-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan-əzəli türk yurdu
Şiriftin ölçüsünü dəyiş

Həsən Səfəri
araşdırmaçı


Türk tarixi ilə azacıq tanış olan tədqiqatçı, Azərbaycan tarixini araşdırarkən Türklərin, bu yurdun əzəli sahibi və sakini olmalarına dair elə faktlar əldə edir ki, az qala çaşıb qalır. Həmin tədqiqatçı belə vəziyyətdə bilmir mövcud faktlara inansın, yoxsa Ariyaçı (Ariya – Böyük Britaniya və Qərbin müstəmləkəçilik siyasətinə bəraət qazandırmaq üçün Hind-Avropa dilli xalqlara, xüsusilə İran dilli xalqlara aid uydurma soyun adıdır) tarixçilərin milyardlarla insanlarda formalaşdırdığı yanlış təsəvvürə. Absurd “ariyaizm” nəzəriyyəsi neçə əsrdir, dünya imperialistləri və onların çaldığı havaya oynayan bəzi İran tarixçiləri tərəfindən bəşəriyyətə, xüsusilə Azərbaycan Türklərinə aşılanır. Bu absurd nəzəriyyə o qədər güclü təbliğ olunub ki, tarixi gerçəklikləri pərdələyə bilib. Mövzudan kənara çıxsaq da, həmin məsələyə aydınlıq gətirmək məqsədilə qısa şəkildə ariyaçıların oyunbazlıqlarına işarə etmək məcburiyyətindəyik:
Qərbdə irqçi baxışa malik olan alimlərin və onların təsirinə düşənlərin özlərində kimlik hissi yaratmaq məqsədilə, xəyali də olsa yeni və guya üstün soy anlayışı formalaşdırmağa başladığı bir dövrdə, İngiltərə Hindistanı müstəmləkə vəziyyətinə salır. Bu ölkəni əbədi olaraq əlində saxlamaq üçün uydurmalara əl atıb, hər vasitə ilə İngiltərə-Hindistan birliyini əsaslandırmağı qarşıya məqsəd qoyur. 1786-cı ildə İngiltərənin müstəmləkəsi olan Hindistanda çalışan Viliam Cons, sanskrit dili ilə bir sıra Avropa dilləri arasında oxşarlıqları hiss edir. O, bu dilləri Hind-Avropa dili adlandırır. Bu məsələ Avropada müstəmləkəçi dövlətlərinin əlində, öz müstəmləkə siyasətini əsaslandırmaq üçün yaxşı vasitəyə çevrilir. “Dilçilər arasında yayılan bu absurd və xəyali fikirlərin davamında Kristiyan Lasen Hind-German və ya Hind-Avropa qohum dilləri qrupuna “ariyai” adı verilməsini və ariyai adının ilk insan qrupuna da aid edilməsini israr etdi”. Eyni zamanda “dilçilik nəzəriyyələrinin etnoloji və irq sahələrinə də şamil edilməsi məsələsində Kristof Mainersin (1747-1810) gördüyü işlər böyük rol oynamışdır. Mainers xalqla irq arasında əlaqənin mövcud olmasına təkid edərək, dilçilik terminlərindən irqə aid sahələrin izahında istifadə etdi”.  Beləliklə, absurd Hind-Avropa irqi meydana çıxdı. Bu nəzəriyyənin yaradıcılarının məqsədi, Böyük Britaniyanın Hindistanda müstəmləkəçiliyini əsaslandırılaraq davam etdirməsi idi. Belə ki, bu nəzəriyyənin əsas banilərindən biri Fredrix Müller (Almaniya-İngiltərə dilçisi) söyləmişdir: “Britaniya imperializmi vasitəsi ilə iki Hind və Avropa hissəsinin (Britaniya və Hindistan) birləşməsi Allahın nişanələrindən biridir”.
Hindistanı əldə saxlamaq üçün Hindistan-İngiltərə birliyini əsaslandırmaqla yanaşı, onu digər dövlətlərin işğalından da qorumaq lazım gəlirdi. Xüsusilə Napoleonun Hindistana hücum etmə ehtimalı, Hindistan ətrafı ərazilərin öyrənilməsi və bu ölkənin ətrafında mühafizə zonasının yaradılması məsələsi gündəmə gəldi. Hindistana qonşu olan İran Türk dövləti isə bu dövrdə böyük əhəmiyyətə malik idi. Bu məsələnin əhəmiyyətindən xəbəri olan Con Melkom “1800-cü ildə məktubunda yazır ki, bütün vaxtımı bizim az tanış olduğumuz bu qeyri-adi ölkəni (İran Türk dövlətini) öyrənməyə sərf edirəm.” 
Artıq XIX əsrdə Türk Dünyasının İran və Azərbaycan halqasını qırmaq məqsədilə Hindistanın, Hind-Avropalıların ana yurdu olması haqqında uydurduqları nəzəriyyələr sönük təsir bağışlayırdı. Bu dəfə Türk dövləti olan İranda fars amilini qaldırmaq və həmin nəzəriyyəni bu istiqamətdə tətbiq etmək aktuallaşdı. Beləliklə Şərq və Qərb Türklərini bir-birinə bağlayan və Türk Dünyasında ağır çəkiyə malik olan Azərbaycan və İran Türk dövlətində, Türklərin birliyini pozmaq üçün “fars amili” avropalıların diqqətini cəlb etdi. Anketil Düpperon, Viliam Cons və Herder, hər biri ayrılıqda farsı, Hind-Avropalıların (arilərin) vətəni kimi təklif etdilər. Bəziləri hətta Avestanın yazıldığı dilin, sanskrit dili qədər tarixə malik olduğunu iddia etdilər.
Bir çox belə irqçilər, o cümlədən Qobino “müstəmləkəçi kapitalist ölkələri və hətta müstəmləkə edilmiş ölkələrin tarixçi, siyasətçi və yazıçılarının baxışı və təfəkkürünə təsir göstərib, heç bir elmi və tarixi əsası olmayan “ariya soyu nəzəriyyəsini” onlara aşılayıb, yaymağa başladılar”. Daha sonra “şərqşünaslarla” müstəmləkəçi dövlətlər bilərəkdən və ya bilmədən əməkdaşlıq etməyə başladılar. Şərqşünaslar, Şərqi təsəvvürlərində tanımağa, müstəmləkəçilər isə Şərqə yiyələnməyə başladılar. Bu məsələnin baş tutmasında müstəmləkəçi  siyasətçilər və ali təhsilli şərqşünasların irqçi və müstəmləkəçilik məqsədləri böyük rol oynadı.
Qərb və onun müstəmləkəçi siyasətçiləri, eləcə də onların qulluğunda olan, xüsusilə şərqşünas tədqiqatçılar, absurd Ariya nəzəriyyəsinə söykənərək, İranda farsları da öz mənafeləri istiqamətində öyməyə başladılar. Onlar İran ziyalılarına, o cümlədən Ağaxan Kermani və başqalarına təsir göstərməkdən əlavə, fars sülaləsinin hakimiyyətə gətirilməsi üçün tarixi baza yaratmaq istiqamətində əllərindən gələni əsirgəmədilər. Dünyanın böyük müstəmləkəçi ölkəsi – İngiltərənin birbaşa iştirakı ilə həmin istiqamətdə İranda fars etnosu əsasında qatı millətçilik hisslərini təhrik edən Ərdəşir Ci Riporter İngiltərə səfirliyinin siyasi məsləhətçisi kimi Tehrana göndərildi. Ərdəşir Ci Riporter öz xatirələrində yazdığı kimi, bütün gücü ilə iranpərəstlik və iransevərlik hissinin aşılanmasına çalışıb. Bundan əlavə “Ərdəşir Ci Riporterin İranda əsas rolu İrançı (farsçı) bir şəxsi (Rza xanı) tapmaq, yetişdirmək, onu tanıtmaq və onunla birlikdə, onun hakimiyyətə gətirilməsinə zəmin yaratmaqdan ibarət olub. Onun Ser Persi Sayks, Ser Denis Rait, Lord Lington və başqa İngiltərə məmurları ilə çox yaxın və mehriban münasibəti var idi. İngiltərə Dövlət Kabineti onu xüsusi məsləhətçi kimi Tehrana göndərmişdi”.
Dünya imperializminin mənafeyi doğrultusunda, onların verdiyi ideya və hətta birbaşa iştirakı ilə tarix, absurd və xəyali ariçilərin timsalında, farsların xeyrinə təhrif edildi. Bu prosesin davamında İranda Kəsrəvi kimi fars şovinizmini formalaşdıran şəxslər yetişdirildi. Heç bir mötəbər fakt və dəlilə əsaslanmadan Azərbaycan tarixi təhrif edildi. İrandilli xalqların regiona gəlməsindən qabaq, neçə min illik Azərbaycan tarixi, sankı yox imiş kimi, danıldı və bu qədim diyara qondarma tarix sırındı. Həmin dırnaqarası tarixçilər iddia etdilər ki, azərbaycanlılar əvvəldən ari (fars dilli) olub, lakin monqollar gəlib onları Türkləşdirmişdir. Həmin uydurma nəzəriyyə elə güclü şəkildə təbliğ edildi ki, az qala böyük alimləri də çaşdıracaq həddə çatdı. Lakin aşağıda görəcəyimiz kimi həqiqət onların dediyinin tam əksinə olub. Bu qısa açıqlamadan sonra, indi də əsas məsələyə keçib Azərbaycanda yaşamış qədim etnoslar və onların etnik mənsubiyyətini araşdıraq:
Bölgənin və Azərbaycanın miladdan qabaqkı dövrlərinin tarixini, əsasən daha çox mixi yazılar, onlarda əks etdirilən etnonim, toponim və antroponimlər vasitəsilə öyrənmək məcburiyyətindəyik.
Əlbəttə elə həmin yazılardan da çox maraqlı məlumat əldə edirik. Həmin yazılara əsasən “Azərbaycan torpaqlarındakı Türk hakimiyyəti miladdan qabaq 4 min il əvvəllərə gedib çıxır. Bu mənbələrdə xüsusilə arattalılar, qutlar (kutilər), lullubilər və hurrilər haqda məlumatlar vardır”.
Mənbələrə əsasən Azərbaycanda yaranmış ilk Türk dövləti, Aratta dövlət qurumu olmuşdur. Aratta qədim Azərbaycanın dağlıq ərazisinə verilən ad idi. Mənası, sadəcə olaraq dağ deməkdir. Şumer-Akkad məktəb lüğətində (miladdan qabaq VIII əsr) həmin sözdən “Arattu və Aratu” nümunələri dağ mənasında əks olunmuşdur”. Dağ sözü tağ, ta, ti, tu formalarında da işlənmişdir. İndi də Cənubi Azərbaycanda Aratta dövlətinin yarandığı bölgələrdə Qaflanta, Qaflantı və sair belə dağ adları mövcuddur.
Azərbaycanda yaranmış digər Türk dövlətlərindən biri də Qutti dövləti olmuşdur. Miladdan qabaq III minillikdə Urmiya gölünün qərb və cənub-qərb bölgəsində qutti tayfa birləşmələri mövcud idi. Onlar  miladdan qabaq III minilliyin ikinci yarısından sonra dövlət kimi birləşdilər. “Qutti dövləti boy birləşmələrindən yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk, kuman, bars, böri, qarqar, azər (as-az + ər), zəngi və sair Türk boyları iştirak edirdi”. Azərbaycanda dövlət qurmuş quttilərdən qalan elbəylərinin adı onların Türk mənşəli olmalarına danılmaz sübutdur. “Akkad yazılarında adları çəkilən Qutti elbəylərinin bəzilərinin adları: Yarlaqab, Yarlaqaş, Yarlaqan, Sarlaqab, Elulu (meş), İnim-Abaqeş (Orxan-Yenisey abidələrində Gültiginə, “İnim Gültigin” kimi müraciət olunub), Kurum (Kurum xan qədim Türk-Bulqar dövlətinin xaqanı), Tirikan (Dirixan, eləcə də Tarkan modeli). “Qut” sözü Türk etimologiyasında: Hökmranlıq, uğur, can, ruh kimi mənalarda işlədilir və miladi 553-cü ildə hakimiyyətdə olan Avar (Türk) hökmdarının adı Kuti xandır”.  İbran (um) = Əmrən Kitabi Dədə Qorqudda, Yarlaq (Yarlakar xan ağa) qədim türk yazısında.
Azərbaycanda dörd min il qabaqdan yaranmış, adları çəkilən aratta, lullubi və qutti dövlətləri dövründə üzə çıxmayan lakin həmin dövlətlərin yaranmasında bir tayfa kimi iştirak edən turuklar da diqqəti cəlb edir. “İlk dəfə bu adın Türklərlə ilgili olduğunu söyləyən H.Z.Kuşay iki lövhədə turukku sözü olan sətri 1982-ci ildə Buxarestdə nəşr olunan elmi bülletendə çap etdirmişdir. Bir çox alimlər, o cümlədən Z.Yampolski, Yusifov, S.Əlyarov Assur mətnlərində xatırlanan turukku və ya turuki boyunu Türk hesab etmiş və bu adın müxtəlif zamanlarda və müxtəlif dilli yazılarda torok, török, turuk, türki şəkilində işləndiyini qeyd etmişlər”.
Əslində bu adı Mari mətnlərinin transkripsiyasında düzgün verməmişlər. Belə ki, Türk sözünün qədim forması turuk şəkilindədir və assurca olan mətnlərdə də həmin forma əks olunmuşdur.
Miladdan qabaq III-II minilliklərdə su tayfaları da Zaqros dağları və Urmiya gölünün cənubunda yaşayırdı. “Bu etnonimin ilkin forması suv – sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnoniminin İkiçayarasının şimalında geniş bir ərazidə yaşayan subir – subar və Urmiya gölü hövzəsində Suvbi- sumbi tayfa adlarının qısaldılmış forması hesab edərək Subir, Subar adlarını sonrakı Türk mənşəli subir – subar tayfalarının adı ilə eyniləşdirmişlər”. 
Azərbaycan və Anadoluda yaşamış qədim Türk tayfalarından bir də kumanlar olmuşlar. Miladdan qabaq III-II minillikdə sami və hurri tayfalarının təzyiqi ilə dağılmış Subar boyları Konfederasiyasından qalan bəzi boyların quzey İkiçayarası bölgələrində və Fərat çayının qərb tərəfində yerləşdiyini görmək olar. Belə boylardan biri də kumanlardır. Fəratın arxasına keçən kumuq və Kuman boyları bir müddətdən sonra yerli tayfaların içində əriyib getdi. Lakin uzun müddət onların yerləşdiyi ərazilər Kumuq və Kuman ölkəsi kimi tanındı. Bu ölkə Assur yazılarında Kammanu, Urartu yazılarında Qamana şəkilində verilir. Digər Kuman ölkəsi isə Dəclə çayının şərqində, qədim Azərbaycanın sınırında idi. Görünür Ptolemey bu iki Kuman ölkəsini fərqləndirmək üçün ölkəni Kapadokiya Kumanı adlandırmışdır. Urartu qaynaqları həmin çağlarda daha bir kuman boyunun Göyçə gölü yaxınlığında yaşadığını göstərir”.
Qədim Assur və Het yazılarında adları çəkilən digər Türk tayfalarından biri də qaşqaylar olmuşlar. Miladdan qabaq 1345-1320-ci illərdə hökmranlıq etmiş II Murşil hakimiyyətinin 9-cu ilindən söhbət açan abidədə (Het abidəsi) qaşqayların da adı çəkilir. Məlum olduğu kimi, Qaşqay soyu qəbilə birləşməsidir. Azərbaycan qəbiləsi olan qaşqay, indi də İranın cənubunda yaşayır. Deməli, qaşqaylar miladdan 14 əsr qabaq ictimai–tarixi hadisələrdə iştirak etmişlər. Qaşqaylar Gəncədə və ona yaxın yerlərdə yaşamış və indi də eyni adlı böyük soylar yaşamaqdadırlar”.
Assur çarı I Tiqlatpalasar miladdan qabaq (m.ö. 1115-1077) XII əsrin sonunda Fərat çaylarının yuxarı axarında Qaşqaylarla qarşılaşır. Sonralar Qızılırmaq və Kelkit çaylarının yuxarılarında yaranmış kiçik Qaşqay bəyliyi miladdan qabaq VIII əsrə qədər davam etdi... Qaşqayların qonşuları əsasən Hetlər olsa da, onlar Kuman, Az, Toqrama, Urmu, Subar, Bala və Dumanna (Duman-Tuman) adlı ölkələrlə də əhatə olunmuşdu. Belə ki bəzi tədqiqatçılar çoxlu Hat-Türk uyğunluqları ortaya çıxarmışlar. Hətta Hat dilində elə söz var ki, bu gün də mənasını və formasını dəyişmədən Türk dillərində işlənir. Məsələn qut sözü hər iki dildə ruh, can anlamındadır. Qaşqayların cənub-şərqində Subar, Mitan, Ərmən (Ər-Mən), Urum, Kuman və başqa Türk boyları, bölgələri vardır.
Azərbaycanın adı ilə bağlı As – Az etnonimi də Türk xalqlarında, eləcə də Azərbaycanda çox yayğın şəkildə mövcud olmuşdur. Az boyu Türk etnosu içində çoxsaylı soylardan biri idi. Azya - Asya adındakı paralellik kimi Az etnoniminin də As variantı geniş yayılmışdır. “Miladdan qabaq VIII əsrin rübündə II Sarqon, o vaxt Arrappa adlanan indiki Kərkük bölgəsindən, Urmiya gölünün güneyindəki Mazamua bölgəsinə gedən “Şahyolu” haqqında fərman vermişdir ki, yol təmir edilsin. Fərmanın icrası ilə bağlı məlumat verən şəxs kitabının sonunda yazır: mən yenidən Sari şəhərində Dur – Atanati şəhərinə çıxıram. Arraphalılar, Dur Atanatidən , Dur Taliti şəhərinə hərəkət edirlər, (mən) yenidən dur – taliti – dən Azari şəhərinə yönəlirəm.
Mətni dərc edən tədqiqatçılar, Azari şəhərini Mazamua bölgəsində yerləşdirirlər. Bu bölgənin tarixindən məlumdur ki, əvvəllər orada Lulu, Turuk, Zəngi, Kuman boyları yaşayırdı”.
Əsasən Türk boy adları “ər” sözü ilə geniş şəkildə işlədilmişdir. Məsələn Xəzər, Suvar, Avar, Tatar, Qamer, Dögər, Padar və sair kimi, bu etnotoponim də “Az” və “ər” hissələrə ayrılır. Eləcə də bir çox Türk mənşəli xalqlarda As və Az etnonim və toponiminə rast gəlinir. “Özbək, Altay, Qaraqalpaq və sair Türk xalqları tərkibində uruq, soy, boy adı kimi işlənən Az – As etnoniminə: Göy Türk yazılarında Az budun (Az xalqı) və Az kişi (Az adamı) adına, Kuban epiqrafikasında “eren Az ayırıltım” (Az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur və sair. Azər(As-Az+ər)lərin bir qolu da Az kişi adlanmışdır. Bartold, əvvəllər xristianlığı qəbul etmiş Qafqaz Türklərinin sırasında Az kişi tayfalarının adını çəkir. Türküstan və Altayda As kisi adlı xeyli etnotoponim vardır. Göytürk yazılarında Az budun (Az xalqı) haqqında olan məlumat isə elm aləminə çoxdan bəllidir. Hələ II əsrdə Klavdi Ptolemey Quzey Qafqazda Azara şəhəri və Azaraba (Azər+oba) kəndi olduğunu göstərir”.
Eyni zamanda “Asarhadonun eramızdan qabaq 673-cü ilə aid yazısında işkuz (iş kuz), aşkuz (aş kuz), askuz (as kuz) ölkəsinin hökmdarı - Partatuadan danışılır. Fikrimizcə, bu skif etnonimi bizə Mahmud Kaşğarlının və İbn Xordadbehin əsərindən bəlli olan qədim Türk etnonimi asgizi və ya askişi etnonimlərinin tam eynidir. Türk tayfalarının qədim vətənində - Altayda, Abakan çayının orta axarında kiçik Askizi çayı vardır. Bu rayon qabaqlar askizi dumasına daxil idi. İndi isə Askiz inzibati rayonudur. Bu çayın üzərində Askiz kəndi yerləşir”. Bunlar As-Az etnosu və Azari toponiminin Türk mənşəli olmasına yetərli sübut hesaba edilə bilər.
Azərbaycanla bağlı olan başqa Türk tayfalarından biri də Kaslardır. Kaslar və ya Kassilər Azərbaycanda yaşayan Kaspilərlə ad və kök oxşarlığına malikdir. Kas adının tarixi mənbələrdə çəkilməsi miladdan qabaq 2400-cü illərə aiddir. Kas adlı bir çox Türk tayfası mövcud olmuşdur. “Uyğurların 6 tayfası kas adlanmışdır. Orta Asiyada Türk eli olan xakasların adı Kas adından yaranmışdır. Orxun yazılarında Doğu Türküstanda yerləşən Kaşğar adı Kas adlanmışdır” və sair.
Bunlardan əlavə Kassi və ya Kaslardan qalan Antroponimlər (şəxs adları) onların Türk mənşəli olmalarına tutarlı sübut hesab edilə bilər. Kassi şahlarının adları: “Qandaş, Böyük Aqum, Qaş Teliyaş, Ulam Buriyaş (ulam = çapar + buri = böri = qurd), Qarındaş (qədim Türkcə də qardaş), Qadaşman Enlil, Qara Qardaş, Qudur enlil... Qadaşman-Turqu”. Eləcə də Atta – Ana, Marduk, Burra, Alban, Buritaş (Buri=Böri, Qurd) , Sibar Buqaş, Karzi Yabku (yabğu), Mi-Turqu, Duri, Durqu və...
Kassilərdən çoxlu at adları da qalıb: “Timir aş (dəmir aş), Kaşak – ti, Buqaş, Kuru-şe, Buqaş, Əgri-yaş, Ham at-ti (Xam at-ti)”.
Bu Türk tayfalarının Azərbaycanda yaşadığı və hakimiyyət sürdükləri dövrdə, ümumiyyətlə təkcə Azərbaycanda deyil, heç regionda da Aryailərin və ya farsların olmasına dair tutarlı heç bir fakt mövcud deyildir. Hətta Azərbaycanda, belə Türk tayfalarının qədimliyi səbəb olmuşdur ki, bir çox tədqiqatçılar fikirlərini dəyişib belə nəticəyə gəlsinlər ki, “sonrakı yüzilliklərdə Ön Asiyada yaşamış bir çox soylar, xüsusən Türk dillilər şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş bir neçə yüzillikdən sonra onların əks prosesi başlanmış, onlar yenidən yaxın və Ön Asiyaya, həmçinin Azərbaycan torpaqlarına gəlmişlər”.
Azərbaycanda İşğuz Türklərinin də hakimiyyəti mövcud olmuşdur. “Miladdan qabaq X-IX əsrlərdən Azərbaycanla tanış olan İşğuzlar miladdan qabaq 674-cü ildə İspakanın rəhbərliyi altında Azərbaycanın quzeyinə və güneyinə gəlmiş ... elə lap ilk günlərdən ölkədə hakimiyyət qura bilmişlər”.
Araz çayı sahilində, onun sağ axarında Herodotun Saspirlər, Akkad yazılarının Subaryum, Şubaru və Subarey, eləcə də Şumerlərin Subir adlandırdığı Türk tayfası yaşamışdır. Onlar Azərbaycanın Quzeyində yaşamış suvarlar, subirlərdir.
Cənubi Qafqazda yaşayan digər türk soylarından biri də kəngərlər olmuşlar. “Onlar o qədər qüdrətli idilər ki, hətta Sasani çarlarını lərzəyə salırdılar. VI yüzilliyin müəllifi Sasanilərin kəngərlərlə müharibə aparmasından söhbət açır”.
Bunlardan əlavə müxtəlif dövrlərdə Monqolustan çöllərindən tutmuş Avropanın mərkəzinə qədər böyük bir ərazidə gəzib dolaşan Türklər Azərbaycandan da yan keçmir və bəzən yerli soydaşlarının yaşadığı bu ərazidə də məskunlaşırlar. “Leonit Marovelinin sözlərinə görə I əsrin 70-ci illərində, daha doğrusu İosif Flavinin dövründə hunlar Dəryal keçidinə sahiblik edirdilər. Bazuk və Ambazuk qardaşları Kartliyə oradan gəlmişdilər”.
Hələ “Arilərin (İran dillilərin) Ermənistana sakin olmalarından qabaq bir neçə Türk tayfası orada məskunlaşmışdır”.
İslam dövrü ərəb və fars tarixçiləri də Azərbaycanda Türklərin olmasına dair yetərli dərəcədə məlumat vermişlər. Təbəri öz tarix əsərində İslamdan qabaq Azərbaycanda Türklərin olmasına işarə edir: “Hişam İbn Kəlbinin fikrincə Raeş İbn Qeys İbn Səba Yəmənin padşahı idi və onun padşahlığı Mənuçehr dövrünə təsadüf edirdi. Onun sərkərdələrinin dostlarından biri Şümr İbn Ətaf Azərbaycanda Türklərə yürüş etdi. Yürüşdə hər iki tərəfdən çoxlu ölən və əsir düşən oldu və o öz başına gələnləri daş kitabəyə yazdı ki, Azərbaycan ölkəsində məşhurdur”.
İbn Heşamın “Ət-tican” adlı əsərində Vəhəb İbn Monəbbehdən rəvayət edilərək yazılır: “Müaviyə öz məsləhətçisi Übeyd İbn Sariyədən soruşdu ki, Azərbaycan nədir? Übeyd cavabında dedi, bura qədimdən Türklərin ölkəsidir.
Həmzə İsfahani də (doğum ili hicri 270-ci il) Raeşin Azərbaycana qoşun çəkməsi və Azərbaycan Türkləri ilə döyüşünə işarə edir”.
Məhəmməd Ufi isə “Cəvame əl-hikayat və ləvame ər-rəvayat” adlı əsərində Ömər İbn  Əbdüləzizin xilafətindən (101-99-h.q) danışarkən həmin dövrdə 20 min Azərbaycan Türkünün üsyanı və onların 4 min ərəb qoşunu ilə döyüşməsindən söhbət açır”.
Samanı dövlətinin vəziri Əbuəli Məhəmməd Bələmi, Təbərinin tarix əsərini tərcümə və ixtisar edərək yazdığı əsərdə, Mənuçehrin Azərbaycanda Türklərlə savaşdığını, Türklərin yaşadığı ərazinin Türküstandan Romaya qədər olduğunu, eləcə də Güştaspın Azərbaycanda Türklərlə savaşıb bir çox Türkü öldürdüyünü qeyd edir.
Əməvi xəlifəsi Müaviyə zamanında cahiliyyət dövrü, Yəməndə Übeyd İbn Şəriyə Cərhumi adlı məşhur, geniş dünyagörüşlü bir şəxs var imiş. Müaviyə onu Yəməndən Dəməşqə gətirtdirir. Ona sual verir, Übeydin verdiyi cavablar “Əxabar Übeyd İbn Şəriyə” adı ilə yazılıb toplanır və sonralar Ərəb tarixçilərinin istifadə etdiyi mənbələrdən biri olur. Übeyd cavab verir: “Azərbaycan Türk ölkələrindəndir və Türklər orada toplanmışlar”.

Bu yazı 2195 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :