-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Hüseyn Cavidin insan fəlsəfəsi
Şiriftin ölçüsünü dəyiş

Zümrüd Yağmur
filologiya elmləri üzrə fəlsəfə doktoru  

    Bəşəriyyətin İblisə uymuş dönəmində Peyğəmbər (s.ə.s.) ilahiliyinə tapınmış, keçən əsrin əvvəllərində dünyamızda baş verən dəyişiklərin əhatəsində öz sabitliyindən hec bir zaman geri cəkilməmiş Hüseyn Cavid şair ilahiliyinə hec bir zaman xələl gətirməmiş, onu adiləşdirməmişdir. Dünya üzərindən bizə, həyatımıza boylanan və bu boylanışda gördüyünü içindən kecirib öz ilahiliyinə qatan, filosofanə fikirləri ilə dövrlər sınağından kecmiş Cavid həm şəxsiyyəti, həm də yaradıcılığı ilə həmişə zirvədə olmuşdur.
    Cavid bir korifey olmaq etibarı ilə Yer-Göy, Allah-insan ikiliyində birləşirdi. Cavid ücün insan kimdir? “Ya hər kəsə xain olan insan nədir? İblis!” ki, “insan məzhəbindən kimsə cıxmaz, kimsə qurtulmaz”, cünki “böyük başlar dumanlanmış, atəş püskürür hər an, dənizlər qan, buludlar qan, hava qan, işdə hər yer qan”... Və “nə istər bir-birindən anlaşılmaz sayqısız insan!”
    Cavid ücün insan budur! Dünyanın sakini həm zalım, həm də qan icində çırpınan bir varlıqdır. Varlığımızın bir aləmini Cavid aydın şəkildə ifadə edir, tərəddüd etmədən ikili dünyanın sakinini bir qütbdən - sosial varlığın bütün insafsızlığını təqdim edir. Amma bu insanın bir qütbüdür. Cavid isə ikinci aləmin sakini daha cox məşğul edir. Bir tərəfdən Cavid ücün “xilqət indi bir əfsanədir, kim ki, həll etmək dilər divanədir”, “bir oyuncaqdır cahan başdan başa, qafil insanlar da bənzər sərxoşa”, digər tərəfdənsə bu “kəndindən xəbərsiz, sayğısız insanlar” bədbəxtdir, daima xoşbəxtlik axtarır, amma əldə etdiyi ancaq bədbəxtlikdir. Cavid hər nə qədər insana “nərdə insan görsəniz ürkərsiniz” xəbərdarlığını edib həyəcan təbilini vurursa, bir o qədər də insanın köməksiz olduğunu ona eyni dərəcədə çatdırmağa calışır, hətta insana “aldat özünü yazıq olarsan” tövsiyyəsini verir.
    Cavid ücün insan həm özünü aldatmiş zavallı, həm də aldanmış bir biçarədir. İnsanı bir teorem kimi izah etmək arzusundan vaz keçilmədiyi kimi, çox zaman onun etdiklərini anlamaq olmur. Cavid yaradıcılığında bu ziddiyyət özünü ən yüksək formada göstərir. Bir tərəfdən o öz qəhrəmanlarının daxili dünyasını, digər tərəfdənsə insanın daxillə zahiri arasındakı ziddiyyətləri təhlil və izah etməyə çalışmadan insanı özünə təqdim etməyə calışır, yaratdığı böyük obrazlar vasitəsilə buna nail olur. Cavid sona qədər qəhrəmanının əzab-iztirabının səbəbini gizli saxlayır, qəhrəman tez-tez “mən kiməm” sualına “bir heçəm” cavabını alsa da elə hey çırpınır, hətta heçlikdən də bir işıq ucu tapmağa çalışır, çünki insan hər şeyə rəğmən xoşbəxt və gərəkli olmaq ümidindən əl çəkmir.
    İnsan yaradılışdan dillemma qarşısında çırpınan varlıq olmaq etibarilə çəkdiyi və məhkum olunduğu məhrumiyyətlərdən qurtula bilməyib, bundan sonra da buna ümidin gələcəyi qaranlıq görünür. Bioloji və sosial varlıq kimi ikiyə bölünən insan təbii ki, bu ikini bir etmək üçün çox yollar aramışdır, amma heç bir nəticə əldə etmədən, əksinə xoşbəxt olmaq umidindən uzaq düşmüşdür. Nəticədə insan sosial varlıq kimi xoşbəxtlikdən nə qədər uzaqdırsa, bioloji varlıq kimi  bir o qədər də bədbəxtliyə məhkumdur, çünki insan öz istək və duyğularına uyğun həyat tərzi yaşamır.
    İnsanlara inanmaq kifayətdir, etibar inamın ifrat formasıdır, hər şeyin ifratısa insanı gülünc və gücsüz edir. Cavid də qəhrəmanlarına inanır, amma etibar etmir, ona görə də onları ən çətin ziddiyyətlər və düşüncələr fonunda özləri ilə baş-başa buraxır, bu insanlar çox zaman da sınaqlardan çıxa bilmirlər. Cavidə görə insan öz ikili dünyasında hiss və ağıldan eyni dərəcədə asılıdır. Bu ikilik insanı məyus və ümidsiz edir, nəticədə insan tənhalığa məhkum olur.
    Tənhalıq - mahiyyətdəki təkliyin, daxili fikir və aləmin könüllü olaraq öz əzabına qapanıb özunu axtarma və özünütapmanın ən sərt formasıdır. Homer yazırdı ki, “bir halda ki, insan yer üzündə mövcuddur, o əzab cəkməyə məhkumdur”. İnsan nə qədər vurnuxursa, dəyişib başqalaşırsa onun arzu, istəklərinin, ehtirasları və sevgisinin, nifrət və etirazlarının mahiyyəti dəyişmir. İnsan qadağalar, tabular yaradır, onları nə qədər qoruyub saxlamağa çalışırsa, bir o qədər də bu tabulara etiraz edib nifrətlə yanaşır. Zaman keçdikcə qadağalar insanda ikrah doğurur, hər bir insan şəxsi həyatındakı çətinlikləri ona başqaları tərəfindən təcavüz olunması ilə izah edir. Amma özü də  eyni dərəçədə başqasının ixtiyarına təçavüz edir.
    Məsələn, “İblis” əsərində Arifin halını alaq. Daxili aləminə bələd oluğumuz bu gəncin içində öldürmək, məhv etmək instinktinə qarşı olan nifrətindən xəbərdarıq, amma Arifin əməlləri ilə içindəkilər vəhdət təşkil etmir. Arif “İblisə uymuş bəşəriyyəti” lənətlərkən özü ən dəhşətli formada İblisə uyur… İnsanlığın ən “sabit” xüsusiyyəti… Söz verib sözündən birinci özü qacmaq…
    İnsanın insanlar arasında tənhalığı və daxili təlatümlər fonunda təqdimində Cavidin başqa bir özəlliyi də var ki, bu da ən qatı cinayətkarın, qatilin öz əzabında yuyulmasıdır. “Afət” əsəri də Afət kimi incə təbiətli bir qadını cinayətkara çevrilir, amma Afəti qınamaq olmur, çünki o öz əzabında yuyulub təmizlənir.
    Yaxud eyni əsərdə Özdəmir obrazını alaq… Əslində hamının “əyyaş” deyə kənara atdığı Özdəmir heç də Afətdən az bədbəxt deyil və o, sevilməyən ər faciəsini yaşayır. Zahirən yanaşılsa Özdəmiri Afətə qarşı kobudluqda günahlandırmaq olar, amma Afət ona qarşı çoxmu sayğılıdır… Demək hamı hamı ilə və özü ilə müharibə vəziyyətindədir, düşmən elan olunan heç bir haqqa sahib deyil.
    Sevilməyib sevənlər faciəsi dunya ədəbiyyatında dəfələrlə işlənmişdir. L. Tolstoyun “Anna Karenina”, C. Qolsoursinin “Farsaytlar haqqında əfsanə” kimi əsərlərində bu xətt geniş şəkildə təqdim olunmuşdur.
İnsanda özünə yadlaşma, dünya ilə əlaqələrinin kəsilməsi, düşüncə və əməllərində qeyri-sabitlik Cavidin qəhrəmanlarını izləyən hallardır. Cavidin insan haqqında düşüncələri heçdən doğmurdu. İnsanın iztirabı xoşbəxtlik ümidindən doğduğu kimi Cavidin də sənət əzabları insana məhəbbətdən doğurdu. Sənətkar ücün bu əsas şərtdir və Cavid də bu əsas şərtə bütün yaradıcılığı boyu əməl etmişdir. Bununla yanaşı onun yaradıcılığı başdan-başa məhəbbət və nifrətin mübarizəsı fonunda çırpınan insanların çarəsizliyi, günahına həsr olunmuşdur.
    İnsan cəmiyyətin əzmək və əzilmək qanunlarına tabe olduqca özü-özündən uzaqlaşır, hətta özü- özündən ikrahla üz çevirir. “Şeyx Sənan”da belə bir hal aydın görunur. Şeyx Yerdən usanmışdır, Göylərdən kömək istəyir, amma yerdəkilər ondan imtina etmişdir, göylərə üz tutmaq üçünsə Seyxin əvvəlki saflıq və ucalığı yoxdur. Onun üçün Şeyx Sənan dərvişliyi secir. Dərvişlikdə intihara bənzər bir hal mövcuddur, intihar həyata qarşı üsyandır, dərvişlikdə də bu üsyan var. İntiharda candan, dərvişlikdə cəmiyyətdən imtina var.
    Sevgi tarixində məhəbbəti dəhşətlər əhatə edir. Bu dəhşət ikitərəflidir... Birincisi, dünyanın  məhəbbətə dəhşətli münasibəti – sevənlərə cəmiyyətin aqressiv yanaşması, ikinci tərəfdən sevginin normaya sığmayan, ehtirasın qaydalar tanımayan hüdudsuzluğu...
    Rus filosufu Berdiyayev yazırdı ki, "qadın məhəbbətdə dahi olur, məhəbbət münasibətlərində o hərtərəfli olur, təbiətin ona verdiyi hər şeyi məhəbbətlə əlaqələndirir. Kişi isə məhəbbətdə dahidən çox istedadlı olur”. “Səyavuş” əsərindəki Südabə də içindəki hər şeyi məhəbbətlə əlaqələndirir. O, bədbəxt bir qadındır və cinayət ücün deyil, sevmək və sevilmək üçün yaradılmışdır. Südabə heç də indiyə qədər tənqidimizdə deyildiyi kimi “daxilini bürümüş ehtiras alovunun onu cinayətə, rəzil əməllərə və sui-qəsdə təhrik edən” qadın deyil. Südabə içindəki sevmək adlı ülvi istedadın alovunda qovrulur, lakin bu heç də bəsit anlaşılan və adi, hormonlarla eyniləşdirilən ehtiras deyil. Əgər Südabə hisslərini yalniz həzz və ehtiraslarına qul etsəydi, onda bunları təmin etmək üçün baş hərəm olduğu sarayda bunu asanlıqla təmin etmiş olardı. Əsərdə bunun əksini görürük və Südabə sevginin bütün gözəlliklərini düymaq istəyir, bunları ona bəxş edəcək birisi də ancaq Səyavuşdur. Sudabədən hamı yüksək dəyərlər tələb edir, amma kimsə ona indiyə qədər bu şəkildə davranıbmı?.. O gənc ikən özündən çox yaşlı birinə rəyi soruşulmadan ərə verilmişdir. Əslində insanın istəmədiyi bir şeyə məcbur edilməsi onu əxlaqsızlığa təhrik etmək kimi bir şeydir və Sudabə də məcburən ərə verildiyi ücün belə bir əxlaqsızlığa məcbur edilmişdir. Qəlbini sevgi atəşinə atmaqla əslində Südabə bu əxlaqsızlıqdan təmizlənmək istəyir. Demək tənqidimizdə vurğulandığı kimi Südabənın Səyavuşa olan sevgisi əxlaqsızlıq deyil, həyatını məcburiyyətlər icində keçirmiş bir qadının üsyanı, eyni zamanda dərdidir, çünki Südabənin qəlbi ilə seçdiyi Səyavuş ona heç bir halda cavab verəcək biri deyil. Beləliklə, ətrafın bu sevgiyə dəhşətli münasibəti ortaya çıxır və bir çox müstəvidən baxdıqda haqq verilməsi çətin olan, yalnız bir insan hissi kimi yanaşılarsa faciə ilə qarşılanan bu sevgi rədd olunduqdan sonra dəhşətlə qarşılandığı kimi indi də öz dəhşət və qorxunc qisasını ortaya qoyur. Cavabsız məhəbbətlərin qisası çox zaman dəhşətli olur. Beləcə Sudabə özünə olunanı Səyavuşa edir, məcburiyyət və zor yolunu seçir. Bura qədər sevgisinə haqq qazandırmaq niyyətində olan Südabə intiqam hazırlamağa başlayır. Bir qadın olduğu unudulmuş Südabə sevgisinə cavab ala bilməyib qəlbinin atəşini məkrin qurbanlığına çevirir.
    Bir vəziyyətdə haqq verdiyinə başqa bir halda haqq vermək olmur..., çünki insan yaradılış etibarilə mürrəkkəb və izah olunmazdır. Cavid də məhz insanı şablon şəkildə “yaxşı və pislərə” bölmur, onu bütünlüklə, hər halı ilə təqdim edir.
Azərbaycan ədəbi tənqidində bir cox hallarda insanın dəyərləndirilməsi onun sosial durumu ilə əlaqələndirilir. Sanki bütün zənginlər zalım, əxlaqdan uzaq, hec bir mənəvi keyfiyyətlərə sahib olmayanlar, kasıblarsa əksinə dəyərləndirilir. Məsələn, M. Əlioğlu Səyavus obrazını dəyərləndirərkən belə bir fikri Cavidlə bağlamağa çalışaraq yazırdı ki, “mühüm bir cəhəti dramaturq çox incəliklə mənalandırır... qəhrəmanlıqla əsilzadəlik bir araya sığmır”. Əsilzadəlik, böyük nəslə malik olmaq insanda özünə nəzarəti artırır.  Ümumiyyətlə, insanı sosial statusuna görə qiymətləndirmək insana zahiri yanaşmaqdır, onun mahiyyətini unutmaqdır. İnsan yaradılışının kamilliyi onun bu dunyada yaşamaq mövqeyindən asılı deyildir. İnsanın mahiyyətində bərabərsizlik yoxdur, bərabərsizlik təzahürdədir. İnsan öz dünyasında və tənhalığında səmimidir.  İnsan mənəviyyatının dəyəri onun yoxsul və zəngin yaşamasında deyildir. Təbiət etibarilə insan nə qədər səmimidirsə, yaşamaq etibarilə ümidsiz, sevgisiz, qeyri-səmimidir.
    Səyavuş da yaşadıqlarında sanki özü deyil. Südabəyə munasibətdə o, vicdanlıdır. Vicdan - cəmiyyətin fərdə diktə etdiyi normalara əməl edilmədən yaranan bir dəyərlər sistemidir. Səyavuşun vicdanı da Südabəyə başqa yanaşmağa imkan vermir və butövlükdə Səyavuşun analığına munasibəti ideal - mənin əsas və önəmli fəaliyyətidir. Amma hər bir şeyə həssas olan bu gənc Südabəyə münasibətdə bir o qədər də həssas görünmür. Bir qədər əvvəldə Südabədən danışarkən qeyd etmişdik ki, Südabə məcbur edildiyi münasibətlərə başqasını məcbur edir. Deməli, sevgisində haqlı olan Südabə Səyavuşa münasibətdə haqsızdır. Zahirən ziddiyyətli görünür... Südabəyə haqq qazandırmaq, sonra da onu günahlandırmaq? Sadəcə insana hər halı ilə yanaşılarsa heç bir ziddiyyət ortaya çıxmaz.
    İnsanlararası münasibətlərdə naqisliklərin ortaya çıxmasının əsas səbəbi insanın öz haqqı hesab etdiyini götürmək meylidir və bu zaman insan başqasının haqqına girməsini qəbahət hesab etmir. Nəticə etibarilə insan qəbahətlərlə yaşamağa, “uğurlarını”, “zəfərlərini” qəbahət və günahlarla əldə etdiyi üçün onları özününküləşdirməyə vərdiş etmişdir.
    İstədiyini edib eyni zamanda günaha batmamaq düşüncəsi hec bir vaxt insanı tərk etməmişdir. Cavidin yaratdığı  Əmir Teymur obrazı da haqq uğrunda haqsız formada savaşır. Bu yöndən yanaşılsa bu, düz yolda əyri oturmağa bənzəyir... Bir yanda mərhəmət, bir yanda savaş... Bir yanda sevgi, bir yanda qorxu... Yenə ziddiyyət, amma bir qədər insan mahiyyətinə və təbiətinə baxsaq, yer üzündə bu əks olanların vəhdətini görmək olar. Bu məsələyə Allah (c.c.) və insan münasibətləri yönündən baxsaq, “Qurani-Kərim” məntiqi ilə də qorxu və sevgi vəhdəti vardır... Müqəddəs Kitabımızda əvvəl “qorxun”, sonra “sevin” ardıcıllığı var. Qorxu ilk, sevgi sonuncu pillədir...
    Cavidin yaradıcılığında Göy və Yer arasında mübarizə həmişə var və bu mübarizədə pis əməllərin sanki artması üçün mübarizəyə girən insan sürətlə qaranlığa doğru yuvarlanır. Ruhunu şərə satmaqla əldə etdikləri ilə öyünən insan düşdüyü qaranlıqda bəzən tamamilə azır və bu zaman Göylər yenə insanın köməyinə gəlir. Cavidin “Peyğəmbər” əsərindəki kimi...
    Köhnədən bezmiş insan yenilikləri də qəbul etməyə o qədər könüllü deyil. Məhz elə buna da Peyğəmbərin (s.ə.s.) ümumla mübarizəsi başlayır. Elində qəbul olunmamaq dərdi yaşayan Peyğəmbər (s.ə.s.) “İblisə uymuş bəşəriyyəti” xilas etmək ücün Altun kitaba sarılır, amma insanlıq təkcə Kitabla yola gələcək qədər məsafə qət etməmişdir və elə buna görə də Göylər yeni bir missiya da verir öz Elcisinə... Qılınca sarılmaq...
    Peyğəmbər (s.ə.s.) əlindəki Altun kitabla tam göylərə məxsusdur, amma əlinə qılınc aldığı andan yerdəkilərə saflıq gətirəcək Kitabın yolunu açmaq ücün əlindəki silaha sarılır. Müdriklik-Kitab Göylərindir, qılınc-qansa yerlərin... Göylərin Müdrikliyi varsa, yerlərin kin və silahdan başqa Peyğəmbərə (s.ə.s.) verəcək bir şeyi yoxdur...
İnsan Göydən ümidini heç bir zaman üzmür, çünki bu var olmanın şərti gəlir ona... Amma Göylərdəki saflığa həsrət yoxdur... İnsan göylərə inamını daha çox əldə etmək ücün dualara sığışdırıb, ondakı ilahiliksə insanın şübhə və “bəlkələrinin” kölgəsində o qədər solğunlaşıb ki, İblis insanın əməllərində mütləqi-hakim olmağa başlayıb.
    Cavidin “İblis” və “Peyğəmbər” əsərlərini nəzərdən keçirdikcə belə bir bir fikir insana hakim olur... İnsan dilində Allahla (c.c.), əməlində İblislədir. İnsan İblisi lənətləyir, amma Allaha (c.c.) pənah aparmır... Elə bu səbəbdəndir ki, “İblis”də “İblis – insan” hökmünü verən İblis elə ona uyduğu üçün də insan haqqında “Peyğəmbər”əsərində qəti qərarını verir...” Yazıq sənə, yazıq zavallı insan”.
    Peyğəmbərləri öldürməkdən çəkinməyən insanlıq bir əli ilə Göylərdən, bir əli ilə yerdən yapışmaqla ruhunu ikiyə parçalayır və mahiyyət etibarilə hər şey olmaq istərkən heçliyə yuvarlanır. Elə bu üzdəndir ki, Cavid ücün insan “nə mələkdir, nə də şeytan, yalnız insandır”.

Bu yazı 3430 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :