-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Azərbaycan jurnalistikasının yolgöstərəni
Şiriftin ölçüsünü dəyiş

Şamil Vəliyev
professor,
filologiya elmləri doktoru

        Çar Rusiyası zamanında 1905-ci il 17 oktyabr manifestindən sonra Azərbaycanda ictimai-siyasi fikirdə təbəddülatlar baş verdi və xalqa “söz, mətbuat və vicdan  azadlığı” vədi gerçək həyatda islahatlara geniş meydan açdı. Artıq Azərbaycanda Azad Sözün hikməti ictimai sərvət kimi qiymətləndirilir, xalq mətbu sözün dəyərinə, sözün mənəvi aləmdə və dövlət idarəçiliyində, milli özünüdərkdə əvəzsiz silah olduğuna inanırdı. Bu elə bir vaxt idi ki, Çar Rusiyası sərhədləri içərisində yaşayan Azərbaycan hər gün Port-Arturdan  gələn kədər dolu informasiyanı izləyir, Sankt-Peterburqdakı inqilabi etiraz hadisələrini özünün ömür-gün həqiqəti bilir, gözünü dünyaya dörd açır və dörd cəhətdən gələn informasiyanı səbirsizliklə gözləyirdi...
        1905-ci il payızın son günləri Azərbaycan xalqı və onun paytaxtı Bakı özünün ictimai-siyasi hadisələr və infomasiyalarla dolu iztirablı günlərini yaşayır. Belə günlərin birində, 1905-ci il dekabr ayının 17-də məşhur mütəfəkkir Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə “İrşad” (“Yolgöstərən”) – Putevoditel Azərbaycan mətbuat aləminə qədəm qoydu. “İrşad”ın nəşri həmin dövrün Azərbaycan ziyalıları tərəfindən böyük sevinc və rəğbətlə qarşılandı.
        “İrşad” təsadüfən yaranmadı, dövrün, zəmanənin zərurətindən meydana gəldi. Qəzetin redaktoru Əhməd bəy Ağaoğlu “Həyat” qəzetindən ayrıldıqdan az müddət sonra, yəni 1905-ci il dekabrın 17-də “İrşad”ın birinci nömrəsini ictimaiyyətə təqdim edə bildi. “İrşad”ın redaktoru “Həyat”dan 102-ci nömrədən sonra ayrılmışdı və bu ayrılığa səbəblər var idi. Əvvəla, ən vacib səbəb heç şübhəsiz ki, Əlimərdan bəy Topçubaşovla olan müəyyən fikir ayrılıqları, siyasi-taktiki fərqlər, dünyabaxışı məsələləri idi. İkincisi Ə. Ağaoğlunun “Həyat”da nəşr etdiyi sonuncu “Əmir-əl möminin Əli ibn Əbu Talibin vəfatı” (birinci yazı 96-cı nömrədə çıxıb) məqaləsindən sonra (yəni 102-ci nömrədən sonra) bu qəzetdə senzor nəzarətinin gücləndiyi göz qabağına idi. Quran ənənələri və İslami modernizm mövqeyindən yazılan həmin məqalədə Ə. Ağaoğlu müsəlman dünyasının “birlik, bərabərlik, qardaşlıq” ideyasını irəli sürür, Şərq əxlaqi-mənəvi dəyərlərinin tarixi qədimliyi və zənginliyi ideyasını qoruyur, İslamın təməl faktorlarına haqq qazandırır və onun müasirliyini qabarıq şəkildə nəzərə çatdırır. Kişmişov, Qaragözov kimilərin danos yazmasına səbəb olan məqalələr çap etdirirdi. Elə bu və digər prinsipial məsələlərə, çarizmi açıq tənqidinə və s. görə o, “Həyat”ın rəhbərlərindən olsa da Ə. Topçubaşovdan ayrılmalı olur. Qəzetin redaktoru, digər rəhbəri Ə. Hüseynzadə və işçilər Ə. Ağaoğlunun ayrılığını “böyük narahatlıq və narazılıqla” qarşılasalar da Ə. Ağaoğlu ayrılıq fikrindən dönməmişdi, az sonra “İrşad”ı meydana gətirdi.
        Əhməd bəy Ağaoğlunun “Həyat”dakı mövqeyi çar təbəəliyi, imperiyapərəst qüvvələr tərəfindən ardıcıl yoxlanır, təhlil edilir, müvafiq orqanlara danoslar yazılırdı. Odur ki, Ə. Ağaoğlunun birmənalı, açıq mövqeyi “Həyat”ın sahibi-imtiyazı və sponsoru üçün həm də gerçək təhlükə yaradırdı. Yəni bu ayrılıq zəruri idi. Onun qəzetdən ayrılmasını Ə. Hüseynzadə belə qiymətləndirir: “Keçən 1905 sənəsi noyabrın 16-da Əhməd bəy Ağayev kimi müqtədir və qabil bir yoldaşdan məhrum olduq. Bi isə idarəmiz üçün əzim bir ziyan oldu. Lakin idarəmiz üçün ziyuan sayıla bilən bu hadisə cəmaətimiz üçün bir qazanc oldu. Cəmaətimiz bir “İrşad” qazandı”.
        “İrşad” meydana gələndə artıq Rus-Yapon müharibəsində Port-Artur faciəsi baş vermişdi, keşiş Qapon başda olmaqla “9 yanvar” hadisəsi Sankt-Peterburqda həyata keçirilmişdi, üsyan, mitinq və sosialist inqilabı dalğaları imperiyanı bürümüşdü. Çar Rusiyasını sərhədləri daxilində deyil, ondan çox çox uzaqlarda olan siyasi qüvvələr də buradakı monarxizm əleyhinə çıxır, Karl Marks, Fridrix Engels, Vladimir İliç Leninin yürütdüyü sosializm – kommunizm nəzəriyyəsini, inqilabi-demokratiya, proletar diktaturası, bolşevizm təlimini ölkəyə yayırdılar. Artıq Çar Rusiyası Romanovlar sülaləsinin nəzarəritindən yavaş-yavaş çıxır, ikibaşlı imperiya qartalının caynaqları zəifləyir, inqilabi şüarlar, azadlıq ideyaları, xalaqların müstəqilləşməsi prosesi gündən-günə güclənirdi. Belə bir vaxtda “İzvestiya Soveta Raboçix Deputatov” və bir gün sonra, 1905-ci il 17 dekabrda “İrşad” işıq üzü gördü.
        “İrşad” sözünün lüğəvi mənası “yolgöstərmə”, işıqlandırma deməkdir. Qəzet 1905-ci il dekabrın 17-dən 1908-ci ilin 25 iyununadək Bakıda Azərbaycan Türk dilində nəşr olunub. Gündəlik çıxan “İrşad” ədəbi, siyasi, elmi, iqtisadi və ictimai qəzet idi. “İrşad”ın sahibi-imtiyazı Ə. Ağaoğlu idi. O, qəzetin 1905-1907-ci illərdə 116 nömrəsinin redaktoru olub. 1906-cı ilin fevral nömrələri Üzeyir bəy Hacıbəyovun müdirliyi, mart ayında isə bir neçə nömrəsi, müvəqqəti mühərrirliyi ilə çap olunmuşdur. Sonra 1907-ci ildə 1-15-ci nömrələrin Haşim bəy Vəzirov, 1908-ci ildə isə 46-57-ci nömrələrin müvəqqəti redaktoru Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Qəzetin birinci nömrəsində elan olunduğu kimi “hər həftə fars dilində dəxi bir vərəqəsi” çap olunub. Fars dilində çap olunan “İrşad”ın redaktoru Əhməd bəy Ağaoğlu ilə Əbdül-Məmalik Fərəhani idi. Azərbaycan Türk  dilində “İrşad”ın dörd il ərzində 536 nömrəsi işıq üzü görüb.
        Azərbaycanda xalqın gedəcəyi yol artıq bəlli idi. Bu azadlıq, müstəqillik, suveren dövlət və bütöv vətən yolu idi. Xalqın seçdiyi yolu XIX əsrdə Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi və “Əkinçi”lər , XX əsrin əvvəllərində “Şərqi-Rus”, və “Həyat”, habelə Azərbaycanın tanınmış ziyalıları müəyyənləşdirmişdi. Xalqı azadalıq və müstəqilliyə, dövləti suverenliyə, vətəni bütövlüyə qovuşdurmaq yolunda “İrşad” məhz adına layiq iş görür, sözün əsl mənasında yolgöstərən rolunu oynayırdı.
        “Hürriyyət, müsavat, ədalət” şüarı ilə nəşr olunan “İrşad” qəzetində naşir İsa bəy Aşurbəyov, fəal mühərrirləri isə Ə. Ağaoğlu ilə yanaşı Ü. Hacıbəyov, M. Ə. Rəsulzadə, F. Ağazadə, Ö. F. Nemanzadə, Q. Qarabəyov, A. Y. Talıbzadə, M. S. Axundov, A. Sur, S. M. Əfəndizadə, M. Hacınski, H. S. Ayvazov, H. Vəzirov, M. Hadi, N. Nərimanov, F. Köçərli, M. Ə. Sabir və onlarca başqaları idi.
        Qəzetin naşiri İsa bəy Aşurbəyov 1881-ci ildə yanvar ayının 30-da Bakının Sabunçu kəndində neft mədənləri olan milyonçu Mehdiqulu bəyin ailəsində dünyaya gəlib. O, Azərbaycan tarixində naşir, publisist, xeyriyyəçi kimi tanınır. 1906-cı ildə “Dəvət”in redaktor-naşiri, 1910-1912-ci illərdə “Nicatın”ın redaktoru, 1913-1914-cü illərdə “Şəlalə” jurnalının naşiri, 1913-cü ildə rus dilində “Baraban” satirik jurnalının naşiri və redaktoru idi. Burada bir məlumatı xüsusi nəzərə çatdıraq ki, 1908-ci ildə “İrşad”ın naşiri Bəşir bəy Aşurbəyov olub.
        Dövrün ədib, şair, publisist və ictimai xadimlərini birləşdirən “İrşad” təkcə yolu göstərməklə kifayətlənmir, həm də qurulacaq dövlətin , birləşəcək vətənin, azadlığa çıxacaq Azərbaycan vətəndaşının naminə çalışır, gündəlik işin, yaşanacaq ideyaların “düsturülməlini” müəyyənləşdirirdi. Bu düstur, yaşam və düşüncə formatı da bəlli idi: “dildə, fikirdə, işdə birlik” (İsmayıl bəy Qaspıralı). Az sonra bu məntiq zəmnində formalaşan və Əli bəy Hüseynzadə tərəfindən formulə edilən “türkləşmək, islamlaşmaq və müasirləşmək” = azərbaycançılıq isə “İrşad”ın getdiyi ideoloji istiqamət, vətəndaşlıq yolu idi. Bu yolun axıradək davam etdiriləcəyinə əmin olan Əli bəy Hüseynzadə ondan ayrılsa da Əhməd bəyin işini alqışlayırdı. O, Azərbaycanın mətbuat aləminə ilk qədəmini atan “İrşad”ın nəşrini böyük sevinclə, rəğbətlə qarşılayır, ona uğurlu yol arzulayır, mövcud vəziyyətdən – müstəmləkə həyatından qurtuluş uğrunda mübarizə aparacağına ümid bəsləyirdi. Qəzetin birinci nömrəsində Əhməd bəy Ağaoğlunun “İslam və hürriyyət” adlı məqaləsinə münasibət bildirən Əli bəy Hüseynzadə qəzetin ümumi istiqamətini yüksək qiymətləndirir, Azərbaycan jurnalistikasında “İrşad”ın yerini müəyyənləşdirirdi. Qəzetin birinci nömrəsində Bakı Ruhani Məclisinin üzvü, fazil və möhtərəm Axund Molla Ağa Əlizadənin təbrik naməsini, Molla Məhəmmədzadənin “zəngin mənalı” məqaləsini təqdir edən Ə. Hüseynzadə qələm dostu və ideya yoldaşı Ə. Ağayevin “İslam və hürriyyət” mövzusuna toxunmasını xüsusi olaraq nəzərə çatdırır, onun məqaləsində “hürriyyət neməti-islamın şərtlərindən biri olduğu mükəmməl isbat edilir” deyirdi.
        “İrşad” qəzeti Ə. Hüseynzadənin dediyi kimi “Yüzgöz”, “Sədçeşm” oldu, müasirlərinə “aləmin övzayi-halını” anlatdı, xalqın özünüdərk, özünü təşkil və özünütəsdiq işinə xidmət edə bildi. Əli bəy Hüseynzadənin qədim yunan mifologiyasındakı yüzgözlü nəhəng Arqosu Əhməd bəy Ağaoğluna xatırlatmasında xoş bir ehyam da diqqətəlayiqdir. Məlumdur ki, Ə. Ağaoğlu çar müstəmləkəçiliyinə qarşı açıq-aydın siyasi fikirlər söyləyir, qətiyyətli və çılğın xarakter sahibi olduğu  səbəbindən kəskin inqilabi mövqeyi ilə diqqəti cəlb edirdi. Əlimərdan bəy Topçubaşov isə təkamülçülüyü ilə fərqlənirdi və bu onların “Həyat” redaksiyasında ayrılığın əsasını qoymuşdu. Əslən Qarabağ bəylərindən olan və üsyankar – çılğın xarakteri ilə fərqlənən Ə. Ağaoğluna yüzgözlü Arqosu xatırladarkən Ə. Hüseynzadə həm də qələm və ideya dostunun şər qüvvələrə qarşı ehtiyyatlı olmasını tövsiyyə edirdi.
        Ə. Hüseynzadə “İrşad”ın meydana gəlməsinə bir də ona görə sevinirdi ki, onun redaktoru Ə. Ağaoğlunun əsrlərcə davam edən ehkamçılığa, doqmatizmə qarşı çıxacağına inanır, onun “övham, xəyalət və mövhümat vadisində” çabalayan vətəndaş və dindaşlarına xidmət göstərəcəyinə inanırdı. O inanırdı ki, “İrşad” və onun müəllifləri həyata realist baxışı ilə həmvətənlərini “yaşıl bir vadiyə” – nicata çatdıracaq, xalqın və vətənin xilasına nail olmaq üçün əlindən gələni edəcəkdir. Ə. Hüseynzadənin milli mətbuata qarşı realist tələbləri  onun demokratik təfəkkür sahibi olması ilə şərtlənir və ədibin “İrşad”a, onun redaktoru Ə. Ağayevə inamından doğurdu. Sonralar milli tarix sübut etdi ki, “İrşad” həqiqətən də doğru yolda idi və göstərdiyi yol doğru idi.
        “İrşad” dördillik nəşri müddətində bir sıra çətinliklərlə rastlaşdı, lakin izlədiyi yolu  və məsləki dəyişmədi, xalq mövqeyinin, milli mənafenin  ifadəsinə xidmət göstərdi. Çar Rusiyasını bürüyən inqilablar, üsyan və etiraz dalğaları zamanında fəaliyyətə başlayan “İrşad” yalnız Azərbaycanda deyil, ümum Rusiyada olan müsəlman əhalinin tarixi müqəddəratı ilə maraqlanır, onlara Ə. Hüseynzadənin söylədiyi kimi “qım-qım ya əyyuhəl-qafilun sözlərini virdi-zəban” edərək mövcud zamanın ictimai-siyasi vəziyyətini anladırdı. Çətinliklərlə rastlaşsa da göstərdiyi yola doğru inamla gedir, milli istiqlal ideyalarının tərənnüm və təbliğinə meydan açırdı. Məhz bu mənada “İrşad”ın “xabi-qəflətdə” qalan həmvətənlərini oyatmaq iddiası, dünyanın sivil xalqları ilə bir sırada dayana bilmək arzusu qəzetin səhifələrində gedən şeir, məqalə, icmal, xəbər, reportaj və başqa janrda olan yazılarda əhəmiyyətli yer tuturdu. Həmin mövqedən çıxış edən Ə. Ağaoğlu məqalələrindən birində yazırdı: “Tez-gec bizi oyandıracaqlar və biz özümüz də oyanacağız! Öylə şimdidən bunun əsərləri görünür. Orda-burda qara buludlar yırtılıb işıq ucları görünür! Hatif-əl-qeyblərdən “sədayi-ğım-ğım ya əyyuhəl-qafilun” eşidilir”.
        Ə. Ağaoğlunun arzuladığı vasitə XX əsrin əvvəllərində “İrşad”  və o qəbildən olan milli mətbuat orqanları oldu. “İrşad”dan sonra mətbuat aləminə qədəm basan “Molla Nəsrəddin”in 1-ci nömrəsinin üz qabığındakı karikaturada təsvir etdi nə sonralar məşhur “Ölülər” dramında “ricəti-əmvat” üsulu ilə oyatmağa, ayıltmağa müyəssər oldu.
        “İrşad” İran, Türkiyə, Rusiyanın mərkəzi və əyalət şəhərləri, Sibir, Dağıstan, Vladiqafqaz, Orta Asiya, Gürcüstan, Misir və başqa yerlərdə yayılırdı. Qəzetin ilk dövrdə abunəçilərini sayı minə yaxın olmuşdur. “İrşad”ın redaktoru Ə. Ağaoğlu və onun qələm dostları Türkiyədəki I Tənzimatın, Rusiyadakı dekabristlərin, xalqçılar və sosialistlər hərəkatının, Fransada baş verən inqilablar tarixinin həqiqətlərinə tez-tez istinad edirdilər. Qəzetdə “Təbib Həsən Ağayev” imzalı “silk, sinif, firqə” adlı iri həcmli, silsilə felyeton-məqalə dərc olunur, bu anlayışların geniş elmi-nəzəri şərhi verilir, yeni dövrün sosial-siyasi fəlsəfəsində əhəmiyyətli yer tutan “sosializm” barədə mülahizələr diqqət mərkəzinə çəkilirdi. Bu əsərin müəllifi haqqında xatırlatmağa dəyər ki, əslən Gəncədən olan Həsən bəy Ağayev  Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin sədri Əlimərdan bəy Topçubaşov sülh missiyasının rəhbəri kimi xaricdə olduğundan onun əvəzinə müavin kimi həmin vəzifəni icra etmişdir.
        “İrşad”çılar Azərbaycanın istiqlalı naminə əzmlə mübarizə aparır, qonşu ölkələrdə gedən ictimai-siyasi prosesləri izləyir, onlara aid analitik səciyyə daşıyan icmal yazılar yazırdılar. Bu zaman Yaxın və Uzaq Şərq ölkələri, Avropa və Amerika həyatına da ciddi maraq göstərilir, rus, fars ingilis, türk, fransız mətbuatına istinadən beynəlxalq həyat barədə xəbərlər çatdırırdılar. Dünyada gedən proseslərdən, çar Rusiyasındakı hadisələrdən çıxarılan ən əsaslı nəticə milli müstəqillik, azadlıq duyğuları idi. “İrşad”ın müəllifləri publisistik yazı, bədii əsər və xəbərlərdə müstəqil dövlətçilik, hürriyyət ideyasını tərənnüm və təbliğ edir, dünyanın mütərəqqi ölkələrinin dövlətçilik təcrübəsi, hüquqşünaslığı, siyasi idarəçilik sistemləri barədə ətraflı bəhs açırdılar. Ə. Ağaoğlunun qəzetdə silsilə şəkildə dərc olunan “Qosudarstvenni duma ya da padşahlıq şura” məqaləsi bu mənada diqqətəlayiqdir. “Gülüstan” (1813), və “Türkmənçay” (1828) müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycanın tarixində ilk dəfə idi ki, azadlığın hüququ əsasları geniş ictimai miqyasda şərh olunurdu. Ümumiyyətlə “İrşad”ın sahibi-imtiyazı və baş redaktoru Ə. Ağağoğlunun sayəsində Azərbaycan ictimai-siyasi fikri və ədəbi-mədəni hərəkatı öz yönünü sürətlə Avropaya yönəldir, “Məğrib günəşləri”nin (Abbas Səhhət) tanıdılmasına geniş meydan açırlırdı. Doğrudur, “İrşad” Əli bəy Hüseynzadə, Əhməd Kamal, darülmüəllimini- İslam müəllimi Midhət Cövdət və başqalarının İslam və Şərq tarixinə dair çoxsaylı yazılarını dərc edir, Şərqin möhtəşəmliyi və mədəni zənginliyi barədə tez-tez məqalələr verirdi. Lakin burada Şərqlə Qrb qarşılaşdırılmır, bütöv bir dünyanın iki fərqli tərəfləri kimi təqdim olunurdu. Xristian dünyası və İslam aləmi tarixində azadlıq anlayışına münasibət bildirən “İrşad” yazarları dövlət və cəmiyyət münasibətlərinə aydınlıq gətirir, bu mənada Avropanın xeyli irəli getdiyini Qərb mütəfəkkirlərinin əsər və mülahizələrinə  istinadən şərh edirdilər. XX əsrin əvvəllərində Avropaya münasibət meyarlarını müəyyənləşdirən Ə. Ağaoğlu “İrşad”da dövlətçilik tarixi və nəzəriyyəsi haqqında danışarkən həmin mövqedən çıxış edir, Azərbaycanda demokratik cümhuriyyət ideyasını ortaya atırdı.
        “İrşad”da silsilə şəklində nəşr olunan bir sıra elmi-nəzəri, bədii və publisistik yazıların müasir əxlaqi-mənəvi ehtiyaclarımıza uyğun gəlməsi qəzetin yalnız milli jurnalistikamız üçün deyil, həm də çağdaş ictimai-mədəni həyatımız üçün gərəkli abidə olduğunu təsdiqləyir. Xatırladaq ki, Azərbaycan ədəbiyyatında analoqu olmayan, rəmz və simvollarla dolu “Siyasəti-fürusət” əsərini Ə. Hüseyinzadə silsilə şəklində burada nəşr etdirməyə başlayıb. Ə. Ağaoğlunun “Rusiyanın hal-hazırı”, “Bizə nə lazımdır?”, “Tiflisdə erməni-müsəlman şurası”, “Qosudarstvenni duma ya da padşahlıq şura”, “Tülü edən ay parçası”, “Hicrəti-kübra”, “İranda reforma”, “Nədən bu günə qaldıq?”, “Aləmi-islamə bir nəzər”, “Dövli-müəzzəmə və türkiyə”, “Bunun axırı nə olacaq?”, “İngiltərə və Əfqanıstan davası” adlı silsilə yazıları, Üzeyir Hacıbəyov və Məhəmməd Əmin Rəsulzadənin məqalə, məktub və felyetonları da həmin əhəmiyyəti daşımaqdadırlar.
XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi fikrində İslamdaxili təriqət parçalanmaları pislənələr, dini təfəkkürdə vəhdət ideyası güclənir, İstər bədii ədəbiyyatda, istərsə də publisistik düşüncədə İslam modernizmi, təməl faktorların bərpası məsələsinə xüsusi diqqət yetirilirdi. Bunun nəticəsidir ki, M. Ə. Sabir hələ uşaq ikən satirik üsulla “babam sünni, nənəm şiə dürəngəm” söyləyir, Ə. Hüseynzadə “Füyuzat”ın son nömrəsində, “pərdə eniyor-son tamaşa” məqaləsində can düşməni təhdid ediyorkən tərəfini, Ey xacə, nədir, məsəleyi-şiəvi-sünni? - sualını ortaya atır, müasirlərini bu məsələ ətrafında düşünməyə səsləyirdi. “İrşad” başda Ə. Ağaoğlu olmaqla həmin ümummilli problemi həll etməyə çalışır, dini təfriqə ayrıntılarının ümumxalq intibahına tarixən ziyan vurduğunu diqqət mərkəzinə çəkirdi. “İrşad”dan əvvəl “Həyat” qəzetində bu yolu izləyən Ə. Ağaoğlu yazırdı:
        “Əli həzrətlərinin xilafətində zühurə gələn fəsad şuriş günündən rövnəqi-islam pozuldu, birlik və yeganəlik ipi qırıldı... Əgər bu vaqiə olmasaydı vaqeəyi-hövlanak Kərbəlada olmazdı, İslam arasında bu qədər inşiqaq, bu qədər ixtilaf və iftirat düşməzdi, o gündən bu günədək başımıza bu qədər bəlalar gəlməz idi, İslam min parça olub abad viayətlərimiz viran qalmazdı”.
        Ə. Ağayevin həmin mövqedə dayanması və Azərbaycan mətbuatında ardıcıl olaraq İslami dəyərləri təbliğ etməsinin nəticəsidir ki, onun irsi və eləcə də “İrşad” qəzeti də daxil olmaqla rəhbərlik etdiyi digər mətbuat orqanları sovetoloji təhlil və tənqid hədəfinə çevrilib, uzun müddət obyektiv elmi-nəzəri tədqiqatdan kənarda qalıb. Ən vacibi isə super dövlət olan SSRİ-nin monolist birliyi və ideoloji sarsılmazlığı dövründə bu dövlətin ərazisində yaşayan müsəlman əhalinin ideoloji “separatizmi” yolverilməz idi. Yəni müsəlmanların “yekrəng olub, yekdil, yekcəhət bir yola düşmələri” qadağan olunmalı idi. Bu fikirləri anlamaq İslami modernizm yolunu tutan “İrşad”ın indi saralmış səhifələrini oxuduqdan sonra mümkündür. “İrşad”da Qafqaz müsəlmanlarının mənəvi deqradasiyasına qarşı çıxan Ə. Ağaoğlu yazırdı: “Necə ki, çox adamlara məlumdur bu axırlarda bəzi fəsad və fitnəçilər çalışırdılar ki, Qafqaz şiə və sünni müsəlmanlarının arasında ədavət salıb ortalarına cədəl və cidal salsınlar.
        Eyni mövqeyi real həyat faktorları əsasında təhlil edən Ə. Ağaoğlu Azərbaycanın ayrı-ayrı bölgələrinin həqiqətlərinə üz tutur, milli gerçəkliyin ağrı-acılarını “Birlik, bərabərlik və ədalətlə” aradan qaldırmağa səsləyirdi. Lakin 1905-1907-ci illərdəki erməni-müsəlman münaqişəsi Azərbaycanın tərəqqisinə güclü maneə olur, onun dünyəvi proseslərə qoşulmasını əngəlləyirdi. Erməni ziyalılarının da bu qaragüruhda iştirakını görən Əhməd bəy Ağaoğlu böyük təəssüf hissi keçirir, Qarabağla bağlı ermənilərin separatçılq hərəkatını ifşa edirdi. Bu işdə bütün “İrşad”çılar birlik və mövqe aydınlığı nümayiş etdirirdilər. “İrşad” Azərbaycana qarşı “erməni kartı” ilə mübarizə aparan imperiyapərəst qüvvələrin gizli niyyətlərini ifşa edir, erməni yazıçıları və erməni mətbuatının onların əlində oyuncağa çevrildiyini mövcud hadisələrlə əlaqəli şəkildə təhlilə cəlb edirdi. Bunu həmin dövrün rus və ermənidilli mətbuatına  Əhməd bəy Ağaoğlu və “İrşad”çıların münasibətində, xüsusiliə “Mşak”, “Nor dar” və “Arşalyus” qəzetlərinə münasibətdə aydın görmək mümkündür.
        Ə. Ağaoğlu əhali arasında tez-tez olur, «İrşad»ın oxucuları ilə görüşür, onların ictimai ehtiyaclarına bələd olur, tənqidi qeyd və təkliflərini dinləyir, milli mətbuatın əhəmiyyətini onlara başa salır, xalqın köməyinə  arxalanaraq mətbuat işinin tərəqqisinə çalışırdı.
        «İrşad»ın nəşrinin çətinləşməsi müxtəlif səbəblərlə bağlı idi. Qəzetin abunəsinin azalması onu maddi ehtiyaclarla üzləşdirir və redaksiya heyətinin təşvişinə səbəb olurdu. Lakin bu qəzetin jurnalistik axtarışları, peşəkarlığı ilə deyil, bilavasitə mövcud cəmiyyətin obyektiv həqiqətləri ilə bağlı idi. XX əsrin əvvəllərində «İrşad»ın rastlaşdığı çətinliklərlə XIX əsrdə «Əkinçi», XX əsrdə «Şərqi-Rus», «Həyat», «Molla Nəsrəddin», «Füyuzat» və basqıları da dəfələrlə rastlaşmışdı r. Bu çətinliklər maddiyyat, abunə və senzor basqısından əlavə, həm də milli biganəlik, savadsızlıq, cəhalətlə səciyyələnirdi.
        Ə. Ağaoğlu qəzetin işini yalnız peşəkarlıq, ictimai-siyasi xidmət, onu həm də vətəndaşlıq qeyrəti kimi qiymətləndirirdi. O da M. Ə. Sabir kimi: «Az-az ayılanlar var isə də həqq dadına çatsın» - deyir, həmvətənlərinin vətən, xalq və dövlət naminə çalışmasını ümumxalq vəzifəsi bilir, milli mədəniyyətin dünya sivilizasiyasına inteqrasiya olunmasına mühüm əhəmiyyət verirdi.
        «İrşad»ı bir «mənbəyi-feyz və tərəqqi» hesab edən Ə. Ağaoğlu və həmfikirləri qəzetin ictimai-mədəni səmərəsini, faydalılığını diqqət mərkəzinə çəkir, onun milli mentaliteti qorumasına çalışır. Buna görədir ki, «İrşad»ın fəaliyyəti «mənbəyi-feyz və tərəqqi» tərəfdarları ilə «mazipərəst»lərin, köhnəfikirli mühafizəkarlar və ənənəçilər, ehkamçıların mübarizəsi şəraitində davam edirdi. Həmin «mazipərəst» qüvvələr «İrşad»ın tərəfdarları tərəfindən əsaslı şəkildə tənqid olunur. «İrşad»ın Azərbaycan ictimai-mədəni həyatı və müsəlman dünyası üçün əhəmiyyətli işlər görəcəyinə inanan İsmayıl bəy Qaspralı Ə. Hüseynzadəyə yazdığı məktubunda deyirdi: «Şükr xudaya, maşallah zəmanəyə! İyirmi sənəlik bir həsrətimə qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, «Həyat» «İrşad»a, «İrşad» «Həyata» xadim olub məmati ta Qaf dağlarına qədər sürməyə cəhd və qeyrət edərlər».
        «İrşad»ın göstərdiyi yol ümumxalq yolu olduğundan sonralar istər «Molla Nəsrəddin»çi satira orqanları, istərsə də «Füyuzat»çı romantik nəşrlər onu daha geniş miqyasda davam etdirdilər, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını yaratmaqda müstəsna rol oynaya bildilər. «İrşad» dan sonra onun müəllifləri müxtəlif qəzet və jurnal redaksiyaları ilə əməkdaşlıq edərək milli jurnalistikanın, ədəbiyyat və mədəniyyətin inkişafına diqqətəlayiq xidmətlər göstərdilər. Dövrün bir sıra aparıcı orqanları ilə yanaşı «İrşad»dan sonra nəşrə başlayan «Yeni İrşad» və «Çarıxçı» deyilənlərin təsdiqinə parlaq sübutdur.
        Ə. Ağaoğlu başda olmaqla “İrşad” və irşadçıların ictimai-siyasi və publisistik fəaliyyəti müstəqil dövlət, azad cəmiyyət və bütöv vətən ideyasına xidmətdən ibarət olduğuna görədir ki, onlar öz dövründə mühafizəkar qüvvələrin təsirinə məruz qalır, sovet dövründə isə materialist marksist-leninçi metodologiyanın tələblərinə uyğun olaraq təftiş və tənqid olunur, panislamist, pantürkist və kosmopolit kimi qiymətləndirilir, Azərbaycanın elmi-nəzəri düşüncə dövriyyəsindən sıxışdırılıb çıxarılırdı.

Bu yazı 946 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :