-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Uydurulmuş erməni mifi
Şiriftin ölçüsünü dəyiş

Qafar Çaxmaqlı
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin müəllimi

        Artıq bir əsrə yaxındır ki, daim dünyanın siyasi gündəmində olan «erməni məsələsi» ilə alver olunur. Ermənilər müxtəlif dünya ölkələrinin qanunverici orqanlarına yalançı  «erməni soyqırımı» barədə qanun layihələri təqdim edir, onların qəbul edilməsinə çalışırlar. Məsələyə ikili standartla yanaşan bəzi dövlətlərin parlamentləri bu qanun layihəsini müzakirəyə çıxarmış və belə demək mümkünsə, «erməni soyqırımını» tanımışdır. Uydurma «soyqırımın» tanıdılmasına dövlət siyasətinin tərkib hissəsi kimi baxdığından Ermənistan Respublikası bütün dünyanın erməni lobbisini bu işə cəlb etmişdir. Onların strateji məqsədləri də bəllidir: «Soyqırım» faktını təsdiq etməyə məcbur etməklə Türkiyədən təzminat almaq və Şərqi Anadolunun bir neçə vilayətini Ermənistana birləşdirmək. Bu istiqamətdə diplomatik fəaliyyət göstərən ermənilər dünyanı  «24 aprel» mifinə inandırmağa çalışırlar.
        Ermənilərin iddia etdikləri «soyqırım» tarixinin 24 aprel 1915-ci ilə təsadüf etməsi göründüyü kimi, sadəcə bir qərardan başqa bir şey deyildir. Bu qərar isə erməni komitələrinin ləğv edilməsini nəzərdə tuturdu. Hər hansı təşkilatı ləğv etmək və həmin təşkilatların fəallarını həbs etmək soyqırımdırsa, onda dünyanın sivil hesab olunan dövlətlərində belə «soyqırımlar» yüzlərlədir. Dövlət öz təhlükəsizliyini qorumaq üçün hər hansı bir qərar verirsə və ölkədəki sabitliyi qorumaq üçün tədbirlər görürsə, bu çox normal haldır və tamamilə həmin dövlətin haqqı və hüququ hesab olunmalıdır. Bir çox erməni tarixçiləri bu məsələyə elə dediyimiz prizmadan yanaşmışlar. O cümlədən adını tez–tez çəkdiyimiz Leo. O dövrdə istər erməni, istər türk, istər rus, istərsə də Azərbaycan mətbuatında dərc olunan çoxsaylı yazılarda 24 aprel 1915-ci ilin qiyməti olduğu kimi verilmişdir. Lakin bu hadisəni və Osmanlı dövlətinin «Təhcir» («Köç») qanununu saxtalaşdıranlar «tarixçilər» də olmuşdur. Həmin hadisələri dünyaya «soyqırım» kimi təqdim etməyə həvəslənən və bu iddianı Osmanlı politikasına bağlamağa çalışan erməni təbliğatı belə bir saxta fikir də irəli sürmüşdür ki, guya o zaman Osmanlı dövlətinin daxili işlər naziri işləyən Tələt Paşa «erməniləri məhv etmək» barədə teleqraflar çəkmişdir. Bu teleqrafların guya Nayin bəy adlı bir Osmanlı məmurunda olduğu irəli sürülmüşdür. ABŞ-ın Türkiyədəki səfirliyinin əməkdaşı Aram Andonyan adlı bir erməni yazar bu «teleqrafların» örnəklərini 1920-ci ildə Parisdə dərc etdirmiş, Tələt Paşanı Berlində öldürən terrorçu Teyleryana qurulan məhkəmədə də bu saxta sənədlər ortaya çıxarılmışdır. Şübhəsiz ki, məhkəmədə bu sənədlərdən 5-i diqqətə alınsa da, dəlil  kimi qəbul edilməmiş, onun, teleqrafın əsli olmadığı da göstərilmişdir. Şübhəsiz ki, ermənilər irəli sürdükləri bu iddiaları yerinə yetirmək üçün daha sonralar da bu yöndə fəaliyyətlərini genişləndirmişlər. 1922-ci ildə İngiltərədə çıxan «Deyli teleqraf» qəzetində (29 may 1922) bu «teleqraflar» dərc edilmişdir. İngilitərə Xarici İşlər Nazirliyi bu «sənədlərin» dərc edilməsindən dərhal sonra məsələni işğalçı ölkənin komandanlığından araşdırmış və həmin sənədlərin general Allenbj komandanlığı altında olan hərbi birliklərin Hələb şəhərində yerləşən hissələrində olmadığı üzə çıxmışdır. Bu sənədlərin Parisdəki bir erməni «tədqiqatçı qrupunun» yaradıcılığı olduğu aşkarlanmışdır. Həmin teleqrafların qələmə alınmış şəkli və yazıldıqları kağızların Osmanlı bəlgələrinə (sənədlərinə) aid olmadıqları da üzə çıxmışdır.
        İngilis və fransızlar İstanbulu işğal edəndən sonra ermənilərə qarşı edilən «soyqırımın» cavabdehlərini cəzalandırmaq üçün «tədbirlər» görmüşlər. Bu məqsədlə onlar xeyli Osmanlı vətəndaşını həbs etmişlər. Bunların arasında Osmanlı hökumətinin üzvləri də olmuşdur. Onlar İttihad və Tərəqqi partiyasının rəhbərlərinin bir-birinə düşmənçiliyindən də istifadə etmişlər. «İşğalçılarla əməkdaşlıq edən bəzi şəxslərin əli ilə «erməni soyqırımın» olduğu barədə «sənədlər» əldə edilməyə çalışılmışdır. Lakin belə sənədlər olmadığından ingilislərin bu sahədəki səyləri bir nəticə verməmişdir. Yalançı şahidlərin iddiaları ilə İttihad və Tərəqqinin 4 rəhbərinin edama məhkum edilməsi və məhkəmənin qiyabi surətdə daha 3 nəfəri belə bir cəzaya məhkum etməsi ermənilərin əlinə bəhanə vermişdir. İngilislər İstanbulda həbs edib Maltaya sürgünə göndərdikləri məhbuslar əleyhinə demək olar ki, hər yerdə şahid və sənəd axtarmağa girişmişlər. Osmanlının ingilislərlə əməkdaşlıq edən oyuncaq İstanbul hökumətinin yardımlarına baxmayaraq heç bir sənəd tapılmamışdır.
        İngilislər həmin dövrdə Amerika Birləşmiş Ştatları arxivlərini də ələk-vələk etmişlər. Bu arxivlərdə də «soyqırım» iddialarını sübüt edəcək   heç bir sənəd tapılmamışdır. Bir sorğuya Vaşinqtondakı İngiltərə səfirliyi İngiltərə Xarici İşlər Nazirliyinə bu cavabı göndərmişdir. «Maltada həbsdə olan türklər əleyhinə dəlil olaraq istifadə edilə biləcək heç bir şey olmadığını bildirməkdə təəssüf edirəm. Yetərli dəlil oluşdura biləcək heç bir sənəd mövcud deyildir. Sözügedən məlumatlar heç bir sürətdə türklər haqqında hökumətin hələ də əlində bulunan bilgilərin verilməsində yararlı ola biləcək dəlilləri belə ehtiva edəcək səviyyədə deyildir». İngiltərə Xarici İşlər Nazirliyi bu cavab qarşısında nə edilməsi lazım olduğunu Böyük Britaniya Krallığını Prokurorluğundan soruşmuşdur. Prokurorluğun cavabı belə olmuşdur: «İndiyə qədər heç bir şahiddən həbs edilənlər haqqında qaldırılan suçlamaların doğruluğunu sübut edə biləcək bir ifadə alınmamışdır. Hər hansı şahidin bulunub-bulunmayacağı da bəlli deyildir».
        «Soyqırım» iddialarının puç bir iş olduğunu, yalan olduğunu bu fakt da təsdiq edir ki,   Maltada həbsdə olan keçmiş hökumət üzvlərinin günahı sübut edilmədi. Və onlar 1921-ci ilin sonlarında tamamilə sərbəst buraxıldılar. Tələt Paşanı ermənilərin qətl edilməsini guya əmr etdiyi irəli sürülən teleqramı ilə eyni tarixlərdən göndərdiyi başqa gizli teleqramların olduğu da cəfəng bir iddia idi. Bu teleqramlar «Təchir» - (Köç) dövründə guya ermənilərə qarşı qətliam törətmiş türk vəzifəlilərinin cəzalandırılması ilə bağlı olmuşdur. Burada məntiqsiz bir məsələ ortaya çıxır. Necə olur ki, bir tərəfdən Tələt Paşa ermənilərin «qətl edilməsini istəyir», digər tərəfdən isə bu «qətli törədənləri» cəzalandırmaq barədə təlimat verir. Belə bir şey olmamışdır. Bunun özü də erməni uydurmasından başqa bir şey deyildir. Həmin dövrdə Amerikan yardım təşkilatı ermənilərə yardım etmək üçün  Osmanlı hökumətinə müraciət etmiş və hökumətin razılığını almışdır. ABŞ-ın Osmanlılara qarşı müharibəyə girməsindən sonra həmin yardım təşkilatının Anadoluda qalmasına da razılıq verilmişdir. Amerika Birləşmiş Ştatlarının səfiri cənab Elkusun ölkəsinə göndərdiyi raportlarda bu məsələlər barədə geniş bilgilər vardır. Əgər «soyqırım» əmri verilmişdirsə və bu işi görürdülərsə, Türkiyə, ABŞ Yardım Təşkilatının bu bölgədə fəaliyyət göstərməsinə və «soyqırıma» şahid olmasına necə icazə verə bilərdi. Bu da onu göstərir ki, soyqırım iddiaları ilə bağlı ermənilərin ortaya atdığı sənədlərin heç bir əsası yoxdur. O dövrdə İstanbulda, Şərqi Anadolunun bir çox şəhərlərində, Trakiyada yaşayan ermənilər köçə məruz qalmamışdılar. Hətta İç Anadolu erməniləri də yerlərindən tərpədilməmişdilər.
        Osmanlı bir hüquq dövləti idi. Köç, yerdəyişmə zamanı baş verən hər hansı qanunsuz hərəkətə dərhal münasibət bildirilirdi. Yerdəyişmə zamanı suçlu bilinənlərdən bəzilərinin edama məhkum edilməsi də Osmanlı dövlətinin yol verilən cinayət hərəkətinə münasibəti idi. Əgər Osmanlı dövlətinin rəhbərləri soyqırama qərar vermişdilərsə, onda nə üçün  ermənilərə qarşı qeyri – qanuni hərəkətə yol verənləri edama məhkum edirdi. «Erməni soyqırımı» barədə uydurma fikrin ən məşhuru olan «Tələt paşa teleqramları» məsələsi tarixçilər və hüquqşünaslar tərəfindən dəfələrlə araşdırılmışdır. İndi də bəzi tədqiqatçılar nə üçün məhz bu «teleqram» məsələsinin ortaya atılması barədə fərziyyələr irəli sürülür. Tələt Paşa, iddia olunan kimi, heç vaxt «erməniləri həll edin» teleqram çəkməmişdir. Bu birmənalı belədir. Dünyanın müxtəlif ölkələrindən gəlib Osmanlı arxivlərində ABŞ və İngiltərə arxivlərində çalışan, incələmələr aparan  alimlər bu qənaətdədirlər ki, bu ifadə yalnız Aram Andonyana məxsusdur. O zaman Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri Morqentau da Tələt Paşanın üzərinə bu böhtanı atarkən onu hardansa, kimdənsə eşitdiyini söyləmişdi. O zaman Türkiyədə humanitar missiya həyata keçirən Amerika Yardım Təşkilatı bu faktları təkzib etsə də, səfir kimdənsə eşitdiyini həqiqət kimi təqdim edirdi. Osmanlının daxili işlər nazirinin bu sözləri söyləyə biləcəyinə kim inanardı? O dövrün araşdırıcıları bildirirlər və həmişə qeyd etmişlər ki, Tələt Paşa çox ciddi və məsuliyyətli siyasətçi idi.  Buna baxmayaraq, o da digər həmkarları kimi səhv edə bilərdi. Amma Aram Andonyanın Tələt Paşanı bu cür qeyri - peşəkar şəkildə fikir bildirən şəxs kimi təqdim etməsi iftiradır. Morqentau da hardansa, kimdənsə eşitdiyi bu fikri öz ölkəsinə yazıb göndərərkən məsuliyyətsizlik etmişdir. İndi dünya bunu beləcə də qəbul etməlidir. Morqentaudan sonra Türkiyədə səfirlik edən Bristol isə özünün ölkəsinə göndərdiyi məlumatlarda Şərqi Anadoluda baş verən qanlı hadisələrdə həm erməniləri, həm də müsəlmanları günahlandırırdı. Lakin bu sənədlər diqqətə alınmır, çünki ermənilərə Bristolun deyil, Morqentaunun fikirləri sərf edir.
        Bu məsələdə o dövrün mətbuatı da obyektiv mövqe nümayiş etdirmişdir. Osmanlının rəsmi mətbuat orqanı olan «Təqvimi- Vəkai» qəzetində məsələyə tez-tez qayıdılmış və onunla bağlı faktlar ortaya qoyulmuşdur. Qəzet bir yazısında qeyd edirdi ki, iddia olunan guya Tələt Paşaya aid «Erməniləri   həll edin» ifadəsi uydurmadır. Ona görə ki, Osmanlı dövlətində teleqramlar adətən paytaxt İstanbuldan başqa yerlərə yazılı olaraq göndərilmirdi. Söz və ya ifadə şifrə şəklində göndərilirdi. Bu şifrəni isə bir göndərən təşkilat, bir də onu qəbul edən təşkilat bilirdi. Məsələn, şifrələr belə yazılırmış: 1,3,5, 7, 44 və s. Aram Andonyan bu işlərdən o qədər xəbərsiz adam olmuşdur ki, o teleqrafda «Erməniləri həll edin» ifadəsinin yer aldığını bildirmiş və saxta teleqramın mətnini dərc etmişdir. Bu, əslində özü-özünü ifşa idi. Sonralar şifrə məsələsi ortaya çıxandan sonra  saxta «şifrələr» göstərilməyə başladı. Özlərindən şifrə uydurdular. Onun da yalan olduğu bəlli oldu. Çünki Osmanlı zamanında 22 və 41 rəqəmləri heç zaman istifadə edilməmişdir. Göstərilən şifrələrdə isə bu rəqəmlər vardı. Lakin bəzi Qərb dairələrinə sərf etdiyindən həmin 22 və 41 rəqəmlərinə də ciddi diqqət verilməmişdi. Nəticədə Morqentaunun ondan-bundan eşitdikləri və  Aram Andonyanın uydurması yayılmağa başlamışdı. Tələt Paşanın Hələb valisi Mustafa Abdul Xaliq bəyə «teleqraf» göndərməsi də yalan idi. Məsələ bundadır ki, həmin dövrdə Mustafa Abdul Xaliq bəy Hələb valisi deyildi. Belə bir adam olub, amma o, çox sonralar bu vəzifəyə təyin olunub. Bu fikir də saxtadır ki, guya Abdul Xaliq bəy «soyqırım» əmri verib. Berlində Tələt paşanı öldürən Teyleryanın məhkəməsində bu iddialar üzə çıxarkən həmin «sənədlər» saxta olduğu səbəbindən qəbul edilməmişdir. Bu da saxtakarlığa bir sübut idi. Bu barədə Almaniyanın «Doyçe Acgemayne Tsaytunq» qəzetində qeyd edilmişdi.
Erməni köçü məsələsi o dövr mətbuatının diqqət mərkəzində olmuşdur. Qəzetlərdə çox fərqli fikirlər irəli sürülmüşdür. Hökumət tərəfdarı olan qəzetlər «Təhcir» məsələsinin ittihatçılıqdan kənarda təhlil etməyə başlamışlar. Bu fikrə müxalif olanlar isə ittihatçılıqla bu məsələnin bir yerdə olduğunu qeyd etmişlər onun türkçülüyə zərər verəcəyini vurğulamağa çalışmışlar. Əslində, hər iki fikir tərəfdarları məsələyə münasibətdə obyektiv olmuş, faktlardan çıxış etmişlər. «Soyqırım»ın olmadığını təsdiq edən faktorlardan biri də budur.

Bu yazı 792 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :