-->
Məqalələr



Sorğu


Vəhhabiləri Azərbaycan üçün təhlükə hesab edirsinizmi?

Bəli (315)
Xeyr (192)
Bilmirəm (29)



ARXİV
Dost saytlar
Sayğac

free counters

Ortaq əlifba
Şiriftin ölçüsünü dəyiş

Fethi Gеdikli
professor

        Əlifba məsələsi 150 ildir ki, Türklərin gündəliyindən çıxmır! M. F. Axundov ilə başlayan bu məsələ, aradan bu qədər zaman, bu qədər nəsil, bu qədər dövlət adamı gəlib keçməsinə baxmayaraq, öz həllini tapmayıb.
Bu yaxınlarda Xalid Səid Xocayevin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabını oxuduqdan sonra məsələ üzərində yenidən düşünməli oldum. Kitab 1929-cu ildə Azərbaycanın “Yeni əlifba heyəti”nin Sovetlər Birliyindəki Krıma və Türküstana gedib məsul şəxslərlə, vəzifəlilərlə etdiyi görüşmələr, eyni zamanda Xalid Səidin yol xatirələrindən bəhs edir. Heyətdə Xalid Səiddən başqa Səməd Ağamalıoğlu, Mirzə Cəlil və Vəli Xuluflu da vardı. Kitabı dəyərli və maraqlı edən məqamlardan biri də müəllifinin kimliyidir. “YOM” dərgisində Əli Şamilin yazısında onun həyatı və repressiyaya məruz qalması haqqında maraqlı məlumat vardı. Əslən Özbək Türklərindən olan və Daşkəntdə doğulan bu adam, İstanbulda oxumuş, Bakıda yaşamışdır. O, bu həyatıyla da Türk Dünyasının oğlu olduğunu sübut etmişdir. Siyasi hududlar onun üçün əhəmiyyətsizdir. Xalid Səid bununla da göstərmişdir ki, millətin fərdləri üçün siyasi hududların elə bir önəmi yoxdur.
        Xalid Səidin kitabında məni təəccübləndirən bildiyim bir məsələ ilə yenidən qarşılaşmağım oldu. Bildiyim deyirəm, çünkü Aybəniz Kəngərlinin “Turanın bir eli var və yalnız bir dili var” adlı kitabında biz Azərbaycan ziyalılarının ortaq Türk dili mövzusundakı görüşləriylə tanış olmuşduq. Xalid Səidin kitabında maraqlı olan sovetlərin ilk illərində Azərbaycanda əlifbanı dəyişdirməyə qərar verənlərin Mustafa Kamalın idarəsindəki Türkiyə daxil bütün Türklərin ortaq bir əlifbanı qəbul etməsi arzusu və bu yoldakı qeyrətidir. Bu sadəcə onların deyil, bu kitabın şahidlik etdiyi kimi ziyarət edilən yerlərdəki ziyalılar və dövlət xadimlərinin də fikri idi. Əslində mövcud əlifba birliyini pozub yeni bir ortaq əlifba yaratmaq fikri real deyildi. Nə edək bəlkə bu da tarixin bir oyunudur bizə!
        Bu kitabın Bakıda da yenidən nəşr edilməsi məqsədə uyğundur və o günlərdə bu dəyişiklikləri edən şəxslərin düşüncələrini bilmək bu gün bizim inandığımız dəyərlərə də təsir göstərə bilər. Yaddaşı təzələməkdə xeyir var.
        Bu mövzu üzərində dayanmağımın başqa bir səbəbi də bu günlərdə Özbək Türkcəsini öyrənməyə başlamağım oldu. Nə yaxşı ki, İstanbuldakı Türküstan dərnəyi bir müddətdir ki, İstanbulda ilk dəfə olaraq Əlişir Nəvainin yazıb yaratdığı dili, Özbək Türkcəsini öyrədir.
        Dillərin arasındakı məsafəyə və fərqli tarixi inkişafa rağmən, nə qədər yaxın olduğunu görmək insanı həm məmnun edir, həm də sevindirir. Eyni zamanda inamını və inancını bərkidir. Həm də bu dildə, yəni ümumtürkcədə olan söz varlığının genişliyinə, həcminə adamı heyran edir.
        Amma zənn edirəm ki, Türkiyə ilə birlikdə bütün Türk cümhuriyyətlərinin öz əlifbalarında heç bir kaprizə və kompleksə qapılmadan etməli olduqları bəzi düzəlişlər var. Biz eyni bir əlifbayla oxuyub yaza bilməyi bacarmalıyıq. Necə ki, ərəblər bunu edir, ispanca, ingiliscə danışanlar bunu edir. Azərbaycan və Türkiyə əlifbaları əsas götürülərək bu iş çox geciktirilmədən həyata keçirilməlidir. Əlbəttə bu qərarı siyasətçilər verəcəklər. Amma onlardan qabaq dil alimlərimizin ortaq bir məxrəcə gəlmələri vacibdir. Biz ziyalıların üzərinə düşür ki, ictimai fikri hazırlayaq, dil alimlərini, siyasətçiləri bu məsələnin əhəmiyyətinə və vacibliyinə inandıraq.
        Bunu edə biləriksə nə qazanarıq? Bunu edə biləriksə Türk Dünyasının ziyalıları biri-birilərinin yaratdığı yazılı arxivi izləyə, oxuya, anlaya, ondan faydalana və onu yenidən inkişaf etdirə bilər. Beləliklə Türk cümhuriyyətlərinin mədəniyyətləri arasında fəal işləyən bir əlaqə yaradıla bilər. Bundan daha böyük qazanc nə ola bilər? Mədəniyyətləri inkişaf etdirən, genişləndirən, yaradıcı edən biri-birilərinin təsirinə açıq olmaq deyilmi?
        Əgər əlifba birliyi yaradıla bilsə bu, Türk ziyalıları arasında bir forum təşkil edəcək. Millət biri-biri ilə görüşlərini asanlıqla bölüşəcəkdir. Bunu niyə əngəlləyək? Kiçik toplumlarımıza nə üçün bağlanıb qalaq? Biz öz mədəniyyətimizi başqalarına tanıtmaq istəmirikmi? Bunun üçün böyük sərmayələr yatırmırıqmı? Amma o biri yandan öz özümüzü dar coğrafyalarımıza, öz yurdlarımıza həbs edirik.
        İmperializmin ideoloqu İlminskinin əkdiyi ayrılıq fidanlarına hələ də su daşıyacağıq? Əlifba məsələsində həddindən artıq mühafizəkarlıqda ilişib qalmamalıyıq. Müasir dövrün bizdən tələb etdiyini qorxmadan, çəkinmədən, cəsarətlə yerinə yetirməliyik. Oğullarımıza, qızlarımıza balaca bir dünya, yoxsa geniş bir dünya buraxacağıq? Məsələ budur!
        O biri yandan, internet yazısına dilimizin hər qolunda olan ş, ç, ğ, ö, ı hərflərini daxil etmək üçün hamımız bir yerdə böyük bir mübarizəyə başlamalıyıq. Onlarla işarənin içinə 5 dənə də hərfi əlavə etdirə bilməyəcəyikmi? Beləliklə özbək əlifbasındakı ç yerinə ch, ş yerinə sh tək hərfə çevrilə bilər və bu sahədə yazılan əsərlərdən istifadə etmək asanlaşar. Bu eyni zamanda internetin məcbur etməsi ilə Türkcəni zorla başqalaşmasından qoruyar. Yaxşı bilirsiniz ki, çox adam internetdə ç, ş, ğ, ı hərflərini işlətmir, işlətsə də göndərmə düyməsinə basdığında qarşı tərəfə o hərflər getmir, onların yerinə nə olduğu bəlli olmayan əcaib-qəraib şəkillər çıxır.
        Əlifba birliyi yolunda atılacaq ən böyük addımlardan biri də eyni səsləri eyni işarətlərlə göstərməkdir. Öyrəndiyimizə görə, qazaxlar bu yolda müsbət addımlar atmaq üzrədirlər. Türkmənistan və Özbəkistan əlifbalarında eyni bir səsin digər Türk əlifbalarındakı hərflərdən fərqli hərflərlə göstərilməsinə, inanırıq ki, yaxın gələcəkdə düzəliş ediləcəkdir. Bunu etməyə məcburuq, ən azından sabah uşaqlarımızın qarşısında pis vəziyyətə düşməmək üçün…

Bu yazı 1140 dəfə oxunmuşdur.

Çap et Paylaş Yaddaş qeydi Dosta göndər Share


Şərh


Ad və soyadınız* :
E-mail* :
Veb saytınız:
Şərhiniz* :