «erməni soyqırımı» haqqında qəbul edilmiş qanundur. Bəyanatda parlamentin qondarma «erməni soyqırımı»nın tanınmasını istəyən xüsusi bənd var. Tarixçilər ölkə parlamentinə bu kimi həssas qanunların qəbul edilməsi zamanı siyasi maraqlar deyil, alimlərin fikirlərinə və tarixi faktlara əsaslanmağı məsləhət görüblər.
        Bunu da qeyd etmək lazımdır ki,  Türkiyə Tarix Qurumunun keçmiş rəisi, tarixçi alim, prof. dr. Yusif Halacoğlu «Erməni Tehçiri» adlı əsərində müqayisəli  araşdırma aparmışdır. O, bu məsələnin tədqiq edilməsi üçün 1998-2001-ci illərdə Fransadan Osmanlı arxivlərinə gəlmiş tarixçi alimlərin sayı arasında müqayisə aparmışdır. Bəlli olmuşdur ki, 1998-ci ildə 9 tarixçi, 1999-cu ildə 14 tarixçi, 2000-ci ildə 12 tarixçi gəlmiş, 2001-ci ildə isə bir nəfər də olsun tarixçi alim gəlməmişdir. Amma təəssüflər olsun ki, həqiqəti öyrənməyə çalışan tarixçilərin fikirləri arxa plana keçmiş, əksinə hökumət 2006-cı il erməni «soyqırımı»nı tanımayanların cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etmişdir. Təəssüflə qeyd etməliyik ki, yuxarıda adları çəkilən tarixçi parlamentarilərin hamısı bu qanuna uyğun olaraq cəzalandırılmışdır. Avropa Birliyinin aparıcı üzvlərindən olan Fransa dövləti indi də bu siyasətinə sadiq qalaraq erməniləri dəstəkləməkdə davam edir. Bütün bu faktlardan Türkiyə, Azərbaycan (Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir – T.C.) və Türk-İslam Dünyası ciddi nəticələr çıxarmalıdır.

Bu yazı 789 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :