-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Tutacağımız yol
Şiriftin ölçüsünü dəyiş

Məhəmməd Əmin Rəsulzadə

        Dəhşətlərinə şahid olduğumuz böyük müharibə (I Dünya müharibəsi – red) böyük bir həqiqəti - əsrimizin milliyyət əsri olduğunu sübut etdi.
        «Dünyanın xəritəsi qəribə dəyişəcək» - deyə heyrətlə qarşıq bir cümlə indi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəkilə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər, heç şübhə yoxdur ki, vüzuh (aşkar) və rüsux (qətiyyətlə) peyda (zühur) etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır.
        Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tam mənası ilə deyiləcək qədər kuhəfkən (dağ dağıdan) topların hakim olduğu hərb meydanlarından təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu barışıq masası üzərində də əsaslıca bir təsir yapacaq.
        Hər hankı qalib tərəf az-çox sorunclu bir dinclik vücuda gətirmək istərsə, əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvətli milliyyət məfkurəsini ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin sülhü haqqında söz söyləyən Avropa müfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhyunə mənsub siyasilərcə, milliyyət əsasına qiayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırtılar və sorunclu bir dinclik təmin edəməz.
        Hüquqi-təbiisi paymal olmuş bir millət baqqi (əbədi) qalıncaya qədər Avropa müvazineyi-düvəliyyəsi (dövlətlər müvazinəti) hüquq və sorunclu bir sülh üzü görməkdən məhrum qalacağı kimi, kəndi (öz) vətəndaşları arasında ögey-doğmalıq gözədən bir dövlət də həqiqi bir qüvvətə söykənməyəcək, mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır.
        Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca (fərdlərcə) müşəxxəs (tanınmış) qayeyi-amala malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kimi, dövlətlərin daxili siyasiləri üzərinə də böyük təsirlər icra edəcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək bütün bu məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdır. Çünki müttəhid bir ruh və müştərək bir yıldıza malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə silahdan məhrum qalan heyətlər kimsəyə söz eşitdirməyəcəklər!
        İştə millətimizin bir qəzetəçisi olmaq hesabilə öhdəmizə düşən rəhbərlik vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzəmətini (məramını) təşkil edəcək əsas – milliyyət əsasıdır.
        Fəqət sui-təfahümə (anlaşmaya) meydan qalmamaq üçün həmən ixtar edəlim ki, (xatırlayalım ki) bizim qəbul etdiyimiz milliyyət düsturu «Zemşina», «Novoye vremya»nın və sair bu kimi sağ qəzetə və məhfillərin (heyətlərin) bəhimi (vəhşi) millətçiliklərindən əlbəttə başqadır. Onlarca özgə millətlərin mənafeyi milləti-hakimənin mənafeyinə fəad edilməlidir. Halbuki bizim tərvic elədiyimiz əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir ki, bununla biz rus camaatının da salim düşünür qismilə heç bir ixtilafda bulunmuyoruz.
        Hər bir millət azədə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədr: DİL, DİN və ZAMAN.
        Dilcə bir Türkük, Türklük milliyyətimizdir. Binaən əleyh (ona görə) müstəqil Türk ədəbiyyatı, Türk sənəti, Türk tarixi və Türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır.
        Dincə müsəlmanız. Hər bir din öz mütədəyyinləri (inananları) arasında məxsusi bir təməddün (mədəniyyət) vücuda gətimişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edir. Müsəlman olduğumuz üçün biz Türklər beynəlmiləyiyyət-İslamiyyəyə daxiliz. Bütün İslam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcce (üz tutan) və dilimiz müəyyən virdlər (daim təkrar edilib söylənən), dualarla mütəzəkkir (yada salınan) olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik İslamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrir etdiyi kimi bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz.
        Zamanca da biz texnikanın (alyatın), elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənnlər hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənası ilə zəmanə adamı olmalıyız.
        Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza (tələb) ediyor – mütləqa üç əsasa sarılmalıyız: TÜRKLƏŞMƏK, MÜASİRLƏŞMƏK və İSLAMLAŞMAQ.
        İştə millətimizin həyati-ictimaiyyəsini islah üçün üzərinə dayandığımız se (üç) payeyi-mədəniyyət!
        Şərikli vətənimiz Rusiyanın müqəddəratına gəlincə, bütün vətəndaşlarımızla bərabər biz də, hər şeydən əvvəl, Rusiyanın müzəfəriyyət və müvəffəqiyyətini arzu edəriz. Fəqət nə gizlədəlim, bütün tərəqqipərvər Rusiya ilə bərabər, biz dəxi arzu olunan bu zəfərin ancaq daxili islahat təriqi ilə hasil olacağına qaneyiz.
        Rusiyada yaşayan bütün millətlər bu müharibə əsnasında ibraz etdikləri səmimanə əlaqələri ilə göstərdilər ki, hər bir şübhə və sui-zünunların (düşüncələrin) fövqündə saf bir niyyət və atəşin bir vətənpərvərlik hissi bəsləyirlər. Bunun mükafatı olaraq, şübhəsiz ki, bütün millətlər, o cümlədən də müsəlmanlar gözliyorlar ki, islah olunmuş Rusiya kəndi cənahi-şəfqətində (qanadı altında) yaşayan bütün millətlərə mədəni bir istiqbal ilə yaşamaq hürriyyəti-təbiisini müzayiqə etməsin. Böylə bir hürriyyətin, heç şübhəsiz ki, Rusiya istiqbalı nöqteyi-nəzərindən cəsur düşməni təpələyib də gəldiyi yerə qovmaq qədər böyük əhəmiyyəti vardır.
        Oxucularımızı artıq yormamaq üçün «Açıq söz»ün təsisi ilə tutacağımız yolun əsli nöqtələrini muciz (qısa) bir surətdə zikr etdik. Şbühəsiz ki, bundan sonra burada müxtəsərən sərd (ötəri) etdiyimiz əsasları daha təfsilli və daha açıq bir surətdə yazacaq, fikirlərimizin ümumiləşməsinə çalışacağız. Ehtimal ki, Türkləşmək, İslamlaşmaq və müasirləşmək nəzəriyyələrini təşrih (müfəssəl şərh) edərkən bir çox nöqtələrdə bizə müarizlər (etiraz edənlər) bulunacaq və ehtimal ki, (bəlkə də yəqin – M.Ə.), Rusiya daxili siyasəti haqqında bəslədiyimiz məsləkə görə rus tərəqqipərvərləri ilə bərabər biz də bəzi əksülhərəkələrə tutulacağız.
        Fəqət hankı fikir və nəzəriyyələrimiz tərhic üçün «Açıq söz» açıq bir dil ilə yazmağa səy etməklə bərabər, isminin müsəmmasına (adlandırılmasına) müvafiq olduğunu üslubunun aydınlığından ziyadə, nəşr edəcəyi fikir və mənaların açıqlığında göstərmək istəyəcəkdir.
        Yazdığı şeylərə səmimanə surətdə müariz olanlarla qəzetəmiz böyük bir həvəs və ehtiramla mübahisə edəcək, fəqət «Açıq söz»də kəndi (öz) şəxsi mənfəətlərinin düşmənini görərək qərəzlə meydana girəcəklərə də sözün lap açığı ilə qarşı çıxacaqdır.
        Xülasə, tutucağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!

«Açıq söz» qəzeti,
oktyabr, 1915-ci il

Bu yazı 1160 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :