-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Böyük faciə
Şiriftin ölçüsünü dəyiş

Məhəmməd Əmin Rəsulzadə

        Böyük faciə!
        İştə Türk tarixçisinin bundan 7 il əvvəl Bakıda vaqe olan hadisəyə verəcəyi ən müvafiq bir ism.
Yüz sənəlik bir əsarət dövrü, bu dövrdə yaşanan tarixin müxtəlif həyat səhifələri, məhkumiyyət və əsarət. Hər dürlü hürriyyət və istiqlal təsəvvürlərini xatir və xəyaldan silən ümidsiz günlər! Rus səltənətinin sarsılmaz təsəvvür olunan əzəmət və dəhşətinə qarşı qaranlıq yas və yuxusu, acı və qaba təslimiyyət dövrünün öz ağrısından əmələ gələn bir təsirlə bu acıyı duymamaq bədbəxtliyi!...
        Zaman keçir. Çar idarəsi sarsılır. Əsrin fikirlər üzərində təsir yapan hakim şüarları Rusiya əsarəti altında yaşayan millətlərə qədəri - əks edir. Böyük hərəkət başlanır. Bu hərəkatdan təsirlənən Azərbaycan Türkü də özünü bir millət olaraq hiss edir. Türk mədəniyyət və milliyyətçiliyinin cərəyan və inkişafı nisbətən Azərbaycanda siyasi istiqlal fikir və qayəsi də qüvvətlənir. Azərbaycan xalqı xilas gününü gözləyir.
        Bu gün gəlir. Hərbi-ümumi-Şərqin qara bəlası, yəni Türk və İslam Dünyasının əbədi düşməni Rusiya imperiyasının məğlubiyyəti zərurət olur. Millətlər düşdükləri bu məhbəsin barılarını yarır, hürriyyət dünyasına çıxırlar. Azərbaycan da bu fürsəti əldən vermir. Türk və İslam Dünyasında ilk dəfə bir cümhuriyyət təsis edir. Azərbaycan Xalq Cümhuriyyəti!
        Azərbaycan Xalq Cümhuriyyəti – bu cahan tarixində, şübhəsiz çox böyük bir dövr təşkil edəcək hərbdən sonrakı Milli Şərq demokratiyası cərəyanının bəlli-başlı bir hadisəsi, bu cərəyanın mahiyyət etibarilə üç kəlmədə xülasə edilmiş rəmzi bir ifadəsidir!
        Bu ilk Türk cümhuriyyətinin, xüsusilə, Türkiyəni də cəlb etdiyi əlaqə səbəbsiz deyildi. Çökən Osmanlı səltənəti yanında yüksələn bu xalq hakimiyyəti Türk xalqının tarixi həyatiyyətə malik olduğuna bir işarət idi. Əslində elə də oldu. Səltənətin batırdığı Türkiyəni cümhuriyyət fikri və sistemi qurtardı. Saray batdı, xalq yüksəldi. Dörd gün əvvəl bütün Türkiyə iştə bu yüksəliş gününü bayram edirdi.
        Fəqət tam bu sırada, istiqlalına hənüz qovuşan Azərbaycan, beynəlmiləl vəziyyətdə zühur edən siyasi tufana düçar oldu. Həyatının ikinci sənəsini daha tamamilə dərk etmədən, fəlakətin ən böyükünə məruz qaldı, istiqlalını qeyb etdi.
        Əvət, 1920 sənəsində bu günün misalında, qızıl rus ordusu tərəfindən işğal altına alınmaqla Azərbaycan cümhuriyyəti hər dürlü hürriyyət və istiqlalını qeyb eləmişdir. Bolşeviklərin Azərbaycan hürriyyət və istiqlalına təcavüz etmədiklərinə vaxtilə inanan vardısa da, indi heç olmazsa Türkiyədə, bu əfsanəni səmimi olaraq ciddi qəbul edən tək bir şəxsə təsadüf edilməz!
        Sənələrdən bəri gözlədiyimiz səadəti, əldə etdiyi günün sabahında qeyb etmək kimi ani fəlakətə məruz qalan Azərbaycan xalqının düçar olduğu faciə həqiqətən də böyükdür. Bu faciələr düşmənin eyni irqdən və eyni mədəniyyətdən olan ögey qardaşla dost olması ilə artmaqda idi ki, bu faciə, əvvəlki dərəcədə olmasa da indi də davam etməkdədir.
        Azərbaycan faciəsi həqiqətən də böyükdür. Hakim olan qüvvə yeni şüarlar və yeni rənglərə malik olsa da, əski rus siyasətini təmsil edir və tətbiq etdiyi də milliləşdirmək rejimi ilə çarların ruslaşdırma siyasəti ilə müvəffəq olmadqları nəticəyə gəlirdi.
        27 aprel aldatması ilə Azərbaycana girən qızıl ordunun məmləkətdə bərpa etdiyi dəhşət və törətdiyi zülm və vəhşəti burada sayacaq deyilik. Bu xüsusda bu sütunlarda vaxtilə çox yazılmışdır. Elə bu nüsxənin digər səhifələrində dəxi oxucu bu barədə az-çox məlumat bulur.
        Fəqət biz hürriyyət, milliyyət, ədalət və müsavat məfhumlarının hamsını tərsinə, bir-birinin arxasınca düzən zalım bir idarə altında, hər cür xüsusiyyət və haqqından təcridlə Moskvanın köləsi hökmünə düşən zavallı məmləkətin keçirdiyi böyük faciənin özü ilə mütənasib olaraq doğurduğu əks-əməl hadisələrini qeyd etmək istəriz.
        27 aprel hadisəsi Azərbaycan xalqını ta qəlbindən vurmuş, təsəvvürü qabil olmayan bir təsirlə dağdar etmişdir. Bunlardan bir qismi duyduqları acının təsiri ilə gözlərindəki yaşlara yol vermiş, bu sürətlə ələmin gövşətici təsirinə özlərini təslim etməklə işi təbiətə buraxmşsalar da, digər qisim əksinə böylə yapmamış, göz yaşların zəbtlə kin və qeyzini toplamş, günün birində dəhşətli intiqam taraqqası ilə partlayacağına həqiqətən inanan milli savaş hərəkatını vücuda gətirmişdir.
        Birinci qismin tərəfdarlarınca həyatda əsl olan həm də vaqeələrə uyuşmaqdan ibarətdir. Millətin təbii həyatını qurtarmaq – iştə onların düşüncəsi. Əsrlərin fəlsəfəsi! İkinci qisim isə təbii həyatla qalmaz, şərəfli həyat istər və bunun üçün də o uyuşmağı deyil, vuruşmağı düşünür.
        Solovki sürgünləri, “çeka” zirzəmiləri, Xəzərin qanlı dalğaları, Bayıl həbsxanasındakı yüksək divara dayanaraq soldat qurşunlarına açılan qəhrəman kökslər, südəmər cocuğundan ayrılaraq öldürülən analar, yanıq izləri ilə damğalanmış qanlı köynəklər – xülasə böyük intiqamı hazırlayan ilahi mətanətlər və qəhrəmanca müqavimətlər – iştə şərəfli həyat üçün vuruşmağı seçən nəslin keçdiyi qorxunc mücadilə yolları!
        Böyük faciənin yeddi sənədən bəri Azərbaycanda icra etdiyi müdhiş təxribat yanında özünü yasa qapdırmayan vətəndaş, şübhəsiz, istiqlal məfkurəsi uğrunda aparılan bu müqəddəs mücadilənin əksəriyyətlə məxfi qalan anatını bilməli, yarınkı günün gətirəcəyi səadətə qüvvətlə inanmalıdır.
        Bu xüsusda bizi inandıracaq şahid kommunistlərin özləridir. Böyük Rusiya imperatorluğunun tərəkəsi ilə beynəlmiləl inqilab təşkilatının şeytan mələkəsinə malik bulunan qanlı bir qüvvət yeddi sənə boyuna tətbitq etdiyi zülümlər və vəhşiyanə icraatından sonra da, hala milliyyət cərəyanının özü üçün bir təhlükə təşkil etdiyindən bütün sisteminin “xırda burjuaziya” adını verdiyi milli üsyan təhlükəsinə məruz qaldığından bəhslə bilavasitə cahanca məhşur komsomol və pioner təşkilatına rəğmən gənc nəslin “müsavatizim” təsiri altında olduğunu etiraf edirsə - artıq verilən qurbanların bihudə deyil, məqsədi təmin edəcək bir şəkil və mahiyyətdə olduğuna qane ola biləriz.
        Əvət, əfəndilər, şübhə etməyəlim: 27 aprel faciəsi Azərbaycan cümhuriyyətinin də 23 aprel zəfərini hazırlayacaq o böyük müqəddəs cahadın qəhrəmanlarını doğurmuşdur. Azərbaycan İstiqlalı hələlik yıxılmışsa da, bacarıqla tikilmişdir.
        Yaşasın Azərbaycan istiqlalı!

        “Yeni Qafqasiya”məcmuəsi
        27 aprel 1927-ci il, N 10 (84). İstanbul

Bu yazı 1233 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :