-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Səfəvilərdə Türk hərbi elat sistemi
Şiriftin ölçüsünü dəyiş

Gülarə Yenisey
araşdırmaçı

    Şah İsmayıl Xətainin qısa həyatına sığdırdığı misilsiz iş, əməl, xidmətləri anmamız, anlamamız üçün öncə onun yaşadığı zaman və məkana göz atmalıyıq. Orta çağ dediyimiz o zaman deyimində, o dönəmin dünyasının ürəyi sayılan ucsuz-bucaqsız Avrasiya torpaqlarında dörd dövlət var idi: dördü də Türk dövləti. Misirdə ərəblərin «dövləti-Türki» dedikləri məmlüklər dövləti, Qafqazdan Kəngər körfəzinə, Kərkükdən özbək torpaqlarına qədər yayılmış Səfəvi dövləti, Osmanlı dövləti və Moğolların qurmuş olduğu Hindistandakı Babur dövləti. Türkün öndərliyində qurulan bu dövlətlər ədalət və xoşgörü ilə idarə olunan geniş topluluğu təmsil edirdi. Tanrıya və insana sevgi-sayğı fəlsəfəsinə köklənən zəngin xoşgörü ilə bütün qövmləri qucaqlayan Türk-İslam vəhdəti o dövrdə dünyanın hərbi, siyasi, mədəni, iqtisadi aparıcı gücünü təşkil edirdi. Böyük Türk filosofu Fərabinin «Kamil insan, kamil cəmiyyət» inancı ilə yoğrulan, Mövlananın «Kim olursan ol, yenə gəl» qlobal çağrışı ilə hər kəsə qucaq açan bu Türk-İslam uyğarlığı daha sonralar yüksəlməyə başlayan anqlo-sakson gücü qarşısında hiyləgər siyasətlərə qurban gedərək iqtisadi tənəzzülə uğradı, addım-addım geriləyərək, zəifləyib parçalandı. Öncə Məmlük, Babur, sonra Səfəvi və Osmanlı dağıdılb məğlub edildi. Dünyamız madiyyatın tapındığı, pulun bütün mənəviyyatı Əsir aldığı anqlo-sakson mədəniyyətinə təslim oldu.
Türkün Avrasiya çöllərində əzəmətlə at çapdığı, ingilisin Türkü hələ atdan endirmədiyi günlərdə qurulan müəzzəm Türk dövlətlərindən biri də Səfəvi dövlətidir. Bu dövlət öz adını Güney Azərbaycanın Ərdəbil şəhərində Şeyx Səfiəddin tərəfindən qurulan sünni-xəlvəti təriqəti ilə heterodoks Türkmən (Oğuz) müsəlmanlığının birləşməsindən yaranan «Səfəvi» adlı yeni sufi təriqətindən alıb.
Şah İsmayıl 1487-ci ildə Ərdəbildə anadan olub. 13 yaşındaykən öncə Şirvanşahları məğlub edib, sonra Ağqoyunlu dövlətini devirib. Təbrizdə babası Uzun Həsənin yerinə əyləşərək, 14 yaşında tac qoyub. Şah İsmayılın Səfəvi dövləti həm din anlayışı, həm də hərbi güc baxımından tamamilə bir Türk elat dövləti olaraq qurulub. Ustaclı, Varsaq, Rumlu, Təkəli, Şamlı, Qacar, Afşar və Kamanlı Türkləri Səfəvi süvari ordusunun onurğa sümüyünü təşkil edirdilər. O dövrdə 14 xanlıq və 10 sancaq bəyliyi Türk bəylərinə verilib.
Şah İsmayıl Azərbaycanda və Anadoludakı bütün Qızılbaşların dini lideri idi. Qızılbaşlar Şah İsmayılı «Mürşidi-Kamil» elan edərək, onun təbiətüstü güclərə sahib olduğuna inanırdılar. Savaşlarda ard-arda qazandığı qələbələr bu inamı daha da gücləndirdi.
O dövrün Süfi Qızılbaş şiəliyi bügünkü fars şiəliyindən son dərəcə fərqli idi. Süfi qızılbaşların on iki imam şiəliyi əski Türk Qam-Şaman inancları ilə yoğrulan Heterodoks İslam anlayışına söykənirdi. Ancaq zamanla bu əski inanc sistemində edilən dəyişikliklər, əlavələr təqribən 500 il sürən bir proses nəticəsində Sufi Qızılbaş şiəliyinin bügünkü fars şiəliyinə çevrilməsinə gətirib çıxardı. Əli şəriətinin ideoloji doktrini bu prosesin kulminasiya nöqtəsi sayıla bilər ( bu fikri Qərb araşdırmaçıları da vurğulayıblar. Məs, Vatikiotis «İslam and hte state»). İran İslam Respublikasının ideoloqu, məşhur İslam sosioloqu Əli Səfəvi öz ideoloji doktrini ilə şiəlikdəki bütün sufi Qızılbaş elementləri ataraq əski inanc sisteminin son qalıntılarından tamamilə yeni ideoloji təməl yaratdı. Şiəliyin tədrici farslaşdırılması prosesi sonrakı mərhələlərdə fars millətçiliyinin gəlişməsinə və 1925-ci ildə Pəhləvi çevrilişi ilə fars millətçiliyi ideologiyasının siyasi iqtidara daşınmasına zəmin hazırlayan əsas faktorlardan sayıla bilər.
Şiəliyin zamanla fars xarakterinə bürünməsinin və farsların dövlət strukturlarına yerləşməsinin bir çox siyasi səbəbləri olub. Əvvəla, orta çağ dövlət anlayışında din faktoru öndə gəldiyi üçün dar millətçi siyasətlərə, monoetik qurumlara yer yox idi. Bu səbəbdən başqa Türk-İslam dövlətlərində olduğu kimi, Səfəvilər də farslara və başqa qövm nümayəndələrinə də açıq idi. Ən önəmli səbəb isə budur ki, Osmanlıda olduğu kimi, Səfəvilərdə də dövlət quruculuğu iki mərhələdən – qurulma və möhkəmlənmədən keçib. Qurulma mərhələsində Səfəvi dövləti (Osmanlı da) Türk elatlarının hərbi-siyasi gücünə söykənib. Dövlətin möhkəmlənməsi üçün zəruri olan mərkəzləşmə mərhələsində isə tam tərsinə bir proses baş verib. Mərkəzi iqtidar dövlətin möhkəmlənməsini əngəlləyən Türk elatlarının mərkəzdənqaçma gücünü dəf etmək üçün dövlətin hərbi və siyasi qurumlarına Türk olmayanları gətirməyə başlayıb. Bu məqsədlə Osmanlıda «qapıqulu», Səfəvilərdə «qulam» sistemi qurulub. Türkün qanı, gücü və canı ilə qurulan bu dövlətin qurumlarına sonradan Türk olmayanları yerləşdirmə siyasəti bəlkə də o dövrün şərtlərində mərkəzə boyun əyməyən Türk elat gücünü balanslaşdırmanın tək çarəsi olaraq görülüb. Qurulma mərhələsindən bütün gücünü Türk elat sistemindən alan dövlət möhkəmlənmə instinkti ilə mərkəzləşməyə üz tutunca tərsinə bir hərəkətlə bu elatları dövlət qurumlarından amansızlıqla itələməyə, uzaqlaşdırmaya başlayıb. Türk elatları bu haqsızlıq baş qaldırdıqca daha çox əzilib, mərkəzi iqtidardan, dövlət strukturlarından daha çox uzaqlaşdırılıb. Buna görədir ki, Şah İsmayılın dövründə savaşçı Türk elatlarının gücü ilə qurulan dövlət Şah Abbas dövründə fars qulamların ( artıq bu dövrdə «qulam» sözü fars dilində «sipahsalar» sözü ilə əvəz olunub), fars məmurlarının çoxluğu ilə gözə çarpmaqdadır. 1576-cı ildə dövlət idarəsindəki 114 əmirin hamısı Türkdür. 1628-ci ildə (Şah Abbasın vəfat etdiyi il) 90 əmir var ki, bunların da 35-i qızılbaş Türk, 34-ü Türk olmayan, 21-i isə qulamdır.
Çaldıranda Türk hərbi elat sistemi ciddi məğlubiyyətə məruz qaldı. Bu savaş artıq sadəcə igidlik və cəngavərliklə savaşda zəfər çalmağın zor olduğunu, modern texnologiya və ən vacibi peşəkar silahlı birliklərə, yəni nizami orduya ehtiyac olduğunu ortaya qoydu. Çaldıranda Şah İsmayılın nüfuzu, onun təbiətüstü (ilahi) güclərə sahib olduğu haqqında inanc da zərbə aldı. Artıq dövlətin mərkəzləşməyə yönəldiyi bir dövrdə Şah İsmayılın sadəcə qızılbaşların «Mürşidi-Kamili» olması yetmirdi. Şah İsmayılın nüfuzunu yenidən yüksəltmək üçün (əslində məkrli bir siyasətlə) onun soy kökünə «rəsmi əlavə» edildi. Şah İsmayılın on iki imamdan yeddincisi İmam Museyi-Kazımın nəslindən olduğu əfsanəsi yaradıldı.
Son söz olaraq bunu deməliyik ki, Türk dövlətlərinin qurucu gücünü təşkil etmiş Türk hərbi elat sistemi sonrakı mərhələlərdə mərkəzləşmə meylləri ilə ziddiyyətə girsə də, yenə də hər zaman dövlətin güc qaynağı olmağa davam edib. Təsadüfi deyil ki, mərkəzi dövlət apparatı zəifləyib dövlətin laxlamağa başladığı ən təhlükəli dövrlərdə yenə Türk elat sistemindən gələn yeni güc dalğası ilə özünə gələn dövlət yenidən ayağa qalxmağı bacarıb. Səfəvilər zəifləyincə Əfşar elindən çıxan Nadir şah ölkəni məhv olmaqdan qurtarıb. Əfşarlar zəifləyincə Qacar elatından çıxan Ağa Məhəmməd şah dövləti yenidən toparlayıb gücləndirib.

Bu yazı 1222 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :