-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Türk Dünyasının fəlsəfə mərkəzi
Şiriftin ölçüsünü dəyiş

Səlahəddin Xəlilov
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri,
fəlsəfə elmləri doktoru, professor

        Hər bir xalqın tarixində cari ictimai-siyasi problemlərlə yanaşı, xalqın strateji inkişaf xəttini müəyyən edən, milli özünüdərkdən irəli gələn vəzifələr də vardır. Lakin təəssüf ki, xalqın milli-siyasi mənliyini ifadə edən və dövlətçilik şüurunun təcəssümü olan taleyüklü məsələlər bəzən dövrün cari problemləri içərsində, siyasi debatların, lokal ictimai-siyasi maraqların, habelə maddi ehtiyacların təmin edilməsindən irəli gələn fərdi və ictimai səylərin mübarizəsi səhnəsində arxa plana keçir və bəzən tamamilə unudulur.
Belə mühüm amillərdən biri fəlsəfədir.
        Təəssüf ki, bu gün Azərbaycanda fəlsəfəyə münasibət qənaətləndirici deyil. Fəlsəfəsiz yaşamaq az qala normaya çevrilmişdir. “Bizdə fəlsəfə yoxdur, filosof yoxdur” fikri az qala fəxrlə söylənilir və fəlsəfəsiz həyatın əslində bizə nə kimi bir aqibət hazırladığı barədə heç düşünülmür.
        Milli və ümumbəşəri maraqların subyektləri real ictimai qüvvəyə çevrilmədikcə, hər şey fərdi iqtisadi maraqlar və  nəfsani hisslərin təsir dairəsinə düşdükdə, maraqlar fəzasında şəxsi amalları ifadə edən vektorların istiqaməti güclü ümummilli və ümumbəşəri hisslərin təsirilə ümumi yön almadıqda fəaliyyətlər sistemi əvəzinə fəaliyyətlərin xaosu yaranır ki, burada əvəzləyici vektor sıfıra bərabər olur. Hamı hansı isə istiqamətə hərəkət edir, hamı çalışır-vuruşur, fəaliyyət göstərir, ümummilli inkişaf əmsalı isə yenə də sıfıra bərabər olur. Millət nə özü inkişaf edir, nə də bəşəriyyətin inkişafında müsbət rol oynaya bilir.
        Fərdi fəaliyyətləri, səyləri yönəldən maraqlar adi şüur səviyyəsində müəyyənləşdirildiyi halda, ümummilli və ümumbəşəri maraqların tənzimlənməsi və fəaliyyət üçün əsas götürülməsi fərdi şüurun strukturunda fəlsəfi təfəkkürün iştirak dərəcəsindən aslı olur.
        Sovet dövründə fəlsəfi proqramlar və dərsliklər bir qayda olaraq ancaq marksizm-leninizm fəlsəfəsini əhatə edir və fəlsəfə tarixi haqqındaqısa bir giriş verilirdi. Bu girişdə isə əsasən Qərb fəlsəfi fikir tarixi nəzərdən keçilirdi. Nəinki bütövlükdə İslam dünyasının, hətta Azərbaycan fəlsəfi fikrinin də geniş şəkildə tədris olunması mümkün deyildi. Ancaq bəzi ixtisas fakültələrində “Fəlsəfənin əsasları”, “Dialektik və tarixi materializm” kursları ilə yanaşı, “Fəlsəfə tarixi” də tədris olunurdu. Lakin təəssüf ki, burada proqram əsasən antik fəlsəfə və yeni dövr Qərb fəlsəfəsi üzərində qurulurdu. Əsas dərsliklər rus dilindən tərcümə olunurdu. Azərbaycanda nəşr olunmuş dərslik və dərs vəsaitlərində isə ancaq Azərbaycanla bağlı müəyyən əlavələr edilirdi. Türk Dünyasının və bütövlüklə İslam Dünyasının  fəlsəfi düşüncə özəllikləri bu dərsliklərdə öz əksini tapa bilmirdi.
        Elə indi də nəinki Avropada, ABŞ-da və digər Qərb ölkələrində, hətta Uzaq Şərqdə, Mərkəzi və Cənubi Amerikada, Afrikada və s. çıxan dərsliklər fəlsəfə tarixini ancaq Qərb düşüncəsi timaslında təqdim edir. Ən çox narahatlıq yaradan məsələ isə bundan ibarətdir ki, hətta bir sıra İslam ölkələrində də dərsliklər Qərb fəlsəfəsinin təsiri altında hazırlanır və milli düşüncənin xüsusiyyətləri, tarixi və bugünü haqqında kifayət qədər məlumat verilmir.
Məsələyə tamamilə fərqli qütbdən yanaşılması halları da narahatlıq doğurur. Belə ki, fəlsəfə tarixini ancaq İslam fəlsəfəsi bazasında təqdim etmək təşəbbüsləri də ziyanlıdır. İndi Türkiyədə həm Qərb fəlsəfəsinin, həm də İslam fəlsəfəsinin öyrənilməsinə  geniş yer verilir. Hər iki qütbə dair əsas fəlsəfi mənbələr müasir Türk dilinə tərcümə edilmişdir. Lakin təəssüf ki, qərbçilər və İslamçılar bir araya gələ bilmədiyindən, fəlsəfinin ümumdünya tarixi inkişaf prosesi vahid, bütöv bir hadisə kimi deyil, altarnativ üsullarla, iki fərqli baxış bucağından təqdim olunur. Məqsəd isə orta əsr İslam fəlsəfəsinin müasir dünya fəlsəfəsi strukturunda necə yer aldığını göstərmək, milli fəlsəfi fikrin ümumbəşəri tərəqqidə iştirakını isbat etməkdən və dünya fəlsəfəsinin bütöv mənzərəsini tarixi gerçəkliyə adekvat surətdə çəkməkdən ibarətdir.
        Dünya fəlsəfi fikrini Qərb fəlsəfəsi ilə eyniləşdirən və İslam Şərqində yaranmış fəlsəfi fikir nümunələrini ya ilahiyyat kimi, ya da orjinaldan uzaq şərh nümunələri kimi təqdim etməyə çalışan müəlliflər təəssüf ki, çoxluq təşkil edirlər. Bizim vəzifəmiz isə ilk növbədə fəlsəfənin ümumbəşəri səciyyəsi ilə yanaşı həm də milli səciyyə daşıdığını və milli məfkurənin  ayrılmaz komponenti və hətta əsası olduğunu göstərmək və bu sahədə əldə edilmiş bilikləri fəlsəfi proqramlar və dərsliklərin strukturuna daxil edilməsindən ibarətdir. Diqqəti belə bir cəhətə də yönəltmək lazımdır ki, bu cür təşəbbüslər əsasən “Fəlsəfə tarixi” kursları ilə əlaqədar göstərilir. “Fəlsəfənin əsasları” isə çox vaxt yenə də Qərb modelinə uyğun surətdə qurulur. Ayrı-ayrı fəlsəfi problemlərin şərhində bir qayda olaraq Qərb filosoflarının konsepsiyaları və modelləri ifadə olunur.
        Milli fəlsəfi fikir isə guya ancaq tarixi keçmişimizi öyrənmək baxımından dəyərli ola bilərmiş. Lakin bu zaman unudulur ki, fəlsəfi biliklər məhz milli düşüncə tərzinin nəzəri əsasları və metodologiyası kimi təqdim olunmalı və insanlara kənardan gələn yad bir bilik kimi deyil, onların daxili aləmini ifadə edən biliklər sistemi kimi formalaşmalıdır. Biz hələ bu işin öhdəsindən gələ bilməmişik və ona görə də Qərb fəlsəfi bilik strukturlarını təqdim etmək məcburiyyətindəyik.
        İndi bizim qarşımızda iki əsas vəzifə durur. Bir  tərəfdən təhsil işçiləri olaraq Azərbaycan təhsil sistemində fəlsəfəyə pozitiv münasibətin bərpa olunmasına, fəlsəfi fənlərin təhsil planlarına daxil edilməsinə, orta məktəblərin yuxarı siniflərində “Fəlsəfənin əsasları”nın tədris edilməsinə, ali məktəblərdə ixtisas fəlsəfəsinin və elmlər metodologiyasının  öyrənilməsinə nail olmaq və bununla əlaqədar yuxarı təşkilatlar qarşısında məsələ qaldırmaq. Digər tərəfdən fəlsəfi fənləri istər unversitetlərdə, istərsə orta məktəblərdə tədris edə biləcək kadrların hazırlanması işini təkmilləşdirmək və bununla əlaqədar yeni tədris planları hazırlamaq. Hər iki vəzifənin öhdəsindən gəlmək üçün isə əvvəlcə milli fəlsəfi fikir və onun insan həyatında və dövlətçilikdə rolu haqqında mükəmməl konsepsiya hazırlamaq tələb olunur. Belə ki, bizim fikrimizə görə müvafiq dövlət strukturlarında fəlsəfi fənlərə münasibətin dəyişməsi, bir sıra ali məktəblərdə fəlsəfənin təhsil planlarından çıxarılması və ya ayrılan saatları azaldılması əslində ənənəvi ideoloji fəlsəfəyə markisizm–leninizm fəlsəfəsinə münasibətin davamı kimi ortaya çıxır. Deməli, ilk növbədə bizə nə kimi fəlsəfə lazım olduğunu və bunun nə üçün lazım olduğunu müəyyənləşdirmək, bununla bağlı mükəmməl konsepsiya hazırlamaq tələb  olunur. İkincisi, qloballaşma şəraitində Qərb düşüncəsinin onsuz da hakim kəsildiyi bir vaxtda ənənəvi Qərb fəlsəfi strukturlarına alternativ fəlsəfi sistem hazırlaya bilmək üçün bütün Türk Dünyası və bütövlikdə İslam bölgəsinin mütərəqqi qüvvələri birləşməli, bu məqsədlə ortaq fəlsəfi araşdırmalar mərkəzi yaradılmalıdır. Son illərdə Türk Dünyasının fəlsəfi tədqiqatçılarnın belə bir mərkəzinin yaradılması istiqamətində müəyyən təşkilati işlər görülmüşdür. 2003-cü ildə Ümumdünya Fəlsəfə Konqresinin İstanbulda keçirilməsindən faydalanaraq bir sıra Türk cümhuriyyətlərindən gəlmiş nümayəndələr bu məqsədlə təşkilat qrupu yaratmış və keçən müddət ərzində bu istiqamətdə xeyli iş görülmüşdür. Lakin əsas məqsəd fəlsəfə tədqiqatçılarının əlaqəli iş aparması, təşkilatlanması və ortaq fəlsəfə jurnalının çap olunması ilə yanaşı, milli fəlsəfi fikir konsepsiyasının yaradılmasıdır.
        Son zamanlar Azərbaycanda Avropa təhsil sisteminə inteqrasiya meyilləri haqqında, xüsusən Boloniya prosesi ilə əlaqədar tələm-tələsək addımlar atılmışdır. Lakin əsas məqsəd hansı isə başqa ölkənin təhsil standartlarını, təşkilati formalarını və meyarlarını, qiymətləndirmə sxemlərini kor-koranə götürmək və ya təqlid etmək yox, öz təhsil sistemimizin daxili məntiqindən və milli təhsil konsepsiyasından çıxış etməklə, mahiyyəti qurban vermədən inteqrasiya olunmaqdır.
        Avropanın əksər ali məktəblərində ümumi fəlsəfə kursu ona görə keçirilmir ki, həmin kurs liseylərdə artıq tədris olunmuşdur. Orta təhsil müddəti əsasən 12 il olan Avropa ölkələrində fəlsəfənin əsaslarının məhz liseylərdə tədris olunması onunla əlaqədardır ki, bu kurs ixtisas sahəsindən və ali təhsil alıb-almamasından asılı olmayaraq, bütün insanlara lazımdır. Həm də Avropada fəlsəfə sadələşdirilmiş şəkildə, mədəniyyətin tərkib hissəsi, dünyagörüşünün əsası kimi keçilir. Məqsəd məhz yeniyetməlik dövründə, xarakterin və dünyagörüşün ilkin formalaşma mərhələsində gəncləri həyatın mənası haqqında, fəzilət və ədalət haqqında düşünməyə sövq etmək, öz əməlləri üçün məsuliyyət hissi aşılamaqdan ibarətdir. Əsas məsələ budur ki, fəlsəfi dünyagörüşü və fəlsəfi düşüncə tərzi fəlsəfi cərəyanlarla, bu sahədəki tədqiqat işləri ilə qarışıq salınmasın. Sonuncular, əlbəttə, çox çətindir və nəinki məktəb, hətta ali təhsil səviyyəsi üçün də çox mürəkkəb və əlçatmazdır. Dərslik yazanlardan da elə bu tələb olunur ki, müxtəlif fəlsəfi sistemlərin təfərrüatları deyil, fəlsəfənin əqli tərbiyədə rolu, ümumən tərbiyəvi funksiyası ön plana çəkilsin.
Təsadüfi deyildir ki, Avropada nəinki orta məktəblərdə, hətta ibtidai siniflərdə və məktəbəqədər yaşlı uşaqlar üçün də fəlsəfi düşüncənin xüsusi önəmi nəzərə alınır. Hətta son vaxtlar “uşaqlar üçün fəlsəfə” beynəlxalq miqyasda ən aktual problemlərdən birinə çevrilmişdir.
        ABŞ-da Uşaqlar üçün Fəlsəfə İnstitutu fəaliyyət göstərir. Tanınmış rus fəlsəfəsiçisi N.Yulina 1993-cü ildə Harvard Universitetində bu məsələ ilə əlaqədar aparılan tədqiqatların nəticəsinə əsaslanaraq, bu praktikanın Rusiya üçün də əhəmiyyətli olduğunu qeyd edir. O, ABŞ alimi M.Limpana istinadən bildirir ki, uşaqların insan və dünya haqqında, mənalı ömür haqqında düşünmələri, fəlsəfi fikir tərzinə çox erkən yiyələnmələri onların pis əməllərə qurşanmasının qarşısını ala biləcək ən gözəl vasitələrdən biridir. Fəlsəfi sistemlər haqqında mürəkkəb biliklər yox, fəlsəfi suallar qoymaq, “filosofluq” vərdişləri aşılamaq, daha doğrusu, uşaqlarda öz-özünə, təbii yolla yaranan bu düşüncə tərzinin qarşısını almamaq, məhdudlaşdırmamaq, əksinə, ona meydan açmaq tövsiyə olunur. Yeni təhsil paradiqmasına, “gələcəyin təhsilinə” keçid də bu problemlə əlaqələndirilir.
        Qabaqcıl xarici ölkələrin ali məktəblərində, xüsusən magistraturada isə ümumi fəlsəfə deyil, ixtisasın fəlsəfəsi, sosiologiya, ixtisas etikası və s. praktik fəlsəfi kurslar öyrədilir. Lakin təəssüf ki, bizdə müxtəlif ixtisas sahələrinin fəlsəfi əsaslarını öyrətmək üçün nə proqram, nə dərslik, nə də müəllim vardır. Bu sahədə vəziyyəti düzəltmək istiqamətində heç hazırlıq işi də aparılmır. Orta məktəblərdə keçilən “İnsan və cəmiyyət” fənni də “Fəlsəfənin əsasları” fənnini ehtiva etmir. Bu sahədə vəziyyəti düzəltmək əvəzinə, fəlsəfəni fakultativ fənn etmək təşəbbüsləri əlaqədar təşkilatın Bolonya prosesinin mahiyyətini anlamadığına dəlalət edir.
        Əksər xarici ölkələrdə fəlsəfi biliklərin əsasları orta məktəblərdə, liseylərdə, kolleclərdə tədris olunur. Yəni, hamı üçün zəruri sayılır. Bizdə isə fəlsəfənin tədrisi nə üçünsə ali məktəb pilləsində planlaşdırılmışdır. Yəni, ancaq ali təhsillilər fəlsəfi biliklərlə sistemli şəkildə tanış ola bilirlər.
        Azərbaycanda fəlsəfi biliklərin təhsilin hansı pilləsində tədris olunması məsələsi, təəssüf ki, bir problem kimi müzakirəyə çıxarılmamışdır. Fəlsəfənin ali məktəblərdə tədrisi sovet dövründən qalmış bir ənənədir ki, biz onu sadəcə davam etdirirdik. Lakin xarici ölkələrə səfər edərkən oradakı universitetlərin bəzilərində fəlsəfənin tədris olunmadığını görən “modern düşüncəli” məmurlarımız Avropa ilə ayaqlaşmaq naminə fəlsəfəni tədris planından çıxarmaq və ya saatlarını azaltmaq fikrinə düşdülər. Halbuki, həmin ölkələrdə fəlsəfənin əsaslarını universitetlərə qədərki mərhələdə mənimsəmiş gənclər universitetlərdə artıq xüsusi fəlsəfi elmlərin – sosiologiyanın, etikanın, ixtisas metodologiyasının, siyasi biliklərin əsaslarını öyrənirlər. (Fəlsəfənin əsaslarını isə universitetə daxil olan da, olmayan da – hamı mənimsəmiş olur).
        Azərbaycanda fəlsəfi biliklərin əsaslarını orta məktəblərdə tədris etmək üçün müəllimlər hazırlanmadığından, yaxın gələcəkdə bu sahədə Avropa ilə ayaqlaşmaq çətin ki, mümkün olsun. Təəssüf ki, universitetlərdə də fəlsəfəni tələb olunan səviyyədə tədris edə biləcək mütəxəssislərimiz azdır. Ölkəmizdə fəaliyyət göstərən 50-dən artıq universitetin heç birində fəlsəfə fakültəsinin olmaması (BDU-da kiçik bir şöbə istisna olmaqla), başqa ixtisaslar üzrə təhsil almış gənclərin fəlsəfə üzrə magistraturaya cəlb olunmaması üçün şərait yaradılmaması Azərbaycanda fəlsəfənin inkişafına imkan vermir. Bu ixtisasa sosial sifarişin az olması isə səbəb kimi götürülə bilməz. Əksinə, bu fakt təhsil siyasətinin özünə və ictimai rəyin formalaşdırılmasında iştirak edən qurumların fəaliyyətinə tənqidi nəzər salınmasını tələb edir.
        Hazırda ölkəmizin orta məktəblərində fəlsəfi biliklərin əsasları “İnsan və cəmiyyət” fənni çərçivəsində öyrədilir. Lakin öyrədilirmi? Proqram var, dərsliklər var, lakin fənni tədris etmək üçün müəllimlər hazırlanmadığından, bu iş digər fənn müəllimlərinə həvalə edilir ki, bu da, təbii olaraq, gözlənilən səmərəni vermir. Nəticədə biz özümüzü aldatmış oluruq.
        Maraqlıdır ki, Təhsil Nazirliyinin atdığı addımlardan biri də “İnsan və cəmiyyət” proqramını dəyişmək, onu əvvəlki fəlsəfi məzmundan “xilas etmək” – fəlsəfəsizləşdirmək olmuşdur. Son vaxtlar aspiranturada ixtisas fəlsəfəsi üzrə dərslərin keçilməsi və namizədlik minimumunun verilməsi də ixtisara salınmışdır ki, bu da fəlsəfəyə münasibətin müsbət yox, mənfi istiqamətdə dəyişdiyindən xəbər verir. Görünür, Azərbaycanda fəlsəfəyə münasibət bəzən fəlsəfə üzrə elmi dərəcəsi olan kadrların real səviyyəsindən, mənəvi keyfiyyətlərindən, elmi nüfuzundan asılı vəziyyətə düşür. Lakin əgər yüksək ixtisaslı filosoflarımız azdırsa, bunun üçün fəlsəfəni məhdudlaşdırmaq yox, əksinə, ona diqqət və qayğını artırmaq lazımdır.
        Çağdaş təhsilimizin ən böyük problemlərindən biri də fəlsəfi elmlər sahəsində ali məktəb müəllimlərinin hazırlanması, təkmilləşdirilməsi və yenidən ixtisaslaşması məsələsidir. Belə güman etmək olardı ki, bu iş hər bir ixtisas üzrə ən qabaqcıl sayılan ali məktəbin bazasında təşkil oluna bilər və bütün universitetlərin və AMEA-nın da ən yaxşı mütəxəssisləri bura cəlb oluna bilər. Lakin təəssüf ki, hazırda Azərbaycanda ali məktəb müəllimləri ibtidai sinif müəllimi hazırlayan Müəllimlər İnstitunun bazasında “təkmilləşdirilirlər”.
        Ola bilsin ki, bəzi elm sahələri üzrə ali məktəb müəllimləri vaxtaşırı təkmilləşmə kursu keçməsələr də, elə böyük faciə olmaz. Çünki dəqiq elmlər sahəsində müəyyən yeniliklər olsa da, onun tədrisi üçün nəzərdə tutulan əsas hissəsi, demək olar ki, dəyişmir. Lakin elə sahələr də vardır ki, müstəqillik əldə etdikdən və ideoloji sistem dəyişdikdən sonra onların köklü surətdə dəyişilməsinə və bu sahədəki müəllimlərin yeni ideoloji prinsiplər əsasında təzədən hazırlanmasına böyük ehtiyac yaranmışdır. Bu deyilənlər ilk növbədə fəlsəfə və ictimai-siyasi fənn müəllimlərinə aiddir.

        Lakin təəssüf ki, Azərbaycanda yeni ictimai-iqtisadi sistemə keçidlə bağlı aparılan islahat ancaq kafedraların adını dəyişmək və “marksist-leninçi fəlsəfə” əvəzinə-“fəlsəfənin əsasları”, “elmi kommunizm” əvəzinə-“politologiya”, “partiya tarixi” əvəzinə əvvəlcə “siyasi tarix”, sonra isə “Azərbaycan tarixi”, “elmi ateizm” əvəzinə “dinşunaslıq” yazmaqla tamamlanmışdır. Proqramlar dəyişsə də, müəllimlərin dünyagörüşünün və bilik dairəsinin dəyişmədiyi heç kimi narahat etməmişdir. Təsəvvür etmək çətindir ki, ömrü boyu Sov. İKP-nin necə yaranmasından, V.İ. Leninin həyat və fəaliyyətindən, partiya qurultaylarının təfsilatından dərs keçmiş insanlar birdən-birə “siyasi tarix”  kimi yeni və mürəkkəb bir fənnin tədrisinə necə keçə bilərlər? Həmin müəllimlər 90 dəqiqə ərzində tələbə qarşısında nə isə demək məcburiyyətində olduğundan, yenə də əsasən partiya tarixindən bildiklərini danışmayacaqlarmı?
Yaxud dünyagörüşü ateizimlə yoğrulmuş və ancaq ateistlərin  fikrini bilən müəllim dini dəyərləri necə təbliğ edə bilər? Əlbəttə, öz üzərində çalışan və yeni ideoloji təməllərə əsaslanan bilikləri sərbəst surətdə mənimsəyən müəllimlər də vardır. Lakin belə mühüm bir məsələni ayrı-ayrı şəxslərin inkişafına buraxmaq və bu fənlər üzrə “təkmilləşmə” daha doğrusu yenidən ixtisaslaşma istiqamətində yaxşı təşkil edilmiş, ümumdövlət səviyyəli iş aparmamaq faciəvi nəticələrə gətirə bilər.
        Bəli, ali məktəblərdə ictimai-siyasi fənləri tədris edən müəllimlərin yenidən ixtisaslaşması üçün təxirə salınmaz tədbirlər görülməlidir. Əks təqdirdə, bu fənnlərin tədrisinin  heç bir mənası yoxdur. Ali məktəb rəhbərlərinin və geniş ictimaiyyətin bu fənlərə mənfi münasibətlərini formalaşdıran səbəblərdən biri də budur.
        Tədris planlarının, proqramların və dərsliklərin hazırlanması isə elə böyük miqyaslı elmi tədqiqat işləri və araşdırmalar tələb edir ki, onu nəinki fərdi miqyasda, heç unversitet miqyasında da həyata keçirmək mümkün deyil. Bütövlükdə ölkənin təhsil siyasətini  müəyyən etmək, təlim və tərbiyə sahəsində strateji proqramlar hazırlamaq üçün təhsil fəlsəfəsinin elmlərin inkişafına və alınan nəticələrin, habelə qabacıl təcrübələrin bütün ölkə miqyasında yayılmasına ehtiyac yaranır.
        Bu olduqca böyük bir məsuliyyətdir. Vahid təhsil siyasətinə əsaslanan təhsil sistemi bütöv orqanizm kimidir. Bu orqanizmin səmərəli surətdə idarə olunması üçün bütün struktur səviyyələrində idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, təlim-tərbiyə prosesinin də modernləşdilməsinə, insan amilinin önə çəkilməsinə böyük ehtiyac vardır.
Bunu da qeyd etmək istərdik ki, İslam dünyasında fəlsəfə dedikdə, biz heç də İslam fəlsəfəsini nəzərdə tutumuruq. Söhbət din fəlsəfəsindən deyil, milli-fəlsəfi fikirdən gedir. Din amili milli amilin strukturunda bir komponent kimi nəzərə alınır. Lakin bu amil İslam dininə itaət edən bütün xalqların milli məfkurəsinə və milli fəlsəfi fikrinə daxil olmaqla birləşdirici rol oynayır.
        Biz Türk milli özünüdərkindən danışarkən, onun elmi-nəzəri ifadəsi olan Türk fəlsəfi fikrindən çıxış etməyə çalışacağıq. Burada fəlsəfi fikrin mənsubiyyəti onun bir müsəlman və ya xristian düşüncəsi, yaxud bir ərəb və ya Türk düşüncəsi ilə müəyyənləşmir. Başqa sözlə desək, söhbət müəllifin dini və milli mənsubiyyətindən deyil, onun irəli sürdüyü fəlsəfi təlimin hansı milli təfəkkürü daha çox ifadə etməsindən gedir.
        Fəlsəfi təlimlərin milli özünəməxsusluğunun təzahürü məsələsi çox incə bir məsələdir və təəssüf ki, hələ indiyədək layiqincə öyrənilməmişdir. Buna görədir ki, özü mömin olan şəxsin öz dininə yad bir təlimin təsiri altında yazdıqlarının (təbii ki, özü də fərqinə varmadan) əslində kimi dəyirmanına su tökdüyünü müəyyənləşdirə bilməsi üçün əvvəlcə bu yöndə meyarlar sistemi hazırlanmalıdır. Çünki fəlsəfi təlimin milli və dini identifikasiyası çox yüksək metodoloji hazırlıq tələb edir. Bizim də məqsədimiz məhz milli özünəməxsusluğun fəlsəfi təlimlərdə ifadə olunması məsələlərini araşdırmaq, dərsliklərdə milli məfkurədən və milli ifadə üslubundan çıxış edilməsi zərurətini əsaslandırmaqdır.

Bu yazı 1119 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :