-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Dünya Türklüyünün mədəni birliyi
Şiriftin ölçüsünü dəyiş

Fəthi Gədikli
professor

        Dünya türklüyünün mədəni birliyi! Mövzuya bir sualla girək: belə bir birlikdən danışmaq mümkündürmü? Mənim buna cavabım qocaman bir «bəli»dir. Yazımızı oxuduqca əminəm ki, siz də bu fikrə qoşulacaqsınız.
        Dünya üzərində yaşayan bütün Türklərin sayının çoxluğu, bunların yaşadığı coğrafiyanın genişliyi, bu böyük toplumun bir üzvü kimi məni son dərəcədə sevindirir. Mən doğurdan da özümü bir siyasi Vətəndən çox, bir «mədəni Vətən»in vətəndaşı kimi görürəm və bundan böyük bir həyacan duyuram. Bu məndə yeni təşəkkül tapmış bir hiss deyildir; özümü tanıyandan bu əzəmətli toplumun bir hissəsi olduğumu duymuşam və ona görə hərəkət etməyə çalışmışam. Əcəba bu hiss, bu fikir məndə necə doğmuşdu? Bu sualın cavabı düşünürəm ki, lap kiçik yaşlarımdan oxumağa olan marağım və məndən beş yaş böyük olan AĞABƏYİMİN evdə tapdığım kitablarıydı. Lap ibtidai məktəbdən üzübəri Atillayla, Alparslanla, Teymurla, Fatehlə fəxr etmişəm və onların qəhrəmanlıqlarını oxumaqdan dərin həzz almışam.
        Evdə tapdığım kitablar hansılar idi? O zaman nəşr edilən «1000 Təməl Əsər» DİZİSİNDƏN bəzi kitablar ilə Ziya Göyalp haqqında və Ziya Göyalpın bəzi kitabları! Sonra altıncı sinifdən başlayaraq bunları milli istiqamətdə nəşr edilən dərgilər və kitablar təqib etmişdi. İndi bunları nə üçün xatırlayıram? Bugünkü yerimdən məmnun olduğumu söyləmək üçün… Belə düşünmə, insanı müəyyən siyasi hüdudların çölünə çıxarmaqda və onun dünyasını genişləndirməkdə; dar bir coğrafiyaya həbs olunmaqdan qurtarmaqda və onu müstəqilləşdirməkdədir. Öz coğrafiyasındakı mədəni zənginliyinə, digər coğrafiyaların da mədəni və tarixi zənginliklərinə calamaqdadır. İnsan özünü tək-tənha hiss etmir, qardaşlarıyla çiyin-çiyinə olduğunu duyur. Beləliklə qloballaşan dünyada özünü dözümlü, qüvvətli, mədəni-siyasi nöqteyi-nəzərdən varlı görürsən.
         Bu da ucsuz-bucaqsız çöllərdə başqa cür at çapmaqdır!

        ***
        Gəncliyimizdə yuxuda gördüyümüz bir sıra Türk Cümhuriyyəti artıq son on beş ildir ki, müstəqildir. Bunlar arasında hələlik arzu etdiyimiz şəkildə olmasa da belə gündən-günə hər sahədə münasibətlər yüksəlməkdədir. İnsanların, malların və bu arada mədəni əsərlərin dövr etməsi yeni-yeni əlaqələrin yaranmasına yol açmaqdadır. Əgər hamımız özümüzü bir bütünün üzvləri kimi görsək onda bu əlaqələr çox sıxlaşar və məhsuldar bir hala çevrilər. Dünyada gedən proseslərə diqqət yetirsək görürük ki, Avropada və Amerikada hətta ayrı-ayrı etnik mənşədən olan, ayrı-ayrı dinlərə inanan, çox fərqli dilləri danışan dövlətlər bir araya gələrək böyük bir birliyə doğru addımlamaqdadır. Mikro-milliyyətçiliklərin əleyhinə təbliğat aparmaqda, birliyi təşviq etməkdədirlər. Ancaq təəssüf ki, yenə bu dairələr, Şərqdə və Üçüncü Dünya deyilən geniş coğrafiyada ixtilafları körükləməkdə, mikro-milliyyətçilikləri istismar edib dəstəkləməkdə, bunu bacarmadığı yerlərdə isti savaşlar yaratmaqda, oralardakı yerüstü və yeraltı sərvətlərə əl qoymaqdadırlar. Bizlərin onlardan dərs alması və qüvvələrimizi birləşdirməyimiz lazımdır. Biz bunu etməyə daha layiqik; çünki biz ortaq soy-kökdən gəlirik, dillərimiz eyni ortaq dildən NƏŞƏT edir, dinimiz birdir. Bir-biriylə yüz illərdir savaşan və müxtəlif soy-kökdən gələn toplumlar bir araya gəlirlərsə, bizlərin bir araya gəlməsi tamamilə mümkündür.
        Bu arzumuz əsassız deyildir. Bütün Türkləri birləşdirən çox güclü mədəni bağlarımız var. İlk xatırlatdığımız Hunlardan belə gələn və böyük imperatorluqları qurub böyütmüş şərəfli millətimizin ümumi tarixi, Oğuz Kağan dastanı, Orxon kitabələri, Yusif HAS HACİBİN «Kutadqu bilik»i, Kaşğarlı Mahmudun düzdüyü türk dilinin, mədəniyyətinin və türk xalqlarının ensiklopedik lüğəti, Ədib Əhməd Yüknəklinin «Atabətül-həqayiq»i və digər bir çox qədim dastanlarımız, bu sırada Manas dastanı, Şan qızı dastanı. Daha sonrakı dönəmlərin məhsulu olan Dədə Qorqud hekayələri, Koroğlu dastanı, bütün Türküstanda, Anadoluda, Yaxın Şərqdə və Balkanlarda Nəsrəddin Xoca, Molla Nəsrəddin və s. kimi adlarla tanınan gülüş ustamız bizi qopmaz tellərlə bir-birimizə bağlayan ən qiymətli xəzinələrimizdir.
        Ayrıca Metedən başlayaraq İstəmi və Bilgə kağanlar, Səlcuq, Tuğrul və Çağrı bəylər, Alparslan, Teymur, Babur, Fateh, Qanuni, Şah İsmayıl və Atatürkədək bütün türk övladlarının qürur duyduğu dövlət xadimlərimiz də bizi birləşdirən başqa bir ünsürdür. Nizami, Mövlana, Yunus Əmrə, Füzuli, Əlişir Nəvai, Əhməd Yesevi keçmişdə; Çingiz Aytmatov, Bəxtiyar Vahabzadə, Oljas Süleymanov, Nəcati Zəkəriyə bu gün bizi biz edən fikri həyata keçirmiş mədəniyyət xadimlərimizdir. «Heydər Babaya Salam» adlı uzun şeiriylə bütün Türk Dünyasına səslənməyi bacaran və adətən durğun bir okean vəziyyətində olan bu dünyanı dalğalandıran Məhəmməd Hüseyn Şəhriyar, Dədə Qorqud hekayələrini nəzmə çəkən Bulud Qaraçorlu Səhənd, Bolqar kommunizminin canını alan şair Rəcəb Küpçü bu ortaq mədəniyyətə öz töhfələrini vermişdir.
        Bu adlara XX əsrdə bütün Türklərə xitab edən əbədiyaşar bir irs qoyub getmiş olan, Kırımda nəşr olunan «Tərcüman» qəzetinin sahibi İsmayıl Qaspıralı, Azərbaycanda doğulub «Türan» fikrinin ən böyük yayıcısı olan Əli bəy Hüseynzadə, Türkçülüyü proqramlaşdıran Ziya Göyalp, Stalinin 1937 qırğınında tutulan Hüseyn Cavid, Türkiyədə Ziya Göyalp və türküstanlı tarixçi, «Türk yurdu» dərgisinin təsisçisi, «türkçülüyün tarixi» əsərinin müəllifi Yusif Akçura, Hüseyn Nihal Atsızı da əlavə etmək lazımdır.
         Yenə Sovetlər dövründə milli yönümünə görə gözdən salınan azərbaycanlı Nəriman Nərimanov, günahlandırılıb ölümə məhkum edilən qazaxıstanlı Turar Rıskulov və tatarıstanlı Sultan Qaliyef, dünyasını vaxtsız dəyişən Molla Nur Vahidov bu siyahının digər şanlı adlarıdır.
        Siyasi müstəqilliklərimiz yaşayacaqdır, yaşamalıdır. Ancaq mövcud mədəni birliyi «mənimsəsək», təkbaşına, zəif və gücsüz olmaqdan çıxıb bütün Türklüyün bu günə qədər yaratmış olduğu zəngin tarixi və mədəni mirasa yiyələnmiş oluruq, içimizdən bəzilərimizin ruhuna hopmuş aşağılıq kompleksindən qurtuluruq. Bilirəm ki, bəzi inamsızlar sadəcə örnək kimi saydığımız bu qism şəxslərə və bu qədər ortaqlığa baxmayaraq yenə deyəcəklər ki, qazaxla, türkmənlə, özbəklə nəyimiz bir və ortaqdır? Onlara cavab verməyə dəyməz, yolumuza davam etmək lazımdır.

Bu yazı 998 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :