-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Gürcü politikaçıları
Şiriftin ölçüsünü dəyiş

Ömər Faiq Nemanzadə

        Bəradərim doktor Xosrov bəy Sultanovun gürcü politikaçıları xüsusunda “Açıq söz”də yazdıqları məktubu oxuyanlardan bəziləri ola bilər ki, doktorun özünü günahsız çıxarmaq üçün yazılarında, düşüncələrində ifrata getdiyini sanarlar. Çünki bizdə, bizim xasiyyətimizdə özgələrlə olan dostluğun davamı üçün, özümüzün mənfəətini, özümüzün təhlükədə olduğunu düşünməmək adəti var, həm çoxdan var.
        Bu xasiyyət yalnız tək-tək kişilərin beyinlərində deyil, millətimizin ruhunda, əxlaqi-ictimaimizdə köklənmiş, möhkəmlənmişdir.
        Dostluq xəncərilə yaralanmaq və o yaranın acısını duymamaq igidliyi (?) bizdə çoxdan milli əxlaq yerini tutumuşdur.
        İştə bu yaman adət və xasiyyətimizin zərəri bu gün elə arımış, dostluq yolu ilə milli mənfəətimizə endirilən baltanın acısı bu gün öylə şiddətlənmişdir ki, artıq onu duymamaq, anlamamaq aşkar bizim qabalığımızı, qəvi cahilliyimizi bildirir.
        Milli vücudumuzda açılan bu yaranı sağaltmaq isə yalnız bir “doktor” hünəri deyil.
        Bu gün gürcülərin müsəlman gürcülərini İslamlıqdan tamamilə uzaqlaşdırmaq, gürcü yerlərindəki Türkləri gürcüləşdirmək azarı öylə bir yolda artmaqdadır ki, ona bir deyil, beş-on doktor da olsa çarə edəmməz. Bu işdə hamımızın, bütün millətin əlbirliyi ilə yardımı, çalışması lazımdır. Çünki bu iş yalnız 5-10 gürcü politikaçısının işi olsaydı, bəlkə bu qədər rahatsız olmazdıq. Lakin bu politika uğrunda sərf edilən pulların çoxluğundan, çalışanların sabitəsindən (möhkəmliyindən), dairənin genişliyindən anlaşılır ki, bu iş beş-onun karı (işi) deyil, bəlkə böyük cəmiyyətlərin çoxlu tərəfdarlarının köməklərilə görülən böyük fikir və idealın nəticəsidir.
        Gürcülər qəzetlərilə apaydın çağırırlar ki, müsəlman gürcü mollalarının ürəklərindən “Türklük” duyğusunu, ağızlarından Türk dilini gərək nə cür olsa çıxaraq və hər yol ilə qoymayaq ki, Gürcüstanda Türklük nişanasə qala.
        Keçəndə Batumdakı gürcü yetimlər yurdundan şikayət edilərdi. Bu şikayətlərdən anlaşılır ki, hələ bir çoxlarımızın Axalsikdə Türk və gürcülər arasındakı yetimlər yurdlarından, Axalkələkdə Türk kəndlərindən, Palavevendovların ianə və təşviqi ilə açılan gürcü məktəbindən xəbərləri yoxdur. Uzağa getməyə nə hacət: Bakıda öz yanımızdakı gürcü yetimləri yurdunda kimlərin olduqlarına və hansı gün tətil etdiklərinə baxalım!
        Çoxdan deyil, bir gün bir gürcü keşişi Axalsik müsəlmanlarından kimin evi yanmış, malı qırılmış, toxumu əskik isə onları bilib cəmiyyəti-xeyriyyələrindən ianə gətirtmək istəyirdi. Danışıq arasında:
        - Keşiş baba Məlo, Artvin, Çoru səmtlərindən minlərcə insanlar, həm də gürcülər aclarından ölürlər, onları buraxıb da bu rahat və tox yerlərdə ac və yoxsulları aramanızı, Acardakı müsəlmanlar içində gecəli-gündüzlü çalışıb, böyük pullar xərc edib məktəblər açmaqdakı tələsmənizi qanmıram – dedim.
Keşiş baba qəsdimi qanıb güldü, mən də onunla bərabər güldümsə də onun niyyəti, qanacağı beynimi dəlməyə, ürəyimi didməyə başladı.
        Bu kimi həqiqətlər çoxdur. Belə misallar çox söyləmək olar. Fəqət mən indi ancaq millətin qanacaqlılarına,         Türklərin müsəlmanlıq qeyrətini çəkənlərə, millət mənafeyini hər dürlü hiss və xüsusi mənfəətlərə fəda etməyənlərə müraciət edib demək istəyirəm ki:
        Dəxi bəsdir” Gürcü politikaçılarının azğınca rəftarına gərək yol verməyək!
        Yol verməyək ki, gürcü müsəlmanlarını İslamçılıqdan uzaqlaşdıralar!
        Yol verməyək ki, Türk balalarını birər fəndlə yığıb bəsləmək bəhanəsilə gürcüləşdirələr!
        Yol verməyək ki, dumanlı havadan istifadə edib millətimizin quzularını tələf edələr!
        Yol verməyək ki, Ərdahan və başqa yerlərin Türk və kürd balaları üçün Axalsikdə və ya özgə yerlərdə yetimlər yurdu açıb və onu da keşişlərin idarəsinə verib balalarımızın dinlərini, milliyətlərini çevirələr!
        Sanmayınız ki, bunun üçün çox şey lazımdır. Xeyir! Xeyir! İki zad bəsdir:
        Həmiyyət və kömək!
        Yada gəlməsin ki, bunun üçün qonşumuz və dostumuz gürcülər ilə pozuşmaq lazım.
        Niyə bu fikirlərə düşək! Üsul və yol ilə öz din və cinsdaşlarımıza edəcəyimiz yaxşılığa kimin nə deməyə haqqı vardır?
        Əgər bizim də cəmiyyətimiz, bizim də pulumuz, bizim də təşəbbüsümüz olub, Axalsikdə və qeyri-yerlərdə yetimlər yurdları açsa idik, öz balalarımıza özümüz sahib olsa idik, əlbəttə ki, balalarımız gözümüz görə-görə qurban olmazlardı.
        Əgər bizim də Rusiyada 30 milyonluq, biz Türklərin də milli varlıq, dini borc, mədəni həyat, həqiqi tərəqqi nişanəsi olan “köməkləşmək” xasiyyətimizi itirməyib bu gün cəmiyyəti-xeyriyyəmizin bir-iki milyonu, on-on beş doktoru olsaydı, əlbəttə ki, ərdahanlı Türk oğlu Türk olan Əli oğlu beş-on manat üçün öz ləqəbini-familyasını “Əlidze” etməyə məcbur olmazdı.
        Əgər bizim də axundlarımız, əfəndilərimiz hər cümə xütbəsində oxuduqları: İnnəl-lahəyəmuru bitədli vəl-ihsani lil-yətəmə vəl-məsfəkini” (Allah (c.c.) yetimlər və miskinlərlə ədalət və yaxşılıqla rəftar etməyi əmr edir) əmrini, əmri-ilahisini, quru ərəbcə olsun deyə boş-boşuna məxrəc ilə, təcəvvidi ilə oxumaqla kifayətlənib, mənasını, hikmətini və vaxta görə olan ehtiyac və köməkliyi anlatsaydılar, əlbəttə ki, bu gün yüz illərdə bir – düşən bu qədər böyük milli fəlakət və ehtiyac üçün yığılan ianə beş-on minlikdə, yəni ehtiyacın mində birində dayanıb qalmazdı. Əgər bizdə də doğurdan dini-iman, möminlik əsəri, millət qeyrəti, Türklük hissi, ehtiyacın şiddəti, möhtac olanların hal və mövqeləri qanılsaydı, əlbəttə ki, məsələn, Ağdaş və Şəki kimi şəhərlərin dövlətliləri öz qanacaqlarının, qazılarının həmiyyəti ilə özləri üçün ianə yığdıqları vaxt bu gün aclıqdan tələf olan, əldən gedən din və millət qardaşlarını da yaddan çıxarmazlardı.
        Əgər bizdə də ədalət, düşüncə, insaf olsaydı “bizim öz fəqirlərimiz varkən, uzağa nə hacət!” cəfəngilə, avam fəlsəfəsilə bu gün suda boğulan millət balalarını, millət analarını öz başlarına buraxıb ölümə məhkum etməz, qurtulub sağ qalan yarıcanlı biçarələri də yadların pəncəsinə buraxmazdı!
        Ümid edirəm ki, bundan sonra olsun ayılaq. Bugünkü cahan müharibəsinin “nə üçün” və “nə demək” olduğunu qanaq! İanələrimizi tezliklə kəsməyək, öz balalarımızı bundan sonra olsun yadların tor və tələlərinə buraxmayaq! Biz də lazım olan yerlərdə yetimlər yurdları açaq! Balalarımızı dinlərindən, milliyyətlərindən çevirməyə qoymayaq! Analarımızın yadların, səfehlərin ayaqları altına düşməsinə məhəll (imkan) verməyək! Bacılarımızın bir loxma əkmək (çörək) üçün namuslarını satmağa razı olmayaq! Və razı olmayaq ki, gələcək nəslimiz millətimizin bu ağır günlərindəki qansızlığımızı, həmiyyətsizliyimizi, imansızlığımızı, yalançılığımızı mühakimə edib bizə lənət oxuyalar!
        Dostluq, səmimiyyət qara günlərdə bəlli olur. Bir millətin yaşamağa istedadı fəlakətli günlərində anlaşılır. Bir millətin qələbəsi halidəki çıxışından, tərpənişindən aşkar olur. Bir millətin, xüsusilə məhkum bir millətin insanca yaşaya biləcəyi, tərəqqi edə biləcəyi, mədəni bir ünsür halına keçə biləcəyi köməkləşməsinin az və ya çoxluğu ilə ölçülür. Bir millətin bəqası (varlığı) o millətdən olanların öz millətini tanıması ilə, onu öz anası kimi sevməsi ilə, onun şanını, namusunu, diriliyini, mənfəətini öz namusu, öz mənfəəti kimi bilməsilə olar.
        Bir din və əqidənin doğruluğu ona iman edənlərin rəftarı ilə mərhəməti ilə, insanlığı ilə qiyas edilir (ölçülür).
Vaxtdır ki, biz də bu həqiqətləri qanıb yaşamağa layiq olduğumuzu, millətimizin şərəfini, dinimizin səlamətliyini – quru söz və lovğalıqla yox, əməlimizlə, köməyimizlə göstərək!

“Açıq söz” qəzeti,
18 yanvar 1917-ci il, N 380

Bu yazı 1274 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :