-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycanda düşündüklərim
Şiriftin ölçüsünü dəyiş

Əli bəy Hüseynzadə

        Hilali-Əhməriyyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şüali yerinə səkkiz şüali bir ulduz bulunan bir məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk Dövlətindən bir az bəhs etmək istərəm. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı olan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt deyirəm, çünki, Azərbaycanın təbii paytaxtı, neft mənbəyi olan Bakıdır. Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur. Bakını Azərbaycana çox görən kim olursa-olsun Azərbaycan xalqının ən mənfur düşmənidir!..
        Gəncəyə gəlincə, bu şəhər ancaq mərkəzi bir mövqedə olmaqla əhəmiyyət kəsb etmiş, iləridə Azərbaycanın maarif mərkəzi ola bilir. Gəncənin qırmızı kərpicdən ən gözəl binası olan bələdiyyə idarəsi də böylədir. Mühitin yaşıl zəmini üzərində suvaqsız qırmızı bir bina!.. Amang nə riqqətavər mənzərədir. O binanın mərkəz qapısı üstündə ki, eyvanda hər axşam təmiz bəyaz paltarlar geyinmiş  20-30 yaralı osmanlı və azərbaycanlı Türk nəfəri oturaraq hava alır. Küçədən gəlib keçən əhalini seyr edir, qarşıdakı baxçada çalınan osmanlı əsgəri musiqisini dinləyirlərg Və başları üzərində binanın ən uca bir nöqtəsində böyük möhtəşəm bir Hilali-Əhmər bayrağı dalğalanır!.. Riqqətli bir mənzərə deyirəm, çünki Hilali-Əhmər xəstəxanasına çevrilmiş bu bələdiyyə binasında osmanlı Türk nəfəri ilə azərbaycanlı Türk əsgəri yaralı olaraq yan-yana yatırlar, bir-birilə dərdləşir, danışır və cüzi şivə ixtilafına baxmayaraq bir-birini mükəmməl surətdə anlayırlar!.. Bəli anlayırlar, çünki Azərbaycan avam xalqı ilə Anadolu kəndlisinin dili lap bir-birinin eynidir. Bir-birini anlamayan rus məktəblərində yetişib dilləri ruslaşmış Azərbaycan oxumuşları ilə İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir.
        Tarixin bəzi təbii cərəyanları olur ki, onları heç bir qüvvə saxlaya bilməz. Fərd nə qədər bilikli olursa-olsun şaşırır, yanılır, yanlış yollara düşə bilir, fəqət tarix əsla şaşırmaz və olacaq öz təbiətilə olur! Anadolu Türkünün Azərbaycan Türkünə qovuşması da bu qəbil hadisələrdəndir. Cahan müharibəsinin doğurduğu bütün çətinliklərə baxmayaraq iki qardaş Türk birləşir. Və bundan hər iki tərəf üçün də böyük fayda vardır. Çünki Azərbaycan və Anadolu bir-birini tamamlayırlar. Anadolu Türkü coğrafi mövqeyi, tarixinin zərurəti üzündən dünyanın ən dəyərli əsgəri oldu. Fəqət eyni zamanda da çarəsiz olaraq ticarətini, sənaye və iqtisadiyyatını başlı-başına buraxdı. Digər tərəfdən azərbaycanlı Türk həddi-zatında əsgəri və cəngavər bir qövm ikən rus istilasından sonra rus hökumətinə əsgər verməkdən imtina etdiyindən zaman keçdikcə döyüş qabiliyyətini itirmiş, yaxşı tacir və iqtisadçı olmuşdur. Onun sərvət qazanmaq xüsusunda kəsb etdiyi keyfiyyətlər heyrətamizdir. Halbuki, silahlı qüvvəyə malik olmayan bir millət istiqlalını qoruya bilmədiyi kimi, eləcə də ticarətsiz, sənayesiz və iqtisadiyyatsız da yaşaya bilməz. Bu səbəbdəndir ki, Azərbaycana qovuşmaqla hər iki Türk bir-birinə qarışacağından Türk milləti müasirləşmiş olacaqdır.
        Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müqəddəs ölkədə qanını axıdır. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər.
        Bu gün bütün dünyanı sarsıtmaqda olan və bir-birilə çarpışaraq ortalığı hərc-mərc eyləyən üç mühüm cərəyanın, yəni imperializm, nasyonalizm və sosializm cərəyanlarının ən faciəli fəaliyyət sahəsi Qafqasiya və xüsusilə Azərbaycan oldu, orası bir cəhənnəmə döndü. Oradakı Türk qardaşlarımız  bütün bu müxtəlif yaqıcı, yıxıcı, əzici cərəyanların altında sərsəmlədi, nə edəcəyini bilmədi, mühakiməsini qeyb etdi. Osmanlı Türkü imdadına yetişməsə idi, məhv olub gedəcəkdi. Fəqət onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu öz-özünü də qurtarır, buna şübhə etməyiniz! Deyirlər ki, dağ-dağa qovuşmaz isə insan-insana qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəs dağı (Türkiyədə yerləşir) Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!..

24 iyul 1918-ci il

Bu yazı 1347 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :